İslamdaki əsas iSTİqaməTLƏr və MƏZHƏBLƏr lalə MÖVSÜmova



Yüklə 123,34 Kb.

tarix26.10.2018
ölçüsü123,34 Kb.


“Dövlət və Din”.-2010.-№1-2.-S.216-230.

İSLAMDAKI ƏSAS 

İSTİQAMƏTLƏR VƏ MƏZHƏBLƏR

LALƏ MÖVSÜMOVA,

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu,

fəlsəfə elmləri doktoru

İslam dininin də başqa dinlər kimi bir neçə şaxəsi vardır.

İslamda əsas istiqamətlər (məzhəblər) sünnilik və şiəlikdir. Onlar da öz növbələrində müxtəlif məzhəblərə

bölünürlər.  İslamın  ikiyə  bölünməsi  artıq  VII  əsrin  ikinci  yarısında  baş  vermişdir.  Əsas  ənənəvi  istiqamət  olan

sünnilik  öz  adını  «sünnə»  (qanun,  adət,  ənənə)  sözündən  almışdır.  Sünnilik  təliminin  əsas  mənbələri  Quran  və

Həzrət  Məhəmməd peyğəmbərin (s) hədislərindən  (deyimlərindən),  onun  hərəkətləri,  davranış və  əxlaqı haqqında

müasirlərinin, xüsusən onun yaxın əshabələrinin rəvayətləri toplusundan ibarətdir.

Başqa bir istiqamət olan şiəliyin

 tərəfdarları isə Həzrət Məhəmməd peyğəmbərin (s) kürəkəni, əmisi oğlu



Həzrət  Əlinin  (ə)  və  onun  övladlarının  şəxsində  peyğəmbərin  yeganə  qanuni  varislərinin  başçılıq  etdiyi  və  irslə

keçən ruhani hakimiyyət prinsipini qəbul edirlər.

Tarixi  dövr  ərzində  şiəlik  hakimiyyətlə  bağlı  fərqli  mövqedə  dayandığından  onun  bayrağı  altında  xalq

hərəkatları baş verirdi. Elə buna görə də uzun müddət hakim təbəqələrin təqibinə məruz qalan şiəlik öz təlimini gizli

təbliğ  etmək  məcburiyyətində  qalmışdır.  Şiəliyin  bu  xüsusiyyəti  onun  tərəfdarlarını öz  məzhəb  mənsubiyyətlərini

gizlətməyə («təqiyyə» etməyə) məcbur etmişdir. Zərurət (həyatı və əqidəsi üçün təhlükə) olanda şiəyə öz əqidəsini

gizlətməyə icazə verilirdi.

Sünniliyin  feodal  sistemində  isə  kök  salmış  ehkamları dövlət  hakimiyyəti  ilə  (siyasi  hakimiyyətlə)  ruhani

hakimiyyətin dünyəvi şəxsin əlində cəmlənməsini mümkün saydığı kimi, ruhani şəxsin əlində də olmasını məqbul

sayır. Sünniliyə görə bunlardan hər biri özünü müsəlmanların hökmdarı (əmirəlmöminin) elan edə bilər.



XARİCİLƏR

Hələ  Həzrət  Əli  (ə)  sağ  ikən  onun  tərəfdarları  arasında  parçalanma  baş  verdi.  Bu  parçalanma  İslamın

üçüncü, az yayılmış bir istiqamətinin (cərəyanının) - xaricilərin (Həzrət Əliyə (ə) etiraz edib onun qoşunundan xaric

olanların - çıxanların, onları «xarici» sözünün ərəb dilindəki cəm forması olan «xəvaric» sözü ilə də adlandırırlar)

meydana gəlməsinin başlanğıcını qoydu.

Həzrət Əlinin (ə) tərəfdarlarından ayrılan xaricilər eyni zamanda şiələrə və sünnilərə qarşı silahlı mübarizə

aparırdılar. Tanınmış islamşünas E.A. Belyayev qeyd etmişdir ki, sıravi müsəlmanların bu hərəkata tərəf çıxmasını

hər  şeydən  qabaq  «xaricilərin  zəhmətkeş  kütlələrin  yerli  feodalların  zülmündən,  istismarından,  zorakılıq  və

özbaşınalığından azad olmaq cəhdini ifadə edən sosial-siyasi prinsipləri»

1

 təmin edirdi.



Xaricilərin əsas şüarı müsəlmanların, milli mənsubiyyətindən asılı olmayaraq, bərabərliyi idi. Ancaq bəyan

etdikləri  məqsədlərin  həyata  keçirtmək  uğrunda  apardıqları  silahlı  mübarizə,  onların  siyasi  qərarlarını  qəbul

etməyən  müsəlmanlara  qarşı  elan  etdikləri  «müqəddəs  müharibə»  (cihad)  özlərinin  nüfuzunun  və  kütlələrə  təsir

gücünün azalmasına gətirib çıxartdı.



ŞİƏLİYİN CƏRƏYANLARI

İslamın əsas istiqamətlərinin daxilində yaranmış cərəyanlara gəlincə, onların sayı şiəlikdə nisbətən çox-dur.

Bunlara  aşağıdakıları misal  göstərmək olar:  zeydilər  (VII  əsr,  onlar  «gizli  imam»ın mövcudluğunu,  müqəddəslərə

sitayişi  və  rahibliyi  (zahidliyi),  qədərlə  bağlı  ehkamları rədd  edir,  İsmaililər  (VIII  əsr,  762-ci  ildə  VI  şiə  imamı

Cəfər  əs-Sadiq  imamət  hüququnu  öz  kiçik  oğluna  verdikdən  sonra  meydana  gəldi

2

.  Şiələrin  bir  qismi  bununla



razılaşmayıb VII  imam  olaraq  Cəfərin  artıq о  zaman  ölmüş  böyük  oğlu  İsmaili  VII  imam  kimi  tanımaqda  davam

etdilər. Bu cərəyan da elə onun adı ilə adlandırılır.  Cərəyana neoplatonizmin və buddizmin böyük təsiri olmuşdur.

Onlar müsəlman ibadətlərini yozaraq, oruc tutmağı, mütləq namaz qılmağı və həcc ziyarəti yerinə yetirməyi tələb

etmirdilər);  qərmətilər  (bunlar  ismaililərdən  ayrılıb,  öz  dini  fanatizmləri,  başqa  fikirli  adamlara  qarşı

dözümsüzlükləri ilə fərqlənirdilər), onlardan da öz növbəsində dürzilər ayrılmışdılar (dürzilər qərmətilərdən 1021-ci

ildə ayrılmış, fatimi xəlifəsi Hakimə sitayiş edərək, onun ikinci gəlişini gözləyirlər. İnsanın zaman-zaman müxtəlif

şəkillərə düşməsinə inanırlar); nuseyrilər, yaxud ələvilər (IX əsrin ortaları, bu cərəyanın yaranmasında zərdüştiliyin

və  xristianlığın  böyük  təsiri  olmuşdur.  Onun  tərəfdarları  müqəddəs  saydıqları  üçlüyə  -  Həzrət  Əli,  Həzrət

Məhəmməd  (s)  və  Salmana  inanırlar);  əliallahilər  (zərdüştiliyin  bir  sıra  müddəalarını  götürmüş  və  imam  Əlini

ilahiləşdirən  cərəyandır);  babilər  (XIX  əsrdə  İran  şiələri  arasın-da  yaranmış,  özünü  «Bab»  (qapı)  elan  etmiş

rəhbərinin  adı  ilə  belə  adlanmışdır.  Bu  onların  düşüncəsində  insanlara  yeni  dinin  açılacağı,  Mehdinin  gələcəyi

 



«Şiə» - ərəb sözü olub, «tərəfdar» deməkdir.


«vəhy qapısı» mənası daşıyırdı. Bu cərəyan cəmiyyətin, onların fikrincə, köhnəlmiş Quran və şəriəti Babın öz əsəri

olan «Bəyan»la (burada: vəhy) əvəz etmək yolu ilə yenidən qurulmasının zəruriliyini irəli sürürdü); bəhailər (XIX

əsrin  ortalarında  İranda meydana  gəlmişdir.  Cərəyanın  rəhbəri  özünə,  ərəb  dilindən  tərcümədə  «Allahın  parıltısı»

mənası  verən  «Bəhaullah»  adı  verib  peyğəmbər  olduğunu  elan  etmişdi.  Tərəfdarları  islamın  ayin  və

mərasimlərindən imtina edir, sinifli cəmiyyəti və kosmopolitizmi təbliğ edirdi).

SÜNNİLİYİN MƏZHƏB VƏ CƏRƏYANLARI

Sünnilər  dörd  dini  hüquq  (fiqh)  məktəbinə  -  məzhəbə  ayrılırlar.  Onlar  bir-birindən  ayinlərin  tətbiqinə  və

Quranın  şərhi  (təfsiri)  metoduna  görə  fərqlənirlər.  Bunlar  yetərincə  liberallığı  ilə  fərqlənən,  hüquqi

mühakimələrində  zəkaya  və  qiyasa  (bənzətmə,  analogiya)  əsaslanan  hənəfilik  (banisi  Əbu  Hənifə  ibn  Sabit  -

699-767, mənşəcə türk), rəvayətə və ənənəyə əsaslanan, zəkaya və bənzətməyə az müraciət  edən malikilik (banisi

Malik  ibn  Ənəs  - 713-795),  rəvayətlərə  və  ənənəyə  əsaslanıb, zəkanı və  bənzətməni  də  bütünlüklə  inkar  etməyən

şafiilik (banisi  Əbu  Abdulla  Məhəmməd  ibn  İdris  əş-Şafii  -  767-819),  zəkanı və  qiyası rədd  edib  yalnız  rəvayətə

(hədislərə) əsaslanan hənbəlilikdir (banisi Abdulla Əhməd ibn Hənbəl əş-Şeybani - 780-855).



VƏHHABİLİK, SƏNUSİLİK, QADİYANİLİK

Hənbəliliyin  bir  qolu  (şaxəsi)  XVIII  əsrdə  Ərəbistanda  meydana  gəlmiş  vəhhabilikdir.

3

 Bu  cərəyan



ərəblərin  türk  sultanlarına  qarşı  yönəlmiş  birləşmə  hərəkatı  ilə  də  bağlıdır.  Vəhhabiliyin  əsas  ideyası  ibadətdə

Allaha heç bir ortaq (şərik) qoşulmaması və  bu  dünyada  Allahla  insanlar  arasında heç  bir  vasitəçinin,  şəfaətçinin

olmamasıdır. Beləliklə, onlar ruhaniyyəti inkaretmiş olurlar. Onlar tövhidin (təkallahlılığın, Allahın ibadət edilməyə

haqqı çatan tək varlıq olduğu əqidəsinin)  ciddi  olaraq  qorunması uğrunda  mübarizə  aparır,  müqəddəslərə  pərəstiş

olunmasını rədd edirlər. Sitayişi ibadət və itaət növlərinə ayıran vəhhabilər birincinin və ikincinin bütün cəhətləri

ilə  Allaha,  ikincinin  isə  insanlardan  yalnız Həzrət  Məhəmməd  peyğəmbərə  (s)  edilməsini  düzgün  sayırlar.  Həzrət

Məhəmməd  peyğəmbəri  (s)  bəşərin  şah  nümunəsi  bilən  bu  cərəyanın  nümayəndələri  Allahın  sifətlərinin

peyğəmbərə  (s)  aid  edilməsinə,  eləcə  də  tərki-dünya  həyat  tərzinə  qarşı çıxırlar.  Onlar  bütün  bunlarda  Qurana  və

Rəsulullahın (s) hədislərinə əsaslanırlar.

Sünnilər  arasında  sənusilər  adlı  hərbi-dini  orden  (qardaşlıq;  1837-ci  ildə  Məkkədə  formalaşmışdır.

Tərəfdarları İslamın  yad  ünsürlərdən  təmizlənməsi  şüarı  ilə  çıxış  edirlər)  və  əhmədiyyə  (başqa  adı qadyanilikdir,

XIX  əsrin  80-ci  illərinin  sonunda  Hindistanda  yaranmışdır.  Ehkamları  arasında  hinduizmin  və  xristianlığın  bəzi

ünsürləri diqqət çəkir) adlı icma da formalaşmışdır.

SUFİLİK

İslamın  meydana  gəlməsindən  bir  müddət  sonra  onda  mistik  istiqamət  (cərəyan)  olan  sufilik  özünü

göstərdi.

4

 Sufizmin nümayəndələri olan mistik zahidlər (dərvişlər) kobud yun (ərəb dilində - «suf») parçadan paltar



geyinirdilər.

Sufilik şəhər yoxsullarının, daha sonra kənd yoxsullarının da maraqlarını ifadə edirdi. Xalqın dini ənənəsi

ilə sıx bağlı olan sufilik, mövcud gerçəkliyə və rəsmi dinə qarşı özünükamilləşdirmənə, dünyəvi həyata laqeydliyə

və  Allahla  mistik  (xəyalən)  birləşmək  (Allaha  qovuşmaq)  naminə  bu  dünya  həyatının  bütün  nemətlərindən  üz

döndərməyə çağırırdı. Sufilər yoxsulluğu, tərki-dünyalığı təbliğ edirlər. Bu cərəyanın bəzi qollarının nümayəndələri

dini ayinləri yerinə yetirməkdən belə imtina edirdilər.

Sufilər  Quranı  məcazi  təfsir  edirdilər.  Onların  dini  təfəkkürünə  neoplatonizmin  (yeni  platonçuluğun),

buddizmin  ünsürləri  daxil  olub,  panteist  fikirlərinin  formalaşmasına  təsir  göstərmişdir.  Sufilərin  fikrincə,  vahid

ilahi mahiyyət (zat) mövcuddur ki, görünən aləm özünün bütün çeşidli varlıqları ilə onun təzahürüdür (təcəllisidir).

Sufilərin əsas məqsədi Allahla birləşmək, mütləqə qovuşub onunla bir varlıq olmaqdır. Bu yolu keçmək üçün əsas

tələb dünyəvi olan hər şeydən üz döndərmək, özünü əhatə edən varlıqlara qarşı laqeyd olmaq idi.

Qeyd  olunduğu  kimi,  sufilik  islam  çərçivəsində  xüsusi  mistik  dini-fəlsəfi  dünyagörüşüdür.  Bu  cərəyanın

nümayəndələri Tanrı ilə şəxsi psıxoloji təcrübə əsasında mənən (ruhən) birbaşa əlaqəyə girməyi mümkün sayırdılar.

Buna  Allahın  ilham  verdiyi,  Ona  aparan  yolu  ürəyində  sevgi  ilə  keçən  insanın  ekstaz  (vəcd,  cuşəgəlmə)  halına

düşməsi, yaxud daxilən nurlanması yolu ilə nail olunurdu.

Sufilərin  məqsədi  Tanrını  mənən  (ruhən)  intuisiya  (sezgi)  ilə  birbaşa  dərk  etməkdir.  Onların  təliminin

əsasını insanın mənən təmizlənməsi (paklaşması) və kamilləşməsi ideyası təşkil edir.

Sufizmin ideyaları, rəsmi islamın onunla mübarizəsinə baxmayaraq, XI əsrin ortalarında sürətlə yayılmağa

başladı.  Elə  bu  dövrdə  sufilik  müsəlman  ideoloji  müxalifəti  rolunda  çıxış  edir.  Odur  ki,  sufilər  öz  ideyalarını

diskussiyalarda  (mübahisələrdə)  müdafiə  etməli,  çox  vaxt  təqibdən  və  hakimiyyət  dairələrindən  qorunmaq  üçün

«pərdələnməli» olurdular.

Sufilərin təliminə aşağıdakıları nümunə göstərmək olar: mistik idrak sahibinin (sufinin) həyatında Tanrı ilə

mənən  (ruhən)  birləşmək  ən  ali  məqsəddir;  «kamil  insan»ın  yetişməsi,  onunla  (bu  yolla)  sıx  bağlı  olan  mənəvi



kamilləşmə nəzəriyyəsi pəhriz (çəkinmə, imtina), tərki-dünyalıq (zahidlik) və aza qane olmaq ideallarının postulat

kimi qəbul edilməsi (mühakimə üçün əsas götürülməsi) yolu ilə əldə edilməlidir; Tanrının rəhmi (ilahi rəhm) bütün

insanlara eyni dərəcədə aiddir (yetişir); Quran ideyaları ezoterik (gizli rəmzlərlə) təfsir olunmalıdır.

Sufilik  ideyaları  islamda  əxlaqi-etik  ideallara  çevrilən  «ürəyin  və  əlin  təmizliyi»,  sosial  ədalət,  Allah

qarşısında bütün insanların bərabərliyi, şərə qarşı mübarizə, xeyirin təsdiqi, vicdanlılıq, insanlar arasında qardaşlıq

və  s.  bu  kimi  mənəvi  məsələlər  gətirdi.  Sufizm  sanki  rəsmi  İslamın  dərinliklərində  əxlaqi  və  etik  təsəvvürlər

şəklində təbəqələşmə formalaşdırdı.

XII-XIII əsrlərdən başlayaraq sufilik iki qola ayrıldı. Birinci qola insanı saflaşdıran, onu Allaha yaxınlıq və

qovuşma  məqamlarına  yüksəltmək  üçün  zəruri  mənəvi  halları və  keyfiyyətləri  qəbul  etməyə  hazırlayan  əməllərlə

bağlı praktiki (təcrübi), yaxud əməli sufilik daxildir. Sufiliyin bu qolu öz varlığını Quranın: «(Ya Rəsulum!) Sənə



əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə  birlikdə iman  gətirənlər (tövbə  edib ardınca gedənlər)  də düz (yolda)

olsunlar.  (Allahın  əmrlərini  pozub)  həddi  aşmayın,  çünki  О  sizin  nə  etdiklərinizi  görəndir!»  

(11:112);  «And



olsun nəfsə və onu yaradana (ona biçim verənə); sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir

və  şəri)  öyrədənə  ki,  nəfsini  (günahlardan)  təmizləyən  mütləq  nicat  tapacaqdır!  Onu  (günaha)  batıran  isə,

əlbəttə, ziyana uğrayacaqdır». 

(91:7-10) və s. ayələri ilə əlaqələndirir.

Sufiliyin  ikinci  qolu  Allahın  -  Mütləq  Həqiqətin  öz  «ən  gözəl  adları»na  (bu  adların sayı 99-dur)  müvafiq

olaraq təcəlli etməsi məsələləri ilə məşğul olan nəzəri sufilikdir. Bu qol öz mövcudluğunu: «Göylərdə və yerdə kim



varsa, (hamısı) Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. О hər gün (hər an) bir işdədir (birini öldürər, birini

dirildər;  acizə  kömək,  zalıma  zülm  edər;  birinin  duasını  qəbul  edər;  birinə  mərhəmət  əta  edib  digərinə  cəza

verər. Bir işlə məşğul olmaq Onu digərindən yayındırmaz)» 

(55:29) - ayəsi ilə əlaqələndirir.

Azərbaycanda  sufiliyin  nümayəndələri  Əbülfərəc  Əbülvahid  Vərəsani  Təbrizi  (387/982-ci  ildə  ölmüşdür),

Əbussəlban Həmədani (878-961), Əli ibn Əbdüləziz Bərdəi (387/997-ci ildə ölmüşdür)

5

, Baba Kuhi Bakuvi (X-XI



əsrlər)

6

,  İbn  Həfifə  Əbuzürə  Əbdülvahab  ibn  Mühəmməd  Ərdəbili  (1024-cü  ildə  ölmüşdür)  və  b.  olmuşlar.



İmadəddin Nəsiminin də gənclik illərində daxil olduğu hüseyniyyə, yaxud həllaciyyə təriqətinin fəaliyyəti isə XIV

əsrə təsadüf edir.

Sufi  təriqətləri  ilə  bağlı olan,  daha  so nra  İmadəddin  Nəsiminin  (1369-1417)  də  daxil  olduğu,  hürufiliyin

banisi Fəzlullah Nəimi (1339-1394/1401) olmuşdur.  Əbülhəsən Əliyyül-Əla və şair Nəsimi hürufiliyin ən nüfuzlu

nümayəndələri  kimi  şöhrət  tapmışlar.  Bir  çox  sufi  təriqətləri,  eləcə  də  nəqşbəndilik  Azərbaycana  və  Azərbaycan

vasitəsilə Şimali Qafqaza nüfuz etmişdir.

Allahla dünyanın birliyi (vəhdəti)  və  eyniliyinin  əsasını, eləcə  də  bu  birliyin  dərk  edilməsinə  aparan  yolu

ağılda görən ismaililikdən fərqli olaraq, sufiliyin əsasını məhəbbət (eşq) təşkil edirdi.

Sufilik  sonralar  bir  neçə  cərəyana  bölünmüşdür.  Bunların  arasında  «həmvücud»,  «həmmahiyyət»,  yaxud

«(ilahi) varlığın vəhdəti» konsepsiyalarına əsaslanan vəhdətül-vücud cərəyanı ən çox yayılmışdı. Bu təlimin işlənib

tamamlanması  İspaniyanın  Ən-dəlüs  vilayətindən  olan  «Böyük  şeyx»in  -  Mühyiddin  Məhəmməd  ibn  Əli  ibn

Ərəbinin (1165-1240) adı ilə bağlıdır.

İntellektual əqli nəticələrə (idraka) üstünlük verən sufilər arasında vəhdə-tüş-şühud (şahidlik vəhdəti, görmə

bir liyi)  təlimi  böyük  şöhrət  qazanmışdı.  Bu  təlimi  XIV  əsrin  başlanğıcında  fars  mistik  (sufi),  kübraviyyə

qardaşlığının üzvü Əlaüd-Dövlə əs-Simnani (1261-1336) işləyib hazırlamışdır.

intellektual sufiliklə sıx əlaqədə praqmatik (əməli nəticələrə üstünlük verən) sufilik də inkişaf edirdi. Onun

da  çoxlu  cərəyanları,  istiqamətləri  vardı  ki,  bunlar  prinsipcə  iki  məktəbdə  cəmlənir.  Birinci  məktəbin

nümayəndələrinin  irəli  sürdükləri  ideyalar  birbaşa  olaraq  fars  mistik  (sufi)  Əbu  Yezid  (Bəyazid)  əl-Bistaminin

(875-ci  ildə  ölmüşdür)  adı  ilə  bağlıdır.  Bu  təlim  üçün  «vəcd  coşqunluğu»  (şətəhat)  və  «Allaha  olan  sevgidən

(eşqdən, bağlılıqdan) məstlik» səciyyəvidir. Onun tərəfdarlarının fikrincə, Allahı, hər şeyi özündə yox edən «eşqlə»

sevmək,

«Ona aşiq olanı» onunla mənəvi birləşməyə (qovuşmaya) aparıb çıxarır.



İkinci  məktəbin  yaranması  başqa  bir  fars  mistik  (sufi)  Əbülqasim  Cüneyd  əl-Bağdadinin  (910-cu  ildə

ölmüşdür) adı ilə bağlıdır. Bu təlimin tərəfdarları prinsipcə insanın bütün saxsı xüsusiyyətlərini itirdikdən, emosiya

(həyəcan)  və  reaksiyaları (qıcıqlanmaları)  yoxa  çıxdıqdan  (yatdıqdan, sakitləşdikdən)  sonra  Tanrıya (İlahiyə)  tam

qovuşub  birləşməsi  (Allaha  qovuşub  onda  həll  olması)  müddəasını qəbul  edirdilər.  Ancaq  bu  vəziyyət  aralıq  hal

hesab olunur. Çünki mistik (sufi), bu təlimin təsəvvürlərinə görə, daha irəli - «ayıqlıq» halına doğru getməlidir ki,

Tanrını mənən  dərk  etməsi  onu  daha  kamil  insan  vəziyyətinə  keçirə  bilsin  Bu  məktəb  «ayıqlıq»  məktəbi,  yəni  öz

emosiyalarına (hiss-həyəcanına) ayıq, tənqidi münasibətə və onları tam nəzarətdə saxlamağa  əsaslanan məktəb adı

almışdır.

Həqiqətən  də,  ilkin  asketik  qruplar  demək  olar  ki,  sırf  ləyaqət  məsələləri  ilə  məşğul  olur  və  spekulyativ

təfəkkürə  maraq  göstərmişdilər.  Bu  qruplardan  olan  kişi  və  qadınlar  böyüyən  həyat  dəbdəbəsinə  qarşı  bütün

dünyavi şeylərdən əl çəkməyi təbliğ edirdilər. Onlar «daim ağlayan» (əl-bakkaun) ləqəbi almışdılar. Bu, dünyanın

acınacaqlı vəziyyətinə cavab reaksiyasıdır.  Oz qeyri-kamilliyi haqda düşüncələr onları ilahi kömək və bağışlanma

ümidiylə  çırpınmağa  məcbur  edirdi.  Sufizm  başqa  islam  cərəyanlarıyla  müqayisədə  qadın  fəallığının  inkişafına

daha  çox  meyllidir.  İslam  ənənəsində  qadınlarla  bağlı  bəzi  deyimlər  elə  də  xoş  olmasa  da,  müsəlmanlar  «qadın

başlanğıcını» günahlandıran orta əsr xristian müəlliflərinin nifrət həddini aşırlar (islamda heç vaxt Həvvanı Adəmi



günaha batırmaqda suçlamayıblar. Xristianlar isə belə bir mülahizəni tez-tez təkrarlayırlar ki, «İslama görə qadının

ruhu yoxdur». Bu fikrin nə Quranda, nə də klassik ənənələrdə əsası yoxdur).

Sufilər  «qadın  başlanğıcının»  pozitiv  aspektlərini  yaxşı  dərk  edirdilər.  Bəzi  Quran  qissələri  qadının  dini

həyatda rolunun gözəl illüstrasiyasını verməyə kömək edir.

Sufizm  qatı  ənənəvi  təlimlərdən  fərqli  olaraq,  qadınlara  da  sosial  həyatda  fəal  iştirak  üçün  müəyyən

imkanlar  yaradır.  Orta  əsr  tarixçilərinin  verdiyi  məlumata  görə,  qadınların  mistik  yol  axtarışı,  ümumiyyətlə  dini

ayinləri icra etmək üçün toplandıqları xüsusi yerlər olmuşdur.

Bəzən  qadınlar  sufi  cəmiyyətlərinin  mərasimlərində  də  iştirak  ediblər.  Bəzi  təriqətlər  onlara  məscidlərə

girməyə icazə verməsələr də, sufi qadınların sevgi və entuziazmı adətən çox dərin, güclü olub.

Qadınları ən  çox  hüquqi  tanıyan  təriqət  osmanlı Türkiyəsində  bəktaşilər  olub.  Bu  təriqətdə  onlar  kişilərlə

tam bərabərhüquqlu sayılmışlar.

Müsəlman icmasının formalaşmasında müsəlman qadınların böyük və sonsuz inamı vacib rol oynayıb, indi

də  oynayır.  Quranda  -  «Müslimun  -  müminat»,  «müminun  və  müminat»  -  «müsəlman  kişi  və  qadınlar»,  «həqiqi

mömin kişi və qadınlar» ifadələri tez-tez işlənir. Dini ehkamlar hər iki cins üçün eyni dərəcədə məcburidir

7

.

Çox  vaxt  belə  hesab  edilir  ki,  sufi  qadın  Rəbiyə  ilkin  asketlərin  qatı təliminə  fədakar  məhəbbət  elementi



gətirib  və  sufizmə  həqiqi  mistisizm  çaları verib.  Rəbiyyətin  Allaha  sevgisi  qeyri-şərtsiz,  mütləqdir  və  başqa  heç

nəyə, yəni ayrı məhəbbətə yer yoxdur. Müsəlmanların Rəbiyyəyə verdiyi dəyər keçmişdə və hal-hazırda da ləyaqətli

qadını «ikinci Rəbiyyə» deyə çağırmalarından məlumdur.

Rəbiyyə  VIII  əsrdə  yaşamış  yeganə  sufi  qadın  deyil.  Ondan  başqa  mistisizmə  yaxın  olan  bəzi  başqa

qadınların da adını çəkmək olar. Bu qadınlar da gözlə görmək mümkün olmayan göydəki Sevgili üçün çırpınır, onu

öz  qəlblərində  tapırdılar.  Rəbiyyənin  hisslərinin  səmimiliyi,  gərginliyi  onu  təmənnasız  məhəbbətin  simvoluna

çevirmişdi. Hətta qadınlara ikrahla yanaşanlar da onu qəbul edirlər. Çünki Allahla qovuşmada onu sevənlər ayrıca

mövcud deyillər və kişi-qadın arasında fərqləndirmə burda yox olur.

IX-X əsrlərdə yaşamış və İslam mistisizmində müəyyən nailiyyətlər əldə etmiş qadınların adına ərəb və fars

mənbələrində rast gəlmək olur.

Təsəvvüf  qadının  özünü  göstərə  bildiyi  yeganə  dini  sahə  idi.  Bir  çox  sufi  qadınlar  olmuşdur  ki,  onların

arasında Rəbiə  əl-Ədəviyyə  (801-ci  ildə  ölmüşdür)

8

 daha  çox  tanınmışdır.  «Sufi  ədəbiyyatı»  tədqiqatının  müəllifi



A.Şimmel qeyd edir ki, saf ilahi məhəbbət  ünsürünü fəlsəfi  sistemə məhz adı məhəbbət  rəmzinə çevrilmiş  bəsrəli

kölə qız, Rəbiə əl-Ədəviyyə daxil etmişdir. Onun dediyinə görə, bu qız sübut etmişdir ki, qadın «bütünlüklə Allahın

yanına yüksələrsə, о da kişinin çatdığı mənəvi yüksəkliklərə ucala bilər».

9

 О zaman qadın sufi dərgahlarının olduğu



haqqında məlumatlar var. Əl-İrbili kişi dərgahlarını «xanəgah» termini ilə, qadın dərgahlarını isə «ribat» termini ilə

adlandırır.**

Sufilik, daha çox sərgərdanlıq edən (dünyanı gəzib-dolaşan) fars və türk dərvişlərin sayəsində inkişaf  etdi.



Sonra  monqol  istilası  dövrü  başlandı,  bunun  nəticəsində  islam  dövlət  dini  olmaq  statusunu  itirdi.  Yalnız  Qazan

xanın  (1295-1304)  hakimiyyətə  gəlməsi  ilə  islam  rəsmi  olaraq  dövlət  dini  kimi  tanındı.  Bundan  sonra  sufilər

ruhaniyyətin nüfuzlu nümayəndələri oldular.

Səlcuqların hakimiyyəti zamanı və ilk osmanlı dövründə sufilik xüsusən

Anadolunun şərq və cənub hissələrində yayılırdı.  Sərgərdan sufi təbliğatçılardan  (baba dərvişlərdən) çoxu

şiə qızılbaşlar, yaxud hürufilər, başqaları qələndərilər və abdallar idilər.

Yavaş-yavaş Osmanlı dövləti dünyavi dövlətə çevrilirdi. Bu zaman bir sufi qardaşlığı (ordeni) ərəblər İranı

fəth etdikdən sonra ilk dəfə bu ölkəyə dövlət dini şiəlik olan sülalə bəxş  etdi. C.S. Trimingemin qeyd etdiyi kimi:

«Təqdirəlayiqdir ki, bu hərəkatın ilk dəfə meydana gəldiyi ərazi - Azərbaycan və Gilan İslamın bütün növlərindən

olan  sərgərdan  türk  moizəçilərini  (baba)  meydana  gətirdi  (onlar  öz  istiqamətlərinə  görə  cəmiyyətin  farslaşmış

hissəsi arasında böyük təsirə malik olan mövləvilik təriqətini təşkil edən İran sufilərindən kəskin fərqlənirdilər). Bu

«baba  dərviş»lər  kiçik  Asiyada  böyük  şiə  Səfəvilər  hərəkatının  hərəkətverici  qüvvəsinə  və  insan  ehtiyatlarına

çevrildilər.

Hərəkatın  bütünlüklə  sırf  hərbi  hərəkata  çevrilməsindən  xeyli  müddət  sonra  da  Səfəvilər  Kiçik  Asiyanın

əhalisi türk olan əyalətlərində böyük dayağı olan nəhəng türk qardaşlığı kimi qalmaqda idi».

10

Xəlvətiyyə  təriqətinin  müəyyən  ba nisi  olmayıb.  Ola  bilsin,  bu  sufi  məktəbi  elə  Ərdəbil  vilayətindəki



tərki-dünya  həyat  keçirməklə  şöhrət  tapmış  ayrı-ayrı  sufilər,  yaxud  onların  bir  qrupu  yaratmışdır.  Bu  məktəbin

təlimində  başlıca  olaraq  fərdi  tərki-dünyalığa  (zöhdə)  və  tənhalığa  (xəlvətə  çəkilməyə)  diqqət  verilirdi.  O,  artıq

formalaşmış şəkildə Şirvanda, qaraqoyunlular arasında geniş yayılmışdı.

Sufiliyin bəzi ünsürlərini ənənəvi sistemə ilahiyyatçı filosof əl-Qəzali daxil etmişdir. O, mistik teizm (sufi,

təsəvvüf  ilahiyyatı)  adı  almış  özünəməxsus  bir  təlim  yaratmışdı.  Onun  təlimində  mistik  intuisiyadan  (sezgidən,

duyumdan)  ibarət  sufi  prinsipi  «Allahı dərk  etmək  vasitəsi»  kimi  qəbul  olunurdu.  Ağlın  isə  bu  məsələdə  gücsüz

olduğu bildirildi. Əl-Qəzaliyə görə, mistik seyr yalnız insan ruhunun işıqlandırılması (nurlandırılması)  nəticəsində

 **





Təkcə  Hələbdə  (Suriya)  1150-1250-ci  illər  arasında  əsası  qoyulmuş  yeddi  qadın  monastrı  vardı.  Bağdadda  (Iraq)  da  bir  neçə  belə

monastr vardı ki, onlardan ən məşhuru Fatimə Raziyə (521-ci ildə ölmüşdür) monastrı idi. Qahirədə (Misir) əl-Məlik əz-Zahir təxəllüslü sultan I

Baybarsın (1223-1277) qızının  hicri  684-cü  il  (m.  1285)  ildə  Bint  əl-Bağdadiyyə  kimi  tanınan  Zeynəb  bint  əl-Bərəkə  (Bərəkənin  qızı Zeynəb)  və

onun ardıclıları üçün tikdirdiyi monastr vardı. Bu monastr (ribat) indi əd-Dərb əl-Əsfər adlanan yerdə qalmaqdadır.


Allahın  idrakına  aparıb  çıxara  bilər.  Əl-Qəzali  sufilərin  panteist  ideyalarını  rədd  edir,  müsəlman  ayinlərinin

(ibadətlərinin) yerinə yetirilməsini isə zəruri sayırdı.



MÖTƏZİLİLƏR VƏ MÜTƏKƏLLİMLƏR

Ənənəvi  İslamın  bütün  ictimai  şüur  sahəsində  inhisarını  aradan  qaldırmaq  cəhdi  onun  mötədil  (yumşaq)

rasionalist  tənqidçiləri  olan  mötəzililərin  (ayrılmışların)  və  mütəkəllimlərin  (kəlamçıların;  kəlam  -  söz,  nitq,

danışıq) təlimlərində özünü göstərirdi.

Mötəzililik VIII əsrdə yaranmışdı. Bu təlimə görə, Allahın antropomorf (insanabənzər) cizgiləri (əlamətləri)

yoxdur, ona hər hansı atributun aid edilməsi isə tövhidin ciddiliyini pozur. Mötəzililər Quranın yaradılmış (məxluq,

xəlq edilmiş)  olduğunu qəbul edir və deyirdilər  ki,  onun  məzmunu  mütləq  həqiqət  ola  bilməz.  Elə  onlar  da  insan

azadlığının  məhdud  olmadığı  prinsipini  irəli  sürmüşlər:  «Xeyrin  və  sarin  yaradıcısı  insan  özüdür,  bunun  Allaha

dəxli yoxdur»

11

.



Mötəzililik ağlı dinə qarşı qoyurdu, о özünün elmlərə və yunan fəlsəfəsinə meyl etməsi ilə tanınmışdı.  Bu

təlim  di ni  ehkamların  müzakirəsini  mümkün  sayır,  bəzi  Quran  müddəalarının  əksinə  çıxış  edirdi;  Allahın

atributlarının (sifətlərinin) çoxluğunu rədd edir, «Allah vardır (mövcuddur)» etirafı ilə kifayətlənirdi.

Bu  təlim  mahiyyətcə  dini  azadfikirlilik  idi,  özü  də  Azərbaycanda  geniş  yayılmışdı.  Z.C.  Məmmədovun

tədqiqatında  Azərbaycan  mötəzililəri  haqqında  çoxlu  misallar  və  məlumatlar  var

12

.  Onlardan  çox  tanınmış



ilahiyyatçı alimlərdən  olan  Cəfər  Həmədani  Mötəzili  Bağdadini,  Əbu  Bəkr  Məhəmməd  ibn  Abdulla  Bərdəini  (X

əsr), Əbu Səid Əhməd Bərdəini (929-cu ildə ölmüşdür) göstərmək olar.

Xilafətdə mötəzililər haqqında danışanda deyirdilər ki, onlar «ədalət və tövhid tərəfdarları»dır (ərəb dilində

əhl ul-ədl vət-tövhid). Onlar Quranı çox vaxt alleqorik təfsir edir (təvil edir, istədikləri kimi yozur), rəqibləri olan

sünni  ilahiyyatçıları  ikiallahlı  adlandırırdılar.  Onların  baxışlarını  xristianların  İsa  Məsih  və  onun  Allahla

«həmmahiyyət» olması haqqında təlimi ilə müqayisə edirdilər. Mötəzili ilahiyyatçıların dəlillərinə görə, bu İslamın

«əsl ət-tövhid» - «Allahın təkliyini qəbul etməyin kökü» prinsipini pozmaq deməkdir.

X  əsrdə  meydana  gəlib  İslamın  ənənəvi  doktrinasına  (nəzəriyyəsinə)  çevrilmiş  digər  təlimin  -  kəlamın

əsasını Əbülhəsən əl-Əşəri (941-ci ildə ölmüşdür) qoydu. Bu təlim öz mahiyyətinə görə iki barışmaz ehkamçı təlim

olan  mütəkəllimlərin  və  mötəzililərin  təlimləri  arasında  aralıq istiqamət  (cərəyan)  idi.  O,  məntiqdən  və  qədim  yu

nan  fəlsəfəsindən  İslamın  «qədər»  haqqında  ehkamlarını  sübut  etmək  üçün  rasionalistcəsinə  istifadə  etməyə

çağırırdı.  Bu təlim sanki İslamın eh-kamlarına  müxtəlif  yollarla  haqq  qazandırmağa  çalışırdı.  Mötəzililik  və  onun

təliminə qarşı çıxan  əl-Əşəri,  hər  halda  müsəlman  ilahiyyatında  yeniliklər  etməyi  mümkün sayırdı.  Mütəkəllimlər

qədim filosofların atomla bağlı təlimini qəbul edib onu idealist ruhda şərh edirdilər. Kəlam təliminə görə, Al lah Öz

mütləq  iradəsi  ilə,  atomları fasiləsiz  (ara  vermədən)  yaradır  və  hərəkətə  gətirir.  İnsan  isə,  öz  hərəkətlərinə  görə

cavabdeh  olsa  da,  iradə  azadlığına  malik  deyil.  Əşəriyə  görə  Quran  yaradılmamışdır,  ancaq  o,  əbədidir.  Yalnız

Quranın hərfləri, mürəkkəbi və kağızı yaradılmışdır.

Yuxarıda göstərildiyi kimi, ənənəvi İslamda dörd məzhəb formalaşmışdı. Bu məzhəblərin tərəfdarları əqidə

məsələsində,  demək  olar  ki,  fərqlənməsələr  də,  idrak  və  bəzi  şəriət  məsələlərindəki  müəyyən  fərqləri  ilə  həm  də

müstəqil  hüquq  məktəbləri  kimi  çıxış  edirdilər.  Belə  ki,  hənəfilik  bu  məsələlərdə  ağıla  (rəyə)  üstünlük  verir,

malikilik rəvayətə əsaslanır, şafiilik hənəfiliklə malikilik arasında aralıq mövqe tutur, hənbəlilik ortodoksal sünnilik

olub, ehkamlardan bir qədər olsun belə uzaqlaşmağa qarşı çıxırdı.

Artıq VIII əsrdən başlayaraq ənənəvi sünnilikdə xüsusi istiqamət - hədis toplayanlar hərəkatı meydana gəlir.

Azərbaycanda da onların ardıcıllarından olmuşdur. Onlardan biri olan Əbu Bəkr Əhməd ibn Harun Bərdəi Bərdici

haqqında Z.C. Məmmədov öz yazısında qısa məlumat vermişdir

13

.



Azərbaycanda  İslamın  yuxarıda  göstərilən  şaxələrindən  hamısının  nümayəndələri  (ardıcılları)  olmamışdır.

Belə  ki,  məsələn,  VIII  əsrin  ortalarında  ali  hakimiyyət  uğrunda  xalq  arasında  öz  etibarmı  və  nüfuzunu  itirmiş

Əməvilərlə  Abbasilər  arasında  sülalələrarası  mübarizənin  güclənməsi  ilə  eyni  vaxtda  Azərbaycanda  çoxlu

tərəfdarları olan xaricilər hərəkatı da güclənir.

Bu  hərəkatın  məqsədi  İslamı  ilkin  şəklinə  qaytarmaq  idi.  Onlar  xəlifə  hakimiyyətinin  irslə  keçməsini

hakimiyyətin qəsb olunması kimi qəbul edirdilər. Xaricilər bu müddəadan çıxış edərək dövlət başçısını ümumxalq

seçkisi  yolu  ilə  bütün  müsəlmanların  seçməsini  tələb  edirdilər.  Onlar,  yuxarıda  göstərildiyi  kimi,  bütün

müsəlmanların bərabərliyi, müsəlmanlar arasında qardaşlıq, bütün torpaqların müsəlman kəndli icmasının ixtiyarına

(birgə  istifadəsinə)  verilməsi  uğrunda  mübarizə  aparırdılar.  Xaricilər  belə  hesab  edirdilər  ki,  Quranın  Zeydlə

Osmanın tərtib etdikləri nüsxəsində (variantında) bir sıra qəsdən edilmiş təhriflər var.

14

XURRƏMILIK

IX  əsrin  başlanğıcında  Abbasilər  hakimiyyətinin  ilk  dövründə  ərəb  idarə  üsulundan  narazı  xalqın  arası

kəsilməyən  həyəcanı çoxalaraq  «xürrəmilik»

***  adlanan  xalq  hərəkatına  çevrildi.  Azərbaycanda  geniş  yayılmış,



daha sonra Orta Asiya və Irana keçmiş bu hərəkatın əsas prinsiplərinə məzdəkilik ideyaları daxil olmuşdu.

 ***«Xürrəm» - «şad», «sevincək» deməkdir.




Xürrəmilər  hərəkatı  İslama  müxalif  mövqedə  dayanırdı.  Xürrəmilər  Abbasilərin  siyasətində

qanuniləşdirilmiş  və  Allahın  göndərdiyi  nizamnamə  səviyyəsinə  qaldırılmış  zülm  və  qarətçilik  görürdülər.  Onlar,

İslamın  əleyhinə  ola raq,  Azərbaycanın  yerli  dinlərinə  üstünlük  verirdilər.  Vahid  Allahın  qüdrətini  rədd  edən

xürrəmilər  dünyanı  iki  başlanğıc  -  Xeyir  (İlahi)  və  Şər  (İblis)  arasında  sonsuz  (bitmək  bilməyən)  mübarizədə

görürdülər.  Onların  təsəvvürünə  görə,  dünya  və  insanların  ruhları əbədi  mövcud  olmuşdur,  tanrılar  ara  vermədən

(ardıcıl olaraq) insanlar-da təcəssüm edirlər. Elə buna görə də xürrəmilər öz icmalarında «peyğəmbərlər» seçirdilər.

Bu  «peyğəmbərlər»  tanrıların  onlarda  təcəssüm  etdikləri  insanlar  hesab  olunurdular.  İslamda  və  bu  dinə  etiqad

bəsləyənlərdə şər görürdülər. Buna görə də İslama və sosial ədalətsizliyə qarşı mübarizə bu hərəkatın əsas şüarı elan

olunmuşdu.

Xürrəmilərin  təsəvvürlərinə  görə,  ruh  azad  olaraq  bir  bədəndən  başqa  bədənə  keçə  bilər,  insan  iradəsi

hüdudsuzdur, о hətta ölümü nizamlaya (idarə edə) bilər.

Bu  təlim  öz  mahiyyətinə  görə  sehr-karların,  eləcə  də  xristianpərəst  məzhəbçi  təlimlərin  ünsürləri  ilə  sıx

bağlı idi. O, islamaqədərki dini inancları is lama qarşı olan cərəyanların prinsipləri ilə uyğunlaşdırmağa  çalışması

ilə fərqlənirdi.

Yeni  təlim  xalqın  məruz  qaldığı  bütün  bədbəxtlik  və  məhrumiyyətlərin,  ədalətsizliyin  və  sosial

bərabərsizliyin səbəblərini  torpaq üzərində  qara,  iblisanə  başlanğıcdan  törəyən  xüsusi  mülkiyyətdə  görürdü.  Buna

görə  də  bu  hərəkatın  əsas  tələbi,  öz  inkişaf  yolunda  başı  üstündə  gəzdirdiyi  şüarı  torpaq  üzərində  azad  kəndli

icmaları şəklində  xüsusi  mülkiyyət  ideyası idi.  Onlar  habelə  kəndlilərin  feodallardan  asılılığına  son  qoyulmasını,

dövlət  vergilərinin  və  mükəlləfiyyətlərinin  ləğv  olunmasını,  «ümumi  (hamılıqla,  elliklə)  qardaşlıq»  prinsipinin

tətbiq  edilməsini  tələb  edirdilər.  Xürrəmilər  hərəkatının  rəhbəri  Cavidan  idi.  О  öldürüldükdən  sonra  hərəkatın

başına Babək

**** keçdi. Məsudi artıq IX əsrin 20-ci illərinin sonu, 30-cu illərinin başlanğıcında daha çox inkişaf



etmiş  bu  hərəkatı  səciyyələndirərkən  yazırdı  ki,  «Babək  hərəkatı  möhtəşəm  bir  hərəkata  çevrilmiş,  onun  təsiri

(nüfuzu) olduqca böyümüş, ordularının sayı о qədər çoxalmışdı ki, az qala Abbasilər xanədanını məhv etmişdi»

15

.

XI əsr ərəb müəllifi Əbu Mənsurun sözlərinə görə isə Azərbaycanın cənub hissəsində Babəkin tərəfdarlarının sayı



300  min  nəfəri  ötürdü.  Akademik  Ziya  Bünyadov  Məhəmməd  ibn  Əbdülkərim  əş-Şəhristaniyə  (548/1153-cü  ildə

ölmüşdür) istinadla Babəkin fəaliyyətini belə təsvir etmişdir: «...Mənbələr təsdiq edir ki, Babək ərəblərə və onların

dininə nifrət bəsləyirdi, bütün ömrü boyu Xilafətə qarşı mübarizə edirdi və Azərbaycanda islamdan əvvəl mövcud

olan  qayda-qanunları bərpa  etməyə  çalışırdı.  Birincisi,  о  özünün  müsəlman  olmayan  Babək  (Papak)  adını  bərpa

etdi, ikincisi, Allahın insan surətində görünməsi (hülul) nəzəriyyəsini elan etdi, üçüncüsü, ruhun bir cisimdən başqa

bir  cismə  köçdüyünə  (tənasüx  əl-ərvah)  inanırdı  və  dördüncüsü,  bu  əqidədə  idi  ki,  imamın  qeyb  olan  ruhu  çox

sonralar qayıdacaqdır (ricət)»

16

.



Babək haqqında İbn Əsəm əl-Kufi də çoxlu məlumat qoyub getmişdir. Elə o, istilaçılardan birinin əsir alıb

özünə kəniz etmək istədiyi, ancaq ölümü namussuzluqdan üstün tutmuş  sadə qadının orijinal təsirli obrazını təsvir

etmişdir. Bu, ərəblər Xəzər dənizinin şimal sahilindəki Xamzin qalasını alandan sonra olmuşdur. Gözəl kəniz bıçağı

qamarlayıb bir anda döyüşçünün başını bədənindən üzmüş, sonra özünü uçurumdan aşağı atmışdır. O, daşlara dəyib

parçalanaraq ölmüşdür

17

.



ƏXİLƏR

Azərbaycan  şəhərlərində  XII  əsrdə  sənətkarların  (xırda  peşə  sahiblərinin)  bir  təşkilatı  da  vardı  ki,  onun

üzvləri bir-birinə «əxi» («qardaşım») deyə müraciət etdikləri üçün onlara «əxilər» deyirdilər. Onların fəaliyyəti dini

çalarda idi. Ərəb coğrafiyaşünas-səyyahı İbn Bəttutə (1304-1377) onların haqqında yazırdı: «Bütün dünyada tək və

yiyəsiz adamların qayğısına  bu qədər qalan, acları yedirən, zorakılıq əleyhinə çıxış edən, amansız hökmdarları və

onların xidmətçilərini öldürməyə hazır olan adamlar tapmaq mümkün deyil».

18

 «Əxilər» təşkilatının fəaliyyətinin bu



təsviri  onları  özlərinin  təşkilatının  ehtiyacı olan  üzvlərinə  və  başqa  şəhərlərdəki  tərəfdarlarına  və  həmfikirlərinə

kömək edən xeyirxah insanlar kimi səciyyələndirir.



HÜRUFİLİK

XIV  əsrin  sonunda  Azərbaycanda  İslam  ehkamlarına  və  teymurilərin  ağalığına  qarşı  yönəlmiş  dini-siyasi

hərəkat  olan  hürufilik

19

 yayıldı.  Bu  təlimin  banisi  əslən  Təbrizdən  olan  azərbaycanlı  ədib  və  mütəfəkkir  Nəimi



Şəhabəddin  Fəzlullah  Təbrizi  Astrabadi  idi.  Nəimi  öz  təliminin  əsas  müddəalarını  «Cavidannamə»  («Əbədiyyət

kitabı»),  «  Məhəbbətnamə»,  «İskəndərnamə»  və  b.  əsərlərində  yazıb  göstərmişdir.  Bu  təlimin  ən  böyük

nümayəndələri,  yuxarıda  da  göstərildiyi  kimi,  İmadəddin  Nəsimi,  Əbülhəsən  Əliyyül-Əla  və  b.  idi.  Bu  təlimin

tərəfdarları Azərbaycanı «Оуаnmа məkanı (yeri)» («Sərzəmini-rastaxiz») adlandırırdı.

Hürufilər Allahı ətraf aləmlə əlaqələndirirdilər. Onlar belə hesab edirdilər ki, dünya dörd maddi ünsürdən

ibarətdir:  insan,  onun  nitqi  (danışığı),  ərəb  və  fars  əlifbalarının  hərflərinin  sayı (28:32).  Hürufilərin  təsəvvürünə

görə  dünya  əbədidir.  Dünyada  baş  verən  bütün  hadisələr  və  proseslər  qarşılıqlı  əlaqədədir,  daim  inkişaf  edir  və

 ****  Babək  (əsl  adı  Həsəndir)  VIII  əsrin  sonunda  Azərbaycanın  cənubundakı  Bilalabad  adlı  yerdə  yağ alveri  ilə  məşğul  olan  xırda



ticarətçi ailəsində anadan olmuş, 18 yaşında xürrəmilər hərəkatına qoşulmuşdur.


dəyişilir. İnkişaf isə, hürufiliyə görə, öz növbəsində bir-birini təkrar etməyən dövretmə qaydasında baş verir.

Onlara görə, dünya, əbədi olması ilə yanaşı, dərkolunandır. Hürufilərin çağırışlarından biri də dünyanı dərk

etməyə çağırış olub, bu zaman ağlın və nitqin rolu xüsusi qeyd olunur.

Bu təlimin nümayəndələrinin cənnət və cəhənnəmlə bağlı təsəvvürləri də özünəməxsusdur. Belə ki, onlara

görə, cənnət - bilik və əxlaqi (mənəvi) kamilləşmə, cəhənnəm - cahillik (cəhalət) və əxlaqi (mənəvi) alçalmadır.

Hürufilər  tez-tez  İslama,  Quranın  ayrı-ayrı  surələrinə  istinad  edirdilər.  Ancaq  əsas  müddəalarında  bu

mənbələrlə kəskin ziddiyyətdə olduqları müşahidə olunur. Belə ki, bu təlimə görə, Allah insanla və təbiətlə, iman

isə  biliklə  eyniləşdirilir.  О  dünya,  asiliyə  (günah  işləməyə)  görə  cəza,  xidmətə  (savab  işləməyə)  görə  mükafat

verilməsi  haqqında  təlimləri  isə  tamamilə  başqa  -  İslamı  və  Quranı  bütünlüklə  qəbul  etməyən  anlayış  və

təsəvvürlərdən ibarətdir.

Hürufilik  cərəyanının  nümayəndələrinin  baxışları nisbətən  ardıcıl, bəzi  məsələlərin  həllində  materializmə

meyl edən panteizm səciyyəlidir.

Hürufiliklə  bir  zamanda  və  onun  əsasında  Azərbaycanda  nöqtəvilik  (nöqtəviyyə)  yayılırdı.  Azərbaycanda

onun nümayəndələri Budaq bay Din oğlu Ustaclı, həkim Süleyman Səvaci və b. olmuşlar. Təlimin banisi Fəzlullah

Nəiminin  ən  yaxın  şagirdlərindən  və  ardıcıllarından  biri,  sonralar  baxışları  ustadının  baxışlarından  fərqlənən

Mahmud Pasihani idi.

Bu  təlim  də  dünyanı  (aləmi)  əzəli  olaraq  mövcud  sayır,  dünyada  olan  bütün  varlıqları  sonda  nöqtəyə

çevrilən birlikdə (vəhdətdə) görürdü. Bu nöqtə də öz növbəsində yerlə eyniləşdirilir.

Nöqtəvilik  təlimində  Mehdinin  -  insanları  dünyanın  şərindən  və  zorakılıqdan  qurtaracaq  xilaskarın

gələcəyinə inam böyük yer tutur; insan ilahiləşdirilir, ona öz taleyini və dünyanın taleyini həll etmək qabiliyyəti aid

edilir. Təlimin tərəfdarları da bütün başqa dinləri təkzib etdikləri kimi, İslam dinini də təkzib edirdilər.

Özünəməxsus  ideya-fəlsəfi  cərəyan  olan  sufiliyin  qızılbaşlıq  qolunun  (XII-XVI  əsrlər)  də  vətəni

Azərbaycan  idi.  Bu  ideologiya  özündə  hürufiliyin,  nöqtəviliyin,  bəktaşiliyin  ünsürlərini,  əliallahiliyin  təlimini,

əxilərin  ideologiyasını  birləşdirirdi.  Cərəyanın  banisi  olaraq  Səfəvilər  nəslinin  ulu  babası  Səfiyyəddin  İshaq

Ərdəbili  idi.  Onun  ideologiyasında  xüsusi  yeri  özünükamilləşdirmə  təlimi,  cəmiyyətin  təkcə  sosial  qüsurlarına

deyil, eləcə də əxlaqi qüsurlarına tənqidi münasibət tuturdu; rəhbərə - «mürşid»ə mənəvi (ruhani) itaət geniş təbliğ



olunurdu.

ƏDƏBİYYAT

1.  E.A.  Беляев.  Арабы,  ислам  и  арабский  халифат  в  раннее  средневеков ье.  2-е  издание.  М.,  Наука,

1966, с. 162.

2. S.H. Əhməd. İslamda Cəfəri məzhəbi və imam CəfərSadiqin buyruqları. Bakı, «Gənclik», 1991.

3. İslam Ansiklopedisi. İslam aləmi. Tarix, Coğrafiya, Etnoqrafiya və Bioqrafiya lüğəti. İstanbul, 1982, s.

262-269.

4.  Суфизм  в  контексте  мусульманской  культуры.  М.,  Наука,  1989;  З.А.  Кули-заде.  Из  истории

Азербайджанской философии VI-XVI в.в. Баку, «Азернешр», 1992.

5. Z.C. Məmmədov. VI 1-Х əsr Azərbaycan fəlsəfəsi və ictimai fikir tarixinə dair məlumat. Azərb. SSR EA

Xəbərləri, Tarix, fəlsəfə və hüquq seriyası. Bakı, «Elm», 1969, № 4, s. 73-82.

6.  С.Дж.  Рзакулизаде.  Мировоззрение  Баба  Кухи  Бакуви.  Анализ  фило софских  воззрений.  Баку,

«Элм», 1978.

7. А. Шиммель. Мир исламского мистицизма. М., Алетея, «Эпигма», 1999, с. 333.

8. Дж. С. Тримингэм. Суфийские ордены в исламе. М., «Наука», 1989. с. 28.

9.  А.  Шиммель.  Суфийская  литература.  РСИЛ,  серия  философия  и  исскуствоведения.  Баку,  1980,

№12, с. 6.

10. Dc. S. Triminqem. Göstərilən əsər. s. 28.

11. История и теория атеизма. Издание 3, доработанное. М., «Мысль», 1987, с. 150.

12. Z.C. Məmmədov. VI 1-Х əsr Azərbaycan fəlsəfəsi və ictimai fikir tarixinə dair məlumat. Azərb. SSR EA

Xəbərləri, Tarix, fəlsəfə və hüquq seriyası. Bakı, «Elm», 1969, №4, s. 73-82; Z.C. Məmmədov. Orta əsr Azərbaycan

filosofları və mütəfəkkirləri. Bakı, «Azərnəşr», 1986, s. 8.

13. Z.C. Məmmədov. Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri. Bakı, «Azərnəşr», 1986, s. 6-7.

14.  Şiə  ilahiyyatçılara  görə,  xəlifə  Osman  siyasi  məqsədlər  güdərək  Qurana  Məhəmməd  peyğəmbərlə

Əlinin də mədh olunduğu «İki nur» surəsini daxil etməmişdir.

15. З.А. Кули-заде. Из истории Азербайджанской философши VII-XVI в.в. Баку, «Азернешр», 1992, с.

80-87.

16. Z. Bünyadov. Göstərilən əsər, s. 228.

17. L.İ. Klimoviç. Göstərilən əsər, s. 55-56.

18. Azərbaycan tarixi. I cild. s. 169; Л.В. Строева. Государство исмаилитов в Иране в XI-XIII в. в. М.,

Наука, 1978; М. X. Гейдаров. К истории религиоз ных взаимоотношений ремесленных организаций с  ахи в

странах Ближ него Востока. Известия. АН Азерб. ССР, серия истории, философии и права. Баку, 1985, №


1, с. 53.

19. З.А. Кули-заде. Хуруфизм и его представители в Азербайджане. Ба ку, «Элм», 1970.

РЕЗЮМЕ

Некоторые основные учения и направления в Исламе

В  статье  даётся  анализ  некоторых  отдельных  учений,  ересей  и  инакомыслия  в  исламе,

отличающиеся своей оригинальностью. Они яв ляли собой форму протеста против существующего строя.

При этом эти учения зачастую избирали аскетизм, который в средние века, при господстве Ислама, был

несвойственен духу Корана, да и вообще, ис ламской религии в целом.

Рассматривая  и  анализируя  учения,  направления  и  секты  в  исламе,  автором  был  сделан  экскурс  в

историю с целью подбора фактов актив ного участия и выявления места и роли женщины в них.

SUMMARY Main teachings and tendencies in Islam

This  article  includes  analysis  of  some  separate,  independent  doctrines,  he resy  and  heterodoxy  in  Islam

that are different due to their originality. They we re considered as a form of protest against the existing system.

For  all  this  the  doctrines  often  have  chosen  assetisism  that  in  the  Middle  Ages,  when  the  Islam  prevailed,  was

unusual for the spirit of Koran in general and to Islam religion as a whole.

The  author  has  considered  the  doctrines,  tendencies  and  sects  in  Islam  and  made  an  excursus  into  the

history  to  select  the  facts  on  active  participation  of  women  in  the  above  mentioned  and  eliciting  their  place  and

role in them.



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə