İŞGƏNCƏLƏRƏ VƏ DİGƏr qəddar, qeyri-İnsani, yaxud ləyaqəTİ alçaldan davraniş VƏ CƏza nöVLƏRİNƏ qarşi konvensiYA



Yüklə 85,23 Kb.
Pdf görüntüsü
tarix24.02.2018
ölçüsü85,23 Kb.
#27746


İŞGƏNCƏLƏRƏ VƏ DİGƏR QƏDDAR, QEYRİ-İNSANİ,  

YAXUD LƏYAQƏTİ ALÇALDAN DAVRANIŞ VƏ CƏZA NÖVLƏRİNƏ 

QARŞI KONVENSİYA  

 

BMT Baş Məclisinin 10 dekabr 1984-cü il tarixli 39/46 saylı qətnaməsi ilə qəbul edilmişdir 



və imzalanmaq, təsdiq və qoşulmaq üçün açıqdır  

qüvvəyə minməsi:  

27 (1)-ci maddəyə müvafiq olaraq 26 iyun 1987-ci il 

 

Bu Konvensiyanın iştirakçı dövlətləri Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində elan 



edilmiş prinsiplərə müvafiq surətdə, insana məxsus ləyaqətin və insan birliyinin bütün üzvlərinin 

bərabər və bölünməz hüquqlarının tanınmasının bütün dünyada azadlığın, ədalətin və sülhün 

əsası olduğunu hesab edərək,  

bu hüquqların insana məxsus ləyaqətdən irəli gəldiyini nəzərə alaraq, dövlətlərin Nizamnaməyə, 

məsələn, 55-ci maddəyə müvafiq olaraq, insan hüquqlarına və əsas azadlıqlarına hamılıqla 

hörmət və riayət edilməsinə yardım göstərməyə dair öhdəliklərini rəhbər tutaraq,  

hər ikisinin - həm İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 5-ci maddəsinin, həm də 

Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsinin - heç kəsin işgəncəyə və 

ya qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə məruz qalmamalı 

olduğunu bəyan etdiyinə diqqət yetirərək,  

həmçinin, Baş Məclisinin 9 dekabr 1975-ci ildə qəbul etdiyi Bütün şəxslərin işgəncələrdən və 

digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərindən müdafiə 

olunması haqqında Bəyannaməni nəzərə alaraq,  

işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə 

qarşı mübarizənin səmərəsini artırmaq istəyərək,  

aşağıdakılar barədə razılığa gəldilər: 



 

I HİSSƏ 

 

Maddə 1  

1. Bu Konvensiyanın məqsədləri üçün "işgəncə" termini hər hansı bir şəxsə ondan və ya başqa 

şəxsdən məlumat almaq, yaxud onun etirafına nail olmaq, onu və ya başqa şəxsi törətdiyi, 

yaxud törədilməsində şübhələnilən hərəkətə görə cəzalandırmaq, həmçinin onu və ya başqa 

şəxsi qorxutmaq və ya məcbur etmək, yaxud dövlətin vəzifəli şəxsi və ya rəsmi şəxs kimi çıxış 

edən başqa bir şəxs tərəfindən, yaxud da onların təhriki və ya onların bixəbərliyi, yaxud göz 

yumması ilə hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan istənilən səbəbə görə qəsdən güclü, 

fiziki, yaxud mənəvi ağrı və əzab yetirən hərəkətlər deməkdir. Bu anlayışa qanuni sanksiyalar 

nəticəsində törəyən, bu sanksiayaların ayrılmaz tərkib hissəsi kimi olan, yaxud onların 

təsadüfən doğurduğu ağrı və əzablar daxil edilmir.  

2. Bu maddə daha geniş tətbiqə dair müddəalar nəzərdə tutan və ya tuta bilən hər hansı 

beynəlxalq müqaviləyə, yaxud milli qanunvericiliyə xələl yetirmir.  



Maddə 2  

1. Hər hansı bir iştirakçı dövlət öz yurisdiksiyasında olan hər hansı ərazidə işgəncə 

hərəkətlərinin qarşısını almaq üçün təsirli qanunvericilik, inzibati, məhkəmə və ya digər tədbirləri 

görür.  


2. Necə olmasından asılı olmayaraq heç bir müstəsna hal: müharibə vəziyyəti və ya təhlükəsi, 

daxili siyasi qeyri-sabitlik, yaxud hər hansı digər fövqəladə şərait - işgəncəyə bəraət qazandıra 

bilməz.  

3. Yüksək vəzifəli şəxsin, yaxud dövlət hakimiyyəti orqanının əmri işgəncə verilməsinə bəraət 

qazandıra bilməz.  

Maddə 3  

1. İştirakçı dövlət hər hansı şəxsi işgəncə veriləcəyini ehtimal etməyə ciddi əsaslar olan başqa 

bir dövlətə sürgün etməməli, qaytarmamalı və ya təhvil verməməlidir.  

2. Səlahiyyətli hakimiyyət orqanları belə əsasların olmasını müəyyən etmək üçün işlə əlaqədar 

bütün şəraiti, o cümlədən həmin dövlətə insan hüquqlarının kobudcasına, biabırçı və kütləvi 

surətdə pozulması praktikasının mütəmadiliyini nəzərə alır.  

 

1



Maddə 4  

1. Hər bir iştirakçı dövlət bütün işgəncə hərəkətlərinin öz cinayət qanunvericiliyinə müvafiq 

olaraq baxılmasını təmin edir. Bu, işgəncə vermək cəhdinə və ya hər hansı bir şəxsin işgəncədə 

iştirakçılıq, yaxud iştirakdan ibarət olan hərəkətlərinə də aiddir.  

2. Hər bir iştirakçı dövlət bu cinayətlərin ağırlıq xarakterini nəzərə almaqla müvafiq cəzalar 

müəyyən edir.  



Maddə 5  

1. Hər bir iştirakçı dövlət 4-cü maddədə göstərilən cinayətlər barəsində öz yurisdiksiyasını 

bərqərar etmək üçün zəruri ola biləcək tədbirləri aşağıdakı hallarda görür:  

a) cinayətlər onun yurisdiksiyasında olan hər hansı ərazidə və ya həmin dövlətdə qeydiyyatdan 

keçirilmiş dəniz, yaxud hava gəmisində törədildikdə;  

b) şübhə edələn şəxs həmin dövlətin vətəndaşı olduqda;  

c) cinayətin qurbanı həmin dövlətin vətəndaşı olduqda və həmin dövlət müvafiq tədbiri 

məqsədəuyğun saydıqda.  

2. Hər bir iştirakçı dövlət belə cinayətlər barəsində öz yurisdiksiyasını bərqərar etməkdə zəruri 

ola biləcək həmin tədbirləri şübhə edilən şəxsin onun yurisdiksiyasındakı hər hansı ərazidə 

olduğu və onu 8-ci maddəyə müvafiq olaraq, bu maddənin 1-ci bəndində xatırlanan dövlətlərin 

hər hansı birinə təhvil vermədiyi hallarda da həmin qaydada görür.  

3. Bu Konvensiya daxili qanunvericiliyə müvafiq hər hansı cinayət yurisdiksiyasının həyata 

keçirilməsini istisna etmir.  



Maddə 6  

1. 4-cü maddədə göstərilən cinayətlərdən hər hansı birini törətdiyi şübhə edilən şəxsin 

ərazisində olduğu hər hansı iştirakçı dövlət sərəncamındakı informasiyanı araşdırdıqdan sonra, 

şəraitin tələb etdiyinə əmin olduqda, həmin şəxsi həbsə alır və ya onun ölkədə qalmasını təmin 

edən digər hüquqi tələbləri görür. Həbsə alma və bu qəbil digər tədbirlər həmin dövlətin 

qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir və cinayət-prosessual hərəkətləri, yaxud təhvil 

vermə işləri görmək üçün zəruri olan vaxt ərzində davam edə bilər.  

2. Belə dövlət dərhal faktların ilkin təhqiqatını aparır.  

3. Bu maddənin 1-ci bəndinə əsasən həbs edilmiş hər hansı br şəxsin vətəndaşı olduğu dövlətin 

ən yaxında olan müvafiq nümayəndəsi və ya o, vətəndaşlığı olmayan şəxsdirsə, adətən 

yaşadığı dövlətin nümayəndəsi ilə dərhal əlaqə yaratmasına yardım göstərilir.  

4. Dövlət bu maddəyə müvafiq olaraq hər hansı bir şəxsi həbs etdikdə, 5-ci maddənin 1-ci 

bəndində xatırlanan dövlətlərə həmin şəxsin həbsdə olması faktı və onun tutulmasına əsas 

verən hallar barədə dərhal xəbər verir. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan ilkin 

təhqiqatı aparan dövlət aldığı məlumatları yuxarıda xatırlanan dövlətlərə gecikdirmədən bildirir 

və öz yurisdiksiyasını tətbiq etmək niyyətində olub-olmadığını göstərir.  



Maddə 7  

1. 4-cü maddədə göstərilən cinayətlərdən hər hansı birini törətməkdə şübhə edilən şəxsi, 

yurisdiksiyasındakı ərazidə oldduğu aşkar edilən iştirakçı dövlət 5-ci maddədə nəzərdə tutulan 

hallarda təhvil vermirsə, həmin işi məhkəmə təqibi üçün özünün səlahiyyətli hakimiyyət 

orqanlarına verir.  

2. Bu hakimiyyət orqanları həmin dövlətin qanunvericiliyinə müvafiq olaraq, böyük ictimai 

təhlükəli hər hansı cinayət hallarında olduğu qaydada qərar qəbul edirlər. 5-ci maddənin 2-ci 

bəndində sadalanan hallarda məhkəmə təqibi və məhkum etmə üçün zəruri olan dəlillərə irəli 

sürülən tələblərin ciddiliyi 5-ci maddənin 1-ci bəndində göstərilən hallarda tətbiq edildiyindən 

heç də az olmur.  

3. 4-cü maddədə göstərilən hər hansı cinayətlə bağlı barəsində təhqiqat aparılan istənilən şəxsə 

təhqiqatın bütün mərhələlərində ədalətli davranış təminatı verilir.  



Maddə 8  

1. 4-cü maddədə göstərilən cinayətlər iştirakçı dövlətlər arasında təhvil verməyə dair mövcud 

olan hər hansı müqaviləyə təhvil vermə doğuran cinayətlər kimi daxil edilməlidir. İştirakçı 

dövlətlər belə cinayətləri təhvil verməyə dair aralarında bağlanan hər hansı müqaviləyə təhvil 

vermə doğuran cinayətlər kimi daxil etməyi öhdələrinə götürürlər.  

2. Təhvil vermə üçün müvafiq müqavilə olmasını tələb edən iştirakçı dövlət təhvil verməyə dair 

müqavilə bağlamış olduğu digər iştirakçı dövlətdən təhvil vermə barədə xahiş alarsa, həmin 

cinayətlərə münasibətdə bu Konvensiyanı təhvil vermənin hüquqi əsası kimi götürə bilər. Təhvil 

vermə bu barədə xahiş edilən dövlətin qanunvericiliyində nəzərdə tutulan digər şərtlərə müvafiq 

 

2




həyata keçirilir.  

3. Təhvil vermə üçün müvafiq müqavilənin olmasını tələb etməyən iştirakçı dövlətlər öz 

aralarındakı münasibətlərdə belə cinayətlərə təhvil vermə xahiş edilən dövlətin 

qanunvericiliyində nəzərdə tutulan şərtlərə müvafiq olaraq, təhvil vermə doğuran cinayətlər kimi 

baxırlar.  

4. Belə cinayətlərə iştirakçı dövlətlərin təhvil vermə məqsədləri baxımından elə nəzərdən keçirilir 

ki, sanki onlar ancaq törədildiyi yerdə deyil, həm də 5-ci maddənin 1-ci bəndinə müvafiq olaraq, 

öz yurisdiksiyasını bərqərar etməyə borclu olan dövlətlərin ərazisində baş vermişdir.  



Maddə 9  

1. İştirakçı dövlətlər 4-cü maddədə sadalanan cinayətlərdən hər hansı biri barədə görülən 

cinayət-prosessual hərəkətlərlə bağlı bir-birinə, məhkəmə araşdırması üçün sərəncamlarında 

olan bütün zəruri sübutların təqdimi də daxil olmaqla, dolğun yardım göstərirlər.  

2. İştirakçı dövlətlər bu maddənin 1-ci bəndində göstərilən öhdəliklərini qarşılıqlı hüquqi yardım 

haqqında aralarında bağlana biləcək müqavilələrə müvafiq yerinə yetirirlər.  



Maddə 10  

1. Hər bir iştirakçı dövlət işgəncələrin qadağan edilməsinə dair tədris materiallarının və 

informasiyanın hüquqtətbiqedici orqanların heyətinin, mülki, hərbi və ya tibbi heyətin, dövlətin 

vəzifəli şəxslərinin və hər hansı formada həbs edilmiş, tutulmuş, yaxud azadlıqdan məhrum 

edilmişlərin həbsdə saxlanılması və dindirilməsi, habelə onlarla təmasda olan şəxslərin hazırlığı 

proqramlarına tam şəkildə daxil olunmasını təmin edir.  

2. Hər bir iştirakçı dövlət bu qadağanı belə şəxslərdən hər hansı birinin vəzifə və funksiyalarına 

aid qaydalara və ya təlimatlara da daxil edir.  



Maddə 11  

Hər bir iştirakçı dövlət yurisdiksiyasında olan ərazidə hər hansı formada həbs edilmiş, tutulmuş, 

yaxud azadlıqdan məhrum edilmiş şəxslərin dinlənilməsinə, həmçinin saxlanılma şərtlərinə və 

onlarla davranışa dair qaydaları, təlimatları, üsulları və praktikanı hansısa işgəncə hallarına yol 

verməmək üçün müntəzəm surətdə nəzərdən keçirir.  

Maddə 12  

Hər bir iştirakçı dövlət yurisdiksiyasında olan hər hansı ərazidə işgəncə tətbiq olunmasını 

ehtimal etməyə kifayət qədər əsas olduqda, səlahiyyətli orqanlarının təcili və obyektiv təhqiqat 

aparması üçün şərait təmin edir.  



Maddə 13  

Hər bir iştirakçı dövlət yurisdiksiyasında olan hər hansı ərazidə işgəncələrə məruz qaldığını 

iddia edən hər bir şəxsin bu dövlətin səlahiyyətli hakimiyyət orqanlarına şikayət verməsi və onlar 

tərəfindən belə şikayətlərə təcili və obyektiv baxılması hüququnu təmin edir. Şikayət və şahid 

ifadələrinə görə iddiaçı və şahidlərin pis davranış, yaxud hədə-qorxudan müdafiəsini təmin 

etmək üçün tədbirlər görülür.  



Maddə 14  

1. Hər bir iştirakçı dövlət işgəncə qurbanının əvəz almasını və hüquqi sanksiya ilə 

möhkəmləndirilən ədalətli və adekvat kompensasiyanı, o cümlədən mümkün qədər daha tam 

reabilitasiya vasitələri əldə etməsini öz hüquq sistemində təmin edir. İşgəncə qurbanı işgəncə 

nəticəsində ölərsə, kompensasiya almaq hüququ onun öhdəsində olanlara verilir.  

2. Bu maddə işgəncə qurbanının və ya digər şəxslərin milli qanunvericiliyə əsasən mümkün 

olan hər hansı kompensasiya hüququna toxunur.  

Maddə 15  

Hər bir iştirakçı dövlət işgəncə altında verildiyi müəyyən ediliş hər hansı bəyanatdan, bu 

bəyanatın işgəncə verməkdə ittiham olunan şəxsə qarşı sübut kimi istifadə edilməsi halları 

istisna olmaqla istənilən məhkəmə baxışında sübut kimi istifadə olunmasını təmin edir.  



Maddə 16  

1. Hər bir iştirakçı dövlət işgəncənin 1-ci maddədəki anlayışına daxil olmayan digər qəddar, 

qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinin, yurisdiksiyasında olan hər 

hansı ərazidə dövlətin vəzifəli şəxslərinin və ya rəsmi şəxs kimi çıxış edən şəxsin təhriki, ya da 

icazəsi və ya sükutlu razılığı ilə törədilməsinin qarşısını almağı, habelə 10,11, 12 və 13-cü 

maddələrdəki öhdəliklərin tətbiqini işgəncə sözünü digər qəddar, qeyri-insani, yaxud ləyaqəti 

alçaldan davranış və cəza növləri sözlərilə əvəz etməklə öhdəsinə götürür.  

2. Bu Konvensiyanın müddəaları qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza 

növlərini qadağan edən, yaxud təhvil verməyə, sürgün olunmağa dair hər hansı digər 

 

3




beynəlxalq müqavilənin və ya milli qanunvericiliyin müddəalarına xələl gətirmir. 

 

II HİSSƏ 



 

Maddə 17  

1. Aşağıda nəzərdə tutulan funksiyaları yerinə yetirən İşgəncələrə qarşı Komitə (bundan sonra - 

Komitə) yaradılır. Komitə yüksək əxlaqi keyfiyyətlərə malik, insan hüquqları sahəsində səriştəsi 

ilə tanınan və fərdi qaydada çıxış edən on bir ekspertdən ibarətdir. Ekspertlər iştirakçı dövlətlər 

tərəfindən seçilir və bu zaman diqqət, ədalətli coğrafi bölgüyə, habelə hüquq təcrübəsi olan bir 

neçə şəxsin iştirakının məqsədəuyğunluğuna yetirilir.  

2. Komitə üzvləri iştirakçı dövlətlərin irəli sürdükləri namizədlər siyahısından gizli səsvermə yolu 

ilə seçilir. Hər iştirakçı dövlət öz vətəndaşları arasından bir namizəd irəli sürə bilər. İştirakçı 

dövlətlər Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta müvafiq olaraq təsis edilmiş 

İnsan Hüquqları Komitəsinin üzvü olan və İşgəncələrə qarşı Komitədə işləmək arzusunu bildirən 

şəxslərin namizədliyini irəli sürməyin məqsədəuyğunlunu nəzərə alırlar.  

3. Komitə üzvləri iştirakçı dövlətlərin Birləşmiş Millətlər Təşkilatı Baş Katibinin iki ildə bir dəfə 

çığırdığı müşavirələrində seçilir. İştirakçı dövlətlərin üçdə ikisinin yetərsay olduğu bu 

müşavirələrdə ən çox səs alan və müşavirə və səsvermədə iştirak edən bu Konvensiyanın 

iştirakçısı olan dövlət nümayəndələrinin mütləq səs çoxluğunu əldə etmiş namizədlər Komitəyə 

üzv seçilmiş hesab edilir.  

4. İlk seçkilər bu Konvensiyanın qüvvəyə minməsi tarixindən sonra altı aydan gec olmayaraq 

keçirilir. Növbəti seçkilərin keçirilməsinə ən azı dörd ay qalmış Birləşmiş Millətlər Təşkilatının 

Baş Katibi iştirakçı dövlətlərə üç ay müddətində öz namizədlərini irəli sürmək təklifilə məktub 

göndərir. Baş Katib namizədlərin əlifba sırası ilə düzülmüş siyahısını onları irəli sürmüş iştirakçı 

dövlətləri göstərməklə hazırlayır və iştirakçı dövlətlərə təqdim edir.  

5. Komitə üzvləri dörd ilə seçilir. Onlar namizədlikləri təkrar irəli sürüldükdə yenidən seçilmək 

hüququna malikdirlər. Lakin ilk seçkilərdə seçilmiş beş üzvün səlahiyyət müddəti ikinci ilin 

sonunda qurtarır. Həmin beş üzvün adları bu maddənin 3-cü bəndində qeyd olunan müşavirə 

sədrinin ilk seçkidən dərhal sonra keçirdiyi püşk vasitəsilə müəyyən edilir.  

6. Komitə üzvü ölkədə və ya istefa verdikdə, yaxud hər hansı başqa səbəblərə görə Komitədə 

öz funksiyalarını yerinə yetirə bilmədikdə, onun namizədliyini irəli sürmüş iştirakçı dövlət qalan 

müddətə öz vətəndaşları arasından iştirakçı dövlətlərin əksəriyyəti tərəfindən bəyənilməklə 

başqa ekspert təyin edir. İştirakçı dövlətlərin yarısı və ya bundan çoxu təklif olunan təyinat 

haqqında Birləşmiş Millətlər Təşkilatının Baş Katibindən məlumat aldıqdan sonra altı həftə 

ərzində mənfi cavab vermədikdə, namizəd bəyənilmiş sayılır.  

7. İştirakçı dövlətlər Komitə üzvlərinin Komitədə üzərlərinə düşən vəzifələri yerinə yetirdikləri 

müddətdəki xərclərinin ödənməsini öz üzərlərinə götürürlər.  

Maddə 18  

1. Komitə vəzifəli şəxslərini iki il müddətinə seçir. Onlar yenidən seçilə bilərlər.  

2. Komitə özünün xüsusi prosedura qaydalarını müəyyən edir, lakin bu qaydalarda aşağıdakılar 

da nəzərdə tutulmalıdır.:  

a) altı üzv yetərsay təşkil edir;  

b) Komitənin qərarları iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir.  

3. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Komitəni bu Konvensiyaya müvafiq olaraq 

funksiyalarını səmərəli yerinə yetirməsi üçün onu lazımi heyət və şəraitlə təmin edir.  

4. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Komitənin ilk müşavirəsini çağırır. Komitə ilk 

müşavirədən sonra, prosedura qaydalarında nəzərdə tutulan müddətlərdə toplaşır.  

5. İştirakçı dövlətlər bu dövlətlərin və Komitənin müşavirələrinin keçirilməsi ilə bağlı xərcələri - 

Birəlişmiş Millətlər Təşkilatına ödənilən hər hansı xərclər, o cümlədən Birləşmiş Millətlər 

Təşkilatının bu maddənin 3-cü bəndinə müvafiq olaraq təmin etdiyi heyət və şərait üçün 

ödənilən xərclər də daxil olmaqla - öz üzərlərinə götürürlər.  



Maddə 19  

1. İştirakçı dövlətlər bu Konvensiyanın onlar üçün qüvvəyə mindiyi vaxtdan keçən bir il ərzində 

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi vasitəsilə Komitəyə bu Konvensiyaya əsasən 

öhdəliklərini həyata keçirmək üçün gördükləri tədbirlər haqqında məruzə təqdim edirlər. 

Sonralar iştirakçı dövlətlər görülmüş hər hansı yeni tədbirlər haqqında dörd ildə bir dəfə əlavə 

məruzələr, həmçinin Komitənin istəyə biləcəyi digər məruzələr təqdim edirlər.  

 

4



2. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi bu məruzələri bütün iştirakçı dövlətlərə göndərir.  

3. Hər bir məruzə Komitədə baxılır. Komitə məruzəyə məqsədəuyğun saydığı ümumi xarakterli 

qeydlər edə bilər və onları müvafiq iştirakçı dövlətlərə göndərir. Bununla əlaqədar iştirakçı dövlət 

münasib saydığı istənilən qeydlərini Komitəyə təqdim edə bilər.  

4. Komitə bu maddənin 3-cü bəndinə müvafiq olaraq etdiyi qeydlərdən və onlara dair müvafiq 

iştirakçı dövlətlərdən aldığı qeydlərdən hər hansı birinin, 24-cü maddəyə müvafiq olaraq, 

hazırladığı illik məruzəyə salınması məsələsini öz mülahizəsi ilə həll edir. Komitə bu maddənin 

1-ci bəndinə müvafiq olaraq təqdim edilmiş məruzənin nüsxəsini də, müvafiq iştirakçı dövlətin 

xahişi ilə, özünün illik məruzəsinə daxil edə bilər.  

Maddə 20  

1. Komitə hər hansı iştirakçı dövlətin ərazisində müntəzəm olaraq işgəncə tətbiq edildiyinə dair, 

onun fikrincə, tam əsaslı dəlillərə malik mötəbər informasiya alarsa, həmin iştirakçı dövlətə bu 

informasiyaya baxılmasında əməkdaşlıq etməyi və bu məqsədlə həmin informasiyaya dair 

qeydlərini təqdim etməyi təklif edir.  

2. Komitə müvafiq iştirakçı dövlətin təqdim etdiyi hər hansı qeydi, həmçinin işə dair 

sərəncamında olan hər hansı digər informasiyanı nəzərə almaqla, məqsədəuyğun hesab edirsə, 

özünün və ya bir neçə üzvünü məxfi təhqiqat aparmaq və Komitəyə təcili surətdə müvafiq 

məruzə təqdim etmək üçün təyin edə bilər.  

3. Bu maddənin 2-ci bəndinə uyğun olaraq təhqiqat aparılarsa, Komitə müvafiq iştrakçı dövlətlə 

əməkdaşlıq yaratmağa çalışır. Bu iştirakçı dövlətin razılığı ilə təhqiqat onun ərazisində də 

aparıla bilər.  

4. Üzvün və ya üzvlərin apardığı təhqiqatın bu maddənin 2-ci bəndinə müvafiq olaraq, təqdim 

edilən nəticələrinə baxdıqdan sonra Komitə həmin nəticələri mövcud vəziyyətdə məqsədəuyğun 

olan hər hansı qeyd və təkliflərlə birlikdə müvafiq iştirakçı dövlətə göndərir.  

5. Komitənin bu maddənin 1-4-cü bəndlərində xatırlanan bütün işləri məxfi xarakter daşıyır işin 

bütün mərhələlərində iştirakçı dövlətlə əməkdaşlığa səy göstərilməlidir. 2-ci bəndə müvafiq 

olaraq aparılmış təhqiqatla bağlı iş başa çatdıqdan sonra Komitə müvafiq iştirakçı dövlətlə 

məsləhətləşməklə həmin iş nəticələrinə dair hazırladığı qısa hesabatı 24-cü maddəyə uyğun 

olaraq tərtib etdiyi illik məruzəyə daxil etmək haqqında qərar qəbul edə bilər.  



Maddə 21  

1. Bu maddəyə müvafiq olaraq, bu Konvensiyanın hər hansı iştirakçı dövləti bir iştirakçı dövlətin 

digər iştirakçı dövlətə bu Konvensiya üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı ərizəyə aid 

məlumatları Komitənin almaq və onlara baxmaq səlahiyyətini tanındığı istənilən vaxt bəyan edə 

bilər. Belə məlumatlar bu maddədə şərh edilən prosedurlara müvafiq olaraq, yalnız o halda 

qəbul edilə və baxıla bilər ki, onlar Komitənin səlahiyyətini tanındığını bəyan etmiş iştirakçı 

dövlət tərəfindən təqdim edilmiş olsun. Bu maddə üzrə verilmiş məlumatlar belə bəyanat 

verməmiş iştirakçı dövlətlərə aiddirsə, Komitə onlara baxmır. Bu maddəyə əsasən alınmış 

məlumatlar aşağıdakı prosedura ilə baxılır:  

a) bir iştirakçı dövlət digər iştirakçı dövlətin bu Konvensiya müddəalarını yerinə yetirmədiyini 

hesab edirsə, onda bu məsələni yazılı surətdə iştirakçı dövlətin diqqətinə çatdıra bilər. Bu 

məlumatı qəbul edən dövlət onu aldıqdan sonra üç ay ərzində belə məlumatı göndərmiş dövlətə 

yazılı formada izahat və ya bu məsələni aydınlaşdıran digər bəyanat göndərir ki, burada 

mümkün və məqsədəuyğun olduğu qədər, daxili proseduralar və bu məsələ üzrə görülmüş, 

görüləcək, yaxud görülə biləcək tədbirlər göstərilməlidir;  

b) məlumat göndərilmiş dövlətin bunu almasından keçən altı ay ərzində məsələ hər iki müvafiq 

iştirakçı dövlət üçün qənaətbəxş şəkildə həll edilməzsə, bu dövlətlərdən hər hansı birinin 

məsələni, Komitəyə və digər dövlətə bildirməklə, Komitəyə vermək hüququ vardır;  

c) Komitə bu maddəyə uyğun olaraq, ona verilmiş məsələyə yalnız bütün mümkün daxili 

tədbirlərin hamılıqla tanınmış beynəlxalq hüquq normalarına müvafiq olaraq tətbiq edildiyini və 

tükəndiyini yəqin etdikdə sonra baxır. Bu qayda həmin tədbirlərin tətbiqinin əsassız ləngidilməsi 

və ya bu Konvensiyanın pozulmasının qurbanı olan şəxsə səmərəli gömək edilə bilməsinin çətin 

olması hallarına aid edilir;  

d) Komitə bu maddə üzrə məlumatlara baxarkən iclaslarını qapalı keçirir;  

e) məsələni bu Konvensiyada nəzərdə tutulan öhdəliklərə hörmət əsasında dostcasına həll 

etmək məqsədilə Komitə "c" yarımbəndinin müddəalarına riayət etməklə, müvafiq iştirakçı 

dövlətlərə xeyirxah xidmətlər göstərir. Komitə bu məqsədlə, lazım gəldikdə, xüsusi razılaşma 

komissiyası təsis edə bilər;  

 

5



f) bu maddəyə müvafiq olaraqona verilmiş istənilən məsələ üzrə Komitə "b" yarımbəndində 

xatırlanan iştirakçı dövlətlərdən işə dair hər hansı məlumatı istəyə bilər;  

g) "b" yarımbəndində xatırlanan müvafiq iştirakçı dövlətlər məsələyə Komitədə baxılarkən, 

təmsil olunmaq və şifahi, yaxud yazılı təqdimat vermək hüququna malikdirlər;  

h) Komitə "b" yarımbəndinə müvafiq olaraq bildiriş aldıqdan sonra on iki ay ərzində məlumat 

bildirir;  

i) "e" yarımbəndinin müddəaları çərçivəsində nəticə əldə edilərsə, Komitə öz məlumatında 

faktların və əldə edilmiş nəticənin qısa şərhi ilə kifayətlənir;  

j) "c" yarımbəndinin müddəaları çərçivəsində nəticə əldə edilməzsə, Komitə öz məlumatında 

faktların qısa şərhi ilə kifayətlənir, iştirakçı dövlətlərin təqdim etdikləri yazılı təqdimatlar və şifahi 

bəyanatların yazılı mətni məlumata əlavə edilir.  

Hər məsələyə dair məlumat müvafiq iştirakçı dövlətlərə göndərilir.  

2. Bu maddənin müddəaları bu Konvensiyanın beş iştirakçı dövləti bu maddənin 1-ci bəndinə 

müvafiq olaraq bəyanat verdikdə qüvvəyə minir. İştirakçı dövlətlər belə bəyanatları Birləşmiş 

Millətlər Təşkilatının Baş Katibinə saxlanmaq üçün təhvil verirlər. Baş Katib onların nüsxələrini 

digər iştirakçı dövlətlərə göndərir. Bəyanat istənilən vaxt Baş Katibin adına bildiriş göndərməklə 

geri götürülə bilər. Belə geri götürmə, bu maddəyə müvafiq olaraq artıq verilmiş məlumatın 

mövzusu olan hər hansı məsələyə baxılmasına xələl gətirməməlidir. Baş Katib bəyanatın geri 

götürülməsi haqqında bildiriş aldıqdan sonra müvafiq iştirakçı dövlət yeni bəyanat 

verməmişdirsə, hər hansı iştirakçı dövlətdən bu maddəyə müvafiq olaraq heç bir məlumat qəbul 

edilmir.  

Maddə 22  

1. Bu Konvensiyanın iştirakçı dövləti Konvensiya müddəalarını iştirakçı dövlətin pozmasının 

qurbanı olduqlarını iddia etmələrinə dair yurisdiksiyasında olan şəxslərin məlumatlarını, yaxud 

onların adından gələn bu qəbil məlumatları Komitənin almaq və onlara baxmaq səlahiyyətini 

tanındığı istənilən vaxt bu maddəyə müvafiq olaraq bəyan edə bilər. Komitə belə bəyanat 

verməmiş iştirakçı dövlətə aid heç bir məlumat qəbul etmir.  

2. Komitə anonim və ya onun fikrincə, belə məlumatlar təqdim etmək hüququndan sui-istifadə 

edildiyi halda, yaxud bu Konvensiyanın müddəalarına uyğun gəlməyən hər hansı məlumatı bu 

maddəyə əsasən qəbul edilən saymır.  

3. Komitə 2-ci bəndin müddəalarını nəzərə alaraq, bu maddəyə müvafiq olaraq ona təqdim 

edilmiş hər hansı məlumatı bu Konvensiyanın 1-ci bəndinə əsasən bəyanat vermiş və 

Konvensiyanın bu və ya digər müddəasını pozması güman edilən iştirakçı dövlətin diqqətinə 

çatdırır. Məlumatı almış iştirakçı dövlət altı ay ərzində Komitəyə məsələni və həmin dövlətin 

görə biləcəyi tədbirləri dəqiqləşdirən yazılı izahat və ya bəyanat təqdim edir.  

4. Komitə bu maddəyə əsasən aldığı məlumatı həmin şəxs və ya onun adından, yaxud müvafiq 

iştirakçı dövlət tərəfindən Komitəyə təqdim edilmiş bütün informasiya baxımından nəzərdən 

keçirir.  

5. Komitə, aşağıdakıları yəqin etməyincə, hər hansı şəxsin təqdim etdiyi heç bir məlumata bu 

maddəyə əsasən baxmır:  

a) bu məsələ beynəlxalq istintaqın və ya tənzimin hər hansı başqa prosedurası üzrə 

baxılmamışdır və baxılmır;  

b) həmin şəxsin bütün daxili hüquqi müdafiə tədbirləri tükənmişdir, həmin qayda bu tdbirlərin 

tətbiqinin əsassız ləngidilməsi və ya bu Konvensiyanın pozulmasının qurbanı olan şəxsə 

səmərəli kömək edilə bilməsinin çətin olması hallarına aid edilmir.  

6. Bu maddə üzrə məlumatları baxarkən Komitə iclaslarını qapalı keçirir.  

7. Komitə öz rəyini müvafiq iştirakçı dövlətə və həmin şəxsə bildirir.  

8. Bu maddənin müddəaları bu Konvensiyanın beş iştirakçı dövləti bu maddənin 1-ci bəndinə 

müvafiq olaraq bəyanat verdikdə qüvvəyə minir. İştirakçı dövlətlər belə bəyanatları saxlanmaq 

üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təhvil verirlər. Baş Katib onların nüsxələrini 

digər iştirakçı dövlətlərə göndərir. Bəyanat istənilən vaxt Baş Katibin adına bildiriş göndərməklə 

geri götürülə bilər. Belə götürə bilmə, bu maddəyə müvafiq olaraq artıq verilmiş məlumatın 

mövzusu olan hər hansı məsələyə baxılmasına xələl gətirməməlidir. Baş Katib bəyanatın geri 

götürülməsi haqqında bildiriş aldıqdan sonra, müvafiq iştirakçı dövlət yeni bəyanat 

verməmişdirsə, hər hansı iştirakçı dövlətdən bu maddəyə müvafiq olaraq heç bir məlumat qəbul 

edilmir.  

Maddə 23  

 

6




Komitənin və 21-ci maddənin 1-ci bəndinin "e" yarımbəndinə əsasən təyin edə bilən xüsusi 

razılaşma komissiyalarının üzvləri Birləşmiş Millətlər Təşkilatının imtiyaz və immunitetləri 

haqqında Konvensiyanın müvafiq bölmələrində nəzərdə tutulduğu kimi, Birləşmiş Millətlər 

Təşkilatının tapşırığı ilə fəaliyyət göstərən ekspertlərin malik olduqları güzəştlərə, imtiyazlara və 

immunitetlərə malikdirlər.  

Maddə 24  

Komitə bu Konvensiyaya müvafiq olaraq gördüyü işlər barədə iştirakçı dövlətlərə və Birləşmiş 

Millətlər Təşkilatının Baş Məclisinə illik hesabat təqdim edir. 

 

III HİSSƏ 

 

Maddə 25  

1. Bu Konvensiya bütün dövlətlərin imzalanması üçün açıqdır.  

2. Bu Konvensiya təsdiq edilməlidir. Təsdiqetmə fərmanları saxlanmaq üçün Birləşmiş Millətlər 

Təşkilatının Baş Katibinə təhvil verilir.  

Maddə 26  

Bu Konvensiya bütün dövlətlərin qoşulması üçün açıqdır. Qoşulma bu haqda sənədin 

saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təhvil verilməsi yolu ilə həyata 

keçirilir.  



Maddə 27  

1. Bu Konvensiya iyirminci təsdiqetmə fərmanı və ya qoşulma haqqında sənəd saxlanmaq üçün 

Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təhvil veriləndən sonra otuzuncu gün qüvvəyə minir.  

2. Bu Konvensiya iyirminci təsdiqetmə fərmanı və ya qoşulma haqqında sənəd saxlanmağa 

təhvil veriləndən sonra onu təsdiq edən, yaxud ona qoşulan hər bir dövlət üçün həmin dövlət öz 

təsdiqetmə fərmanını, yaxud qoşulma haqqında sənədini saxlanmağa təhvil verəndən sonra 

otuzuncu gün qüvvəyə minir.  

Maddə 28  

1. Hər hansı bir dövlət bu Konvensiyanı imzalayarkən və ya təsdiq edərkən, yaxud ona 

qoşularkən Komitənin 20-ci maddədə müəyyən edilən səlahiyyətini tanınmadığını bəyan edə 

bilər.  


2. Bu maddənin 1-ci bəndinə müvafiq olaraq şərt qoymuş iştirakçı dövlət istənilən vaxt Birləşmiş 

Millətlər Təşkilatının Baş Katibinə bildirməklə şərtini geri götürə bilər.  



Maddə 29  

1. Bu Konvensiyanın hər hansı iştirakçı dövləti düzəliş təklif edə və onu Birləşmiş Millətlər 

Təşkilatının Baş Katibinə təqdim edə bilər. Sonra Birləşmiş Millətlər Təşkilatının Baş Katibi təklif 

olunmuş düzlişi iştirakçı dövlətlərə göndərərək, bu təklifə baxmaq və onu səsə qoymaq 

məqsədilə iştirakçı dövlətlərin konfransının çağırılmasına razı olub-olmamalarını ona bildirməyi 

xahiş edir. Bu məktubun göndərildiyi tarixdən keçən dörd ay ərzində iştirakçı dövlətlərdən ən azı 

üçdə biri belə konfransın çağırılmasına razılıq verərsə Baş Katib Birləşmiş Millətlər Təşkilatının 

himayəsilə konfrans çağırır. Baş Katib bu konfransda və səsvermədə iştirak edən iştirakçı 

dövlətlərin əksəriyyəti tərəfindən qəbul edilən hər hansı düzəlişi təsdiq üçün bütün iştirakçı 

dövlətlərə göndərir.  

2. Bu maddənin 1-ci bəndinə müvafiq olaraq qəbul edilmiş düzəliş bu Konvensiyanın iştirakçı 

dövlətlərinin üçdə ikisi həmin düzəlişi öz konstitusiya prosedurlarına müvafiq qaydada qəbul 

etdiklərini Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə bildirdikdən sonra qüvvəyə minir.  

3. Düzəlişlər qüvvəyə mindikdən sonra, onları qəbul etmiş iştirakçı dövlətlər üçün məcburi olur, 

digər iştirakçı dövlətlər üçün isə qəbul etmiş olduqları bu Konveniya müddəaları və əvvəlki 

düzəlişlər məcbüri olaraq qalır.  



Maddə 30  

1. Bu Konvensiyanın şərhinə və ya tətbiqinə dair iki, yaxud daha çox iştirakçı dövlət arasında 

danışıqlar yolu ilə həll edilə bilməyən hər hansı mübahisə onlardan birinin xahişi ilə arbitraja 

verilir. Tərəflər arbitraj haqqında xahişin verilməsindən sonra altı ay ərzində arbitrajın təşkili 

məsələsi barəsində razılığa gələ bilmirsə, mübahisə tərəflərdən hər hansı birinin xahişilə 

Məhkəmə Statusuna müvafiq olaraq, Beynəlxalq Məhkəməyə verilə bilər.  

2. Hər bir dövlət bu Konvensiyanı imzalayarkən və ya təsdiq edərkən, yaxud ona qoşularkən 

özünün bu maddənin 1-ci bəndinin müddəaları ilə bağlı olmadığını bəyan edə bilər. Digər 

iştirakçı dövlətlər belə şərt qoymuş iştirakçı dövlətlər barəsində bu maddənin 1-ci bəndinin 

 

7




müddəaları ilə bağlı olmayacaqlar.  

3. Bu maddənin 2-ci bəndinə müvafiq olaraq bəyanat vermiş hər hansı iştirakçı dövlət Birləşmiş 

Millətlər Təşkilatının Baş Katibinə bildiriş göndərməklə öz şərtini geri götürə bilər.  

Maddə 31  

1. Hər hansı iştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə yazılı bildiriş 

göndərməklə bu Konvensiyanı denonsasiya edə bilər. Denonsasiya Baş Katib bildiriş alandan 

sonra qüvvəyə minir.  

2. Belə denonsasiya iştirakçı dövləti denonsasiya qüvvəyə minənə qədər baş vermiş hərəkətinə 

və ya xətasına görə bu Konvensiya üzrə öhdəliklərindən azad etmir və denonsasiya qüvvəyə 

minənə qədər Komitədə artıq baxılmış və baxılmaqda olan hər hansı məsələyə xələl gətirə 

bilməz  


3. Denonsasiya hər hansı dövlət üçün qüvvəyə mindikdən sonra Komitə həmin dövlətə aid yeni 

məsələlərin baxılmasına başlamır.  



Maddə 32  

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Birləşmiş Millətlər Təşkilatının bütün üzv dövlətlərinə 

və bu Konvensiyanı imzalamış və ya ona qoşulmuş bütün dövlətlərə aşağıdakı məlumatları 

bildirir:  

a) 25 və 26-cı maddələrə müvafiq olaraq, imzalama, təsdiqetmə və qoşulmaları;  

b) 27-ci maddəyə müvafiq olaraq, bu Konvensiyanın qüvvəyə mindiyi tarixi və 29-cu maddəyə 

müvafiq olaraq, hər hansı düzəlişin qüvvəyə mindiyi tarixi;  

c) 31-ci maddəyə müvafiq olaraq denonsasiyaları.  



Maddə 33  

1. İngilis, ərəb, ispan, çin, rus və fransız dillərindəki mətnləri eyni qüvvəyə malik olan bu 

Konvensiya saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə təhvil verilir.  

2. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi bu Konvensiyanın təsdiq edilmiş nüsxələrini bütün 

dövlətlərə göndə

rir. 


 

8

Yüklə 85,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə