İşçilər, kəndlilər, qadınlar, kazaklar, zabitlər, qorodovoylar, uşaqlar



Yüklə 358 Kb.
səhifə2/6
tarix12.10.2018
ölçüsü358 Kb.
#73248
1   2   3   4   5   6

DÖRDÜNCÜ ŞƏKİL
Qubernatorun evində. Polismeyster və Qubernator oturublar.
P o l i s m e y s t e r. Bu saat bütün divarlara kağız yapışdırmışlar, bütün işçilər birgə çıxışa və qazamatı dağıdıb, yoldaşlarını qurtarmağa çalışırdılar.

Q u b e r n a t o r. Polkovnik, bu saat hərəkatı idarə edən kimdir?

P o l i s m e y s t e r. Bəlli deyildir, general həzrətləri. Danışanlar Eyvaz Əsriyan, Volodin, Çopur Məmməddir.

Q u b e r n a t o r. İnternasyonal! Hi-hi... Dağıtmaq lazımdır.

P o l i s m e y s t e r. Adamlarımız onların arasında işləyirlər, ancaq onlar çox ehtiyatlıdırlar.

Q u b e r n a t o r. Polkovnik, böyük bir hadisə hazırlanır və ona qəti hərəkətlə cavab verilməlidir. Dustaqdan bir şey çıxmaz, burada qan lazımdır. Hər şeyin ağası qandır. Insan qan yığdıqca coşar, qan verdikcə susar. Əmrimə qulaq asın, gəlin ardımca, polkovnik.


Yan otağa gedirlər.

Salamov, Bahadır bəy və Ağayar əlində bir dəstə gül içəri girirlər.

Qulluqçu gülləri almaq istəyir.
S a l a m o v. Dayan, dayan, dəymə, basırığa düşər, bilməzlər kimdəndir. Ala, hələlik bu göy əsginası verim dəmüvə, çıxanda yenə verərəm. A gədə, Ağayar, qoy onu buraya! Yavaş, öküz oğlu, öküz əzdin ki. Gör gülləri nə günə saldı! Hə, di yeri get, uşaqlar da tində gözləsinlər... Adə, dahı bir yerdə kutlaşmasınlar, bir-iki, iki-iki dayansınlar. Bahadırbəy, gedək içəri!

B a h a d ı r b ə y. Dayanınız, dayanınız, kəbləyi, bildirişsiz getmək olmaz, qız getdi xəbər versin, şimdicə ev yiyəsi özü gəlib bizi burada qarşılar.

S a l a m o v. Ay kişi, eybi yoxdur, öz itimizdir.

B a h a d ı r b ə y. Ancaq, kəbləyi, sizin tutduğunuz pozision bizim siyasətimizi xələldar edə bilər, çünki bizim pozisionumuz müvəqqəti də olsa, inqilab hərəkatından istifadə ilə öz muxtariyyət məsələmizi irəli sürməkdir.

S a l a m o v. Adə, ay Bahadırbəy, nə üçün başa düşmürsən? Belə ağzını piyləmişəm ey, başa düşürsən, yox? Vay atonla sənin! Raboçi nədir, zad nədir, bunlar hamısı badalaqdır. Belə, işin içində iş var, belə, əsil iş mədənlərdir ey.

B a h a d ı r b ə y. Nə olursa olsun, şimdiki halda hərəkati-inqilabiyyəyə müqavimət göstərmək siyasəti-milliyyəmizin mənafeyinə deyildir. Bu bizim pozisionumuzu paralizə edə bilir. Bu gün islam millətinin tərəqqi və təalisi...

S a l a m o v. Atova lənət müşküllü Məmməd, ayının zorbasını burda qoyub, dağları ayı üçün gəzir. Adə, belə mənə Gömürnat xəlvətdə pıçıldayıb ey. Daha ağzından çıxarma... belə iş ayrı cürdür, sən bilmirsən ey...

M a r i y a T i m o f e y e v n a (gəlir). Aha, Əmiraslanbəy, mən sizi çoxdan gözləyirdim. Mən sizi bu qədər sevirəm, düşünürdüm ki, doğulduğum gündə birinci siz gələrsiniz.

S a l a m o v (bir dəstə gül verir). Mariya Tumannifeynən, bu nə xəcalətdir sən bizə verirsən? Adə, Bahadırbəy, sən yaxşı danışırsan, gurullad beş-altı kəlmə...

B a h a d ı r b ə y. Möhtərəm... qrafinya həzrətləri!

S a l a m o v. Adə, qrafinkə nədir? Bahadırbəy, adını de. Adını deyəndə, xoşu gəlir.

B a h a d ı r b ə y. Adını unutmuşam.

S a l a m o v. Mariya Tumannifeynən.

B a h a d ı r b ə y. Mariya... möhtərəm qrafinya həzrətləri!

S a l a m o v. Küt oğlu küt, yenə başladı qrafinkə həzrətləri. Yox, bir abgərdən həzrətləri!

B a h a d ı r b ə y. Xanım əfəndi, sizin bu günkü yovmailiniz biz müsəlmanlar üçün böyük bir səadətdir. Bizim iqbal və səadəti-milliyyətimiz...

S a l a m o v. Buyur ağa, indi də zolladı milliyyəni ortaya. Adə, sən yenə o milliyyəni toxuşdurma ortalığa ey, sən güllərdən danış ey, deginən Əmiraslan bəy Mərdəkandan gətirdib.

B a h a d ı r b ə y. Biz səadət və asayişi-milliyyəmiz üçün...

S a l a m o v. Genə zolladı milliyyəni. Adə, bir belə dayan! Xanım, bu güllər bu saat Mərdəkandan gətirilmişdir, elə bu saat dərilmişdir. Hara qoyaq bu zəhrimarları, it qızının gücü də çatmayacaq?

B a h a d ı r b ə y. Veriniz, mən masa üzərinə buraxayım.

S a l a m o v. Burax görək də. Bu da bir cüt sırğadır. Bahadırbəy, sən yaxşı danışırsan, keç gurullad bir-iki kəlmə. De ki, elə dünən Nijnidən gəlib.

B a h a d ı r b ə y. Möhtərəm qrafinya həzrətləri!

S a l a m o v. Başuva dönüm, qrafinkə cəhənnəmə, genə o milliyyəni salmayasan ortalığa.

M a r i y a (sırğalara baxaraq). Oho... eleğan de Pari.

S a l a m o v. Bahadırbəy, nə dedi o?

B a h a d ı r b ə y. Firəngcə deyir. Möhtərəm qrafinya həzrətləri!

S a l a m o v. Nə deyir?

B a h a d ı r b ə y. Mən nə bilim nə deyir axı? Möhtərəm qrafinya həzrətləri, biz bu küçücük hədiyyəni təqdim etməklə.

S a l a m o v. Deginən Əmiraslan gətirtdirib.

B a h a d ı r b ə y. Biz bu küçücük hədiyyəni təqdim etməklə tərəqqi və təaliyi-milliyyəmizin əlahəzrət imperatorun sayeyi-ədalətində...

S a l a m o v. Ay atam, bu gecə zəhrimar milliyyədən əl çəkməyəcək. Adə, bir belə keç. Mariya Tumannifeynən, bunlar xalis birilyantdır, hələ dünən Məkərədən gəlibdir.

M a r i y a. Çox sağ olun, bunlar çox gözəldir.

S a l a m o v. Bunlar başqa şeydir, əntiqə şeydir, qaranlıqda işıq salır.

M a r i y a. Siz həmişə bir sürpriz düzəldirsiniz.

S a l a m o v. Süpürüz, haranı süpürüm? Adə, bəlkə deyir tozunu təmizləyin? Mariya Tumannifeynən, silmişəm, tərtəmizdir. Sən bir lampanı söndür, qaranlıqda bax!

M a r i y a. Bu saat.

S a l a m o v. Adə, Bahadırbəy, sən ərinin yanında sırğalardan balaca söhbət sal, yoxsa köpək qızı sırğaları kəfə gedər, əri bilməz.

M a r i y a (lampaları söndürərək). Bunlar bu gün aldığım şeylərin hamısından gözəldir.

Q u b e r n a t o r (gəlir). Bu nədir? Bu lampaları kim söndürmüşdür? Kim var burada?

S a l a m o v. Mənəm, Toxum-Yerisuiç!

M a r i y a. Tişa, bir gör Əmiraslanbəy mənim üçün necə şeylər gətirmişdir.

Q u b e r n a t o r. Aha, Əmiraslanbəy... düşünmək olur ki, siz burada lampaları söndürüb, mənim arvadımla eşqbazlığa başlamışsınız.

S a l a m o v. Allah eləməsin, Toxum-Yerisuiç. O da mənim anam, bacım. Elə şeylərdən arxayın ol. Kürdün nəyi olsa, oğurluğu olmaz.

Q u b e r n a t o r. Kürdləri mən çox sevirəm, igid tayfalardır. Onlar olmasa idi, Türkiyə bu ermənilərlə bacara bilməzdi.

S a l a m o v. Görmürsən, köpək uşağı gəmidə oturub, gəmiçi ilə savaşırlar. Bütün müsəlmanların əkin yerlərini saldırırlar öz adlarına, nə var ki, xəzinədən icarə eləmişik.

Q u b e r n a t o r. Yaman millətdirlər. Axır, o gün mən onlara açıq dedim. Dedim: siz Türkiyədə döyülmüşsünüz, indi əvəzini buradakı müsəlmanlardan almaq istəyirsiniz.

B a h a d ı r b ə y. General həzrətləri, biz hər halda əlahəzrət imperatorun sadiq təbəələri və böyük...

S a l a m o v. Baxma, ermənilər burada bir qələt eliyə bilməzlər. Papağımı götürüb bir hay deyərəm, beş yüz adam axar bura. Torpaqlarını torba ilə daşıtdıraram. Ancaq Türkiyə ilə ədavətləri var, bizə nə? Türkiyə bir padşahdır öz yerində. Eşşəyə gücləri çatmır, palanı nə üçün döyürlər?

Q u b e r n a t o r. Döyə bilməzlər. Nə qədər mən sağam, müsəlmanların başından bir tük belə əskik olmaz.

M a r i y a. Tişa, gedək o biri otağa, qonaqların yanına. Əmiraslanbəy, buyurunuz!

Q u b e r n a t o r. Mariya Timofeyevna, siz məni bir gecə də olsa öz dostlarım ilə söhbət etməyə qoymursunuz.

B a h a d ı r b ə y. Minnətdarız, general həzrətləri!

Q u b e r n a t o r. Bahadırbəy, rəsmi nəvazişi buraxınız, mənim adım Tixon Yeliseiçdir. Mən bu gecə öz dostlarımla dostcasına danışmaq və dincəlmək istəyirəm.

M a r i y a. Yox, yox, Tişa, elə iş yoxdur. Bu gecə Əmiraslanbəy məndən ayrılmayacaqdır. O, məni sənin bütün dostlarından çox istəyir və bu gecə də sənin yanına deyil, mənim yanıma gəlmişdir.

Q u b e r n a t o r. Mariya Timofeyevna, nə deyirsiniz, mən bu saat onu sizin əlinizdən alım?

M a r i y a. O mənim dostumdur. Bax, sənin üçün heç bir şey gətirməmiş, amma mənim üçün parlayan daşlar gətirmişdir.

Q u b e r n a t o r. Çox da o məni yada salmamışdır, mən ki, onun üçün hazırlamışam. Özü də elə sürpriz hazırlamışam ki, sənin daşların onun yanında o saat parıltısını itirər. Özü də birbaş əlahəzrət imperatordan. Durunuz, bu saat gətirim.

M a r i y a. Tişa, onda bir yerdə gedək, hər nədirsə, mən Əmiraslanbəyə öz əlimlə verəcəyəm.

Q u b e r n a t o r. Aha, sən istəyirsən əvəzini yenə də sənə versin?

S a l a m o v. Sən ölməyəsən, Toxum-Yerisuiç, bu canım ölsün, hər ikinizin borcu məndə.

Q u b e r n a t o r. Yaxşı, gedək (Gedirlər).

S a l a m o v. Bahadırbəy, sən öləsən, arvad deyil, paroxoddur, paroxod. Anam, bacım olsun, çox əhvallı arvaddır.

B a h a d ı r b ə y. Kişi özü də bir insan kimi pək mehriban adamdır.

S a l a m o v. Oho, özünə söz yoxdur, canlara layiq oğlandır. Adə, Bahadırbəy, bu xalta nədir salmışsan mənim boynuma? Aç bunu! Dədəm-babam xalta salmışdı? (Boynundakı kraxmallı yaxalığı və qalstuku açmaq istəyir).

B a h a d ı r b ə y. Kəbləyi, yaxşı deyil, yaramaz.

S a l a m o v. Aç, ədə (Bahadırbəy Əmiraslanın qalstukunu açır). Amma gəldin, belə oğlan zad olmaz. Sənə də hey deyirəm bu köpək uşağının adını de, sən də elə başlamışsan qrafinkə belə gəldi. Axı özü mənə deyib. Axırda gördün ki, kişi özü dedi ki, mənə Toxum-Yerisuiç de, arvada da Mariya Tumannifeynən.

B a h a d ı r b ə y. Kəbləyi, o tərzdə ki, siz buyurursunuz, o sayaq demək olmazdı.

S a l a m o v. Eh, neçin olmur ey. Bəs bu neçə ildə nə oxumuşsan? Tuman deyə bilmirsən, nifə deyə bilmirsən? Qat bir-birinə, olsun Tumannifeynən də... Ancaq yaxşı ki, kişi özü gəlib sırğaları gördü, köpəy qızı dahı kəfə gedə bilməz.

B a h a d ı r b ə y. Siz gördünüz, mən onlardan da öz mənafeyi-milliyyəmiz üçün istifadəyə çalışırdım. Ümumiyyətlə, milli mənafe pozisionumuzun ilk planında olmalıdır.

S a l a m o v. Ondan hər nə asılı olsa, məni gör. Bu saat kimi deyirsən 24 saatda Qafqazdan çıxartdırım, on il qətrij, dalm pisilyan...

M a r i y a (səhnə arxasından). Bizə şampanski veriniz!

B a h a d ı r b ə y. Kəbleyi, kəbleyi, boynunuz açıqdır (Qalstuku bağlayır).


Mariya ilə Qubernator gəlir.
Q u b e r n a t o r. Əmiraslan, görürsünüz, yenə də məni aldatdı.

M a r i y a. Əmiraslanbəy, doğrudan da böyük iş imiş, təbrik etmək lazımdır. Yaxanızı bəri gətiriniz! (Medalı döşünə taxır).

Q u b e r n a t o r. Ancaq, kağızını özüm verəcəyəm. Əlahəzrət imperator öz sadiq təbəələri olan müsəlmanlara qarşı böyük bir iltifat bəslədiyini və ayrılıqda sizə, sədaqətinizə qarşı ali nişan iltifat etdiyini bildirir. Buyurunuz, bu da fərmani-humayunun surəti.

M a r i y a. Tişa, gör nə gözəl yaraşır! Şirnisi sizdə.

S a l a m o v. Bahadırbəy, mənim dilim söz tutmur, başuva dönüm, sən mənim tərəfimdən bir neçə kəlmə danış.

B a h a d ı r b ə y. General həzrətləri, əlahəzrət imperatorun biz türklərə qarşı...

S a l a m o v. Adə, sən də bu türk nədir, üst-üstündən goplayırsan, sonra da elə bilsin başqa söz deyirsən.

B a h a d ı r b ə y. Əlahəzrət imperatorun biz Qafqaziya türk-tatarlarına bu qədər böyük iltifat ilə inayəti iqbali-milliyyəmizin...

S a l a m o v. Yenə də saldı bu zəhrimar milliyyəni ortalığa. Adə, bir belə keç! Mariya Tumannifeynən, padşah mənə böyük xəcalət verib. Bu midalın əvəzinə sabah sizin barmağuvuza şəhərimizin ən böyük birilyantını taxacağam, Toxum Yerisuiç, mən tavan altında qalan deyiləm. İnşallah, sizin də xəcalətinizdən çıxaram. Dahı bağışlayın, mən o ibarə ilə danışa bilmirəm.

M a r i y a. Məncə, siz çox gözəl danışırsınız, – həmişə qısa və aydın. Yaxşı, ağalar, qonaqlara baş çəkmək lazımdır. Sizi də orada gözləyirəm.

S a l a m o v. Toxum-Yerisuiç, padşaha yaz ki, biz Qafqaz müsəlmanları canla, başla padşaha qulluq etməyə hazırıq. Padşahımız üçün güldən ağır bir söz deyənin cəhəngini cıraram. Buyuruq ondan, qulluq bizdən. Hər nə lazım olsa, sən papaq elə, dahı dalısı ilə işin yoxdur.

Q u b e r n a t o r. Lazımdır, lazımdır. Əmiraslanbəy, işlə göstərmək lazımdır. Ermənilər çalışırlar, padşaha azı on kağız göndərmişlər, siz birini də göndərməmişsiniz.

S a l a m o v. Ay köpəy uşağı, mən bilirəm, onların ağız-burunları ovulmasa, dinc oturmazlar.

Q u b e r n a t o r. Yox, dostlar, elə iş olmaz. Bu ermənilərlə mümkün qədər ehtiyatlı olmaq lazımdır. Onsuz da onlar aranı qarışdırmaq üçün bəhanə axtarırlar. Onlar ancaq bizdən çəkinirlər, yoxsa dinc oturmazlar.

S a l a m o v. Oturmasınlar də. Bu xalqın məgər əli yoxdur, zənənə hamamdır məgər, hər kəs bildiyini eləsin?

B a h a d ı r b ə y. Lakin, general həzrətləri, ermənilərin bu kimi fikirləri olduğu nədən görünə bilər?

Q u b e r n a t o r. Nədən? Bahadırbəy, xahiş edirəm belə şeyləri məndən soruşmayasınız. Doğrudur, mən sizinlə dostam, ancaq vəzifəm belədir ki, hər şeyi açıb deyə bilmərəm. Nədən? Hər şeydən!.. Siz bilən mədənlərdəki bu şuluqluğun səbəbi nədir, əsl şuluq salan kimdir? Eyvaz Əsriyan, Dəmirçiyan, Nalbandyan, hamısı yan... yan...yan... Daha hər şeyi mən açıb deyə bilmirəm.

S a l a m o v. Bu müsəlman da ki, maymaq kimi bir şeydir. Hər kəs iki kəlmə raboçi, raboçi deyən kimi, o saat iş-gücünü atıb qoşulur onlara.

Q u b e r n a t o r. Budur, Əmiraslanbəy deyir müsəlmanların yerlərini alırlar, heç hələ bu neçə vaxtda gizlədirdim. O gün Ağamyan ərizə veribdir ki, Əmiraslan Salamovun fantan vuran iki buruğu mənim xəzinədən icarə etdiyim yerdədir. Bu nə deməkdir? Əmiraslanbəy demişkən: bu gəmidə oturub, gəmiçi ilə döyüşmək deyilmi? Diplomat tükü tükdən seçər.

S a l a m o v. Necə? Necə? Səni, deginən, Allah döymüşdü. Hələ onu istəyir, köpəy oğlu, uzatdırım onu mastavoy üstə, o qədər vurdurum ki, nöyüt iyi versin? O yer mənim babamın xırman yeridir, xəzinənin nə ixtiyarı var mənim yerimi icarəyə versin? Əlimdə kupçum var. Atova oxşayanı apar sox, deginən, anovun yorğan-döşəyinə.

Q u b e r n a t o r. İş elə orasındadır ki, onlarlıq olsa, bütün müsəlmanları buradan qovarlar.

S a l a m o v. Qoyarlar məgər onları? Ölünü öz başına qoyarsan, şıllaq atar, kəfəni cırar.

B a h a d ı r b ə y. Lakin bu, şəxsi bir dava kimi də tərəqqi edilə bilər.

Q u b e r n a t o r. Yox, bu sistemdir, plandır. Böyük Ermənistan planının bir hissəsidir, yoxsa o, buna cəsarət etməzdi. Onlar hər yeri qamarlamaq istəyirlər.

S a l a m o v. Yox, atam, Toxum-Yerisuiç doğru buyurur. Bu şəxsi-məxsi iş deyil, bu elə millət davasıdır. Mən özüm məsələni çoxdan duymuşam.

Q u b e r n a t o r. Bağışlayarsınız, Bahadırbəy, siz işə dərindən baxmırsınız. Uprava əllərində, Sovet-siyezd əllərində, injenerlər özlərindən, nə istəyirlər edirlər. Budur, kişinin mülkünü zorakı saldırıb öz adına ki, nə var iş bilmişəm...

S a l a m o v. Bəs bu millət davası deyil? Yaxşı, deginən, köpəy oğlu Ağamov, mən sabah o balaxanlıları doldurum o zala, iti selbə ilə qovan kimi Sovetsiyəzddən basım səni bayıra, özün də afərin de. Yox, atam, bu elə millət davasıdır. Eşitdin, mən sənə nə deyirəm! Biz də bir şey bilirik axı...

B a h a d ı r b ə y. Lakin bu elə kəskin bir halda deyil, bunu ibtidasında yatırtmaq mümkündür və lazımdır. Biz erməni ziyalılarına müraciət edə biləriz.

Q u b e r n a t o r. Vəziyyət çətindir. Sizin qabağa çıxan adamlarınız yoxdur. Olanlar da ağzına su alıb oturublar. Müsəlmanlar demişkən: nə tüfəngə çaxmaqdır, nə də sümbəyə toxmaq...

S a l a m o v. Elədir, elədir, canım, biz müsəlmanda qiryət yoxdur. O dumda şar saldıda mən əgər bərkini tutsaydım, o Ağamov heç duma keçə bilməzdi.

Q u b e r n a t o r. Amma mən o gün Bahadırbəyi qlava müavinliyinə təklif etdim, bütün ermənilər etiraz etdilər.

B a h a d ı r b ə y. Etiraz etdilər? Əlbəttə ki, onlar özlərininkini keçirmək istəyəcəklər. Heç şübhəsiz ki, milli çəkişmənin nəticəsidir.

Q u b e r n a t o r. Siz bir görünüz ki, mən müsəlmanlarla dostam, ona görə padşaha şikayət yazıb, mənim geri çağırılmamı tələb etmişlər. Lakin mən qorxan deyiləm. İşi Peterburqda yazmışam. Mən elə sabah Bahadırbəyi qlavanın köməkçiliyinə keçirərəm. Siz ancaq adamlarınıza deyin ağızlarını yumub, teleqraf şalbanı kimi oturmasınlar. Siz mənə adam verin, mən hər yerə adam keçirim.

S a l a m o v. A kişi, iş adama qalsa, sənə o qədər adam verim ki, lap itüvə tök.

Q u b e r n a t o r. Bir də ermənilər çalışırlar, siz də yığışın bir nümayiş düzəldin ki, padşaha qulluq etməyə hazırıq. Belə olsun ki, mənim də əlimdə bir dəstəvuz olsun.

S a l a m o v. Nümayiş elə sabah! O bir iş deyil. O, bir bozbaşın başı altındadır. İstəyirsən elə sabah çıxım parapetin lap ortasında deyim: hər kim padşahı istəmir, onun hərçibətəri belə-belə olsun? Sonra kişi istəyirəm çıxsın ağacımın qabağına ağac uzatsın!

B a h a d ı r b ə y. General həzrətləri, siz ki, bizim hüquqi-milliyyəmizin naminə bu qədər kömək edirsiniz, nə etmək lazımdır, siz buyurunuz, biz türklər öz sədaqətimizi ibraz etməyə hazırız.

Q u b e r n a t o r. Ancaq, dostlar, söz aramızda. Mən bu sözləri dostluqda dedim, hələ Ağamyan gərək ki, öz adamlarını göndərib, o buruqları öz hasarının içinə almaq istəyir. Ancaq xahiş edirəm bu işdən bir cəncəl çıxarmayasınız.

S a l a m o v. Mənim buruqlarımı? Öz hasarı içinə? Alsın görüm necə alır!..

Q u b e r n a t o r. Hər halda siz bir qədər ehtiyatlı olun, mümkün qədər dava salmayın. Mən Ağamyana demişəm, bu gün bəlkə o da gəldi. Yenə də ona tapşıraram. Ancaq onların, gərək ki, silahları da çoxdur.

S a l a m o v. Eh, köpəy oğluyam, əgər mən onları bu şəhərdən dəyənəklə çıxarmasam.

Q u b e r n a t o r. O bir şey deyil. Iş bərkə düşəndə mən sizə silah da verərəm. Mən əlimdən gələn köməyi etməyə hazıram. Hasar çəkməyə gəldi, qoyma, qurtardı getdi.

S a l a m o v. Sağ ol, Toxum-Yerisuiç. Biz müsəlmanlar canla, başla qulluq etməyə hazırıq. O ki qaldı Ağamyana, eybi yoxdur...

Q u b e r n a t o r. Odur, deyəsən, özü də gəlir. Ancaq, başınıza dönüm, mümkün qədər yaxşılıqla. Mən özüm də bu saat ona deyərəm. Bu inqilab vurhavurunda bir tordur, iş daha dərindir. Nə isə, hələlik, bağışlayın, ağalar! (Gedir).

S a l a m o v. Gördün, Ağa Bahadır, nə oldu? Salaməleyküm! Saqqalım yoxdur, sözüm ötmür. Deyirəm sizə bu köpəy oğlanlarında iş var, deyirsiniz yox. Xalq iş görür, amma siz elə başlamışsınız ki, milliyyə, milliyyə!

B a h a d ı r b ə y. Lakin, kəbləyi, bu milli məsələ deyil də, nədir? Mənim müəyyən məsləkim vardır. Mən öz millətimin inqilabçısıyam.

S a l a m o v. Eh, inqilab, inqilab. Görmədin deyir: hamısı badalaqdır, bütün hoqqalar mədənlər üstündədir. Ancaq yığıncağı düzəltmək lazımdır, sonra da padşaha bir teleqram. Eh, Ağamyanın mən şarlarını lap yeşiyiynən oğurlatdırmasam, hələ o şarlar mənim hərçibətərimə girov olsun. Amma kişinin qədrini bilmək lazımdır.

B a h a d ı r b ə y. Kişi yeganə adamdır, türklərə tərəfdarlıq göstərir. Ağamyan gəlir. Gedəlim!

S a l a m o v. Dayan, dayan, sən Allah, mən ona bir neçə kəlmə söz deyim.

B a h a d ı r b ə y. Yox, kəbləyi, rica edirəm. Belə böyük bir məclisdə biabır oluruz, sonra demək olar. Gedəlim! (Gedirlər).


Ağamyan Qubernatorla gəlir.
Q u b e r n a t o r. Ancaq, başınıza dönüm, bu tatarlarla bir qədər ehtiyatlı olunuz. Özünüz görürsünüz vəhşi millətdirlər. Mən, əlbəttə, hər şeydə sizə kömək etməyə hazıram: silahla da, hətta lazım gəlsə, adamla da. Ancaq, başınıza dönüm, söz aramızda...

A ğ a m y a n. Yaxşı, mən ərizəni sabah verərəm.

Q u b e r n a t o r. Ərizənin kopyasını mənə ver. Sabahdan qoy adamlarını, çək hasarını.

A ğ a m y a n. Eybi yoxdur, görərik. Mənim icarə etdiyim yeri güclə mənimsəmək, heç eybi yoxdur.

Q u b e r n a t o r. Mən razı ola bilmərəm ki, onlar Türkiyədəki işlərin hesabını mənim idarə etdiyim bir məmləkətdə xristian bir millətdən, mənim öz dindaşlarımdan çəksinlər. Buna arxayın ola bilərsiniz. Ancaq, hər halda, dediyim kimi, o Əsriyanı tezliklə ələ almaq lazımdır. İşçilər arasında nüfuzu çoxdur.

A ğ a m y a n. Onu mən özüm bacararam, general həzrətləri.

Q u b e r n a t o r. Siz bir az oturunuz, mən tapşırım, bizim üçün bir şey göndərsinlər (Qubernator gedir).

S a l a m o v (gəlir). Bahadırbəy, o güllərdən apar qoy qubernatorun arvadının qabağına, birini də qradonaçalnikin arvadının qabağına (Ağamyana). Adə, Ağamov, köpəy oğlu, sən indi belə ağız-burun bəhəm eləmişsən ki, mənə pirod gedirsən, mənim quyularımı hasara alırsan?!

B a h a d ı r b ə y. Kəbləyi, kəbləyi, rica edirəm, yeri deyil.

A ğ a m y a n. Kişisən, söyüş söymə, söz de, söz eşit.

S a l a m o v. Söyərəm, gözüvü də çıxararam, xam bez kimi cıraram cəhəngüvü, köpəy oğlu.

A ğ a m y a n. Sənə deyirəm söyüş söymə. Yer mənimdir, hasara da salaram, gözüvü də çıxardaram. Kişisən, bayırda danış, cavabını al.

S a l a m o v. Çıx bu saat bayıra, bayırda ayırd edək. Bura sizing üçün İstanbul döyül, torpağınızı torba ilə daşıtdıraram. Arvad-uşağuvuzu da qıraram, köpəy oğlu.

M a r i y a (gəlir). Əmiraslanbəy, nə olmuşdur? Ruben, nə var?

A ğ a m y a n. Nahaq yerə sizin Türkiyəyə fikriniz getməsin. Ağzını dağıtma, deyirəm. Dişlərini qıraram, verdirərəm hamınızı pulemyot ağzına.

M a r i y a. Əmiraslanbəy, siz, siz... Tişa! (Bayıra qaçır).

B a h a d ı r b ə y. Kəbləyi, kəbləyi, danışma, yeri deyil, bizim milli pozisionumuz...

S a l a m o v. Dayan, dayan, mənim padşahdan midalım var, mənim dişlərimi qırırsan? (Ağamyanın üstünə atılıb, ona bir şillə vurur).


Tam bu aralıq Mariya, Qubernator və adamlar çıxırlar.
H a y k a z. Necə? Mənim atamı? (Hücum edir).

S a l a m o v. Adə, köpəy oğlu, dığa köpəy oğlu, mənim üstümə gorda çəkirsən?

Q u b e r n a t o r. Əmiraslanbəy, bu nədir? Mənim evimdə?

M a r i y a. Mənim bayramımda?..

S a l a m o v. Adə, köpəy oğlu, mənə deyir ki, çıx bayıra, ayırd edək.

Q u b e r n a t o r. Ruben, bu dostluq deyil. Sözünüz varsa, bayırda hesablaşa bilərsiniz.

A ğ a m y a n. General həzrətləri...

Q u b e r n a t o r. Bir kəlmə də yox! Mənim evimdə belə iş etmək olmaz. Əmiraslanbəy, mən bu qonaqları bir dost kimi çağırtdırmışam.

M a r i y a. Əmiraslanbəy, belə iş olmaz, bəri gəliniz.

S a l a m o v. Yaxşı, əgər mən bu işin heyfini səndən çıxmasam, mən bu bığlarımı qırxdıraram. Qurban olasan bu dəfə Mariya Tumannifeynəyə. Ayırd edərik (Gedirlər).

Q u b e r n a t o r (ayaq saxlayır). Ağalar, narahat olmayınız! Ruben, bu nədir? Mən dünən sənə nə dedim? Mən sənə dedim ki, bunlarda iş vardır, ehtiyatlı ol, vəhşi millətdir, işi yerində görmək lazımdır.

A ğ a m y a n. Tixon Yeliseiç, heç eybi yoxdur. O məni bir belə adamın arasında biabır etdi, heç eybi yoxdur. Ancaq siz şahid olunuz.

Q u b e r n a t o r. Mən görürəm. Ancaq burada nə etmək olar. Sən işini yerində gör. Gəl, mən dayanmışam (Getmək istəyir).

P o l i s m e y s t e r (içəridən çıxır). Hər şey hazırdır, general həzrətləri!

Q u b e r n a t o r. Polkovnik, yazdıqlarımın hamısına elə bu gecə əməl edilməlidir. İki gündən gec olmayaraq, dediyim iki nəfər ölməlidir: biri türk, biri də erməni. Kimlər və nə sayaq, sən özün bilirsən. Hamısını mənə bildirin. Sən azadsan, gedə bilərsən.

P o l i s m e y s t e r. Baş üstə, general həzrətləri. Hamısı əmr etdiyiniz kimi, yerli-yerində ediləcəkdir.


İ ş ı q s ö n ü r.

BEŞİNCİ ŞƏKİL
Erməni kilsəsində adamlar bir-birinin başı üstündən dırmaşır və

basırıq salaraq, yola baxırlar.


C a m a a t. Kim öldürüb, məlum deyil? Haçan? Hələ bu saat? Kim öldürüb? Adə, mən nə bilim, mən də sənin kimi. Dayan, indi bilərik də...

H a y k a z. Ay adamlar, bu nə basabasdır? Ölü görməmişsiniz! Yol verin, cənazəni keçirsinlər.

A d a m l a r. Ay uşaq, geri çəkilin... Meyit gəlir.

M u r a d. Ağa Haykaz, başına dönüm, ürəyim alışıb yanır. Zalımlar balamı əlimdən aldılar. Deyin görüm: mənim belimi kim sındırdı? Mənim çırağımı kim söndürdü?

P o l i s m e y s t e r (cənazənin qabağına gələrək). Yol verin!

M u r a d. Ay başınıza dönüm, mənə deyin: mənim balamı əlimdən kim aldı? Mən ki, onu hələ dünən evləndirmişdim.

H a y k a z. Ay dayı, sakit ol! Öldürən nə toya baxar, nə yasa...

M u r a d. Deyin mənə: onu kim öldürdü?

P o l i s m e y s t e r. Kim öldürdü? Tatarlar! Müsəlmanlar.

H a m ı. Nə üçün, nə üstündə?..

H a y k a z. Nə üçün olacaq? Düşməndir, öz düşmənliyini yeridir və qiyamətə kimi də yeridəcəkdir.

M u r a d. Axı, ay qardaşlar, mənim uşağımın ki, bir təqsiri yoxdur... Zəhmətnən oğul böyütmüşdüm, boya, buxuna yetirmişdim. Nə üçün mənim umudumu kəsdilər?..

P o l i s m e y s t e r. Səs salma, qoca! Mən nə bilim nə üçün. Get onu müsəlmanlardan soruş! Sizin işinizi kim bilə bilir.

A d a m l a r. Səbir elə, kişi! Nahaq qan yerdə qalmaz... Səs salmayın, Ağamyan gəlir...


Ağamyan və keşiş gəlirlər.
M u r a d. Ay qardaşlar, buraxın məni yaxına. Nə istəyirsiniz məndən? Qoyun öz oğlumun üzünü doyunca görüm.

A ğ a m y a n. Qardaşlar...

S ə s l ə r. Səs salmayın. Ağamyan danışır.

A ğ a m y a n. Qardaşlar, xristianlar, ermənilər, bu gün bizim üçün milli bir yasdır. Düşmənlər Türkiyədəki işlərdən doymayıb, burada da öz vəhşiliklərini davam etdirirlər. Bu bizim milli namusumuza toxunan qanlı bir ləkədir. Qoy düşmənlərimiz bilsinlər ki, erməni milləti hələ ölməyib. Bu gün bu cənazənin qarşısında bütün erməni milləti başını açıb, düşmənlərə bildirir ki, o öz intiqamını almadıqca, silahını yerə qoymayacaqdır. Hərgah bu yolda son nəfəsə kimi ölmək lazım gələrsə, mən Ruben Ağamyan sizin qabağınızda olacağam.

K ü t l ə. Yaşasın Ağamyan, yox olsun türklər! Yox olsun müsəlmanlar! Ölsün düşmənlər!

K e ş i ş. Ey Allah-taalanın mömin bəndələri, sizi and verirəm İsanın müqəddəs ruhuna, bizim arvadlarımızın, körpə uşaqlarımızın namusunu düşməndən qoruyun!..

B i r i s i. Qubernator gəlir!

A ğ a m y a n. Yaşasın qubernator!

K ü t l ə. Ura, ura!

Q u b e r n a t o r (gəlir). Cənab Ağamyan, bu nə faciədir? Polkovnik, bu nə işdir?

P o l i s m e y s t e r. General həzrətləri!

Q u b e r n a t o r. Səndən soruşuram: bunu kim öldürmüşdür?

P o l i s m e y s t e r. Tatarlar öldürmüşdür, general həzrətləri!

Q u b e r n a t o r. Harada və haçan?

P o l i s m e y s t e r. Bir saat bundan əvvəl, Tatarski küçəsində, dörd-beş nəfər üstünə atılıb, güllə ilə vurmuşlar.

Q u b e r n a t o r. Vuranlar tutulmuşmu?

P o l i s m e y s t e r. Tutulmamış, general həzrətləri!

Q u b e r n a t o r. Heç birisi də?

P o l i s m e y s t e r. Aradan çıxmışlar, general həzrətləri!

Q u b e r n a t o r. Polkovnik, bu gün axşama kimi onlar tutulmazsalar, sənin özünü dustağa saldıracağam. Eşidirmisən? Bu mənim əmrimdir, mən onlara göstərərəm.


Ağamyan gedir.
Polkovnik, vuran haradadır, görən olmuşdurmu?

P o l i s m e y s t e r. Buradadır, general həzrətləri. Görən olmamışdır. Mən bu gecə onu Saratova göndərirəm.

Q u b e r n a t o r. Polkovnik, siz onu başqa yerə göndəriniz.

P o l i s m e y s t e r. Haraya, general həzrətləri?

Q u b e r n a t o r. Qəbrə! Qoy bu sirri də özü ilə aparsın.

P o l I s m e y s t e r. Baş üstə, general həzrətləri!


İ ş ı q s ö n ü r.

Yüklə 358 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə