İsmayıllı İlkin Qrup: 402



Yüklə 22.97 Kb.
tarix20.09.2017
ölçüsü22.97 Kb.

İsmayıllı İlkin Qrup:402
Hüquq pozuntularının səbəbləri və növləri
İstifadə olunmuş ədəbiyyatlar:
1. Eldar Həsənov – Azərbaycanın dövlət və hüququnun əsasları
2. Ənvər Seyidov – Hüququn əsasları
3. İlqar Məmmədov – Dövlət və hüquq nəzəriyyəsi
Bəzən şəxslər hüquq normalarında ifadə olunan hüquqi göstərişlərə uyğun gəlməyən hərəkətlər edirlər. Həmin hərəkətlərlə onlar hüquq normalarının müəyyən etdiyi tələbləri pozurlar. Belə halda isə hüquqazidd davranış gözqabağındadır.

Şəxslərin hüquq normalarının göstərişlərinə zidd olan və bu göstərişləri pozan hərəkətinə(hərəkət etməməsinə, hərəkətsizliyinə) hüquqa zidd davranış deyilir.

Hüquqa zidd davranış hüquqauyğun davranışın antipodudur. O, şəxslərin hüquq və azadlıqlarını, qanuni mənafelərini pozur, cəmiyyətə maddi və mənəvi ziyan vurur. Hüquqazidd davranış cəmiyyətin, dövlətin və ayrı-ayrı şəxslərin mənafelərinə cavab vermir və onlara zərər vurur. Bu cür davranış cəmiyyət üçün ziyanlı nəticələrə səbəb olur. Hüquqi davranış öz ictimai nəticələrinə görə hüquqa ziddir.

Hüquqa zidd davranışın müəyyən növü hüquq pozuntusu adlanır. Hüquq pozuntusubütün hallarda hüquqa zidd davranışdır. Amma hüquqa zidd davranışı bütün hallarda hüquq pozuntusu hesab etmək olmaz. Məsələn, anlaqsız vəziyyətdə olan şəxs (ruhi xəstəliyə görə) adam öldürür. Onun bu hərəkəti hüquqazidd davranış olsa da, hüquq pozuntusu sayılmır. Həmin şəxs məsuliyyətə cəlb olunmayacaqdır. Digər misalda kənd təsərrüfatı məhsulları becərən sahibkar müqavilə üzrə şəhərdə yerləşən satış müəssisəsinə sentyabr ayında kənd təsərrüfatı məhsulları göndərmıyi öhdəsinə götürür. Lakin quraqlıq olduğuna görə sahibkar ondan asılı olmayan səbəblərə görə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Bu, hüquqazidd davranışdır, lakin hüquq pozuntusu sayılmır. Odur ki, sahibkar müqavilə öhdəliyini icra etməməyə görə məsuliyyətə cəlb olunmayacaqdır. Çünki müqavilə öhdəliyi onun təqsiri üzündən yox, başaqa səbəbə görə icra olunmur.

Hüquqazidd davranışın hüquq pozuntusu hesab edilməsi üçün hüquq pozuntusunun əlamətlərinə uyğun gəlməsi tələb olunur. Əgər hüquqazidd davranış bu əlamətlərə uyğun gələrsə, bu hüquq pozuntusu sayılır.

Hüquq elmi və nəzəriyyəsi hüquq pozuntusunun bir neçə əlamətini müəyyən edir. Məhz bu əlamətlər hüquq pozuntusunu xarakterizə etməyə kömək olur.

Birinci əlamət ondan ibaratdir ki, hüquq pozuntusu ictimai təhlükəli davranışdır. İctimai təhlükəli davranış onu ifadə edir ki, şəxsin hərəkəti və yaxud da hərəkətsizliyi cəmiyyətə, dövlətə ayrı-ayrı şəxslərə ziyan vurur. Hüquq pozuntusu cəmiyyət üçün ziyanlı olub, ictimai həyatın müxtəlif sahələrinə qəsd edir, vətəndaşların siyasi, iqtisadi, sosial-mədəni və şəxsi hüquqlarına zərər yetirir, onların mənafelərinə xələl gətirir. Əgər hərəkət(hərəkətsizlik) cəmiyyət üçün təhlükəli olmazsa, hüquq pozuntusu hesab edilmir. Məsələn, adam öldürmək, vətəndaşın əmlakını oğurlamaq, zorlamaq və digər hərəkətlər cəmiyyətə zərər vurur və ictimai cəhətdən təhlükəlidir. Deməli, bu cür hərəkətlər hüquq pozuntusudur. Ayrı-ayrı vətəndaşların əmlakını zədələyən, korlayan, xarab edən və s. hərəkətlər də ictimai cəhətdən təhlükəlidir. Buna görə belə hərəkətlər də hüquq pozuntusu sayılır. Məsələn, şəxs öz qonşusunu minik avtomobilini icazəsiz sürərkən onu dağdan aşırır. Avtomobil istifadə üçün tam yarasız hala düşür.

İkinci əlamət ondan ibarətdir ki, hüquq pozuntusu şəxslərin təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə desək, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnəz təqsiri olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Məsələn, çürüməyə başlayan meyvə-tərəvəz məhsullarını yükgöndərən yeşiklərə qoyub, başqa şəhərə daşımaq üçün daşıyıcıya verir. Yolda həmin məhsullar xarab olur və korlanır. Belə halda daşıyıcını hüquq pozuntusu törətməsindən söhbət gedə bilməz, çünki o, təqsirli hərəkətə yol verməmişdir, yəni məhsullar onun təqsiri üzündən xarab olmamışdır.

Üçüncü əlamət ondan ibarətdir ki, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Belə halda hüquq pozuntusu cərimə, zərərin əvəzini ödəmə, töhmət, işdən çıxarma və s. tətbiq edilir. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış hüquq pozuntusu hesab edilmir.

Dördüncü əlamət, hüquq pozuntusu anlaqlı vəziyyətdə olan, müəyyən yaş həddinə çatmış şəxsin hüquqazidd davranışı olmalıdır. Anlaqsız vəziyyətdə olan şəxsin hüquqazidd davranışa yol verməsi hüquq pozuntusu sayılmır. Məsələn, ruhi xəstə vətəndaşın əmlakını oğurlayır. Bu, hüquq pozuntusu sayılmır.

Tələb olunan yaş həddinə çatmayan şəxsin də hüquqa zidd davranışı hüquq pozuntusu hesab edilmir. Məsələn, on iki yaşlı azyaşlı vətəndaşa xəsarət yetirir. Belə halda hüquq pozuntusu yaranmır.

Hüquq pozuntusu dedikdə, anlaqlı vəziyyətdə olan və müəyyən yaş həddinə çatan şəxsin (subyektin) təqsirli, hüquqazidd elə bir davranışı başa düşülür ki, bu davranış cəmiyyətə, dövlətə ayrı-ayrı şəxslərə zərər vurur və hüquqi məsuliyyətə səbəb olur.

Hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət (məsələn, xuliqanlıq) və hərəkətsizlik (məsələn, vəzifəli şəxsin şüurlu surətdə məhkəmənin qərarını, hökmünü, qərardadını, yaxud qətnaməsini icra etməməsi) formasında ola bilər.

Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir.

Hüquq pozuntusunun tərkibinə daxildir:

1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir (məsələn, mülkiyyət münasibətləri).
2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir.

3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. Bu

halda cinayət hüququnda hüquq pozuntusunun subyekti qismində yalnız anlaqlı, müəyyən yaş həddinə çatmış fiziki şəxs çıxış edə bilər.

4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir.


Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.

Bütün hüquq pozuntuları ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlərə və xətalara bölünür.



Cinayət - cinayət qanunvericiliyi (cinayət hüquq normaları) ilə qadağan edilmiş ictimai təhlükəli hüquq pozuntusudur. Cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, o cəmiyyətin mövcud olmaq şərtlərinin özünə, vətəndaşların əsas hüquq və azadlıqlarına ziyan vurur. Cinayət məcəlləsində birbaşa nəzərdə tutulmayan hüquqazidd əməllər cinayət hesab olunmur. Belə ictimai təhlükəli əməllər başqa növ hüquq pozuntularına aiddir.

Xətalar – ictimai cəhətdən təhlükəli təhlükəli və zərərli olmaq dərəcəsi cinayətə nisbətən az olan hüquq pozuntusuna deyilir. Cinayət Məcəlləsində birbaşa nəzərdə tutulmayan hüquqazidd əmal xəta hesab olunur. O, cinayət sayılmayan hüququ pozuntusudur. Xəta ictimai həyatın müxtəlif sahələrində baş verir. O, ayrı-ayrı obyektlərə qəsd edir. Törədilən xətaya görə müxtəlif məsuliyyət tədbirləri nəzərdə tutulur. Bu tədbirlər cinayətə görə müəyyənləşdirilən cəza növlərinə(məsələn, azadlıqdan məhrum etməyə) nisbətən çox da ciddi xarakter daşımır. Xətalar hüquq pozuntusunun subyektindən, vurulmuş ziyanın xarakterindən və həcmindən, habelə bunlara müvafiq olaraq tətbiq olunan hüquqi sanksiyaların xüsusiyyətlərindən asılı olaraq inzibati, intizam və mülki hüquqpozmalara bölünür ki, bunlar da müəyyən hüquq sahələrinə aid olur.

İnzibati xətalar - ən başlıcası dövlət idarəçiliyinə qəsd edən hüquqpozmalardır (küçə hərəkəti qaydalarının, yanğın təhlükəsizliyi qaydalarının, sanitar qaydalarının və s. pozulması). Məsələn, vətəndaş xırda oğurluq edir. Sürücü minik avtomobilini idarə edərkən küçə hərəkəti qaydalarını pozur. İnzibati xətalara görə xəbərdarlıq cərimə və digər tədbirlər nəzərdə tutulur.

İntizam xətaları - əmək, xidməti, yaxud təhsil intizamına qəsd edən hüquq pozuntusudur. Xətanın bu növü əmək, təhsil-tədris, qulluq və s. istehsal intizamını pozur. Məsələn, işçi üzrlü səsbəb olmadan işə çıxmır və iş buraxmağa yol verir. Başqa bir misalda tələbə üzrlü səbəb olmadan məşğələyə gəlmir. Daha bir başqa misalda işçi işə gecikir. İntizam xətalarına görə töhmət, işdən çıxarılmaq və digər tədbirlər nazərdə tutulur.

Mülki xətalar odur ki, onlar əmək münasibətlərinə (məsələn, mülkiyyət münasibətlərinə) və şəxsi qeyri-əmlak münasibətlərinə (məsələn, əsərdən, ixtiradan və sş-dən istifadəyə görə münasibətlər, şəxsin həyat və sağlamlığına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna və s.) qəsd edir. Mülki hüquq pozuntuları (xətalar) öhdəliklərin icra olunmaması, yaxud lazımi qaydada icra olunmaması, hər hansı şəxsə bu və ya digər əmlak ziyanının vurulması (delikt), hüquqazidd əqdlərin bağlanmasından və s. ibarətdir. Məsələn, vətəndaş öz qonşusunun əmlakına ziyan vurur. Başqa misalda şəxs öz müqavilə öhdəliyini yerinə yetirmir, məsələn, borc alan borc müqaviləsi üzrə aldığı borcu qaytarmır və ya kirayəçi kirayə müqaviləsi üzrə aldığı əmlakı sahibinə vermir. Mülki xətalara görə zərərin əvəzini ödəmə və cərimə kimi məsuliyyət tədbirləri nəzərdə tutulur.



Eyni hərəkətlə şəxs bir neçə xətaya yol verə bilər. Məsələn, sürücü yol hərəkəti qaydalarını pozur (inzibati xəta) və başqa şəxsin əmalkını zədələyir(mülki xəta).


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə