İsraf İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin israf haqda tövsiyələri



Yüklə 182,44 Kb.
tarix05.10.2017
ölçüsü182,44 Kb.
#3317


İsraf
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin

israf haqda tövsiyələri

Tərtib edən: Seyid Əli Musəvi
İlahi! Bu böyük və mühüm vəzifəni yerinə yetirməkdə bizə yardım et! İlahi! Məhəmməd və Ali-Məhəmməd (s) hörmətinə, bizim cəmiyyətimizdə israfçılığın zərərlərini, yoxsul və məhrum insanlara köməyin xeyirlərini hər bir fərdə göstər və onları bu işdə müvəffəq et!

Bir neçə saniyə


Cəmiyyətin başında duranların özəl xarakterlərə sahib olması dünyada qəbul olunmuş məsələdir. Dünya xalqları qəbul etmişlər ki, təkəbbürlülük, lüks həyat tərzi, israfçılıq, dəbdəbə, xudpəsəndlik, eqoistlik və bu kimi xüsusiyyətlər hökumət başçılarının səciyyələrindəndir. Hətta inqilabçı ölkələrdə dünənə qədər çadırlarda yaşayan, daxmalarda gizlənən inqilabçıların da hakimiyyətə gələn kimi vəziyyətləri və xarakterləri dəyişir, dünyanın digər şah və prezidentləri kimi yaşamağa başlayırlar. Biz bunu yaxından görmüşük. Xalq üçün də təəccüblü deyil.

Bizim imamımız bu yanlış ənənəni dəyişdirdi və göstərdi ki, bir xalqın və dünyanın digər müsəlmanlarının sevimli rəhbəri zahid şəkildə yaşaya, təmtəraqlı saraylar əvəzinə bir hüseyniyyədə görüşlər keçirə və xalqın qarşısına peyğəmbərlərin geyimi, dili və əxlaqı ilə çıxa bilər.

Əgər hakim və başçıların qəlbləri həqiqət nuru ilə işıqlanmış olsa, dəbdəbə, israfçılıq, artıq xərclər çəkmək, xudpəsəndlik, təkəbbürlülük və hegemonluq onların qəti xüsusiyyətlərindən hesab olunmaz. O həzrətin böyük möcüzələrindən biri bu idi ki, həm öz həyatında, həm də yaratdığı quruluşda həqiqət nuru parlayırdı.1

Zadəganlıq bir sapqınlıqdır!


Qardaşlar! Əmirəlmöminin (ə) buyurur ki, (cəmiyyətin) həyat tərzi zahidiliyə doğru getməlidir. Bu gün İslam Respublikasında həyat tərzi zadəganlığa sarı gedirsə, bu, şübhəsiz ki, sapqınlıqdır; bunun oyan-buyanı yoxdur. Biz zahidliyə doğru hərəkət etməliyik. Məqsədimiz Allah övliyalarına xas zahidlik deyil. Xeyr! Birinci dərəcəli, ikinci dərəcəli və sonrakı məmurların öz hədlərində zahidliyi olmalıdır. Sonda isə növbə ümumi xalqa çatır. Ümumi xalq da israfçılıq etməməli və dəbdəbə uğrunda rəqabət aparmamalıdır. Zahidlik yalnız məmurlara məxsus deyil. Qızların əqdi üçün yüksək mehrlər təyin etmək də səhv işdir. Haram deyil, amma cəmiyyət üçün pis və xoşagəlməz haldır, çünki insani dəyərləri qızılın və pulun kölgəsi altına salır. İslam cəmiyyətində məsələ belə deyil. Həmin halal işi Peyğəmbər (s) görmədi. Bəziləri deyirlər ki, Peyğəmbər (s) halal edib, siz isə haram edirsiniz! Xeyr! Biz də haram etmirik. Peyğəmbər (s) məhdudiyyət yaratmaq istəməmiş və yaratmamışdır. Siz gedin nə istəyirsiniz edin. Ümumiyyətlə nəyin varsa, üst-üstə qoyub qızına cehiz ver, yaxud gəlininə mehr təyin et. Söhbət bundan gedir ki, bu iş düzgün, ağıllı və İslamın məsləhətinə uyğun iş deyil.1

Beytülmalla (dövlət büdcəsi ilə) alınan qələmlərin ucunu iti edin!


Əmirəlmöminin (ə) müsəlmanlar arasında və İslam cəmiyyətində ədaləti bərqərar edib beytülmalın israf olmasına mane oldu, talançılığa və kimlərinsə ümumi büdcəni haqsız mənimsəməsinə imkan vermədi.

O zaman beytülmal və büdcə məsələləri indiki kimi deyildi, İslam cəmiyyətinin gəlirləri adambaşına paylanırdı. Yeni maliyyə üsulu və bu gün dünyada mövcud olan bu forma o zaman ənənə deyildi. Əmirəlmöminin (ə) gəliri bərabər şəkildə bölürdü, beytülmalı səhabə və qeyri-səhabə, qüreyşli və qeyri-qüreyşli olan, Peyğəmbərin (s) ailəsindən olan və olmayan insanlar arasında eyni səviyyədə bölürdü. Bu, çoxlarının etirazına səbəb oldu, amma Əmirəlmöminin (ə) onlara fikir vermədi. Bu gün ədalətli beytülmal bölgüsü elə deyil. Bu gün adambaşına bölgü yoxdur və ədalətin bərqərar olunması üçün başqa üsullar mövcuddur. Bu gün müsəlmanların beytülmalı ilə işləyən şəxslər ondan ümumi xərclərdən və xalqa aid olan yerlərdən başqa bir yerdə istifadə etməməlidirlər. Beytülmalın ədalətli bölgüsü budur. Əgər Allah eləməmiş, bir məmur beytülmalı israf etsə, onu özünə və ya dostlarına, yaxınlarına xərcləsə, bu, beytülmal məsələsində ədalətsizlik sayılır. Müsəlmanların beytülmalı qanunla müəyyən olunmuş ümumi işlərə və orqanlara xərclənməlidir. Odur ki, Əmirəlmöminin (ə) o zaman ölkə məmurlarına qarşı elə tələbkarlıq etdi və bugünkü sözlə desək, belə bir sərəncam verdi: "Qələmlərinizi itiləyin". Yəni yazdığınız qələmlərin ucunu iti yonun ki, həm qələmə qənaət olunsun, həm kağıza, həm də mürəkkəbə. "Sətirləri bir-birinə yaxınlaşdırın". Kağız üzərinə yazdığınız sətirləri bir-birinə yaxın yazın və kağıza qənaət edin. "Və lazım olan məsələləri yazın". Yəni artıq sözlər yazmayın.1


Bir nəfər İmam Sadiqə (ə) dedi: "Bizə deyiblər ki, məişətdə mötədillik və ağıllı davranmaq qazancın yarısıdır". İmam buyurdu: "Bu iş qazancın hamısıdır. Məişətdə ağıllı davranmaq dindən və dindarlıqdandır" (əl-Əmali, səh: 666).

Məmur qadınlar israf örnəyi olmamalıdırlar!


Mən müsəlman qadınlara, gənc və evdar qadınlara deyirəm: Qərbin dünya əhalisinin, o cümlədən inkişaf etməkdə olan ölkələrin və bizim ölkəmizin canına xora kimi saldığı israfçılığa uymayın. İstehlak lazımi həddə olmalıdır, israf həddində yox. Həyat yoldaşları, yaxud özləri müxtəlif vəzifələrdə çalışan qadınlar israfdan çəkinməkdə digərlərinə nümunə və dərs olmalı, müsəlman qadının dəyərinin qızıl-gümüş və ləl-cəvahirat əsiri olmaqdan çox-çox uca olduğunu göstərməlidirlər. Demək istəmirəm ki, bunlar haramdır. Demək istəyirəm müsəlman qadınının məqamı o qədər ucadır ki, cəmiyyətimizin çoxlu insanlarının köməyə ehtiyacı olduğu dövrdə pul verib qızıl almamalıdırlar, zinət əşyaları almamalıdırlar, növbənöv məişət avadanlıqları almamalıdırlar, müxtəlif sahələrdə israfçılıq etməməlidirlər. İsrafçılıq müsəlman qadına yaraşmaz.1

İsraf haram, günah və şəriətin ziddinədir!


Ölkənin hər hansı bir yerində yaşayan müsəlman qardaş və bacılarımıza deyirəm ki, qənaət məsələsinə ciddi yanaşın. Qənaət dedikdə məqsədim bu deyil ki, ilahi nemətlərə əl vurmayın və onlardan istifadə etməyin. Məqsəd budur ki, hədd və ölçü saxlayın, israfçılıq və ilahi nemətləri zay etməyin. Təəssüf ki, çoxları bunu edirlər. İslam Respublikasında ilahi nemətlərdən məhrum olanlar var. Bu bizim yoxsulluğumuza görə deyil, çoxlarının ilahi nemətləri qayda-qanunsuz işlətdiklərinə, ölçüsüz xərclədiklərinə, heç nəyi nəzərə almadıqlarına, heç bir hədd saxlamadıqlarına və hətta ilahi nemətləri zay etdiklərinə görədir. Nə qədər çörək zay olur, nə qədər bişmiş xörək zay olur, nə qədər istifadə olunmamış meyvə zay olur və evlərdən bayıra tökülür. Ehtiyac olmadan nə qədər paltar alınır, bir dəfə bir mərasimdə geyinmək üçün evlərdə və qutularda qalır. Bunlar israfdır.

İstəyirəm əziz xalqımız bilsin ki, israf haram, günah və şəriətin ziddinə olan bir işdir. Malda və ilahi nemətlərdə israfçılığa yol vermək Allahın nemətini zay etməkdir. Bundan uzaq durmağa qərar verin. Əlbəttə, az gəlirli ailələrin israf etməyə bəlkə heç imkanları da çatmır, amma varlı və hətta orta səviyyəli ailələr təəssüf ki, israfa yol verirlər. Mən bu cümləni dedim, bir daha təkidlə xahiş edirəm ki, əziz xalqımız buna əhəmiyyətli yanaşsın, bu haqda düşünsün və israf etməməyə çalışsın.1



İsrafdan çəkinmək və müstəqillik


Gücünüzü artırmalısınız. Gərək təbii sərvətləri öz yerində işlədə, ölkənin istehsal və quruculuğunu günbəgün artırasınız. Xalq və hökumət bir-biri ilə əlaqələrini günbəgün möhkəmlətməlidir; xalq hökumətlə və hökumət xalqla. Siz inqilabın şüarlarını yaşatmalı, bu quruluşun bütün sahələrində inqilabçı ruhiyyəni günbəgün gücləndirməlisiniz. Əgər bu ölkə ayağa qalxsa, özünə arxalansa və hərəkət etsə, heç kəsə möhtac olmaz. Bəzi adamlarda güclü şəkildə mövcud olan israfçılıq ruhiyyəsini cilovlamaq lazımdır.

İsraf nə üçündür? İnsan nə üçün sahibinin onu təhqir etdiyi və pisliyini istədiyi dükana getməlidir? Əgər siz dükançının satış əsnasında sizi aldatdığını görsəniz, daha o dükana getməzsiniz. Əgər dükançının mal satarkən sizə pis baxdığını və pisliyinizi istədiyini görsəniz, daha onun yanına getməzsiniz. Biz nə üçün pisliyimizi istəyənlərin dükanına gedək? Biz nə üçün ürəkdən bizim pisliyimizi istəyən şəxslərlə maliyyə əlaqələri qurmalı və alış-veriş etməliyik? Nə üçün? Nə lüzumu var?



Çalışaq özümüzə güvənək, öz mənbələrimizi dirçəldək. Xalqımız böyük xalq və möhtəşəm qüvvədir, təbii mənbələrimiz də belədir. Gəlin Allah-Taalaya təvəkkül edək.1

Yersiz xərcləmələr səxavət deyil!


Mən bu il bütün xalqdan, hökumətdən və dövlət məmurlarından bunu (iqtisadi və maliyyə nizam-intizamını) istəyirəm. İqtisadi və maliyyə nizam-intizamı artıq xərclərlə və israfla mübarizə deməkdir. Yersiz xərclər, maliyyə israfı və istehlakda ifratçılıq əsla yaxşı xüsusiyyət deyil. Adı nə səxavət və əliaçıqlıqdır, nə də alicənablıq. Bunun adı yanlız iqtisadi və maliyyə nizam-intizamsızlığıdır. Əbəs yerə xərcləyən, çox xərcləyən, özü üçün lazımsız xərclər çəkən və cəmiyyətin iqtisadi vəziyyətini nəzərə almayan şəxslər mənim fikrimcə, iqtisadi və maliyyə imkanları baxımından nizam-intizamsız insanlardır. Əgər vəziyyət belə davam etsə, bu xalqın işi çətinləşəcək. Əbəs xərclər çəkənlərə "siz nə üçün bu qədər xərclədiniz", "siz nə üçün belə israfçı qonaqlıq verdiniz" - deyəndə cavab verirlər ki, varımızdır, edirik. Bu yetərli səbəbir? Xeyr! Bu dəlil əsla qaneedici deyil, ehtiyac qədərincə xərcləmək lazımdır - xüsusən də ümumi büdcədən xərcləyəndə. Öz mallarında israfçılıq edən şəxslərlə yanaşı, bu söz onlara da aiddir və israf etməməlidirlər. Bəzi adamlar pulludurlar və yəqin ki, gəlirləri halal yoldandır. Haram yolla qazananların vəziyyəti daha pisdir, amma halal yolla qazananlar da xərcləməkdə, məişət vəziyyətində yersiz və zadəgan dəbdəbəsi ilə israfçılıq etsələr, iqtisadi və maliyyə nizam-intizamsızlığına yor vermişlər. Bu işlərin adı israfdır və israfçılıq bəyənilməz, məzəmmət olunmuş bir işdir. Bu işlər psixoloji baxımdan digərlərinin həyatını sarsıdır. Misal üçün, siz hansısa adi qonaqlıqda növbənöv xörəklər verirsiniz, halbuki bu lazım deyil və sizin yanınızda, qonşuluğunuzda, o biri məhəllədə və hətta ölkənin ucqar nöqtəsində olsa belə, özlərinin, övladlarının və əzizlərinin yaşaması üçün bu xörəklərə böyük ehtiyacı olan şəxslər var. Belə bir şəraitdə bu iş düzgündürmü?! Deməli, halal yolla qazanılmış şəxsi sərvətlərdə də israfçılığa yol vermək yanlış iş və intizamsızlıqdır, dövlət pullarını xərcləyəndə isə daha çox. Mən məmurlardan istəyirəm ki, ümumi büdcənin xərclənməsinə ehtiyac olan yerdə belə, bu ehtiyac birinci dərəcəli və prioritet olmadığı təqdirdə ondan ciddi şəkildə çəkinsinlər. Əgər prioritet olan və olmayan ehtiyac arasında qalsanız, prioritet olmayanı tərk edin, ehtiyac olmadıqda isə əsla xərcləməyin. Əgər bir yerdə ehtiyac, amma ondan da vacib bir məsələ varsa, bu imkanlar daha vacib işə sərf olunsun.1
İshaq ibn Əmmar deyir ki, İmam Sadiqə (ə) belə dedim: "Mömin şəxsin on köynəyi ola bilərmi?" Buyurdu: "Bəli". Dedim ki, bəs iyirmi köynəyi necə?" Buyurdu ki, bəli. Soruşdum ki, bəs otuz köynək necə. Buyurdu: "Bəli, bu, israf deyil. İsraf odur ki, bayırda geyindiyin paltarı ev paltarı edib ondan yersiz istifadə edəsən" (əl-Kafi, c. 6, səh: 441).

İsraf adlı bataqlıq


İsraf qadağan olunmuş işlərdəndir. Əlbəttə, mən bilirəm ki, xalqın çoxu, xüsusən də orta təbəqələrin əksəri buna riayət edirlər. İsraf bir bataqlıq, bədxərclik bir şeytan vəsvəsəsidir. Siz düşmənlərin yaratdığı əngəllərə rəğmən, fəal və həvəskar bir gənc kimi ilahi hidayət sayəsində ayağa qalxıb, bu ölkənin böyük sərvət qaynaqlarından istifadə etmək istədikdə az zərəri belə diqqətdə saxlamalı və ondan çəkinməyə çalışmalısınız. İsrafçılıq, çoxlu xərclər çəkmək və bəzi təbəqələrin qeyri-düzgün və qeyri-sağlam gəlirlər əldə etməyə tamahlanması bu qəbildəndir. Bunlar yolverilməzdir.1

Bacarıqlı kadrı israf etməyin!


Döyüş texnikasını, qırıcıları, digər alətləri, hətta adi bir tüfəngi də saxlamalıyıq. Ordunun əmlakında səhlənkarlıq və israfçılıq yolverilməz hal və şəriətə görə haramdır. Bu səhlənkarlığı etməyə heç kəsin haqqı çatmır. İnsani qüvvələrdə səhlənkarlıq da belədir. Sizin bacarıqlı kadrları işsiz qoymağa haqqınız yoxdur. Layiqli və səmərəli iş bacarıqlı insanlar tərəfindən görülür. Bu proses daim hərəkətdə olmalıdır. Bunları yaddan çıxarmayın. Daha mühüm olan budur ki, bütün bunlarda uğurun dayağı və təminatçısı olan iman ruhuna diqqət yetirin. İmansız bir qüvvə peşəkarlığın zirvəsində dursa da, işə yaramaz, gərək imanı olsun. İman olan yerdə insanın qəlbi qüvvə hiss edir. İmansız adam səbatsız və etimadsızdır. Özünüzdə və tabeliyinizdə olanlarda imanı gücləndirin. Düşmən bu tövsiyələrlə məğlub olur və bunlardan qorxur.1

İsrafçılıq - nizam-intizamlılığın ziddi


Mən hamıya ölkənin maliyyə qaynaqlarını nəzərə almağı tövsiyə edirəm. Bizim ölkəmiz sərvətli ölkədir və özünü yaxşı idarə edib qura bilər. Hətta indiki zamandan əlavə, gələcək dövr üçün də möhkəm təməl qoyub onu təmin edə bilər, amma bu şərtlə ki, xərcləmə yerləri düzgün seçilsin və israfçılığa yol verilməsin. İsraf pisdir, şəriət baxımından günah və haram sayılır. Məntiq və ölkənin idarəsi cəhətindən də qadağan olunmuş çirkin bir işdir. Bu, xüsusi adamlara aid deyil, hamı israfdan çəkinməyə borcludur; həm məmurlar, vəzifəli şəxslər və dövlətdə hansısa sahəyə başçılıq edənlər, həm də ümumi xalq. Buna əsasən, israfdan çəkinməyi, daha doğrusu israfla mübarizə aparmağı tövsiyə ediriksə, bizim müraciət tərəfimiz hamı - həm məmurlar, həm də adi xalqdır.

Ümumi sərvətdə, ölkənin imkanlarında, təbii qaynaqlarda, həmçinin çoxlu zəhmətlə əldə olunanlarda israfçılıq, çörəkdə, suda, enerjidə və insani qüvvələrdə israfçılıq – bunların hamısı pisdir. İsrafçılıq bizim ötən il və öncəki illərdə etdiyimiz nizam-intizamlılıq tövsiyəsinin ziddinədir. İsrafla mübarizə aparmaq üçün proqram hazırlamaq lazımdır və bu işi dövlət məmurları görməlidirlər. Buna əsasən, mənim birinci tövsiyəm israfla, artıq istifadələrlə, ümumi və şəxsi sərvətləri məhv etməklə mübarizədir. Çünki şəxsi əmlak da bir mənada ümumi əmlakdan sayılır.1

İmam Məhəmməd Baqir (ə) buyurur: "İnsanın bütün kamalı üç şeydədir: dini yaxşı anlamaqda, bəla zamanı dözümlü olmaqda və məişətin idarəsində" (Vəsail əş-Şiə, c. 17, səh: 65).

Parlament deputatları! Hətta bir dəqiqəni də hədər verməyin!


Möhtərəm deputatlara parlamentin və onun komissiyalarının vaxtına əhəmiyyətli yanaşmağı, onun hətta bir dəqiqəsini də hədər verməməyi və iclaslarda mütləq iştirak etməyi tövsiyə edirəm. Həmçinin tövsiyə edirəm ki, komissiyalarda və digər yerlərdə lazım olan dəqiq məlumatlara malik olsunlar, parlamentə təqdim olunmuş layihələr üzərində diqqətlə araşdırma aparsınlar, səsvermələrdə mütləq iştirak etsinlər, İslamın nurlu hökmləri çərçivəsində ölkənin məsləhətinə uyğun səs versinlər və parlamentin tribunasından deyilən bütün fikirləri düşünülmüş olsun.

Həmçinin parlament deputatı olan bütün qardaş və bacıları təqvaya, ibadətə, mənəviyyata, dünya bərbəzəklərinə etinasızlığa, vəzifə və postu kiçik, xalqa xidməti isə böyük və mühüm saymağa, haqqı bərpa, batili məhv etməyə çalışmağa, təkəbbürlülük, etinasızlıq, israfçılıq və yayınmadan çəkinməyə çağırır və Quranın bu möhtəşəm nəsihətini onlara xatırladıram: "Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq təqvalı olanlarındır!"1



Cənnət və gülüstan arzusu


Cəmiyyətdə yoxsullara qarşı pis rəftar onlara etinasızlıqla yanaşı olmasa, insanların haqqı yeyilməsə, İslam əxlaqının - İslamda bir insan üçün dəyər sayılan və hədislərin təbirincə desək, ağlın qoşunlarından olan işlər yayılsa, xalq dözümlü və möhkəm olsa, Allaha təvəkkül etsə, təvazökar və səbirli olsa, insanlar bir-birinə qarşı bədbin və biganə olmasalar, cəmiyyətin taleyi naminə qənaətcillik hökm sürsə, artıq xərclərə son qoyulsa, israfçılıq edilməsə, maddi işlərdə acgözlük və tamahkarlıqdan əlamət olmasa, bu cəmiyyət cənnətə və gülüstana çevrilər. Dünyanın, hətta sərvətli və inkişaf etmiş ölkələrin xalqlarının da bugünkü problemi bunlardır. Bu gün əxlaq yoxsulluğu bütün bəşəriyyəti pərişan etmişdir.1

Hər il istehlak örnəyinin islahı ilidir!


Mən bu il öncəki illər kimi bütün xalqa bir tövsiyə etmək istəyirəm. Allaha şükür olsun ki, edilən tövsiyələrə diqqət yetirilmişdir; həm xalq diqqət yetirib, həm məmurlar. Mənim gözləntim də hamıdandır - həm xalqdan, həm də məmurlardan. Mən əziz xalqımıza demək istəyirəm ki, bu il hamı israfı kənara qoymağa çalışsın. Təəssüf ki, bizim həyatımızda israf vardır. İsraf ilahi neməti zay etmək və onun qədrini bilməmək deməkdir. Əlbəttə, bu sözdə mənim müraciətim daha çox sərvətlilərədir. Yoxsul, yaxud orta səviyyəli insanlar zənnimcə az israf edirlər. Baxmayaraq ki, onların arasında da bəzən israfçılıq baş verir. Kiçik görünən məsələlərdə, misal üçün sudan istifadədə də israfı kənara qoymaq zəruridir. Bu il yağıntı bir qədər az olub və bu daha çox qənaət tələb edir. Əlbəttə, Allaha şükür olsun ki, bizi pis gələcək gözləmir. Allahın lütfü və mərhəməti ilə hər şey xalqımızın xeyrinə olacaq. Lakin öz həyatımızı dinin və sağlam ağlın bizdən tələb etdiyi şəkildə qurmaq bizim borcumuzdur. Suda, çörəkdə, yeyinti məhsullarında, məişət avadanlıqlarında israfçılıq, artıq almaq, artıq işlətmək, istifadəyə yararlı olanları bayıra tökmək Allahın nemətlərini zay etməkdir.

Statistikalarda oxuyuruq və sizin hamınız da mütləq xəbərdarsınız ki, əkinçilərin böyük zəhmətləri hesabına başa gələn, alınıb una çevrilən və çörək hazırlanan bu buğdanın böyük bir hissəsi təəssüf ki, bayıra tullanır. Mən faiz göstərmək istəmirəm, amma aidiyyətli qurumlar zibilliyə atılan çörəyin miqdarına dair çox yüksək rəqəm söyləyirlər.

Bu yalnız bir misaldır. Biz bütün işlərdə qənaətə vərdiş etməliyik. Qənaət istifadəyə yararlı olanı bayıra tullamamaqdır. Yaradılmış imkanlarla həvəs üzündən rəftar etməyək, uzunömürlü əşyaları daim yeniləmək və xarab olmayan şeyləri tullamaq düzgün üsul deyil. Mənim fikrimcə, ölkə məmurları qənaətcillik və israfla mübarizə yolunu xalqa öyrətməlidirlər. Mən bunu ümumi şəkildə deyirəm. Dövlət məmurlarının özləri də israf etməməlidirlər. Dövlət məmurlarının israfı adi xalqın israfından zərərlidir, çünki bu, beytülmalda israfçılıqdır. Buna görə məmurlar qənaətcillik və israfçılıqdan çəkinməyə dair misalların siyahısını yazıb xalqa versinlər və necə qənaət etməyin mümkünlüyünü öyrətsinlər.1

Nə dilənçilik, nə israfçılıq!


Qənaəti özünüzə şüar seçin. Qənaət dilənçilik demək deyil. Bəzi adamlar qalxıb deməsinlər ki, nə üçün xalqı Allahın nemətlərindən istifadə etməyə qoymursunuz. Xeyr! İstifadə etsinlər, amma israf etməsinlər. Cəmiyyətdə israfçılıq zadəganlığa, sərvətin qeyri-bərabər bölgüsünə, ümumi əmlakın və ilahi nemətin zay olmasına gətirib çıxarır. İslamda tövsiyə olunan düzgün qənaətcillik yeməmək deyil, onda ifrata varmamaq, Allahın malını haram və ilahi neməti zay etməməkdir. Əgər bir cəmiyyət İslam göstərişi olan qənaətə əməl etmək istəsə, ümumi formada ədalət və ictimai ədalət məsələsi ilə məşğul olmağın zəruriliyini bilməlidir. Bu yolu davam etdirmək üçün hamı və hamı çalışmalıdır. İndi ölkə Allahın lütfü ilə quruculuqla məşğul olduğuna görə ədaləti unutmaq və sui-istifadə edənlərə şərait yaratmaq olmaz. Məhkəmə məmurları məhkəmələri gücləndirməklə, icraçı məmurlar vəzifə, iş, layihə və sərvətləri etimadlı insanlara tapşırmaqla, qanunverici orqanın məmurları və İslam Şurası Məclisinin deputatları münasib qanunlar qəbul etməklə bunu təmin etməlidirlər.1

Qənaəti öyrətməlisiniz!


Mənim indiki dövrdə demək istədiyim budur ki, əziz xalqımız israfdan ciddi şəkildə çəkinsin. Bir xalq olaraq haqqımız yoxdur ki, özümüzün indiki böyük, mühüm və uzunmüddətli milli mənafeyimizi, bizi israfa sövq edən şəxsi istəklərimizə qurban verək və onları görməzliyə vuraq. Hamı qənaət məsələsinə ciddi yanaşmalıdır.

Bu il mənim mühüm tövsiyəm qənaətdən ibarətdir. Hökumət də qənaət etsin, xalq da. Hökumət qənaət etməkdən əlavə, həm də qənaətin yollarını xalqa öyrətməlidir. Nə qədər ki, vaxt ötməyib və ilin ilk ayları keçməyib, müxtəlif sahələrdə – suda, çörəkdə, benzində, müxtəlif xərclərdə, ölkənin sərvətləri və nefti hesabına almağa məcbur olduğumuz bütün şeylərdə xalqın qənaətinə dair bir siyahı hazırlasınlar və onlarda qənaət etməyin yollarını göstərsinlər. Xalq da ciddi şəkildə qənaət etməyə çalışsın.

Mənim əzizlərim! Mən xalqı riyazətə dəvət etmirəm. Allaha şükür olsun ki, bizim buna ehtiyacımız yoxdur. Qəmli riyazət şəraiti bu xalqdan uzaq olsun! Mən xalqı qənaətə dəvət edirəm - başıuca qənaətə, məntiqli insan qənaətinə. Bizim xalqımız başa düşməlidir ki, bununla öz gələcəyini təmin edə, ölkənin iqtisadi inkişafını asanlaşdıra və onun idarəsində düzgün tədbirlər seçə bilmələri üçün məmurlara kömək edə bilər.1

Biz israf etməklə özümüzü vurmuş oluruq!


Mənim əzizlərim! Bizim ölkəmizdə israf çoxalır. Biz bir neçə cəhətdən, o cümlədən neft sarıdan iqtisadi ziyan görürük. Neft xalqın və onun dövlətinin sərvətidir. Bilirsiniz ki, bizdən neft alan şirkətlər buna görə öz ölkələrinə vergi ödəyirlər. Həmin ölkələrin aldığı vergi bizim neft gəlirimizdən çoxdur. Siz görün dünyada necə böyük zülm baş verir. Yəni sənaye ölkələrinin iş adamları və zavodları Fars körfəzindən neft alıb oraya aparırlar. Bu zaman ölkələrinə idxal etdikləri neftə görə öz dövlətlərinin onlardan aldığı verginin miqdarı nefti istehsal və ixrac edən dövlətin neft satışından aldığından çoxdur. Bu, zülm deyil?! Bu, sənaye ölkələri tərəfindən edilən zülm və zorakılıqdır. Bu bir zərər. Mən iki-üç il öncə ölkə məmurları ilə neftsiz iqtisadiyyat devizi haqda söhbət etdim. Onlar da həqiqətən yaxşı qarşıladılar. Təbii ki, bu asan iş deyil. Bu iş bir ilin, iki ilin, beş ilin ərzində görülmür, tədricən görülməlidir. Biz ölkənin idarəsi, idxalatı, xidmət sahələri, təhsili və digər işləri üçün qiymətli ehtiyatımız olan nefti satıb buğda, yaxud quru süd idxal etməyə məcbur olmamalıyıq. Bu düzgün deyil.

Bir neçə ildir bu məsələni məmurlara demişik. Həm öncəki hökumətdə, həm də indiki hökumətdə məmurlar bu işlə ciddi məşğul olublar və olurlar. Lakin iş çətindir. Bu işin təməli Pəhləvi rejimi dövründə yanlış qoyulmuşdur. Keçmiş rejimin bu ölkəyə nə etdiyindən xəbəri olmayan gənclər bilsinlər ki, onların etdiyi onlarla xəyanətdən biri budur. Onlar bu ölkənin iqtisadiyyatını neftən asılı etdilər və indi onu asanlıqla dəyişmək olmur. Bu xalq çalışıb müxtəlif ixracatla - meyvə ixracı ilə, bu ölkədə mövcud olan müxtəlif mədənlərin ixracı ilə, sənaye, əkinçilik və digər işlərlə bu ölkəni idarə etməlidir.

Neft bu xalqın həmişəlik ehtiyatıdır və qalır. Əvvəla ondan ölkənin infrastrukturları və digər əsaslı işlərinin görülməsi üçün istifadə olunur. İkincisi, xalqımız neft vasitəsilə beynəlxalq siyasətə təsir edə bilər. Bir dəfə elan edər ki, mən neftimi altı ay satmayacağam və bununla bütün dünyaya, bütün siyasi qərarlara təsir göstərər. Yaxud deyər ki, mən neftin satışını bu qədər azaldıram, bu qədər artırıram. Bu, tədricən baş verər. Deməli, bir tərəfdən xalq ziyan görür, digər tərəfdən də ölkənin məmurları. Onlar neftin pulunu ölkənin ehtiyaclarına xərcləyir və buğda idxal edirlər. Bu buğda gətiriləndən, una çevriləndən və çörək olandan sonra bizim süfrəmizə qoyulur və orada zay olur. Bu gün biz çörək artığından zərər gördüyümüz qədər başqa heç bir məhsuldan zərər görmürük. Yəni mənim və sizin evimizdən çıxan və gözümüzə görünməyən bu quru çörək bizim idxal olunmuş buğdamızın böyük bir hissəsini təşkil edir. Bunu dövlət məmurları, bizim etimad etdiyimiz şəxslər deyirlər.

Görün israf nə edir - çörəkdə israf, suda israf, elektrik enerjisində israf, tikinti materiallarında israf, müxtəlif məhsullarda israf, uşaq oyuncağında israf, bəzək əşyalarında israf! Mənim əzizlərim! Bu israf ölkədə düşmənin istədiyi işi görür. Düşmən o biri tərəfdən neftlə, iqtisadi embarqo ilə və digər vasitələrlə xalqa zərbə vurur. Bu tərəfdən də bizim özümüz israfçılıqla, qənaət etməməklə onun zərbəsini təkmil edirik. Mənim sözüm budur.1



İmkanın yoxdursa, az xərclə!


Çox xərcləyənlər gəlir azaldıqda əvvəlki kimi xərcləməməlidirlər. Bunu başa düşmək lazımdır. Buna görə mənim müraciətim birinci növbədə ölkənin sərvətlilərinə, əlləri ağızlarına çatanlara, xərcləyə bilənlərə, ət, qida məhsulları, məişət avadanlıqları, modern əşyalar, müxtəlif elektrik alətləri və qiymətli maşınlar ala bilənlərədir. Deməsinlər ki, imkanımız var, xərcləyirik. Burada şəxsi imkan yox, ölkənin imkanı meyardır. Bir xalqın gəliri azaldıqda bunu nəzərə almalıdır. Biz hər dəfə xalqa "israf etməyin" deyəndə xalqın orta təbəqələrindən ibarət olan əksəriyyəti qulaq asır və israf etmirlər. Lakin əsl qulaq asmalı olanlar - yəni israfın geniş yayıldığı varlı və sərvətli insanlar az qulaq asırlar. İndi mənim müraciətim onlaradır. Onların qənaət etməyə və israfdan çəkinməyə əhəmiyyətli yanaşmaları lazımdır. Qida maddələrində israfa yol verməyin. Nə qədər artıq qida maddələri kənara tullanır. Dərman preparatlarında da israfçılıq etmək olmaz. Nə qədər lazımsız dərmanlar alınıb evlərə aparılır və istifadə olunmamış qalır. İbtidai maddələri və ya dərmanın özünü xaricdən alıb gətirir, yaxud daxildə əziyyətlə istehsal edirlər. Bunlar ölkənin əldən çıxan sərvət və sərmayəsidir.

Hətta öz peşə fəaliyyətlərində və istirahətlərində də israfa yol verənlər var. Məsələn, xarici ölkəyə səfər edirlər. Nə üçün? Səfərə meylli ailədirlər və gəzmək istəyirlər. Gəzməkdən ötrü nə üçün xarici ölkəyə gedirlər? Bu qədər böyük ölkədə çoxları bunu da edə bilmirlər. Bəzilərinin əlləri ağızlarına çatan kimi özlərinin, yaxud ailələrinin gəzib əylənməsi üçün hansısa xarici ölkəyə - indi adını çəkmək istəmirəm - gedirlər. Qəti şəkildə deyirəm ki, bu israfdır. Bu haram olan israfdır. Lazımsız xərc budur. İsraf zaman-zaman fərqlənir; geyimdə, məişət məsələlərində, bahalı avtomobillərdə. Deməli, bizim birinci müraciətimiz imkanlı adamlaradır. Onlara deyirik ki, az xərcləyin və israf etməyin.



Mənim ikinci sözüm bəzi dövlət məmurlarınadır. Onlar yüksək dövlət qurumlarında artıq və lazımsız xərclərin qarşısını almağa çalışmalıdırlar. Birinci növbədə böyük rəqəmlərə şamil olan işlərə nəzarət güclənməlidir. Mənim məlumatım var ki, hökumət bəzi sahələrdə, o cümlədən xarici səfirliklərə, xarici səfərlərə bağlı və digər çoxlu işlərdə yaxşı qənaət etmişdir. Lakin elə etmək lazımdır ki, yuxarıdan aşağıya qədər bütün dövlət qurumlarında buna riayət olunsun. Hamı bunu öz vəzifəsi bilsin və aidiyyətli qurumlar israfsız yaşamaq haqda xalqa proqram hazırlasınlar.1

Məmurların dəbdəbəsi xalqın gözünü qamaşdırır!


Qardaş və bacılar! Harada olsanız və hansı vəzifədə çalışsanız, ehtiyatlı olmalısınız. Sizin bir rəftarınız, bir sözünüz, bir hərəkətiniz dərin təsirlər buraxa, xalqın həyatına güclü təsir göstərə bilər. Mən illərdir təmtəraqlı həyat tərzi haqda danışıram. Bunda iki məqsəd var: Bir məqsəd budur ki, dəbdəbənin, zadəganlığın özü pisdir və uca insana yaraşmır. Yəni insan ona yaraşmayan lazımsız bir işlə məşğul olmamalıdır. Həm də bu, israfçı işdir, bununla sərvətlər, məhsullar zay olur. Bu, məsələnin bir cəhətidir: israf pisdir, dəbdəbə də israfçılıq sayılır və pisdir. Lakin ikinci məqsəd birinci məqsəddən də əhəmiyyətlidir və bu sizin israfçılığınızın xalqın həyatına təsiridir. Bəziləri buna diqqət yetirmirlər. Siz xalqın gözü önündə otağınızı, ofisinizi və evinizi filan cür dəyişdirdikdə bu, praktiki bir dərs olub görən hər bir adama təsir edir. Ən azı buna riayət etmək lazımdır. Mühitdə dəbdəbə və ona vərdiş halı yaratmayaq. Əgər bu gün cəmiyyətimizdə bu dəbdəbə həvəsi yayılsa – təəssüf ki, böyük həddə yayılmışdır - ölkənin çoxsaylı iqtisadi, ictimai və əxlaqi problemləri heç vaxt həll olunmayacaq. Dəbdəbənin və həyatda zadəganlığa təmayülün çoxlu zərər və təhlükələri vardır: heç zaman ictimai ədalət təmin olunmaz; bütün ölkə və cəmiyyətlərə, xüsusən də bizim cəmiyyətimizə hava və su kimi lazım olan qardaşlıq, ülfət, dostluq və həmrəylik heç zaman yaranmaz. Mənim və sizin söz və əməllərimizin xalqın ruhiyyəsinə təsiri bu qədər böyükdür. Bu baxımdan, bizim təqvalı olmamız böyük əhəmiyyətə malikdir.1

İsraf - İslam dünyasının köhnə dərdlərindən biri


Bu gün İslam dünyası köhnə dərdlər içindədir. Bəlkə də onların ən mühümü bu on dərddir: Siyasi və dini çəkişmələr, əxlaq və imanın zəifləməsi, elm və sənayedə gerilik, siyasi və iqtisadi asılılıq, yoxsulluğun, aclığın və məhrumluğun kənarında israfçılıq və zadəganlıq, başçılarda özünəinamın və gələcəyə ümidin azalması, dinin təcrid olunması, siyasətdən və həyati məsələlərdən ayrılması, Quranın tükənməz mənbəyi olduğu yeni məfhumlar ortaya qoymaqda təşəbbüssüzlük, Qərbin mədəni hücumu qarşısında təslimçilik və nəhayət bəzi siyasi başçıların boyunduruq altına girmələri və tamahkarlıqları hesabına müsəlman xalqların izzətinin tapdanması.1
Allahın rəsulu (s) buyurmuşdur: "Dəstəmaz bir müdd (təxminən 750 qram) və qüsl bir sa (təxminən 3 litr) su ilə alınsın. Məndən sonra tezliklə elə bir camaat gələcək ki, bu miqdarı az sayacaqlar. Bunlar mənim sünnəmin əksinədir. Mənim sünnəmə sadiq qalanlar cənnətdə mənimlə birgə olacaqlar". (Vəsail əş-Şiə, c. 1, səh: 338).

Peyğəmbər (s) səliqəli, gözəl idi və eyni zamanda israfa yol vermirdi!


Peyğəmbər (s) uşaqlıqdan təmizkar idi. Məkkənin və ərəb qəbilələrinin uşaqlarının əksinə olaraq, təmizkar və səliqəli idi. Yeniyetməlik dövründə saçını darayırdı, gənclik dövründə saçını və saqqalını darayırdı, İslamdan, gənclik dövrünü keçirdikdən sonra və 50-60 yaşlı bir kişi olduğu dövrdə də təmizliyə tam riayət edirdi. Mərcəyinə çatan gözəl saçı təmiz olardı, gözəl saqqalı təmiz və ətirli olardı. Rəvayətdə gördüm ki, öz evində bir su küpü vardı və onda mübarək üzünə baxırdı. O zaman güzgü çox yayılmamışdı. O, müsəlmanların, yoldaşlarının və dostlarının yanına getmək istədikdə mütləq əmmaməsini və saqqalını səliqəyə salır, təmizləyir və sonra çıxırdı. Həmişə özünə ətir vururdu. Çox zahid yaşayışına rəğmən, səfərlərdə özü ilə daraq və ətir götürürdü, gözlərinə çəkmək üçün sürmə götürürdü. O zaman kişilərin gözlərinə sürmə çəkmələri adət idi. Hər gün bir neçə dəfə dişlərini fırçalayırdı. Digərlərinə də bu təmizliyi, dişlərini fırçalamağı, səliqəli görkəmdə olmağı tövsiyə edirdi. Bəzi adamların səhvi budur ki, səliqəli görkəm üçün dəbdəbə və israfın qaçılmaz olduğunu düşünürlər. Xeyr! Yamaqlı və köhnə paltarda da səliqəli və təmiz olmaq mümkündür. Peyğəmbərin (s) paltarı yamaqlı və köhnə idi, amma geyimi, başı və üzü təmiz idi. Bunlar davranışda, rəftarda, xarici görkəmdə və gigiyenada çox təsirli amillərdir. Bunlar zahirən kiçik, əslində isə çox təsirlidir.1

Qənaətə dəvət və israfdan çəkindirmə


Yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək qaydası yalnız pis işlərdən çəkindirməyə şamil olmur, bunda yaxşı işlərə dəvət də var. Bir gənc üçün dərs oxumaq, ibadət etmək, gözəl əxlaq, ictimai fəallıq, düzgün və normal idman və həyatda xoşagələn ənənələri saxlamaq yaxşı əməllərdəndir. Bir kişi, bir qadın və bir ailə üçün yaxşı vəzifələr və böyük işlər vardır. Siz hər hansı bir şəxsi bu yaxşı işlərdən birinə dəvət etsəniz, bu, yaxşı işlərə dəvət emtəkdir. Pis işlərdən çəkindirmək də yalnız şəxsi günahlardan çəkindirmək deyil. Pis işlərdən çəkindirmək deyən kimi dərhal yada düşür ki, küçədə bir nəfərin hərəkəti və ya geyimi yaxşı deyilsə, birisi onu bundan çəkindirməlidir. Yalnız bu deyil. Bu, onuncu məsələdir.

Pis işlərdən çəkindirmək bütün mühüm məsələlərdə var; məsələn, imkanlı şəxslərin gördüyü işlərdə, ümumi sərvətlərdən sui-istifadədə, ölkənin ümumi məsələlərində - idxalat sahəsində, şirkətlərdə, istehsal mərkəzlərindən istifadədə və sair məsələlərdə dostbazlıqda, məmurların dostbazlığında. Biri var ki, iki tacir bir yerdə işləyir və dostluq edir - bu bir məsələdir. Biri də var ki, əlində imkanı, icazəsi və imzası olan bir dövlət məmuru bir nəfərlə xüsusi rabitə qurur. Bu yasaq, günah və haram işdir. Belə bir işlə məşğul olan məmuru bundan çəkindirmək o idarənin özündə, ondan yuxarıda, yaxud aşağıda çalışan hər bir kəsə vacibdir. Bunu etmək lazımdır ki, sui-istifadəyə çalışanın qarşısı alınsın.

Ailə daxilində də pis işlərdən çəkindirmək olar. Bəzi ailələrdə qadın hüquqlarına riayət olunmur; bəzi ailələrdə gənclərin hüququna riayət olunmur; bəzi ailələrdə xüsusən uşaqların hüququna riayət olunmur. Bunları onlara xatırlatmaq və onlardan istəmək lazımdır. Uşaqların haqqını tapdamaq yalnız onlara sevgi göstərməmək deyil. Xeyr! Pis tərbiyə vermək, diqqətsizlik etmək, qayğısına qalmamaq, az sevgi bildirmək və bu qəbildən olan işlər də onlara zülm sayılır.

Cəmiyyətdə mövcud olan pis işlərdən çəkindirmək olar. Bu işlər o qəbildəndir: ümumi sərvətləri, həyati mənbələri tələf etmək, elektrik enerjisində, yanacaqda, qida məhsullarında, su və çörəkdə israfçılıq. Bizdə bu qədər çörək zay olur. Bu ümumiyyətlə pis haldır, dini baxımdan "münkər" - yəni bəyənilməz iş sayılır, iqtisadi və ictimai cəhətdən xoşagəlməz işdir. Bu işdən də çəkindirmək lazımdır. Kim hansı yolla bacarırsa, bunu etməlidir. Bir məmur bir cür bacarır, bir çörək müştərisi bir cür, bir fəhlə bir cür. Mənə göstərilən bəzi statistik rəqəmlərə görə, bizim zay olan çörəklərimizin miqdarı xaricdən ölkəyə idxal etdiyimiz buğdaya bərabərdir. Bu, təəssüf doğurmur?! Bunların hamısı pis işlərdir və onlardan çəkindirmək lazımdır. Nəhcül-bəlağəyə əsasən, Əmirəlmöminin (ə) bunlardan çəkindirməyi öz tövsiyələrinin əsas bəndlərindən etmişdir. O həzrət məmurlarla elə rəftar edir, onlara bəlli göstərişləri verir və qayda təyin edirdi, ümumi xalqı da fəaliyyətə, ictimai məsələlərdə məsuliyyət hiss etməyə, yaxşı işlərə dəvət etməyə və pis işlərdən çəkindirməyə çağırırdı.1



Zadəganlığınız üçün bəhanə gətirməyin!


Cəmiyyətdə ədalətə doğru hərəkəti zəiflədən amillərdən biri də ölkənin yüksək rütbəli məmurlarında zadəganlığın meydana çıxmasıdır. Bundan çəkinin. Zadəganlığın iki eybi var. Onun ikinci eybi birinci eybindən böyükdür. Zadəganlığın birinci eybi israfdır. Təbii ki, biz halal zadəganlıqdan - yəni halal yolla qazananlardan danışırıq. Zadəganlığın daha pis olan ikinci eybi budur ki, uyğun mədəniyyət formalaşdırır və hamının yarışmasına zəmin yaradır. Bu sahədə birinci dərəcəli məmurların, televiziyanın, mənim və sizin rəftarımızın böyük rolu var.

Mən bir dəfə eşitdim ki, Mədən nazirlərindən biri ölkəmizin müxtəlif qiymətli daşlarını yığıb nazirliyində işlətmişdi. Mən onu buraya çağırıb dedim ki, siz nə üçün bu işi görmüsünüz. Dedi ki, nazirliyə xarici qonaqlar gələndə bu daşları görür və müştəri olurlar. Siz Allah, bu məntiq qəbulediləsidir? Bu qədər pul xərcləyib nazirliyin daşlarını sökək və sonra yeni daşlar yapışdıraq ki, müştəri tapılsın? Siz nazirliyinizin əsas zalında beş metr uzunluğunda və üç metr enində böyük bir çərçivə düzəldib müxtəlif daşlarınızı çox bədii və gözəl şəkildə oraya düzə bilərsiniz. Bundan sonra hansı qonaq gəlsə, hörmət əlaməti olaraq onu oraya aparın həm daşlara tamaşa etsinlər, həm də müştəri cəlb olunsun. Bu daha yaxşıdır. Dəbdəbə üçün bəhanə gətirmək düzgün deyil. Mənim fikrimcə, sizin dəbdəbəniz bayırda görünəndə ikinci eyib yaranır: Bu bir ənənəyə çevrilib yeni qüvvələri artıq xərclərə və israfçılığa həvəsləndirir. Sonra quruluşun başçılarının belə etdiyini görüb hamı bu istiqamətə hərəkət edəcək. O zaman sizdən də bərk gedəcəklər. Çünki siz hər halda nəyisə nəzərə alırsınız, onların çoxu isə heç nəyi nəzərə almayacaq. Mən bu barədə əzizlərə tövsiyə etmişəm.

Bir neçə ay bundan öncə mənə Buşəhr və İsfahandan iki ayrı-ayrı məlumat çatdı və sözün həqiqi mənasında gözümə yuxu getmədi. Onların hər ikisi dövlət qurumlarına aid idi. İsfahandan verilən məlumat bənd yerinə aiddir - yoxsul təbəqələrlə məmurların məişət vəziyyəti arasında məsafə və uçurumun təzahürü. Orada ev və villalar tikmişlər. Düzdür, özəl hissə də var, amma hökumət də bu işlərdən görmüşdür. Onun kənarında isə camaatın adi məişət imkanı, qarınlarını doyurmağa çörəkləri yoxdur. Bir darvaza da qoyublar ki, heç kim o tərəfdən bu tərəfə keçə bilməsin. Buşəhrin adalarının birində də həmin hadisə baş verib və bu da bir dövlət qurumuna aiddir. Bunlar ümumiyyətlə qəbulediləsi deyil. Mənim xəbərim olmayıb. Əgər İsfahanda, yaxud Buşəhrdə belə bir yer düzəltmək istədiklərini bilsəydim, icra işlərinə qarışmamağa çalışsam da, o valiyə, yaxud nazirə yazılı və şifahi şəkildə mütləq deyərdim ki, sizin bu işi görməyə haqqınız çatmır. Hər halda, bu işi görmüş, tikmiş və bitirmişlər. Bu işlərin təsiri çox böyükdür.1
İmam Sadiq (ə) buyurur: "İsrafçılığı varlıdan çox olan yoxsul vardır. Çünki varlı imkanı olanı xərcləyir, yoxsul isə olmayan sərvətini" (Vəsail əş-Şiə, c. 9, səh: 242).

Gənclər ayağa qalxsınlar!


İsrafçılıq cəmiyyət üçün böyük bir bəladır. İsraf təbəqələrarası məsafəni, yoxsulla varlı arasındakı uçurumu günbəgün artırır və dərinləşdirir. Xalq israfdan çəkinməyi özünə vəzifə bilməlidir. Müxtəlif dövlət qurumları, aidiyyətli orqanlar, xüsusən informasiya vasitələri, mədəni orqanlar, radio və televiziya xalqı nəinki israfa, istehlakçılığa və dəbdəbəyə sövq etməməli, hətta əksinə, qənaətcilliyə, qədərincə xərcləməyə və israfdan çəkinməyə həvəsləndirməlidirlər. İstehlakçılıq cəmiyyəti çökürdür. İstehlakı istehsalından çox olan cəmiyyət müxtəlif sahələrdə uğursuzluğa düçar olur. Biz öz istehlakımızı normallaşdırmağa, azaltmağa vərdiş etməli və israfdan uzaqlaşmalıyıq.

Gənclər ailə toplantıları keçirsinlər, ailə üzvlərinin yardımlarını toplayıb birinci növbədə öz ailə və qohumlarından olan yoxsullara kömək etsinlər və əgər ehtiyacları olmasa, digər yoxsullara versinlər.

Bu gün bizim cəmiyyətimizdə yoxsulluq var. İslam quruluşu olaraq bizim vəzifəmiz yoxsulluğun kökünü kəsməkdir. Cəmiyyətdə məhrumluq olmamalıdır. Bu bizim bir hökumət kimi, İslam quruluşu kimi və xalq kimi borcumuzdur: "Hamınız cəmiyyət qarşısında məsuliyyət daşıyırsınız". Bu hamının vəzifəsidir. Hər birimiz bir yolla dəbdəbə və israfı azaltmalıyıq.

Elə ailələr var ki, tənbəllikdən yox, sözün həqiqi mənasında məhrum və yoxsuldurlar. Onları tapmalı və onlara kömək etməlisiniz. Bu çətin iş deyil.1


Əmirəlmöminin (ə) buyurmuşdur: "İsrafçının üç əlaməti var: özünə uyğun olmayanı yeyir, özünə uyğun olmayanı alır və öz həddində olmayanı geyinir". (Vəsail əş-Şiə, c. 21, səh: 551).

Daxili düşmən


Bizim xarici düşməndən danışmağımızın mənası bu deyil ki, İslam quruluşunun uğursuzluqlarında zəifliyimizin, səhvlərimizin və səhlənkarlıqlarımızın təsiri olmamışdır. Xeyr! Belə deyil. Quran bizə öyrədir ki, həmişə öz səhvlərimizi xatırlayaq: "Ey Rəbbimiz, günahlarımıza və işlərimizdə israfımıza görə bizi bağışla!" Öz israflarımızı, səhlənkarlıqlarımızı, ifrat və təfritlərimizi yaddan çıxarmamalı, onları düzəltməyə çalışmalıyıq. Lakin bu bizə xarici düşməndən ibarət olan və səhvlərimizi gücləndirən amili unutdurmamalıdır. Öz günah və israfımıza görə bağışlanmaq istəməyimizi bizə öyrədən həmin şərafətli ayədə dərhal buyurur: "Qədəmlərimizi möhkəmləndir və kafirlərə qələbə çalmaqda bizə kömək et!" Yəni xarici düşməni də unutmayın. Sizin səhvlərinizdən maksimum istifadə edən odur. Yəni xarici düşmən səhvləri gücləndirir.1

Sudan düzgün istifadə edək!


Bildiyiniz kimi, ölkəmizdə su torpaq qədər deyil, azdır. Amma əgər ağılla, diqqətlə və yorulmadan çalışsaq, ixtiyarımızda olan bu sudan istifadə etmək olar. Hədər gedən suların qarşısını alaq, sudan düzgün istifadə edək, bunda israfa yol verməyək. Elm və ağılla rəftar etsək, sudan daha səmərəli istifadə etmək olar. İnqilabdan öncə çoxları bizim məhsuldar çöllərimizə göz dikmişdilər. Bu ölkənin hər bir şeyinə yad olanlar bizim Qəzvin və Muğan çöllərimiz üçün proqramlar hazırlamışdılar. Biz nə üçün həqiqətən qiyməti olmayan bu məhsuldar torpaqlardan istifadə etmək üçün proqram hazırlamayaq?! Bu işləri görmək olar və görməliyik. Cihad ruhiyyəsi ilə bu işləri görmək mümkündür.1
İmam Rzanın (ə) xidmətçisi deyir ki, bir gün nökərlərin bir qismi meyvəni tam yemədən tulladılar. İmam Rza (ə) onlara etiraz edib buyurdu: "Əgər sizin bu meyvəyə ehtiyacınız yoxdursa, bilin ki, buna ehtiyacı olanlar var və bunu onlara verin" (əl-Kafi, c. 6, səh: 269).

Bir seçki tövsiyəsi


Mən namizədlərdən xahiş edirəm ki, seçki kampaniyalarında doğru sözlər danışsınlar, görə biləcəkləri və həqiqətən düşündükləri işləri xalqa vəd versinlər, xalqı istədiyi şəxsi seçməkdə azad buraxsınlar. Bu kampaniyalarda israfçılığa yol verilməsin. Məncə kimsə bu kampaniyalarda Allahdan ötrü israfçılıqdan və uyğun olmayan işlərdən çəkinsə, Allah-Taala ona kömək edər və məqsədinə çatmaqda yardımçı olar.1
Deputatlar xalqın cibindən xərcləməsinlər!

Həqiqətən xalqla birgə olmaq üçün onların arasında olmaq və onların orta məişət səviyyəsindən uzaqlaşmamaq lazımdır. Sadə yaşayış, israfçılıqdan çəkinmək, şəxsi və qeyri-zəruri işlərdə beytülmal xərcləməkdən çəkinmək bu bağlılığı qorumaq üçün vacib şərtdir. Zadəganlıq mədəniyyəti formalaşdırmaq, dəbdəbə, xalqın pulu ilə bahalı və lazımsız xarici səfərlərə getmək parlament deputatlarına yaraşmır və onların xaqla əlaqələrinin qırılmasına bais olur.1



Mal-dövlət təhlükəsindən ehtiyatlı olun!


İmam Səccadın (ə) Səhifeyi-Səccadiyyədə İslam əsgərlərinə etdiyi dualardan biri budur ki, İlahi, fitnə törədən mal-dövlət xatirəsini və sevgisini onların ürəyindən çıxar. Mal-dövlət çox təhlükəlidir, çoxlarını aldadır. Tarixdə bəzi böyük adamlar bunun ucbatından yoldan çıxmışlar. Odur ki, çox ehtiyatlı olmalısınız. Müqəddəs şəriətdə bu ehtiyatlılığın adı nədir? Təqva. Quran əvvəldən axıra qədər təqvaya çağırır. Bunun mənası həmin ehtiyatlılıq və özündən muğayat olmaqdır. İnsanın nəfsi tamahkardır. Mən mətbuatda sizin parlamentin bəzi lazımsız işlərinə yenidən baxmağa qərar verdiyinizi oxuyanda həqiqətən sevindim və bu işin təşəbbüskarlarına dua etdim. Təsəvvür edin bir adamın evi var və yenə ev istəyir; imtiyazı var, yenə imtiyaz istəyir. Bu işə başladığınıza və çalışdığınıza görə sizə həqiqətən təşəkkür edirəm. Bunu davam etdirin, bu işlərdə möhkəm dayanın, bacardığınız qədər məntiqli və düzgün rəftar seçin. Əlbəttə, biz tövsiyə etmir və gözləmirik ki, parlament deputatları aclıq və susuzluq çəksinlər, zahidlik etsinlər. Nə biz beləyik, nə də siz. Biz deyirik ki, israf olmasın, nizamsız işlərə və artıq xərclərə son qoyulsun. Parlamentdə belə xərclərin ümumi miqdarı çox olmaya bilər, amma siz bu yolu bağladıqda xalqa və digər qurumlara nümunə, yol və istiqamət göstərirsiniz. Sizin işiniz çox dəyərli və yaxşıdır. Bunu davam etdirin.1
İmam Sadiq (ə) buyurur: "Ən az israf budur ki, suyun artığı kənara tullansın, evdən bayırda geyilən paltardan ev paltarı kimi istifadə olunsun və xurmanın tumları kənara atılsın" (əl-Kafi, c. 6, səh: 460).

İsraf bilməcəsinin açarı müəllimlərin əlindədir!


Yeni nəslin kimliyini formalaşdırmaq müəllimin işidir. Müəllimin rolu hətta ailədən və ata-anadan da artıqdır. Sizin özünüzün məktəb uşaqlarınız var və görürsünüz ki, bəzən müəllimin dediyi söz uşaq tərəfindən Quran sözü kimi qəbul olunur; evə gəlib hansısa işi görür, hansısa işi görmür, yaxud bir saat yatır, idman edir və yaxud başqa bir iş görür. Çünki bunları müəllim tapşırmışdır. Ata-ana bu sözləri dəfələrlə deyir, amma təsir etmir, müəllimin sözü isə təsir edir. Uşaq və yeniyetmənin beynində müəllimin sözü çox vaxt ata-ananın sözünü üstələyir. Müəllimin rolu belədir. Əgər biz bu kimliyin yaxşı formalaşmasını, özünəinamı və ictimai nizam-intizamı olan, məsuliyyətli, ləyaqətli, böyük işlərə qadir, təşəbbüsçü, mehriban, böyük cəmiyyət ailəsi daxilində intiqam hissi olmayan, fədakar, işgüzar, az israf edən, yaxud israfdan uzaq duran bir nəslin yetişməsini istəyiriksə, cəmiyyətin ümumi mədəniyyətinin bu istiqamətdə hərəkət etməsini istəyiriksə, bunun açarı məktəblərdir. Belə bir nəsil yetişdirmək üçün məktəblər hazırlıqlı və münasib olmalıdır.1

Biz israfçıyıq!


Biz israfçı xalqıq. Biz suda, çörəkdə, müxtəlif məişət avadanlıqlarında, ləpəli meyvələrdə, benzində israf edirik. Neft istehsal edən bir ölkə neftdən hazırlanan benzini idxal edir. Bu təəccüblü deyil?! Hər il milyardlala pul verib benzin idxal edirik, başqa şeylər idxal edirik. Bizim cəmiyyətimizin və xalqımızın bir hissəsinin ürəyi töküb-dağıtmaq istəyir, ona görə. Bu düzgündür?! Biz xalq buna milli bir eyib kimi baxmalıyıq. İsraf pisdir, hətta Allah yolunda maddi yardımda da bunu deyirlər. Allah-Taala Quranda Peyğəmbərinə (s) buyurur: "Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et"1. Allah üçün maddi yardım edərkən də belə et. İfrat və təfrit etməyin, orta yol tutun. Biz bunu milli mədəniyyətə çevirməliyik. Quran buyurur: "Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edərlər"2. İslam özünü çətinliyə salıb sıxıntı içərisində yaşamağı da tövsiyə etmir. İslam demir ki, insanlar riyazətlə və zahidcəsinə yaşamalıdırlar. Xeyr! Adi şəkildə yaşasınlar, orta həddə yaşasınlar. Bəzi xarici boşboğazlar, xarici dövlətlər bir neçə ildir daim və hər saat bizim xalqımızı hədələyirlər ki, embarqo tətbiq edəcəyik. Dəfələrlə də tətbiq etmişlər. Bu ondan ötrüdür ki, ümidləri bizim mənfi xüsusiyyətlərimizə bağlanmışdır. Biz əgər israfçı və bədxərc olsaq, embarqo çətin ola bilər, öz işini hesablayan, mədaxil və məxaricini hesablayan, öz məsləhətini düşünən və israf etməyən xalqa isə qoy embarqo tətbiq etsinlər. Belə bir xalq embarqodan ziyan görməz.3

Xalqımızın təhlükəli xəstəliyi


Bu gün düşmən bu ölkəni iqtisadi cəhətdən sarsıtmaq üçün gözünü həssas iqtisadi nöqtəyə dikmişdir. Düşmən bacardığı təqdirdə xaos yaratmaq, bacarmadıqda isə informasiya vasitələri ilə xaosun olduğuna inandırmağa çalışır. Bu gün bu iş bizim düşmənlərimizin təbliğatında müxtəlif formalarla və güclü şəkildə aparılır. Buna qarşı mübarizə yolu maliyyə nizam-intizamı, qənaət və istehlakda təqvalı olmaqdır. Mən əziz xalqımıza bunu təkidlə söyləmək istəyirəm: İsrafçı formada olan istehlakçılıq hər bir xalqın təhlükəli xəstəliklərindən biridir. Biz bu ifrat istehlahkçılığa bir qədər tutulmuşuq. Nümunələrindən biri su məsələsidir. İndi bu sahədə problem yarandığına görə bunu misal çəkirəm. İsraf yerlərindən biri suda israfçılıqdır, həm də yalnız evlərdə içməli suda yox. Bizim əkinçilik və suvarma işlərimizdə də israfçılıq halları var və su hədər gedir. Bu sahənin məmurlarının və aidiyyətli şəxslərin vəzifəsi budur ki, bu məsələyə xüsusi diqqət yetirsinlər, həm suda, həm də digər məsələlərdə israfçılığa əhəmiyyətli yanaşsınlar.1
İmam Sadiq (ə) buyurmuşdur: "Ehtiyac miqdarından artıq olan hər bir tikili qiyamət günü sahibinin bəlasına çevriləcək" (Vəsail əş-Şiə, c. 5, səh: 337).

Azca əməl bir anbar sözdən üstündür!


Xüsusən cənab prezidentdə sadə yaşayış tərzinin olması yaxşı, gözəl və dəyərli cəhətdir. Bəzən az, bəzən çox olsa da, bu, məmurlarda da var. Sadə yaşamaq çox dəyərli bir şeydir. Əgər biz cəmiyyətdə həqiqətən böyük bəla olan dəbdəbənin, zadəganlığın və israfçılığın kökünü kəsmək istəyiriksə, bu, sözlə və deməklə olmaz. Bir tərəfdən deyək və o biri tərəfdən xalq baxıb əməlimizin ayrı cür olduğunu görsün?! Gərək əməl edək. Öz təsirini buraxması üçün bizim əməlimiz sözlərimizi təsdiq etməli və tamamlamalıdır. Xoşbəxtlikdən bu var. Siz yoxsul təbəqələrlə məsafənizi azaltmısınız. Onu belə saxlayın və imkan daxilində yenə də azaldın. Bu üç məsələ üstünlük və imtiyazdır.1

Dünyadan iki dəfə artıq


Bizim qənaət məsələsini müxtəlif sahələrdə bir siyasət kimi proqramlarımızın əsas xətlərinə salmamız lazımdır. Əziz xalqımız bilsin ki, qənaət istifadə etməmək deyil, düzgün, yerində istifadə etmək, malı zay etməmək, istehlakı səmərəli etməkdir. Malda və iqtisadiyyatda israf budur ki, insan ondan istifadə edir, lakin bu istifadənin təsiri və nəticəsi olmur. Əbəs və hədər istifadə əslində malı zay etməkdir. Bizim cəmiyyətimiz bu məsələni daimi bir şüar bilməlidir. Çünki istehlak baxımından bizim cəmiyyətimizin vəziyyəti yaxşı deyil - bunu mən deyirəm. Biz bunu etiraf etməliyik. Bizim adətlərimiz, ənənələrimiz, ondan-bundan öyrəndiyimiz səhv üsullar bizi israfçılığa sövq etmişdir.

Quranın şərafətli ayələrində iqtisadi işlərdə israfdan çəkinmək dəfələrlə tapşırılmışdır. İsrafın həm iqtisadi ziyanları var, həm mədəni ziyanları. Bir cəmiyyətin israf xəstəliyinə tutulması ona mədəni baxımdan da mənfi təsirlər buraxır. Buna əsasən, qənaət və israfdan çəkinmək məsələsi yalnız iqtisadi bir məsələ deyil; həm iqtisadi məsələdir, həm ictimai, həm də mədəni məsələ. Çünki israfçılıq ölkənin gələcəyini təhdid edir.

Tehranda və bəzi vilayət mərkəzlərində aparılan araşdırmalar göstərir ki, çörəyin 33 faizi xarab olur. Bu şəhərlərdə istehsal olunan bütün çörəklərin üçdə biri kənara tullanır. Nə qədər təəssüflü olsa da, bu, reallıqdır.

Su barədə araşdırma aparmışlar və deyirlər ki, evlərdə suyun israfı təxminən 22 faizdir. Bizim ölkəmizdə su çox deyil. Biz hamılıqla suya maksimum qənaət etməliyik. Araşdırmalardan sonra bizim ixtiyarımızda qoyulan statistik rəqəmlərə əsasən, biz ümumilikdə dünyanın orta istehlak səviyyəsindən iki dəfə artıq enerji - elektrik enerjisi və enerji daşıyıcıları, yəni neft, qaz, qazoyl, benzin istifadə edirik. Ölkəmizdə bunların istifadəsi dünyanın orta həddindən iki dəfə artıqdır. Bu israfdır.1



Qanunu çox qətiyyətlə icra etsinlər!


Bu, məmurların borcudur. İsraf yalnız fərdi sahədə deyil, ümummilli miqyasda da baş verir... Bu israfın mühüm hissəsi xalqın ixtiyarında deyil, ölkə məmurlarının ixtiyarındadır. Kommunikasiya sistemləri, elektrikötürmə xətləri, elektrik naqilləri köhnələndə elektrik enersişi hədər gedir. Elektrik enerjisini istehsal edir, sonra isə bu köhnə sistemdə hədər veririk, onun mühüm bir hissəsi zay olur. Yaxud suötürmə qurğuları köhnələndə su hədər gedir. Bunlar ümummilli miqyasda baş verən dövlət israflarıdır. Ölkə məmurları buna görə məsuliyyət daşıyırlar. İsraf təşkilat səviyyəsində də baş verir. Müxtəlif təşkilatların başçıları ümumi büdcəni şəxsi işlərinə istifadə etmirlər, amma təşkilatlarında nizamsız istifadələr baş verir; idarə və iş otağının bərbəzəkləri, təmtəraqlar, lazımsız səfərlər, müxtəlif divan-kreslolar. Ehtiyat və nəzarətlə bu işlərin qarşısını almaq lazımdır. Həm hökumət səviyyəsində, həm adi xalq səviyyəsində, həm də təşkilatlar səviyyəsində israfa tənqidi baxış yaranmalıdır. Qeyd etdiyimiz kimi, bu, sözlə həll olmur. Bunun üçün proqram hazırlamaq lazımdır. Qanunverici və icraçı orqanlar bu işlə məşğul olmalı, proqram hazırlamalı, qanun qəbul etməli və qanunu çox qətiyyətlə icra etməlidirlər. Bizim qarşıdakı on il üçün nəzərdə tutduğumuz inkişafın mühüm bir hissəsi bu məsələyə aiddir.1

1 Tehranın cümə namazı xütbələrindən: 1989.

1 Xalqın müxtəlif təbəqələri ilə görüşdə çıxışından: 1991.

1 Qədir-Xum bayramı münasibəti ilə quruluşun məmurları və vəzifəli şəxsləri ilə görüşdə çıxışından: 1992.

1 Həzrət Zəhranın (ə) doğum günü münasibəti ilə qadınlarla görüşdə çıxışından: 1992.

1 Fitr bayramı namazının xütbələrindən: 1993.

1 Cümə namazı xütbələrindən: 1995.

1 Yeni il və novruz bayramı münasibəti ilə müraciətdən: 1995.

1 Həzrət Əli ibn Musa Rzanın (ə) məqbərəsində çıxışdan: 1995.

1 Ordu komandirləri və şəxsi heyəti ilə görüşdə çıxışından: 1995.

1 Yen il münasibəti ilə müraciətdən: 1996.

1 Beşinci İslam Şurası Məclisinin açılışı münasibəti ilə müraciətdən: 1996.

1 Yeni il münasibəti ilə müraciətdən: 1997.

1 Yeni il münasibəti ilə müraciətdən: 1997.

1 Müqəddəs Məşhəd şəhərində xalqın böyük toplantısında çıxışdan: 1997.

1 Yeni il bayramı münasibəti ilə şərafətli İran xalqına müraciətdən: 1998.

1 Səkkizinci imam həzrət Rzanın (ə) pak məqbərəsində çıxışdan: 1998.

1 Tehranın cümə namazı xütbələrindən: 1998.

1 İran İslam Respublikası quruluşunun vəzifəli şəxsləri ilə görüşdə çıxışından: 1999.

1 Hörmətli Allah evinin ziyarətçilərinə müraciətdən: 2000.

1 Tehranın cümə namazı xütbələrindən: 2000.

1 Tehranın cümə namazı xütbələrindən: 2000.

1 Prezident və Dövlət şurasının üzvləri ilə görüşdə çıxışından: 2001.

1 Fitr bayramı namazının xütbələrindən: 2002.

1 Qum əhalisi ilə görüşdə çıxışından: 2003.

1 Cihad komitəsinin üzvləri və əkinçilərlə görüşdə çıxışından: 2004.

1 Tehranın cümə namazı xütbələrindən: 2004.

1 Yeddinci İslam Şurası Məclisinin açılışı münasibəti ilə müraciətdən: 2004.

1 Yeddinci İslam Şurası Məclisinin deputatları ilə görüşdə çıxışından: 2004.

1 Kerman vilayətinin müəllimləri ilə görüşdə çıxışından: 2005.

1 İsra/29.

2 Furqan/67.

3 Fitr bayramı namazının xütbələrindən: 2007.

1 İslam İnqilabının Böyük Rəhbərinin Şiraz əhalisi ilə görüşdəki çıxışından: 2008.

1 Prezident və Dövlət şurasının üzvləri ilə görüşdə çıxışından: 2008.

1 Fitr bayramı namazının xütbələrindən: 2002.

1 Səkkizinci imam həzrət Rzanın (ə) müqəddəs məqbərəsində çıxışdan: 2009.

Yüklə 182,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə