«İqtisadiyyat və audit».–2010.№1 S. 9-12. İNvestiSİya layiHƏLƏRİNİn maliYYƏLƏŞDİRİLMƏSİ formalari



Yüklə 205,62 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü205,62 Kb.
#68349


«İqtisadiyyat və audit ».–2010.-№1-2.-S.9-12.

İNVESTİSİYA LAYİHƏLƏRİNİN 

MALİYYƏLƏŞDİRİLMƏSİ FORMALARI

Dövriyyə  aktivlərinin  yaradılması  və  hərəkəti  ilə  bağlı  məqsədlərə,  o  cümlədən  əməkhaqqı  ödənişlərinə

görə  müştəriyə  pul  vəsaitlərinin  verilməsi  qısamüddətli  dövrdə  investisiya  layihələrinin  maliyyələşdirilməsi

variantlarından  biri  sayılır.  Kreditin  alıcıları  kimi  hüquqi  şəxslər  və  fərdi  sahibkarlar  çıxış  edə  bilərlər.

Qeyri-rezidentlər  o  vaxt  kredit  ala  bilərlər  ki,  onlar  investor  sayılsınlar,  kredit  isə  investisiya  məqsədlərinə  görə

verilir.  Kredit  hesabına  konkret  müqavilə  ödənilir  və  pul  müştərinin  ssuda  hesabından  bilavasitə  məhsul

göndərənlərə  yönəldilir.  Kredit  üstün  olaraq  nağdsız  formada  verilir.  Nağd  formada  kredit  yalnız  əməkhaqqının

ödənişinə  görə  verilə  bilər.  Kreditin  istifadəsinə  görə  haqq  gündəlik  qalıqla  hesablanan  faizlərlə  müəyyən  edilir.

Faizlər, bir qayda olaraq, aylıq hesablanır. Müştəri kreditin istifadəsinə görə faizləri maya dəyərinə aid edir. Kredit

müqaviləsi  mütləq  olaraq  təmin  edilməlidir.  Girovun  məbləği,  bir  qayda  olaraq,  girov  qiymətləri  üzrə  kredit

məbləğinin  130%-ni  təşkil  edir.  Girov  qiymətləri  bank  tərəfindən  müstəqil  olaraq  müəyyən  edilir  və  hər  şeydən

əvvəl, dəyərindən aşağı bazar qiymətlərinə uyğun gəlir. Xüsusilə etibarlı müştərilər üçün kredit məbləğinin 100%-i

həcmində girovun qəbul edilməsi mümkündür .

Kredit birdəfəlik kredit formasında, kredit xətti və təzələnən kredit xətti formasında təqdim oluna bilər.

Maliyyələşmənin əsas üsulu faktorinq sayılır. Faktorinq elə bir sövdələşməni təmsil edir ki, bu zaman bank

müştəridən  ödəniş  üçün  ödəyicilərinə  təqdim  etdiyi  ödəniş  tələbnamələrini  alır.  Ödəniş  tələbnamələrinin  alışı

diskont  vasitəsilə  həyata  keçirilir.  Daha  doğrusu,  əgər  bank,  məsələn,  10%  diskontla  20  mln.  manat  məbləğində

ödəniş  tələbnamələrini  alırsa,  onda  müştəri  həmin  satılmış  ödəniş  tələbnamələrinə  görə  yalnız  18  mln.  manat

alacaqdır.  Banka  pul  vəsaitlərinin  qayıdışı  20  mln.  manat  məbləğində  (alınmış  tələbnamələrin  bütün  məbləği

həcmində) həyata keçirilir.

Tələbnamənin  alındığı  müddət,  bir  qayda  olaraq,  2-3  aydan  çox  olmayaraq  müəyyən  edilir.  Bu  alətlərin

uzunmüddətli  istifadəsi  üçün  baş  faktorinq  müqaviləsi  bağlana  bilər  ki,  bunun  da  çərçivəsində  2-3  ay  dövrililiklə

konkret ödəniş tələbnamələrinin alışı həyata keçirilə bilər.

Bank müştərinin ödəniş  tələbnamələrinin alınması zamanı pul vəsaitlərini müştərinin faktorinq hesabından

onun  hesablaşma  hesabına  köçürür.  Bu  öhdəliklərin  qaytarılması faktorinqin  növündən  asılıdır.  Bağlı faktorinqdə

hər şey çox sadədir: müştəri razılaşdırılmış müddətin keçməsinə görə faktorinq üzrə borcu hesablaşma hesabından

faktorinq  hesabına  köçürməklə  baglamalıdır.  Açıq  faktorinq  zamanı  hər  şey  bir  qədər  mürəkkəbdir:  alınmış

tələbnamələrin  ödəyiciləri  (daha  doğrusu,  debitorlar)  açıq  faktorinq  müqaviləsini  bağlamaq  haqqında  xəbərdar

edilir  və  onlara  yeni  rekvizitlər  bildirilir  ki,  bunun  ödəniş  tələbnamələrini  ödəmək  lazımdır.  Beləliklə,  bank

müştəriyə pul köçürür, müştərinin borclusu (debitor) isə banka ödəniş tələbnamələri ödəyir.

Faktorinqdən  istifadəyə  görə  haqq  yalnız  diskont  şəklində  müəyyən  edilir.  Bu  onu  göstərir  ki,  bankın

mükafatlandırılması  faktorinqin  verilməsi  anında  müəyyən  edilir  və  qaytarma  müddətindən  asılı  deyildir.  Artıq

yuxarıda gətirdiyimiz misala qayıtmaqla demək olar ki, bank müştərinin istər 2 gündən, istərsə də 2 aydan sonra öz

borcunu qaytarmasından asılı olmayaraq, 2 mln. manat (20 mln. man. - 18 mln. man.) gəlir alır.

Mövcud qanunvericiliyə görə, faktorinqin aparılması zamanı girov tələb olunmur.

İpoteka  daşınmaz  əmlakın  girov  qoyulması  ilə  öhdəliklərin  təmin  edilməsi  metodudur,  icarə  haqqının

ipoteka krediti üzrə faiz formasında tam və ya qismən  ödənilməsini  nəzərdə  tutur.  İpoteka iqtisadiyyatın müxtəlif

sahələrinə  kapital  qoyuluşlarının  daxil  olmasının  mühüm  kanallarındandır.  Belə  ki,  ipoteka  əmlaka  sahiblik

vəziyyətinin və hər bir vaxt anına həmin əmlaka borcların müəyyən edilməsi qaydalarından ibarət hüquqi sistemdir.

İpoteka  bankirin  (adətən  ona  girov  məktubunun  təqdim  edilməsi  əsasında)  borc  üzrə  ona  girov  kimi

verilmiş  əmlakı satmaq səlahiyyətidir. Başqa sözlə, ipoteka maliyyələşdirilməsində ixtisaslaşan  ipoteka bankiri və

maliyyə-ipoteka şirkətinin əməkdaşı borcalanın ödənişdən, yaxud akseptdən imtina etməsi zamanı girov əmlakı sata

bilər.

Müstəsna hallarda ipotekanın və kreditin təminatının zəmanətli xüsusiyyətlərindən biri də borcalanın aldığı



ssudanı  qaytarmaq  üzrə  öhdəlikləri  yerinə  yetirmədiyi  halda  kreditor  borcalanın  daşınmaz  əmlakından  istədiyi

şəkildə istifadə edə bilər. Bu üstünlük ipoteka kreditini digər uzunmüddətli kreditlərdən fərqləndirir.

İpoteka kreditinin  tətbiq  olunmasının zəruriliyi  bununla  izah  oluna  bilər  ki,  sosial  problemlər  əhəmiyyətli

dərəcədə  yüngülləşdirilir:  ipoteka  tikinti  sənayesinin,  daşınmaz  əmlak  bazarının  inkişafı  və  iqtisadiyyatın

investisiyalaşdırılması üçün əlverişli şərait yaradır.

Təşkilat  planında  girov  üsulu  ilə  kreditləşmə  investisiya  və  kommersiya  layihələrinin  bir-biri  ilə  bağlı

elementlərini həyata keçirməyi özündə cəmləşdirir. Beləliklə, kreditləşmə şərtləri hüquqi və metodiki təminatı ilə,

tələb  və  təkliflərdən,  ipoteka  krediti  bazarının  iştirakçılarından,  ipoteka  kreditinin  verilməsi  prosesinin

koordinasiyasından, kredit üzrə faizlərin ödənilməsinə nəzarətdən və s. asılıdır.

İpoteka kreditləri  institutunun inkişafı ilə kommersiya banklarının kredit risklərinin (KR) rolu və dərəcəsi

artır.  Bundan  əlavə,  risk  əsas  bir  problemə  çevrilir  və  bank  işində  ciddi  maneələr  yaradır.  Kredit  və  s.  risklərə

bankın fəaliyyətində təsir göstərən amillər bunlardır:




• Yüksək səviyyədə iqtisadi risk: ölkədə iqtisadi, siyasi və sosial böhranların nəticəsi;

• Bank fəaliyyətinin əsas növü və gəlirlərin əsas mənbəyi kimi, kredit əməliyyatlarının xüsusi əhəmiyyəti;

• Dövlət tərəfindən maliyyə sabitləşdirilməsinin sərt siyasətinin həyata keçirilməsi.

Konkret  kommersiya  bankı  səviyyəsində  təsir  göstərən  vacib  mikroiqtisadi  amillərə  kommersiya

banklarının səriştəsiz kredit siyasəti və onların borcalanları aid edilir.

Kredit risklərinin idarə edilməsi hər bir ssudanın ayrılıqda təhlili və bankın kredit portfelindən ibarətdir.

Fərdi  borcalanların kreditləşdirilməsi  nəticəsində  spesifik  risklər  əmələ  gəlir.  Xüsusi  borc-alanların kredit

qabiliyyətinin  etibarlı  qiymətləndirilməsi  indiki  zamanda  yüksəlmiş  risklər  əmələ  gətirir.  Risklərin  əmələ

gəlməsinin  əsas  səbəbləri  əhalinin  kreditləşdirilməsində  lazımi  təcrübənin  olmamasından,  kreditləşdirmə

əməliyyatlarının  kifayət  qədər  əmək  tutumlu  olmasından  və  s.  ibarətdir.  Təcrübəli  iqtisadçıların  fıkrincə,

müştərilərin kreditləşdirilməsi yalnız aşağıdakı şərtlərlə mümkün ola bilər:

- böyük həcmdə informasiyanın toplanması;

- informasiyanın kreditə nə dərəcədə uyğunluğu;

- alınmış məlumatın təhlili və düzgün istifadəsi.

Xarici  bankların  təcrübəsindən  məlum  olur  ki,  kredit  müştərisi  hər  hansı  bir  bankda  etibarını  itirdikdə

ölkədəki digər banklar da həmin kredit müştərisinə xidmət göstərmir. Ona görə ki, borcalanın etibarsızlığı haqqında

məlumat  bütün  bank  sisteminə  yayılır.  Belə  bir  informasiya  sisteminin  bizim  respublikada  yaradılması ssudaların

qaytarılmaması riskini azaldar, müştərinin kredit qabiliyyətinin yoxlanılmasına  mütəxəssislərin qeyri-məhsuldar iş

vaxtı azalar və bankın kredit potensialının daha səmərəli istifadə edilməsinə imkan yaradar. Əhalinin mənzilə olan

tələbatının  obyektiv  və  dəqiq  qiymətləndirilməsini  respublika  səviyyəsində  yanaşma  və  koordinasiya  etmək

vacibdir.

Mütəxəssislərin  fikrincə,  uzunmüddətli  mənzil  kreditləşdirilməsi  sisteminin  idarə  edilməsi  və  yaradılması

üçün  dövlət  tərəfindən  tam  nəzarət  olunan  xüsusi  təşkilat  olmalıdır.  İndiki  zamanda  ümumi  bank  sisteminin

uzunmüddətli və güzəştli kreditləşdirməyə uyğunlaşdırılmaması qeyd olunan strukturun yaradılmasının zəruriliyini

şərtləndirən səbəblərdən biridir.

Çox vaxt bank kreditinin şərtləri kiçik və orta müəssisələr üçün əlverişsiz olur, onların imkan və tələblərinə

cavab  vermir.  Belə  ki,  girov  şərtlərinin  ağırlığı,  faiz  məzənnəsinin  yüksəkliyi  və  maliyyələşmənin  qısamüddətli

xarakterə  malik  olması  əksər  hallarda  iri  və  səmərəli  maliyyə  resurslarına  çıxış  imkanlarını  heçə  endirir.  Keçid

iqtisadiyyatına  malik ölkələrin inkişafında  əlverişli maliyyə vasitəsi kimi mühüm rol oynayan lizinq  mövcud  olan

problemlərin aradan qaldırılmasında optimal vasitə sayılır.

Kiçik  və  orta  müəssisələrin  istehsal  fondlarının  təzələnməsinə  olan  tələbat,  kifayət  qədər

maliyyələşdirmənin və ənənəvi investisiya formalarına çıxışın olması ölkəmizdə lizinq bazarının inkişafını doğuran

çoxsaylı amillərdəndir.

Xeyli  vaxtdır  ki,  lizinqin  iqtisadi  mahiyyəti  mübahisəli  olaraq  qalır.  Onun  nəzəriyyə  və  praktikada

məzmunu və rolu müxtəlif cür, çox vaxt isə ziddiyyətli şərh olunur.

Lizinq fəaliyyətini əmlakın əldə edilməsi və onun lizinqə verilməsi üzrə investisiya fəaliyyəti  növlərindən

biri  hesab  edən  bəzi  iqtisadçılar  lizinqin  mahiyyətini  "lizinq  verən  tərəfindən  müvəqqəti  sərbəst  xüsusi  və  cəlb

edilmiş  maliyyə  vəsaitlərinin  lizinq  alanın  iqtisadiyyatına  investisiyalaşdırılmasında..."  görürlər.  Hesab  edirik  ki,

lizinq  verən  əmlakı  lizinq  alan  üçün  əldə  etməklə,  onun  gələcək  istifadəsini  maliyyələşdirir,  sonradan  isə  öz

xərclərini  çıxarır  və  dövri  olaraq  lizinq  ödəmələri  vasitəsilə  mükafat  alır.  Nəticədə  lizinq  verənin  investisiya

fəaliyyəti hesabına lizinq alanın əsas kapitalı tamamlanır.

Fikrimizcə,  lizinq  öz  məzmununa  və  mahiyyətinə  görə  kredit  sövdəsinə  uyğun  gəlsə,  onunla  birbaşa

investisiya  arasında  oxşarlıq  olar.  Klassik  lizinq  münasibətlərində  lizinq  verən,  lizinq  alan  və  satıcı  kimi  lizinq

müqaviləsinin subyektləri iştirak edir. Bununla yanaşı, lizinqin bir investitsiya mexanizmi kimi inkişafı nəticəsində

banklar və sığorta şirkətləri də lizinq münasibətlərinə daxil olurlar. Beləliklə də lizinqin şərtləri bütün tərəflər üçün

daha çevik və sərfəli olur.

Lizinq əməliyyatları bir  qayda  olaraq,  banklar,  lizinq  şirkətləri,  avadanlıq istehsalı və  ya  satışı ilə  məşğul

olan  şirkətlər  tərəfindən  maliyyələşdirilir.  Dünyada  lizinq  əməliyyatlarının  80%-i  kreditlər  hesabına

maliyyələşdirilir.  İnkişaf  etmiş  ölkələrdə  lizinq  şirkətləri  açıq  bazarda  və  ya  depozitlər  hesabına  maliyyə  əldə

edirlər,  inkişaf  etməkdə  olan  ölkələrdə  isə  lizinq  əməliyyatları  əsasən  banklar  tərəfindən  yaradılmış  lizinq

şirkətlərinə verilən kreditlər və ya beynəlxalq maliyyə qurumlarının vəsaiti hesabına maliyyələşdirilir.

Lizinq  əməliyyatlarında  pul  və  dövriyyə  kapitalına  toxunulmur,  yəni  avadanlığın  alınmasına  vəsait

qoyulmadan bu vəsaitləri marketinqdə dövriyyə kapitalın artırılmasına, cari xərclərin ödənilməsinə yönəltmək olar.

Lizinq, həmçinin, kredit xətlərini istifadəsiz saxlayır. Belə ki, lizinqdən istifadə edərkən kredit xətlərindən istifadə

olunmur və onları operativ və qısamüddətli maliyyə ehtiyatlarının ödənilməsi üçün istifadə etmək imkanı yaranır.

Bundan başqa, lizinq zamanı yalnız istifadə olunan müddət üçün haqq ödənilir. Aylıq ödənişlər avadanlıqdan dərhal

istifadə  edilməsinə  imkan  yaradır.  Yeni  müasir  avadanlıqdan  istifadə  etməklə  gəlir  əldə  olunur  və  avadanlıqdan

istifadəyə görə bu gəlirdən haqq ödənilir. Lizinqin ən böyük üstünlüyü ondadır ki, o, yüz-faizli maliyyələşdirmədir.

Belə ki, lizinq zamanı daşınma, quraşdırma, heyətin təliminə çəkilən xərclər də daxil olmaqla, lizinq avadanlığının

dəyəri  100%  maliyyələşdirilə  bilər.  Bank  kreditindən  fərqli  olaraq,  qabaqcadan  ödəniş  və  müəyyən  dəyərdə




aktivlərə malik olmaq tələb edilmir. Eyni zamanda, lizinq əsas vəsaitlərin təzələnməsi vasitəsidir. Lizinq müntəzəm

olaraq  avadanlığın  təzələnməsinə  və  beləliklə  də  müasir  texnologiyalardan  istifadə  edilməsinə  imkan  yaradır.

Lizinqin ən böyük  üstünlüyü  həm də  ondan  ibarətdir  ki,  bu  əməliyyatın  aparılması nəticəsində  maliyyə  imkanları

məhdud  olan  və  girov  qoymaq  üçün  heç  bir  əmlakı olmayan  lizinq  alan  avadanlıq  əldə  edir  və  bu  avadanlıqdan

istifadə etməklə, öz istehsal həcmini artırır və bunun nəticəsində mənfəət əldə edir.

Lizinq  verən  lizinq  müqaviləsinin  müddəti  başa  çatanadək  lizinq  obyekti  üzərində  mülkiyyət  hüququna

malikdir.  Lizinq  verən  dövriyyə  kapitalını  maliyyələşdirən  təşkilatlardan  fərqli  olaraq  dövriyyə  kapitalının

istifadəsini  deyil,  lizinq  obyektinin  monitorinqini  həyata  keçirir  və  bu  səbəbdən  lizinq  verənin  maliyyə  riskləri

dövriyyə  kapitalını maliyyələşdirən  təşkilatların  maliyyə  risklərindən  aşağı olur.  Sahibkarların  əvvəlcədən  böyük

məbləğ ödəmədən avadanlıq əldə edə bilməsi mexanizminin lizinq vasitəsilə tətbiq edilməsi satıcılar (mal verənlər)

üçün alıcı bazarının genişlənməsinə səbəb olur.

Göründüyü kimi, təsərrüfatçılığın xüsusi forması kimi, lizinq istehsal prosesinin əsas tərkib elementlərinə, o

cümlədən  əmək  vasitələrinə  və  insan  əməyinə,  texnikadan  və  işçi  qüvvəsindən  istifadə  dərəcəsinə  kompleks  təsir

göstərir.  Lizinq  elmi-texniki  tərəqqinin  nailiyyətlərinin  operativ  olaraq  istifadəsi,  fəaliyyət  miqyasının  artırılması,

xüsusi məsrəflərin aşağı salınması və bütün istehsal prosesinin intensivləşdirilməsi zamanı çox böyük səmərə verir.

Son  illər  lizinq  əməliyyatları  əksər  ölkələrdə  iqtisadiyyatın  stabilləşdirilməsinin  və  inkişafının  ayrılmaz

hissəsinə çevrilmişdir. Həmin ölkələrdə lizinqin əsas inkişaf xüsusiyyətləri ondan ibarətdir ki, lizinq həcminin artım

tempi maşın və avadanlıq istehsalına xüsusi kapital qoyuluşunun artım tempini xeyli ötüb keçir. Lizinq həm daxili,

həm də xarici bazarlarda məhsulların satışı zamanı geniş istifadə olunur. Hesablamalar göstərir ki, son vaxtlar bir

ildə  dünyada  lizinq  formasında  yeni  avadanlıq,  maşın  və  mexanizmlərlə  maliyyələşməyə  630  mlrd.  ABŞ

dollarından  çox  vəsait  yönəldilir  ki,  bu  da  kəmiyyətcə  birbaşa  xarici  investisiyalara  bərabərdir.  Avtomobil,  mülki

təyyarə  və  dəniz  gəmilərindən  başqa,  beynəlxalq  lizinqin  predmetləri  çox  vaxt  inşaat  avadanlığı,  hesablama

texnikası, dəzgah və avadanlıq olur. Statistik məlumatların təhlili göstərir ki, keçən  əsrin  sonlarında  inkişaf  etmiş

ölkələrdə investisiyanın 25-30%-i lizinq əməliyyatlarının payına düşür, yeni növ məhsulların 80%-ə qədəri icarəyə

götürülmüş  avadanlıqlarda istehsal  olunur.  Maşın və  avadanlığa  investisiyanın ümumi  məbləğində  lizinqin  xüsusi

çəkisi  Almaniya,  Fransa,  İsveç  və  İspaniyada  12-17%,  İtaliya  və  Hollandiyada  12-14%,  Avstraliya,  Danimarka,

Norveç və Yaponiyada 8-10%, ABŞ-da 25-30% civarındadır.

ABŞ-da  lizinqin  sürətli  inkişafının  əsas  səbəblərindən  biri  vergi  güzəştləri  sayılır.  Bu  isə  sürətli

amortizasiyadan  və  investisiyalı  vergi  güzəştindən  ibarətdir  (yeni  investisiyaların  dəyərinin  10%-ə  qədəri  vergi

məbləğindən tutulur). Məsələn, avadanlığın alınması üzrə məsrəflər 100 min dollar, investisiya güzəşti 10% olarsa,

büdcə məbləğindən 10 min dollar çıxılır.

Təranə KƏRİMOVA,

iqtisad elmləri namizədi, dosent

ПРОГРЕССИВНЫЕ ФОРМЫ ФИНАНСИРОВАНИЯ 

ИНВЕСТИЦИОННЫХ ПРОЕКТОВ

Резюме

В  статье  характеризуются  такие  основные  формы  финансирования  инвестиционных  проектов  как

факторинг, ипотечное кредитование, лизинг и т.д. Обобщая международный опыт, автор выявляет основные

принципы  и  преимущества  прогрессивных  форм  финансирования  инвестиционных  проектов,  предлагает

пути  совершенствования  использования  факторинга,  ипотечного  кредитования  и  лизинга  в  условиях

рыночной экономики.



PROGRESSIVE FORMS OF FINANCING OF INVESTMENT PROJECTS

Summary

In given article the basic forms of financing  of  investment  projects  as  faktorinq,  hypnotherapy  credi ting,

leasing etc. Generalizing international experience, the author main principles and advantages of prog ressive forms

of  financing  of  investment  projects  come  to  light  are  characterized,  ways  of  perfection  of  use  faktorinqa,



hypnotherapy crediting and leasing in the conditions of market economy are offered.

Yüklə 205,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə