51
– Atan Mehdi kişini tanıyıram, Tosu, qeyrətli adamdır. Mən onu bircə dəfə, Nazlını
aparmağa gələndə görmüşəm. Onda xeyli söhbət elədik. Nazlı bizim qonşuluqda olurdu. Həmin
ev indi də onundur, onun adınadır, Ərkinazgillə lap divar-divara, qapı-qapıyadır. Nazlını Ərkinaz
da yaxşı tanıyır. Ərkinazdan soruşursan. O da namuslu gəlindir. Adına pis söz deyilməyib.
Evləniblərsə, lap yaxşı, başqa gözlə baxmaq düz deyil. Hər halda atan evlənəcəydi, Nazlı da ərə
gedəcəydi. Amma bu yaxşı oldu ki, onları bir dostluğun sədaqəti birləşdirdi, onları həmin ülfətin
vəfası da yaşadacaqdır. Kapitan Tosunun üzünə baxa-baxa susdu. Əlini, adəti üzrə, yenə onun
çiyninə endirdi, silkələdi, sanki işıqlaşana kimi yatmaq istəyəni, lakin yatıb yuxuya qalanı
günorta oyadırdı: – Nazlı gözəl gəlindir, bir-iki ayın əzabına dözərdi, elə burda da ərə gedərdi.
Onun bir qılçası şikəst, bir gözünü də davada qoyub gəlmiş kişini atması təkcə baş yoldaşı olmaq
demək deyil, Tosu bala. Bu – rəhmdillikdir, ən çox ərinin dostuna böyük... necə deyim, çox
böyük insan qayğısıdır. Tosunun köhnə kini təzələndi, ürəyində təndir alovu təki buruldu,
köksünü yandırdı, kapitan danışdıqca bütün varlığını başaq yığdıqları həmin sarı küləşlik kimi
bürüdü. Ona elə gəldi ki, tüstüsü təpəsindən çıxır. Əlləri də yanır, ona görə də bayaq çilik-çilik
sındırmaq istədiyi barmaqlarını neçə dəfə şanaladı, araladı, elə bil birinin odunun o birinə
keçəcəyindən qorxurdu. Düşündü ki, kapitanı aylardan bəri quzeyə döndərən dərd bu idimi? Belə
idisə o sirr niyə belə asan açıldı? Qarşısındakı keçilməz dağ deyildisə, sözünü, məsləhətini niyə
bu qədər gecikdirib? Kapitanın son sözlərindən sonra təri də kini də soyudu, cavab tapmadığı
sorğuları köçəri quşlar kimi uçub getdi. Yurdları-yuvaları boş qaldı. Bu boşluq Tosunun xoşuna
gəldi. Axı gözünün qabağında atası ilə Nazlı qoşa dayanmışdı. Nazlı–top gülləsi Mehdi–sınıq
tüfəng sümbəsi. Biri sübh açılışı, digəri zülməti öz arxasınca çəkib gətirən axşam toranlığı. O –
könül sevinci, bu – ürək qubarı... Kapitan əlini onun çiyninə çox yavaşca yatırtdı: – Tosu bala,
Mehdi kişi ilə görüşməyə gedəcəyəm, – dedi, – yazda. Ayağa qalxdı, yeridi qapının ağzında
dayandı.
– Gedim, görüm necə dolanırlar. Tosu indi hiss etdi ki, gəmidədir, gəmi də fırtınada.
Divar saatına baxdı, səhərə nə qalmışdı ki!.. Üst paltarlarını soyunmadı ki, xəstələnər, axı
paltarlarını sıxsa, suyu çıxardı... Çarpayıya da geyinəcəkli uzandı, adyalı üstünə örtdü. Yatmağa
çalışdı, çünki işdə o, matros şagirdi deyildi, imtahandan keçmişdi, gəmi sürücüsü idi. Sübh
tezdən, yəni saat səkkizdə növbədə olacaq, dünyanın bu nəhəng qaynar qazanında gəmi
sürəcəkdi. Belə havada gəmini düz sürmək asan idimi?! Gözünə yuxu getmədi, fikirlər qoşun-
qoşun gəldi, bir-birinə qarışdı. Bilmədi onları necə ayırsın, necə seçsin. «Köhnə ömrünə» təzə
gözlə baxmaq istədi, o günlər dənizdə boğulub-batan, qayalarda səsi qalan həmin uşaqlar kimi
gözləri önündən yelə dönüb ötdü, qarşıdan gələn Ülfət, Ərkinaz çəməni götürüb göylərə
havalandı, göylərdə gəzən Həlimət, Peykan dərdini yerə endirdi, qüssələr əl-ələ tutdular,
bəxtiyarlığı hönkür-hönkür ağladıqlarına görə sevindilər, oynadılar, gülüşləri göylərin üzünü
qara buludlar təki tutdu. Bu buludlar ötmədi, keçmədi, üç xoşbəxtlik yurdunun üstündən üç quyu
qaranlığı təki dayandı. Bu qaranlıqların hərəsi Tosunun qulaqlarına bir cingilti atdı, onu dərinlərə
çəkdi, onu o günlərin də, bu günlərin də aydın-aşkar gerçəklərindən ayırdı...
* * *
Tufan yaman tufan idi. Elə bil əfsanəvi məhşər qiyaməti qopmuşdu. Dəryaların suyu
bütün yer üzünü alıb Xəzərə qarışmışdı, bu dənizin dalğalarına da boy-boy verib üzü bu yana
qalan qurunu da öz altına alacaqdı, dünya başdan-başa dağ dalğalarının oynadığı axar-baxar
olacaqdı, dünyada təkcə bir səs-gurultu təntənə ilə axacaqdı, çağlayacaqdı. Muğan cır-cır
cırıldamağa, zarıldamağa başlamışdı. Sanki qocalığı boynuna almışdı, bu döyüşə, vuruşa davam
gətirməyəcəyini söyləyirdi. Bəzən elə bil qayaya dəyirdi, bir neçə an yağı yığılan nehrə təki
yerindəcə titrəyirdi, bəzən də sanırdım ki, dağ başından dərin dərəyə burnu üstə şütüyür, yumşaq
bir çeyilliyə sancılır. Belə olanda gödək ayna pərdələri yana, sonra da yuxarı axıb tavanla
ötüşürdü. Dan yerinin necə qızardığı, sabahın necə açıldığı bilinmirdi. Baxırdım ki, dənizin
üzünü xəstəlik azar tozuna oxşar bir toz tutub, dalğalar ətəyindən qurğuşun asılmış kimi görünən
bu azar tozunun altından hirsli aslan təki, şir təki, pələng təki çıxır, gəminin üstünə atılır. Tosu
azca çimir eləmişdi, ləngər onu kayutun o tərəfinə atmışdı. Gəminin qabırğa-qabırğa
52
sızıldadığını, qurd görmüş quzu təki uçunduğunu eşidib duyandan sonra yatmaq fikrinə düşmədi,
onun özünü də bir qorxu aldı. Keçid körpüsünə hər dalğa bir kəmənd atıb gedirdi, bir şillə, bir
şapalaq vurub ötürdü. Dalğaların körpüdə çiliklənən barmaqları gəminin arxasına, orta komasına
mişarlanmış tirlər təki dəyir, polad lövhə geyimi gəmini zanq-zanq zanqıldadırdı. Tosu keçid
körpüsündən quru ötə bilmədi, dalğalar ayağından girib başından çıxdı. Orta komanın dəmir
qapısına əlini çatdıra-çatdırmaz bir nəhəng dalğanın başından yaylıq təki qopan qanad onu divara
yapışdırdı, ikinci dalğa özünü çatdırana kimi qapını cəld açıb içəri atıldı. Üst-başının suyunu
çırpdı. Ona elə gəldi ki, gəminin arxasında qara ölüm vardı, o əcəldən bu orta komada yoxdur;
çünki gəmi, dəniz bilicilərinin hamısı burada yaşayırdı. Aradan az keçəndən sonra onu əvvəlki
vahimə bir də üstələdi – bütün orta komanı qəribə civiltilər doldurmuşdu, elə bil ağacın
təpəsindəki quş yuvasına ilan dırmaşmışdı, ona görə də maya dimdik balaların naləsi dünyanı
başına götürmüşdü. Tosu orta komanın içi ilə şturman budkasına qalxan trapın birinci
artırmasına ayaq qoyanda uzun çəkən həyəcan siqnalı dəhlizdə bir qara xəbər dolandırdı. O,
budkaya girəndə kapitan mikrafonla bütün gəmi əhlinə xəbər verirdi: – Hamı üst göyərtəyə!..
Qayıqları hazırlayın. «Şirvan» gəmisi batmaq üzrədir, heyətini xilas etməliyik!.. Ən yaxında
bizik... bizik!.. Tosunun gözləri qaraldı. Əlini budkanın əlliyinə çatdırdı, çiynini divara söykədi,
sanki bir evin bir sal divarı öz yerindən oynamışdı, o da çiynini verib dik saxlamışdı. Gözlərini
açdı, Cavanşiri bir ala-toranlığın uzaq başında gördü, necə də balaca idi kapitan!.. Necə də
xırdalanmışdı, gödəlmişdi yeriyəndə başı az qala tavana dəyən baş mexanik!.. Necə də çöpə
dönmüşdü ən böyük kostyum, şalvar geyinən, lakin qollarını sinəsi üzərində çataqlayanda belə
pencəyinin kürəyi partlayan pivə çəlləyinə oxşar birinci şturman! Necə də saralmışdı sarısaç
məsləhətçi kapitan! Gözlərini yumdu. Bir də açdı.
– Sükanı təhvil al! – Kapitanın səsi elə bil bu ala-toranlığa silib atdı, özünü də oradakı
mexaniki, şturman, məsləhətçi kapitanı da çəkib Tosuya yaxın gətirdi, onları öz əvvəlki
hallarına, havalarına qaytardı. «Allah üzümə baxdı, – deyə düşündü. – Bu motorsuz qayıqlarla
məni o qiyamətə göndərsəydi, sağ qalardımmı?! Heç bu boyda gəmidə ola-ola başım üstümdə
düz durmur. Üzməyi də bilmirəm. Qayıq dönsə, suyun üzündə bircə dəfə əllərim görünərdi, bircə
dəfə də səsim eşidilərdi... «İstiqamət iki yüz altmış!.. Kapitanın hökmü Tosunun fikrini qırdı. O,
sükan çarxını ripiterə baxa-baxa döndərdi. Ripiterin rəqəmli bölgülü çarxı fırlanmağa başladı, iki
yüz altmış qara xəttə yaxınlaşanda sükan çarxını saxladı. Əllikdən yapışıb dənizə baxan matros
soxulcan görmüş dana təki böyürəndə o da özünü saxlaya bilmədi, ürəyi ağzına gəlib qayıtdı.
Kapitanın: «Sola!» əmrini eşidəndə canını dişinə tutdu, çarxı yavaş-yavaş o deyən səmtə burdu.
– Bosman!.. – deyə kapitan mikrafonu ağzına yaxınlaşdırdı. – Üzən lövbərləri tez hazırlayın.
Tez, tez!.. Dalğalar indi ən çox gəminin arxasını atıb-tuturdu, burnuna çatmırdı. O biri matros bir
də böyürdü, ağzını tuta-tuta özünü kapitan körpüsünə atdı. Tosunun da ürəyi çaxnaşdı, lakin
öyünmədi. Kapitan: «Saxla!» deyəndə çarxı düz tutdu. Qabaqda bir gəminin bircə dor ağacı
görünürdü. Onu da dəniz yavaş-yavaş udurdu. Amma dalğaların başında, sinəsində, neçə qayıq
çırpınırdı. Ələmdar gəldi. Əsgəri qaydada dabanlarını cütlədi, əlinin birini gicgahına qaldırdı: –
Yoldaş kapitan biz hazırıq! Kapitan gülümsündü, məsləhətçi kapitan da qımışdı. Elə bu arada
birinci şturman gəlib: – Yoldaş kapitan, hər şey qaydasındadır! – dedi. – Başlayaqmı? –
Başlayın! – Yoldaş kapitan, – deyə Ələmdar öz arşın düzlüyünü sındırıb yalvaran adam vəziyyəti
aldı, – qayığın birinin komandirliyini mənə tapşırın. – Tapşırdım! – deyə Cavanşir kəsə cavab
verdi. «Gör nə yağlanır? – Tosunun acığı tutdu.
– Yaratmaq görmüşdüm, daha bu qədər yox. Bədbəxt oğlu özünü ölümün üstünə atıb
vəzifə qazanmaq istəyir...» – Yenə sola! – Cavanşir budkanın arxa aynasından geriyə boylandı.
Tosu onun əmrinə əməl eləyəndən sonra səsləndi: Saxla! – Kapitan körpüsünə çıxdı, əli ilə
birinci şturmana «başlayın!» işarəsi verdi. Tez budkaya yüyürdü. Sükan çarxını Tosunun əlindən
aldı: – Sən də!? Sən də ora get! – dedi. – Bucurqadın birindən də sən yapış!.. Qayıqlar gəminin o
yanından aşıb bu yanında təpələnən, yastılanan, bir daha dönmək istəyən cığal dalğaların başına
iri paltar təknələri təki qondu. Tosu bəzi kinolarda tufanla dəniz görmüşdü, cəsurların ölüm-
dirim mübarizəsinə baxmışdı, inanmamışdı, elə bilmişdi şişirtmədir. Lakin indi üstdə azar tozu,