İşçilər, kəndlilər, qadınlar, kazaklar, zabitlər, qorodovoylar, uşaqlar



Yüklə 358 Kb.
səhifə3/6
tarix12.10.2018
ölçüsü358 Kb.
#73248
1   2   3   4   5   6

ALTINCI ŞƏKİL
Ağamyanın otağı. Ağamyan stolun dalında oturub. Eyvaz girir.
A ğ a m y a n (Sevinclə qarşılayaraq). Aha, siz gəldiniz?! Mən çox şadam. Eyvaz, xoş gördük! Oturun! Mən sizi çoxdan görmək istəyirdim, ancaq siz, nədənsə, bizdən qaçırsınız. Oturun...

E y v a z. Mənim vaxtım çox azdır.

A ğ a m y a n. Siz ki, zabastovka etmişsiniz.

E y v a z. Etmişik.

A ğ a m y a n. Daha nə işiniz ola bilər?

E v v a z. Tapılar.

A ğ a m y a n. Mən eşitdim, dünən mitinqdə Salamovun atasını yandırmışsan.

E y v a z. Yandırmışam.

A ğ a m y a n. Bərk dayan, Eyvaz. Heç bir şeydən qorxma. Burada artıq millətimizin var-yoxu karta qoyulmuşdur: ya onlara verən Allah, ya bizə...

E y v a z. Lakin unutmayın ki, mən inqilab yolunda vuruşan bir əsgərəm.

A ğ a m y a n. Onun heç bir zərəri yoxdur. Hər şeydən qabaq sən ermənisən. Bizim hər yerdə adamımız olmalıdır. Sən ki bir dəstənin başında durmuşsan, mən bununla ancaq fəxr edə bilərəm. Həm də mənim üçün bir təminatdır. Bilirəm ki, mənim filan yerdə adamım vardır.

E y v a z. Adamın? Kimdir o sizin adamınız?

A ğ a m y a n. Kim? Sən! Hər halda ermənisən, sənin damarlarında erməni qanı axır, sən mənim ətimi yesən, sümüklərimə dəyməzsən, hər halda bərk ayaqda sən məni, öz millətini qaniçən Salamovların altına yıxmazsan. Bu mənim üçün böyük bir təminatdır.

E y v a z. Siz gülməli sözlər danışırsınız, cənab Ağamyan! Mənim üçün sizinlə Salamov arasında heç bir fərq yoxdur. Bu gün mən ona qarşı çıxmışam, sabah sizə qarşı çıxacağam.

A ğ a m y a n. İki millət üz-üzə durub ölüm-dirim vuruşu aparırkən, bir ermənidən belə bir sözü eşitmək!? Sən ermənisən, qəti vuruşda ermənilərin qazmasında olmalısan. Erməni millətinin öz oğlundan bunu tələb etməyə haqqı vardır.

E y v a z. Siz qızışmayın, cənab Ağamyan! Bu sözlər ilə mənə təsir edə bilməzsiniz. Mənim həqiqət sandığım kitabda türk, erməni sözü yoxdur, işçi var, fabrikant var. Birincilərlə qardaşam, ikincilərlə düşmən.

A ğ a m y a n. Doğrudan da, sən axı materialistsən.

E y v a z. Mən materialistəm.

A ğ a m y a n. Mən sənin materialistliyini təmin edərəm, onda nə sözün ola bilər?

E y v a z. Sən bunu edə bilməzsən, çünki sənin fabrikant təbiətin bunun ziddinədir.

A ğ a m y a n. Yox, edərəm, mən öz millətimin yolunda hər bir şeydən keçməyə hazıram. Sən mənim işçimsən, nə qədər alırsan? Slesar 60 manat... kontor müdiri 400 manat, indi sözün nədir?

E y v a z. Siz çox səxavətlisiniz, cənab Ağamyan!..

A ğ a m y a n. Mən pulu sizin üçün yığmışam, mənim varım millətin varıdır, mən millət yolunda çalışıram, səni irəli çəkmək istəyirəm, çünki sən... özümüzünküsən. Nəhayət, hər şey bir yana, sən axı mənimlə qudasan.

E y v a z. Necə, necə yəni quda?

A ğ a m y a n. Deməli, sən bilmirsən, sən axı mənim oğlumun qaynısan.

E y v a z. Necə yəni qaynı?

A ğ a m y a n. Aha, sən indi soruşursan? Mən sənin bacını öz oğlum üçün alıram.

E y v a z. Mənim bacımı?

A ğ a m y a n. Sənin bacın Sonanı oğlum Haykaz Ağamyan üçün... Bundan sonra mənim bütün varım da, mədənlərim də sənin olacaqdır.

E y v a z. Belə iş ola bilməz.

A ğ a m y a n. İş qurtarmışdır. Mən neçə yol Qarabağa adam göndərmişəm.

E y v a z. Bacım da razı olmuşdur?

A ğ a m y a n. Atan razılıq vermişdir. Mən ananı da, bacını da, bütün külfətinizi də öz evimə köçürürəm.

E y v a z. Bu olan iş deyil, mənim külfətimin sizin evinizdə işi yoxdur.

A ğ a m y a n. Lakin onlar bu gün gələcəklər, bu da teleqram.

E y v a z. Onlar gəlməzlər, mənim bacım sənin oğluna getməz.

A ğ a m y a n. Getməz, nə üçün getməz?

E y v a z. Çünki o özgəsini sevir.

A ğ a m y a n. Özgəsini, kimdir o özgəsi?

E y v a z. Onun sevdiyi bir türkdür.

A ğ a m y a n. Türkdür! Sən öz bacını türkə verməyə razı olursan?

E y v a z. Nə olar?

A ğ a m y a n. Bizim din düşmənimizə, millət düşmənimizə, qan düşmənimizə qız vermək? Hələ dünən basdırdığımız o meyit kim idi? İki düşmən bir-birinin boğazına yapışıb boğmaq istərkən, bir erməni qızını düşmən əlinə vermək, bizim milli namusumuza qarşı qara bir ləkədir, bir xəyanətdir.

E y v a z. Ağamyan! Sözlərinizə diqqət edin, cənab Ağamyan! Milli namus! Sizin milli namusunuz puldur, mənsəbdir. Onlar bizim nə düşmənimizdir. Onlar da bizim kimi yük daşıyır, çəkic vurur, torpaq qazıyır, qan tökür, bir parça quru çörək qazanırlar. Onlarla bizim nə düşmənçiliyimiz vardır? Lakin siz iki doğma qardaşı boğuşdurur, hər ikisinin qanını sorursunuz. Bizim düşmənimiz onlar deyil, bizim düşmənimiz sizsiniz: siz ağamyanlar, siz salamovlar və sizin qabağınızda gedən imperator jandarmları. Bizim vuruşumuz millət vuruşu deyil, sinif vuruşudur.

A ğ a m y a n. Əsriyan, ehtiyatlı olun, mənim səbrim tükənməz deyildir. Mən erməni millətinin namusuna ləkə toxunmağa yol vermərəm. Bu, Türkiyədən başlayıb gələn tarixi bir vuruşdur, onun qabağını kəsib bu vuruşda erməni millətini basdırmaq istəyənləri tarix və yaşamaq istəyən erməni milləti qarışqa kimi əzəcəkdir.

E y v a z. O vuruş bizim deyil, o vuruş sizindir. O, mədən vuruşudur, siz onu millət vuruşuna çevirmişsiniz. Siz provokatorsunuz!

A ğ a m y a n. Xain...

E y v a z. Ağamyan! (Ayağa qalxıb, hiddətlə) Mənim sizin dilinizi kəsməyə qüvvətim və cəsarətim yetişər, lakin siz buna dəyməzsiniz. Tarix öz gününü aslanlar döyüşünə yetirmişdir. Siz isə, ancaq bir tülküsünüz, həm də qorxaq bir tülkü.

A ğ a m y a n. Belə?.. Belə? Çox gözəl, görərik bu sözlər kimə zərər verər?

E y v a z. Çox gözəl, görərik (Sərt bir dönüşlə çıxır).

A ğ a m y a n (telefonu alaraq). 55–70. General-qubernator... mənəm. Ağamyan... Əsriyanla danışdım. Yox, yox, çox yırtıcıdır. Necə? Yer tapılar? Harda? Təşəkkür edirəm... O birilərdən bir neçəsini ələ keçirmişəm. Hər halda tapılar? Çox gözəl (Telefonu yerinə asaraq, qısacıq sükutdan sonra). Onun üçün yer tapılar.
İ ş ı q s ö n ü r
YEDDİNCİ ŞƏKİL
Əmiraslan Salamovun mədənləri.
S a l a m o v (telefon ilə qışqırır). Polsmestr, polsmestr...

A ğ a y a r (qaçaraq içəri girir). Gəlirlər. Vallah, adam çəyirtkə kimi qaynaşır.

S a l a m o v. Bura gəlirlər?

A ğ a y a r. Birbaş bura.

S a l a m o v. Uşaqların patronu var?

A ğ a y a r. Hərəsində 50 arağ, polsmestr tüfəng də göndərmişdir.

S a l a m o v. Köpəy oğlunun polsmestrini də çağıra bilmirəm.

A ğ a y a r. Vallahi, polsmestrə bir ləpəriz gəldilər ki, papağını da qoydu, qaçdı. Basdılar onu daşa, vur ki, vurasan. Hər mədənə çatırlar, başlayırlar dagıtmağa... Volodin, Əsriyan, Çopur Məmməd, Qubadze, vay... vay... vay. Əsədullayevin 4-cü mədənini də yandırdılar.

K ü t l ə. Yaşasın işçilərin qardaşlığı! Ura!..

S a l a m o v. Bu işlərin mayeyi-fəsadi bu Əsriyan köpəy oğludur. Özü Ağamovun qaynı, hər gecə də onlarda... Uşaqlar hardadır?

A ğ a y a r. Bəziləri akopdadır, bəziləri də yığışıb, nə hə deyirlər, nə yox.

S a l a m o v. Bircə yığ onları bura! Uşaqlar qalsınlar akopda, sən get bir xəbər gətir. Qardaşlar, müsəlman qardaşlar, bu mədənlər, bu buruqlar mənim döyül, hamısı sizindir. Mən heç aylarla burda olmuram. Burda siz işləyirsiniz. Bir parça çörək mən də yeyirəm, siz də. Bu gün gərək siz razı olmayasınız ki, bir nəfər xaricinin ayağı sizin mədəninizə dəysin.

İ ş ç i l ə r d ə n. Xozeyin, axı bizə mənzil lazımdır, paltar lazımdır. Onların davası tək səninlə deyil ki... Onların bizimlə işi yoxdur... Onların davası Nikolayladır. Bizə nə düşübdür ki, Nikolaya tərəfdar olaq...

S a l a m o v. Qardaşlar, bunların hamısı badalaqdır. Əgər həqiqətdə onun Nikolayla davası var, bəs bura nə üçün gəlib? Fitilbörkə getsin də! Bəs, görünür ki, iş içində iş var. Bunlar hamısı o Ağamov ilə Əsriyanın pürçümüdür. Atam, sizə nə lazımdır? Mənzil lazımdır – verirəm, paltar lazımdır – verirəm, sabun lazımdır – verirəm, məvacib nə qədər istəyirsiniz – artırım, daha nə istəyirsiniz? Ancaq mənim mədənimi yatırtmayın. Bir nəfərin ayağı gərək sizin mədənə dəyməsin.

K ü t l ə. Yox olsun istibdad! Ura...

A ğ a y a r (qaçaraq). Gəldilər!

S a l a m o v. Ay uşaq, qorxmayın! Kim ayağını irəliyə qoydu, vurun, mən dayanmışam.
Əsriyan, Volodin və başqaları səhnəyə gəlirlər.
S a l a m o v. Hə, nə var gəlmişsiniz?

B i r i n c i i ş ç i. Bizim səninlə bir sözümüz yoxdur.

E y v a z. Biz işçilərlə danışmaq istəyirik.

S a l a m o v. Mədəndən bayıra çıxın! Bir adam ayağını mədənə basmasın. Həzrət Abbas haqqı hamınızı qırram. Mən sizin badalağınızı yaxşı bilirəm, – siz istəyirsiniz müsəlmanları öz yerlərindən çıxarıb qovasınız.

E y v a z. Yoldaşlar, işçi yoldaşlar, bizim davamız millət davası deyil, çörək davasıdır, azadlıq davasıdır. Siz mədən yeyələrinin provokasiyasına aldanmayın. Romanov jandarmlarının qamçısı hamımızın başına birgə dəyir.

S a l a m o v. Adə, Əsriyov, sən bu cib-cibi kimə öyrədirsən? Mən elə sənincə olanda sənincə bilirdim də. Sən bu portmanatı kimə atırsan? Sən əgər yaxşı adamsan, nə üçün Ağamovun mədəninə getmirsən?

E y v a z. Bizim üçün Ağamyan ilə sənin aranda heç bir fərq yoxdur. Biz ora getmişik, yenə gedəcəyik.

S a l a m o v. Yalan deyirsən, getməmişsən, getməyəcəksən, çünki sən onun qaynısan, hər gecə onun evindəsən, onun himi ilə işləyirsən, çünki sən ermənisən, sizin heç kökündən yeriniz-yurdunuz yoxdur.

E y v a z. Bu provokasiyadır. Bunu sənə kim dedi?

S a l a m o v. Mənə gomurnat özü dedi. Mən statski sovetnikəm, padşahdan midalım var, mən, mən, hamısını bilirəm.

M a k s i m o v. Yoldaşlar, işçilərin mübarizəsi iqtisadi mübarizədir. Bizim hökumət təşkilatı ilə siyasi mübarizəmiz yoxdur. İstəyimiz səkkiz saatlıq iş günü, əmək haqqının on faiz artmasıdır. Bir taqım məsuliyyətsiz adamlar iqtisadi mübarizəni siyasi mübarizəyə çevirirlər, ölkədə anarxiya törətmək istəyirlər. Biz isə deyirik ki, bizim iqtisadi tələblərimizi təmin etsinlər. Biz işə başlamağa hazırıq.

S a l a m o v. Bax, rəhmət ölənlərüvə. Atam, manata iki şahı deyirsən, mən manata bir abbası artırım, ancaq mənim mədənlərimə ayaq basmayın.

V o l o d i n. Yoldaşlar, işçilər on paraya satılacaq bir dilənçi deyillər. Biz belə sədəqələrə aldanıb boğazımızı tilova keçirə bilmərik. İqtisadi mübarizə siyasi vuruşsuz heç bir nəticə verə bilməz. Biz mübarizəni daha artıq bir qətiyyətlə, daha geniş bir proqramla davam etdirməliyik.

M a k s i m o v. Nə vaxta kimi?

E y v a z. Bu günkü yaramaz quruluşu yıxana kimi.

B a x m e t y e v. Sənin pulun var dolanırsan, amma işçinin külfəti var; o, ac-acına, işsiz gəzə bilməz; boş sözlə qarın doymaz.

M a k s i m o v. Doğrudur! Bir də sizə nə lazımdır?

E y v a z. Bizə o lazımdır ki, işçinin işlədiyi mədən onun əlində olsun. Bizə o lazımdır ki, işçilərin əməyini udan mədənçilər və gönünü soyan monarxiya və burjuaziya hakimiyyəti alt-üst olsun.

S a l a m o v. Demək, siz istəyirsiniz ki, müsəlmanların bütün şəlpəşülpəsini yığışdırıb keçirəsiniz özünüzdən o yana. Müsəlman qardaşlar, burada o yan-bu yan yoxdur, bu işlər hamısı ermənilərin badalağıdır. Onlar istəyirlər ki, müsəlmanları Qafqazdan çıxarıb qovsunlar.

V o l o d i n. Yoldaşlar, biz işçi nümayəndəsiyik, burda millət məsələsi yoxdur, bu, provokasiyadır. Bütün Rusiyanı inqilab hərəkatı sarmış. Romanovların son günü yetişmişdir. Bunlar inqilab vuruşunu bilərək millətlər vuruşuna çevirmək istəyirlər.

S a l a m o v. Adə, Vaskə, qazanxanadan dünən çıxmışsan, qazamatdan bu gün qaçmışsan, sən də mənə kələk gəlirsən? Bircə uzun danışma, mədəndən bayıra çıx! Gedin əvvəl Ağamovun mədəninə, sonra gələrsiniz (Volodini itələyir).

E y v a z. Salamov, əlini gödək elə.

S a l a m o v. Adə, köpəy oğlu, dığa köpəy oğlu, mənim üstümə kəkələnirsən? Mədəndən bayıra çıx, sənə deyirəm.

S ə s l ə r. Yaşasın azadlıq! Yaşasın işçilərimizin qardaşlığı! Ura!

İ ş ç i S ə m ə d. Adə, qaçın, gəldilər!

S a l a m o v. Ay müsəlman qardaşlar, ay din qardaşları, qoymayın, vurun! (Qaçır).

E y v a z. Qardaşlar, türklər, atmayın, qulaq asın, bizim sizinlə işimiz yoxdur.

S a l a m o v. Polsmestr, polsmestr...


Dörd tərəfdən güllələr açılır.
İ ş ı q s ö n ü r.
SƏKKİZİNCİ ŞƏKİL
Qarabağda. Baxşı ağaca söykənmiş çalır. Sona gəlir.
S o n a. Baxşı, Baxşı!

B a x ş ı. Nədir, Sona!

S o n a. Mən gedirəm.

B a x ş ı. Gedirsən?

S o n a. Mən səndən ayrılmaq istəmirəm, ayrıla bilmirəm, ancaq ayrılıram.

B a x ş ı. Getmə, Sona!

S o n a. Atam, anam gedirlər. Sən burada mənsiz tar çalacaqsan, özgələri eşidəcək, mən yox.

B a x ş ı. Mən sənsiz tar çalmaram, Sona.

S o n a. Baxşı, daha sağ ol.

B a x ş ı. Sağ ol, Sona!


Sona bir-iki addım gedir və dönür.
S o n a. Baxşı, onda mən sənin tarını özümlə apararam.

B a x ş ı. Yaxşı, Sona, apar (Tarı Sonaya verir).

S o n a. Sonra sən yenə ayrısını alarsan.

B a x ş ı. Mən daha sənsiz tar çalmaram.

S o n a. Mən sənsiz ağlayacağam.

B a x ş ı. Mən sənin ardınca gələrəm.

S o n a. Gələrsən? Mən səni hər gün gözləyəcəyəm.

B a x ş ı. Mən tez gələrəm.

S o n a. Yaxşı, tez gəl. Mən özümü sənin gəlinin hesab edəcəyəm...

A l l a h v e r d i. Ay qız, Sona, haradasan? Gəl, balam, araba yola düşdü. Səhərdən gərək vağzalda olaq. Bu İmamverdi kişi hanı? Ay İmamverdi, ay İmamverdi!

N a b a t. Ay Gülsün bacı!

G ü l s ü n. Gəldim, ay Nabat bacı! Qız üçün bir az xırda-mırda hazırlayırdım. Yolda yeyər.

N a b a t. Sağ ol, Gülsün bacı!

G ü l s ü n. Sağ ol, Allah amanında.

N a b a t. Sən allah, Gülsün bacı, gözün o toyuq-cücədə olsun, anam tək bacarmaz. Hərdənbir o dügəyə də baxarsan, Allah vurmuş dəlidir, təpik atıb südü dağıdar, arvadı vurar, yıxar, heç kəsin də xəbəri olmaz.

G ü l s ü n. Arxayın ol, Nabat bacı. Bu adam ölməyib ki. Mən özüm hamısını farağat edərəm.

N a b a t. Baxşı, gəl oğlum, səni də öpüm. Sona sənsiz lap dəli olacaq (Baxşını öpür).

A l l a h v e r d i. Adə, bu İmamverdi qurumsaq nə oldu?

İ m a m v e r d i. Gəlirəm, adə, gəlirəm, bağrın çatlamasın. Ananın qarnında necə davam eləmişsən?

A l l a h v e r d i. Hansı cəhənnəmə itib getmişdin?

İ m a m v e r d i. Madyanı çüllayırdım. Qızı o düzəcən özüm aparacağam, yoxsa sənin o cır-cır araban onun qol-qabırğasını qırar, tökər.

N a b a t. Bəxtəvər qızın başına!

İ m a m v e r d i. Bəs necə! Onu mən özüm böyütmüşəm. Şeytan məndə cücə qoymayıb. Bura bax, Allahverdi, sən allah, Bakıda Aramı gördün, deyinən ananın bir dənə də buğdası yoxdur, yazıq arvad qalıb darda: Hə, Sona, gəl, qızım, min tərkimə (Sonanı öpür, Sona da onu öpür. İmamverdi Allahverdiyə) Səninlə də olda öpüşərik. Sən çıx, mən bu saat kəhər madyanı çəkim.

A l l a h v e r d i. Qız, o tarı haraya aparırsan?

S o n a. Onu, onu şəhərdə ustaya verəcəyəm. Baxşı gələndə aparacaq.

A l l a h v e r d i. Yaxşı, ver yumşaq yerə qoyum ki, sınmasın.

S o n a. Eybi yoxdur, əlimdə tutaram.

H a m ı. Sağ olun, sağ olun!

G ü l s ü n. Xoş gəldiniz!

S o n a. Baxşı, mən səni hər gecə gözləyəcəyəm.

B a x ş ı. Gələrəm, Sona, gələrəm.
İ ş ı q s ö n ü r
DOQQUZUNCU ŞƏKİL
Məscid həyətində cənazə yerə qoyulmuş, axund dua oxuyur.
A x u n d. Xudaya, xudavənda, səni and verirəm öz əzəmətü cəlalına, sən bu şəhid mərhumu qəriqi-rəhmət eyləgilən. Xudaya, xudavənda, sən dini islama rövnəq ver və onun tərəqqisinə çalışan üləmayi əzəmi, sərvətdar, hümmətdarı və bütün əhli islamı min bir bəladan hifz elə. İlahi, təqəbbəl biduana, lütfikə və rəhmətikə imperatur, mərhum Nikolay Aleksandr salis və təhəffüzna imperatur əzam Nikolay sani və zövcəhu imperatiriçə Mariya Fiyodorovna və bintəhu Tatyana və ibnəhu Aleksey Nikalayeviç...

A ğ a y a r. Gomurnat gəlir.

S a l a m o v. Axund ağa, gomurnat gəlir, gomurnatı da de!

A x u n d. Və Rəsuli-gomurnati-əzam...

S a l a m o v. Toxum-Yerisuiç...

A x u n d. Əl Toxum-Yerisuiç...

S a l a m o v. Axund ağa, arvadını da de, əhvallı arvaddır.

A x u n d. Və zövcəhu...

S a l a m o v. Mariya Tumannifeynən...

A x u n d. Əlmariya Filtumannifeynən və əsabəti və təqəbbəl biduana və əliyyən və vəsiyyən və vəliyyən və səlləlləhu cəmiəl-ənbiyavəl övlüya vəlmürsəlin və bəhəqqi hürməti surətil-mübarəkətil-fatihə! (Adamlar ağızlarında dua oxuyurlar).

Q u b e r n a t o r. Cənab Salamov, bu nə faciədir? Polkovnik!

P o l i s m e y s t e r. Qulaq asıram, general həzrətləri!

Q u b e r n a t o r. Bu saat söylə, bu nə işdir?

P o l i s m e y s t e r. Öldürmüşlər, general həzrətləri.

Q u b e r n a t o r. Kim, haçan, harada?

P o l i s m e y s t e r. Ermənilər Armyanski küçəsində.

Q u b e r n a t o r. Öldürən tutulmuşdurmu?

P o l i s m e y s t e r. Bir neçə nəfərmiş. Biri tutulmuşdur, general həzrətləri.

Q u b e r n a t o r. Adı nədir?

P o l i s m e y s t e r. Eyvaz Əsriyan. Deyir: öz millətdaşlarımın qanına qarşı intiqam almışam.

Q u b e r n a t o r. Görərik... həzərat, mən əlahəzrət imperator hökuməti adından sizin bu günkü milli faciənizdə ürəkdən iştirak edirəm. Əlimdə olan bütün vasitələrlə müsəlmanların xain qatillərdən qorunmasına çalışıb, Türkiyədəki işlərin qisasının burada alınmasına yol verməyəcəyəm. Əlahəzrət imperator hökuməti müsəlmanların özlərini müdafiə etmələrinə var qüvvəsi ilə kömək edəcəkdir.

S a l a m o v. Yaşasın padşah! Yaşasın gomurnat! Vurrey... Ay camaat, nə ağzuvuzu yummuşsunuz! Qışqırın də... dilivuz yoxdur? Urra...

K ü t l ə. Urra... Urra...

B a h a d ı r b ə y. Həzərat, biz Qafqaz müsəlmanları, bizim milli faciəmizdə izhari-təəssüf edən qubernator həzrətlərinə izhari-təşəkkür ediriz. Biz müsəlmanlar bu vaxta qədər əlahəzrət imperatora sədaqətlə təbəəlik etmişiz.

K ü t l ə. Yaşasın padşah, urra!..

B a h a d ı r b ə y. Bu günkü gündə erməni millətinin bizə qarşı bu kimi təcavüzü, bizim milli namusumuza toxunur. Bu gün biz müsəlmanlar, özü hüquqimilliyyəmizə riayət edilməsini tələb etməyə özümüzü haqlı biliriz.

S a l a m o v. Yenə başladı, zalım oğlu, bu zəhrimar milliyyəni... Bahadırbəy, kişinin milliyyədən xoşu gəlmir, sən ermənilərdən danış.

B a h a d ı r b ə y. Biz müsəlmanlar, əlbəttə, öz tərəqqi və təaliyimilliyyəmiz üçün muxtariyyəti-milliyyə istidasına özümüzü layiq və müstəhət görürüz. Qatillərə cəza verilməzsə, biz özümüz öz hüquqimilliyyəmizi və namusimilliyyəmizi müdafiə etməyə hazırız...

S a l a m o v. Bircə dayan, dayan, dayan, daha bəsdir. Müsəlman qardaşlar, bu gün ermənilər bizə bu heyfi vurublar. O Eyvaz Əsriyan aləmin bic vələdüzzinasıdır, anasının əmcəyini kəsəndir. Əvvəl istəyirdi mədənlərə şuluq salsın, oradan əli çıxdı, belə elədi. Düşməndir, öz düşmənliyini eləyir. Heç eybi yoxdur, bizim də əgər qiryətimiz olar, biz də öz zadımızı... göstərərik... O nədir, adə öz milliyyəmizi göstərərik. Biz qoymarıq ki, ermənilər bizim arvaduşaqlarımızı əsir-yesir eləsinlər. Müsəlman qardaşlar, hər kəsin qeyrəti var, getsin din yolunda ölümə. Bu gün bu heyif mənə dəyibdir. Mən Əmiraslan Salamov sizə söz verirəm ki, bu qanı yerdə qoymayacağam və biz müsəlmanlar hamımız, canlabaşla padşaha qulluq etməyə hazırıq. Ancaq heç eybi yoxdur, qoy ermənilər öz bildiklərini eləsinlər, biz də öz bildiyimizi. Ya bizə verən Allah, ya onlara... yox olsun ermənilər... yox olsun düşmənlər!..

B a x ş ı. Qardaşlar, mən də bir neçə kəlmə danışmaq istəyirəm. Mən özüm qarabağlıyam və Qarabağdan təzə gəlmişəm.

S a l a m o v. Buyur, buyur. Bir az möhkəm danış, bir az möhkəm danış! Yaşasın qarabağlı qardaşlarımız!

K ü t l ə. Urra... urra!..

B a x ş ı. Qardaşlar, mən səhərdən burada danışanlara qulaq asırdım. Mən bu vaxta qədər siyasətə qarışmamışam.

S a l a m o v. İnşallah bundan sonra qarışarsan, qeyrətin olsa, qarışarsan.

B a x ş ı. Mənə, ancaq, elə gəlir ki, bu işdə bir qədər ehtiyatlı olmaq lazımdır, çünki bu, iki qardaş xalqın həyatına qanlı bir tarix, qara bir uçurum aça bilər. Mən görürəm ki, burada qanlar coşub, beyinlər qızıbdır, ancaq ehtiyatla yoxlamaq lazımdır, burada bir səhv olmasın.

S a l a m o v. Daha kor-kor, gör-gördür də. Qabağında yekə bir zurna tir çəkib uzanıbdır, görmürsən, bu boyda da səhv olmaz ki.

B a x ş ı. Məni bağışlayın, qardaşlar, mən düşündüyümü deyirəm. Diqqətlə yoxlamaq lazımdır: bunu doğrudan da ermənilər edibmi, burada başqa bir əl gəzməmişmi?

S a l a m o v. Adə, düş aşağı! Sən də bilmirəm nə hətərən-pətərən atırsan. Biz deyirik fədəm-dəmə, sən deyirsən damdan-dama. Kişini tutub salıblar qoduqluğa, sən gəlmişsən ki, yoxlamaq lazımdır.

B a x ş ı. Bağışlayın, qardaşlar, mən onu deyirəm ki, bunu bir nəfər erməni etmiş olsa belə, bunun üçün bütün erməni kəndliləri, erməni işçiləri, bütün erməni xalqı məsul tutula bilməz. Ermənilərdə də yaxşı-yaman yox deyildir.

S a l a m o v. Adə, erməni ermənidir də, dahı bunun nə yaxşısı, nə yamanı? Hing-hing dasni hing də.

B a x ş ı. Qardaşlar, mən deyirəm bu bir nəfərin işi olsa belə, hər halda erməni kütləsinin bu işdən xəbəri yoxdur və bu işə razı olmaz. Bu, çox güman ki, provokasiyadır.

S a l a m o v. Bura bax ey, nə boş-boş danışırsan! Proboğaz nədir? Ölü qabağında, vuran da qoduqluqda, özü də ermənilərin sərkərdəsi Eyvaz Əsriyan, Ruben Ağamyanın qayını. Dahı bu vəzzariyyatı kimə oxuyursan? Düş aşağı, düş danışma!

B a x ş ı. Ağamyanın qayını?

S a l a m o v. Bəli, bəli, qayını. Bir sözü bilmirsən, danışma, düş aşağı!

K ü t l ə. Düş aşağı, düş aşağı, düş aşağı...

B a x ş ı. Qulaq asın, qardaşlar, mən Eyvaz Əsriyanı tanıyıram, onunla bir yerdə böyümüşəm, o belə milli ədavətə uyan adam deyildir.

S a l a m o v. Aha, elmi-şüma məlum şüd. Çərən-pərən danışma, qurumsaq, düş aşağı! Sən şipyonsan, sən Ağamovun pulu ilə danışırsan, aşağı düş!

K ü t l ə. Şipyondur, şipyondur, vurun köpəy oğlunu.

B a x ş ı. Qardaşlar, qulaq asın...

K ü t l ə. İstəməz, aşağı düş... Şipyondur, vurun köpəy oğlunu! (Baxşını dartıb vuraraq, aşağı salırlar).

S a l a m o v. Ay camaat, dahı çək-çövür lazım döyül, bu dava millət davasıdır. Kimdə millət qanı var, götürsün tüfəngini, çıxsın ortaya: ya onlara verən Allah, ya bizə. Mən bu yolda öz malımdan, canımdan keçməyə hazıram. Adə, o qarabağlı gedəsi hardadır? Şipyondur, vurun köpəy oğlunu!

K ü t l ə. Adə, qoymayın qaçsın, vurun köpəy oğlunu!


İşıq dəyişir.
Q o c a B a x ş ı. Artıq Baxşının dediyi uçurum açılmışdı və getdikcə də dərinləşirdi. Hər gün gah bu tində, gah o tində toqquşmalar və atışmalar olurdu. Hər iki tərəfdən adamlar ölürdü. Şəhər iki düşmən tərəfə bölünmüşdü. Nə azərbaycanlılar, nə də ermənilər bir-birinin tərəfinə qorxusuz keçə bilmirdilər.

G ə n c S o n a. Ata, bu hansı şəhərdə idi?

Q o c a B a x ş ı. Bakıda.

G ə n c S o n a. Bəs Baxşı hardan çıxdı? O ki, Qarabağda qalmışdı?

Q o c a B a x ş ı. Baxşı, qızım, gəlmişdi. O, Sonaya söz verdi və gəldi. Sona onu gözləyirdi. Hər axşam pəncərənin qabağında oturub yola baxır və günəşin batan tellərini ilıq göz yaşları ilə isladırdı. Nəhayət, Baxşı gəldi. Axtardı, evlərini tapdı. Sona evdə yoxdu. Allahverdi dayı ilə görüşdü. Nabat bacı onu qucaqladı. Öpdü. Gülsün bacını, danabuzovu və toyuq-cücəni soruşdu... Gedərkən Allahverdi kişi çox həlim dil ilə ona anlatdı ki, törənmiş bu vəziyyət içərisində onun Sona ilə görüşməsi bir o qədər yerli düşməz, – kim bilir nə deyərlər, nə olar. Mümkünsə, bir qədər onlara gəlməkdən çəkinsin. Bunu Baxşı özü də düşünürdü. Uzun günü küçələri dolaşaraq düşünür və bir çox şeyləri bilmədiyindən törənmiş vəziyyəti qavraya bilmirdi. Nəhayət, qazamatda Eyvaz ilə görüşdü. Eyvaz ona bir çox göstərişlər verdi və onun göstərişləri ilə internasional inqilab hərəkatına qoşuldu. Baxşı, bunun vicdani bir vəzifə olduğunu artıq kəsdirmişdi və var qüvvəsi ilə işləyirdi.

G ə n c S o n a. Bəs Sona?..

Q o c a B a x ş ı. Sonanı verdilər, qızım. Bibilər, xalalar, keşişlər, yengələr yığışdılar, çarə yox idi. Sonanın gücü göz yaşlarına çatırdı. Ağladı, ağladı və sonunda and içdi ki, qardaşımı buraxmasalar, kilsədə qardaşım yanımda olmasa, gəlinlik örpəyi örtmərəm. Ona söz verdilər...


Yüklə 358 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə