İslamda insan haqlari ibrahim quliyev



Yüklə 209,91 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü209,91 Kb.
#76303


“Hüquqi dövlət və qanun”.-2010.-№6.-S.20-24.

İSLAMDA İNSAN HAQLARI

İbrahim QULİYEV,

Milli Aviasiya Akademiyasının «Hüquqşünaslıq» kafedrasının müdiri, 

hüquq elmləri doktoru, professor.

Müşərrəf ƏLİYEVA,

kafedranın dissertantı.

Günümüzdə  insan  haqlan  mövzusunda  çoxsaylı  fəaliyyətlərin  həyata  keçirilməsinə,  qərar  və

bəyannamələrin  qəbul  edilməsinə  baxmayaraq,  bu  qərarlar  tətbiq  edilməməkdə,  kağız  üzərində  qalmaqdadır.

Zənnimizcə,  bütün  bu  fəaliyyətlərin  nəticəsiz  qalmasının  səbəbi,  axirətə  və  ilahi  mühakiməyə  əsaslan-mamasıdır.

İnsan haqlarının ilahi iradəyə əsaslanması, onların pozulmasının, toxunulmazlığının aradan qaldırılmasının qarşısını

alır.  Bu  haqların  ilahi  hikmət  və  ədalətlə  sabitliyi,  öz  gücünü  əqidədən  alması,  imanın  onların  qorunmasındakı

rolunu  ifadə  edir.  Müasir  bəyannamələrdən  fərqli  olaraq,  haqq  dinlərin  insan  haqlarını  müdafiə  etməsi  nəticəsiz

qalmamışdır. Belə ki, səmavi kitablarda insan haqları «qul haqqı» adlandırılmaqla, insanın sahibsiz varlıq olmadığı,

Allahın  qulu,  mülkü,  məxluğu  olduğu  şüurlara  yerləşdirilir  və  insanlar  qul  haqqına  təcavüz  etmənin  cəzasız

qalmayacağı ilə təhdid olunur. «İnsan haqları» ilahi iradəyə əsaslanmadan da izah olunan bir anlayış olduğu halda,

«qul  haqqı»  Rəbb  anlayışını  əhatə  edən,  insanın  əslində  yaradıcı  iradənin  əsəri  (qul)  olduğunu  bildirən  dini

anlayışdır.  Başqa  sözlə,  anlayışda,  insan  haqlarının  əsasına  olan  inanc,  əqidədə  insana  verilən  dəyər  ortaya  çıxır.

Bütün  məxluqatın  tək  və  yeganə  Xaliqi  olan  Allah  (c.c.)  insana  böyük  əhəmiyyət  vermiş  və  haqqına  riayət

edilməsinin  zəruri  olduğunu  insanlara  əmr  etmiş,  qullara  ediləcək  haqsızlıqların  da  yalnız  qullar  tərəfindən

bağışlanacağını  elan  etməklə,  qul  haqqına  hörməti  ifadə  etmişdir.  Qul  haqqına  hər  bir  sahədə  riayət  edən

Allahımızın  (c.c.)  bu  haqqa  göstərdiyi  həssaslıq  göndərdiyi  səmavi  kitablarda  da  öz  ifadəsini  tapmışdır.

Qurani-Kərimdən  fərqli  olaraq,  digər  səmavi  kitabların  orijinallarında  ifadə  edilmiş  qul  haqqı  anlayışı  tarixi

hadisələr nəticəsində tədricən təhrif edilmişdir. İslam dinində haqlar haqqın  sahibinə, mahiyyətinə və təmin etdiyi

mənfəətin ümumi və xüsusiliyinə əsasən, növlərə ayrılır:

Hüququllah,  yəni  Allah  haqları  dedikdə,  iman  və  ibadət  kimi  yalnız  Onun  layiq  olduğu  və  cəmiyyətə,

ictimai  mənafeyə  xidmət  edən  haqlar  nəzərdə  tutulur.  Bu  haqlar,  hər  hansı şəxs  tərəfindən  mənimsənilməməsi  və

şəxsi  mənafeyə  əsasən  tənzimlənməməsi  üçün  Allaha  aid  edilir.  Bu  haqların  ləğv  edilməsi  və  dəyişdirilməsi  caiz

deyil,  ictimai  mənafeyə  xidmət  etdiyi  üçün  və  İslamın  fərd  və  cəmiyyətlər  üçün  vəzifə  olaraq  müəyyən  etdiyi

yaxşılığı  əmr  edib,  pis  əməldən  çəkindirmək  (əmr  bil-maruf,  nəhiy  anil-münkər)  (Ali-İmran:  3/104,110,  114;

əl-Əraf:  7/157;  ət-Tövbə:  9/67,71,  112;  əl-Həcc:  22/41;  Loğman:  31/17)  prinsipinə  əsasən,  cəmiyyətin  bütün

fərdləri bu haqların müdafiəsinə görə məsuliyyət daşıyırlar. Allaha aid edilən haqlar səkkiz qrupa bölünür:

1. İbadətlər: namaz, oruc, həcc, zəkat (hənəfilərə görə), cihad və s.;

2. Vergi xarakterli ibadətlər: fitr sədəqəsi və zəkat (hənəfilər xaricindəki hüquqşünaslara görə);

3. İbadət xarakterli vergilər: öşür, yeni əkinçilikdən əldə edilən məhsulun 10-da 1-i;

4. Cəza xarakterli vergilər: xərac və cizyə;

5. Tam cəzalar: oğurluq, zina, şərab içmək, quldurluq cinayətlərinə görə tətbiq edilən hədd cəzaları;

6.  Tam  olmayan  cəzalar:  məsələn,  varisi  olacağı  insanı  öldürən  insanın  mirasdan  məhrum  edilməklə

cəzalandırılması;

7.  İbadət  xarakteri  daşıyan  cəzalar:  bunlara  kəffarələr  aiddir.  Yalandan  Allaha  and  içmək,  qəsdən  orucu

pozmaq, ehtiyatsızlıqdan adam öldürmək kimi hərəkətlərə görə oruc tutmaq, kölə azad etmək, kasıbları doyurmaq

və ya geyindirmək formasında tətbiq edilən ibadət xarakterli hərəkətlərdir (ən-Nisa: 4/92 və s.);

8. İbadət, vergi və ya cəza mənası daşımamaqla, Allah haqqı olaraq alınan haqlar: qənimət və mədənlərdən

alınan beşdə bir vergisi (əl-Ənfal: 8/41; əl-Həşr: 59/7).

Hüquqi-ibad,  yəni  qul  haqlan,  fərdin  mənafeyinin  müdafiəsinə  yönələn  haqlardır.  Peyğəmbərimiz  (s.ə.v.)

insan  haqlarına  böyük  əhəmiyyət  verər,  müsəlmanın,  üzərində  qul  haqqı  olduğu  halda  Allahın  hüzuruna

çıxmamasını  tövsiyə  edərdi.  Qul  haqqı, həmçinin  başqalarının  haqlarını pozmağın  fərd  üzərindəki  günahını ifadə

edir.


Qarışıq  (müştərək)  haqlar,  həm  Allah,  həm  də  qul  haqlarının  eyni  səviyyədə  olduğu  haqlardır.  Qarışıq

(müştərək) haqlar, fəqihlər tərəfindən Allah haqqının üstünlük təşkil etdiyi haqlar  və  qul  haqqının  üstünlük  təşkil

etdiyi  haqlar  kimi  iki  yerə  ayrılırlar.  Allah  haqqının  üstünlük  təşkil etdiyi  haqlarda  qulun  səlahiyyəti  məhduddur.

İnsanın toxunulmazlığını qoruması, əsas hüquq və azadlıqlarından istifadə etməsi, malını qoruması və qeyri-məşru

(halal  olmayan)  şəkildə  xərcləməməsi,  israf  etməməsi  (ən-Nisa:  4/5,29;  əl-Ənam:  6/141;  əl-Əraf:  7/31;  əl-İsra:

17/26-27) ilk baxışda insanın şəxsi hüququ kimi görünsə də, qeyd olunanlarla əlaqədar Allah qarşısında məsuliyyət

yarandığı və  şəxsin  bu  haqlardan  istifadə  etməsi  cəmiyyətdəki  asayişin təmininə  yönəldiyi  üçün  bu  haqlar  Allah

haqqının  üstünlük  təşkil  etdiyi  haqlar  adlandırılır.  Həmçinin,  boşanmış  və  ya  əri  ölmüş  qadınların  yenidən

evlənməzdən əvvəl, müəyyən edilmiş müddəti gözləmələri (əl-Bəqərə: 2/228,234); zina böhtanına görə tətbiq edilən



cəza (ən-Nur: 24/4) əslində böhtana məruz qalan tərəfin şəxsi mənfəətinin qorunmasına yönəlsə də, ictimai asayişin

təmin edilməsi ilə bilavasitə əlaqədardır. Qul haqqının üstünlük təşkil etdiyi haqlarda Allah haqqı olmaqla yanaşı,

qulun səlahiyyəti  daha genişdir. Məsələn, qəsdən adam öldürmə cinayətinə  görə  tətbiq  edilən  qisas  cəzası ictimai

asayişin  təmininə  yönəlsə  də,  şəxslərin  yaşamaq  və  toxunulmazlıq  hüquqlarını  pozduğu  üçün  qul  haqqı  olaraq

qiymətləndirilir və zərərçəkmiş tərəf istəmədiyi müddətcə qatilə qisas cəzası tətbiq edilə bilməz, həmçinin dövlətin

qisası bağışlamaq hüququ yoxdur. İnsan haqları, məna və anlayış etibarilə yer üzündə ilk insan və peyğəmbər olan

Hz. Adəmlə başlayır. Belə ki, Adəmin oğullarından olan Qabil qardaşı Habili öldürmək istədikdə, Habil, aləmlərin

Rəbbi  olan  Allahdan  qorxduğu  üçün  qardaşına  əl  qaldırmayacağını  demiş  və  bu  ifadəsi  ilə  insanın  toxunulmaz

olduğunu  qeyd  etmişdir  (2,  s.134).  İslamda  insan  haqlarının  əsasını  Hz.  Peyğəmbər  (s.ə.v.)  hicrətin  10-cu  ili,

zilhiccə  ayında  (m.  632,  fevral)  Ərəfatda  həcc  ibadətini  yerinə  yetirən,  sayı  təxminən  120  minə  yaxın  olan

müsəlmana  etdiyi  Vida  Xütbəsi  ilə  qoymuşdur.  Peyğəmbərimiz  bu  xütbəsində  insanların  can,  mal,  şərəf  və

namuslarının  hər  cür  təcavüzdən  qorunmalı  olduğunu,  heç  bir  irqin  digər  irqdən  üstün  olmadığını,  insanların

bərabər  olduğunu  bütün  dünyaya  elan  etmişdir.  İslama  görə,  qorunması zəruri  olan,  həmçinin  insanın  həyatının,

cəmiyyətin  mövcudluğunun  asılı  olduğu  beş  nemət  bunlardır:  can,  mal,  namus,  din  və  ağıl.  Bunların  müdafiəsi

təmin  olunmadığı müddətcə  insana  layiq  həyatdan  və  insani  dəyərlərin  qorunduğu  cəmiyyətdən  danışmaq  olmaz.

Peyğəmbərimiz (s.ə.v.) Vida  Xütbəsində  bu  nemətlərin  əhəmiyyətini  qeyd  etmişdir: «Ey insanlar,  sizin  qanlarınız

və mallarınız, Allaha qovuşan zamana qədər, bu gün necə müqəddəs bir gündürsə, bu ay necə müqəddəs bir aydırsa

və olduğunuz yer necə mübarək bir yerdirsə, eləcə müqəddəsdir. Hər birinizin malı və qanı o birisinə haramdır...»

Həmçinin bir-birinə qılınc çəkən iki möminin ikisinə də əzab veriləcəyini elan etmişdir. Belə ki, ölən də, öldürülən

də günahkardır.

Canın qorunması (şəxsi toxunulmazlıq), şəxsiyyətə hər hansı şəxs tərəfindən istənilən qəsd edilməsinə yol

verilməməsini ifadə edir. Allah tərəfindən insana bəxş edilən həyat, insanın sahib olduğu ən müqəddəs nemətlərdən

biri  və  birincisidir.  Allahın  verdiyi  canı  yalnız  O  ala  bilər.  Məşru  (halal)  səbəb  olmadığı  müddətcə  heç  kim

başqasının  cannıa  qıya  bilməz:  «...hər  kəs  bir  kimsəni  öldürməmiş  (bununla  da  özündən  qisas  alnımağa  yer

qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürərsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs

belə  bir  kimsəni  diriltsə  (ölümdən  qurtarsa),  o,  bütün  insanları  diriltmiş  kimi  olur...»  əl-Maidə:  5/32  (1,  s.  182).

İslamda bir insanı haqsız yerə öldürmək, şirk və küfrdən sonra en böyük günah hesab olunur: «Hər kəs bir mömin

şəxsi  qəsdən  öldürərsə,  onun  cəzası əbədi  qalacağı Cəhənnəmdir.  Allah  ona  qəzəb  və  lənət  edər,  (axirətdə)  onun

üçün böyük əzab hazırlar!» ən-Nisa: 4/93 (1, s.170). İslam hüququna görə, bir cana haqsız yerə qıymannı dünyəvi

cəzası qisasdır (əl-Bəqərə: 2/178; əl-İsra: 17/33; əl-Maidə: 5/45). İslam dini, intiharı və intihara səbəb olacaq hər bir

hərəkəti  qadağan  etmişdir:  «...özünüzü  öldürməyin!..»  ən-Nisa:  4/29  (1,  s.164).  Can  yalnız  özündən  daha  dəyərli

olan  Allah  uğrunda  cihad  yolu  ilə  fəda  edilə  bilər:  «Zərər  çəkmədən  (üzrsüz  səbəbə  görə  evlərində)  əyləşən

möminlərlə  Allah  yolunda  öz  malları və  canları ilə  cihad  edən  (vuruşan)  kimsələr  bir  olmazlar.  Allah  malları və

canları ilə  vuruşanları (evlərində)  əyləşənlərdən  (cihada  getməyənlərdən)  dərəcə  etibarilə  üstün  tutdu...»  ən-Nisa:

4/95 (1, s.170). Qurani-Kərim, insana törətmədiyi cinayətə görə əziyyət verilməsindən çəkindirir: «Mömin kişiləri

və qadınları etmədikləri işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah

götürmüşlər!»  əl-Əhzab:  33/58  (1,  s.444).  Buna  görə  Peyğəmbər  (s.ə.v.),  Vida  Xütbəsində  bütün  qan  davalarını

aradan  qaldırdığını  elan  etmişdir:  «Cahillik  adətlərini  ayağının  altına  alıb  əzirəm.  Bütün  qan  davaları  tamamilə

aradan  qaldırılmışdır.  Ortadan  qaldırılan  ilk  qan  davası  Əbdülmütəllib  oğullarından  Harisin  qan  davasıdır».

Peyğəmbər (s.ə.v.) hüquqi baxımdan mümkün olduğu müddətcə cəzaların tətbiq edilməməsini, əsaslı səbəb olduğu

təqdirdə  təqsirləndirilən  şəxsin  azad  edilməsini  bildirmişdir.  Çünki  səhvən  bağışlamaq,  səhvən  cəza  verməkdən

daha yaxşıdır.  Buna görə də şübhəli  hallarda həd cəzaları tətbiq edilməməlidir  (9).  Müasir  bəyannamələrdə  təsbit

edilən  «yaşamaq  hüququ»  Peyğəmbərimiz  (s.ə.v.)  tərəfindən  14  əsr  əvvəl  elan  edilmişdir.  İslam  dininin  hakim

olduğu ərazilərdə qeyri-müsəlmanlar «zimmi» adı altında hər cür təcavüzdən müdafiə olunurlar. Bu hüquqa təminat

verən isə kamil insan, yəni həqiqi mömindir.

Dinin  qorunması  dedikdə,  din  və  vicdan  sahəsində  insanları  Haqq  Dindən  uzaqlaşdıracaq  vəziyyətlərin

olmadığı  şəraitin  yaradılması nəzərdə  tutulur.  Vicdan  azadlığının  pozulması,  insanı Allah  yolundan  uzaqlaşdıran

(əl-Bəqərə:  2/114)  və  insanların  mənəviyyatını  yaralayan  hərəkət  (fitnə)  olduğu  üçün,  Quran  müvafiq  ayələrlə

bunun  qarşısının  alınmasını  nəzərdə  tutur:  «Zülmə  məruz  qaldıqlarına  görə  vuruşanlara  (kafirlərə  qarşı  Allah

yolunda  döyüşməyə)  izin  verilmişdir...»  əl-Həcc:  22/39,  22,  40  (1,  s.364,  362).  Peyğəmbərimiz  (s.ə.v.)  Vida

Xütbəsində dinin qorunması məsələsinə də münasibət  bildirmişdir: «Ey xalq, şeytan sizin bu yurdunuzda yenidən

hakimiyyət  qurmaqdan  ümidini  kəsmişdir.  Lakin  siz  kiçik  gördüyünüz  şeylərdə  də  ona  uysanız, bu,  onu  məmnun

edəcək.  Dininizi  qorumaq  üçün  bunlardan  uzaq  durun.  Ey  xalq,  sizə  elə  bir  şey  verirəm  ki,  ondan  möhkəm

yapışdığınız  müddətcə  səhv  yola  düşməzsiniz.  O  da  Allahın  Kitabı və  Rəsulunun  sünnəsidir.  Ey  insanlar,  həddi

aşmaqdan, ifratdan çəkinin. Əvvəlkilərin məhv olmasına səbəb dində hədlərini aşmaq idi.»

Dinin qorunması, dinin hər  cür  batil  inanc,  bidət  (yenilik)  və  nifaq  salacaq  ünsürlərdən  qorunması və  hər

şeydən əvvəl inananların yaradılışın məqsədini təşkil edən ibadəti yerinə yetirmək yolu ilə həyata keçirilir. Zariyat

surəsinin  56-cı ayəsində  deyildiyi  kimi:  «Mən  cinləri  və  insanları yalnız  Mənə  ibadət  etmək  üçün  yaratdım!»  (1,

s.535).  Qurani-Kərim,  Rəsullullahın  sadəcə  təbliğatçı  olub,  insanları  din  mövzusunda  xəbərdar  etməkdən  başqa

vəzifəsinin  olmadığını  (əl-Maidə:  5/99;  Yunus:  10/99;  əl-Ğaşiyə:  88/21-22)  qeyd  edərək,  dində  məcburiyyətin




olmadığını elan edir (əl-Bəqərə: 2/256), insanların din və vicdan azadlıqlarının tanınmasına təşviq edir.

Qurani-Kərimə  görə,  insanı  insan  edən,  onun  bütün  davranışlarına  məna  qazandıran,  onun  ilahi  əmrlər

qarşısında məsuliyyət daşımasını təmin edən şey ağıldır.  Ağlın qorunmasına verilən əhəmiyyət  baxımından, İslam

dini,  insanın  düşünmə  qabiliyyətini  və  ağlını  itirməyə  səbəb  olduğu  üçün  içki  və  uyuşdurucu  maddələri  haram

buyurmuşdur  (əl-Maidə:  5/90).  Rəsulullah  (s.ə.v.)  «Allah  Təalanın  ilk  yaratdığı  şey  ağıldır»  buyuraraq,  ağlın

əhəmiyyətini  ifadə  etmişdir  (3,  s.75).  Başqa  bir  hədisində:  «Allah-Təala  ağıldan  daha  qiymətli  bir  şey

yaratmamışdır» buyurmuşdur (3, s.75).

İnsanın  bu  dünyadakı  dolanışığını  təmin  etmək  məqsədilə  mal  (mülkiyyət),  hər  cür  təcavüzdən

qorunmuşdur. Hz. Peyğəmbər (s.ə.v.) Vida Xütbəsində: «Bir kimsəyə qardaşının malı halal olmaz, könül rizası ilə

verərsə,  bu,  onun  öz  işidir»  buyurmuşdur.  İnsanın  malı  öz  razılığı  və  ya  məşru  səbəblər  olmadan  əlindən  alına

bilməz.  Qurani-Kərim,  insanların  mallarının  batil  səbəblərlə  əllərindən  alınmayacağını  elan  edir:  «Bir-birinizin

mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə, günah

yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!» əl-Bəqərə: 2/188 (1, s.129). Ayədən rüşvətin

qadağan  olunduğu  anlaşılır.  Həmçinin  mal,  Allah  yolunda  cihadın vasitələrindən  biridir.  Belə  ki,  zəkat  və  sədəqə

kimi  ibadətlər  malla  həyata  keçirilir.  Zəkat  əmri,  faizin  haram  buyurulması,  hiyləli  satış  kimi  əməllərin  qadağan

edilməsi, malın qorunmasının təmininə yönəlmişdir.

İman,  namusun  qorunması üçün  ən  mühüm  əsasdır.  Gözün  haramdan  qorunması,  yəni  harama  baxmağın

qadağan  edilməsi  namusun  qorunmasının  təmininə  yönəlmişdir.  Qurani-Kərim  də  ehtiva  etdiyi  normalarla

insanların  namusunu  hər  cür  təcavüzdən  qorumuşdur:  «Mömin  kişilərə  de  ki,  gözlərini  haram  edilmiş  şeylərdən

çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini zinadan qorusunlar... Mömin qadınlara de ki, gözlərini haram

buyurulmuş  şeylərdən  çevirsinlər  (naməhrəmə  baxmasınlar),  iffətlərini  qorusunlar...;  gizlətdikləri  bəzək  şeylərini

(xal-xallarını)  göstərmək üçün ayaqlarını (yerə və ya  bir-birinə)  vurmasınlar. Hamınız Allaha  tövbə  edin  ki,  nicat

tapasınız!»  ən-Nur:  24/30-31  (1,  s.379).  Allah-Təala,  namusu  qoruyan  digər  tədbir  kimi  zinanı da  qadağan  edir:

«Zinaya  da  yaxın  düşməyin.  Çünki  o,  çox  çirkin  bir  əməl  və  pis  bir  yoldur!»  əl-İsra:  17/32  (1,  s.315).  Zina

cinayətinin  cəzası Nur  surəsinin  2-ci  ayəsində  müəyyən  edilməklə,  subay  qadın  və  kişinin  hər  birinə  yüz  çubuq

vurmaqla cəzalandırılmalarını, evli qadın və kişinin daş-qalaq edilərək öldürülmələrini nə-zərdə tutur (1, s.376).

Peyğəmbərimiz  (s.ə.v.)  Vida  Xütbəsində  namusun  qorunması  məsələsinə  toxunmuşdur:  «Uşaq  kimin

yatağında  doğulmuşdursa,  ona  aiddir.  Zina  edənlərin  görəcəkləri  şey  cəzadır,  onların  hesabı  Allaha  aiddir.

Atasından  qeyrisinə  aid  olduğunu  iddia  edən  övlad,  sahiblərindən  başqalarına  üz  tutan  kölələr,  Allahın  lənətini

qazanarlar».

Namusun  qorunması baxımından  əhəmiyyət  kəsb  edən  digər  tədbir  evlilikdir.  Hz.  Peyğəmbər  (s.ə.v.)  də

evlənməyə  təşviq  etmişdir:  «Nikah  mənim  sünnətimdir.  Sünnətimdən  üz  çevirən,  məndən  üz  çevirmiş  hesab

olunur»; «İçinizdən evlənməyə gücü yetən evlənsin. Belə ki, evlənmək gözləri haramdan daha çox qoruyar, zinadan

daha çox mühafizə edər. Gücü çatmayan kəs isə oruc tutsun» (3, s.69).

Həmçinin,  Məkkədən  Mədinəyə  hicrətin  1-ci  ilində  (m.622)  Peyğəmbər  (s.ə.v.)  müsəlman  ənsarla  (yerli

əhali)  mühacirləri  (hicrət  edənləri)  tək  bir  zümrə  (əhali)  olaraq,  «mənəvi  qardaşlıq»  formasında  birləşdirmiş,

müsəlman, yəhudi və müşrik əhalinin haqlarını ehtiva edən və beləliklə, əhali arasında sülhü və siyasi birliyi təmin

edən,  dünyada  ilk  konstitusiya  hesab  olunan  47  maddədən  ibarət  Mədinə  Konstitusiyasını qəbul  etmişdir.  «İslam

Peyğəmbəri»  adlı  əsərində  Muhəmməd  Həmidullah,  İslamdan  əvvəl  yaşayan  Aristotelin,  Konfutsinin  və

Kavtilyanın əsərlərinin konstitusiyaya oxşar cəhətlərinin olduğunu qeyd etsə də, bu əsərlərin şahzadələr və tələbələr

üçün  nəzərdə  tutulmuş  dərs  vəsaiti  olduğunu,  Mədinə  müqaviləsinin  isə  ilk  yazılı dövlət  konstitusiyası olduğunu

qeyd edir (4, s.122).

Avropa «mədəniyyəti»ni təqlid nəticəsində cəmiyyətimizin xüsusilə mənəvi baxımdan gerilədiyinin, mənəvi

və əxlaqi dəyərlərin böyük sürətlə aradan qalxdığının hamımız şahidiyik. Mənəvi dəyərləri  məhv olmağa  üz tutan

cəmiyyətdə də insan haqlarının müdafiəsindən söhbət gedə bilməz. Günümüzün reallıqları bu qənaətə gəlməyə əsas

verir.  Cəmiyyət  üzvlərinin,  yaradılmışların  ən  şərəflisi  olan  insana  və  onun  haqlarına  hörmət  və  riayət  etməsi

məqsədilə İslam dininin əsas mənbəyi və konstitusiyası olan Qurani-Kərimin insan haqları və onların müdafiəsi ilə

əlaqədar təsbit etdiyi, həm dünyəvi, həm də axirət cəzalarını nəzərdə tutan normaların insanlara həm orta, həm də

ali təhsil müəssisələrində «İslamda insan hüquqları» fənni adı altında tədris olunmasını, milli və islami dəyərlərin

gələcək nəslin nümayəndələrinə aşılanmasını məqsədəmüvafiq hesab edirik.



Ədəbiyyat siyahıs ı:

1. Z.M.Bünyadov, V.M.Məmmədəliyev. Qurani-Kərim, Çıraq, 2005.

2. Osman Eskicioğlu, Hukuk ve İnsan Hakları. İzmir, 1996.

3. Haydar Baş. Veda hutbesinde insan hakları. İstanbul, 1992.

4. Muhəmməd Həmidullah. İslam Peyğəmbəri.

5. Hüseyin Tekin Gökmenoğlu. İslamda şahsiyet hakları. Ankara, 1996.

6. Hayreddin Karaman. Anahatlanyla İslam Hukuku. İstanbul, 2006.

7. Servet Armağan. İslam hukukunda temel hak ve hürriyetler. Ankara, 1987.




8. Ahmet Tekin. Kuran ile ilan edilen insan hakları. İstanbul, 2006.

9. Tirmizi. Hüdud 2.



ПРАВА ЧЕЛОВЕКА В ИСЛАМЕ

Ибрагим ГУЛИЕВ,

заведующий кафедрой юриспруденции Национальной Академии Авиации, 

доктор юридических наук, профессор,

Мушарраф АЛИЕВА,

диссертант кафедры.

В статье показаны  виды  прав  человека  по обладателю, значению  и формам  предоставляемых  благ.

Изучаются  формы  защиты  в  Исламе  таких  основных  прав  человека,  как  право  на  жизнь,  право

собственности, свобода совести, право на защиту чести и достоинства на основании источников Исламского



права.

Yüklə 209,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə