______________Milli Kitabxana_______________
Kürəkəninin çox qapalı adam olduğunu və qayınatasının yüz sözünə bir
cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi
ki, əhvalatın üstündən dörd ay keçəndən sonra, nəhayət, hökmən ətraflı
danışsınlar. Əmma Sultan nə orada-çarpayıda bir söz dedi, nə də yuyunub tut
ağacının altında, dəyirmi stolun yanında, qarğı kresloda oturandan sonra. Niyə
dillənmirdi? Nə fikirləşirdi?
- Dərdin alım, bir tədbir tökməsən, hara çıxar bu söz-söhbətin axırı?!
Pırpız qaşlar çatılıb qabardı, Sultan Əlləzoğlunun sözünü ağzında qoydu:
- Burdan bir yana tərpənmə. Gözün qızıyın üstündə olsun. İt-qurd fırlanmasın
yan-yörəsinə.
Əlləzoğlunun əli sinəsi üstə idi:
- Baş üstə, baş üstə, dərdin alım!... - Nigarançılıqdan üzülə-üzülə qul kimi
əyilib, qarğı kreslolardan birinin dalına çəkildi. Qapalı idi kürəkən. Çox qapalı.
Bu tut ağacının altında, otuzuncu illərdən bu vaxta qədər qarala-qarala qalan bu
dəyirmi, qalın stol Əlləzoğlu üçün nə idisə, hələ iyirmi yaşından, beli mauzerli,
şapqası ulduzlu vaxtından Qonaqlıya gəlib-gedən bu zəhmli, zabitəli adam da elə
bir şeydi, yəni Əlləzoğlu kürəkəninin ancaq qaraltısını görürdü, ürəyini, beynini,
adamlığını isə demək olar ki, qətiyyən duymurdu. Əsl bədbəxtlik isə bunda idi
ki, hiss qarşılıqlı idi: kürəkən də qaymatasını qətiyyən duymurdu; səhər-səhər bu
bağın qalınlığında ağaca dırmanan pişiyi görüb qışqıran Qaratoyuq quşunun
narahatlığı Sultan üçün nə idisə, Əlləzoğlunun narahatlığı, nigaranlığı da demək
olar ki, elə bir şeydi. Səməd barədə fikirlərini, qayğılarını, sarsıntılarını
bolüşdürmək üçün Xızr Abı ilə Çürük Aşıqdan başqa adamlarla ünsiyyətə
ehtiyac duysa da, Sultan bu Qaratoyuğa ürəyini necə açaydı, necə deyəydi ki,
ötən dörd ayda bir gecə də rahat yatmayıb, evdə də, işdə də aramsız düşünüb-
danışıb qardaşı oğlu rayona qayıdanda necə hərəkət edəcəyini dönə-dönə ölçüb
biçmişdi, özlüyündə hətta qərar çıxartmışdı və buna görə indi təntiyib
darıxmırdı!
Seyid kişi sinidə bir nəlbəki qaymaq, bir parça təzə pendir və yuxa gətirdi,
başının boz çit sarğısında qan ləkələri qızaran Əlləzoğlunu və tut ağacından xeyli
kənarda, samovarın yanında qıymaçasını burnunun ucuna qədər çəkib hərəkətsiz
duran Gülgəzin qarısız dodaqlarına baxıb, köksünü ötürə-ötürə çıxıb getdi.
Sultan ömründə bəlkə də birinci dəfə işə tələsməyib, heç bir şey olmamış
kimi, əmin-arxayın oturub arvadı sayılan bədbəxtin həmişəkindən fərqli - ağır
süst tərpənişlə süfrə düzəltməyini gözlədi və qısaca:
______________Milli Kitabxana_______________
- Artıq-əskik sözə-gapa, hərəkətə yol vermə, - dedi.
Bir xeyli susandan sonra yenə qısaca:
- Telefon zənglərinə cavab vermə, - dedi. Və qayınatasını süfrəyə dəvət
etmədən, bir nəlbəki qaymağı, pendirlə yuxanı büsbütün yedi, sakitcə, rahatca
çay içdi, sonra evə qalxıb mehmanxanaya zəng vurdu. Mehmanxananın müdiri
Marqodan Səmədin indicə gəldiyini, soyunub nömrədə uzandığını eşidəndə də
Sultan tamamilə sakitcə:
- Narahat eləməyin, yatsın, - dedi və təkcə bu faktdan - Sultan Əmirlinin
Bircə balasının evə baş salmayıb mehmanxanada qalmağından şəhərə necə söz-
söhbət yayılacağı aydın olsa da, Marqoya əlavə bir şey tapşırmayıb, işə getdi.
* * *
Qırmızı tuf daş binada qəribə sükut vardı. Çoxdan qanuna çevrilmiş qayda
üzrə, katiblərdən başlamış makinaçılara qədər, raykomun bütün işçiləri birinci
katibi dəhlizdə və qəbul otağında qarşılasalar da, "sabahın xeyir" deyən də
tapılmadı. Sultan bilmirdi və bilməyəcəkdi ki, dünən axşam Səmədin bu
küçədən, bu binanın qabağından necə təlatümlü keçib gedib əmisinin darvazasını
necə itələdiyini, sonra darvazadan küçəyə necə dəli-divanə görkəmində atıldığını
nə qədər adam görmüşdüsə, yüz o qədər adam da ondan-bundan eşitmişdi; bu
səhər Səmədin Qonaqlı meşəsindən nə kökdə çıxıb gəlib, əmisinin darvazasına
burulmadan, bu küçə ilə bir baş mehmanxanaya getdiyini də nə qədər adam
görmüşdüsə, yüz o qədər adam dildən-ağızdan eşitmişdi; Sultan bilmirdi və
bilməyəcəkdi ki, ətrafda söz-söhbətin artdığı bir vaxtda Bircə balası burda əməlli
başlı sensasiya yaratmışdı, o özü nə qədər məşhurdusa, bu saat Bircə balası da
eləcə məşhurdu və bütün şəhərlə birlikdə, raykomun kollektivi də nə isə böyük
biabırçılıq gözləyirdi.
Öz çəkmələrinin cırıltısından başqa heç nə eşitməyib, gərgin sükutla
qarşılaşanda, gözlənilən biabırçılığı Sultan ancaq indi hiss etdi.
Bu hiss təzə deyildi. Duru bir göl suyuna bulanıq arx suyu və ya sel qarışanda
gölün dibində lil necə çöküb qalırsa, may ayında o hadisə baş verəndən sonra bu
hiss də Sultanın ürəyinin dərinliyinə eləcə çöküb qalmışdı: suda xırdaca bir
tərpəniş bəsdi ki, lil, palçıq da tərpənib qalxıb gölü yenidən bulandırsın. Odur ki,
Sultanın hərəkətləri ağırlaşmışdı:
______________Milli Kitabxana_______________
hərdən özündən asılı olmadan, evdə qapı çırpıb pəncərə cingildətsə də, şəhərdə,
təsərrüfat sahələrində və burda - raykomda şəxsiyyətinin siqlətini, təmkin və
ləyaqətini saxlayırdı. Əmma bunun üçün xüsusi səy, xüsusi iradə filan lazım
deyildi. Həyatın, ömrün böhranlı günlərini Sultan çox görmüşdü və yaxşı bilirdi
ki, böhran şiddətlənəndə, çıxış yolu görünməyəndə çapalamaq, atılıb düşmək işin
xeyrinə olmur. Böhrandan səlamət qurtarmaq üçün adamdan iki əsas qabiliyyət
tələb olunur: səbrlə dözüb gözləmək qabiliyyəti və qəti hərəkət məqamı
yetişəndə, heç bir kənar təsirlərə qapılmadan, böyük qurbanlar bahasına olsa
belə, qətiyyətdən dönməmək qabiliyyəti. Yaxın işçilərinə, yaxın dostlarına və
Sultanın özünə tamamilə aydındı ki, Mirqəzəbin bu rayonda məsul vəzifələrə
şəxsən təyin etdiyi Xudiyev dəstəsilə gizlin və açıq mübarizələrdə Sultan məhz
hər şeyə dözüb gözləmək və qəti hərəkət məqamı yetişəndə qətiyyətdən
dönməmək qabiliyyəti ilə qələbə çalmışdı.
Qırx altıncı ilin dekabr ayında Mirqəzəb özü şəxsən zəng vurub "Prikazıvayu
teleqrammu nə oqlaşat i vernut liçno mne"
1
deyəndən sonra yaranan böhrandan
Sultan məhz dözümü və qətiyyəti ilə çıxmışdı. Həmin teleqram əhvalatına
bənzəyən, demək olar ki, analoji hadisələr qırx səkkiz, qırx doqquz, əlli, əlli bir,
əlli iki, əlli üçüncü illərdə və bu ilin may ayında da baş vermişdi; Mirqəzəb bu
dəfə Azərbaycanca danışıb: "Mənə hər şey məlumdu, Sultan Mamedoviç. Mən
susuram, çünki sənin başına oyun açan adamların çoxu xaric kəşfiyyatla bağlıdı.
Hələlik toxunmuram onlara. Hər şeyin vaxtı var", - deyib telefonun dəstəyini
asmışdı. Sultan, əlbəttə, o dəqiqə anlamışdı ki, bu sözlər yalnız bir məqsədlə -
"oyun açan adamları" qorumaq üçün deyilmişdi. Və Sultan bu hadisədən də
ancaq dözümlə qalib çıxmışdı, Xudiyevi KeQeBe-nin səlahiyyətinə daxil
olmayan
işdə
-
rayonun
ərazisindən
Ermənilərə
torpaq
verməkdə
taxsırlandırmaqla kifayətlənib, bu işdə iştirak edən Gülənova və başqalarına
toxunmamışdı. Mirqəzəbin özü ilə rəftarı təsdiq edirdi ki, həm partiya işçisi, həm
də bir insan kimi, dözüm və qətiyyət Sultan Əmirlinin xarakterinin əsas
cəhətlərinə çevrilmişdi. Odur ki, qəbul otağının divarları dibində dirək-dirək
duran əməkdaşların sükutu nə içərisində lil palçıq kimi çöküb qalan o köhnə
hissində bir dəyişiklik əmələ gətirdi, nə də zahirində. Sultan lap ilk gənclikdən,
Bakı ilə Təbriz arasında çox vaxt piyada gedib gəldiyi vaxtlarda adət
"Əmr edirəm teleqramın məzmununu açmayın və şəxsən mənə qaytarın".
Dostları ilə paylaş: |