İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə136/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   128   129   130   131   132   133   134   135   136

                                                                                                                                                      

394


sındakı qaraltıları gördü və başa düşdü ki, yolları kəsiblər. Çox fikirləşmədi. 

Samanlığın  dal  tərəfindəki  çuxuru  özünə  səngər  edib,  qaraltılara  doğru 

dalbadal  güllə  yağdırdı.  Ona  cavab  verdilər.  Kəndə  səs  düşdü.  İtlər  ağız-

ağıza  verdilər.  Cahandar  ağanın  nökərləri  ora-bura  qaçışdılar.  Onlar  da 

tüfəng  götürüb  samanlıq  tərəfə  gəldilər.  Atışma  yenidən  qızışdı.  Cahandar 

ağa güllələrin səsindən boşa çıxıb-çıxmadığını təyin etdi. 

Suvadağ  tərəfdən  atılan  güllələr  azaldı.  Ancaq  gözlənilmədən  xır  yolu 

tərəfdən  də  güllə  yağdı.  Cahandar  ağa  gördü  ki,  onun  evini  arakəsməyə

salacaqlar.  Belə  getsə,  evdə  arvad-uşaq  da  qırılacaq,  özü  də  ələ  keçəcək. 

Kişinin  bədəni  gizildədi.  Birdən  yerindən  atılıb  talvarın  altına  getdi. 

Sıçrayib atın belinə qalxdı. Bir göz qırpımında çəpərdən atılıb, sahilə doğru 

çapdı.  Dərəyə  enərkən  arxaya  bir-iki  güllə  atdı.  Kazaklar  onun  aradan 

çıxacağını  duyub  atın  belinə  qalxdılar.  Ancaq  onun  sərrast  güllələrindən 

ehtiyatlanıb  ətrafa  səpələndilər.  Yalnız  yekəpər  kazak  qıllı  papağını

gözünün  üstünə  basıb  atın  yalına  yatdı.  Atlar  dabanbasaraq  çapdılar. 

Cahandar ağa nə qədər çalışdısa da, yüyəni nə qədər boşaltdısa da, hiss etdi 

ki,  kazak  onu  haqlayır.  Bir  neçə  dəqiqədən  sonra  arxadan  yetişəcək.  Kişi 

"ax Qəmər" - deyə xəyalından keçirdi. Ancaq əl-qolunu boşaltmadı. Sahilə

az qalırdı. Artıq kazakların səfini yarıb aradan çıxmışdı, bir az keçsə, Kürə

çatacaqdı.  O,  atı  bir  də  mahmızladı.  Ona  elə  gəldi  ki,  bütün  kənd  ayağa 

qalxmışdır.  Damların  üstünə  çıxıb  onlara  tamaşa  edirlər.  Cahandar  ağanın 

necə qaçdığına, düşmənin arxadan ona necə çatdığına və onu qılıncla necə

parçalamaq  istədiyinə  tamaşa  edirlər.  Birdən  o  hər  şeyi  unutdu.  Cilovu 

çəkib  qəfildən  atın  başını  geri  qanırdı.  At  bu  gözlənilməz  təkandan  dik 

qalxdı,  dal  ayaqları  üstə  fırlandı.  Kazak  qılıncın  havaya  qaldırıb  endirdi. 

Cahandar ağa tətiyi çəkdi. Qılıncın parçaları göydə oynadı. Atlar döş-döşə

toxundular.  Kazakla  Cahandar  ağanın  gözü  ani  olaraq  bir-birinə  sancıldı. 

Hər  ikisinin  qıllı  qaşı  qan  sağılmış  gözünün  üstünə  endi.  Burun  pərələri 

köruk  kimi  genişləndi.  Fısıltıları  atların  fınxırtısını  batırdı.  Kazakın 

dodaqları kipcə bağlandı. Cahandar ağanın həbəşi dodaqları isə titrədi. Hər 

şey  bircə  andan,  kimin  tez  tərpənməsindən  asılı  idi.  Birdən  nərilti  qopdu. 

Güllə  açıldı.  Xəncər  havada  oynadı.  At  kişnədi.  Qışqırıq  iniltiyə  qarışdı. 

Kazak sinəsini tutub yəhərdə qıvrıldı və gurultu ilə atın dırnaqlarına düşdü. 

Cahandar  ağanın  köksü  yandı.  O bircə  dəfə  cilovu  çəkə  bildi.  At kişnəyib 

şahə qalxdı. Sahilə doğru çapdı. Arxadan ayaq tappıltılarının gəldiyini hiss 

edib bütün gücünü topladı. Cahandar ağa dumanlanmış gözlərini axar suya 

zillədi. Kür 

  



                                                                                                                                                      

395


əvvəlcə  sakit  göründii,  Elə  bil  sular  mürgüləyirdi,  hələ  səhər  yuxusundan 

ayılmamışdı.  Ancaq  bu  sükut  uzun  sürmədi.  Kür  sanki  birdən  diksinib 

çalxalandı.  Cahandar  ağaya  elə  gəldi  ki,  ləpələr  baş-başa  qalxıb  toqquşdu. 

Çayırı sinəsi qabarıb qalxdı, qollar ağız-ağıza qovuşdu, adalar yox oldu. Su 

daşıb  hər  yeri,  o  taydakı  meşəni,  sahildəki  cələni,  yaxındakı  kənd  evlərini 

ağzına aldı, yarğanları vurub dağıtdı, hər yer suya qərq oldu. Kişi yəhərin 

üstündə  dikəlmək  istədi.  Bacarmadı.  Ağırlaşdı.  Müvazinətini  itirdi.  Atın 

boynuna yıxıldı. Elə bil at da hər şeyi anladı. Başa düşdü ki, ayaq saxlamaq, 

Kürün  bu  üzündə  qalmaq  və  arxadan  gələnlərin  əlinə  keçmək  olmaz.  Var 

gücünü topladı. Qarşısına yarğan çıxdı. Dayanmadı. Atıldı. Onunla bərabər 

yarğan da uçdu. Kür çalxalandı, ləpələr döş-döşə gəldi. Suyun üzünə duman 

çökdü, Kür qəzəblə uğuldayıb özünu yarğanlara çırpdı... 



16 

Kürün o tayından əsən qəfil külək sahildəki biçənəyin üstündən adlayıb 

kəndin arasını dolaşdıqdan sonra kövşənliyi xışıldatdı, xır yolu tərəfə gəldi 

və gözlənilmədən yana burulub təpədəki qəbristanlığa doğru döndü. Qədim 

qəbir daşlarının başına dolandı, burulğan kimi fırlanıb qurumuş otları, boz 

kətyən  kollarını,  keçən  ildən  qalmış  çör-çöpü  süpürdü,  qabağına  qatıb 

təpədən  aşağı  tökdü.  Elə  bil  son  bahar  nəfəsi  ilə  cana  gəlib  cücərən 

qəbristanlığa  süpürgə  çəkdilər,  hər  yer  tərtəmiz  oldu.  Azacıq  sonra  isə

göyün üzünü seyrək, qara bulud bürüdü. Hara isə tələsən bu duman kəndin 

bərabərində aşağı çökdü, ətəyini sallayıb torpağı yaladı, onun soyuq nəfəsi 

qəbristanlığa qədər gəlib çıxdı. İri yağış damcıladı. Qəbirlərin torpağı xal-

xal oldu. 

Əşrəf ayağa durdu. Dizini çırpıb koksünü ötürdü. Boyun-boyuna verən 

dərin  bir  hüzn  içində  mürgüləyən  qəbir daşlarına  xeyli  baxdı. Təpənin  lap 

yuxarısında az qala iki adam boyu ucalığında olan çəhrayı rəngli başdaşının 

üstünü  mamır  basmışdı.  Otların  naxışları,  yazıları  güclə  seçilirdi.  Köhnə, 

batıq  qəbirlər  torpağın  altında  qalmışdı.  Yanlarında  tüfəng,  xəncər,  at 

çəkilmiş başdaşılarının bəzisi böyrü üstə əyilmişdi. İzi tamam itən qəbirlər 

də var idi. 

Əşrəf  sükut  içində,  başdaşlarından  seçilməz  halda  xeyli  dayandıqdan 

sonra  atasının  hələ  torpağı  yapıxmamış  qəbrinə  baxdı.  Onu  Şahnigarla 

yanaşı basdırmışdılar. Bacı-qardaş qoşa yatırdı. Əşrəfin bir az əvvəl əli ilə

sığallayıb, yan- yörəsini düzəltdiyi qəbri iri yağış damcıları 

  



                                                                                                                                                      

396


döyəcləməyə başladı. Balaca təpəciyə oxşayan bozumtul torpağın üstündəki 

qara  nöqtələr  çoxaldı.  Şahnigarın  qəbri  yapıxdığından,  yağan  damlalar 

gilələnib süzüldü və Cahandar ağanın qəbrinə doğru gəldi. Elə bil kim isə

qəsdən bu qəbrin yanında dayanıb gözündən gilə-gilə yaş axıdırdı. 

Əşrəf  əlini  islanmış  saçına  çəkdi.  Furajkasını  başına  qoydu.  Asta 

addımlarla qəbristanlıqdan uzaqlaşdı. Xır yoluna çıxdı. Hara getdiyini özü 

də bilmədən bir xeyli irəlilədi. "Zayej"in bərabərində ayaq saxladı. Döndü, 

sürüşkən  cığırları  ot  basmışdı.  Pilləkəni  ehtiyatla  çıxıb  eyvanda  dayandı. 

Qapılar  bağlı  idi.  Pəncərə  şüşələrinin  bəzisi  sınmışdı.  Yağış  həyətə

səpələnmiş  kağızları  döyəcləyirdi.  Əşrəf  qapıya  yaxınlaşdı,  paslı  qıfılı

yoxladı.  Pəncərədən  içəri  boylandı,  dəftərlər  döşəməyə  səpələnmişdi. 

Kitablar  cırılıb  tapdalanmışdı.  Xəritə  küncə  atılmışdı.  Qlobus  otağın 

ortasına düşmüşdü, külək onu tərpədib dığırladırdı. Əşrəf dözmədi. Zərblə

çəkib  qıfılı  qopartdı.  İçəri  girdi.  Dəftərləri,  kitabları  yığdı.      Səliqə  ilə

pəncərənin  qabağına  qoydu.    Qlobusu  götürdü.  Xəritəni  əvvəlki  yerindən, 

divardan  asdı.  Stulları  qaldırdı.  Çiliklənmiş  şüşələrin  içindən  Əhmədin  ən 

çox  sevdiyi  şəkli  götürdü.  Baxdı.  Əhmədin  atası  ilə  anası  yanaşı

oturmuşdular.  Balaca  Əhməd  isə  onların  çiyninin  üstündən  boylanırdı. 

Əşrəf  kövrəldi.  Pəncərənin  önünə  gəldi.  Çiynini  divara  söykəyib  qollarını

sinəsində  çarpazladı.  Kəndə  doğru  baxdı.  Sərin-sərin  yağış  yağırdı. 

Damlalar  "Zayej"in  kirəmitlərini  döyəcləyirdi.  Trubalardan  süzülən  yağış

şırıldayırdı. Köpüklü su zolaqlanıb həyətə axırdı. 

Pəncərənin şüşəsi elə bil tərlədi. Çisək şüşədə birləşib gilələndi. Süzülüb 

damla-damla  axdı.  Əşrəfə  elə  gəldi  ki,  pəncərəyə  baxmır.  Qarşısındakı

güzgüdür.  Orada  gilələnən  yağış  damlaları  yox,  özünün  göz  yaşlarıdır.  O, 

əlini yanağına apardı. Ovcu islandı. Bayırda yenə sərin-sərin yağış yağırdı. 

- Səhərdən haradasan? 

Əşrəf diksindi. Dönüb qapının ağzında dayanan qardaşına baxdı. Şamxal 

çərkəzi  çuxasının  ətəyini  belinə  sancmışdı.  Sallamalı  gümüş  kəmərinə

yaraşan xəncər bağlamışdı. Başdan-ayağa geyindiyi qara paltar onun rəngini 

boğmur, əksinə bir az da açırdı. Qaşqabağı tökülmüşdü. Əlində tüfəng var 

idi.  Şamxal  hiss  etdi  ki,  qardaşı  dönüb  ona  baxsa  da,  hələ  tamam  özünə

gəlməyib, fikrini cəmləşdirə bilmir. 

Bir  az  əvvəl  ürəyində  coşan  hirsini  boğdu.  Əşrəfi  tapdığına  sevindi  və

içəri keçib stulun birində oturdu. Tüfəngini dizinin üstünə qoyub, 



                                                                                                                                                      

397


papiros  qutusunu  çıxartdı. Əşrəf onun  eyni  ilə  atası  kimi  təmkinlə  papiros 

eşdiyinə,  barmaqları  əsə-əsə  müştüyə  keçirib  yandırdığına  və  asta-asta, 

ancaq hərisliklə sümürüb, tüstünü necə ciyərinə çəkdiyinə baxdı. Əşrəfə elə

gəldi  ki,  gozünün  qabağındakı  Şamxal  yox,  atasıdır.  Ona  heç  nə  olmayıb, 

əksinə bir az da cavanlaşıb. 

Pəncərədən aralandı. Stul götürüb Şamxalla yanaşı oturdu: 

- Qutunu mənə ver. 

Şamxalın  qaşları  çatıldı.  Təəccüblə  qardaşının  üzünə  baxdı  və  qutunu 

çıxardıb  dinməzcə  ona  uzatdı.  Əşrəf  naşılıqla  papıros  eşdı.  Ehtiyatla 

çəkməyə başladı. 

- Gedəkmi? 

Qalxdılar.  Xır  yolunun  daşları  yuyulmuşdu.  Yağış  kövşənləri 

döyəcləyirdi.  Torağaylar  pırıltı  ilə  havaya  qalxır,  yolun  ortasına  düşüb 

dazıyırdılar. 

Şamxal  arxada  qaldı.  Ətrafa  boylandı.  Xəndəklərə  göz  gəzdirdi.  Sonra 

qardaşının paltarına baxdı. Əşrəfin şalvarının balağı açıq idi. Qara çəkməsi 

palçığa batmışdı. Pencəyinə narın yağış qonmuşdu. Başında furajka var idi. 

Şamxala  elə  gəldi  ki,  gözünün  qabağındakı  doğma  qardaşı  yox,  tamamilə

yad bir adamdır. O, Əşrəflə bərabərləşdi. Gözaltı onun sifətinə, pencəyinin 

düymələrinə  baxdı.  "Atam  sağ  olsaydı,  onu  urus  paltarında  gəzməyə

qoymazdı.  Elə  vağzalda,  vaqondan  düşməmiş  soyundurub,  ayrısını

geyindirərdi. Bə Əşrəf atamın nəyi xoşlayıb-xoşlamadığını nə tez yadından 

çıxartdı? Bilmirmi ki, hələ kişinin nəfəsi üstümüzdədir? Yoxsa özünü böyük 

hesab eləyir?" Şamxal əsəbiləşdi.  Papirosunu axırıncı dəfə  sümürüb, hirslə

yolun kənarına atdı: 

- Paltarını niyə dəyişməmisən? 

Əşrəf qardaşının nə demək istədiyini başa düşdü: 

- Daha mən bu paltarı əynimdən heç vaxt çıxartmayacağam. 

- Bizi biabır eləmək istəyirsən? 

Susdular.  Bir  dəstə  sığırçın  başlarının  üstündən  pırıltı  ilə  uçub  kəndə 

doğru getdi, orada bürülüb-büküldü və Kürün vadisində gözdən itdi. 

- Atamı nə vaxt basdırdınız? 

- Atışmadan iki gün sonra. 

Əşrəf  ayaq  saxladı.  Şamxal  da  dayandı.  Üz-üzə  durdular.  Şamxal 

qardaşının gözlərindən oxudu ki, o her şeyi bilmək istəyir. Bilmək istəyir ki, 

at yarğanla bərabər Kürə uçduqdan sonra nələr olub? Atasının son nəfəsinə

özünü çatdıran tapılıbmı? Kazaklar nə yaxşı onlardan 

  



                                                                                                                                                      

398


əl  çəkiblər?  Şamxal  hamısını  danışa  bilərdi,  ancaq  susdu.  İstəmədi  ki, 

qardaşı atasının necə öldüyünü bilsin. Şamxalın kazaklar kənddən getdikdən 

sonra  özünü  Kürə  atdığını,  cələni  gəzdiyini,  meşəyə  gedib  atasını

axtardığını,  nəhayət,  kiçik  bir  adada  yulğun  kollarının  arasında  tapdığını

bilsin. Atın baldırı sınmışdı. Kişininsə hələ nəfəsi vardı. Dili söz tutmasa da, 

ürəyindən keçənləri gözlərindən oxumaq olurdu. Şamxal atasının son anda, 

onu  görəndə,  əvvəlcə  diksindiyini,  sonra  isə  arxayınlıqla  gülümsəməyə

çalışdığını  indi  də  unuda  bilmir.  Elə  bil  kişi  demək  istəyirdi  ki,  sən  ki  bu 

ağır  günümdə  məni  axtarıb  tapdın,  bütün  günahlarından  keçirəm.  Sonra 

Şamxal  onu  gecə  ikən  Kürü  keçirib  evə  gətirdi.  Kişini  bir  gün  sonra  dəfn 

etdilər.  Şamxal  bunların  heç  birini  qardaşına  danışmadı.  Fikirləşdi  ki, 

qardaşını atamın dəfninə çatmadı, onun ölüsünü görmədi, qoy elə axıracan 

kişinin diri vaxtı gözünün önündə dayansın. Əşrəf onu həmişə at oynadıb, 

tüfəng atan şəkildə yadında saxlasın. 

- Bə sən nə üçün gec gəldin? 

- Buraxmadılar. 

- Niyə? 

- Dustaq idim. 

- Nəyin üstündə? 

Əşrəf çiynini çəkdi. O da seminariyada baş verən əhvalatları danışmağı 

yersiz  bildi.  Ancaq  Şamxalın  sifətindəki  təşviş,  gözlərindəki  təəccüb  və

maraq onu dillənməyə məcbur etdi: 

-  Oralarda  da  sakitlik  deyil.  Müəllimimizin  birini  tutdular. 

Direktorumuzu  da  işdən  çıxartdılar.  Adını  da  qoydular  ki,  qocalıbsan,  get 

istirahətə. Əvəzinə təzəsi gəldi. Elə faytondan düşməmiş bizi asıb- kəsməyə

başladı: 

- Bə, cavabını vermədiniz? 

-  Verdik.  Sözü  bir  yerə  qoyduq.  Dərsə  getmədik.  Tələb  etdik  ki,  təzə 

direktor qovulsun. 

- Qovdularmı? 

- Yox, bizi qovdular. Məktəbimizi iki aylığa bağladılar. 

Yenidən  susdular.  Şamxal  bu  dəfə  təəccüb  və  heyrətlə,  bir  qədər  də 

heyranlıqla  Əşrəfi  süzdü.  Qardaşının  söylədiklərini  o  qədər  anlamasa  da, 

başa  düşdü  ki,  deyəsən,  dinc  oturmur.  O,  böyük  olduğuna  görə  bir  az 

ehtiyatlandı.  Qayğıkeşliklə  ,  "uşağın  başına  bir  iş  gələ  bilər",  -  deyə

xəyalından keçirdi. Eyni zamanda düşündü ki, deyəsən xəmir yeyənin fağırı

olmaz. Şamxal bir az qürurlandı da. 

  



                                                                                                                                                      

399


Kəndin  kənarına  gəldilər.  Uşaqlar  yağış  başladığından,  mal-qaranı

örüşdən  qaytarırdılar.  Daxmaların  bacalarından  tüstü  çıxırdı.  Ayaqyalın 

arvadlar  cığırlarda  ora-bura  qaçırdılar.  Kişilər  məscid  tərəfə  gedirdilər. 

Azan  çəkilirdi.  Əşrəf  gördü  ki,  Şamxalın  rəngi  qaçdı.  Tüfəngin  qundağını

bərk-bərk sıxdı. Atasının dodaqlarını xatırladan qalın dodaqları səyridi. 

- Atamı kazaklar niyə tutmaq istəyirdilər? 

- Onu gözaltı elədiyin Pakizə xanımın atası Molla Sadıqdan soruş. 

Əşrəf  köksünü  ötürdü.  Bildi  ki,  bu  saat  Şamxalı  başa  salmaq  çətin 

olacaq.  Ona  desə  ki,  Kürün  qırağında  atamın  kazaklarla  toqquşduğunu, 

pristavla  olan  söhbəti  yadına  sal,  meşənin  qoruq  edilməsini  xatırla,  səbəbi 

burda axtar, inanmayacaq. Ona görə susdu. 

Yarğanın qaşına çatdılar. Kürün boz-bulanıq suları qabarmışdı. Ləpələr 

yarğanı döyəcləyirdi. Şaxələnmiş qollar bəzi yerdə ağız-ağıza qovuşmuşdu. 

Adaların  çoxunu  su  basmışdı.  Çiləkənlərin  ətrafındakı  burulğanlar 

uğuldayırdı.  Sahildə  mal-  qara  otlayırdı. Atlar  kişnəyib bir-birini  qovurdu. 

Bir  dəstə  qız,  çiynində  səhəng,  sürüşkən  cığırla  suya  enirdi.  O  tayda, 

meşənin bərabərində gəmini yuxarı çəkirdilər. 

Əşrəf hiss etdi ki, qardaşı ondan aralanmaq, cığırla öz daxmasına doğru 

getmək istəyir. Qabağa keçdi. Hər ikisi ayaq saxladı. Əşrəf pəncərələri Kürə

açılan evlərinə, sonra da Şamxalın üzünə baxdı. Onun səsi titrədi: 

- Qayıt evə. 

- Bə sən? 

- Mənim yolum başqadır. 

Susdular. Yenə də narın-narın yağış yağırdı. Kürün uğultusundan başqa 

heç nə eşidilmirdi. 

1957-1967   



                                                                                                                                                      

400


MÜNDƏRİCAT 

DƏLİ KÜR 



Birinci hissə…………………………………………………………………...

İkinci hissə………………………………………………………………….103 

Üçüncü hissə……………………………………………………………….173 

Dördüncü hissə…………………………………………………………….310 

 

 




                                                                                                                                                      

401


İSMAYIL ŞIXLI 

SEÇİLMİŞ ƏSƏRLƏRİ 

İKİ CİLDDƏ 

II CİLD 

"ŞƏRQ-QƏRB" 

BAKI-2005 

 

 




                                                                                                                                                      

402


Buraxılışa məsul: 

 

Əziz Güləliyev 

Texniki redaktor: 

 

Rövşən Ağayev 

Tərtibatçı-rəssam: 

 

Nərgiz Əliyeva 

Kompyuter səhifələyicisi: 

Rəvan Mürsəlov 

Korrektorlar:   

 

Pərinaz Səmədova 

Arif Qafarov 

Yığrlmağa verilmişdır 16.08.2004. Çapa imzalanmışdır 19.01.2005. 

Formatı 60x90 

1

/



16

 Fiziki çap vərəqi 25. Ofset çap üsulu. 

Tirajı 25000. Sifariş 11. 

Kitab "PROMAT" mətbəəsində çap



 olunmuşdur 

Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə