İşçilər, kəndlilər, qadınlar, kazaklar, zabitlər, qorodovoylar, uşaqlar



Yüklə 358 Kb.
səhifə4/6
tarix12.10.2018
ölçüsü358 Kb.
#73248
1   2   3   4   5   6

ONUNCU ŞƏKİL
Erməni kilsəsi. Eyvaz və polismeyster gəlirlər.
E y v a z. Biz buraya nə üçün gəldik? Mən beş ildir kilsəyə ayaq basmamışam.

P o l i s m e y s t e r. Bu gün sizin bacınızın toyudur. General-qubernatorun əmri ilə mən səni şəxsən Ağamyana təqdim etməliyəm. O, sənin üçün zamin olur, yoxsa heç bir qüvvət sənin boynunu kəndirdən qurtara bilməzdi.

E y v a z. Kəndirdən? Axı nə üçün, səbəbi nədir?

P o l i s m e y s t e r. General-qubernator və polis idarəsi sizi müsəlmanlara qarşı təcavüzdə və millətlər arasında ədavət salmaqda təqsirləndirir.

E y v a z. Mən?.. Mən millətlər arasında ədavət salıram?

P o l i s m e y s t e r. Sizin hərəkətiniz, müsəlmanlarla ermənilər arasında ədavət törətmişdir.

E y v a z. Mən müsəlmanlarla ermənilər arasında ədavət salıram?

P o l i s m e y s t e r. Siz, siz, cənab Əsriyan. Bu ki, sizə yüz yol deyilmişdir və özünüz də boynunuza almışsınız.

E y v a z (hiddətindən özünü saxlaya bilməyib onun üzünə tüpürür). Tfu!..

P o l i s m e y s t e r. Siz boş yerə hiddətlənirsiniz. Bununla siz bizim gözümüzü örtə bilməzsiniz. Yanında dolu bir bomba və atılmış bir bombanın açarı tapılmışdır, yox?

E y v a z. Mən çox yanıram ki, o bombanı sizin başınızda sındırmamışam. Onda mənə inanardılar.

P o l i s m e y s t e r. Siz uşaqsınız, Əsriyan. Siz anlayırsınız ki, Ağamyan sizi doğru ölümün boğazından qoparır!

E y v a z. Onun kölgəsində yaşamaqdansa, mənim üçün ölüm yaxşıdır.

P o l i s m e y s t e r. Onun kölgəsində? Başa düş, Əsriyan, bu saat bütün erməni milləti sənin adına and içir. Sən onlar üçün erməni millətinin namusunu ləkədən təmizləmişsən, sən bir millət qəhrəmanısan.

A ğ a m y a n (keşiş ilə gələrək). Aha, xoş gördük! Siz buradasınız. Mən bir az tez gəldim ki, qabaqcadan sizi görüm.

P o l i s m e y s t e r. General-qubernator buyurdu ki, dustaq Eyvaz Əsriyanı şəxsən sizə təslim edim.

A ğ a m y a n. Təşəkkür edirəm, Boris Matveyeviç. Mən sizin erməni millətinə göstərdiyiniz bu yaxşılığın əvəzini yetirərəm.

P o l i s m e y s t e r. Təşəkkür edirəm, cənab Ağamyan (Gedir).

A ğ a m y a n. Eyvaz, sənin son hərəkətin məni və bütün erməni xalqını o qədər sevindirdi ki, mən aramızda olan o yersiz danışıqları həmişəlik unuduram. Sən bizim milli namusumuzu ləkədən təmizlədin. Bu gündən sən mənim oğlumsan.

K e ş i ş. Oğlum, əziz Allah sənin o qəhrəman əllərini bizə çox görməsin.

A ğ a m y a n. Sən paltarını da dəyişməmişsən. Eybi yoxdur, məclis qurtarar, gedərik dəyişərsən. Ancaq, Eyvaz, başına dönüm, bu saat qızlar, gəlinlər, bütün erməni kübarları öz milli qəhrəmanlarını görməyə və alqışlamağa gələcəklər. Keşiş ağa sənin kim olduğunu onlara yetirər. Sən də, mümkün isə, bir neçə kəlmə danış, təşəkkür et və de ki, sən millət yolunda hər şeyə hazırsan.

E y v a z. Mən heç bir şeyə hazır deyiləm, bir kəlmə də danışmayacağam.

A ğ a m y a n. Eyvaz, oğlum, sən bunu öz bacının səadəti üçün etməlisən, qoy onun ürəyi dincəlsin, qoy deməsinlər ki, Ağamyanın gəlini sadə bir ailədəndir, qoy bilsinlər ki, o bizim milli qəhrəmanımızın bacısıdır.

E y v a z. Mən danışmasam, bacıma nə olar?

A ğ a m y a n. Açıq danışaq, Eyvaz. Mən səni doğru ölümdən qurtarmışam. Sən ölməli idin.

E y v a z. Dediyiniz türkü öldürdüyüm üçünmü?

A ğ a m y a n. Yox, Nikolay hökumətinə qarşı işlədiyin üçün. Sənin ölümün bacın üçün böyük bir dərd olub, halbuki bir millət qəhrəmanı kimi dillərdə dolaşmaq bacın üçün, bizim üçün və bütün ermənilər üçün böyük fəxrdir.
İrəlidə Haykaz, Sona və ardınca böyük bir izdiham – qızlar, gəlinlər,

xanımlar, kübarlar gəlirlər, Sona Eyvaza tərəf gedir.


S o n a. Eyvaz!

E y v a z. Sona, sən onu atdın?

S o n a. Mən məcbur oldum, mən səni ölümdən qurtarmaq üçün öz ölümümə razı oldum.

K a r a p e t. Biz öz milli qəhrəmanımızı görmək istəyirik. Onu qabağa çıxarın.

K e ş i ş. Ey İsanın əmin quzuları, bizim namusumuzu ləkədən qurtaran milli qəhrəmanımız Eyvaz Əsriyan budur. Qan tökmək haramdır, lakin onun tökdüyü qan millət yolunda, din yolundadır. O, millət qəhrəmanıdır.

K a r a p e t. Yaşasın millət qəhrəmanı! Yaşasın millətin vuran əli! Urra... urra...

A ğ a m y a n. Qardaşlar, bir millət böyük alimləri ilə, düşünən ədibləri ilə, qorxmaz igidləri ilə fəxr edər. Mən Eyvaz Əsriyanla çox deyişmişəm, hətta bir yol ona millət xaini də dedim. O çox acıqlandı. Beş gün belə keçmədən millət namusuna toxunan ləkəni öz dəmir əllərilə silib, onun damarlarında təmiz erməni qanı axdığını hamıya göstərdi. O, türklərə göstərdi ki, böyük erməni milləti hələ ölməmişdir, o öz şərəfini hər dəqiqə qorumağa qadirdir. Mən bütün millət qabağında ondan üzr istəyirəm. Mən onun qohumluğunu özüm üçün və varlığını bütün erməni milləti üçün böyük bir fəxr hesab edirəm. O, millətin vuran əli, o millət namusunun qorxmaz keşikçisidir, o, millət qəhrəmanıdır.

K a r a p e t. Yaşasın millət qəhrəmanı Eyvaz Əsriyan! Urra...


Adamlar Eyvazı aralığa alırlar.
E y v a z. Dayanın, mənə də qulaq asın!

A ğ a m y a n. Bərkdən danış, Eyvaz!

E y v a z. Bu gün erməni kübarları məni millət qəhrəmanı tacı ilə bəzəyirlər. Qızlar, gəlinlər mənim başıma çiçək səpirlər. Lakin bu çiçəklər hamısı qana boyanmışdır. Bu qan, qardaş qanıdır, bu qan, tarixi qandır. Bu qanı mən boynuma götürmürəm. Mən qatil deyiləm, bu qandan mənim xəbərim yoxdur. Mən millət qəhrəmanı deyiləm. Mən bu qanı üstümdən qaldırıb bütün ağırlığı ilə türk və erməni burjuaziyasının – bu ağamyanların, bu salamovların və romanov cəlladlarının sinfi vicdanlarına çırpıram. Bu qanı tarix yuya bilməyəcəkdir. Açın gözlərinizi, qardaşlar, aldanmayın. Türk əməkçiləri bizim düşmənimiz deyillər. Bizi düşmənlərimiz ayırır. Bizim düşmənlərimiz bax, bunlardır, bunlardır...
Gülləri adamların başına çırpıb cəld qaçır.
İ ş ı q s ö n ü r
ON BİRİNCİ ŞƏKİL
Ağamyanın evində toy. İçəridə çalıb oynayırlar. Səhnədə telefon zəng çalır.
N a b a t (içəri girən Allahverdiyə). Nə oldu, kişi, uşaqdan bir xəbər bilmədin?

A l l a h v e r d i. Haradan xəbər biləcəyəm. Hansı çasta gedirəm ağzıma vurub qaytarırlar. Nə öldüsünü deyən var, nə qaldısını. Daha o yuxarılara da gedə bilmədim. Deyirəm bəlkə aradan çıxıb oralara keçdi.

N a b a t. Bir gedəydin də, ayaqların sınmaz ki!

A l l a h v e r d i. Getmək olur? Köpəy uşaqları bir iş görüblər ki, iş olsun? İkitirəlik salıblar, nə o yandan bu yana bir adam keçə bilir, nə bu yandan o yana. O da heç o tərəfə keçməz, yəqin ya vurdular...

N a b a t. Mən itib gedirəm öz xarabamıza. Mənim uşağım yox olsun, mən toyda oturum...

A l l a h v e r d i. Bəs kişi nə deyir?

N a b a t. Getdim yalvardım ona, deyir: iti görüm, pişiyi görüm, daha onu görməyim.

A l l a h v e r d i. Övlad deyil ki, bir qəpiyə dəysin. Adam adama nə qədər yaxşılıq edər?! Kişi onu ölümdən qurtardı, o mərtəbəyə yetirdi, camaat bunun başına gül səpir, amma o, dəli buzov kimi şıllaq atır. Uşaq necədir?

N a b a t. Necə olacaq, qarabəxt sapsarı meyit kimi, dinməzsöyləməz oturub, dolu kimi tökür gözlərinin yaşını.
Telefon zəng çalır.
A l l a h v e r d i. Bu da səhərdən nə zarıldayır (Telefonu götürüb tərsinə qulağına tutur). Hə, nə deyirsən, nə deyirsən, kimsən? Heç bunun səsi çıxmır ki.

N a b a t. A kişi, tərs-avand tutmuşsan: mən görmüşəm burasını qulaqlarına qoyurlar, burasını ağızlarına.

A l l a h v e r d i (telefonu düzəldir). Kimsən? Kim? Mən kiməm? Mən Allahverdi Qəhrəman oğlu Əsriyan. Polismestr, gomurnatı, vacib işdən ötrü? Polismestr gomurnatı istəyir. Cənab polismestr, qurbanın olum, mənim oğlumdan mənə bir xəbər? Hə... Hə... Eyvazı, Eyvazı. Əsriyan, Hə, svoluş? (Nabata) Deyir bəs svoluşdur. Hə, gomurnat (Telefonu yerinə asır). Səni Allah döyüb mən də çağırım.

N a b a t. Svoluş nədir?

A l l a h v e r d i. Svoluş, yəqin köpəyoğludur də... Bilmirəm, ancaq onu bilirəm ki, svoluş söyüşdür. Bəs biz də getdik, bu bədbəxt qızın halı necə olacaqdır?

N a b a t. Vallah, heç bilmirəm necə eləyim. Ürəyim də getdi acından, gedək mətbəxə, ağzına bir parça çörək sal, daha ora ki, bizim yerimiz deyil, orada bizim tayımız yox, tuşumuz yox.

A l l a h v e r d i. Axmaq kimi vermədim İmamverdinin oğluna, heç olmazsa atası atası ilə tay idi, qardaşı qardaşı ilə. Götürdüm öz əlimlə uşağı saldım oda.

N a b a t. Dad vurdum sənə, qulaq asmadın.

A l l a h v e r d i. Ay arvad, naqqal qızı naqqal, görmədin ki, hərəsi bir zurna çalırdı. Biri deyir: millət belə gəldi, biri deyir: bilmirəm nə olub.

N a b a t. Nə isə, qismət belə imiş. Allah istəyən yaxşıdır. Di gəl görək.

A l l a h v e r d i. Gedək, görək başımıza nə gəlir. Vallah, mən bu gecə araq içib, dərddən lap keyflənəcəyəm (Telefon zəng vurur). Öləsən də çağırmayacağam (Telefon zəng vurur). Svoluş özünsən, köpəy oğlu! (Gedir).
Sona, dalınca da Haykaz çıxır.
H a y k a z. Hara?

S o n a. Siz mənə nə üçün acıqlanırsınız, mən nə etmişəm?

H a y k a z. Mənə bax, Sona, bu tar kimindir?

S o n a. O mənə yadigardır.

H a y k a z. Sən onu hələ də sevirsən, deyilmi?

S o n a. Hayik, sən ki, hər şeyi bilirsən; mən ki, sənə hamısını demişəm.

H a y k a z. Mənim evimə, Haykaz Ağamyanın evinə adsız, sansız bir adamın, düşmən bir türkün məhəbbətini daşıyıb gətirmək...

S o n a. Hayik, mən ki, səndən gizlətməmişəm. Nə edim, məndən ki, asılı deyildir. Mənim ürəyim divar deyildir ki, bir gündə şirələyim ağarsın. O burada yoxdur, o uzaqdadır, o Qarabağdadır. Mən bir də onunla görüşməyəcəyəm.

H a y k a z. Yaxşı eşit, Sona, mənimlə oynamaq olmaz. Sənə də son dəfə bildirirəm: bir də onu sevmiş olsan, özünü də, onu da ölmüş bil. Mənim arvadımın ürəyində ancaq mən, dilində ancaq mənim adım olmalıdır.

S o n a. Mən bir də onun adını çəkmərəm.

H a y k a z. İki millət bir-biri ilə qan davası aparırkən, bir düşməni sevmək, bir erməni qızı üçün namussuzluq, həm də milli bir namussuzluqdur.

S o n a. Mənim təqsirim nədir?

P o l i s m e y s t e r (içəri girərək). Mən general-qubernatoru görmək istəyirəm.

H a y k a z. Buyurun, Boris Matveyeviç! (Sonaya) Sən get içəri! Buyurun içəriyə!

P o l i s m e y s t e r. Yox, mən onu tək görmək istəyirəm.

H a y k a z. Bu saat (Gedir).

Q u b e r n a t o r (çıxır). Nə var, nə olmuşdur, polkovnik?

P o l i s m e y s t e r. General həzrətləri, aldığımız son xəbərə görə, sabah səhərdən qiyam təşkilatı qəti çıxış əmri vermişdir.

Q u b e r n a t o r. Sabah səhər. Polkovnik, biz bu gecə onları qabaqlamalıyıq.

P o l i s m e y s t e r. Elədir ki, var, general həzrətləri.

Q u b e r n a t o r. Polkovnik, mənə elə gəlir ki, hər şey artıq hazırdır, bu saat başlamaq olar.

P o l i s m e y s t e r. Hər şey hazırdır, general həzrətləri. Şəhərin müsəlman tərəfindən erməni tərəfinə, erməni tərəfindən müsəlman tərəfinə bir nəfər belə keçə bilmir. Gündə toqquşma olur. Hər iki tərəfin qulağı səsdədir. Hamı bir gurultuya bağlıdır. Mədənlərdə hər iki tərəfə dəstələr qoyulmuşdur.

Q u b e r n a t o r. Polkovnik, bu saat başlamaq lazımdır. Plan ki sənə bəllidir.

P o l i s m e y s t e r. Bəllidir, general həzrətləri!

Q u b e r n a t o r. Ancaq, polkovnik, qarnizona etibar yoxdur. Bu saat mənim kazaklarımdan bir dəstə müsəlman hissəsinə göndərilməlidir. Sonra adamlarınızı göndəriniz səs salsınlar ki, bu gecə ermənilər basqın edəcəklər, müsəlmanlara silah paylasınlar.

P o l i s m e y s t e r. Hər kimə gəldi?

Q u b e r n a t o r. Hər kimə gəldi. Onlar öz canlarının qorxusundan oyanbuyana vura bilməzlər. Bir-iki dəstə erməni hissəsinə göndərilməlidir. Qoy onlar da bilsinlər ki, müsəlmanlar tərəfindən basqın gözlənilir. Bu qədər.

P o l i s m e y s t e r. Sonra?

Q u b e r n a t o r. Sonra, sonra qoy bir saatdan sonra adamlarımız bir-birinə atəş açsınlar, gerisini onlar özləri apararlar. Ancaq hər tərəfə siz özünüz getməli və müəyyən adamlar təyin etməlisiniz.

P o l i s m e y s t e r. Onların hamısı edilər general həzrətləri!

Q u b e r n a t o r. Bu saat mən də geyinim, gedək (Gedib geyinir, gəlir). Hə, polkovnik, süftə üçün qoy bizimkilər hər tərəfdən bir-iki ev yandırsınlar, qalanlarını özləri yandırarlar.

A ğ a m y a n (çıxır). Siz gedirsiniz. Tixon Yeliseyeviç, nə üçün belə tez?

Q u b e r n a t o r. Təşəkkür edirəm, Ruben. Ancaq mən bu saat yaman xəbər aldım, tez getməliyəm, ciddi tədbir görmək lazımdır.

A ğ a m y a n. Yaman xəbər? Bilmək olmazmı, general həzrətləri?

Q u b e r n a t o r. Yox, Ruben, təəssüf ki, deyə bilməyəcəyəm... Axtarsanız, söz aramızda qalmaq şərti ilə olar da. Bu saat polkovnik mənə bildirdi ki, müsəlmanlar bu gecə erməni hissəsinə basqın düzəltmək istəyirlər.

A ğ a m y a n. Bu gecə?

Q u b e r n a t o r. Mən bu saat gedirəm, lazımi tədbirlər görərəm, siz rahatsız olmayınız. Ancaq hər halda ehtiyatlı olmaq yaxşıdır. Lazım olsa, mən bir qədər silah da verə bilərəm. Ancaq söz aramızda!..

A ğ a m y a n. General həzrətləri, mən çoxu da mədənlərdən qorxuram.

Q u b e r n a t o r. İstəsəniz, mən sizin üçün hələlik, gücünüzü yığana qədər biriki dəstə öz kazaklarımdan da göndərə bilərəm.

A ğ a m y a n. Rica edirəm, general həzrətləri. Mən bütün erməni milləti adından sizə təşəkkür edirəm.

Q u b e r n a t o r. Hər ehtimala qarşı hazır olunuz. Gedək!
Gedirlər.
A ğ a m y a n (telefonu alır). Allo... 64-18. Arşak, mənəm. Bu gecə müsəlmanlar bizim tərəfə hücum edəcəklər. Uşaqları yığ, çıxar bayıra. Tüfəngi olanlar götürsünlər, olmayanlar üçün tapılar. Bu saat Sedrakgilə də de (Haykaz gəlir). Allo... allo... 73-56. Simon, mənəm. Bu gecə müsəlmanlar hücum edəcəklər... Dedilər. Kim? Qubernator, telefonla... Yaxşı, yaxşı, Arşaka demişəm.

H a y k a z. Bu gecə?

A ğ a m y a n. Bu gecə. Daha orada demə, məclis dağılar, ancaq yavaşca Sərkisgilin qulağına de. Mən bu saat qayıdıram. Mədənlərə adam göndərmək lazımdır (Gedir, geyinir və qayıdır, Haykaz da gedir, bir nəfər ilə qayıdır). Pəncərələri örtün ki, bayırdan işıq görünməsin. Gedək, Arzuman!
Gedirlər. İçəridən bir-iki nəfər çıxır. Karapet də onlar ilə çıxır.
K a r a p e t. Hələ axşamdır, siz haraya dağılışırsınız?

H a y k a z. Siz rahatsız olmayın, ağalar, onlar bu saat qayıdır.

K a r a p e t. Olmaz, olmaz, dayan, elə bir yerdə bəynən gəlinin sağlığına içək, elə burada ayaqüstü. Şərab verin, adə, gəlini də çağırın!

H a y k a z. Karapet, biz onlarsız da içə bilərik, işləri var, saxlamayın.

K a r a p e t. Ağalar, adə, tar çalanlar nə oldu? Buraya gəlin, dayanın, gəlini də gətirim... İçək ayaqüstü bizim həqiqi milli qəhrəmanımızın və onun gözəl gəlininin sağlığına! Urra... urra...

Q o n a q l a r. Öpüşsünlər, bir yerdə oynasınlar.

K a r a p e t. Adə, çal!
Tarçalan tuş çalır.
H a y k a z. Ağalar, mən öz tərəfimdən və gəlinin tərəfindən sizə təşəkkür edirəm. Mən kadet korpusunda oxumuşam. Vaxtımız elədir ki, bizim millətimizə igidliklə vuruşan, vuruşmağı bacaran adamlar lazımdır. Mən öyrənmişəm, mən öyrənmişəm, mən...
Bu aralıqda Baxşı əlində bir dəstə gül içəri girir.
S o n a. Ah...

H a y k a z. Aha, bu odur? (Ona tərəf getmək istədikdə, Sona sərt bir çığırtı ilə Baxşının yanına qaçıb, onu öz arxasında saxlayaraq).

S o n a. Yox, dəyməyin, mən qoymaram.

H a y k a z (özünü saxlamağa və gülümsər görünməyə çalışaraq). Sən nədən qorxdun, Sona?

S o n a. Onda bir təqsir yoxdur.

K a r a p e t. Canım, onunla kimin nə işi var? Arvadlar elə qorxacaq olur. Gəlib, xoş gəlib! Canım, otur.

H a y k a z (sakit bir səslə). Sizə nə lazımdır?

B a x ş ı. Mən eşitdim ki, bu gecə Sonanın toyudur. Biz qonşuyuq, mən öz borcumu yerinə yetirməyə gəldim. Mən Sonanı təbrik etməyə gəldim.

K a r a p e t. Ay sağ ol, müsəlman qardaş! Buyur, otur, qoşul bizə.

H a y k a z. Buyurunuz, oturunuz.

K a r a p e t. Gəl, canım, gəl, ha belə otur burada. Heç ürəyini sıxma. Bu vurhavurun içində ki, bu frontdan keçmişsən, elə qoçaq adamsan, qoçağa can qurbandır. Hə, Haykaz ağa, danış görək, sözün yarımçıq qaldı.

H a y k a z. Mən daha danışmaq istəmirəm, mən sonra danışaram, siz işinizdə olun.

K a r a p e t. Bu saat mən düzəldim. Adə, hanı o qarabağlı gədəsi? Qızışdır, başına dönüm. Usta, çal, bəynən gəlin oynasın. Hə, başlayın!

S o n a. Mən oynamaq bilmirəm.

K a r a p e t. Siz öləsiniz, heç o boyda zarafat olmaz. Hamı deyir: Qarabağda Sona kimi oynayan yoxdur. Durun ayağa görüm! Usta, başına dönüm, şıdırğı çal!

S o n a. Mən oynamaq bilmirəm.

H a y k a z. Sona, dur ayağa! (Sona ayağa durur). Çal, usta!

S o n a. Hayik, mənim başım gicəlir.

H a y k a z. Eybi yoxdur, dayan, dayan, saxla, usta! (Tez gedib Baxşının tarını götürüb, Baxşıya verərək). Al, qoçaq, indi ki, gəlmişsən, bekar oturma, çal!

K a r a p e t. Aha, o çalmaq da bilir!

H a y k a z. Elə bilir, Sonanın havasını ondan yaxşı bilən yoxdur.

K a r a p e t. Di onda toxuşdur, gözünə dönüm. Allah elə səni öz əl-ayağınla göndəribdir. Araq verim?

B a x ş ı. Mən içmirəm.

K a r a p e t. Di başla.

H a y k a z. Gəl, Sona!

S o n a. Hayik, mən oynaya bilmirəm, başım hərlənir...

H a y k a z. Eybi yoxdur. İçən mən, sənin başın nə üçün hərlənir? Di başla qonşu (Baxşı çalmağa başlayır). Aha, bunun qabaqcadan oxumağı da var. Karapet, qabaqca biriniz oxumağını oxuyun.

O x u y a n.


Azad bir quşdum,

Yuvamdan uçdum,

Bir bağa düşdüm

Bu gənc yaşımda.


Hamı təkrar edir.
Bir ovçu gördü,

Köksümdən vurdu,

Torpağa düşdüm

Bu gənc yaşımda.


Hamı bir yerdə oxuyur, eyni zamanda. Sona oynayır. Hamı oynayır...

Birdən güllə atılır.


H a y k a z. Başlandı, pəncərələri örtün!
İ ş ı q d ə y i ş i r.
Bayaqkı otaq, ancaq işıqları sönmüş, yalnız içəri otağın pəncərəsindən

keçən işıq otağı bir qədər aydınlaşdırır.

Bu aralıq, Sona ağ yataq paltarında içəridən çıxır, yavaşca Baxşıya yanaşaraq.
S o n a. Baxşı!

B a x ş ı (birdən diksinmiş kimi). Hə... Sona, sənsən?

S o n a (əlindəki açarı ona uzadaraq). Al, tez burdan get!

B a x ş ı. Sona, sonra səni incidərlər. Onsuz da bayırda, gərək ki, atışmadır, burada, ya orada mənim üçün heç bir fərqi yoxdur.

S o n a. Get və bir kəlmə də danışma...

B a x ş ı. Yaxşı, Sona.


Açarı alır və yavaşca bayıra çıxır. Sona bir qədər qapıda donub qalır və

sonra Baxşının getdiyini təyin edib dönmək istəyir,

bu halda üzərinə bir kölgə yeriməyə başladığını görüncə, özünü saxlaya bilməyir.
S o n a. Ah! (deyə qışqırır).

E y v a z. Sona, qorxma, mənəm, Baxşı haradadır? Mənə dedilər ki, o buraya gəlmişdir, mən onun dalınca gəlmişəm.

S o n a. Mən açarı ona verdim, getdi.
Bu halda Haykaz çığırtı ilə içəridən çıxır və işığı yandırır.
H a y k a z. Ey, kim var burada, Sona?

E y v a z. Mənəm.

H a y k a z. Eyvaz, sənsən, sən burada nə gəzirsən?

E y v a z. Sən burada nə gəzirsən, millət qəhrəmanı? Millət bayırdadır, qənbərlik üstədir, qazmalardadır, ölür, qırılır, sən evdə yatırsan...millət qəhrəmanı!

H a y k a z (oyan-buyana baxaraq). O haraya getdi. Sona?.. De görüm o hayana getdi?

E y v a z. Onu mən buraxdım.

H a y k a z. Nə haqq ilə mənim evimdə ağalıq edirsən?

E y v a z. Nə haqq ilə? Gəl, bax (Bayırda yanğın görünür). Gör, evlər yanır, mədənlər yanır, binalar dağılır, bütün şəhəri alov, tüstü və duman bürümüşdür, pulemyotlar, vintovkalar, göydən od yağır, yerdən qan axır. O odun içindəkilər kimlərdir? Qorumalı heç bir şeyi olmayan ac, yoxsul kütlə, var-yoxunu iki patrona verib atır; lakin kimə? Qardaş-qardaşa. Nə üçün? Kimin üçün? Sizin üçün, sizin mədənlərinizi, sizin evlərinizi qorumaq üçün. Bu saat öz yumşaq yatağında şirin- şirin yatan ağamyanlar və bu saat general qubernatorun evində qumar oynayan salamovlar üçün.

H a y k a z. Siz onu yağışdan çıxarıb, yağmura atdınız... Mən onu salamat saxlayıb buraxacaqdım... Basqına gələn müsəlmanlardır. Bu adamları da qazmaya göndərən mən deyiləm.

E y v a z. Qazmaya göndərən sən deyilsən, amma bu qazmaları yaradan sənsən, sənin atandır, sizin sinfi təbiətinizdir, sizin başınızın üstündə öz qara qanadlarını çırpan ikibaşlı qartaldır.

H a y k a z. Onlar öz milli namuslarını qoruyurlar.

E y v a z. Onlar sizin pullarınızı qoruyurlar.

H a y k a z. Sən xainsən!

E y v a z. Mən xain deyiləm, mən düşmənəm!

H a y k a z. Mən ölü milçək deyiləm, Əsriyan. Düşmən düşməni silahla qarşılayar (Əlini cibinə atır, ancaq Eyvaz ondan tez tapançasını çıxarır).

S o n a (özünü onların arasına atır). Etməyin, yalvarıram sizə!

E y v a z. Saxla, geri! (Bu halda bayırdan bir güllə pəncərəyə dəyir. Şüşə sınıb yerə tökülür. Gülümsəyərək) Pəncərəni örtün, patron sizing pullarınızla hesablaşmaz.
İ ş ı q s ö n ü r.
ON İKİNCİ ŞƏKİL
Küçədə iki “düşmən” üz-üzə.
E r m ə n i. Ey, dəli müsəlman, qabağa soxulma, məzhəb haqqı, elə vuraram, motal kimi partlarsan.

M ü s ə l m a n. Uzun danışma, qurumsaq. O Əlinin qəzəb oğlu Əbülfəzabbas haqqı, torpağını torba ilə daşıyacağam. Kişisən, başını çıxar, möhürlüyüm alnını.

E r m ə n i. A gedə, İşxan, apar o uşaqları, daldan salın o köpəy oğlu müsəlmanı dövrəyə.

M ü s ə l m a n. O Əlinin qəzəb oğlu Əbülfəzabbas haqqı, lap bir rot da gəlsəniz, ayaq geri basan deyiləm. Cücə kimi dənlərəm sizi. Mənə qarabağlı deyərlər. Kişisən, təkbətək gəl, qaraldım gözünün altını.

E r m ə n i. Gəlməyən heç kişi deyil.

M ü s ə l m a n. Yox, aşna, aldada bilməzsən. Oturmuşam özüm üçün rahat mosdovoyda, əlimdə beşatılan, belimdə patrondaş, istər küllühüm Ərəsey yığılsın gəlsin, yerimdən tərpənən deyiləm.

E r m ə n i. A gedə, belə görürəm sən də elə mənim kimi ağıldan kasıbsan. Qarabağda kimlərdənsən?

M ü s ə l m a n. Sən kimi tanıyırsan?

E r m ə n i. Mən, Yevlaxdan o üzə bütün qarabağlıları tanıyıram.

M ü s ə l m a n. Usta Muğanı tanıyırsan?

E r m ə n i. Zurnaçı Muğanı? Onun zatını tanıyıram.

M ü s ə l m a n. Bura bax, qonşu, sən zəhmət çək, bir az da danış.

E r m ə n i. Qonşu, mən də elə onu deyəcəkdim. Sənin səsin mənə tanış gəlir.

M ü s ə l m a n. Qonşu, zəhmət çək, bir balaca başını səngərdən çıxar.

E r m ə n i. Yox, aşna, heç o boyda zarafat yoxdur.

M ü s ə l m a n. Sən öləsən, vurmaram, o Əlinin qəzəb oğlu Əbülfəzabbas haqqı, vurmaram.

E r m ə n i. Yox, aşna, mən ölüm, heç üz vurma, ölsən də, başımı çıxaran deyiləm... İstəyirsən sən çıxar, mən baxım. Məzhəb haqqı vurmaram.

M ü s ə l m a n. A kişi, mənim gözlərim səninkindən yaxşı seçir. İstəyirsən, tüfəngi qoyum yerə. Ha... inanmırsan, bax, bu da mənim əllərim.

E r m ə n i. Yox, qonşu, dil tökmə, keçəl suya gedən deyil...

M ü s ə l m a n. A kişi, hansı kənddənsən?

E r m ə n i. Mən Tuğdanam.

M ü s ə l m a n. A kişi, mən də oradanam ki, Allahverdi Qəhrəman oğlunu tanıyırsan?

E r m ə n i. Necə, Allahverdi? (Başını çıxarır). Allahverdi elə mən özüməm ki.

M ü s ə l m a n. Gədə, Allahverdi? (Başını çıxarır).

A l l a h v e r d i. A kişi, Imamverdi! Tfu sənə, gic müsəlman! (Hər ikisi birbirini qucaqlayır). Səhərdən başımı dolaşdırmışsan, ürək-göbəyimi yemişəm. Haçan gəldin? Uşaqlar necədir? Gülsün bacı neyləyir?

İ m a m v e r d i. Hamısı duaçıdır. Nabat bacı necədir?

A l l a h v e r d i. Çox-çox duaçıdır. Mənə bax, İmamverdi, mən ölüm, tüfəngi hara qoydun?

İ m a m v e r d i. Sən öləsən, səni gördüm, sevindiyimdən heç bilmirəm hara atdım. Yəni tüfəngdə də tüfənglik yoxdur, zəhrimar şişirdir. Əvvəllər bir pistonlu tüfəngim var idi, sonra bunu tapdım, onun da patronu yoxdur. Sən Allah, Allahverdi, bir-iki patron ver mənə.

A l l a h v e r d i. Axtarsan, elə mənimki də azdır. Ala, dörd dənə verim, ancaq, mən ölüm, atanda üzü bəri tutmayasan. Sən öləsən, köpəy uşağı bir iş gördülər ki, iş olsun. Ara yerdə xalqı verdilər qırğına. Bah, bəs sən deyirdin patrondaşım doludur.

İ m a m v e r d i. A kişi patrondaş hanı? Yalandan küyə salmışdım. Bura bax, Allahverdi, oturmuşuq burada, birdən o köpəy oğlu İşxan dediyin daldan gələr...

A l l a h v e r d i. A kişi, burada Işxan nə gəzir. Yalandan səni qorxudub qaçırmaq istəyirdim.

İ m a m v e r d i. Sən öləsən, bir az da möhkəm desəydin, qaçacaqdım.

A l l a h v e r d i. Axtarsan, elə mən özüm də hazırlaşırdım qaçmağa... Bura bax, hələ sən nə üçün özünü soxmuşsan hamıdan qabağa?

İ m a m v e r d i. Ey, sənin sözün nədir, qarabağlı gədəsi dalda qalsın? Cahad eləmişəm də. Bəs sənə nə düşüb hamıdan qabaq gəlmişsən?

A l l a h v e r d i. Nə bilim, a kişi, mən də qarabağlıyam də, mən də sənin kimi axmağam də.

İ m a m v e r d i. Eyvazdan xəbər var? Mən ki, Baxşını tapa bilmirəm.

A l l a h v e r d i. Eyvazın işi uzundur: nə öldüsü məlumdur, nə qaldısı. Elə acam...

İ m a m v e r d i. Sən öləsən, Allahverdi, mənim ürəyim axır acından, lap qarnım girdovoy fiti kimi qaytağı vurur.

A l l a h v e r d i. Dayan, mənim heybəmdə sürsat var... Hə, qızı vermişəm axı, bu gecə toy idi.

İ m a m v e r d i. Qızı verdin? Allah mübarək eləsin. Kimə?

A l l a h v e r d i. Heç demə, İmamverdi, bir qələt idi ata-babam ilə eləmişəm, ancaq daha keçibdir. Hələ gördüm bayırda vurhavurdur mətbəxdə yarım dənə toyuq var idi, bir az qalbas ilə donuz əti, tez doldurdum heybəmə, durdum ayağa.

İ m a m v e r d i. Qalbas ilə donuzu özün ye, toyuğu bəri ver.

A l l a h v e r d i. Allah bunların evini yıxsın, yıxdılar məxluğun evini.

İ m a m v e r d i. Doğrudan, ay Allahverdi, bu nə işdir gördülər, bunu hansı ağıllı elədi?

A l l a h v e r d i. Heç bilmək olur necə işdir. Mənə nə düşüb gəlim sənin ilə əlbəyaxa olum. Hələ o yanındakı kim idi, yazığı vurdum, yıxıldı. Vallah, qorxudan atdım, yoxsa heç vurardım?

İ m a m v e r d i. Burada adam nə gəzir, ay gic! Yanımdakı papağım idi, səni qorxutmaq üçün qoymuşdum! Ara yerdə papağım deşildi.

A l l a h v e r d i. Elə yaxşı ki, papaq imiş, ürəyim lap dincəldi.

İ m a m v e r d i. Yıxdılar kasıb-kusubun evin.


Bu aralıqda Aram görünür.
A r a m. Ey, kimsiniz?

A l l a h v e r d i. Mənəm, a gədə! Adə, tüfəngim nə oldu?

İ m a m v e r d i. A kişi, otur. Ya indi müsəlman olacaq, ya erməni. Erməni olsa, sən qoymazsan, müsəlman olsa, mən, olmasa, ikili düşərik üstünə.

A r a m. Yerinizdən tərpənməyin! Adınız nədir?

A l l a h v e r d i. Allahverdi Qəhrəman oğlu Əsriyan.

A r a m. Allahverdi dayı, sənsən?

A l l a h v e r d i. Mənəm. Deyəsən, İmamverdi, mənə tanış çıxdı. Dur keç dalıma. A gədə, sən kimsən?

A r a m. Mənəm, Aram.

A l l a h v e r d i. Aram, sənsən?

A r a m. Mənəm. Gecənin bu vaxtı o başda gözümə bir kölgə göründü. Uzaqdan Baxşıya oxşatdım. Yastı-yastı yeriyirdi. Yüyürdüm ki, çatım, tapa bilmədim. İtirdim. Dedim o birtəhərdir, yazıq fikir verməz, ilişib qalar, bu yanda rast gələr birinə...

İ m a m v e r d i. A gədə, Aram, bəs hayana getdi? Hardan gəlirsən?

A r a m. İmamverdi dayı, sənsən? Siz haradan tapışmışsınız?

İ m a m v e r d i. Atışırıq özümüz üçün də.

A r a m. Elə yaxınlarda gördüm. O olmaz, ancaq ona oxşayırdı.

A l l a h v e r d i. Adam bu vurhavurda bu köpəy uşağının arasına gələr?

İ m a m v e r d i. A gədə, Aram, bic-vələdüzüna, o nədir, o yazıq arvada nə üçün beş-altı köpüy göndərmirsən? Qalıb əl-amanda. Axır o gün gücnən daş-baş eləmişəm, bir batman buğda vermişəm, beş girvənkə də arpa; qatıb ona əl dəyirmanında çəkibdir. A r a m. Vallah, Imamverdi dayı, bu neçə vaxtda bikardım, elə təzəcə işə girmişdim, bu yandan da köpəy uşağı iş düzəltdilər. Aləmi verdilər qırğına... Ah...


Birdən güllə açılır, Aram ayağını tutur, Allahverdi yıxılır.
İ m a m v e r d i. Ay dadi-bidad, kişini vurdular!

A r a m. Yatın yerə!

A l l a h v e r d i. Atan kazaklardır...
İ ş ı q s ö n ü r.


Yüklə 358 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə