İstehsalat və məişət tullantıları haqqında



Yüklə 134,63 Kb.
tarix20.10.2017
ölçüsü134,63 Kb.
#5740

Heyvanlar aləmi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Heyvanlar aləmi təbii mühitin və bioloji müxtəlifliyin əsas komponentlərindən biri, ölkənin milli sərvəti, əhalinin mənəvi və estetik tələbat mənbəyi olaraq elmi tədqiqat obyekti, xammal və yeyinti məhsulları kimi istifadə edilir və qorunur.

Bu Qanun Azərbaycan Respublikasında heyvanlar aləminin mühafizəsinin və istifadəsinin hüquqi əsaslarını müəyyən edir.

I fəsil


ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas termin və anlayışlar

Bu Qanunda istifadə edilən termin və anlayışlar aşağıdakı mənaları ifadə edir:



heyvanlar aləmi – Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, quruda, suda, torpaqda və havada təbii olan sərbəst, yarımsərbəst və qeyri-sərbəst şəraitdə daimi, müvəqqəti və köçəri yaşayan vəhşi heyvan növlərinin kəmiyyət və keyfiyyət məcmusu;

populyasiya – heyvan növünün sərbəst nəsil verə bilən coğrafi ekoloji və elementar fərdlər qrupu;

heyvanlar aləminin yaşayış mühiti – heyvanların suda, quruda, torpaqda və havada təbii sərbəstlik şəraitində məskunlaşdığı mühit;

heyvanlar aləmindən istifadə – insanların maddi və mənəvi tələbatının ödənilməsi məqsədi ilə heyvanlar aləmi obyektlərinin təbii mühitdən ayrılmaqla və ya ayrılmamaqla öyrənilməsi, yetişdirilməsi, artırılması, ovlanması və digər fəaliyyət növləri;

heyvanlar aləminin mühafizəsi – heyvanlar aləmi obyektlərinin bioloji müxtəlifliyinin və həyat fəaliyyətinin qorunub saxlanması;

heyvanlar aləminin istifadəçiləri – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada heyvanlar aləmi obyektlərindən istifadə edən fiziki və hüquqi şəxslər.

Maddə 2. Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Heyvanlar aləmi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının təbiəti mühafizə qanunvericiliyindən və digər qanunvericilik aktlarından ibarətdir.

Kənd təsərrüfatı və ev heyvanlarının, başqa əhliləşdirilmiş heyvanların mühafizəsi və istifadəsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Heyvanlar aləminin və onların yaşayış mühitinin mühafizəsi və istifadəsi ilə əlaqədar meydana çıxan su, torpaq, meşə, mülkiyyət, təbiəti mühafizə və digər münasibətlər bu Qanun nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.



Maddə 3. Heyvanlar aləmi haqqında qanunvericiliyin məqsəd və vəzifələri

Heyvanlar aləmi haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının ərazisində təbii sərbəstlik, yarımsərbəst və qeyri-sərbəst şəraitdə daimi, müvəqqəti və köçəri yaşayan yerlərinin, nəsil verməsinin, populyasiyalarının, cinsiyyət hüceyrələrinin, rüşeymlərinin və heyvanlar aləminin digər obyektlərinin qorunub saxlanmasını və səmərəli istifadəsini təmin etməkdir.

Heyvanlar aləmi haqqında qanunvericiliyin vəzifələri heyvanlar aləminin mühafizəsinin və istifadəsinin təşkilinə, idarə edilməsinə və dövlət tənzimlənməsinə hüquqi baza yaratmaqdır.

Maddə 4. Heyvanlar aləminin obyektləri və subyektləri

Heyvanlar aləminin obyektləri aşağıdakılardır:

ibtidai orqanizmlər, bağırsaqboşluqlular, qurdlar, buğumayaqlılar, molyuskalar, dəyirmiağızlılar, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər (bundan sonra – vəhşi heyvanlar);

vəhşi heyvanların populyasiyaları, cinsiyyət hüceyrələri, rüşeymləri, mayalanmış kürüləri, sürfələri və generativ orqanları;

vəhşi heyvanların dəriləri, dəri örtükləri, buynuzları, sümükləri və heyvan orqanizmlərinin digər hissələri;

vəhşi heyvanların həyat fəaliyyətinin məhsulları (ilan, əqrəb, arı və digər heyvan zəhəri, arı balı, propolis, mum, hormonlar və s.);

heyvanların paleontoloji qalıqları;

vəhşi heyvanların yuvaları, sığınacaqları, səsləşmə, cütləşmə, balalama, kürütökmə, daimi və müvəqqəti yığışma və digər məskunlaşma yerləri.

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada heyvanlar aləmi obyektlərinin mühafizəsi, istifadəsi, habelə vəhşi heyvanların elmi tədqiqat, təbabət, təlim-tərbiyə, təsərrüfatçılıq, estetik, tamaşa və digər məqsədlər üçün yetişdirilməsi, artırılması və saxlanması ilə məşğul olan fiziki və hüquqi şəxslər heyvanlar aləminin sübyektləridir.

Maddə 5. Heyvanlar aləminin obyektləri üzərində mülkiyyət

Azərbaycan Respublikasının ərazisində heyvanlar aləmi hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən dövlətə mənsubdur və onun mülkiyyətidir.

Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, digər su obyektlərində, ov yerlərində və meşə fondu sahələrində təbii sərbəstlik şəraitində olan heyvanlar aləminin obyektləri dövlət əhəmiyyətli təbii sərvətlərə aid edilir.

Dövlət əhəmiyyətli təbii sərvətlərə aid edilən heyvanlar aləmi obyektlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Təbii sərbəstlik şəraitindən və ya təbii mühitdən ayrılıb, yarımsərbəst və ya qeyri-sərbəst şəraitdə yetişdirilmiş (alınmış), yaxud qanunvericiliklə icazə verilən digər yollarla əldə edilmiş vəhşi heyvanlar aləminin digər obyektləri bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə ola bilər.

Heyvanlar aləmi obyektlərinin bələdiyyə mülkiyyəti və ya xüsusi mülkiyyət üçün əldə edilməsinin (ümumi istifadə qaydasında əldə edilməsindən başqa) qanuniliyi müvafiq sənədlərlə rəsmiləşdirilməlidir.

Bələdiyyə və ya xüsusi mülkiyyət hüququnda ola bilən heyvan növlərinin sənədlərinin forması və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Heyvanlar aləminin obyektləri üzərində bələdiyyə və ya xüsusi mülkiyyət hüququ qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada heyvanlar aləminin mühafizəsinin xeyrinə məhdudlaşdırıla bilər.

Xüsusi təbii mühafizə, elmi və estetik dəyərli heyvanlar aləminin obyektləri, habelə Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş heyvan növləri (qeyri-sərbəst şəraitdə yetişdirilmiş (alınmış) və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyəti və ya xüsusi mülkiyyət üçün əldə edilmiş heyvanlardan başqa) bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə aid edilə bilməzlər.

Maddə 6. Heyvanlar aləminin mühafizəsi və istifadəsi ilə bağlı hüquq münasibətlərinin iştirakçıları

Heyvanlar aləminin mühafizəsi və istifadəsi ilə bağlı hüquq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, Naxsıvan Muxtar Respublikası, bələdiyyələr, Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi şəxsləri, vətəndaşları və vətəndaşlığı olmayan şəxslərdir.

Heyvanlar aləminin mühafizəsi və istifadəsi ilə bağlı hüquq münasibətlərində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər.

Bələdiyyələr heyvanlar aləminin mühafizəsi və istifadəsi ilə bağlı hüquq münasibətlərində, onların statusunu müəyyən edən qanunvericilik aktları ilə verilən səlahiyyətlər daxilində iştirak edirlər.

Azərbaycan Respublikasının və xarici dövlətlərin hüququ şəxsləri, vətəndaşları və vətəndaşlığı olmayan şəxslər heyvanlar aləminin mühafizəsi və istifadəsi ilə bağlı hüquq münasibətlərində heyvanlar aləminin subyektləri kimi iştirak edirlər.

II fəsil


HEYVANLAR ALƏMİNİN MÜHAFİZƏSİ VƏ İSTİFADƏSİ SAHƏSİNDƏ İDARƏETMƏ

Maddə 7. Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmənin əsas prinsipləri

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmə aşağıdakı prinsiplərə əsaslanır:

heyvanlar aləminin mühafizəsi, artırılması və istifadəsi üzərində dövlət nəzarətinin zəruriliyi;

vəhşi heyvanların yaşayış mühitinin, miqrasiya yollarının, qışlama yerlərinin, nəsilartırma və çoxalma şəraitinin mühafizəsi;

heyvanlar aləmindən istifadənin humanist prinsiplərə uyğun olaraq həyata keçirilməsi;

heyvanlar aləmindən istifadə hüququnun su obyektlərindən, meşələrdən və digər təbii sərvətlərdən istifadə hüququndan ayrılması;

heyvanların sağlamlağına, təbiətə və iqtisadiyyata ziyan vurulmasının qarşısının vaxtında alınması məqsədi ilə heyvanların sayının tənzimlənməsi;

heyvanlar aləminin və onların yaşayış mühitinin vəziyyətinə zərərli təsir göstərə bilən müəssisə və obyektlərin ekoloji ekspertizasının aparılması.



Maddə 8. Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmə sistemi

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmə sisteminə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, bələdiyyələr və ictimai təşkilatlar daxildir.



Maddə 9. Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlətin vəzifələri

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət siyasətini həyata keçirmək və müvafiq normativ hüquqi aktlar qəbul etmək;

heyvanlar aləminin mühafizəsi və istifadəsi üzərində dövlət nəzarətini həyata keçirmək;

heyvanlar aləmi obyektlərinin mühafizəsi, səmərəli istifadəsi, artırılması və bərpası qaydalarını və normalarını müəyyən etmək;

ayrı-ayrı heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasının hüdudlarından kənara aparılması və respublikaya gətirilməsini qadağan etmək və ya məhdudlaşdırmaq;

heyvanların arealının genişlənməsi, törəyib artması və qorunub saxlanması məqsədi ilə qoruqlar, yasaqlıqlar, zooloji parklar, xüsusi mühafizə olunan təbiət əraziləri yaratmaq;

heyvanlar aləminin dövlət uçotu, kadastrı və monitorinqi sistemini yaratmaq, Azərbaycan Respublikasının Qırmızı kitabının aparılmasını təşkil etmək;

Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş, habelə qiymətli, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin xüsusi mühafizə rejimini müəyyən etmək, onların qeyri-sərbəst şəraitdə artırılmasını təşkil etmək, genetik materialların saxlanılması üçün seleksiya mərkəzləri və genobanklar yaratmaq;

heyvanlar aləmindən istifadə limitlərini, istifadəyə görə ödəmə növlərini və dərəcələrini müəyyən etmək, ovçuluq işlərinin tənzimlənməsini həyata keçirmək;

heyvanlar aləminin və onların yaşayış mühitinin vəziyyətinə zərərli təsir edə bilən müəssisələrin, texniki qurğuların, digər obyektlərin tikintisi, quraşdırılması və yenidən qurulması layihələrinin, dövlət ekoloji ekspertizasının keçirilməsini təşkil etmək;

təbii fəlakət və digər səbəblər nəticəsində dağılmış və ya məhv olmuş heyvanlar aləmi obyektlərinin bərpasını təşkil etmək;

heyvanlar aləminin öyrənilməsini, səmərəli istifadəsinin və mühafizəsinin vacibliyini geniş təbliğ etmək;

fiziki və hüquqi şəxslərin heyvanlar aləmi üzərində mülkiyyət və istifadə hüquqlarının müdafiəsini təmin etmək;

heyvanlar aləminin mühafizəsinə, səmərəli istifadəsinə və artırılmasına yönəldilmiş fəaliyyəti stimullaşdırmaq;

heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.



Maddə 10. Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində bələdiyyələrin iştirakı

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır:

yerli büdcələrin tərkibində heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində xərclər müəyyənləşdirmək və təsdiq etmək;

bələdiyyə mülkiyyətinə aid edilmiş heyvanlar aləmi obyektlərinin mühafizəsi və istifadəsi üzrə normativ hüquqi aktlar qəbul etmək;

qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində zooparklar, zoobağlar, digər zooloji kolleksiyalar yaratmaq, onların mühafizəsini və istifadəsini həyata keçirmək;

yarımsərbəst və qeyri-sərbəst şəraitdə vəhşi heyvanlar saxlamaq, yetişdirmək və ticarət etmək;

heyvanlar aləminin və onların yaşayış mühitinin mühafizəsi və bərpası üzrə yerli ekoloji proqramlar hazırlamaq, təsdiq etmək və icrasını həyata keçirmək;

heyvanlar aləminin mühafizəsi və istifadəsi ilə əlaqədar dövlət orqanları və beynəlxalq təşkilatlar qarşısında müvafiq məsələlər qaldırmaq;

heyvanlar aləminə və onların yaşayış mühitinə zərərli təsir göstərə bilən müəssisələrin, qurğuların və digər obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismarı haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini, habelə fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını və dayandırılmasını tələb etmək;

öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.



Maddə 11. Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində fiziki və hüquqi şəxslərin iştirakı

Fiziki və hüquqi şəxslər, habelə ictimai təşkilatlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlarda heyvanlar aləminin mühafizəsində, istifadəsində, artırılmasında, onların yaşayış mühitinin qorunmasında, yaxşılaşdırılmasında və bərpasında iştirak etmək hüquqlarına malikdirlər.

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində fiziki və hüquqi şəxslərin, habelə ictimai təşkilatların hüquq və vəzifələri aşağıdakılardır:

heyvanlar aləminin obyektlərindən bu Qanunun tələblərinə uyğun olaraq istifadə etmək;

heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dair dövlət orqanlarından qanunvericiliklə müəyyən olunmuş məlumatlar almaq;

heyvanlar aləminin və onların yaşayış mühitinin mühafizəsi, istifadəsi və törəyib artması sahəsində ictimai ekoloji ekspertiza və ictimai nəzarət funksiyalarını həyata keçirmək;

heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində məqsədli dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;

qanunvericiliklə müəyyən edilmiş digər hüquq və vəzifələri həyata keçirmək.

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmə və nəzarət funksiyalarını həyata keçirən dövlət orqanları heyvanlar aləmi obyektlərinin mühafizəsi, istifadəsi və bərpası işlərində fiziki və hüquqi şəxslərin, o cümlədən ictimai təşkilatların rəy və təkliflərini nəzərə almalıdırlar.

III fəsil



HEYVANLAR ALƏMİNDƏN İSTİFADƏ

Maddə 12. Heyvanlar aləmindən istifadə formaları

Heyvanlar aləmindən istifadə mülkiyyət, ümumi və xüsusi istifadə hüquqları əsasında həyata keçirilir.

Heyvanlar aləmindən ümumi istifadə, idman və həvəskar balıq ovu istisna olmaqla, vəhşi heyvanları təbii mühitdən ayırmadan insanların həyati vacib tələbatlarını (estetik, sağlamlıq, istirahət (rekreasiya) və s.) təmin etmək məqsədi ilə ödənişsiz həyata keçirilir.

Heyvanlar aləmindən ümumi istifadə zamanı vəhşi heyvanların məhv edilməsi, onların yaşayış mühitinə və nəsilartırma yerlərinə ziyan vurulması qadağan edilir.

Heyvanlar aləmindən xüsusi istifadəyə vəhşi heyvanları təbii mühitdən ayırmaqla həyata keçirilən bütün istifadə növləri aid edilir.

Heyvanlar aləmindən xüsusi istifadə ödənişlidir və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən xüsusi icazə sənədləri əsasında həyata keçirilir.

Bu tələblər su obyektlərinin, torpaq və meşə mülkiyyətçilərinin və istifadəçilərinin ərazilərində məskunlaşan heyvanlar aləminin obyektlərinə də şamil edilir.

Heyvanlar aləmindən ümumi və xüsusi istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.



Maddə 13. Heyvanlar aləmindən istifadə növləri

Bu Qanunun, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə əməl etmək şərti ilə heyvanlar aləminin obyektlərindən istifadənin aşağıdakı növləri həyata keçirilə bilər:

ovçuluq;

balıq ehtiyatlarından istifadə;

heyvanlar aləmi obyektlərindən elmi-tədqiqat, estetik, mədəni-maarif, təlim-tərbiyə, digər məqsədlər üçün istifadə;

vəhşi heyvanların yarımsərbəst və qeyri-sərbəst şəraitdə saxlanması, yetişdirilməsi və artırılması məqsədi ilə tutulması;

heyvanlar aləmi obyektlərinin faydalı funksiyalarından istifadə edilməsi (bitkilərin tozlanması, ətraf mühitin təbii sanitarı və s.);

heyvanlar aləmindən onların həyat fəaliyyətini təşkil edən məhsulların əldə edilməsi məqsədi ilə istifadə olunması.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə heyvanlar aləmi obyektlərinin digər istifadə növləri də müəyyən oluna bilər.

Maddə 14. Heyvanlar aləmindən istifadə hüququnun əldə edilməsi

Heyvanlar aləmindən istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edilir.

Heyvanlar aləmindən istifadənin xüsusi icazə tələb edən növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 15. Ovçuluq

Əhalinin maddi və mənəvi, iqtisadiyyatın xammal, material və digər tələbatlarının ödənilməsi məqsədi ilə təbii sərbəstlik şəraitində yaşayan ovçuluq obyektlərinə aid edilmiş vəhşi heyvanların izlənilməsi və vurulması ovçuluq hesab olunur.

Ov ödənişlidir və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş xüsusi icazə və ovçuluq biletləri əsasında həyata keçirilir.

Ovçuluq fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq cəmiyyətləri, fiziki və hüquqi şəxslər üçün ayrılmış ov yerlərində həyata keçirilir.

Ovçuluq təsərrüfatının təşkili və aparılması məqsədi ilə vəhşi heyvanların yaşadığı və nəsil artırdığı ərazilər ovçuluq yerləri kimi istifadə edilir.

Vəhşi heyvan ovunun təşkili və ovun həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.



Maddə 16. Balıq ehtiyatlarından istifadə

Su hövzələrində balıqların sənaye, idman və həvəskar ovu, habelə elmi-tədqiqat, nəzarət və təbii mühitə uyğunlaşdırılması üçün ovlanması və əmtəə məqsədi ilə yetişdirilməsi balıq ehtiyatlarından istifadə hesab edilir.

Balıq ehtiyatlarından istifadə üçün su hövzələrinin ayrılması, vətəgə əhəmiyyətli su obyektlərində balıqçılığın təşkili, balıqların ovlanması qaydaları Azərbaycan Respublikasının balıqçılıq və su qanunvericiliyi ilə tənzimlənir.

 

Maddə 17. Ov və balıqçılıq obyektlərinə aid edilməyən vəhşi heyvanların tutulması və vurulması

Ov və balıqçılıq obyektlərinə aid edilməyən vəhşi heyvanların tutulması və vurulması müvafiq icra hakimiyyəti orqanlarının xüsusi icazəsi ilə həyata keçirilə bilər.

Ov və balıqçılıq obyektlərinə aid edilməyən vəhşi heyvanların növləri, tutulması, vurulması və digər istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.



Maddə 18. Heyvanlar aləminin obyektlərindən elmi-tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün istifadə

Xüsusi mühafizə olunan təbiət əraziləri istisna olmaqla, təbii sərbəstlik şəraitində olan heyvanlar aləminin obyektlərindən, onları təbii mühitdən ayırmamaqla elmi tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün istifadə edilməsi (müşahidə, nişanlanma, şəkilçəkmə və s.) onların yaşayış mühitinə zərər vurmamaq, təbii sərvətlərin mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarını pozmamaq şərti ilə pulsuz və müvafiq icazə almadan həyata keçirilir.

Qeyri-sərbəst və yarımsərbəst şəraitdə olan heyvanlar aləmi obyektlərindən elmi tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün istifadə edilməsi onları yaşayış şəraitindən ayırmamaqla pullu həyata keçirilir.

Heyvanlar aləmi obyektlərindən onları təbii mühitdən ayırmaqla elmi tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün istifadə edilməsinə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pullu və ya pulsuz, xüsusi icazə ilə yol verilir.

Heyvanlar aləminin obyektlərindən istifadə edilməsi, yaxud heyvanlar aləmi obyektlərinin elmi tədqiqat, mədəni-maarif, tərbiyəvi və estetik məqsədlər üçün təbii mühitdən ayrılmasını lazım olan hallarda müvafiq icra hakimiyyəti orqanları məhdudlaşdıra, habelə daimi və ya müvəqqəti qadağan edə bilər.

Fiziki və hüquqi şəxslər heyvanlar aləminin obyektlərini təbii mühitdən göstərilən məqsədlər üçün ayırarkən onların kompleks istifadəsini və əldə edilmiş zooloji materialların gələcək elmi tədqiqat işləri üçün qorunub saxlanılmasını təmin etməyə borcludurlar.



Maddə 19. Vəhşi heyvanların həyat fəaliyyətinin faydalı xüsusiyyətlərindən istifadə

Vəhşi heyvanların həyat fəaliyyətinin faydalı xüsusiyyətlərindən istifadə edilməsinə (mühitin təbii sanitarları olmaq, bitkiləri tozlandırmaq və s.) yalnız onları təbii mühitdən ayırmamaqla, məhv etməməklə, yaşayış mühitini pisləşdirməməklə və heyvanlar aləminə zərər vurmamaqla yol verilir.



Maddə 20. Vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədi ilə istifadə

Vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsinə yalnız heyvanları təbii mühitdən ayırmamaqla, məhv etməməklə və onların yaşayış mühitini pisləşdirməməklə yol verilir.

Vəhşi heyvanlardan onların həyat fəaliyyətinin məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla həyata keçirilir.

Maddə 21. Vəhşi heyvanların qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanması və yetişdirilməsi məqsədi ilə tutulması

Vəhşi heyvanların qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə, habelə kommersiya və digər məqsədlər üçün tutulmasına (əldə edilməsinə) xüsusi icazə əsasında yol verilir.

Göstərilən məqsədlər üçün vəhşi heyvanların tutulması (əldə edilməsi) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qanunvericiliklə müəyyən edilmiş qaydada ödənişlə təbii mühitdən götürülmüş və ya satın alınmış vəhşi heyvanlar (Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilənlərdən başqa) fiziki və hüquqi şəxslərin mülkiyyəti hesab edilir.

Fiziki və hüquqi şəxslər tərəfindən qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılan, təbii mühitdən götürülməsinə və başqa yollarla qanuni əldə edilməsinə dair sənədləri olmayan vəhşi heyvanlar qanunsuz əldə edilmiş hesab edilir.

Xüsusi icazə əsasında təbii mühitdən götürülməsi və ya digər qanuni yollarla əldə edilməsi barədə sənədləri olmayan fiziki və hüquqi şəxslərdən vəhşi heyvanların alınması qadağandır.

Fiziki və hüquqi şəxslərlə qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə icazə verilən vəhşi heyvanların siyahısı, habelə onların saxlanmasına, mühafizəsinə və istifadəsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 22. Heyvanların sayının tənzimlənməsi

Əhalinin sağlamlığını və təhlükəsizliyini mühafizə etmək, kənd təsərrüfatı və başqa ev heyvanlarını xəstəliklərdən qorumaq, heyvanlar aləminə, onların yaşayış mühitinə və iqtisadiyyata zərər vurulmasının qarşısını almaq məqsədi ilə ayrı-ayrı vəhşi heyvan növlərinin sayının tənzimlənməsinə yönəlmiş tədbirlər görülür.

Bu tədbirlər başqa heyvan növlərinə zərər vurmamaqla və heyvanların yaşayış mühitinin qorunub saxlanılmasını təmin etməklə həyata keçirilməlidir.

Sayı tənzimlənən vəhşi heyvanların növləri, müvafiq tədbirlərin keçirilməsi qaydaları elmi təşkilatların və əlaqədar dövlət orqanlarının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 23. Heyvanlar aləmi obyektlərinin istifadəçilərinin hüquqları

Heyvanlar aləmi obyektlərinin istifadəçiləri aşağıdakı hüquqlara malikdirlər:

heyvanlar aləminin obyektlərindən qanunvericiliklə müəyyən olunmuş qaydada istifadə etmək;

qanuni əldə edilən heyvanlar aləmi obyektlərinin və onların satışından alınan gəlirə sahiblik etmək;

heyvanlar aləmi obyektlərinin mühafizəsi və istifadəsi məsələlərinin həllində iştirak etmək;

heyvanlar aləminin obyektlərindən istifadə hüquqlarının pozulmasına yönəlmiş dövlət orqanlarının qərarlarından və vəzifəli şəxslərin hərəkətlərindən müvafiq qaydada şikayət etmək;

heyvanlar aləmi obyektlərinin istifadəsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Heyvanlar aləmi obyektlərinin istifadəsi üzrə fiziki və hüquqi şəxslərin hüquqları Azərbaycan Respublikasının qanunvericilik aktları ilə məhdudlaşdırıla bilər.

Maddə 24. Heyvanlar aləmi obyektlərinin istifadəçilərinin vəzifələri

Heyvanlar aləmi obyektlərinin istifadəçilərinin vəzifələri aşağıdakılardır:

heyvanlar aləminin obyektlərindən istifadə üzrə müəyyən olunmuş qaydalara, normalara, limitlərə və müddətlərə əməl etmək;

heyvanların təbii birliklərinin bütövlüyünü pozmayan və istifadəsinə icazə verilməyən heyvan növlərinin qorunmasını təmin edən üsullarla heyvanlar aləmindən istifadə etmək;

heyvanlar aləminin obyektləri saxlanılan, artırılan və satılan bütün obyektlərə heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirən orqanların nümayəndələrini maneəsiz buraxmaq və onların qanuni tələblərini və qərarlarını vaxtlı-vaxtında yerinə yetirmək;

heyvanlar aləminin obyektlərindən istifadəyə görə ödənişi vaxtlı-vaxtında köçürmək;

heyvanlar aləminin obyektlərindən səmərəli istifadə etmək, xüsusi fəaliyyət nəticəsində heyvanların yaşayış mühitinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək, istehsalat proseslərini həyata keçirərkən təbiəti mühafizə qaydalarına riayət etmək;

vəhşi heyvanların sayının və istifadəsinin ilkin uçotunu aparmaq, onların vəziyyətini və heyvanlar aləmi obyektlərinin yaşayış yerlərinin xarakterini öyrənmək, bu məlumatları müəyyən edilmiş qaydada heyvanlar aləminin dövlət uçotunu, kadastrını və monitorinqini həyata keçirən orqanlara vermək;

vəhşi heyvanların təbii və süni artmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşmasına yönəldilən kompleks tədbirlər görmək;

heyvanlar aləminin mühafizəsi məsələləri üzrə ekoloji proqramların yerinə yetirilməsi üçün tədbirlər həyata keçirmək;

heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, heyvanların məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında dərhal müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək, xəstəliklərin profilaktikası və ləğvi üzrə kompleks tədbirlər həyata keçirmək;

bitişik ərazilərin hüdudlarında heyvanlar aləmi obyektlərinin mühafizəsini həyata keçirmək, Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və xüsusi mühafizə olunan heyvan növlərinin mühafizə rejiminə əməl etmək;

heyvanlar aləminin obyektlərindən onların vəziyyətinin və yaşayış şəraitinin pisləşməsi hallarında, artım qabiliyyəti aşağı düşdükdə və heyvanların məhv olmaq təhlükəsi yarandıqda istifadəni sərbəst dayandırmaq, heyvanlara və onların yaşayış mühitinə zərərli təsirin qarşısını almaq üçün təcili tədbirlər görmək.

Heyvanlar aləminin obyektlərindən istifadə edən fiziki və hüquqi şəxslər heyvanlar aləminin mühafizəsi və istifadəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər vəzifələri də icra etməlidirlər.

Maddə 25. Heyvanlar aləminin obyektlərindən xüsusi istifadə hüququna xitam verilməsinin əsasları

Heyvanlar aləminin obyektlərindən xüsusi istifadə hüququna aşağıdakı hallarda xitam verilir:

istifadə üçün verilmiş icazənin müddəti qurtardıqda;

istifadəyə lüzum qalmadıqda, yaxud istifadədən könüllü imtina edildikdə;

heyvanlar aləminin obyektlərindən istifadə edən hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə;

heyvanlar aləminin obyektlərindən xüsusi istifadə qaydaları pozulduqda;

heyvanlar aləmi obyektlərinin mühafizəsi, istifadəsi və törəyib artması üzrə müəyyən edilmiş qaydalar, normalar və digər tələblər müntəzəm yerinə yetirilmədikdə, habelə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.

Heyvanlar aləminin obyektlərindən xüsusi istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi icazənin ləğv edilməsi yolu ilə həyata keçirilir.

Heyvanlar aləminin obyektlərindən xüsusi istifadə hüququna xitam verilməsi heyvanlar aləminin mühafizəsi və istifadəsi haqqında qanunvericiliyi pozmaqla dəymiş ziyanın ödənilməsi üçün öhdəlikdən azad etmir.

Maddə 26. Heyvanlar aləminin obyektləri üzərində mülkiyyət hüququna xitam verilməsi

Heyvanlar aləminin obyektləri üzərində xüsusi mülkiyyət hüququna aşağıdakı hallarda xitam verilir:

vəhşi heyvanlarla rəhmsizcəsinə rəftar edildikdə;

ayrı-ayrı heyvanlar aləmi obyektlərinin xüsusi mülkiyyətdə olmasına Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan qoyulduqda;

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda.

Bu maddənin birinci hissəsinin 3-cü abzasında nəzərdə tutulmuş hallarda heyvanlar aləminin obyektləri üzərində mülkiyyət hüququna xitam verilməsi müvafiq icra hakimiyyəti orqanlarının iddiaları üzrə məhkəmə qaydasında həyata keçirilir.

IV fəsil

HEYVANLAR ALƏMİNİN MÜHAFİZƏSİ

Maddə 27. Heyvanlar aləminin mühafizəsinin mahiyyəti

Heyvanlar aləminin mühafizəsi heyvanlar aləmi obyektlərinin qoruyub saxlanılmasına, törəyib artmasına və səmərəli istifadəsinə yönəldilmiş hüquqi, iqtisadi, təşkilati və digər tədbirlər sisteminin məcmusudur.

Heyvanlar aləminin mühafizəsini öz səlahiyyətləri daxilində heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmə sisteminə daxil olan orqanlar həyata keçirirlər.

Maddə 28. Heyvanlar aləminin obyektlərindən istifadə edilməsinə məhdudlaşdırmalar və qadağanlar

Heyvanlar aləminin obyektlərindən istifadənin ayrı-ayrı növlərinin həyata keçirilməsi və heyvanların mühitdən götürülməsi, onların qorunub saxlanılması və törəyib artması məqsədi ilə bu Qanunda və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada müəyyən ərazidə və ya müəyyən müddətlər üçün məhdudlaşdırıla və ya qadağan edilə bilər.

Bu Qanunun 15,16,17,18,21,22-ci maddələrində nəzərdə tutulmayan məqsədlər üçün vəhşi heyvanların əldə edilməsinə yol verilmir.

Maddə 29. Vəhşi heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin və miqrasiya yollarının mühafizəsi

Fiziki və hüquqi şəxslər heyvanlar aləminin vəziyyətinə zərərli təsir göstərən və göstərə bilən hər hansı fəalliyəti həyata keçirərkən heyvanların yaşayış mühitinin, çoxlma şəraitinin və miqrasiya yollarının mühafizəsini təmin etməlidirlər.

Yaşayış məntqələri, müəssisələr, qurğular, boru kəmərləri, nəqliyyat magistralları, elektrik və rabitə xətləri və başqa obyektlər yerləşdirilərkən, layihələşdirilərkən və tikilərkən, xam torpaqlar, bataqlıqlar, sahilboyu və kol-koslu ərazilər təsərrüfat dövriyyəsinə daxil edilərkən, meliorasiya, meşə-təsərrüfat, geoloji-kəşfiyyat işləri aparılarkən, kənd təsərrüfatı heyvanlarının örüş və köç yerləri müəyyənləşdirilərkən, turist marşrutları, əhalinin istirahət yerləri təşkil edilərkən vəhşi heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin və miqrasiya yollarının qorunmasını təmin edən tədbirlər nəzərdə tutulmalı, həyata keçirilməli və zooekoloji dəyərli sahələrin toxunulmazlığı təmin edilməlidir.

Heyvanların və onların yaşayış mühitinin mühafizəsi tədbirləri müəyyən edilmədən belə obyektlərin istismara verilməsi, texnologiyanın tətbiq edilməsi qadağandır.

Heyvanların çoxalma yerlərində yüksək səs-küy mənbəyi olan partlayış və başqa işlərin görülməsi qanunvericiliklə məhdudlaşdırlır.

Qurumuş bitkilərin və ya onların qalıqlarının heyvanlar aləminin məskunlaşdığı yerlərdə yandırılmasına yalnız təsərrüfat zəruriyyəti yarandığı hallarda müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.

Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan vəhşi heyvan növlərinin yayıldığı ayrı- ayrı ərazilərin ekoloji vəziyyətinin qorunub saxlanması və yaxşılaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının bütün ərazisi üçün müəyyən edilmiş normativlərdən daha ciddi ekoloji normalar tətbiq edə bilər.

Su obyektlərində vəhşi heyvanların yaşayış mühitinin vəziyyətinə zərərli təsir göstərə bilən hidrotexniki qurğuların istismarı, hidroloji və su sərfi rejiminin müəyyən edilməsi, habelə heyvanlar aləminin mühafizəsinə yönəlmiş digər tələblər, ovçuluq və balığçılıq təsərrüfatlarının mənafeyi nəzərə alınmaqla həyata keçirilməlidir.



Maddə 30. İstehsal proseslərində və nəqliyyat vasitələrinin istismarında heyvanların tələf olmasının qarşısının alınması

Fiziki və hüquqi şəxslər heyvanlar aləminin məskunlaşdığı mühitin təsir dairəsində fəaliyyət göstərən obyektlərin, habelə elektrik şəbəkələri və nəqliyyat vasitələrinin istismarı zamanı heyvanların tələf olmasının qarşısının alınması məqsədi ilə sanitariya-epidemioloji, yanğından mühafizə, bioloji və texniki təhlükəsizlik tədbirləri görməlidirlər.



Maddə 31. Heyvanlar aləminin vəziyyətinə zərərli təsir göstərə bilən obyektlərin ekoloji ekspertizası

Heyvanlar aləminin vəziyyətinə zərərli təsir göstərə bilən müəssisələrin, qurğuların və digər obyektlərin yerləşdirilməsi, layihələşdirilməsi, tikinti və yenidən qurulması məcburi qaydada ekoloji ekspertizadan keçirilməlidir.

Fəaliyyət göstərən və yenidən qurulan obyektlərin, yeni texnikanın, texnologiyanın, habelə radioaktiv, zəhərli və kimyəvi maddələrin tətbiq edilməsinin ekoloji ekspertizası keçirilərkən onların heyvanlar aləminin vəziyyətinə, yaşayış mühitinə, miqrasiya yollarına və çoxalma şəraitinə zərərli təsirinin normaları mütləq nəzərə alınmalıdır.

Heyvanlar aləminin vəziyyətinə zərərli təsir göstərə bilən obyektlərin ekoloji ekspertizasının keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.



Maddə 32. Xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanlar aləmi obyektlərinin mühafizəsi

Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində heyvanlar aləminin obyektlərinin mühafizəsi və istifadəsi qaydaları və tələbləri Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.



Maddə 33. Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin mühafizəsi, törəyib artması və istifadəsi

Azərbaycan Respublikasının ərazisində təbii şəraitdə yaşayan, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növləri xüsusi mühafizə edilir və Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilir.

Bu heyvan növlərinin mühafizəsi, törəyib artması və istifadəsi qaydaları və tələbləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasının Qırmızı kitabı haqqında Əsasnamə ilə müəyyən edilir.

Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilməmiş, lakin nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növləri müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xüsusi mühafizə olunan heyvan növlərinin siyahısına daxil edilir.

Göstərilən siyahıya daxil edilən heyvan növlərinin mühafizəsi və istifadəsi qaydalarının müəyyən edilməsi elmi təşkilatların rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin xüsusi yaradılmış şəraitdə artırılması, habelə elmi tədqiqat və digər məqsədlər üçün yaradılmış qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin təbii şəraitdə qorunub saxlanması və törəyib artması mümkün olmadıqda, bu məqsədlər üçün, habelə elmi tədqiqat məqsədi ilə onların qeyri-sərbəst şəraitdə süni çoxaldılmasına yol verilə bilər.

Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan vəhşi heyvanların genetik fondunun qorunub saxlanılmasını təmin etmək məqsədi ilə elmi idarələr və təşkilatlar müvafiq icra hakimiyyəti orqanlarının icazəsi ilə heyvanların süni çoxaldılması üçün tədqiqatlar aparır, genetik materialların qorunub saxlanılması üçün xüsusi mərkəzlər və genobanklar yaradır.



Maddə 34. Zooloji kolleksiyalar

Heyvanların təbii mühitdən götürülməsi yolu ilə fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyalar (zooparkların, zoobağların, okeanariumların və sairin canlı kolleksiyaları, habelə heyvan müqəvvaları, preparatları, hissələri və qalığları şəklində kolleksiyalar) yaradılması və bunların zənginləşdirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilir.

Elmi, mədəni-maarif, təlim-tərbiyə və estetik dəyəri olan zooloji kolleksiyalar dövlət uçotuna alınmalıdır.

Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.



Maddə 35. Heyvanların xəstəliyə yoluxması, təbii fəlakətlər, ekoloji və fövqəladə təhlükəsi yarandıqda onlara yardım göstərilməsi.

Heyvanlar aləmi obyektlərinin istifadəçiləri vəhşi heyvanların yoluxucu, epizootik və başqa xəstəliklərə yoluxması hallarında və ya təbii fəlakətlər, ekoloji və fövqəladə vəziyyət zamanı tələf olmaq təhlükəsi yarandıqda onlara yardım göstərməli və bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməlidirlər.

Fəlakətə düçar olmuş vəhşi heyvanların tutulması və istifadəsi qadağandır.

Maddə 36. Bitki mühafizəsi vasitələrinin tətbiqi zamanı heyvanlar aləminin mühafizəsi

Pestisidlər, herbisidlər, aqrokimyəvi maddələr, mineral gübrələr və kənd, meşə və su təsərrüfatında istifadə edilən başqa bitki mühafizəsi vasitələri tətbiq edilərkən heyvanların və onların yaşayış mühitinin mühafizəsi tələbləri nəzərə alınmalıdır.

Bitki mühafizəsi vasitələrinin tətbiq edilməsi, üsulları və siyahısı müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır.

Heyvanların tələf olunmasının və yaşayış mühitinin pisləşməsinin qarşısının alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları bitki mühafizəsi vasitələrinin tətbiqi məhdudlaşdırılan və ya qadağan edilən ayrı-ayrı ərazilər müəyyən edə bilərlər.

Mikroorqanizmlərin yeni ştamlarının, bioloji aktiv maddələrin yaradılması, genetik dəyişilmiş orqanizmlərin yetişdirilməsi, başqa biotexnoloji məhsulların istehsalı yalnız dövlət ekoloji ekspertizasının müsbət rəyləri əsasında həyata keçirilir.

Heyvanlar aləminin məskunlaşdığı ərazilərdə göstərilən orqanizmlərin və maddələrin tətbiqi müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan qadağan edilir.



Maddə 37. Ekoloji normativlər müəyyən edilərkən heyvanlar aləminin mühafizəsinə dair tələblər

Ekoloji təhlükəsizlik normativləri, ətraf mühitə atılan və axıdılan çirkləndirici kimyəvi maddələrin, zərərli fiziki və bioloji təsirin yol verilə bilən son hədləri hazırlanarkən və müəyyən edilərkən heyvanlar aləminin və heyvanların yaşayış mühitinin mühafizəsi tələbləri nəzərə alınmalıdır.

Ekoloji təhlükəsizlik normativləri və vəhşi heyvanların əldə edilməsi limitləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 38. Heyvanların köçürülməsi, iqlimə uyğunlaşdırılması və artırılması

Müvafiq icra hakimiyyəti orqanlarının razılığı və icazəsi ilə elmi təşkilatların rəyləri nəzərə alınmaqla elmi tədqiqat və təsərrüfat məqsədləri üçün vəhşi heyvanların baytarlıq-sanitariya tələblərinə uyğun olaraq yeni yaşayış yerlərinə köçürülməsinə, Azərbaycan Respublikasının faunası üçün yeni olan heyvan növlərinin iqlimə uyğunlaşdırılmasına, habelə onların artırılmasına yol verilir.

Müvafiq icra hakimiyyəti orqanlarının razılığı və icazəsi olmadan heyvanları özbaşına köçürmək, iqlimə uyğunlaşdırmaq və artırmaq qadağan edilir.

Qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə vəhşi heyvanlar, habelə ev heyvanları saxlayan, yaxud çoxaldan fiziki və hüquqi şəxslər vəhşi heyvanlarla nəsil artıra və ya onlara zərər vura bilən heyvanların təbii mühitə buraxılmasının qarşısını almaq üçün tədbirlər görməyə borcludurlar.



Maddə 39. Heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması

Fiziki və hüquqi şəxslər tərəfindən heyvanlar aləmi obyektlərinin sərbəst, yarımsərbəst və qeyri-sərbəst şəraitdə yetişdirilməsi və artırılması, habelə zooparklarda, zoobağlarda, zoomuzeylərdə və sirklərdə elmi tədqiqat, mədəni-maarif, təlim-tərbiyə və estetik məqsədlər üçün istifadə olunması məqsədi ilə Azərbaycan Respublikasına daimi gətirilməsi idxal hesab edilmir.

Heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla həyata keçirilir.

Maddə 40. Heyvanlar aləminin mühafizəsi, səmərəli istifadəsi və törəyib artması xeyrinə təbii ehtiyatların mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının məhdudlaşdırılması

Heyvanlar aləminin mühafizəsi, səmərəli istifadəsi və törəyib artması xeyrinə torpaq, meşə, su və başqa təbii ehtiyatların mülkiyyətçilərinin və istiafdəçilərinin hüquqları məhdudlaşdırıla bilər və onlara Azərbaycan Respublikasının qanunvericiliyi ilə müvafiq vəzifələr tapşırıla bilər.

V fəsil

HEYVANLAR ALƏMİ OBYEKTLƏRİNİN DÖVLƏT UÇOTU, KADASTRI VƏ MONİTORİNQİ

Maddə 41. Heyvanlar aləmi obyektlərinin dövlət uçotu və dövlət kadastrı

Heyvanlar aləminin mühafizəsini təmin etmək və ondan səmərəli istifadəni təşkil etmək üçün heyvanlar aləminin obyektləri və onların əldə edilməsinin həcmi dövlət uçotuna alınır, habelə heyvanlar aləmi obyektlərinin dövlət kadastrı aparılır.

Heyvanlar aləmi obyektlərinin dövlət kadastrı heyvan növlərinin coğrafi yayılması, onların sayı, yaşayış mühitinin vəziyyəti, təsərrüfat istifadəsi və başqa zəruri məlumatlar haqqında topludur.

Heyvanlar aləmi obyektlərinin istifadəçiləri tərəfindən heyvanlar aləmi obyektlərinin dövlət kadastrına daxil edilməli olan məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir.

Heyvanlar aləmi obyektlərinin və onların əldə edilməsinin həcminin dövlət uçotuna alınması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Heyvanlar aləmi obyektlərinin dövlət kadastrının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.



Maddə 42. Heyvanlar aləmi obyektlərinin dövlət monitorinqi

Heyvanlar aləmi obyektlərinin dövlət monitorinqi – heyvanlar aləmi obyektlərinin yayılmasını, sayını, fiziki vəziyyətini, onların yaşayış mühitinin strukturunu, keyfiyyətini və sahəsini müntəzəm müşahidə sistemidir.

Heyvanlar aləmi obyektlərninin dövlət monitorinqi bu maddənin birinci hissəsində göstərilən parametrlərdə baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, həmin dəyişikliklərin inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması, heyvanlar aləmi obyektlərinin vəziyyətinin sabitliyi və onlardan istifadəni elmi əsaslarla təmin etmək məqsədi ilə keçirilir.

Heyvanlar aləmi obyektlərinin dövlət monitorinqinin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

VI fəsil

HEYVANLAR ALƏMİNİN MÜHAFİZƏSİNƏ VƏ İSTİFADƏSİNƏ NƏZARƏT



Maddə 43. Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarəti

Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətinin məqsədi fiziki və hüquqi şəxslər tərəfindən heyvanlar aləminin mühafizəsi sahəsindəki vəzifələrin yerinə yetirilməsini, heyvanlar aləminin istifadəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olmasını təmin etməkdən ibarətdir.

Bu sahədə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində müəyyən olunmuş qaydada həyata keçirirlər.

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.



Maddə 44. Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının hüquqları

Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının aşağıdakı hüquqları vardır:

qoruq və ov yerlərində heyvanlar aləminin obyektlərindən istifadə hüququna dair sənədləri yoxlamaq, nəqliyyat (üzən) vasitələrini saxlamaq, nəqliyyat vasitələrini və gəmiləri, ov alətlərini, əldə edilmiş məhsulları və başqa əşyaları yoxlamaq;

heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək;

heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində cinayət və ya inzibati hüquqpozma törətmiş şəxsləri saxlamaq, onları hüquq mühafizə orqanlarının sərəncamına vermək;

heyvanlar aləmi haqqında qanunvericiliyi pozmuş şəxslərdən heyvanları əldə etmək üçün istifadə edilən nəqliyyat vasitələrini müvəqqəti götürüb saxlamaq, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədləri götürmək;

heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması və açılması üçün köməkçi vasitə kimi şəkilçəkmə, səsyazma, kino və video çəkilişləri aparmaq;

heyvanlar aləmi haqqında qanunvericiliyin pozulması ilə əlaqədar vətəndaşlardan və vəzifəli şəxslərdən şifahi və ya yazılı məlumatlar almaq;

heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində inzibati hüquqpozma haqqında protokollar (aktlar) tərtib etmək, cərimələmək və digər tədbirlər görmək.

Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifəni yerinə yetirərkən xüsusi geyim forması daşımaqla Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silahı saxlamaq və gəzdirmək hüququ verilir.



Maddə 45. Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə bələdiyyə nəzarəti

Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə bələdiyyə nəzarəti təbiəti mühafizə və bələdiyyələr haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.



Maddə 46. Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə ictimai nəzarət

Heyvanlar aləminin mühafizəsinə və istifadəsinə ictimai nəzarət Azərbaycan Respublikasının təbiəti mühafizə qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

VII fəsil

HEYVANLAR ALƏMİNİN MÜHAFİZƏSİ VƏ İSTİFADƏSİNİN İQTİSADİ TƏNZİMLƏNMƏSİ

Maddə 47. Heyvanlar aləminin mühafizəsi və istifadəsinin iqtisadi tənzimlənməsinin əsas prinsipləri

Heyvanlar aləminin mühafizəsi və istifadəsinin iqtisadi tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır:

heyvanlar aləmindən istifadəyə görə ödəmələr və qeyri-qanuni heyvan ovuna görə cərimələr;

heyvanlar aləminin obyektlərinin mühafizəsinin, artırılmasının, elmi təminatının, habelə onların yaşayış mühitinin qorunub saxlanılmasının və yaxşılaşdırılmasının dövlət büdcəsindən və büdcədənkənar ödəmələr hesabına maliyyələşdirilməsi;

heyvanlar aləminə və onların yaşayış mühitinə vurulan zərərin kompensasiyası;

heyvanlar aləmi obyektlərinin mühafizəsinin, səmərəli istifadəsinin və artırılmasının stimullaşdırılması.



Maddə 48. Heyvanlar aləmindən istifadəyə görə ödəmələr və qeyri-qanuni ovuna görə cərimələr

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, heyvanlar aləmindən istifadə ödənişlidir.

Heyvanlar aləmindən ödənişli istifadənin məqsədi heyvanlar aləmi obyektlərinin öyrənilməsinə, mühafizəsinə, artırılmasına, elmi təminatına, habelə onların yaşayış mühitinin qorunub saxlanılmasına və yaxşılaşdırılmasına yönəldilən dövlət xərclərini azaltmaq və onlardan istifadənin səmərəliliyini stimullaşdırmaqdır.

Heyvanlar aləmindən istifadəyə görə ödəmələr və qeyri-qanuni heyvan ovuna görə cərimələr, heyvanlar aləmi obyektlərinin istifadə növündən, miqdarından, ov üsulundan, ov alətlərinin və texniki vasitələrin növündən, habelə onların yaşayış mühitindən asılı olaraq differensiallaşdırılır.

Heyvanlar aləmindən istifadəyə ödəmələrin növləri, dərcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna görə cərimələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 49. Heyvanlar aləminin mühafizəsinin artırılmasının və elmi təminatının maliyyələşdirilməsi

Dövlət əhəmiyyətli təbii sərvətlərə aid edilmiş heyvanlar aləmi obyektlərinin mühafizəsi, artırılması, habelə onların yaşayış mühitinin qorunub saxlanılması və yaxşılaşdırılması dövlət büdcəsindən maliyyələşdirilir.

Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş, nəsli kəsilmək təhlükəsi qarşısında olan, habelə xüsusi qorunan nadir və qiymətli vəhşi heyvan növlərinin mühafizəsi və bərpası dövlət tərəfindən maliyyələşdirilir. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan heyvanlar aləmi obyektlərinin mühafizəsi və artırılması mülkiyyətçilər tərəfindən maliyyələşdirilir.

Heyvanlar aləminin elmi təminatı müvafiq elmi tədqiqat müəssəsisələri tərəfindən həyata keçirilir və məqsədli proqramlar əsasında dövlət büdcəsindən və büdcədənkənar ödəmələr hesabına maliyyələşdirilir.



Maddə 50. Heyvanlar aləminə vurulan zərərin ödənilməsi

Təsərrüfat obyektlərinin tikintisindən, istismarından, habelə heyvanlar aləminin yaşayış mühitinə zərərli təsir göstərə bilən fəaliyyət növlərindən heyvanlar aləminə vurulan zərər təqsirkar şəxslər tərəfindən kompensasiya edilir.

Kompensasiya vəsaitləri heyvanlar aləmi obyektlərinin mühafizəsinə və artırılmasına, habelə onların yaşayış mühitinin qorunub saxlanılmasına və yaxşılaşdırılmasına yönəldilir.

Maddə 51. Heyvanlar aləminin mühafizəsinin səmərəli istifadəsinin və artırılmasının stimullaşdırılması

Azərbaycan Respublikasında heyvanlar aləmi obyektlərinin mühafizəsi, səmərəli istifadəsi və artırılması, habelə onların yaşayış mühitinin qorunub saxlanılması və yaxşılaşdırılması sahəsində məqsədli invenstisiya, kredit və vergi siyasəti həyata keçirilir.

Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş, habelə nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan vəhşi heyvan növlərinin qorunub saxlanılması və bərpası dövlət tərəfindən stimullaşdırılır.

Heyvanlar aləmi obyektlərindən istifadəyə görə ödənişlərin və qeyri-qanuni vəhşi heyvan ovuna görə cərimələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hissəsi heyvanlar aləmi obyektlərinin mühafizəsinin, səmərəli istifadəsinin və artırılmasının stimullaşdırılmasına yönəldilir.

VIII fəsil

HEYVANLAR ALƏMİ HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ MƏSULLİYƏT VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

Maddə 52. Əqdlərin etibarsızlığı

Heyvanlar aləmi haqqında qanunvericiliyi pozmaqla bağlanmış əqdlər etibarsızdır.



Maddə 53. Heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyət

Heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasında təqsiri olan şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar:

heyvanlar aləmi obyektlərinin istifadəyə verilməsi qaydasını pozduqda;

heyvanlar aləmi obyektlərini təbii mühitdən icazəsiz götürdükdə;

heyvanlar aləmi obyektlərindən özbaşına xüsusi istifadə etdikdə;

heyvanlar aləmi obyektlərindən istifadənin limitlərini artırdıqda və başqa tələblərini pozduqda;

dövlət ekoloji ekpertizasının tələblərini yerinə yetirmədikdə;

heyvanların yaşayış mühitinin, çoxalma şəraitin və miqrasiya yollarının mühafizəsi üzrə tələbləri pozduqda;

qurumuş bitkiləri və ya onların qalıqlarını özbaşına yandırdıqda;

bitki mühafizəsi vasitələrinin, onların boy stimulyatorlarının, mineral gübrələrin və başqa maddələrin (preparatların) saxlanılması, daşınması və tətbiq edilməsi qaydalarını pozduqda;

zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi və dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması qaydalarını pozduqda;

özbaşına, yaxud müəyyən edilmiş qaydanı pozmaqla heyvanları köçürdükdə, iqlimə uyğunlaşdırdıqda və artırdıqda, genetik cəhətdən dəyişmiş orqanizmlərdən istifadə etdikdə;

heyvanlarla rəhimsizcəsinə rəftar etdikdə;

heyvanlar aləmi obyektlərinin vəziyyəti və sayı, onların istifadəsi haqqında məlumatları gizlədikdə və təhrif etdikdə;

heyvanların tələf olmasının, onların yaşayış mühitinin pisləşməsinin qarşısını almaq üçün və heyvanlar aləminə mənfi təsirin ləğv edilməsi məqsədi ilə tədbirlər görmədikdə;

heyvanlar aləmi obyektlərinin əldə edilməsi, realizə olunması, Azərbaycan Respublikasının hüdudlarından kənara göndərilməsi, aparılması və onun ərazisinə gətirilməsi qaydalarını pozduqda;

Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və ya xüsusi mühafizə olunan heyvan növlərinin siyahısında olan heyvanların mühafizəsi üzrə tələbləri yerinə yetirmədikdə;

heyvanların əldə edilməsində qadağan edilmiş ov alətlərini hazırladıqda, saxladıqda, satdıqda və tədbiq etdikdə;

heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirən orqanların yazılı tələblərini və qərarlarını yerinə yetirmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.

Maddə 54. Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində mübahisələrin həlli

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

IX fəsil

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

Maddə 55. Heyvanlar aləminin mühafizəi və istifadəsi ilə bağlı dövlətlərarası əməkdaşlıq

Azərbaycan Respublikasının bütün ərazisində, o cümldən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlətlərarası əməkdaşlıq Azərbaycan Respublikası ilə Xəzəryanı və başqa dövlətlər arasında bağlanmış müqavilələr, sazişlər, razılaşmalar və digər beynəlxalq hüquq normaları əsasında həyata keçirilir.



Maddə 56. Beynəlxalq müqavilələr

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə heyvanlar aləminin mühafizəsi və istifadəsi üzrə müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqli olduqda beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.



Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 4 iyun 1999-cu il



№ 675 İQ
Yüklə 134,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə