Islamda qadinla kishinin ferqi



Yüklə 226,52 Kb.
səhifə1/5
tarix08.01.2018
ölçüsü226,52 Kb.
  1   2   3   4   5

Islamda qadinla kishinin ferqi
İSLAM QANUNLARINDA QADINLA KİŞİ NİYƏ FƏRQLƏNDİRİLİR?

İslam dinində bəzi mövzularda qadınla kişi arasında qanun və hökm cəhətindən fərqlər mövcuddur. Məsələn; qadın qazi, rəhbər və şər’i hakim ola bilməz. Kişi öz həyat yoldaşını boşaya bilər, lakin qadın bunu edə bilməz. Qadın öz qardaşlarına apardığı irsin yarısına malik olur, qadına cihad vacib deyil və s. Soruşurlar ki, bu fərqlər nə üçündür? Bu, qadın məqamının kişidən aşağı olmasına dəlil deyilmi? Bu sualın cavabını bilmək üçün aşağıdakı məqamlara diqqət yetirmək lazımdır.

1. Qadın və kişinin vücudunun təbiəti və yaradılışı fərqlidir. Bunu elm və təcrübə sübut etmişdir, təsdiqinə ehtiyac yoxdur. Aleks Karl, Qustav Lebon və («Şərq fəhlələri» kitabının müəllifi) Müsye Luple kimi tanınmış alimlər qadınla kişinin, onların bədən üzvləri və xüsusiyyətlərinin fərqlərini bəyan etmişlər ki, onları burada qeyd etməyi lazım bilmirik. Ancaq bu barədə Qustav Lebonun dediklərinə diqqət yetirin: «Mən həmin bu (kişi ilə qadın arasındakı təbii fərqlərin mövcudluğu) əqidəsində olanlardanam. Bu mövzunu ayrıca «Beyin fəzasında baş verənlərin sirri haqqında anatomik və riyazi bəhslər» başlığı altında ətraflı şəkildə nəşr etdirmişəm».

2. İslam dinində vəzifə üstünlük deyil, məsuliyyət hesab olunur. Əgər qadın ruhi və təbii cəhətdən, qəzavət (məhkəmə hakimi) məqamından məhrumdursa, bunun əvəzinə övlad tərbiyə etmək (yəni analıq məqamı), pak insan yetişdirmək kimi təlim-tərbiyə məqamına sahibdir. Bu məqam və məsuliyyət qəzavət məqamından daha yüksəkdir. Təlaq (boşanma) hüququna gəldikdə, qadın növü həddən artıq hissiyyatlı olduğu üçün, əgər ona bu ixtiyar verilsəydi, kiçik bir hadisə onu təlaq verməyə vadar edərdi və kiçik bir cəmiyyətin (ailənin) həyatı aradan gedərdi. Məlumdur ki, belə olan halda cəmiyyət xoşagəlməz hadisələrlə üzləşə bilərdi. Yaxud irs barəsində, qadına kişiyə çatan irsin yarısı qədər pay verilirsə də, yaşayışının təminatı (yemək, geyim və məskən kimi) ərinin öhdəsinədir, həmçinin mehriyyə haqqı da vardır. Qadın öz şəxsi malını özü üçün saxlaya bilər və s. Son nəticədə görürük ki, qadının haqqı çox olmasa da, kişinin haqqından da az deyil. Cihad məsələsində də həmçinin, hamı yaxşı başa düşür ki, bu çox ağır işdir və şiddətli müqavimət, insanı taqətdən salan ağır hadisələrə və çətinliklərə dözüm tələb edir. Qadın üçün belə çətinliklərə dözmək onun imkanı həddindən kənardır. Beləliklə, burada ona nəinki zülm olunur, hətta ona xüsusi diqqət və ehtiram olunur. Nəhayət o, qəhrəman və mücahid yetişdirmək və müharibənin arxa və ön cəbhəsində yaralılara kömək etməklə cihadda iştirak edə bilər. Ev işlərini idarə etmək, əmlakı qorumaq, evdəki kişiləri cihad cəbhəsinə göndərmək də cihada kömək etmək deməkdir. Deməli, həqiqətdə qadın da bir növ cihadda iştirak etmiş olur. Müdafiə məsələsində də (İslam döyüşləri adətən müdafiə xarakteri daşıdığı üçün) qadınla kişi bərabərdirlər və hər ikisinə vacibdir ki, müdafiədə iştirak etsinlər.

Tanınmış Fransız bioloqu Doktor Karl Aleks yazır: «Qadınların diqqətini analıq vəzifəsindən ayırmağımız məntiqsizdir. Hətta cavan qızların barəsində cavan oğlanların haqqında nəzərdə tutduğumuz həmin tərzi-təfəkkürü, yaşayış və ideal həyatı nəzərdə tutmamalıyıq. Təlim-tərbiyə mütəxəssisləri gərək kişi ilə qadının ruhunu, bədən üzvləri və onların təbii vəzifələrini nəzərə alsınlar. Bu mühüm məsələyə diqqət yetirmək gələcəkdə onların kamilləşməsində əhəmiyyətli rol oynayar».[Insan taninmamis movcuddur. seh 76]

Digər bir alim isə yazır: «Bundan əvvəlki nəsillər qadın barəsində təfrit (orta həddən aşağı səviyyədə) yolunu tutmuşdular. İyirminci əsrin insanları isə ifrat (həddi aşmış şəkildə) yolunu gedərək elə ədalətsiz və məntiqsiz sözlər danışıblar ki, qadın ayağını yorğanına görə uzatmayıb və nəticədə Qərb aləmində müşahidə etdiyimiz ən təhlükəli ictimai pozğunluqlar ortaya çıxıb. Məsələn, Amerika Birləşmiş Ştatlarından verilən statistik məlumata əsasən hər il qeyri-qanuni cinsi əlaqələr nəticəsində dünyaya gəlmiş otuz- qırx min uşaq yaranmış irsi xəstəliklərdən ölür. Qadınların 75 faizinin cinsiyyət üzvlərində aparılan cərrahiyyə əməliyyatı cinsi əlaqələrdən yaranan xəstəliklərin nəticəsidir».

İndi isə qadının mühüm məsuliyyətlərinə diqqət edək.

QADINLARIN ÜÇ MÜHÜM VƏZİFƏSİ

Yuxarıda qeyd etdik ki, İslamda vəzifə məsuliyyət deməkdir. Hər kim öz vəzifəsini yaxşı yerinə yetirsə - istər kişi olsun istərsə də qadın - onun məqamı Allah yanında çox böyükdür. Qadın öz iffət və hicabını qorumaqla mühüm işlərdə iştirak edə bilər. Lakin onun mühüm və daha vacib olan üç vəzifəsi var:

1. Evdarlıq, ailədəki səfa səmimiyyəti qoruyub saxlamaq.

2. Övladın təlim-tərbiyəsi ilə məşğul olmaq, yəni pak və kamil insan yetişdirmək vəzifəsi.

3. Ərə qayğı və onunla uyğunlaşma. (Əlbəttə kişilər də qadınlara qayğı göstərməkdə İslami qayda-qanunlara riayət etməlidir).

EVDARLIQ MƏS’ULİYYƏTİ

Cəmiyyətin ilkin bünövrəsi olan ailəyə nəzarət, onu qorumaq və yaxşı yaşatmaq, yə’ni ailə qayda-qanunlarına riayət olunmaqla evi idarə etmək çox çətin bir işdir. Cəmiyyət tək-tək insanlardan qurulur, böyük cəmiyyətlər də öz növbəsində kiçik cəmiyyət sayılan ailədən başlanır. Daha aydın şəkildə desək, kiçik cəmiyyət olan ailəni kamil və islami şəkildə təşkil etmək, böyük cəmiyyətin əsasını və bünövrəsini kamilləşdirmək deməkdir. İslam dinində bu məs’uliyyətin mükafatı daha böyükdür. Bu barədə İslam peyğəmbəri (s) buyurur: «Evdə oturub bir saat xidmət etmək, min il ibadətdən, min həcc əməlindən, min ümrə əməlindən, min qul azad etməkdən və daha yaxşı və daha fəzilətlidir».

Qadınların Peyğəmbərə (s) bey’ət etməsi macərasında belə nəql olunur ki, qadınlardan biri soruşdu: «Allah cihadı kişilərə vacib edib. Əgər onlar bu yolda ölsələr, Allah yanında şəhidlik məqamı, yaralansalar mükafatları var. Ancaq biz, ərləri cəbhəyə gedən qadınlar evdə oturub ərlərimizin mallarının keşiyini çəkirik, övladlarımızın qayğısı üçün çalışırıq. Görəsən biz də öz döyüşçü ərlərimizlə şərikik?»

Həzrət Peyğəmbəri (s) buyurdu: «Ey qadın, yaxşı qulaq as və başqalarınada de! Kişilərlə mehriban olub, evdə yaşayanların qayğısını çəkməyin, evi idarə edib saxlamağın Allah yolundakı mücahidlərin mükafatlarına bərabər mükafatı var».

ÖVLAD TƏRBİYƏ ETMƏYİN MƏS’ULİYYƏTİ

Yaxşı övladlar tərbiyə etmək və onlara təlim vermək, yə’ni kamil insan və mücahid yetişdirmək, şəhid vermək və necə də yüksək məqamdır. Belə bir məqamın mükafatı daha çoxdur. Peyğəmbər (s) buyurdu: «Hər kəs öz övladını öpsə, onun üçün yaxşı mükafatlar yazarlar. Hər kəs övladını şad etsə, Allah onu qiyamət günü şad edər».

Bu rəvayətdə ananın övlada olan kiçik mehribanlığının böyük mükafatından başa düşmək olur ki, analıq məqamı və o cür ağır zəhmətlərlə övlad tərbiyəsinin böyük mükafatları var.

ƏR QAYĞISI MƏS’ULİYYƏTİ

Həyat yoldaşı ilə (hər iki tərəfin) mehriban rəftar, övladların düzgün tərbiyəsində və ailədəki səfa-səmimiyyətin qorunmasında mühüm əsasdır. Bu məsələ İslamda çox mühüm olduğu üçün həzrət Peyğəmbər (s) bu barədə buyurur: «Əgər Allahdan qeyrisinə səcdə etmək üçün bir kimsəyə əmr etməli olsaydım, deyərdim ki, qadınlar öz ərlərinə səcdə etsinlər».

Bu məs’uliyyətin bütün məs’uliyyətlərin əsası olması (əgər İslam ilə həmahəng olmasa, təlaq, fəhşa, münkərat və tərbiyəçinin olmaması üzündən uşaqların yollarını azması və sair ilə nəticələnəcək) barəsində aşağıdakı üç əhvalatı diqqətinizə çatdırırıq.

ARVAD ƏLİNDƏN EVDƏN QAÇMAQ

(Tanınmış şair) Sə’di səfərə çıxmaqdan və səyahət etməkdən yorulmaq bilmirdi. Sə’dinin «Bustan» və «Gülüstan» kitabı məclislərdə, şəhərlərdə və müxtəlif ölkələrdə əldə etdiyi təcrübələrinin məhsuludur. Sə’dinin tanışlarından biri ondan soruşdu: «Bu qədər təcrübəni harada əldə etmisən?»

Sə’di dedi: «Uzun-uzadı səfərlərdə».

O soruşdu: «Bəs səyahətlərin yorğunluqlarına necə dözmüsən?»

Sə’di dedi: «Dar ayaqqabıdansa ayaqqabısızlıq yaxşıdır, evdəki dava-dalaşdansa səfərdəki yorğunluq yaxşıdır».

Onun hüzurunda olanlar başa düşdülər ki, Sə’dinin həyat yoldaşı xoşxasiyyətli bir qadın deyil. Onlardan biri dedi: «Bununla belə Şeyx Sə’dinin həyat yoldaşı, bizim üçün ağıllı və müdrik bir kişi yetişdirib».

ƏXLAQSIZ KİŞİNİN CƏZASI

Sə’d ibn Məaz Peyğəmbərin (s) çox yaxın köməkçilərindən idi. Onun imanı elə bir həddə idi ki, Rəsulullah (s) buyurmuşdu: «Sənə müjdə olsun ki, Allah sənə şəhidlik nəsib edəcək və hökmünlə küfr əhlindən bir dəstə (bəni Qurəyzə yəhudiləri) həlak olacaq. Rəhmanın (Allahın) ərşi sənin ölümündən titrəyəcək və Bəni-Kəlb tayfası heyvanlarının tüklərinin sayı qədər insan sənin şəfaətinlə behiştə girəcək».

Sə’d Ühüd döyüşündə yaralandı və evdə yatırdı. Ancaq bədənindəki yaralar sağalmadığı üçün dünyadan getdi. Sə’di axirətə yola salan zaman Rəsulullah (s) başı açıq və ayaqyalın onun cənazəsini götürdü və qüsl verdi. Namazdan sonra Rəsulullah (s) onu qəbrin ortasına qoyaraq üstünü şəxsən özü torpaqla örtdü və o qəbri kamil şəkildə saf (düz) və təmiz etdi. Sonra qəbri düzəltməkdə bu qədər diqqətə görə e’tiraz edənlərin cavabında buyurdu: «Bilirəm ki, Sə’din bədəni çürüyəcək və torpağa qarışacaq. Lakin Allah çox istəyir ki, bəndəsi bir iş görəndə onu yaxşı və kamil şəkildə yerinə yetirsin».

Sə’din anası oğlunun qəbrinin yanına gəldi və dedi: «Ey Sə’d, behişt sənə müjdə olsun!»

Peyğəmbər (s) Sə’din anasına buyurdu: «Allahın işləri barəsində qəti fikir söyləmə. Sə’d üçün qəbir sıxıntısı (əzabı) olacaq».

Qayıdan zaman səhabələr Peyğəmbərin (s) üç suala cavab verməsini istəyib dedilər:

Ey Allahın Rəsulu! Siz heç kimin cənazəsinə bu qədər ehtiram göstərib müşayiət etməyibsiniz. Sə’din cənazəsini isə başı və ayağı açıq müşayiət etdiniz.

Bə’zən tabutun sağ və bə’zən də sol tərəfindən götürürdünüz.

Cəsədin qüslünə nəzarət edib, namaz qıldınız və şəxsən özünüz qəbrə qoydunuz, qəbri kamil şəkildə torpaqla örtdünüz. Lakin sonradan onun anasına belə buyurdunuz: «Sə’d üçün qəbir sıxıntısı olacaq (bizim üçün aydınlaşdır ki, niyə belə buyurdunuz?)».

Peyğəmbər (s) birinci sual barəsində buyurdu: «Cənazəni müşayiət edəndə mələkləri başı açıq, ayaqyalın görüb onlar kimi etdim».

İkinci sualın cavabında buyurdu: «Əlim Cəbrayılın (ə) əlinin içində idi. Əlimi hara hərəkət etdirsəydi, mən də itaət edərdim». Üçüncü sualın cavabında buyurdu: «Bəli, onun üçün qəbir əzabı vardır. Çünki evindəkilərlə (və həyat yoldaşı ilə) pis rəftar edərdi».

Beləliklə görürük ki, Səd bu cür məqama malik olmasına baxmayaraq, onun evdəki azacıq bədrəftarlığı ağır cəzalanmasına səbəb olur.

DÜNYADAKI BEHİŞTİN ŞƏRTLƏRİ

Ovf Şeybaninin Əyas adlı bir qızı var idi. Ömər ibn Həcər adlı bir oğlan ona elçi göndərdi. Qızın ata-anası ona müsbət cavab verdilər. Gecə qızın ər evinə getmək vaxtı gəlib çatdı. Ana qızını xəlvətə çağırıb, gələcəkdə evdarlıq, övlad və ər qarşısındakı vəzifəsini layiqincə yerinə yetirməsi və xoşbəxt olması üçün ona nəsihət verdi: “Qızım, sən öz doğmalarından ayrılıb özgə evinə gedirsən. Bizdən ayrılıb onlarla oturub-duracaqsan. Sözsüz, gərək ərinin qarşısında təvazökar olasan ki, onunla ünsiyyətin yaxşı olsun. Ərinin mehriban həyat yoldaşı olmasını istəyirsənsə, bu nəsihətlərə yaxşıca qulaq as:

1. Qənaətcil ol, ərinin tapşırıqlarına yaxşıca qulaq as və onları yerinə yetir.

2. Özünə onun üçün bəzək-düzək ver ki, sənə baxanda narahat olmasın.

3. Həmişə ətirli ol ki, sənin qoxun onun üçün ən yaxşı ətir olsun.

4. Yemək zamanı ona qulluq et. Çünki ac insan həyəcan və narahatlıq içində olur.

5. İstirahət etmək istəyəndə ona şərait yarat. Çünki mümkündür ki, yuxusuzluqdan qəzəblənə.

6. O olmayanda onun malını yaxşı qoru, evindən ehtiyatlı ol və övladlarına xidmət et.

7. İşlərində ona kömək et.

8. Onun sirlərini yayma, yoxsa arxayın ol ki, əlindən amanda olmayacaqsan.

9. O narahat olduğu zaman gülmə.

10. Onun sevindiyi zaman qəmgin olma.


Əgər bu nəsihətləri eşidib vaxtında yerinə yetirsən, həyatınız behişt həyatı kimi olacaq”.

Qadın müasir dünyamızda

Bu baxış insani cəmiyyət tərəfindən heç vaxt qəbul edilməmiş, hətta dinsiz cəmiyyətlər qadını cahiliyyət buxovundan azad etmək üçün təlaş göstərmişlər. On yeddinci əsrdən başlayaraq bu hərəkat yüksəlmişdir. İyirminci əsrə qədər dünyanın müxtəlif nöqtələrində bu hərəkatın hamiləri tapılmış və hətta «Birləşmiş millətlər təşkilatı» bunu qanuniləşdirmiş-dir.

Qadın və kişinin siyasi, ictimai, peşə seçmə və s. hüquq bərabərliyinə əsaslanan bu nəzəriyyə onların bərabərliyini hədəf götürüb, azadlığa zidd bütün qeydləri inkar etdi. Bu baxış tərəfdarları qadın şəxsiyyətini ucaltmaq fikrində olsalar da, qadının yaranışından, bu yaranış məqsədindən tam xəbərdar olmadıqlarından öz işlərində ifrata varıb həddi aşdılar.

Birinci baxış tərəfdarları qadına münasibətdə diqqətsizlik göstərdilərsə (təfrit), ikinci baxış tərəfdarları həddi aşdılar (ifrat).

Buna görə də nəinki qadının şəxsiyyəti ucaldı, əksinə «qadın hüququ, demokratiya, insan haqları, mütləq və tam azadlıq» şüarları altında qadın şəxsiyyəti daha da alçaldıldı. Bu baxış tərəfdarları bütün məhdudiyyətlərin götürüldüyü açıq fəza yaratdılar. «Qorunmaq» «qadağanla» səhv salındı. İlahi dəydərlər aradan getdi. Həmin baxışdan qazandıqlarımız aşağıdakı qaydada şərh edilər bilər;

«Müasirliyin, mədəniyyətin» qazancı

1-Əxlaqi və mənəvi dəyərlərin tənəzzülü və bu səbəbdən cəmiyyətə dəyən zərbə;

2-Qadının alçalması və dəyərsiz əmtəə, əşyaya dönməsi;

3-Əxlaq pozğunluqları sayəsində ailə bünövrəsinin parçalanması;

4-Ailə qurmaq marağının itməsi və boşanmaların çoxalması;

5-əxlaqi sarsıntılar səbəbindən sahibsiz uşaqların artımı və bu uşaqlardan törənən günahlar, cinayətlər;

6-Nəsil qatışıqlıqları və qeyri-qanuni (bic) uşaqların dünyaya gəlməsi; Bu adətin daha çox rəvac tapdığı qərb cəmityyətlərində atasını tanımayan övladların artımı.

7-Qocalara və körpələrə qarşı ailə məhəbbətinin itməsindən yaranan iztirablar, narahatlıqlar, ruhi xəstəliklər;

8-Cəmiyyətdəki qocalara, ata-analara qarşı biganəlik. Yaşlı valideynlərin gərəksiz əşyalar anbara yığıldığı tək qocalar evinə verilməsi və kimsənin onlara qayğı göstərməməsi;

9-Uşaq evlərinin yaranması və övlad böyütmək, tərbiyələndirmək zəhmətindən qaçan valideynlərin öz övladını ailə qayğısından məhrum edib, uşaq evlərinə verməsi. (əlbəttə, cəmiyyətdəki kimsəsiz uşaqların ehtiyacını ödəmək üçün uşaq evlərinin mövcudluğu vacibdir.)

10-Düzgün insani rabitələrin olmaması səbəbindən heyvanlarla ünsiyyətə tapınmaq, ailə münasibətlərində boşluğun yaranması, insan ömrünü ilahi dəyərlərdən məhrum edib, onu puça çıxaran onlarla vəziyyətlər; Mənəviyyatı ayaqlar altına alıb, heyvani həyata, necə deyərlər qərb mədəniyyətinə üz tutulması;

Bu iki nəzəriyyənin oxşarlığı ondadır ki, hər ikisi qadın və cəmiyyəti ilahi dəyərlərdən məhrum edir. Hər iki nəzəriyyə cəhalət və nadanlıq üstündə qurulmuş və fəsadla nəticələnmişdir. Cahiliyyət dövründə insan öz anlamsızlığı səbəbindən ümumi yığıncaqlarda, hətta Allah evinin təvafında çılpaq iştirak edirdisə, iyirminci əsrin cahiliyyətində də çılpaq görünmək normal və hətta mədəniyyət sayılır! əgər qədim cahiliyyətdə əxlaqsızlıq qadınlar evinin damına bayraq vurmaqla müştəri yığırdılarsa, iyirminci əsrdə rəngarəng reklamlarla insanlar günaha dəvət edilir. Bir fərqi vardır ki, keçmişin əxlaqsızlığı cahiliyyət, bu günün çirkin əməlləri mədəniyyət və azadlıq adlandırılır! Başqa sözlə desək, bu gün əxlaqsızlıq mədəniyyət paltarında zühur edib. Bəli, ilahi dindən uzaq düşməyin nəticəsi azğınlıq və əxlaqsızlıqdır. «Yunus» surəsində buyurulur: «Haqdan sonra ancaq azmaq gəlir.»

İslamda qadın

İfratçı cahiliyyət və təfritçi iyirminci əsr nəzəriyyələri qarşısında qadının yaranış və hüququna islami baxış da vardır. Bu baxış fitrət və həqiqətə əsaslanır, qadının bütün fərdi və ictimai hüquqlarını kişilər kimi qadının fitrətinə əsasən tənzimləyir. Qadını kəramətləndirən və onun səadəti ilə nəticələnən yeganə yol vəhy və Peyğəmbər yoludur. Bəşəriyyət çirkinliklər və bədbəxtliklərdən qurtulmaq üçün vəhyə üz tutub, islama qayıtmalıdır. Sözsüz ki, bir gün bu həqiqətlər üzə çıxacaq və bəşəriyyət anlayacaq ki, yeganə həqiqi sığınacaq nəfs istəkləri yox, ilahi vəhy yoludur. İslami baxışı aydınlaşdırmaq üçün onu bir neçə hissədə xülasə şəklində bəyan edirik.

Qeyd etdiyimiz kimi birinci baxış qadını o qədər alçaldır ki, sanki qadın insan deyil. İkinci baxış isə qadın şəxsiyyətinin böyüklüyünü, onun kişi ilə eyni hüquqlu olmasında görür. Birinci baxışın Quran tərəfindən rədd edilməsi aydındır. Bəs ikinci baxış necə? Quran qadın və kişinin yaranışındakı bərabərliyi qəbul edirmi? Mütləq azadlığı (özbaşnalığı) məhkum edən Quran nəzərincə qadın kişi ilə bərabərdirmi? Yoxsa islamın başqa bir baxışı var? Bu məsələni aydınlaşdırmaq üçün ayrı-ayrılıqda iki fəsildə bəhs etməliyik.

Birinci fəsil qadın və kişinin yaranış nizamı və necəliyi, onların insani dəyərləri haqqındadır. İkinci fəsildə fərqlər, məhdudiyyətlər, fərqlərdən yaranan və qadın-kişi şəxsiyyətindən asılı olmayan nəticələr əhatə olunur.

Birinci məsələ – yaranışca qadın və kişinin eyni, bərabər olması haqqında belə demək olar ki, Quranın nəzərinə görə onlar nə bərabərdirlər, nə də fərqli. Çünki Quran kişi və qadının xilqətini eyni bir həqiqətdən bilir. Bərabərliyi araşdırmaq və müqayisə etməyin o zaman mənası olardı ki, qadın və kişi iki müxtəlif xilqət olaydı. Beləcə, islamda bərabərlik və ya fərqlilikdən danışmağın mənası qalmır. Demək, söhbət onların fərqlərindən yox, yaranışından gedir.

İnsan həqiqəti

Qurani-kərimin iddiası budur ki, qadın və kişi xilqət, yaranış nöqteyi-nəzərincə bir həqiqətdəndirlər. İnsan ruh və bədəndən təşkil olsa da, onun həqiqətini təşkil edən, onu kamilliyə və ya tənəzzülə sövq edən «mücərrəd ruh»dur.

Yaxşı işlərə görə mükafatı, günahların cəzasını dadan, duyan ruhdur. (Bu sözlər qiyamətdə dirilmənin cisimlə birgə olmasını inkar etmir). O biri dünyada da cəza və mükafatı qazanan ruhdur. İllər ötdükdən sonra bir insanı keçmişdəki əməlinə görə cəzalandırmaq və ya mükafatlandırmaq istəsələr, məruz qalan mücərrəd və sabit ruhdur. Ötən müddət ərzində olsun ki, bədən tamamilə dəyişmişdir. Lakin ruh sabitdir. Ona görə də «insan sabit mövcuddur» deyiblər.

Demək, insanın həqiqətini onun ruhu təşkil edir. Yüksəliş, tənəzzül, hər biri ruha aiddir. Yaranış nəzərincə isə ruh mücərrəddir (cisim deyil) və mücərrəd olanlar arasında fərq yoxdur. İstər kişi olsun, istərsə də qadın, ruhun həqiqəti insani və eynidir. Sadəcə iki surətdə – qadın və kişi surətində təcəlli edir. İnsanın kamilləşməsi də ruha aiddir. Qadın və kişi eynidir. İnsani fəzilətlərə çatmaqda qadın da kişi kimi ucala bilər. Demək, yol seçməkdə və mənəvi dərəcələrə çatmaqda qadınla kişi arasında fərq yoxdur. Çünki bu iki vücudun yaranış həqiqəti eynidir.

Buna əsasən deyilən iki mətləb - Quran şəhadətləri, şahidləri ilə isbat olunmalıdır:

Birincisi, qadın və kişi xilqətinin bir olması;

İkincisi, hər iki fərd üçün təkamül yolunun eyniliyi;

əlbəttə, birinci mətləb sübut olarsa, ikinci nöqtə də sübuta yetər.

Qadın cahiliyyət dövründə


Qədim Hind, Çin, Rum və ərəb cəmiyyətlərində qadına elə anormal münasibətlər olub ki, indi də dünyanın bəzi nöqtələrində həmin münasibətlərə təsadüf edilir. Bu baxışlara əsasən daim kişinin xidmətində dayanmağa borclu olan qadın, heyvan kimi bir mövcud sayılır. Buna görə də qadın bütün fərdi və ictimai hüquqlardan məhrum edilmiş, hətta öz talehini müəyyənləşdirmək haqqına malik olmamışdır. Axı əslində insan hesab edilməyən qadın hansı insani hüquqlara malik ola bilərdi!

Sadalanan cəmiyyətlərdən bəzilərində qadın şəxsiyyəti o qədər süqut etmişdi ki, onun həyatı da kişidən asılı idi. Bəzən ehtiyac üzündən qadını öldürüb, əti ilə qidalanardılar.

Hindistanda əri ölmüş qadını ərinin cəsədi ilə birlikdə yandırar, ya da zillət içində buraxardılar. Tarixi mənbələrdə bu faktlar şahidlər tərəfindən təsdiq edilir.

Lakin bu hissə sonrakı hissələrin müqəddiməsi olduğundan sözü çox da uzatmayıb, yalnız cahiliyyət dövründə - Quran nazil olan zamandakı şahidlərin bəzilərini xatırlayırıq. Əlbəttə ki, bu baxışları analiz etməklə digər cəmiyyətlərdəki oxşar baxışlar da işıqlanar.

Cahiliyyət dövründə qadın o qədər əskik sayılırdı ki, hətta onun varlığı belə həqarət hesab edilirdi. Bir şəxs qızı olduğunu eşidəndə qəzəblənər, rəngi qaralardı. İki yol ayrıcında tərəddüd edərdi – bu əskikliyə, zillətə dözmək, yoxsa qızı diri-diri torpağa basdırmaq?! Bildiyimiz kimi qızları diri-diri torpağa basdırmaq cahil ərəblərin adəti idi. Bu işi heç bir vəhşi heyvan öz balasına qıymaz. Quran bu cahil adəti belə nəql edir: «Verilən müjdənin pisliyi üzündən tayfasından gizlənər. Görən, körpəni zillətdə saxlayacaq, yoxsa torpağa basdıracaq? Necə də pis mühakimə edirlər! («Nəhl» surəsi, 59-cu ayə)

Başqa bir yerdə, «Təkvir» surəsinin 9-cu ayəsində bu çirkin əməl yenə də sual altına alınır: «O hansı günaha görə öldürüldü?»

Cahiliyyət dövründə qız övladları övlad hesab olunmaz və nəslin davamı yalnız oğlanlar sayılardı. Cahiliyyətin rəzil şüarı bu idi:

Yalnız oğlanlardır bizlərə övlad

Qızlarla nəsilə verilməz bir ad.

Qurani-kərim müxtəlif əsaslarla oğlan və qızı eyni bildirir, köhnəliklə mübarizə aparır. Aşkar şəkildə qızları övlad adlandırmaqla cahil adətləri kökündən qoparır. Nəcran xristianları ilə mübahilə (nifrin) mərasimində həzrət Peyğəmbər (s) və Əli (ə) ilə müsəlmanlardan qadın ünvanında Fatimeyi Zəhra (ə) və Peyğəmbər övladı kimi Həsən və Hüseyn (ə) iştirak etdilər. Qurani-kərim bu barədə buyurur: «Sənə (İsa haqqında) göndərilən bilikdən sonra bu barədə səninlə mübahisə edənlər olsa, onlara de: Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq və yalvarıb Allahdan yalançılara lənət istəyək».

Bu ayədə Peyğəmbər qızının övladlarına övladlıq şamil edilir.

Cahiliyyət quruluşunda isə ailənin təşkili inkişafını öhdəsinə götürmüş qadınlara diqqətsizlik göstərilir. Bu həmin qadındır ki, övladının səadətinə zamindir və bu prosesdə mühüm rol oynayır. «Bəhar» da buyurulur: «Hər kəsin səadət və bədbəxtliyi anasının bətnində müəyyənləşir». «Vəsaildə» buyurulur: «Behişt ananın ayaqları altındadır».

Cahiliyyət dövründə anaya övladı bir müddət özündə saxlayıb, sonra azad edən qab kimi baxılıb. Cahiliyyət mədəniyyəti bir şerdə belə əks olunur:

Qabdan artıq deyil onlar bizə,

Atalardır ünvan soy, kökümüzə.

Quran bu cahil fikri puça çıxarıb, ana qucağını tərbiyə, inkişaf beşiyi kimi tanıtdırır, «qadınlarınız saleh övladlar tərbiyə edəcək əkinəcəklərinizdir», deyir. Quran anaların üzücü zəhmət və təlaşlarına təşəkkür olaraq tərif edir, hüquqlarını ilahi hüquqlar sırasında əks etdirir. «İsra» surəsinin 23-24-cü ayələrində buyurulur: «Allah Ona ibadəti və valideynə yaxşılığı buyurmuşdur. Onların biri, ya hər ikisi sənin yanında qocalığın ən sınıq çağına yetərsə, onlara «uf»da demə, acı söz söyləmə. Onlarla xoş rəftar et. Onların hər ikisinə acıyıb, mərhəmət göstərərək de: Pərvərdigara, onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi Sən də onlara rəhm et.»

“Əhqaf» surəsində buyurulur: «Biz insana ata-anasına yaxşılığı sifariş etdik.» Beləcə, xeyli çətinliklərlə qarşılaşan ananın əsil rolu nəzərə çatdırılır.

Cahiliyyət qurluşunda qadının hansısa bir qərara gəlmək hüququ yox idi. Yalnız ata və qardaş onu ərə verə bilər və bir əşya kimi dəyişər, mehriyyəyə sahib olardılar. Hətta əri öləndə onun mülkünə sahib çıxırdılar. Qadının evlənmə hüququ ailənin kişisinə məxsus idi. Quran bu çirkin əməli rədd etdi və evlənmə hüququnu qadının öz ixtiyarına verdi. Qadın öz meyriyyəsinə sahib oldu (əlbəttə ki, qızın ərə getməsində atanın icazəsi olmalıdır).

Həmin qaranlıq qurluşda qadın ailə və insani ünsiyyət hüququndan da məhrum idi. Onunla quldan da pis rəftar olunurdu. Addımbaşı qadın təhqir edilirdi. Quran qadınla qeyri-insani rəftarı puça çıxardı.

«Qadınlarınızla ağıllı, Allah bəyəndiyi kimi rəftar edin.»

Cahiliyyətdə qadının zəhmət haqqı ata, qardaş tərəfindən mənimsənilirdi. Quran aşkar şəkildə onlara kişilər kimi iqtisadi müsəqillik verdi: «Kişilərin öz qazandıqlarından öz payı, qadınların öz qazandıqlarından öz payı vardır.»




Dostları ilə paylaş:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə