İPƏk yolu, No. 1, 2018



Yüklə 479,47 Kb.
Pdf görüntüsü
tarix01.08.2018
ölçüsü479,47 Kb.
#60188
növüXülasə


 

 

İPƏK YOLU, No.1, 2018, səh.26-35 



 

 

26 



 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN  

QAFQAZDA YARANMIŞ DİGƏR RESPUBLİKALARLA  

QARŞILIQLI MÜNASİBƏTLƏRİ (1918-1920-ci illər) 

 

Qabil Əliyev 

 

Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan 



Azərbaycan Universiteti, Bakı, Azərbaycan

 

e-mail: 



Qabil-Aliyev@mail.ru

 

 



Xülasə.  Məqalədə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  müstəqillik 

qazandıqdan  dərhal  sonra  Qafqazda  yeni  yaranmış  digər  respublikalarla 

normal  qonşuluq  əlaqələri  təhlil  edilmişdir.  Göstərilir  ki,  Azərbaycan 

Respublikası  Gürcüstan  və  Dağlı  respublikaları  ilə  öz  aralarında  normal 

əlaqələr  yaratmış,  sonrakı  dövrdə  isə  bu  respublikalar  arasında  qarşılıqlı 

faydalı  əməkdaşlıq  yüksələn  xətlə  inkişaf  etmişdir.  Ancaq  Ermənistanın 

işğalçılıq  siyasəti  bu  ölkə  ilə  normal  münasibətlərin  qurulmasınа  imkan 

vermədi. 

 

Açar  sözlər:  Azərbaycan,  Gürcüstan,  Ermənistan,  Dağlı  respublikası, 

sazişlər, əməkdaşlıq, ərazi iddiaları. 

 

THE RELATIONS BETWEEN THE 

AZERBAIJAN DEMOCRATIC REPUBLIC 

AND OTHER NEWLY-FORMED REPUBLICS 

IN THE CAUCASUS 

 

Gabil Aliyev

 

Baku State University, Baku, Azerbaijan 

Azerbaijan University, Baku, Azerbaijan 

 

Abstract.  In  the  paper  the  good-neighborly 

relations between Azerbaijan Democratic Republic 

and other newly-formed republics in the Caucasus 

are  analyzed.  It  is  shown  that  Azerbaijan 

Democratic  Republic  has  established  normal 

relations  with  the  Georgian  and  Mountain 

republics, and in the subsequent period there was a 

mutually  beneficial  cooperation  between  these 

republics.  However,  the  territorial  claims  of 

Armenia  to  Azerbaijan  did  not  allow  establishing 

normal relations with this country. 

Keywords:  Azerbaijan,  Georgia,  Armenia,  the 

Mountain  Republic,  agreements,  cooperation, 

territorial claims. 

ВЗАИМООТНОШЕНИЯ АЗЕРБАЙДЖАН-

СКОЙ ДЕМОКРАТИЧЕСКОЙ РЕСПУБЛИКИ 

С ДРУГИМИ НОВООБРАЗОВАННЫМИ 

РЕСПУБЛИКАМИ НА КАВКАЗЕ 

 

Габиль Алиев 

Бакинский Государственный  Университет, 

Баку, Азербайджан 

Университет Азербайджан, Баку, Азербайджан   

 

Резюме.  В  статье  анализируются  добрососед-

ские  отношения  между  Азербайджанской  Де-

мократической  Республикой  и  другими  ново-

образованными  республиками  на  Кавказе. 

Показывается,  что  Азербайджанская  Демокра-

тическая  Республика  установила  нормальные 

отношения  с  Грузинскими  и  горскими  респуб-

ликами, и в последующий период между этими 

республиками  сушествовало  взаимовыгодное 

сотрудничество.  Однако  территориальные  пре-

тензии Армении не позволили установить нор-

мальные отношения с этой страной. 



Ключевые cлова: Азербайджан, Грузия, Арме-

ния,  Горская  республика,  соглашения,  сотруд-

ничество, территориальные претензии. 

 

 



Azərbaycan  Xalq  Cümhuriyyəti  və  Qafqazda  yeni  yaranmiş  digər  respublikalar: 

Gürcüstan  Demokratik  Respublikası,  Ermənistan  (Ararat)  Respublikası  və  Şimali  Qafqaz 

Dağlı  Xalqları  İttifaqı  Respublikası  (Dağlı  Respublikası)  1918-ci  ilin  yazında  müstəqillik 



Q. ƏLİYEV: AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN QAFQAZDA … 

 

 

 



27 

qazandıqdan dərhal sonra öz aralarında siyasi, hərbi, diplomatik, iqtisadi, maliyyə, nəqliyyat, 

rabitə  və  digər  sahələr  üzrə  çeşidli  əlaqələr  yaratmaq,  qarşılıqlı  faydalı  əməkdaşlığı 

tənzimləmək və dərinləşdirmək zərurəti ilə üzləşdilər. Azərbaycanla qonşuları arasında 1918-

1920-ci  illərdə  bərqərar  olmuş  qarşılıqlı  münasibətlərin  araşdırılması  təkcə  elmi  əhəmiyyət 

kəsb  etmir,  həm  də  çox  böyük  praktik  əhəmiyyətə  malikdir.  Çünki  haqqında  bəhs  olunan 

dövrdə çox mürəkkəb, ziddiyyətli problemləri gənc respublika rəhbərləri, demək olar ki, əksər 

hallarda öz xalqlarının ali mənafeyinə uyğun şəkildə, danışıqlar apararaq qarşılıqlı güzəştlərə 

getməklə həll etməyə müvəffəq olmuşdular. Azərbaycanın o zamankı rəhbərlərindən biri olan 

M.Ə.  Rəsulzadənin  qeyd  etdiyi  kimi  «xristian  qonşulardan  Gürcü  Cümhuriyyəti  ilə  çox 

dostanə münasibət» yaradılmışdı [6, s. 58]. 

Qeyd  etmək  lazımdır  ki,  bu  problemin  ayrı-ayrı  cəhətlərinə  Azərbaycan 

tarixşünaslığında C.P. Həsənovun [3], N.L. Nəsibzadənin  [5] monoqrafiyalarında və ümumi 

xarakterli  əsərlərdə  [2,  4]  toxunulsa  da,  ayrıca  tədqiqat  obyekti  olmamışdır.  Təqdim  olunan 

məqalədə  1918-1920-ci  illərdə  Azərbaycan  Xalq  Cümhuriyyəti  ilə  qonşuları  arasında 

əməkdaşlığın qurulması istiqamətində atılan addımlar başlıca olaraq ilkin mənbələr [9, 10, 11, 

14] və dövri mətbuat materialları [12, 13] əsasında araşdırılmışdır. 

Azərbaycan və Gürcüstan və Dağlı Respublikasının o zamankı siyasi xadimləri, dövlət 

rəhbərləri yaxşı başa düşürdülər ki, müstəqil dövlət quruculuğuna qədəm qoysalar da, bir-biri 

ilə  ən  müxtəlif  sahələrdə  normal  münasibətlər  yaratmadan,  təcrid  olunmuş  şəraitdə  öz 

mövcudluqlarını təmin etmələri mümkün deyildir. Ona görə də, Batumda Osmanlı dövləti ilə 

sülh danışıqları aparan Azərbaycan və Gürcüstanın səlahiyyətli nümayəndələri artıq 1918-ci il 

iyunun 4-də Bakı-Batum ağ neft kəmərinin yenidən işə salınması və normal işləməsini təmin 

etmək haqqında saziş bağladılar [14, s. 364]. 

Həmin  gün  Batumda  həmçinin  Azərbaycan  və  Gürcüstan  nümayəndələri  Osmanlı  və 

Ermənistan  nümayəndələri  ilə  birlikdə  Cənubi  Qafqaz  dəmir  yollarına  aid  vaqon-parovoz 

parkının  bölüşdürülməsi  haqqında  saziş  imzaladılar.  Sazişə  görə,  tərəflər  keçmiş  Rusiya 

imperiyasının  mülkiyyəti  olan  vaqon-parovoz  parkını  hər  ölkənin  ərazisindən  keçən  dəmir 

yolu xətlərinin uzunluğuna mütənasib şəkildə bölüşdürməli idilər [14, s.365]. Bu müqavilə və 

sazişlər  dövlətlərarası  münasibətlərin  razılaşmalar  yolu  ilə  nizama  salınmasının  başlanğıcı 

oldu. 

Azərbaycan  Milli  Şurası  və  hökuməti  1918-ci  il  iyunun  16-da  Gəncəyə  köçdükdən 



sonra  Gürcüstanla  müntəzəm  əlaqələr  saxlanmasını  təmin  etmək  və  məsləhətləşmələr 

aparmaq  üçün  Cənubi  Qafqaz  siyasi  dairələrində  yaxşı  tanınan  Məmməd  Yusif  Cəfərovu 

AXC-nin  bu  ölkədə  diplomatik  nümayəndəsi  təyin  etdi.  O  və  diplomatik  nümayəndəliyin 

digər işçiləri iki ölkə arasında çeşidli, o cümlədən də iqtisadi sahədə əlaqələrin yaradılması və 

inkişaf  etdirilməsində  çox  böyük  rol  oynadılar.  Bakı  azad  edildikdən  sonra  isə  Gürcüstan 

hökuməti  öz  diplomatik  nümayəndəsi  Nikolay  Kartsivadzeni  Azərbaycana  göndərdi. 

Gürcüstan  Respublikasının  diplomatik  nümayəndəliyi  1918-ci  il  oktyabrın  2-də  Bakıda 

fəaliyyətə başladı. 




İPƏK YOLU, No.1, 2018

 

Azərbaycan Universiteti 



 

 

28 



1918-ci  il  iyunun  21-də  Gürcüstan  hökumətinin  sədri  N.Ramişvili  keçmiş  Cənubi 

Qafqaz  hökuməti  əmlakının  Azərbaycan  və  Gürcüstan  arasında  bölüşdürülməsini 

Azərbaycanın bu ölkədəki nümayəndəsi Məmməd Yusif Cəfərova təklif etdi. Gürcüstan tərəfi 

öz təklifini bununla əsaslandırdı ki, Ermənistan öz payını artıq götürmüşdür və sonradan Os-

manlı  dövlətinin  nəzarəti  altına  keçmiş  ərazilərdə  yerləşdirmişdir.  M.Y.Cəfərov  elə  həmin 

gün  Gəncəyə  –  Azərbaycan  Xarici  işlər  nazirinə  məxfi  məlumat  göndərərək  Gürcüstan 

hökumətinin  Azərbaycanla  qarşılıqlı  münasibətləri  yaxşılaşdırmaq  və  möhkəmləndirmək 

istəyi, keçmiş Cənubi Qafqaz hökumətinin əmlakını bölüşdürmək təklifi haqqında bilgi verdi 

[9,  s.  26-27].  Azərbaycan  tərəfi  ümumi  əmlakın  bölüşdürülməsinə  prinsipial  razılıq  verdi, 

avqustun  15-də  isə  təklif  etdi  ki,  arbitraj  yolu  ilə,  ilk  növbədə,  Qafqaz  cəbhəsinin  ləğvi 

nəticəsində qalmış daşınar əmlak və Cənubi Qafqazın mərkəzi dövlət idarə və təşkilatlarının 

daşınar əmlakı bölüşdürülsün [14, s. 438].  

Gürcüstan  hökuməti  1918-ci  il  avqustun  21-də  Azərbaycan  və  Gürcüstan 

nümayəndələrindən  ibarət  arbitraj  komissiyası  yaratmağa  razılıq  verdi.  Yaradılan  arbitraj 

komissiyası bir neçə iclas keçirdi və tərəflər öz aralarında qarşılıqlı iddiaların danışıqlar yolu 

ilə çözülməsi istiqamətində nümunə göstərdilər. 

1918-ci  ilin  yayında  dövriyyədə  olan  pul  kütləsi  çatışmırdı.  Azərbaycan  hökumətinin 

başçısı Fətəli xan Xoyski M.Ə.Rəsulzadəyə ünvanlandığı 11 iyul 1918-ci il tarixli direktivində 

bildirdi  ki,  Azərbaycan  Cümhuriyyəti  çox  kəskin  şəkildə  maliyyə  vəsaiti  sıxıntısı  yaşayır. 

Hazırda ölkədə dövriyyədə olan Cənubi Qafqaz bonları azdır və yeni bon buraxılması haqqında 

gürcü və erməni nümayəndələri ilə aparılan danışıqlar hələlik bir nəticə verməmişdir [9, s.30].  

Azərbaycanın  Gürcüstandakı  diplomatik  nümayəndəsi  M.Y.  Cəfərovun  Azərbaycan 

hökumətinə  ünvanladığı  17  iyul  1918-ci  il  tarixli  məxfi  məlumatda  bildirilirdi  ki,  Gürcüstan 

hökuməti  köhnə  bonların  (Cənubi  Qafqaz  Komissarlığı  dövründə  buraxılan  bonlar  nəzərdə 

tutulur – Q.Ə.) nümunəsində pul çap etməyə başlamışdır. Məlumatda daha sonra qeyd edilirdi ki, 

Gürcüstan və Ermənistanın məsuliyyət daşıması şərti ilə həmin pulların dövriyyəyə buraxılması 

üçün gürcü və erməni nümayəndələri danışıqlar aparırlar [1, siy. 1, iş 18, v.66]. 

Doğrudan  da,  1918-ci  il  iyul  ayının  20-də  Gürcüstan  və  Ermənistan  hökumətləri, 

Azərbaycan  hökumətinə  xəbər  vermədən,  200  milyon  Cənubi  Qafqaz  Komissarlığı  bonu 

buraxılması  haqqında  müqavilə  imzaladılar.  Rusiya  Dövlət  bankının  Tiflis  kontoru  tərəfindən 

buraxılmış  200  milyon  bonu  öz  aralarında  bölüşdürdülər.  Azərbaycan  hökuməti  buna  qəti 

etirazını bildirdi [9, siy. 1, iş 18, v.141].  

Lakin  Gürcüstan  və  Ermənistan  hökumətlərinin  öz  maliyyə  problemlərini 

Azərbaycanla  anlaşmadan  həll  etmək  istəkləri  gözlənilən  nəticəni  vermədi.  Ona  görə  də, 

1918-ci  ilin  payız  aylarında  Azərbaycan  və  Gürcüstan  hökumətləri  sosial-iqtisadi  sahədə 

vəziyyəti  qaydaya  salmaq  üçün  Ermənistan  hökuməti  ilə  birlikdə  razılaşdırılmış  pul-kredit 

siyasəti  yeritməli  oldular.  Çünki  hər  üç  respublikada  eyni  pul  vahidi  –  Cənubi  Qafqaz 

komissarlığı  bonu  dövriyyədə  idi  və  respublikalar  arasında  gömrük,  sərhəd  xidməti  hələ 




Q. ƏLİYEV: AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN QAFQAZDA … 

 

 

 



29 

yaranış mərhələsində idi. Ona görə də, Tiflis bank kontorunun buraxmalı olduğu bonun həcmi 

hökumətlərarası  sazişlə  tənzimlənməli  idi.  Bu  məqsədlə  1918-ci  il  sentyabrın  6-da 

Azərbaycan,  Gürcüstan  və  Ermənistan  nümayəndələri  maliyyə  və  pul-kredit  əməliyyatları 

üçün  birlikdə  280  milyon  rubl  məbləğində  Cənubi  Qafqaz  komissarlığı  bonu  buraxılması 

haqqında saziş imzaladılar. Həmin il noyabrın 15-də Azərbaycanla Gürcüstan arasında əlavə 

olaraq,  daha  160  milyon  rubl  məbləğində  Cənubi  Qafqaz  Komissarlığı  bonu  buraxılması 

haqqında  Tiflisdə  müqavilə  bağlandı.  Müqaviləyə  görə,  Gürcüstan  hökuməti  buraxılan 

bonların hamısını norması dolana kimi Azərbaycana göndərməli idi [9, s. 99]. 

Azərbaycan hökumətinin uğurlu pul-kredit siyasəti həm Bakı bonlarının, həm də Cənubi 

Qafqaz bonlarının məzənnəsinin möhkəmlənməsinə müsbət təsir göstərdi. Bunun nəticəsi idi ki, 

1919-cu  ilin  yayında  Tiflis  birjasında  xarici  valyutaların  qiymətdən  düşməsi  fonunda  Cənubi 

Qafqaz bonunun kursunun yüksəlməsi müşahidə edilirdi [13, 2 iyul 1919, №136].  

Azərbaycan  hökuməti  də  öz  növbəsində  Gürcüstanın  neft  məhsullarına  kəskin 

ehtiyacını  nəzərə  alaraq,  hökumətlərarası  müqavilə  bağlanmasını  gözləmədən,  1918-ci  il 

dekabrın  21-də Gürcüstan hökumətinə 10 sistern ağ neft, 13 min pud xam  neft və 2 sistern 

benzin  göndərməyi  qərara  almışdı  [10,  s.  256].  Ticarət  və  sənaye  nazirinin  göstərişi  ilə 

hökumətin bu qərarı təxirə salınmadan icra edilmişdi.  

Azərbaycan  və  Gürcüstan  hökumətləri  iqtisadi,  nəqliyyat  və  rabitə  sahələrində 

əlaqələri nizama salmaq, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün uğurlu addımlar 

atdılar. 1918-ci ilin dekabrın 26-da Bakıda Azərbaycanla Gürcüstan arasında mal mübadiləsi 

haqqında  müqavilə  bağlandı.  Azərbaycan  tərəfindən  Ticarət  və  sənaye  naziri  Behbud  xan 

Cavanşirin, Gürcüstan tərəfindən həmin ölkənin Azərbaycan hökuməti yanındakı diplomatik 

nümayəndəsi  Nikolay  Kartsivadzenin  imzaladıqları  bu  sənədə  görə,  tərəflər  dəmir  yolu  ilə 

daşınan yüklər üçün 1 il müddətində azad tranzitə, yəni gömrük rüsumu alınmamasına razılıq 

verdilər.  Azərbaycan  tərəfi  Gürcüstan  əhalisinin  və  dəmir  yollarının  ehtiyaclarını  ödəmək 

üçün il ərzində 1 milyon pud ağ neft, mazut və sürtkü yağı göndərməyi, Gürcüstan tərəfi də 

Azərbaycan  dəmir  yollarının  ehtiyacını  ödəmək  üçün  zəruri  materiallar  və  daş  kömür 

göndərməyi öhdəsinə götürdü [13, 24 yanvar 1919, №16]. 

1919-cu  il  yanvarın  3-də  Tiflisdə  Azərbaycanla  Gürcüstan  arasında  teleqraf  rabitəsi, 

yanvarın  4-də  isə  poçt  xidməti  haqqında  sazişlər  və  poçt  bağlamalarının  dəmir  yolu  ilə 

daşınması  haqqında  konvensiyalar  bağlandı  [9,  s.  122-130].  Hər  iki  ölkənin  poçt-teleqraf 

idarəsi  rəislərinin  imzaladıqları  bu  sənədlər  beynəlxalq  teleqraf  və  poçt  xidmətini  nizama 

salmağa və inkişaf etdirməyə şərait yaratdı. Azərbaycanın və Gürcüstanın ən mühüm şəhərləri 

arasında  daimi  teleqraf  rabitəsi  yaradıldı,  hər  iki  respublikanın  vətəndaşlarına  beynəlxalq 

teleqrafdan  istifadə  hüququ  verildi.  Tərəflər  göndərilən  teleqramların  məzmununun  gizli 

saxlanmasının  təmin  edilməsi  haqqında  razılaşma  imzaladılar.  Həmçinin,  poçt  ilə  bağlama 

göndərilməsi, çap məhsulları daşınması üzrə tariflər müəyyənləşdirildi. 

1919-cu il martın 8-də Azərbaycanla Gürcüstan arasında dəmir yolu rabitəsi haqqında 

saziş  bağlandı.  Azərbaycan  Yollar  naziri  Xudadat  bəy  Məlik-Aslanov  və  Gürcüstan  Yollar 




İPƏK YOLU, No.1, 2018

 

Azərbaycan Universiteti 



 

 

30 



naziri vəzifəsini icra edən İsidor Malaniyanın imzaladıqları bu sənədə görə, 1918-ci il mayın 

26-nadək  hər  iki  respublikanın  ərazisində  olmuş  parovoz  və  vaqonlar,  bu  məsələ  xüsusi 

arbitraj  komissiyasında  həll  edilənə  qədər,  bütünlüklə  həmin  dövlətin  ixtiyarında  qalırdı. 

Sazişə əsasən, tərəflər arasında yük vaqonları mübadiləsi şərtləri, yükdaşıma tarifləri nizama 

salındı  [9,  s.  179-183].  Bakı  ilə  Tiflis  arasında  gündəlik  birbaşa  sərnişin  qatarları  hərəkət 

etməyə başladı. 

1919-cu il iyunun 4-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan arasında əlavə 

Cənubi  Qafqaz  Komissarlığı  bonu  buraxılması  haqqında  saziş  imzalandı.  Bu  sazişə  görə, 

Azərbaycan  öz  payına  düşən  180  milyon  rubl  məbləğində  Cənubi  Qafqaz  Komissarlığı 

bonunun  60  milyon  rublunu  Gürcüstan  hökumətinə  verdi.  Əvəzində  Gürcüstan  hökuməti  öz 

ərazisində 15 milyon rubl məbləğində Azərbaycan və Bakı bonunun sərbəst dəyişdirilməsinə 

razılıq verdi [9, s. 249-250]. 

1920-ci  il  fevralın  5-də  Bakıda  Azərbaycanla  Gürcüstan  arasında  tranzit  yüklər 

haqqında müqavilə imzalandı. Müqaviləyə görə, tərəflər hər iki ölkə arasında tranzit yüklərin 

dəmir  yolu  ilə  1  il  müddətində  azad,  yəni  heç  bir  gömrük  rüsumu  ödəmədən  daşınmasını 

təmin etməyi öhdələrinə götürdülər [5, s. 103]. Azərbaycan hökuməti bir il ərzində Gürcüstan 

əhalisinin və dəmir yolunun ehtiyacını ödəmək üçün ixrac ediləcək neft və neft məhsullarının 

16 milyon puda qədər olan həcmindən gömrük rüsumu tutulmamasına icazə verdi. Gürcüstan 

hökuməti  də  Azərbaycandan  aldığı  neft  və  neft  məhsullarını  öz  ərazisindən  kənara 

göndərməməyi  öhdəsinə  götürdü.  Həmçinin  Azərbaycan  dəmir  yolunun  ehtiyacını  ödəmək 

üçün  lazım  olan  texniki  avadanlığın,  daş  kömür  və  meşə  materialının  gömrük  rüsumu 

ödənmədən daşınmasına razılıq verdi. 1918-1920-ci illərdə Azərbaycanla Gürcüstan arasında 

imzalanmış  bu  sənədlər  hər  iki  ölkə  arasında  əməkdaşlığı  inkişaf  etdirməyə  və 

dərinləşdirməyə, dostluq və müttəfiqlik münasibətlərini möhkəmləndirməyə imkan verdi. 

Azərbaycan mehriban qonşuluq prinsiplərinə sadiq qalaraq, vaxtaşırı Gürcüstana ərzaq 

yardımı  da  göstərirdi.  Məsələn,  Azərbaycan  hökuməti  1919-cu  il  iyunun  6-da  qərar  qəbul 

etmişdi  ki,  mövcud  dövlət  ehtiyatlarından  Gürcüstana  5  min  pud  arpa,  15  min  pud  kəpək 

göndərilsin [13, 17 iyun 1919, №123]. Azərbaycan Ticarət,  Sənaye və Ərzaq Nazirliyi  qısa 

müddət ərzində hökumətin bu qərarını icra etmiş və həmin il iyunun 25-də Gürcüstana əlavə 

olaraq daha iki vaqon arpa unu və iki vaqon kəpək yola salmışdı [10, s. 333]. 

1920-ci  il  fevralın  20-də  Gürcüstanda  zəlzələ  baş  vermiş,  Qori  şəhərində  və  ətraf 

kəndlərdə ciddi dağıntılar olmuş, minlərlə adam evsiz-eşiksiz qalmışdı. Azərbaycan hökuməti 

dərhal  Gürcüstanda  zəlzələdən  ziyan  çəkmiş  əhaliyə  yardım  göstərilməsinə  başlamışdı. 

Fevralın  25-də  Gürcüstan  Təchizat  Nazirliyinə  icazə  vermişdi  ki,  Bakıdakı  un  ehtiyatından 

15 769 pudu öz ölkəsinə aparsın və aclıq çəkən əhaliyə paylasın [10, s. 407-408]. Azərbaycan 

parlamenti  isə  11  mart  1920-ci  il  tarixli  qərarı  ilə  Gürcüstanda  zəlzələdən  zərər  çəkənlərə 

yardım göstərilməsi üçün 3 milyon rubl vəsait ayırmışdı [12, 1920, №20]. 

1918-1920-ci  illərdə  Azərbaycanla  Gürcüstan  arasında  qarşılıqlı  faydalı  iqtisadi 




Q. ƏLİYEV: AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN QAFQAZDA … 

 

 

 



31 

əməkdaşlığın  çox  önəmli  sahələrindən  biri  Batum  limanından  istifadə  ilə  bağlı  idi.  Bəhs 

olunan  dövrdə  Azərbaycan  Xalq  Cümhuriyyəti  Türkiyə  və  Avropa  dövlətləri  ilə  iqtisadi  və 

ticarət  əlaqələrini  Batum  vasitəsilə  həyata  keçirirdi.  Ona  görə  də,  Qara  dəniz  hövzəsində  ən 

mühüm liman şəhəri, Azərbaycan dəmir yolu və ağ neft kəmərinin Avropaya çıxış məntəqəsi 

olan Batumda nümayəndəlik yaradılması zəruri idi. Azərbaycan hökuməti Batumun ölkə üçün 

iqtisadi,  ticarət  və  Avropa  dövlətləri  ilə  əlaqələr  qurmaq  baxımından  mühüm  əhəmiyyətini 

nəzərə  alaraq,  1918-ci  il  noyabrın  10-da  orada  konsulluq  yaratdı.  Doktor  Mahmud  bəy 

Əfəndiyev Azərbaycanın Batumda konsulu təyin edildi [10, s.251]. 

Azərbaycanın  Batumdakı  konsulluğu  ölkəyə  aid  yüklərin  Batum  limanında  qəbul 

edilməsi  və  yola  salınması,  nəqliyyat  vasitələri,  xüsusən  yük  vaqonları  və  vaqon-sisternlərlə 

bağlı mübahisələrin tənzimlənməsi, diplomatik kuryer və poçtla əlaqədar məsələlərin nizama 

salınması sahəsində mühüm rol oynamışdı. 

Tiflisdəki  Azərbaycan  diplomatik  nümayəndəliyi  və  Batumdakı  konsulluq  bölgədə 

türk və müsəlman əhalinin problemlərinin həllində də fəal iştirak edirdi. Məsələn, diplomatik 

nümayəndəlik Azərbaycan hökumətinin tapşırığı ilə 1919-cu il aprelin 5-də Axalsix qəzasının 

zərər  çəkmiş  müsəlman  əhalisinə  200 min  rubl [10, s.  298], konsulluq  isə  1919-cu ilin  mart 

ayında Batum vilayətindəki Azərbaycan təbəələrinə 10 min rubl, 1919-cu ilin mayında normal 

fəaliyyət göstərməsi üçün Batumdakı türk məktəbinə 10 min rubl yardım etmişdi. 

Azərbaycan və Gürcüstan arasında qarşılıqlı faydalı  əməkdaşlıq hər iki respublikanın 

Versal sülh konfransındakı nümayəndə heyətlərinin fəaliyyətində də öz əksini tapmışdı. Həm 

Azərbaycan,  həm  də  Gürcüstan  nümayəndələri  keçmiş  Rusiya  siyasi  xadimlərinin  və  çar 

generallarının  «vahid  və  bölünməz  Rusiya»  iddialarına  qarşı  ardıcıl  mübarizə  aparmış,  bu 

istiqamətdə  atılacaq  addımları  müntəzəm  müzakirə  edərək,  əksər  hallarda  yekdil  mövqedən 

çıxış etmişdilər. 

Nümayəndə  heyətlərinin  sıx  əməkdaşlığı  bütün  Cənubi  Qafqaz  respublikaları  üçün 

böyük  iqtisadi  və  hərbi-strateji  əhəmiyyətə  malik  olan  Batum  məsələsinin  müzakirələrində 

xüsusilə  əhəmiyyətli  olmuşdu.  Antanta  Ali  Şurasının  1920-ci  ilin  fevral-mart  aylarında 

Londonda keçirilən konfransında Batum məsələsi ilə bağlı müttəfiq dövlətlər belə bir layihə 

irəli  sürmüşdülər  ki,  Batum  vilayətinin  bir  hissəsi  Gürcüstana,  bir  hissəsi  Ermənistana 

verilsin,  Batum  şəhəri  isə  Millətlər  Cəmiyyətinin  nəzarəti  altında  azad  şəhər  elan  edilsin. 

Gürcü  nümayəndələri  bu  layihəyə  qəti  etiraz  etmiş,  Azərbaycan  nümayəndələri  də  bu 

məsələdə  Gürcüstanı  tam  dəstəklədilər.  Azərbaycan  və  Gürcüstan  nümayəndələri  arasında 

belə  razılıq  əldə  edilmişdi  ki,  hər  iki  respublika  Batum  vilayətinin  parçalanmasını 

məqsədəuyğun  hesab  etməsinlər.  Azərbaycan  Batum  şəhərinin  vilayətlə  birlikdə  Gürcüstana 

birləşdirilməsinə tərəfdardır, Gürcüstan da Azərbaycanın Batuma olan mənafeyini tam təmin 

edir [3, s. 342]. Məhz Azərbaycan tərəfinin belə qəti mövqeyi Batum vilayətinin parçalanması 

layihəsindən imtina edilməsinə səbəb olmuşdu. 

AXC hökuməti də yarandığı ilk günlərdən Dağlı Respublikası ilə əlaqələrin genişlən-

dirilməsinə  çalışırdı.  Xarici  işlər  naziri  M.H.Hacınskinin  1918-ci  il  iyunun  26-da  Dağlı 




İPƏK YOLU, No.1, 2018

 

Azərbaycan Universiteti 



 

 

32 



hökumətinin sədri Ə.Çermoyevə ünvanladığı məktubda AXC-nin Dağlı Respublikası ilə xoş 

münasibətlər  qurmaq  istəyi  bildirilmişdi  [5,  s.170].  Azərbaycan  tərəfi  Dağlı  hökumətinə  və 

dağlı əhalisinə siyasi, iqtisadi və hərbi yardım göstərmək istiqamətində ardıcıl səy göstərirdi. 

1918-ci  ilin  iyun  ayında  Azərbaycan  hökuməti  İnquş  Milli  Şurasının  xahişi  ilə,  inquş 

mücahidlərinə hərbi sursatla yardım etmişdi. 

1918-ci  ilin  yayında  Bakı  yaxınlığında  Osmanlı-Azərbaycan  hərbi  qüvvələrinin 

zərbələrindən Şimala qaçan L.Biçeraxovun rus kazak dəstəsi Dərbəndi və Petrovsk-Portu ələ 

keçirərək,  Rusiya  hakimiyyətini  bərpa  etdi.  Belə  vəziyyətdə  N.Tarkovski  dağlı  könüllü 

alayları  ilə  Xunzaxa,  oradan  da  Temir-xan-şuraya  yürüş  edərək,  bütün  bölgənin  kazaklar 

tərəfindən işğalının qarşısını aldı. Sentyabrın sonunda Osmanlı və Azərbaycan hərbi qüvvələri 

Dağlı Respublikasına yardıma gəldilər. Yusif İzzət paşanın komandanlıq etdiyi ordu hissələri 

oktyabrın 6-da Dərbəndi, 23-də Temir-xan-şuranı, noyabrın 7-də Petrovsk-Portu Biçeraxovun 

rus-kazak-erməni qüvvələrindən azad etdi.  

Oktyabrın 13-də Ə.Çermoyevin başçılığı ilə Dağlı Respublikası hökuməti Dərbəndə, 

oktyabrın 24-də isə Temir-xan-Şuraya köçdü. Azərbaycan hökuməti onun normal fəaliyyətə 

başlaması  üçün  oktyabrın  8-də  1  milyon  manat  faizsiz  kredit  ayırdı  [10,  s.241].  1  ay  sonra 

Dağlı  hökumətinin  maliyyə  naziri  Vassan  Gəray  Cabagiyev  Bakıya  gələrək,  Azərbaycan 

hökumətindən  yeni  –  bu  dəfə  500  min  manat  həcmində  maliyyə  yardımı  aldı.  Həmin  vaxt 

Azərbaycan  Xalq  Cümhuriyyəti  Dağlı  Respublikasına  həmçinin  təmənnasız  olaraq  yanacaq, 

silah-sursat  və  s.  göndərirdi.  Nəhayət,  1918-ci  il  noyabrın  28-də  Azərbaycan  xalq 

Cümhuriyyəti  ilə  Dağlı  Respublikası  arasında  müqavilə  bağlandı.  Müqaviləni  Azərbaycan 

tərəfindən  ticarət  və  sənaye  naziri  Behbud  xan  Cavanşir  və  maliyyə  naziri  Məmməd  Həsən 

Hacınski,  Dağlı  hökumətinin  səlahiyyətli  nümayəndələri  –  sənaye  və  ticarət  naziri  Bahadur 

bəy  Malaçixan  və  yollar,  poçt  və  teleqraf  naziri  İbrahim  bəy  Heydərov  imzaladılar. 

Müqaviləyə əsasən, Azərbaycan tərəfi Dağlı hökumətinə 10 milyon manat məbləğində faizsiz 

kredit verdi. Dağlı hökuməti bu borcu 2 il müddətində buğda ilə qaytarmalı idi [9, s.107-108]. 

Daha sonra əlavə maliyyə yardımı, yanacaq və silah-sursat yardımları göstərildi. 

1919-cu  ilin  əvvəlində  Denikin  ordusu  Terek  vilayətinə  soxuldu,  inquşların 

müqavimətini  çətinliklə  də  olsa  qırıb,  Vladiqafqazı  ələ  keçirdi.  Dağlı  hökumətinin  ingilis 

komandanlığı  və  Denikinlə  danışıqları  nəticəsiz  qaldı.  Denikin  Dağlı  Respublikasını 

tanımaqdan boyun qaçırdı və “Könüllü ordu"nun generalı Lyaxovu Terek-Dağıstan diyarının 

hakimi  təyin  etdi.  Martın  5-də  Denikin  ordusu  Çeçenistana  soxuldu.  Azərbaycan  hökuməti 

Dağlı  Respublikasına  qarşı  hərbi  təcavüzün  dayandırılması  üçün  bütün  imkanlara  əl  atdı: 

Dağlı hökumətinə yeni maliyyə yardımı göstərdi, könüllü hərbi dəstələr və sanitar briqadaları 

təşkil edilməyə başladı, Bakıdakı ingilis missiyasından təsirli tədbirlər görməsi istənildi və s.  

Azərbaycan Xalq Cümhuriyyəti ilə Dağlı Respublikası arasında 1919-cu il yanvarın 9-

da  yeni  müqavilə  imzalandı.  Azərbaycan  tərəfindən  Fətəli  xan  Xoyskinin  üçüncü  hökumət 

kabinəsində  Ərzaq  naziri  olmuş  K.N.Lizqarın  və  Dağlı  Respublikasının  Azərbaycandakı 




Q. ƏLİYEV: AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN QAFQAZDA … 

 

 

 



33 

nümayəndəsi  Əlixan  Qantəmirin  imzaladıqları  bu  müqaviləyə  görə  Dağlı  Respublikası 

hökuməti Azərbaycana 50 vaqon buğda göndərməli, Azərbaycan tərəfi isə pudu 60 manatdan 

haqqını dərhal ödəməli idi. Bütün taxılın müqavilənin imzalanmasından sonrakı 4 ay ərzində 

göndərilməsi  razılaşdırıldı  [2,  s.138].  1919-cu  il  fevralın  23-də  Azərbaycan  Xalq 

Cümhuriyyəti  hökuməti  ilə  Dağlı  Respublikası  arasında  üçüncü  müqavilə  bağlandı.  Bu 

müqaviləyə əsasən, Azərbaycan tərəfi Dağlı hökumətinə daha 10 milyon manat faizsiz kredit 

verməyi öhdəsinə götürdü. Bu vəsaitin 5 milyonu dərhal ödənildi [10, s.290].  

Azərbaycan  Xalq  Cümhuriyyəti  1919-cu  ilin  əvvəlində  Şimali  Qafqazın  Denikin 

tərəfindən  işğalına  qarşı  Dağlı  hökumətinə  həm  də  diplomatik  və  hərbi  yardım  göstərdi. 

Fevralın  25-də  öz  səlahiyyətli  elçisi  Əbdürrəhim  bəy  Haqverdiyevi  Temir-xan-Şuraya 

göndərməyi  qərara  aldı.  Martın  1-də  Azərbaycan  hökuməti  Denikinə  qəti  etirazını  bildirdi. 

Şimali  Qafqazın  işğalını  beynəlxalq  ictimaiyyətin  diqqətinə  çatdırmaq  üçün  addımlar  atdı. 

Martın  6-da  Nazirlər  Şurasının  sədri  Fətəli  xan  Xoyski  Bakıdakı  müttəfiq  qoşunlarının 

komandanı  general  U.Tomsona  nota  təqdim  etdi.  Notada  Anlanta  dövlətlərindən  “…qan 

tökülməsinin  və  bütün  Qafqazı  bürüyə  biləcək  böyük  yanğının  qarşısını  almaq  məqsədilə 

general Denikinin Könüllü ordusunun Şimali Qafqaz Dağlılar Xalqları İttifaqı Respublikasına 

qarşı təcavüzkar hərəkətlərinə dərhal son qoyması üçün ən qəti tədbirlər görülməsi” istənildi 

[9, s.177-178]. 

Azərbaycan  hökumətinin  diplomatik  fəaliyyəti  nəticəsində  Gürcüstan  hökuməti  də 

martın  7-də  Denikinin  Dağlı  Respublikası  ərazisinə  hücumuna  etirazını  bildirdi  və  Dağlı 

hökumətinə  yardım  göstərəcəyini  elan  etdi.  Dağlı  Respublikası  üçün  çox  ağır  bir  vaxtda  – 

martın 28-də Azərbaycanın diplomatik nümayəndəliyi Temir-xan-şurada fəaliyyətə başladı [9, 

s.196]  və  elə  həmin  gün  Azərbaycan  Xarici  işlər  nazirliyinə  Denikin  ordusunun  və  rus 

kazaklarının  Terek  vilayətinə,  həmçinin  Çeçenistana  hücum  etmələri  haqqında  məlumat 

göndərdi.  

Dağlı Respublikası üçün son dərəcə ağır olan həmin günlərdə Azərbaycan diplomatik 

nümayəndəliyinin Temir-xan-şurada fəaliyyətə başlaması Dağlı Respublikası və bütün Şimali 

Qafqaz  xalqlarına  böyük  mənəvi  və  siyasi  yardım  idi.  Ona  görə  də,  Azərbaycan  Xalq 

Cümhuriyyəti  hökumətinin  bu  addımı  Şimali  Qafqazda  sevinclə  qarşılanmış,  ruh  yüksəkliyi 

doğurmuşdu. Diplomatik nümayəndəlik Dağlı Respublikasındakı Azərbaycan vətəndaşları ilə 

əlaqə  yaratmış,  onların  hüquqlarının  qorunması,  ehtiyacı  olanlara  yardım  göstərilməsi  işini 

təşkil etmişdi. 

1919-cu  il  aprelin  əvvəlində  Denikin  ordusunun  Çeçenistanın  çox  hissəsini  işğal 

etməsi  Dağlı  Respublikasında  hökumət  böhranı  yaratdı.  Dağıstanda  isə  Dağlı 

Respublikasından  çıxıb  Azərbaycanla  birləşmək  uğrunda  hərəkat  geniş  vüsət  aldı.  Belə  bir 

şəraitdə  aprelin  6-da  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  Dağlı  Respublikasına  hərbi 

yardım göstərməyi qərara aldı. Bu məqsədlə həm könüllü dəstələrin yaradılmasına və Şimali 

Qafqaza  göndərilməsinə  başlandı,  həm  də  dağlı  döyüşçülərinə  tibbi  yardım  üçün  sanitar 

briqadaları  təşkil  edildi.  Aprelin  17-də  isə  Azərbaycan  Cümhuriyyəti  Parlamenti  Dağlı 




İPƏK YOLU, No.1, 2018

 

Azərbaycan Universiteti 



 

 

34 



Respublikası hökumətinə daha 30 milyon manat faizsiz kredit vermək haqqında qanun qəbul 

etdi [10, s.40-41].  

Beləliklə,  1918-ci  ilin  sonu  –  1919-cu  ilin  ilk  aylarında  Azərbaycan  Xalq 

Cümhuriyyəti hökuməti özünün çətin vəziyyətdə olmasına baxmayaraq, Dağlı Respublikasına 

50  milyon  rubl  həcmində  maliyyə  yardımı  göstərdi.  Azərbaycan  Xalq  Cümhuriyyətinin 

yaradıcılarından  biri  olan  M.Ə.  Rəsulzadə  bu  yardımın  real  miqyasını  təsəvvür  etmək  üçün 

aşağıdakı müqayisələri oxucuların diqqətinə çatdırmağı məqsədəuyğun saymışdı:  50  milyon 

manat o zamankı valyuta kursu ilə 2,5 milyon ingilis funt-strerlinqinə bərabər idi. 1919-cu il 

üçün  AXC  büdcəsinin  xərcləri  415  milyon  manat  müəyyən    edilmişdi  və  Dağlı 

Respublikasına Azərbaycanın maliyyə yardımı dövlət büdcəsinin 1/8 hissəsini təşkil edirdi [6, 

s.59]. 

Denikinin  ordusu  1919-cu  il  mayın  sonunda  bütün  Şimali  Qafqazı  ələ  keçirdikdən 



sonra  Dağlı  Respublikası  hökumətinin  və  parlamentinin  üzvlərinə  Bakıda  sığınacaq  verildi. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti,  bundan  əlavə,  Dağıstan  qaçqınlarına  yardım 

göstərilməsi üçün 1 milyon manat vəsait ayırdı. 

Bütün  bu  faktlar  aydın  göstərir  ki,  Azərbaycan  Respublikası  Gürcüstan  və  Dağlı 

respublikaları ilə 1918-ci ilin yazında öz müstəqilliyini elan etdikdən sonra normal qonşuluq 

əlaqələri  yaratmışdı.  Sonrakı  dövrdə  isə  bu  respublikalar  arasında  qarşılıqlı  faydalı 

əməkdaşlıq yüksələn xətlə inkişaf etmiş, dövlətlərarası münasibətlərin bütün sahələrini əhatə 

edən çoxsaylı müqavilə  və sazişlər imzalanmış, bu respublikalar arasında strateji müttəfiqlik 

və  etibarlı  tərəfdaşlıq  münasibətləri  bərqərar  olmuşdu.  Yalnız  Ermənistan  Respublikasının 

Azərbaycana  ərazi  iddiaları,  silahlı  basqınları,  dinc  müsəlman-türk  əhaliyə  qarşı  qətl  və 

qarətləri onunla normal əlaqələr qurulmasına imkan verməmişdi. 

 

Ədəbiyyat 

1.

 

Azərbaycan  Respublikası  Dövlət  Arxivinin  970  saylı  –  AXC  Xarici  işlər  nazirliyinin 



fondu. 

2.

 



Azərbaycan tarixi. 7 cilddə, c. V, Bakı, 2001. 

3.

 



Həsənov  C.P.,  (1993),  Azərbaycan  beynəlxalq  münasibətlər  sistemində  (1918-1920-ci 

illər), Bakı. 

4.

 

XX əsr Azərbaycan tarixi. Prof. Y.B.Yusifov və T.T.Vəliyevin ümumi redaktəsi ilə, c. II, 



Bakı, 2004. 

5.

 



Nəsibzadə N.L., (1996), Azərbaycanın xarici siyasəti (1918-1920), Bakı. 

6.

 



Rəsulzadə M.Ə.,  (1990), Azərbaycan Cümhuriyyəti, Bakı. 

7.

 



Vəkilov R.Ə., (1998), Azərbaycan Respublikasının yaranma tarixi, Bakı. 

8.

 



Адрес-календарь Азербайджанской Республики на 1920 г. Баку, 1920. 

9.

 



Азербайджанская  Демократическая  Республика  (1918-1920).  Внешняя  политика 

(документы и материалы), Баку, 1998. 




Q. ƏLİYEV: AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN QAFQAZDA … 

 

 

 



35 

10.


 

Азербайджанская Демократическая Республика (1918-1920), Законодательные акты 

(сборник документов), Баку, 1998. 

11.


 

Азербайджанская 

Демократическая 

Республика 

(1918-1920), 

Парламент 

(стенографиические отчеты), Баку, 1998. 

12.


 

Вестник правительства Азербайджанской Республики, 1919-1920 гг. 

13.

 

Газ, «Азербайджан». 1918-1920 гг. 



14.

 

Документы и материалы по внешней политике Закавказье и Грузии, Тифлис, 1919. 



15.

 

Топчибашев  А.А.,  (1994),  Дипломатические  беседы  в  Станбуле  (1918-1919  гг.), 



Баку. 

 

 

 




Yüklə 479,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə