İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə26/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   ...   18   19   20   21   22   23   24   25   26

 

Lord Kaverşam daxil olur. Meyson çıxır. 

 

LORD KAVERŞAM. Sabahınız xeyir, ledi Çiltern! Robert, sizi dünənki əla 



çıxışınıza görə ürəkdən təbrik edirəm! İndicə baş nazirin yanından gəlirəm, sizə 

nazir vəzifəsi təklif edirlər!  

SER ROBERT ÇİLTERN (sevinir, zəfər çalmış adam kimi). Necə? Nazir 

vəzifəsi? 

LORD KAVERŞAM. Əlbəttə! Budur, bu da baş nazirin məktubu! (Məktubu 

uzadır.) 

SER ROBERT ÇİLTERN (məktubu alır və oxuyur). Nazir vəzifəsi! 

LORD KAVERŞAM. Bəli! Siz bu vəzifəyə tamamilə layiqsiniz! Sizin indi bizim 

siyasi həyatımız üçün çox vacib olan cəhətləriniz var: sarsılmaz nüfuz, yüksək 

mənəviyyat və möhkəm əqidə! (lord Qorinqə) Bütün bunlar səndə yoxdur, ser, 

heç olmayacaq da! 

LORD QORİNQ. Ata, mən əqidəni sevmirəm.  Mən daha çox mövhumata 

üstünlük verirəm. 

 

Ser Robert Çiltern artıq baş nazirin təklifini qəbul etməyə hazırdır, birdən görür 



ki, arvadı ona məsum baxışlarını zilləyib, arvadının aydın və işıqsaçan gözləri ona 

təsir edir və başa düşür ki, bu vəzifəni qəbul edə bilməz. 

 

SER ROBERT ÇİLTERN. Lord Kaverşam, mən bu təklifi qəbul edə bilmərəm. 



Mən qərara almışam ki, bundan imtina edim. 

LORD KAVERŞAM. İmtina edirsiniz, ser? 

SER ROBERT ÇİLTERN. Hə. Qərara almışam ki, siyasətdən birdəfəlik gedim. 

LORD KAVERŞAM (hirslənir). Nazir vəzifəsindən imtina, siyasətdən getmək? 

Həyatım boyu belə sarsaq şey eşitməmişdim! Nə boş-boş danışırsınız? Ledi 

Çiltern, üzr istəyirəm! Robert, sizdən də üzr istəyirəm. (Dönür oğluna sarı.) Sən 

orada nə bic-bic gülürsən, ser! 

LORD QORİNQ. Yox, ata, gülmürəm. 

LORD KAVERŞAM. Ledi Çiltern, siz ağıllı qadınsınız. Özü də Londonda ən 

ağıllı qadınsınız! Mənim rast gəldiyim qadınların hamısından ağıllısınız! Yəqin, 

siz qoymazsınız əriniz belə etsin... hm... belə şeylər danışsın... Ledi Çiltern, onun 

başına ağıl qoyun! 

LEDİ ÇİLTERN. Lord Kaverşam, hesab edirəm ki, ərim düzgün qərar verib. Mən 

onu dəstəkləyirəm. 

LORD KAVERŞAM. Necə, siz də razısınız? Ah, Allah, sən özün kömək ol! 

LEDİ ÇİLTERN (ərinin əlindən tutur). Mən buna görə ərimə hörmət edirəm. 

Onun qarşısında baş əyirəm. O, mən düşündüyümdən də yaxşı ərdir. (Robertə) 



Əzizim, sən baş nazirə cavab yazacaqsan? Elə bu dəqiqə yaz, sonraya saxlama. 

Tərəddüd etmək lazım deyil, Robert! 

SER ROBERT ÇİLTERN (acı təəssüf hissi ilə). Yaxşı, indi ki belədir, təxirə 

salmağın da mənası yoxdur! Belə təklifləri iki dəfə eləmirlər. Bağışlayın, lord 

Kaverşam, mən sizi bir dəqiqəliyə tərk edəcəyəm. 

LEDİ ÇİLTERN. Robert, olar, mən də səninlə gəlim? 

SER ROBERT ÇİLTERN. Gəl, əzizim, gəl! 

 

Ledi Çiltern əri ilə bərabər çıxır.         



 

LORD KAVERŞAM. Bunlara nə olub, hə? Burada nəsə bir iş var, deyəsən! 

(Barmağı ilə alnına vurur.) Səfehlikdir, giclikdir-nədir? Görünür, bunlara irsən 

keçib! Arvadına da, özünə də! Çox böyük dərddir! Ağlamalı dərddir! Axı heç 

onların nəsil-nəcabətinin tarixi də qədim deyil! Köklü nəsildən də deyillər bunlar! 

Heç başa düşmürəm! 

LORD QORİNQ. Bu, giclik deyil, ata! Səni əmin edirəm, bu, giclik deyil! 

LORD KAVERŞAM. Bəs nədir, hə? 

LORD QORİNQ (bir qədər düşündükdən sonra). Bax elə indi buna belə deyirlər: 

yüksək mənəvi səviyyə! Əxlaq! Vəssalam! 

LORD KAVERŞAM. Dəbdə olan yeni müasir sözlərdən zəhləm gedir! Əlli il 

bundan qabaq biz bunu sarsaqlıq, giclik adlandırardıq. Mən bu evdə daha qala 

bilmərəm! 

LORD QORİNQ (atasının qolundan yapışır). Oh! Ata, bircə dəqiqə bura keçin, 

hə, buraya. Soldakı o palma ağacının altına… həmişəki yerimizə, palma ağacının 

altına… 


LORD KAVERŞAM. Nə olub, oğlum, nə məsələdir? 

LORD QORİNQ. Bağışla, ata, unutdum… bura gəlin, bağçaya, buraya bax… 

Orada gənc bir qız gözləyir, onunla mütləq danışmalısınız… 

LORD KAVERŞAM. Nədən danışmalıyam, ser? 

LORD QORİNQ. Məndən, ata! 

LORD KAVERŞAM (qaşqabaqlı). Bu mövzu bəlağət sevmir! 

LORD QORİNQ. Əlbəttə, elədir. Lakin o gənc qız da mənim kimidir. O da 

başqaları barədə bəlağətli sözlər eşitmək istəmir. Belə hesab edir ki, bu, bir qədər 

gurultulu səslənir. 

 

Lord Kaverşam bağçaya düşür, ledi Çiltern daxil olur. 



 

LORD QORİNQ. Ledi Çiltern, axı niyə siz missis ÇİVLİin dəyirmanına su 

tökürsünüz? 

LEDİ ÇİLTERN (təəccüblə). Sizi başa düşmədim. 




LORD QORİNQ. Missis ÇİVLİ sizin ərinizin həyatını məhv etməyə, onu 

siyasətdən kənarlaşdırmağa çalışırdı; o çalışırdı ki, əriniz ya sürgün edilmiş adam 

olsun, ya da  vicdanı əleyhinə getsin. Siz onu bu sonuncu bədbəxtlikdən 

qurtardınız. Sürgünə isə siz özünüz onu məcbur edirsiniz. Niyə edirsiniz bunu? 

Axı missis ÇİVLİ çox çalışdı, bunu edə bilmədi, bəs sizə nə olub belə? 

LEDİ ÇİLTERN. Lord Qorinq, mən istəyirəm... 

LORD QORİNQ (elə bil, özünü böyük bir çıxışa hazırlayır, onun modabaz 

görkəmi altından, sanki, bir filosof peyda olur). Ledi Çiltern, icazə verin, mən 

deyim... Dünən gecə siz mənə məktub yazıb bildirmişdiniz ki, mənə inanırsınız, 

mənim köməyimə də ehtiyacınız var. İndi elə bir an gəlib çatıb, sizə həqiqətən 

kömək lazımdır, siz mənə inanmalı və mənim məsləhətlərimi də qəbul 

etməlisiniz. Siz Roberti sevirsiniz. Doğrudanmı, siz onun sizə olan məhəbbətinin 

məhv olmasını istəyirsiniz? Siz onun şan-şöhrətinin məhsullarını və böyük siyasi 

karyerasını əlindən alsanız, onun ictimai-siyasi həyatının qapılarını bağlasanız, 

onu məğlubiyyətə və fəaliyyətsizliyə düçar eləsəniz, o, nə günə düşər? O, 

qələbələr və uğurlar üçün doğulub. Qadınlar bizi mühakimə etmək üçün 

doğulmayıb, bizi bağışlamaq üçün gəliblər həyata. Xüsusən bizim bağışlanmağa 

ehtiyacımız olanda. Qadının missiyası bağışlamaqdır, cəzalandırmaq deyil. Onu 

gəncliyində etdiyi günahına görə nə üçün cəzalandırırsınız? Halbuki o, bu günahı 

sizə rast gəlməmişdən edib. Qadınınkından fərqli olaraq kişinin həyatının başqa 

dəyəri var. Kişinin daha geniş fəaliyyət sahəsi, əhatə dairəsi var, onun iddiaları da 

böyük olur, böyük zirvələri fəth edə bilir. Qadın hisslərlə yaşayır və öz hisslərinə 

də uyğun dairədə fırlanır. Kişi isə ağlı ilə hərəkət edir, müəyyən etdiyi məqsədə 

doğru irəliləyir. Kobud səhvlər eləməyin, ledi Çiltern. Əgər qadın özünü kişiyə 

sevdirə bilirsə və özü də onu sevirsə, onda o qadına görə kişi hər şeyə gedər, onun 

üçün nə istəsə edə bilər. 

LEDİ ÇİLTERN (təəccüb və tərəddüdlə). Axı mənim ərim özü istəyir ki, 

siyasətdən getsin. Hesab edir ki, bu, onun borcudur. Bu sözü də birinci o dedi. 

LORD QORİNQ. Bəli, sevginizi qoruyub saxlamaq üçün o, indi hər şey etməyə 

hazırdır; hətta bütün karyerasından keçməyə belə hazırdır. O, sizə görə dəhşətli və 

qorxulu bir fədakarlığa gedir. Mənim məsləhətimə qulaq asın, ledi Çiltern! Bu 

böyük qurbanı ondan qəbul etməyin! Əgər belə bir lüzumsuz fədakarlığa yol 

versəniz, onda bütün həyatınız boyu peşmançılıq hissi sizdən əl çəkməyəcək. 

Bizlərdən heç birimiz, nə kişi, nə də qadın belə fədakarlığa yol verməməlidir. Biz 

bu qurbanlığa layiq deyilik. Robert isə, onsuz da, kifayət qədər cəzalanıb. 

LEDİ ÇİLTERN. Biz hər ikimiz cəzalandırılmışıq. Mən onu həddən artıq şişirdib 

ucaltmışdım. 

LORD QORİNQ (bir qədər hissiyyatla). Onda indi onu çox da aşağı enməyə 

qoymayın. Əgər o, səcdəgahdan düşübsə, onda onu, heç olmasa, bataqlığa 

itələməyin. O batıb boğular. Onun ehtirası hakimiyyətdir. Hakimiyyəti əlindən 




alsan, onda hər şey öləcək, hətta sizə olan sevgisi də! Bu dəqiqələrdə ərinizin 

həyatı sizin əlinizdədir, ərinizin məhəbbəti də sizin əlinizdədir. Onları məhv 

etməyin. 

    


    Ser Robert Çiltern daxil olur. 

      


SER ROBERT ÇİLTERN. Gertruda, cavab yazdım. Sənə oxuyum? 

LEDİ ÇİLTERN. Ver özüm oxuyum. 

 

    Robert cavab məktubunu arvadına verir, qadın məktubu oxuyur. Sonra onu 



çılğıncasına cırıb tikə-tikə edir. 

 

SER ROBERT ÇİLTERN. Sən nə edirsən, əzizim? 



LEDİ ÇİLTERN. Kişinin həyatının dəyəri qadınınkından fərqlidir. Kişinin daha 

böyük fəaliyyət sahəsi var; ölçüləri, əhatə dairəsi genişdir, o daha böyük uğurlar 

qazana bilir. Biz qadınlar hisslərlə yaşayırıq və hisslərimizin müqabilində də 

işlərimizi qururuq. Kişi isə ağılla iş görür, müəyyən məqsədə doğru irəliləyir. Bu 

və ya digər şeyləri mənə indicə lord Qorinq öyrətdi. Mən sənin həyatını korlamaq 

istəmirəm və səni də qoymaram ki, öz həyatını, karyeranı məhv edəsən. Səndən 

də bu lüzumsuz fədakarlığı qəbul etməyəcəyəm! 

SER ROBERT ÇİLTERN. Gertruda! Gertruda! 

LEDİ ÇİLTERN. Unut getsin! Kişilər hər şeyi daha tez unudurlar. Mən də səni 

bağışladım. Bu da bizim dünyadakı missiyamızdır. Mən indi anlayıram hər şeyi. 

SER ROBERT ÇİLTERN (çox həyəcanla, arvadını qucaqlayır). Ah, mənim 

sevimli qadınım! Mənim xanımım! (lord Qorinqə) Artur, mən sizə ömrüm boyu 

borcluyam.  

LORD QORİNQ. Ooo, əzizim Robert, sənin mənə borcun yoxdur, ledi Çilternə 

borcun var! 

SER ROBERT ÇİLTERN. Yox, mən sizə çox şeyə görə borcluyam. Lord 

Kaverşam gələndə məndən nəsə xahiş etmək istəyirdiniz. İndi deyin görüm, nəydi 

o xahiş? 

LORD QORİNQ. Robert, siz bacınızın qəyyumusunuz. İstəyirəm, mənim onunla 

evlənməyimə razılıq verəsiniz. Vəssalam. 

LEDİ ÇİLTERN. Ooo! Mən çox şadam, bu nə yaxşı oldu! Çox sevindim! (Lord 

Qorinqin əlini sıxır.) 

LORD QORİNQ. Təşəkkür edirəm. Sağ olun, ledi Çiltern. 

SER ROBERT ÇİLTERN (karıxaraq). Siz mənim bacımla evlənmək istəyirsiniz? 

LORD QORİNQ. Bəli. 



SER ROBERT ÇİLTERN (qətiyyətlə). Artur, çox təəssüf edirəm. Bu mümkün 

deyil! Mən Meyblin xoşbəxtliyinin qayğısına qalmalıyam. Lakin inanmıram ki, o, 

sizinlə xoşbəxt olsun. Mən onu qurban verə bilmərəm. 

LORD QORİNQ. Qurban? 

SER ROBERT ÇİLTERN. Bəli! Mən onun həyatını məhv edə bilmərəm! Sevgisiz 

izdivaclar qorxuludur! Həyatda məhəbbətsiz izdivacdan pis şey yoxdur! Burada 

birtərəfli sevgi olur, vəssalam. Belə ailələrdə ya birtərəfli məhəbbət, ya da etibar, 

sədaqət olur. O biri tərəf isə... Bu cür izdivaclarda iki ürəkdən biri mütləq 

parçalanıb məhv olur. 

LORD QORİNQ. Axı mən Meybli sevirəm. Mənim həyatımda başqa qadın da 

yoxdur. 

LEDİ ÇİLTERN. Robert, əgər onlar bir-birini sevirlərsə, niyə də evlənməsinlər? 

SER ROBERT ÇİLTERN. Artur Meyblə layiq sevgini ona verə bilməz. 

LORD QORİNQ. Belə düşünməyə sizi nə vadar edir? Əsasınız var? 

SER ROBERT ÇİLTERN (bir qədər pauza). Siz doğrudan istəyirsiniz ki, mən 

bunu deyim? 

LORD QORİNQ. Əlbəttə! 

SER ROBERT ÇİLTERN. Nə olar, qoy siz deyən olsun! Dünən gecə mən sizə 

gələndə gördüm ki, missis ÇİVLİ qonaq otağında gizlənib; gecə on bir olardı. 

Mən təfərrüata varmaq istəmirəm, sizin missis ÇİVLİlə münasibətlərinizin mənə 

aidiyyəti yoxdur. Mən bunu sizə dünən də demişdim. Siz nə vaxtsa o qadınla 

evlənmək istəmişdiniz. Görünür, o qadına qarşı ovaxtkı hissləriniz yenidən baş 

qaldırıb. Dünən siz o qadın barədə elə şeylər danışırdınız ki, lap mat qaldım; o 

qadın təmizdir, nə bilim, məsumdur, günahsızdır, siz ona hörmət və ehtiram 

bəsləyirsiniz! Qoy olsun, nə olar! Amma mən bacımın həyatını sizə etibar edə 

bilmərəm! Mənim buna haqqım da yoxdur! Bu çox böyük ədalətsizlik olardı; 

bacıma qarşı amansız bir ədalətsizlik olardı!  

LORD QORİNQ. Mənim daha deməyə sözüm yoxdur! 

LEDİ ÇİLTERN. Robert, dünən gecə lord Qorinqin gözlədiyi qadın missis ÇİVLİ 

deyildi! 

SER ROBERT ÇİLTERN. Missis ÇİVLİ deyildi! Bəs kim idi? 

LORD QORİNQ. Ledi Çiltern! 

LEDİ ÇİLTERN. Sənin arvadın! Robert, qulaq as, dünən hələ gündüz bizdə 

olarkən lord Qorinq mənə dedi ki, əgər çıxılmaz vəziyyətə düşsəniz, mənə kömək 

üçün müraciət edin. Ailəmizin köhnə və ən yaxın dostu kimi! Sonra elə oldu ki, 

bax bu otaqda o dəhşətli səhnə baş verdi, mən ona məktub yazdım; o məktubda 

deyirdim ki, inanıram, görmək istəyirəm, sizin yanınıza kömək və məsləhət üçün 

gəlirəm. (Ser Robert məktubu cibindən çıxarır.) Bəli, bu, elə həmin məktubdur. 

Mən lord Qorinqin yanına getmədim. Qərara aldım ki, biz yalnız özümüz bir-

birimizə kömək edə bilərik. Mənim qürurum bunu dedi mənə. Və elə bu 




müddətdə lord Qorinq məni gözləyərkən missis ÇİVLİ gəlib. O qadın mənim 

məktubumu stolun üstündən oğurlayıb və bu gün onu sənə göndərib. Ona görə 

göndərib ki, sən başqa fikrə düşəsən... sən şübhələnəsən... Yox... bunu deyə 

bilmərəm... Nədən şübhələnəsən axı? O qadın sənə təsir göstərmək istəyirmiş! 

SER ROBERT ÇİLTERN. Necə? Doğrudanmı, mən sənin gözündən bu qədər 

düşmüşəm? Doğrudanmı, sən bircə anlıq da olsa düşünə bilərdin ki, mən səndən 

şübhələnə bilərəm? Gertruda, sən həyatda mənim üçün bütün varlıqların ən yaxşı 

canlı obrazısan, ən təmiz, ən günahsız canlı obrazı! Günah sənə yaxın belə gələ 

bilməz! Artur, Meyblin yanına gedin! Allahdan sizə xoşbəxtlik diləyirəm! Yox, 

dayanın!.. Bu məktubda müraciət yoxdur! Heç məlum da deyil axı, bu məktub 

kimə ünvanlanıb. Bütün bicliyinə baxmayaraq, missis ÇİVLİ, görünür, bunu 

nəzərindən qaçırıb. Burada ad olmalıdır. 

LEDİ ÇİLTERN. Ver ora sənin adını yazım. Mən axı sənə inanıram, sən mənə 

lazımsan, yalnız sən! Səndən başqa heç kim! 

LORD QORİNQ. Ledi Çiltern, xahiş edirəm, icazə verin, onu götürüm. Bu 

məktub mənə yazılıb! Mən o məktubu geri götürmək istəyirəm! 

LEDİ ÇİLTERN (gülümsəyir). Yox. Onun əvəzinə siz Meybli alacaqsınız. 

(Kağızı götürür, orada, müraciət yerində ərinin adını yazır.) 

LORD QORİNQ. Əgər Meybl fikrini dəyişməyibsə!... Artıq onu gördüyüm andan 

iyirmi dəqiqə keçib. 

    

Meybl Çiltern və lord Kaverşam daxil olurlar. 



 

MEYBL ÇİLTERN. Lord Qorinq, sizin atanızla söhbət etmək sizinlə 

danışmaqdan daha maraqlıdır. Bundan sonra mən yalnız onunla danışacağam. 

Həmişə də bizim palmanın altında. 

LORD QORİNQ. Əzizim! (Öpür.) 

LORD KAVERŞAM. Bu nə deməkdir, ser? Doğrudanmı, bu gözəl, sevimli, ağıllı 

qızcığaz sənin arvadın olmağa razı olub? 

LORD QORİNQ. Əlbəttə, ata, o razıdır. Robert Çiltern isə ağıllı bir iş gördü – 

nazir olmağa razılaşdı. 

LORD KAVERŞAM. Aha, Çiltern, çox şadam bunu eşitməyimə.... Təbriklər, 

təbriklər. Əgər İngiltərə dağılıb radikalların əlinə düşməsə, siz gələcəkdə baş nazir 

olacaqsınız.  

 

Meyson daxil olur. 



 

MEYSON. Səhər yeməyi hazırdır, miledi. 

 

Meyson çıxır. 




 

MEYBL ÇİLTERN. Lord Kaverşam, bizimlə səhər yeməyinə buyurun. 

LORD KAVERŞAM. Böyük məmnuniyyətlə. Sonra sizi Dauninq stritə apararam, 

Çiltern! Sizin parlaq gələcəyiniz var, parlaq gələcək! (lord Qorinqə) Sənin 

barəndə də belə demək istərdim, ser! Amma sənin karyeran elə ev şəraitində 

məhdudlaşacaq! 

LORD QORİNQ. Elədir, ata, elə mən də bunu istəyirəm. 

LORD KAVERŞAM. Əgər sən bu gənc xanıma ideal ər olmasan, mən səni 

varislikdən məhrum edəcəyəm. 

MEYBL ÇİLTERN. İdeal ər! Ah, mən heç onun ideal ər olmasını istəmirəm. 

İdeal ərlər o biri dünyada olur! 

LORD KAVERŞAM. Bəs necə ər olsun sizə, əzizim? 

MEYBL ÇİLTERN. Necə istəyirsə elə də olsun! Amma mən bir şey istəyirəm – 

bircə şey... ona əsl arvad olmağı! 

LORD KAVERŞAM. And olsun Allaha, ledi Çiltern, burada sağlam düşüncənin 

çox böyük bir parçasını görürəm! 

     

Hamı gedir, Robert Çilterndən başqa. O, stulda əyləşir, düşüncəlidir. Bir azdan 



ledi Çiltern də gəlir. 

 

LEDİ ÇİLTERN (arxadan ərinə yaxınlaşır, əyilir). Robert, əzizim, yeməyə 



gəlmirsən? 

SER ROBERT ÇİLTERN (arvadının əlindən yapışır). Gertruda, de görüm, mənə 

qarşı hansı hissləri yaşayırsan? Məni həqiqətən sevirsən, yoxsa mənə, sadəcə, 

rəhmin gəlir? 

LEDİ ÇİLTERN. Səni sevirəm, Robert! (Öpür.) Sevirəm səni! Sevirəm, sevirəm, 

yenə də sevirəm! Bizim üçün yeni həyat başlanır, əzizim! 



 

Pərdə. 


 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə