İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə10/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   6   7   8   9   10   11   12   13   ...   142

eləyib yenə də vuracağını təxmin eləsə də, zərbəni sağdan gözləyirdi. Nə bilsin, əbləh soldan uçurtdu.
Coni yenə də uçub qapıya dəydi, qayıdıb kişinin qucağına yıxıldı, kişi onu sürüyüb artırmanın
pilləkəninə kimi gətirdi, arxasına bir təpik vurdu, Coni pilləkənləri yumalanıb tozlu həyətə sərildi.
Ayağa qalxmalısı yox idi, kişi isə əllərini, üst-başını çırpıb çıxıb getdi.
Şən oğlan gəlib onu apardı. Coni çənəsinin altını yoxlayır, deyinirdi, sən oğraşa bir bax! Mən buna
rəhm eləyirəm, qayınpedərdir, vursam, bir yerləri qırılar, deyirəm, bu isə ölmür, əriyib yerə girmir,
arsız-arsız bambılı kimi atılıb düşür, arxasını əsdirir. Fikrim qalıb bunun atılıb düşməyində, gəlib
girəsən burnumun dibinə, birdən vurasan!
Coni sözünü tamamlaya bilməyib dərin yuxuya getdi, bir də sabah axşamçağı ayıldı. Ciyəri
susuzluqdan yanırdı. Bir vedrə su içdi, amma yanğısı keçmirdi. Şən oğlan onu məzəmmətləyirdi, sənə
axı kim deyib, oturub onunla sona qədər araq içəsən? Kişiyə öz evində pedər deyirsən, var-yoxunu
söyürsən. Yenə axşama səni çay içməyə çağırıblar, bu dəfə özünü ağıllı apar. Yoxsa bununla da
elçilik söhbətinə son qoyulacaq. Ona pedər-medər deməzsən. Deyir, var-yoxumu söydü, mənə təsir
eləmədi, amma pedər dedi, ciyərimi yandırdı. Əskərilikdə ona pederaz deyəni bıçaqlayıb. Çeçenlər
olmasaymış, atacaqmışlar içəri. Sən pedər deyəndə o günlər düşüb yadına.
Kimmişsə, halal olsun ona, sonunda bıçaq qarnına girsə də, düzünü deyib. Qayınpedərim elə o
deyəndəndir, dedi və yenə də getdi. Qızdan xoşu gəlmişdi, hələm-hələm əl çəkmək fikrində deyildi.
Yenə də həmən mənzərə. Kişi arağını içib, taraşı masanın üstünə qoydu. Coniyə baxırdı, yəni nə
gözləyirsən, növbə sənindir. Coni isə ürəyində deyirdi, Allah vurmuşdu səni, içirdəcəksən, əlim-
ayağım ləsələcək, gözlərim tor görəcək, sən də başını əsdirib zollayacaqsan! Görməzsən! Kişisən,
belə qoçaqsan, bu gün özünü əsdirib yumruq atarsan, mən də sənə göstərərəm əslində necə
zollayırlar!
Kişi bi dəfə onun içməyəcəyini başa düşdü, bu ürəyincə olmadı, qaşqabağını tökdü. Ona baxıb
sifətini büzüşdürdü:
– Sənin baş gözün…
– Yenə nə olub baş-gözümə?
– Qaynaşır.
– Qaynaşırsa da, qaynaşır.
– Eləmi? Mən də sənə qız verəcəyəm?
Coni istədi yenə də kişinin var-yoxunu söysün, söyüşü lap dilinin ucundan qaytardı. Sən mənə de
görüm, sən bu qızı mənə verirsən, ya yox? Yoxsa elə mənim üçün özünü əsdirəcəksən? Sən
qayınpedər olmadın, başıma bəla oldun! Adam, sən boksyorsan? Özünü əsdirib yumruq atırsan. Heç
utanıb ölürsən? Çənəm laxlayıb, yerindən oynayıb, nə bilim, bəlkə də bağları qırılıb. Yemək yeyəndə
taqqıldayır. Qızı verməyəcəksənsə, məni bura niyə şağırırısan? Yox, əyər vərdişkar olubsansa, bu
sənin şakərindisə, qəlyançəkənlər qırılmayıblar, çağır onlardan birini, zolla bir tərəflərinə.
Sənin həyan olmadı, yenə mənə pedər dedin, deyə kişi ayağa sıçradı, özünü əsdirir, bir sağa, bir sola
tullanır, yumruqlarını oynadır, bəzən də dik tullanırdı. Ayağa qalxmış Coni də hər cür hücuma hazır
vəziyyətdə dayanıb, kişini bircə anlığa belə gözdən qaçırtmır, həm sağı, həm solu gözləyirdi. Tullan,
ay oğraş, tullan, görüm haçana qədər tullanacaqsan? Dünənkinə fikrin gedir, bu gün ayığam. Vura
bilməsən, başıma dönəsən! Bu gün vurmaq növbəsi mənimdir.
Coni belə düşünürdü, amma kişi qarşısında dayanıb başını, çiyinlərini əsdirdi, bir-iki tullandı,
çiynini bir sola, bir sağa verdi və Coninin çənəsinin altından necə vurdusa, belə zərbəni, daha
doğrusu kişinin onu belə asanlıqla vura biləcəyini gözləməyən Coni uçub arxasındakı divara dəydi və


divarla sürüşüb döşəmyə oturdu. Nə baş verdiyini anlamır, kişiyə key-key baxırdı. Kişi də gəlib
qarşısında dayanmışdı, sağa-sola tullanıb onun ayağa qalxmasını gözləyirdi.
Elə bu vaxt qızın anası girdi içəri. A bala, dedi, verdik, getdi. Göndər elçilərini. Bu kişiyə qalsa, qız
qarıyıb evdə qalacaq. Sən də şikəst olacaqsan.
Kişi narazı qalmışdı, bu arvad millətiylə mümkün deyil, qoyun işimizi görək də! Biz burda kişi
söhbəti eləyirik, sənsə mane olursan! Sonda mən də qızı verəcəkdim, amma fürsət ələ düşmüşkən qoy
bir az abrabotka eləyim. Çıx get, qoy söhbətimizi davam elətdirək.
Coni məğlubiyyəti ilə barışa bilmirdi, amma barışmağa məcburdu. Söhbəti davam elətdirməyə əsla
həvəsi yox idi, gördüyünü görmüşdü. Ürəyində kişinin var-yoxunu bir-iki dəfə də söyüb evdən çıxdı.
Elçi göndərdilər, qəlyançəkənlər qızı verdilər və anası Coniyə toy elədi. Minayəni gəlin gətirdilər.
Toyun səhərisi qız həyətdə çəpişi görəndə heyrətləndi.
– Bu nədir? – soruşdu.
– Çəpişdir, – Coni dedi. – Ayaqlarımın altının otunu otlayır.
– Sənin ayaqlarının altı ot bitirir?
– Bitirir!
Coni onun üçün cansıxıcı olan bu mövzunun üzərində çox dayanmayıb, elə ilk gündən şərtlərini
arvadına dedi, bir sözümü iki eləsən, yanımda qəlyan adı tutsan, qulağının dibinə nallaram! Mən
deyəcəyəm, farağat, sən də farağat duracaqsan, deyəcəyəm, düz get, sən də düz gedəcəksən, sola dön,
sola dönəcəksən, sağa dön, sağa dönəcəksən! Bizlərdə adət belədir, kişilər bekarçılıqdan darıxanda
arvadlarını əzişdirməklə vaxtlarını keçirdər, darıxma krizindən çıxarlar.
Di gəl, arvadı onun sözüylə nə sola gedirdi, nə də sağa. Coni öz dediyi kimi, arvadını yumşalda
bilmirdi. Qəlyan çəkənlərin qızı Nuh deyirdi, peyğəmbər demirdi. Sonda bunun da çəmini tapdı, indi
arvadı çəm-xəm eləməyə başladımı, ilişdirirdi qulağının dibindən, arvadı da sanki qulağının dibinə
nallanmasını gözləyirmiş, dərhal sakitləşirdi. İlk zərbəsi hədəfdən yayınanda, qulağının dibinə yox,
başqa əzalarına vuranda isə sakitləşdirmək işi xeyli vaxt aparırdı, o da əldən-dildən düşür, arvadının
qulpluca iləmi, qazança iləmi ilişdirdiyi zərbələrdən bir xeyli gicəllənirdi.
Coni evlənəndən sonra yetənə yetib, yetməyənə də daş atmağa son qoydu. Qəlyançəkənlər kəndinə bir
Coni getmiş, ordan başqa bir Coni qayıdıb gəlmişdi. Bilo onu lağa qoyurdu, Coni, səni getdiyin
yerdəcə milçək basır. Arada milçəklərini qov, yoxsa bu yaramaz həşəratlar səni yeyib yoxa
çıxaracaqlar.
Anası isə gəlinindən razı idi, yalnız qohumlarının qəlyan çəkməsi xoşuna gəlmirdi. Hər dəfə gələndə
dəstə ilə gəlirdilər. Üç-dörd kişi, bir o qədər də qadın. Cərgə ilə oturur, qəlyanlarını odlayırdılar.
Onlar gedəndən sonra evin bütün pəncərələrini açırdılar, pəncərələrdən göyə tənbəki tüstüsü burum-
burum qalxır, kəndi tənbəki qoxusu başına götürürdü. Coni etiraz eləyə bilmirdi, qayınpedər ilk
gündən gözünün odunu almışdı. Hələ də bu adama həyəcansız baxa bilmirdi. Bir balaca sözləri düz
gəlmədimi, Coniyə elə gəlirdi ki, kişi indicə ayağa sıçrayıb özünü əsdirməyə başlayacaq. Sonrası da
məlumdu, lənətə gəlmiş yumruqlarını çənəsinin altından vuracaqdı. Coni çənəsinin altını qayınpedərin
yumruqlarından qoruya bilmirdi. Necə də qorusun? Adam yaşından, başından utanmır, bir sağa
sıçrayır, bir də sola, harda olduğunu görmək olur ki! Kişinin ondan xoşu gəlmirdi, xoşu gəlmədiyini
də hər fürsətdə biruzə verirdi. Coni arvadına şikayətlənirdi.
Niyə axı qayınpedərin məni görən gözü yoxdur? Elə bil dünyasını dəyişənlərinin hamısı mənim
günahımdan o tərəflik olublar.
– Pedər nədir? – Minayə qaşlarını çatdı.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə