İ.Öməroğlu Zalım pələng və nəğməli quş



Yüklə 183,59 Kb.
Pdf görüntüsü
tarix15.07.2018
ölçüsü183,59 Kb.
#55742


İ.Öməroğlu - Zalım pələng və nəğməli quş 

 

      Biri  var  idi,  biri  yox  idi,  yamyaşıl  bir  meşə  vardı,  bir  də  bu  meşədə  yaşayan 

çoxlu  heyvanlar.  Hamı  xallı  pələngi  bu  meşəni  padşahı  sayırdı.  Əvvəllər  bütün 

heyvanlar  burda  rahat,  şən  ömür  sürərdilər..  Sakitcə  otlayar,  rahat  ov  eyləyər, 

pələngin  də  payını  yetirərdilər.  İş  elə  gətirdi  ki,  hiyləgər  tülkü,  paxıl  çaqqal 

pələngin qılığına girib özlərini ona sevdirdilər. O vaxtdan da meşədəki heyvanların 

günü qara oldu. Tülkü  ilə çaqqal hər heyvana bir öhdəlik verir, onlardan daha çox 

pay tələb edirdilər. Hamı çalışıb işləyirdi, əldə etdiklərinin çoxusunu isə pələngin 

ətrafına yığışan tülkülər, çaqqallar yeyirdilər. Təngə gəlmiş heyvanlar yavaş-yavaş 

əvvəlki görkəmini, gözəlliyini itirdi. Quşların nəğməsi azalmışdı. Daha kəpənəklər 

də  gözəl  çəmənliyin  üstündən  uçmur,  əlvan  çiçəklərin  ləçəklərinə  qonmurdular. 

Marallar,  ceyran  və  cüyürlər  də  əvvəlki  kimi  meşədəki  bulağın  başına 

yığışmırdılar. Yaşıl çəmənliklər getdikcə kimsəsizləşirdi.  

     Axşamlar  isə  meşəyə  sükut  çökürdü.  Gecə  quşlarının  səsi  gəlmirdi.  Arabir 

canavarlar  ulayır,  çaqqalların,  tülkülərin  vaqqıltısı  eşidilirdi.  Meşədə  qalanların 

şirin yuxusu pozulmuşdu. Səhərə yaxın çaqqalların zəhlətökən vaqqıltısına dözmək 

olmurdu. 

      Bir  gün  pələng  ayılıb  gördü  ki,  daha  onun  yanına  gəlib-gedən  azalıb,  yan-

yöhrəsində  elə  tülkülərlə  çaqqallar  qalıb.  Köməkçilərini  çağırıb  soruşdu  ki, 

öyrənsinlər  görsünlər  meşədə  nə  əhvalat  baş  verib.  Məsləhətləşib  çaqqalı  xəbər 

gətirmək  üçün  göndərdilər.  Çaqqal  gəzə-gəzə  gəlib  bir  talaya  çıxdı.  Gördü  ki, 

gözəl bir quş xoş avazla oxuyur. Qalan heyvanlar isə dövrələmə dayanıb ona qulaq 

asırlar.  Məclis  elə  gözəl  idi  ki,  bir  kəsin  belə  tükü  tərpənmirdi.  Hətta  çaqqalın 

gəlişini də bir kimsə hiss etmədi.  

       Çaqqal  həm  çox  hiyləgər,  həm  də  aravuran  idi.  Əlinə  fürsət  düşdüyünə  görə 

çox  sevindi.  Qaça-qaça  gəlib  pələngə  dedi  ki,  haradansa  bir  quş  gəlib,  hamını 

başına yığıb nəğmə oxuyur. Hamı quşun səsinə qulaq asır, ona görə də sizi yaddan 

çıxarıblar.  Quş  hamını  özünə  tabe  edib.  Daha  sizi  eşitmək  istəmirlər.  Elə 

həyasızlaşıblar  ki,  hətta  sizin  əmrinizlə  gəldiyimə  də  fikir  vermədilər.  Kim  nə 

istəyir, o cür də hərəkət edir. Yaman həyasızlaşıblar. 

        Pələng  bərk  qəzəbləndi.  Hirsindən  pəncələrini  gəmirməyə  başladı.  Sonra 

ayağa qalxıb dedi ki, bu məsələyə tezcə son qoymaq lazımdır. “Məni eşitməyənlərə 

ciddi  cəza  verəcəyəm.  Qulaqlarını  qopardacağam  onların”,  -  deyərək  əsib-coşdu, 

irəliyə doğru yeridi. Onların hamısı birlikdə getdilər quşun nəğmə oxuduğu talaya. 

         Pələng gördü ki, doğurdan da burada böyük bir məclis var. Hamı quşun səsini 

dinləyir. O, uca bir yerdə dayanıb gur səslə qışqırdı: 

-

 

Ey sən kimsən ki, gəlib mənim meşəmi özünə məskən etmisən? 



Quş bir anlığa gözəl cəh-cəhini kəsib soruşdu: 

-

 



Bəs sən kimsən ki, bu cür bağırırsan? 

-

 



Mən  bu  meşənin  padşahıyam,  -  deyə  pələng  özünü  bir  az  da  şişirtdi.-De 

görüm,  sən  nə  haqla  gəlib  mənim  heyvanlarımın  başını  qatırsan,  onları 

işdən-gücdən ayırırsan. 

Hamı  dönüb  pələngə  və  yan-yöhrəsinə  toplanan  yaltaq  tülkü-çaqqal  sürüsünə 

baxdı.  Xəbərçi  çaqqal  özünü  şişirdərək  pələngin  lap  yaxınlığında  dayanmışdı. 



Hiyləgərcəsinə  gülümsəyir,  pələngin  onlara  cəza  verəcəyini  gözləyirdi.  Nəğmə 

oxuyan quş isə halını pozmadan, aramla dedi: 

-

 

Mən  heç  kimi  işdən-gücdən  etməmişəm.  Heyvanlar  sənə  tabe  olsaydılar 



sənin  başına  toplaşardılar.  Görünür  sən  onlara  çox  zülm  edirsən,  onlar  da 

sənə baş əymək istəmirlər. 

-

 

Bu yalandır,- deyə pələng qışqırdı. Sonra dönüb ətrafında dayananlara baxdı. 



Tülkülər  onu  hər  tərəfdən  dövrələyib  gözləyirdilər.  Taladakı  heyvanlar  isə 

onları  qəzəblə  seyr  edirdilər.  Heyvanların  qəzəbli  baxışları,  gözlərindəki 

parıltı pələngi qorxuya salırdı. 

Taladakılar bir səslə dedilər: 

-

 

Doğrudur! Biz rahat ömür sürmək istəyirik. Biz tülkü-çaqqal üçün yaşamaq 



istəmirik.  Onların  əlindən  bezmişik.  Gecələr  eybəcər  səslərini  eşidib  yata 

bilmirik. Bu özbaşınalığa dözmək istəmirik. 

Pələng  nərildəmək  istədi.  Ətrafına  boylandı.  Gördü  ki,  həmişə  onudövrələyən 

tülkü-çaqqalların hərəsi bir kənara sivişib. Bir tülkü zəif səslə, yaltaqlanaraq dedi: 

-

 

Padşahım, nərə çəkin, qorxudun onları. 



Pələng nərə çəkən kimi heyvanların hamısı birlikdə onların üstünə yeridilər. Pələng 

də,  tülkü-çaqqal  sürüsü  də  bi  göz  qırpımında  qovulub  meşədən  çıxarıldılar. 

Qorxudan  təngnəfəs  olmuş  pələng  gördü  ki,  həmişə  ona  yaltaqlananlardan  birisi 

belə yanında qalmayıb. 

      Quş yenə nəğmə oxuyurdu. Bütün heyvanlar onu dinləyə-dinləyə yaşıl meşədə 

rahat ömür sürürsülər. Uzaqdan, boz səhradan isə bir pələng həsrətlə yaşıl meşəyə 

baxırdı.  Yaltaq  dostları  onu  atıb  getmişdilər.  Yaşıl  meşədə  gözəl  həyat  davam 

edirdi. 


       Zalım pələnglə nəğməli quşun nağılı burada başa çatdı. Meşədəki gözəl alma 

ağacından  üç  qırmızı  alma  düşdü.  Biri  nağıl  deyənin,  biri  onu  yazanın,  o  biri  də 



sakitcə oturub bu nağılı oxuyanın.   

Yüklə 183,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə