İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə102/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   98   99   100   101   102   103   104   105   ...   142

Səsə ev xalatında olan Gülmayə çıxıb həyətə düşdü, onlara heyrət və maraqla baxırdı.
Dillənmədiklərini görüb Bilodan soruşdu:
– Bilo, bunlar kimdir?
– Bilirsən… – Bilo sözünü deyə bilmirdi.
– Bilo, sözünü de! – Gülmayə astadan dedi, amma elə bil bomba partladı.
– Əmimin Rusiyətdəki arvadıdır, bu da onun qızıdır. Qız qardaşını, atasının burdakı qohumlarını, səni
görmək istəyib, anası da gətirməyə məcbur olub. Yoxsa onları tüfəng qabağına da qoysaydılar…
Bilo sözünü deyib qurtarmağa macal tapmadı, qadın onu kənara itələyib qonaqlara tərəf getdi. Onlar
da hazır dayanmışdılar. Gülmayə əvvəlcə qıza yaxınlaşıb onu qucaqladı, hər iki üzündən öpdü,
saçlarını sığalladı. Sonra da qadını qucaqlayıb bağrına basdı, bildiyi ala-babat rus dilində xoş gəldin
eləyib, çardağın altındakı masaya dəvət elədi.
Onlar hər ikisi ayaq üstəcə donub qalmışdılar. Nə baş verdiyini anlaya bilmirdilər. Heyrətlə bir-
biriylə baxışırdılar, Bilo udqunurdu.
– Coni, mən qarışdırdımmı? Ona kimlərin gəldiyini aydın demədimmi?
– Aydın dedin, heç nəyi qarışdırmadın, – Coni də gözlərini döyürdü. – Mən də bir şey başa düşə
bilmədim.
Gülmayə onları heyrətləndirməkdə davam eləyirdi, çay gətirdi, masanın üstünü meyvələrlə,
mürəbbələrlə doldurdu. Sonra isə hələ də yerlərindən tərpənməyən onlara tərəf döndü, Bilo, əmin
oğlunu da tap, get bazara. Ət, kənd çolpası al, qalan hər şey evdə var. Gələndə ananı da gətirərsən, o
birilərə mən özüm zəng eləyəcəyəm. Porigili də çağırmağı unutmayın, məclisimiz olanda onları
qohumlardan ayırmırıq.
Xətanın sovuşduğuna əmin olan Bilo dərindən nəfəs aldı, bir qədər arxayınlaşdı, gülərək dedi, ay
əmidostu, səndən də baş açmalı deyil. Mən sənin bu qadını tikə-parça eləyəcəyini gözləyirdim.
Səninsə elə bil ən əziz qonağın gəlib.
– Bilo, mən nəyə görə onu tikə-parça eləməliyəm? O, insanlığına salıb, çəkinmədən, ehtiyat eləmədən
bacıyla qardaşı görüşdürmək üçün o qədər yolu gəlibsə, ən əziz qonağımdır. Gözüm üstə yeri var.
Sonrası da, hər nə olmuş olsa, əminin arvadı olub, o qız isə əminin qızıdır, onun yadigarıdır. Bu ev
onların da evi sayılır. Uşaqları öz işlərimizə qarışdıra bilmərik. Qoy bacı ilə qardaş bir-birlərini
tanısınlar, bacı-qardaşlıq eləsinlər.
– Halal olsun, əmidostu! İndiyə kimi duzəkənlərin gəlinləri ürəyimi ağrıdıblar, ciyərimi yandırıblar,
sənsə ürəyimdən tikan çıxartdın! Əmimi qaçırtmağını da, duzəkənlərin başını yerə soxmağını da sənə
bağışlayıram!
– Bilo, sən tələs, qonaqlar ac olar. Coni, sən də manqalı yandır. Bilo bazardan qayıdan kimi kabab
bişirin.
Qadın dönüb qonaqlarının yanına getmək istəyəndə Bilo onu arxadan səslədi:
– Əmidostu!
– Nə var? – qadın ayaq saxladı.
– Gəl, səni bağrıma basım.
– Bilo, sarsaqlama.
– Gəl, gəl! – Bilo qollarını geniş açıb qadını möhkəmcə qucaqladı, bir daha təşəkkür eləyib, çıxıb
getdi.
Qadın iki-üç günlüyə gəlmişdi, amma on beş gün qaldı. Qohumlar qonaq çağırır, şəhəri gəzir, meşəyə,
dağlara, bulaqlar üstə gedirdilər. Qadının Azərbaycan yeməklərindən, sadə ailələrdəki adət-


ənənələrdən çox xoşu gəlirdi. Gedəndə yenə də gələcəyini deyirdi, Gülmayəgili də qonaq çağırdı və
Gülmayə də gedəcəyinə söz verdi.
– Doğrudan gedəcəksən? – Bilo soruşdu.
– Hə, – qadın fikirli halda dedi. – Nataşa da gəlməsəydi, günlərin birində oğlumu da götürüb
Rusiyətə gedəcək, əminin qəbrini ziyarət eləyəcəkdim, – qadın ağır-ağır sözünə davam elədi. – İndiyə
kimi bunu eləmədiyimə görə əzab çəkirəm. Biz bir ömür yaşadıq, şirinli-acılı xatirələrimiz oldu, oğul
böyütdük. Bunlar asanlıqla unudulası şeylər deyil.
– Amma o xristiandır, – Bilo ehtiyatla dedi, – xristian qəbiristanlığında yatır. Bir müsəlman xristian
qəbiristanlığına gedib xristianın qəbrini ziyarət elərmi?
Qadın ona baxıb başını yırğaladı.
– Bilo, insanlar hər şeyi dəyişə bilərlər, dinlərini, dillərini, vətənlərini… Amma qəlblərini dəyişə
bilməzlər. Onun xristian olmasının, hansı qəbiristanlıqda yatmasının mənim üçün əhəmiyyəti yoxdur.
O mənim qəlbimdədir. Bir dəfə orda özünə yer elədi, bir də mən öləndə oranı tərk eləyəcək.
Bilo istədi desin ki, sən onu ora zorla salıbsan, ancaq qadının sonsuz kədər həkk olunmuş gözlərinə
baxıb fikrindən daşındı.
 


XXIV. 11 qisasçı
 
 
Çayın sahilindəki təpədə boz rəngli böyük daşın ətrafı seyrək otlarla, torpaqdan təzəcə baş qaldıran
sarı, qırmızı çöl çiçəkləriylə örtülmüşdü. Qız yaxınlaşıb baxdı, daşın üstündə ad yazıldığını görəndə
bu boz, soyuq daşın baş daşı, balaca təpənin isə qəbir olduğunu başa düşdü. Oğlan otların uzunluğunu
qarışıyla ölçürdü. Qız ondan soruşdu:
– Bu kimin qəbiridir?
– Azərbaycanlının.
– Bəs sən neyləyirsən?
– Qəbirin üstündəki otların uzunluğunu ölçürəm.
– Niyə? – qız heyrətlənmişdi.
– Azərbaycanlı demişdi, yalnız mən öləndən, qəbirim üstə bir qarış ot bitəndən sonra evlənə
bilərsiniz. O ölüb, qəbirinin üstündə ot bitib. Əyər otların uzunluğu bir qarış olarsa, evlənə bilərik.
Olmasa, yox.
 
***
Onlar isti çöllərdən keçib şimal torpaqlarına gəldilər. Qobinin izinə düşüb gedirdilər, iz onları
gətirib ucqar rus şəhərinə çıxartdı. Qafqazlıların çayxanasında marketdə fəhlə işləyən Styopa ilə
rastlaşdılar və ondan soruşdular:
– Sən Qobini tanıyırdın?
– Tanıyırdım, – Styopa dedi. – Amma o öldü.
– Öz əcəliylə?
– Yox, öldürdülər.
– Sən bizə ətraflı danış, – oğraşlar tayfasının adamları ona dedilər, – kim öldürdü, niyə öldürdü?
Styopa da onlara qan davası haqda ətraflı danışdı. Dedi ki, qatilləri Azərbaycandan gələnlər olub.
Qobi dostuyla çayın sahilində balıq tutanda onu vurmuşdular. Polislər çox axtarsalar da, qatillərini
tapa bilmədilər. Qobini öldürmüş, özləri də yoxa çıxmışdılar.
On bir nəfər şadyanalıq eləyirdi. Həyatlarının ən şad xəbərini eşitmişdilər. Nəhayət, qisasları
alınmış, qanları yerdə qalmamışdı. İndi alın açıqlığı, üz ağlığı ilə vətənə qayıda bilərdilər. Daha
murdar Qobini cəhənnəmə vasil eləmək üçün vətəndən bu soyuq ölkəyə kimsə gələsi olmayacaqdı. Bu
işdə bir qəribəlik də var idi, onlardan əvvəlki doqquz nəfər Qobini öldürmüşdülərsə, niyə geri
qayıtmamışdılar? Styopanın dediyinə görə, polis də onları tapa bilməmişdi, demək, içəridə
yatmırdılar. Amma bu elə də mühüm deyildi, əsas Qobinin ölməyi idi. O da ölmüşdü. Onu öldürənlər
isə vətənə qayıdacaqdılar, ya da yollarda öləcək, bu ucsuz-bucaqsız böyük ölkədə yox olacaqdılar.
Dəstənin başçısı Styopaya yüz dollar verdi. “Bizə onun qəbrini göstər”, – dedi.
Styopa onları çayın sahilinə gətirib, təpədəki qəbri göstərdi. Oğraşlar tayfasının kişilərinin az qala
yarısını öldürən adam burda, rus çayının sahilindəki bu təpədə yatırdı. Qəbrin üstündəki adı
oxuyanda sanki dünyanı onlara verdilər. Əvvəlcə Styopanın heyrət dolu baxışları altında qəbri
murdarladılar, sonra isə avtomatlarını çıxardıb başdaşını atəşə tutdular. Daş qəlpələnir, üstündəki
yazılar pozulurdu. Bu adamın yer üzündə izi-tozu qalmasın deyə daşı diyirlədib çaya aşırdılar.
Qorxudan və heyrətdən özünü itirmiş, tir-tir əsən Styopadan soruşdular, o burda evlənmişdimi,


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə