İQTİsadi TƏŞƏBBÜSLƏRƏ yardim iCTİMAİ BİRLİYİ Azərbaycan Respublikasının 2017-ci IL dövlət büdcəsi (proqnozu) ilə bağlı r ə y baki – 2016


) Büdcə kəsiri əhəmiyyətli dərəcədə azalıb



Yüklə 189,3 Kb.
səhifə3/3
tarix27.03.2018
ölçüsü189,3 Kb.
#35181
1   2   3

13) Büdcə kəsiri əhəmiyyətli dərəcədə azalıb. 2017-ci ildə dövlət büdcəsinin kəsiri 645 mln. manat və ya növbəti il üçün proqnozlaşdırılan ÜDM-nin 1% səviyyəsində gözlənilir. Bu göstərici 2012-ci ildən sonra ən aşağı səviyyədir. Belə ki, 2012-ci ildə dövlət büdcəsinin kəsiri 634 mln. manat həddində, 2013-2016-cı illərdə isə 691 mln. manat-2.439 mlrd. manat intervalında proqnozlaşdırılmışdır.

IV. Büdcə xərcləmələrinin səmərəliliyi və
şəffaflığı və ilə bağlı əsas narahatlıqlar

2017-ci il dövlət büdcəsinin tərtib edildiyi mövcud format və büdcə sənədlərinin hazırlanması üçün istifadə olunan metodoloji yanaşma xərcləmələrin səmərəliliyini qiymətləndirməyə imkan vermir. İctimai vəsaitlərin xərclənməsi ilə bağlı “səmərəlilik” anlayışı vəsaitlərdən maksimim nəticənin əldə edilməsini ehtiva edir. Proqnozlaşdırılan xərclərə münasibətdə səmərəliliyi qiymətləndirmək üçün bir neçə mühüm mexanizm olmalıdır. Belə mexanizmlərə daxildir:

  • hökumət və müxtəlif qurumlar üçün ortamüddətli strateji planlar;

  • ortamüddətli xərc çərçivələri;

  • büdcə xərclərinin yönəldiyi hər bir funksional istiqamət üzrə hökumətin dəqiq müəyyən edilmiş və əsaslandırılmış prioritetləri;

  • bütün sektorlar üzrə tam detallaşdırılmış siyasət (tədbirlər) istiqamətləri;

  • hər bir istiqamət üzrə məqsədlər və bu məqsədlərə çatmağı ölçə biləcək indikatorlar;

  • indikatorların baza dövrü və büdcə sənədinin qüvvədə olacağı qarşıdakı illər üzrə hədəflənən kəmiyyət göstəriciləri;

  • büdcənin əhatə etdiyi orta müddətli dövr üzrə gözlənilən əsas islahat və dəyişikliklər.

2017-ci ilin dövlət büdcəsi bu cür mexanizm və alətlər əsasında, uyğun formatda tərtib edilmədiyindən xərcləmələrin səməriliyini qiymətləndirmək mümkün deyil. Məsələn, 2017-2020-ci illər üzrə ortamüddətli büdcə xərcləmələri çərçivəsində Təhsil və Səhiyyə nazirlikləri təhsil və yaxud səhiyyə sistemində büdcə vəsaitlərindən istifadə sayəsində hansı kəmiyyət və keyfiyyət dəyişikliyinə nail olmağı hədəflədiklərini, bu hədəflərə hansı addımlar və islahat tədbirləri vasitəsilə yetişəcəklərini əks etdiriməlidirlər. Məhz bu məlumatlar əsasında hər bir konkret sektor və istiqamət üzrə xərclərin səmərəliyi ilə bağlı dəyərləndirmə aparıla bilər. Bu baxımdan Azərbaycanda büdcə xərcləmələrinin səmərəliliyinin təmin edilməsi ilk növbədə qanunvericilik islahatlarının aparılmasını, institusional mexanizmlərin formalaşdırılmasını tələb edir.

2017-ci ilin dövlət büdcə layihəsində xərclərin şəffaflığı baxımınndan da xeyli problemlər müşahidə edilir. Büdcə xərcləmələrinə münasibətdə şəffaflıq bütün xərclərin həcmi, strukturu, son təyinatı və istiqamətləri ilə bağlı informasiyalarının ictimaiyyət üçün açıqlığını, təqdim edilən göstəricilərin tam analaşılan olmasını ehtiva edir. So illərdə büdcə xərclərinin strukturunda “digər xərclər” maddəsinin payının yüksək olması xərcərin şəffaflığı baxımından müntəzəm olaraq narahatlıqlar doğurub. Lakin 2017-ci ilin büdcə layihəsində “digər xərclər” maddəsi üzrə vəsaitlərin həcmi əvvəlki ilə nisbətən 1.4 mlrd. manat və ya 2.2 dəfə azaldılaraq 1.360 mlrd. manata endirilib. Növbəti ilin büdcəsində bu xərclərin cəmi büdcə məxaricində payı 7.6% səviyyəsində proqnozlaşdırılır, lakin 2016-cı il üzrə həmin göstəricisi 14.9% təşkil edir.



Bununla belə, gələn il üzrə büdcənin analizi xərcləmələrin şəffaflığı ilə əsas narahatlıqlar kimi aşağıdakıları qeyd etmək mümkündür:

  • Təhsil funksional istiqamətinin “təhsil sahəsində digər tədbirlər” köməkçi bölməsi üzrə xərclər əvvəlki ilə nisəbətən 68.5 mln. manat və ya 15.6% azaldılır. Lakin kifayət qədər böyük miqyasda ixtisarın səbəbləri, hansı xərc maddələrinin ixtisarı hesabına baş verməsi barədə açıqlama və əsaslandırma təqdim edilməyib.

  • Təhsil funksional istiqaməti üzrə bəzi xərclərin son təyinatı və iqtisadi strukturu ilə bağlı detallı məlumatlar təqdim edilməyib. Məsələn, “Dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi, təhsil sahəsində islahatlar və digər tədbirlərlə bağlı xərclər” paraqrafı çərçivəsində xərclənməsi nəzərdə tutulan 264.8 mln. manat vəsaitin 114 mln. manatının “Qeyri-maliyyə aktivlərinin alınması” maddəsi üzrə xərclənəciy göstərilir. Lakin kifayət qədər böyük həcmdə vəsait hesabına təhsil sistemi üçün əhəmiyyətli olan hansı qeyri-maddi aktivlərin alınacağı ilə bağlı hətta ümumi məlumatlar belə təqdim edilmyib.

  • Təhsil funksional istiqaməti üzrə dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi xərclərinin universitetlər arasında bölgüsü təqdim edilmir. Halbuki dövlət büdcəsinin xərc proqnozlarını formalaşdırmaq üçün ayrı-ayrı dövlət universitetlərindən əldə olunan xərc proqnozları öncədən əldə edilir. Bu baxımdan büdcə zərfində ali təhsilin tələbə hesabı maliyyələşdirilməsi üzrə xərclərin ayrı-ayrı universitetlər üzrə ünvanlı şəkildə təqdim edilməsi problem olmamalıdır;

  • Mərkəzləşdirilimiş xərclərin funksional bölmələr, köməkçi bölmələr və paraqraflar üzrə bölgüsünə dair informasiyalar açıqlansa da, yerli xərclərin yalnız ümumi həcmi və funksional istiqamətlər üzrə açıqlaması təqdim edilir. Büdcə xərclərinin şəffaflığı baxımından yerli xərclərin hər bir rayon və şəhər üzrə funksional bölmələr, köməkçi bölmələr və paraqraflar üzrə bölgüsünə, həmçinin yerli xərclərin iqtisadi təsnifatına dair informasiyalar büdcə zərfinə daxil edilməsi vacibdir.

  • Büdcə qanunvericiliyinə görə “mərkəzləşdirilimiş xərc” hesab olunan, lakin ölkənin müxtəlif bölgələri üzrə xərclənən büdcə vəsaitlərinin ərazi stukturu barədə büdcə məlumatları açıqlanmır. Kənd təsərrüfatı, sosial müdafiə, tikinti, mədəniyyə və idman, nəqliyyat və rabitə, məhkəmə və hüquq-mühafizə kimi funksional istiqamətlər çərçivəsndə bütün xərclər mərkəzləşdirilmiş xərclərə aiddir. Lakin məlumdur ki, həmin vəsaitlərə mərkəzi hakimiyyət orqanları sərəncam versə də, onların müəyyn hissəsi bilavasitə yerli sosial-iqtisadi inkişafın təmin edilməsinə sərf edilir. Maliyyə Nazirliyi “Büdcə zərfi”nə ölkənin rayin və şəhərləri üzrə büdcə xərcləmələrinə dair xüsusi buraxılış daxil etməklə həm yerli xərclərin, həm də mərkəzləşdirilmiş xərclərin ölkənin bütün rayon və şəhərləri üzrə müfəssəl büdcə informasiyalarını açıqlamaq mümkündür. Büdcə informasiyalarının coğrafi strukturunun bu şəkildə açıqlığı yalnız büdcə şəffaflığı baxımından önəmli deyil. Belə yanaşma həmçinin ölkənin hər bir inzibati ərazisinin və iqtisadi regionunun özünümaliyyələşdirmə potensialının, xərc ehtiyaclarının müntəzəm qiymətləndirilməsi və dinamikanın izlənməsi baxımından olduqca vacibdir.

  • Paraqraflar və iqtisadi xərc maddələri üzrə detallı strukturu açıqlanmayan funksional bölmələrin büdcə xərclərində payı yüksəlib. Dövlət büdcəsinin müdafiə, tikinti və əsas bölmələrə aid edilməyən xidmət funksional bölmələri, həmçinin hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanması köməkçi bölməsi informasiya açıqlığı baxımından “qapalılığı yüksək olan” xərc istiqamətləri hesab edilə bilər. 2017-ci ildə həmin 4 xərc istiqamətinin büdcə məxaricində payı 46.1% səviyyəsində proqnozlaşdırılır. Halbui anoloji göstərici 2016-cı il üzrə 41% təşkil edirdi.

  • Hökumətin parlamentə təqdim etdiyi büdcə zərfində investisiya xərclərinə dair informasiyalar yalnız sektorlar üzrə təqdim edilir. Halbuki xərclərin planlaşdırılan investisiya layihələri üzrə açıqlanması şəffaflığın təmin edilməsi baxımından çox önəmlidir. Son 10 ildə bir dəfə - 2008-ci ilin büdcə layihəsində belə bir təcrübədən istifadə edilib və bu fakt investisiya xərclərinin detallı açıqlanmasının problem olmadığını göstərir.

  • Dövlət büdcəsinin “əsas bölmələrə aid edilməyən xidmətlər” funksional bölməsinə ilk dəfə daxil edilən xərc maddəsi barədə hər hansı açıqlama və aydınlaşdırıcı izahat təqdim edilməyib. Belə ki, bu bölmə üzrə əvvəlki illərin büdcə layihələrinə nəzərdə tutulmayan və “islahatlarla bağlı xərclərin maliyyələşdirilməsi” adlanan istiqamətə 697 mln. manat vəsait ayrılması nəzərdə tutulmuşdur. Lakin həmin xərc maddəsinin mahiyyəti, büdcəyə daxiledilmə zərurəti və son təyinatı barədə nə “Büdcə zərfi”ndə, nə də Hesablama Palatasının Rəyində hər hansı əlavə məlumat yoxdur. Yalnız ümumi şəkildə bildirlir ki, bu xərclər tamamilə “qeyri-maliyyə aktivlərinin alınması”na sərf ediləcək Reallıqda hökumət bu xərcləri parlamentə əqdim etdiyi konkret islahat proqramları üzrə şəffaf formada əks etdirməli idi.

  • Sosial müdafiə xərclərinin 445.7 mln. manat və ya 16.5% azaldılmasının səbəbləri ilə bağlı hər hansı aydınlaşdırıcı informasiya təqsim edilmətib. Əvvəlki illərdə bölmədə nəzərdə tutulmayan, yalnız 2016-cı ilin büdcəsinə daxil edilən “Kommunal, kommunikasiya xidmətləri və digər tədbirlər” üzrə nəzərdə tutulmuş 590 mln. manat 2017-ci ilin büdəsinə daxil edilməyib. Hesablama Palatası da öz rəyində bu xərc maddəsinin son təyinatı barədə məlumatsız olduğunu vurğulayır, hökumətin izahedici səbəblər təqdim etməsinin vacibliyini qeyd edir.

  • Mənzil-kommunal təsərrüfatının maliyyələşdirilməsi bölməsi üzrə xərclərin kəskin azalmasının səbəbləri ilə bağlı aydınlaşdırıcı məlumatlar təqdim edilməyib. Bu bölmə üzrə xərclər əvvəlki ilə nisbətən 143.6 mln. manat və ya 32% ixtisar edilib. 2016-cı ildə “kommunal və kommunikasiya xidmətləri və digər tədbirlər” paraqrafı üzrə nəzərdə tutulmuş 70 mln. manat məbləğində xərc maddəsi 2017-ci ilin büdcəsindən tamamilə çıxarılıb. “Yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturların bərpa, yenidənqurulması və abadlaşdırılması” xərcləri 98,4% və ya 121.4 mln. manat azaldılıb və cəmi 2 mln. manat saxlanıb. Lakin nə hökumətin büdcə sənədlərində, nə də Hesablama Palatasının rəyində bu cür kəskin xərc ixtisarlarını təfsilatlı əsaslandıran, həmin xərclərin əvvəlki illərdə yönəldiyi tədbir və istiqamətlərə ehtiyacların aradan qalxdığını detallı əks etdirən izahatlar yoxdur. Millət vəkilləri və ictimaiyyət büdcə sənədləri ilə tanış olduqda bu tip suallara asanlıqla cavab tapa bilməlidirlər: ixtisar edilən vəsaitlər əvvəlki il hara xərclənirdi? Hansı səbəbdən bu isqtiqamətlərə vəsait yönəltməyə ehtiyac qalmayıb?

  • 2016-cı illə müqayisədə sosial təminat xərcləri 181 mln. manat və ya 6.5 dəfə artırılaraq 216 mln. manata çatdırılıb. Amma bu artımın məqsədi, artan xərclərin təyinatı ilə bağlı büdcə izahatında və Hesablama Palatasının rəyində hər hansı aydınlaşdırıcı təqdimat yoxdu. Qüvvədə olan qanunvericiliyə görə, “sosial təminat”a isə işsizlik müavinətləri, işsizlərin peşə hazırlığı xərcləri, ehtiyacı olan ev təərrüfatlarına yaşayış yerləri ilə bağlı xərclərin ödənilməsi ilə bağlı yardımlar, bu tip sosial müdafiə proqramlarının idarə edilməsi xərcləri, Azərbaycan Respublikasının keçmiş prezidentlərinə və ya onların ailə üzvlərinə ödənişlər, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlarla üçün internat evlərinin və pansionatların saxlanılması ilə bağlı xərclər, əmək və əhalinin sosial müdafiəsi mərkəzlərinin və tibbi-sosial ekspertiza komissiyalarının saxlanılması xərcləri daxildir. 2017-ci ilin dövlət büdcəsində “social təminat” köməkçi bölməsi üzrə nəzərdə tutulan 181 mln. manat əlavə vəsaitin sadalanan hansı sosial təminat tədbirlərinin maliyyələşdirilməsinə sərf ediləcəyi tamamilə qeyri-müəyyəndir.


V. Büdcə prosedurlarına əməl edilməsi
sahəsində vəziyyət

2017-ci ilin dövlət büdcəsi layihəsinin hazırlanması, parlament müzakirələri və təsdiqi prosesində bir sıra prosedur pozuntuları ilə müşayiət olundu:

2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsi və ona əlavə edilən sənədlər toplusu Milli Məclisə qanunvericilikdə müəyyən edilmiş müddətdən 1 ay gec təqdim edildi. Büdcə sistemi haqqında Azərbayan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilən digər sənədlərlə birlikdə oktyabr ayının 15-dən gec olmayaraq Milli Məclisin müzakirələrinə təqdim edilməlidir. Lakin 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsi və ona əlavə edilmiş sənədlər toplusu 2016-cı ilin noyabrın 15-də Milli Məclisə təqdim edilib;

2017-ci il dövlət büdcəsinin layihəsində tez-tez aparılan dəyişikliklər onun normal təhlili və müzakirələrini çətinləşdirib. Artıq yuxarıda qeyd olunduğu kimi, 2017-ci ilin dövlət büdcəsinin layihəsi Maliyyə Nazirliyi tərəfindən 2016-cı ilin sentyabrında ictimaiyyətə açıqlanan ilkin layihəsi 4 dəfə dəyişikliklərə məruz qalıb. 2016-cı ilin noyabrında Milli Məclisə təqdim edilən və mətbuatda dərc edilən dövlət büdcəsi haqqında qanun layihəsində sonradan dəyişiklik edilib (büdcənin həm gəlirləri, həm də xərcləri 300.0 mln manat artırılıb), dəyişiklik edilmiş qanun layihəsi Milli Məclisin saytında yerləşdirilib, amma mətbuatda dərc edilməyib. Həm də qanun layihəsində dəyişiklik edilməsinə rəğmən onunla birlikdə parlamentə təqdim edilən sənədlərdə müvafiq dəyişikliklər edilməyib. Dövlət büdcəsi haqqında qanun layihəsi təsdiq edilərkən bir daha onun gəlirlər hissəsində dəyişikliklər edilib, bəzi vergi növləri (hüquqi şəxslərin əmlak və torpaq vergiləri) üzrə daxilolmalar proqnozu yenidən azaldılaraq Milli Məclisə təqdim edilən ilkin layihədə olan səviyyəyə qaytarılıb, ƏDV və mənfəət vergisi üzrə daxilolmalar proqnozu isə artırılıb;

Dövlət büdcəsi layihəsinin parlament müzakirələri yenə formal xarakter daşıyıb. 2017-ci il dövlət büdcə haqqında qanun layihəsi Milli Məclisdə çox qısa müddətdə - yalnız 3 gün plenar iclaslarda müzakirə edilib. Qanun layihəsi yalnız bir oxunuşdan keçib və 2-ci oxunuşa çıxarılan kimi təsdiq edilib;

Dövlət büdcəsi layihəsində fiskal risklər yetərincə qiymətləndirilməyib. Dövlət büdcəsi layihəsinin hazırlanması zamanı onun icrası zamanı ortaya çıxa biləcək fiskal risklərin qiymətləndirilməsi çox önəmlidir. 2017-ci ilin dövlət büdcəsi layihəsi ilə birlikdə hökumətin Milli Məclisə təqdim etdiyi sənədlər toplusunda, xüsusilə hökumətin büdcə izahatında fiskal risklərin qiymətləndirilməsinin aparıldığı bildirilir. Həmin sənəddə əsasən neftin dünya bazar qiymətinin dəyişilməsi halında baş verə biləcək risklər qeyd olunub və neftin müxtəlif qiymətlərində büdcə daxilolmalarında baç verə biləcək dəyişikliklər qiymətləndirilib. Amma bu sənədlərdə 2017-ci il dövlət büdcəsi layihəsinin manatın xarici valyutalara (xüsusilə ABŞ dollarına) nəzərən hansı məzənnəsi ilə hesablanması barədə heç bir məlumat verilməyib. Habelə manatın məzənnə dəyişikliklərinin büdcə daxilolmalarına təsirlərinin qiymətləndirilməsi və mümkün risklərin necə nəzərə alınması göstərilməyib.

Vergi Məcəlləsində dəyişikliklər dövlət büdcəsinin layihəsi təsdiq edildikdən sonra müzakirələrə çıxarılıb və təsdiq olunub. Bir qayda olaraq dövlət büdcəsi layihəsinin hazırlanması mərhələsində büdcənin gəlirlərinin proqnozları ilk növbədə məhz tədiyə növləri üzrə vergi bazasında və dərəcələrində ediləcək dəyişikliklərə əsaslanır. Buna görə də qabaqcıl dünya təcrübəsində adətən əvvəl Vergi Məcəlləsində dəyişikliklər müzakirə edilərək qəbul edilir, sonra bunun əsasında büdcə layihəsi hazırlanır və büdcə gəlirləri proqnozlaşdırılır. Bizdə isə Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklər layihəsi əsasında büdcə proqnozları hazırlanır. Növbəti ilin büdcə layihəsinin hazırlanması üçün Vergi Məcəlləsində cari ilin may ayından gec olmayaraq dəyişikliklər edilməsi və büdcə layihəsinin yalnız Vergi Məcəlləsində təsdiq edilmiş dəyişikliklər əsasında hazırlanması barədə qanunvericilikdə müvafiq dəyişikliklərın aparılması məqsədəuyğundur;

Vergi Məcəlləsində olan çoxsaylı dəyişikliklər geniş ictimai müzakirələrə təqdim edilməyib. 2017-ci il dövlət büdcəsinin icrasına nail olmaq üçün Vergi Məcəlləsində 201 dəyişiklik edilib: Məcəlləyə 115 yeni maddə əlavə edilib, 83 dəyişiklik aparılıb və 3 maddə ləğv edilib. Bunlardan 123 maddə vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot-qeydiyyatın asanlaşdırılması, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə vergi yükünün azaldılması, azadolma və güzəştləri əhatə edib. Bu qədər dəyişiklik Milli Məclisin yalnız bir iclasında müzakirə edilərək elə birinci oxunuşda qəbul edilinb. Vergi Məcəlləsinə edilən dəyişikliklər qabaqcadan ictimai müzakirələrə çıxarılmayıb, dəyişikliklər layihəsi mətbuatda dərc olunmayıb, habelə dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin saytında qabaqcadan yerləşdirilməyib.

Dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üzrə nəzərdə tutulan vəsaitin bölgüsünü dövlət başçısı öz üzərinə götürüb. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli Fərmanında göstərilir ki, “Müəyyən edilsin ki, bu Fərmanın 1.11.1.1-ci yarımbəndində (Dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) nəzərdə tutulan vəsaitin bölgüsünü Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, 1.14.3.3.9-cu yarımbəndində (İslahatlarla bağlı xərclər) nəzərdə tutulan vəsaitin bölgüsünü isə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti həyata keçirir”. Halbuki bu səlahiyyət indiyəcən hər il dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə həvalə edilirdi.


VI. NƏTİCƏ VƏ TÖVSİYƏLƏR

2017-ci ilin dövlət büdcəsi proqnozunun, habelə büdcə prosesinin təhlili və qiymətləndirilməsi əsasında belə bir qənaətə gəlirik ki, gələn ilin dövlət büdcəsinin icrası böyük risklərlə müşayiət olunacaq. Ölkədə iqtisadi islahatların necə həyata keçirilməsindən, ölkədə maliyyə sabitliyinin təmin edilməsi dərəcəsindən, bank sektorunda vəziyyətin normallaşdırılmasına nail olunmasından, ölkədə sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması durumundan, habelə dövlət maliyyə idarəetməsində şəffaflığın və səmərəliliyin artırılması istiqamətində atılacaq addımlardan asılı olaraq dövlət büdcəsinin icrası vəziyyəti fərqli nəticələrə gətirib çıxara bilər.



2017-ci ilin dövlət büdcəsi proqnozunun, habelə büdcə prosesinin təhlili əsasında İTY İB-nin ekspert qrupu növbəti illərdə dövlət büdcəsinin proqnozlaşdırılması və dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində aşağıdakıları təklif edir:
Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması sahəsində:

  • Dövlət büdcəsi gəlirlərinin formalaşmasında neft və qeyri-neft sektorlarının töhfəsinin daha dəqiq və əsaslandırılmış qiymətləndirilməsi aparılsın;

  • Özəl və dövlət sektoru üzrə büdcə daxilolamalarının proqnozu tədiyyə növləri üzrə açıqlansın;

  • SOCAR və digər iri dövlət müəssisələrinin büdcə öhdəlikləri və bu öhdəliklərə əməl edilməsi ilə bağlı büdcə sənədlərində geniş açıqlamalar təmin edilsin;

  • dövlət büdcəsi haqqında qanun layihəsində ölkənin hər bir rayon və şəhəri üzrə vergi proqnozlarının tədiyyə növləri üzrə açıqlanması təmin edilsin;

  • Növbəti ilin büdcə layihəsinin hazırlanması üçün Vergi Məcəlləsində cari ilin may ayından gec olmayaraq dəyişikliklər edilməsi və büdcə layihəsinin yalnız Vergi Məcəlləsində təsdiq edilmiş dəyişikliklər əsasında hazırlanması barədə qanunvericilikdə müvafiq dəyişikliklər aparılsın;

  • Strateji və büdcə planlaşdırmasının əlaqələndirilməsini təmin edən hüquqi-normativ baza yaradılsın, bütün hökumət qurumlarının illər üzrə bölünməklə 5 illik strateji inkişaf planları əsasında fəaliyyətinin təşkili mexanizminə keçilsin, habelə bütün büdcə sifarişlərinin hökumətin sosial-iqtisadi inkişaf proqramları ilə uzlaşdırılması təmin edilsin;

  • Son nəticələrə yönəlik büdcə planlaşdırılması mexanizminə keçid təmin edilsin, büdcə proqramlarını qiymətləndirməyə imkan verən aralıq və son nəticə göstəriciləri, həmçinin səmərəlilik və keyfiyyət indikatorları işlənilsin və büdcə zərfinə əlavə edilsin;

  • Dövlət büdcəsi layihəsi ilə bağlı Milli Məclisə təqdim edilən büdcə zərfinə büdcənin gender təhlili və ekspertizası əlavə edilsin. Bunun üçün büdcə işində gender yanaşmasının tətbiqi ilə bağlı xüsusi normativ hüquqi baza formalaşdırılsın;

  • Büdcə layihəsinin peşəkar vətəndaş cəmiyyəti təsisatları və ayrı-ayrı sosial qrupların mənafeyini təmsil edən ictimai qurumlarla müzakirə əsasında qəbuluna təminat verən hüquqi mexanizmlərin formalaşdırılsın.


Dövlət büdcəsi xərcləərinin səmərəliliyini və şəffaflığının artırılması sahəsində:

  • Hökumət büdcənin borc yükünün artmasına imkan verməməlidir. Xüsusilə də təsərrüfathesablı dövlət şirkətlərində maliyyə intizamının yetərli səviyyədə olmaması səbəbindən bu şrikətlərin vaxtında ödəyə bilmədiyi borcların yükünün büdcə üzərinə keçirilməsi yolverilməzdir və maliyyə imkanlarının məhdudluğu şəraitində bu cür izafi xərclər büdcənin sosial yükünün artırılmasına mane olur. Ictimai xidmətlər göstərən dövlət şirkətlərinin, xüsusilə enerji, qaz və su paylaşdırıcı, mənzil-kommunal xidmət göstərən şirkətlərin konsessiya əsasında özəl sektorla birgə idarə edilməsi planın hazırlanmasına ehtiyac var. Hökumət büdcə hesabına borcların qaytarılması üçün xərclərin ÜDM-ə və büdcə xərclərinə nisbətinə limit qoymalı, ortamüddətli hədəf göstərici müəyyən etməlidir. Öz növbəsində, dövlət zəmanəti ilə alınan xarici borclardan istifadınin səmərəliliyinin yüksəldilməsi, bu sahədə maliyyə intizamının artırılması, müvafiq strukturların nəzarət imkanlarının genişləndirilməsi, ictimai nəzarət üçün imkanların genişləndirilməsi mexanizmləri təkmilləşdirilməlidir;

  • Sosial xərclərin, xüsusilə də təhsil, səhiyyə və sosial müdafiə xərcləri büdcənin əsas prioritet istiqamətlərinə çevrilməsi hədəflənməlidir. 2017-ci ilin büdcəsində bu xərc bölmələrinin heç biri dövlət büdcəsinin məxaricində ən yüksək paya malik funksional istiqamətlər sırasına daxil olmayıb. Hökumət ortamüddətli dövrdə dövlət büdsəsnin sosial xərclərinin prioritetliyini təmin etmək üçün təhsil, səhiyyə və sosial müdafiə xərclərinin ÜDM-ə və büdcə xərclərinə nisbəti üzrə hədəf göstəricilər müəyyən edilməlidir;

  • Dövlət büdcəsinin funksional bölgüsünə yenidən baxılması məqsədəuyğundur. Büdcə xərclərinin şəffaflığını və büdcə informasiyalarının təhlilini asanlaşdırmaq üçün 2 funksional bölməni ixtisar etmək məqsədəuyğundur. Bu bölmələrə “Əsas bölmələrə aid edilməyən xidmətlər” və Tikintibölməsi daxildir. Hər iki bölmə üzrə köməkçi bölmə və paraqrafları digər funksioanl bölmələrə daxil etmək mümkündür. Məsələn, investisiya xərclərini aid olduqları digər funksional isitqamətlər üzrə paylaşdırıla bilər. Bu halda hər bir funksional bölmə üzrə “investisiya layihələri” köməkçi bölməsinin formalaşdırılması mümkündür. Bu addım həm təhsil, səhiyyə, sosial müdafiə, nəqliyyat, kənd təsərrüfatı kimi funksional bölmələrin dövlət büdcəsində xüsusi çəkisi investisiya təyinatlı vəsaitlər nəzərə alınmaqla daha dəqiq müəyyən edilməsinə, həm də investisiya xərclərinin müxtəlif sektorlar üzrə bölgüsünü daha asan izləməyə imkan verər. “Əsas bölmələrə aid edilməyən xidmətlər” üzrə ehtiyat fondu xərclərini dövlət hakimiyyət orqanlarının saxlanması, məqsədli büdcə fondlarını təyinatına uyğun olaraq dövlət borclarının qaytarılması paraqrafına və nəqliyyat köməkçi bölməsinə daxil etmək mümkündür;

  • Büdcə qanunvericiliyində köklü dəyişikliklər edilməli, dövlət büdcəsinin tərtibinə yeni yanaşma tətbiq edilməlidir. Yeni qanunvericilik mexanizmlərinə əsasən tərtib edilən dövlət büdcəsinin formatı və büdcə sənədlərinin hazırlanması üçün istifadə olunan metodoloji yanaşma xərcləmələrin səmərəliliyini qiymətləndirməyə imkan verməlidir. Büdcə proqnozlaşdırılmasının ortamüddətli büdcə planları, ortamüddətli strateji planlar, ortamüddətli xərc çərçivələri, səmərəlilik indikatorları, prioritetlərin əsaslandırıldığı mövqe sənədi, xərclərin yönəldiyi hər bir sektor üzrə detallaşdırılmış istiqamətləri kimi sənədlər dəsti əsasında hazırlanması təmin edilməlidir. Bu islahat , proqram əsaslı büdcə tərtibatına və nəticəli büdcəyə keçidi nəzərdə tutur;

  • Xarici kreditlər hesabına həyata keçiriləcək layihələrlə bağlı büdcə zərfinə məlumatlar daxil edilməlidir. Bəzi layihələr tamamilə kredit vəsaitləri, bir qism layihələr isə büdcə vəsaitləri və kredit resurslarının ortaq dəstəyi ilə həyata keçirilir. Layihələrin siyahısı açıqlanmalı, hər bir layihə üzrə kredit resurslarının və büdcə vəsaitlərinin məbləği ayrıca göstərilməlidir.

  • Xərclərin şəffaflığını təmin etmək üçün bir sıra addımların atılması vacidbir. Bu addımlar kimi nəzərdə tutula bilər: ayrıca götürülmüş hər bir rayon və şəhər üzrə yerli xərclərin funksional, təşkilati və iqtisadi təsnifatının açıqlanması; ölkənin müxtəlif rayon və şəhərlərinə yönələn mərkəzləşdirilmiş xərclərin funksional istiqamətləri göstərilməklə ayrıca götürülmüş hər bir rayon və şəhər üzrə detallı açıqlanması; növbəti maliyyə ili üzrə xərclərin funksional və iqtisadi təsnifatında baş verən kəskin dəyişikliklərin səbəbləri ilə bağlı əsaslandırılmış və aydınlaşdırıcı izahatlar təqdim edilməsi; investisiya xərclərinin planlanan layihələr üzrə açıqlanması və həmin layihələrin növbəti ilin büdcə sənədi ilə birgə təsdiqlənməsi; tələbə hesabı maliyyələşmə fondunun universitetlər üzrə açıqlanması;

  • Büdcə informasiyalarının əlçatanlığını təmin etmək üçün hökumətin elektron formada bütün millət vəkillərinə təqdim etdiyi büdcə zərfi ilə ictimaiyyətin online tanış olmasına imkan yaradılmalıdır. Büdcə informasiyalarının açıqlığını təmin etmək üçün büdcə zərfilə bağlı bütün məlumatlar Maliyyə Nazirliyinin saytı vasitəsilə yayıla bilər.

  • Büdcə xərclərinin təsnifatının təkmilləşdirilməsinə və sadələşdirilməsinə ehtiyac var. “Əsas bölmələrə aid edilməyən” xidmətlər funksional bölməsinin ləğv edilməsi, həmin bölmədəki köməkçi bölmələr təyinatına uyğun olaraq digər funksional bölmələrdə əks etditilməsi mümkündür. Məsələn, prezidentin və Nazirlər Kabinetinin ehtiyat fondları üzrə xərcləri, həmçinin dövlət borcuna xidmətlə bağlı məqədli büdcə fondu üzrə xərcləri “Ümumdövlət xidməti” funksional bölməsində, Avtomobil Yolları Məqsədli Büdcə Fondu üzrə xərcləri “Nəqliyyat və rabitə” funksional bölməsində əks etdirmək mümkündür. Eyni zamanda, “Yanacaq və sənaye” funksional bölməsini “İqtisadi fəaliyyət” funksional bölməsinin tərkibinə daxil edilə bilər. Nəhayət, büdcənin investisiya bölməsinin ləğv edilməsi, bu xərclərəin uyğun funksional bölmələrdə “İnvestisiyalar” köməkçi bölməsi kimi əks etdirilməsi realdır. Məsələn, səhiyyə, təhsil, sosial müdafiə, müdafi ilə bağlı investisiya xərclərinin qeyd olunan funksional bölmələrdə əks olunması mümkündür. Bu cür təsnifat sadələşdirilməsi xərclərin şəffaflığının təmin edilməsi və izlənməsi baxımından mühümdür.




İqtisadi Təşəbbüslərə Yardim İctimai Birliyi


Yüklə 189,3 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə