Irəsi axardı



Yüklə 28,17 Kb.
Pdf görüntüsü
tarix26.08.2018
ölçüsü28,17 Kb.
#64686


Tut ağacı 

( hekayə) 

 

        Zərifənin gözləri önündə elə hey bircə şey canlanırdı: tut ağacı. Yetişmiş ağappaq tutlarla 



dolu  qocaman, qədd-qamətli ağac. Bu bal kimi şirin, ağıza qoyulan kimi əriyən tutun dadını 

damağındaçox aydın hiss edirdi. 

         Rayonda onların tut ağacının tayı-bərabəri yox idi, onun uzunsov, iri meyvələrinin 

ş

irinliyindən doymaq olmurdu. Uşaq vaxtı həyətlərindəki tut dəyəndə, onlar az qala hər gün 



ağacı çırpar, meyvəsindən qonşulara da pay göndərərdilər. Qardaşı Fikrət ağaca dırmaşar, iri bir 

paya ilə budaqları çırpardı. Zərifə, Reyhan, Əminə, Zemfira, Mehdi ağacın altında yelkənin 

uclarını tutub, yetişmiş tutların dolu kimi yağacağını intizarla gözləyərdilər. Tut töküləndə 

onların sevinc qarışıq qışqırtıları bağı başına götürərdi. Tutlar onların başına, boyunlarına dəyər, 

ş

irəsi axardı. 



           Tut çırpılıb qurtaranda anası onu yelkəndən böyük siniyə boşaldar, ağacın altındakı 

dəyirmi stolun üstünə qoyardı. Hamı mehribancasına sininin ətrafına yığışardı. Ən tez əlini 

uzadan, bir qayda olaraq, Zərifə olardı. Evin qalan uşaqları səhərdən-axşamadək quş kimi ağacda 

budaqdan-budaga tullandıqları halda, Zərifə yalnız əli çatan budaqları dənləməklə kifayətlənərdi. 

Bütün günü tut ağacının altında olardı, nə qədər tut yesə də, doydum deməzdi. Tutu bu qədər 

sevməsinə baxmayaraq, hələ bir dəfə dəolsun ağaca dırmaşmamışdı. Bəzən yetişmiş tut 

tapmayanda uşaq kimi kalları dərib yeyərdi. Bacı və qardaşları hər dəfə onu ağacın altında 

görəndə bir qab götürüb ağaca çıxar, tut yığıb Zərifəyə verərdilər. Zərifədə ləzzətlə yeyərdi. 

            - Zərifə, nə olar, bircə dəfə ağaca çıx da!- Ortancıl bacısı Reyhan onu ürəkləndirərdi. 

- Gör buradan küçəmiz nə gözəl görünür! Nədən qorxursan axı? Qorxma, vallah, çıxmamısan 

deyə sənə birtəhər görünür. Bir dəfə “bismillah” eləsən, sonrası asan olar. 

            Sakit təbiətli, azdanışan, mehriban və üzüyola Zərifə heç nə deməzdi. Amma qırmızı, 

totuq yanaqları bir az da allanardı. Reyhan isə ona sataşmaqdanləzzət alardı. 

            Uşaqların hərəsinin öz budağı var idi. Onlar hələ balaca ikən atası həmin ağacı əkib 

demişdi: 

            - Ağacın altı budağı var, mənim də altı balam. Buna görə də hər budaq bir uşağındır. O, 

zarafatla budaqları onların arasında bölmüşdi. Ən uca budağı Fikrət özünə götürmüşdü. Ondan 

bir az alçaqdakı Reyhanın idi. Qalan budaqlar da uşaqlar arasında beləcə paylamışdı. Heç kəsin 

ixtiyarı yox idi ki, icazəsiz başqasının budağından tut yesin. Zərifənin budağına gəldikdə isə, o, 

hamı üçün ortaq idi. 

            Reyhanın budağı bir il sonra birdən-birə o qədər uzandı ki, uşaqlar, ən çox da Fikrət buna 

paxıllıq etməyə başladı. Bəzən heç nə üstündə elə ağacda dalaşardılar. 

            Adətən ağaca ən çox dırmaşan Reyhan olardı. O, çox vaxt tut yemək üçün yox, eləcə, 

dəcəllik etmək üçün bunu edərdi. Meymun kimi o budaqdan-bu budağa, bu budaqdan-o budağa 

tullanar, bacı və qardaşlarını, cırnatmaqdan həzz alardı. Ağappaq, şirəli tutların dövranı 

qurtarana, onlar ağacda qara kişmişə dönənə kimi Reyhanın kefi kök olardı. 

Hərdən tut yemək üçün yaxınlıqdakı daş barıya atası, anası da çıxardı. Bir dəfə isə səhər tezdən 

Zərifə, anasının ağaca dırmaşıb tut yediyini görəndə bu, onu yaman təəccübləndirmişdi. 

            Beləcə, günlər aylara, aylar da illərə calanmışdı. Onların hamısı ev-eşik, oğul-uşaq sahibi 

olmuşdu. Ancaq bu evin illər boyu dəyişməyən gözəl bir ənənəsi var idi: tut yetişəndə uşaqlar 

harda olsalar da məzuniyyət götürüb, özlərini ata evinə yetirərdilər. Imkan tapmadıqda isə heç 

olmasa, bir-iki günlüyə də olsa rayona gələrdilər. Həyət-bacanı nəvələrin şən səsləri bürüyəndə 

ata-ananın nurani sifətlərini bəxtiyarlıq ifadəsi bürüyərdi. Onlar bütün günü balacaların 

qulluğunda dayanmaqdan usanmaz, onlarla əylənməkdən yorulmazdılar. 

             llər ötdükcə onların uşaq əyləncələri yavaş-yavaş öz yerini gündəlik qayğılara verirdi. 

Hamı dəyişmişdi.  llər bircə Reyhanı dəyişməmişdi. Iki uşaq anası olmasına baxmayaraq, 

Bakıdan gələn kimi heç evə keçməmiş, əlindəki bağlamaları darvazanın ağzında qoyub əvvəlki 

həvəslə, əvvəlki cəldliklə ağaca dırmaşardı. Yetişmiş tutları bir-bir dərib ləzzətlə ağzına aparar, 

Zərifə burada olanda isə, köhnə adəti üzrə ona acıq verərdi. Ancaq adəti üzrə, Zərifəyə bir nimçə 



tut dərmədən heç vaxt ağacdan düşməzdi. 

            Son bir neçə ildə tut mövsümündə uşaqların heç biri rayonda olmamışdı. gəlmirdi. 

Qocalar hər dəfə yetişmiş tutların ağırlığından əyilmiş budaqları görəndə kövrəlirdilər. Qonşu 

uşaqlarını çağırırdılar ki, heyifdir, tutlar yerə tökülür, qoy gəlib yesinlər. Uşaqların şən səsləri 

həyəti başına götürəndə onlar köks ötürərdilər: “Altı uşaq böyüdəsən, amma biri də yanında 

olmaya”. Bu qəmli fikir tez-tez hər ikisinin ürəyindən keçirdi. 

            Talelərindən gileylənməyə onların heç birinin haqqı yox idi. Uşaqlarının altısı da öz 

gücləri ilə oxuyub ali təhsil almışdı. Hamısı da özünə görə vəzifə sahibi olmuşdu. Bircə şey pis 

idi ki, yağış damcıları kimi hərəsi bir yana səpələnmişdi.  nsafən, uşaqlar hər dəfə israrla onları 

dilə tutur, öz yanlarına çağırırdılar, amma bununla belə, başa düşürdülər ki, qocalar üçün əlli 

ildən çox bir yerdə ömür cürdükləri, övlad böyütdükləri bu evdən, bu ocaqdan ayrılmaq çox 

çətindir, bu, mümkün deyil. 

            Zərifə bütün bunları düşündükcə, ürəyində nə isə bir sıxıntı, nə isə bir naraharlıq hiss 

edirdi. O, ata-anası üçün, doğma evləri üçün elə darıxmışdı ki, mənzil başına nə vaxt çatacağını 

səbirsizliklə gözləyirdi. Tut ağacı üçün isə burnunun ucu göynəyirdi. Üç il idi ki, Zərifə, əri ilə 

qonşu rayonda yaşayırdı. Hər ikisi həkim işləyirdi. Həyətlərində iki böyük tut ağacı var idi. 

Lakin onlar ata evindəki tutun yerini vermirdi. 

            Bu il bacı və qardaşları ilə əvvəlcədən şərtləşmişdi ki, məzuniyyətlərini iyunun 

ortalarında götürsünlər, heç olmasa, bu dəfə doyunca tut yeyə bilsinlər. Uşaqlıq sevinclərini 

yenidən birgə yaşamaq istəyirdilər. Övladları, nəvələri üçün darıxan, qocalıqlarını ikilikdə 

keçirən qocaların tənha həyatlarını səy-küylə, qayğılarla, xoş həyacanlarla bəzəmək qərarına 

gəlmişdilər. Neçə vaxt idi ki, bu günün intizarı ilə yaşayırdı. Tut ağacı onun üçün çoxdan ağac 

olmaqdan çıxmışdı: doğması, əzizi, ciyərparası kimi cəlb edirdi onu bu ağac.  ndi evə çatanda 

ürəyi ən çox tut ağacı üçün göynəyirdi. Bu dəfə özünə qəti söz vermişdi ki, mütləq ağaca 

dırmaşacaq, özü də Reyhanın budağına. Orda bolluca tut yeyəcək, hələ üstəlik bir nimçə dərib 

Reyhana da verəcək. Anası məktubda ona yazmışdı ki, Reyhan artıq rayondadır, ozü də 

hamilədir. Zərifə uşaqlıqdakı qorxaqlığı üçün özünü çox danlamışdı. Evdə daim gülüş hədəfi 

olduğu üçün özünə çox acığı tutmuşdu.  ndi “qorxaq” sözünü bidəfəlik üstündən götürəcəkdi. 

            ... Zərifə avtobusdan necə düşdüyünü, evlərinəcən olan uzun yolu necə qət etdiyini

böyük yol çantasıyla darvazadan içəri necə girdiyini bilmədi. Birdən... elə bil onu ildırım vurdu. 

Həyətin sol tərəfində, ikimərtəbəli, yaraşıqlı evlərinin qarşısındaki qədd-qamətli, qocaman tut 

ağacının yerində bir quru kötük qaralırdı. Zərifə elə sarsıldı ki, qapının ağzındaca daşın üstünə 

çökdü. Sinəsindən boğuq bir hıçqırtı qopdu. O, heç vaxt belə yana-yana ağlamamışdı. 

            Hönkürtü səsinə bayıra çıxmış atası, anası, Reyhan onu bu vəziyyətdə görüb heyrətə 

gəldilər. Atası qəhərlə: 

            - Tut ağacı həsrətdən qurudu, qızım, - dedi. - Son vaxtlar uşaqlar üçün yaman 



qəribsəyirdi... 

Yüklə 28,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə