İsmayıllı İlkin Qrup: 402



Yüklə 20,66 Kb.
tarix29.10.2017
ölçüsü20,66 Kb.
#7588

İsmayıllı İlkin Qrup:402
Kollektiv müqavilələr və onun tərəfləri
İstifadə olunmuş ədəbiyyatlar:
1. Bəxtiyar Atakişiyev – Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları
2. Eldar Həsənov – Azərbaycanın dövlət və hüququnun əsasları
3. İlqar Məmmədov – Dövlət və hüquq nəzəriyyəsi
Hal-hazırda əmək münasibətlərinin tənzimlənməsində müqavilələrdən geniş istifadə olunur. Əmək münasibətlərində iştirak edən tərəflər arasında qarşılıqlı münasibətlərin nizamlanmasında və qaydaya salınmasında müqavilə metodu böyük rol oynayır, üstünlük təşkil edir. Müasir dövrdə müqavilə metodunun vacib hüquqi forması kollektiv müqavilə və sazişlər hesab olunur.

Kollektiv müqavilə dedikdə, işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatlarının arasında yazılı formada bağlanan elə bir müqavilə başa düşülür ki, bu müqavilə əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyir (Əmək məcəlləsinin 3-cü maddəsinə görə).

Kollektiv müqavilələr hal-hazırda əmək münasibətlərinin tənziminin müqavilə üsullarının əsas hüquqi formaları kimi çıxış edir.

Bazar münasibətlərində keçid şəraitində kollektiv müqavilələr əmək şəraitini və ya əmək şəraiti ilə bağlı olan digər şəraiti tənzimləyən əsas hüquqi sənəd hesab olunur.

Kollektiv müqavilələr bağlanmamışdan əvvəl kollektiv danışıqlar aparılır. Kollektiv danışıqlar aparmaq təşəbbüsünə əsasən, həmkarlar ittifaqları təşkilatları, əmək kollektivləri və işəgötürənlər malikdirlər. Təşəbbüskar tərəf danışıqların başlanması haqqında digər tərəfi yazılı surətdə xəbərdar edir. Xəbərdar olunan tərəf on gündən gec olmayaraq danışıqlara başlamağa borcludur. İrəli sürülmüş təşəbbüsə əsasən həmkarlar ittifaqları təşkilatları, müəssisədə həmkarlar ittifaqları təşkilatları olmadıqda isə əmək kolektivinin ümumi yığıncağı kollektiv müqavilənin hazırlanması və bağlanması haqqında qərar qəbul edir.

Kollektiv müqavilə iki tərəf arasında bağlanılır. Bu tərəflərdən biri işəgötürən, digər tərəf həmkarlar ittifaqları təşkilatıdır. Əgər müəssisədə həmkarlar ittifaqları təşkilatı olmazsa onda, kollektiv müqavilənin digər tərəfi (ikinci tərəf) əmək kollektivi hesab edilir.

Əmək məcəlləsinin 26-cı maddəsinə əsasən kollektiv müqavilənin və sazişin və ya onlarda dəyişikliklərin layihəsinin hazırlanması məqsədilə danışıqlar aparmaq üçün tərəflər müvafiq səlahiyyətlər verilmiş bərabərsaylı nümayəndələrdən ibarət komissiya yaradırlar. Komissiyanın tərkibi, danışıqların gündəliyi, keçirilmə yeri və müddəti tərəflərin birgə qərarı ilə müəyyən edilir.

Tərəflər kollektiv müqavilənin məzmununa aid məsələlərin seçilməsi və müzakirə edilməsində sərbəstdirlər.

Komissiyanın tələbi ilə tərəflər, kollektiv danışıqların aparılması üçün zəruri olan məlumatları beş gün müddətində təqdim etməlidirlər. Danışıqlar zamanı tərəflər razılığa gələ bilmədikdə, fakir ayrılığı haqqında protokol tərtib edilir. Protokolda fakir ayrılığının aradan qaldırılması haqqında tərəflərin yekun təklifləri, habelə danışıqların yenidən başlanması müddəti göstərilir.

Kollektiv müqavilənin layihəsini müvafiq komissiya (işçi qrupu) hazırlayır. Bu komissiya (işçi qrupu) tərəflərin bərabər sayda nümayəndələrindən ibarətdir. Onun hazırladığı layihə həmkarlar ittifaqı təşkilatının (əmək kollektivinin) ümumi yığıncağında müzakirə olunur. İştirak edənlərin səs çoxluğu ilə təsdiq edilir. Ümumi yığıncaqda işçilərin 50%-dən çoxu iştirak etdikdə səlahiyyətlidir. Kollektiv müqavilə təsdiq olunduqdan sonra tərəflər onu üç gün ərzində imzalayırlar.

Kollektiv müqavilə müəyyən məzmuna malik olan sənəddir. Onun məzmununu tərəflər müəyyən edirlər. Kollektiv müqavilənin məzmunu dedikdə, bir sıra vacib məsələlər üzrə tərəflərin (işəgötürənin və əmək kollektivinin) qarşılıqlı öhdəliklərini nəzərdə tutan sənəd başa düşülür. Həmin məsələlərin əsasları aşağıdakılardır:


  • əməyin ödənilməsi (əmək haqqı) qaydaları və miqdarı, pul mükafatları, müavinətlər, əlavələr və digər ödənişlər;

  • məşğulluq, kadr hazırlığı və ixtisasartırma, işçilərin sərbəstləşdirilməsi şərtləri;

  • qiymətlərin artımı inflyasiyanın səviyyəsi nəzərə alınmaqla əmək haqqının miqdarının tənzimlənmə mexanizmi;

  • iş vaxtı, istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər;

  • işçilərə və onların ailə üzvlərinə mədəni-məişət xidmətlərinin, sosial təminatlar və güzəştlərin edilməsi;

  • qadınların və 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması;

  • əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi;

  • əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar işçilərə dəyən ziyanın ödənilməsi;

  • əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanların yaradılması və onun fəaliyyət qaydası;

  • işçilərin ekoloji təhlükəsizliyinin və sağlamlığının gözlənilməsi;

  • əmək və icra intizamının möhkəmləndirilməsi üçün tədbirlər;

  • kollektiv müqavilənin şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti və s.

Kollektiv müqavilədə müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla digər, daha güzəştli əmək və sosial-iqtisadi şərtlər də nəzərdə tutula bilər. Məsələn, əlavə məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyət xərclərinin ödənilməsi və digər güzəşt və əvəzlər.

Kollektiv müqavilə bir ildən üç ilə qədər bağlana bilər. O, imzalandığı andan qüvvəyə minir. Bununla belə, kollektiv müqavilə həmin müqavilənin özündə göstərilən gündən də qüvvəyə minə bilər.

Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarəti tərəflər və müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Həmkarlar ittifaqları təşkilati kollektiv müqaviləni pozmağa görə maddi məsuliyyət daşımır. Kollektiv müqaviləni pozmağa görə müəssisənin vəzifəli şəxsləri intizam məsuliyyətinə cəlb edilir. Qanunda nəzərdə tutulmuş hallarda təqsirli vəzifəli şəxslər inzibati qaydada cərimə oluna bilər, müvafiq hallarda isə cinayət məsuliyyəsinə cəlb edilə bilərlər.

Sazişlər öz məzmununa, iştirakçıların dairəsinə, əmək haqqında olan normativ aktlar sistemində yerinə, əmək münasibətlərinin nizamlama əhəmiyyətinə görə müəssisələrdə bağlanan kollektiv müqavilələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Saziş hüquqi akt olub, müəyyən peşə, sahə işçiləri üçün əmək şəraitinin yaradılması, məşğulluq, sosial müdafiə üzrə öhdəlikləri özündə əks etdirir. Münasibətlərin tənzimlənməsi sahəsindən asılı olaraq, üç əsas növ kollektiv sazişlər bağlanıla bilər.

Sazişlərdən ən əhatəlisi Baş kollektiv sazişdir. Baş kollektiv saziş - respublikada sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən edir. Bu saziş, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Nazirlər Kabineti və həmkarlar ittifaqlarının respublika birliyi arasında bağlanılır.

Sazişlərin ikinci növü sahə və yaxud tarif kollektiv sazişi adlandırılır. Sahə (tarif) kollektiv sazişi - müvafiq sahənin sosial - iqtisadi inkişafı istiqamətlərini, peşə qrupları, sahənin işçiləri üçün əmək şəraiti və əmək haqqı, sosial təminatları müəyyən edir. O, əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, dövlət konsernləri, şirkətləri və idarələri ilə həmkarlar ittifaqlarının peşələr, sahələr üzrə

birlikləri arasında bağlanılır.

Üçüncü növ saziş - xüsusi saziş adlandırılan ərazi (rayon) kollektiv sazişidir. Bu saziş isə ərazi xüsusiyyətləri ilə bağlı müəyyən sosial-iqtisadi problemlərin həlli şərtlərini müəyyən edir. Ərazi kollektiv sazişi, əsasən müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini həyata keçirən yerli icra hakimiyyəti orqanları ilə həmkarlar ittifaqlarının ərazi birlikləri arasında bağlanılır.



Baş, sahə və ərazi kollektiv sazişləri üçtərəfli - müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqları birlikləri və işəgötürənlərin nümayəndəli orqanları (birlikləri) arasında bağlanıla bilər.

Kollektiv sazişin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. O bir ildən üç ilədək müddətə bağlanılır. Kollektiv saziş imzalandığı və sazişdə göstərilən gündən qüvvəyə minir.
Yüklə 20,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə