İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə104/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   100   101   102   103   104   105   106   107   ...   142

möcüzə idi. Birbaşa marketə – Vanyanın yanına gəlmişdilər, adamlarının necə ölməsi ilə
maraqlanırdılar. Vanya da hər şeyi yerli-yataqlı danışdı.
– Rus, sən mənə Qobidən danış, – qoca qaşqabağını töküb dedi, – o həqiqətənmi ölüb?
– Yalandan da ölmək olur? – Vanya heyrətləndi. – Əlbəttə, ölüb. Mən gedib qonşu kənddən molla
gətirdim, onu müsəlman adətiylə öldürüldüyü yerdə dəfn elədik.
– Dəfnə ehtiyac yox idi, – qoca istehza ilə gülümsədi, – bizlərdə itləri dəfn eləmirlər. Dərə qırağına,
yarğana atırlar, qurd-quşa yem olur. Gözlərini qarışqalar, qurdlar deşir.
– Sən mənim dostuma it deyə bilməzsən! – Vanya qəzəblə dedi.
– Dostuna? – qoca başını yırğaladı və ayağa qalxdı. – Mən dostuna yox, sənin özünə də it deyə
bilərəm və deyirəm: urus, sən itsən!
Heyrətdən Vanya özünü itirmişdi, açıq-aşkar ona meydan oxuyan qocaya heyrətlə baxırdı. Burnunu
sıxsan, canı çıxar, gəl bunun davakarlığına bax. Kəsilə-kəsilə qalsa da, yer üzündə quru kölgə kimi
gəzən qocaya kobud cavab verməyi özünə sığışdırmadı.
Oğraşlar tayfasının adamları polis şöbəsinə getdilər. Rəis təkcə qocanı qəbul elədi və ondan soruşdu,
niyə Qobini öldürdünüz? Bir nəfəri öldürdünüz, amma gör neçə adamınız qurban getdi. Bəs
qazancınız nə oldu?
Qocanın sifətində qürur, özündənrazılıq ifadəsi var idi, etinasız səslə dedi, qan düşmənimiz idi, ona
görə öldürdük, yoxsa o dünyaya arxayın gedib, əcdadlarımızın üzünə baxa bilməzdik. Daha rahat ölə
bilərəm! Bu işdə qazanc güdülməz, əsas qan düşmənimizin ölməsi, nəslinin yer üzündən silinməsidir.
Bizim nəslimiz isə hələ tükənməyib, qadınlarımız yenə oğlanlar doğacaq, onlar böyüyüb
evlənəcəklər, nəslimiz artıb çoxalacaq.
– Qobinin nəsli yer üzündən silinməyib, – rəis dedi, – onun oğlu var, nəslini davam elətdirəcək. Onu
qan düşməniniz olduğu üçün öldürdünüz, bəs oğlunun başını niyə kəsmək istəyirdiniz?
Qoca tutuldu, sanki başına bir vedrə soyuq su tökdülər, sifətindən qürur ifadəsi silindi, indi onun
gözlərindən məğrurluq yox, xəcalət ifadəsi, çaşqınlıq oxunurdu, hərəkətləri ilə az qala rəisə meydan
oxuyan qoca bircə anın içində büzüşdü, balacalaşdı, üzünə məyusluq ifadəsi çökdü.
– Rəis, sən necə dedin? Oğlu var?
– Var, – rəis təsdiqlədi.
– Bizimkilər onun başını kəsməyiblər?
– Kəsə bilməyiblər!
– Bilməyiblərsə, kəsərlər! – qoca dedi və ayağa qalxdı.
Rəis əsasına söykənib qapıya doğru gedən qocanın arxasınca bağırırdı, qoca yaramaz, sən nə
danışırsan? O uşaq Rusiya vətəndaşıdır. Onu rus hökuməti qoruyacaq! Siz nəinki onu öldürə, heç
tükünə də toxuna bilməzsiniz! Bir ayağın gordadır, amma hələ də qisasçılıqdan, ölüb-öldürməkdən
danışırsan!
Qoca qapının ağzında geri döndü, sifətində istehzalı bir ifadə dolaşır, qıyıq gözlərindən amansızlıq
yağırdı. Rəis, dedi, mən artıq ölməyi, əcdadlarımın yanına getməyi düşünürdüm. Amma, görünür,
Əzraili geri qaytarmalı olacağam. Rus hökuməti yox, dünyanın bütün hökumətləri belə qorusalar, o
uşaq öləcək! Oğraşlar tayfasının adamları onun başını kəsəcəklər!
Qoca rəisin nə deyəcəyini gözləmədən qapıdan çıxdı. Pilləkəndə üzüyuxarı qalxan Vanyayla rastlaşdı.
Ayaq saxladı:
– Demək, o itin oğlu var imiş?
– Bunu sənə kim dedi? – Vanya soruşdu.


– Rəis.
– Hə, var, nə olsun?
– Nə olmalıdır? Biz itlərin nəsillərini artırmalarına imkan vermərik!
Vanyaya hər şey aydın oldu, qoca burdan sağ-salamat çıxsaydı, çöldə gözləyən adamlarına Qobinin
oğlu olduğunu deyəcəkdi. Bununla da Alikin, onun ən yaxın dostunun oğlunun həyatı təhlükə altına
düşəcəkdi. Oğraşlar tayfası uşağı öldürmək üçün zaman-zaman öz isti ölkələrindən bura adamlar
göndərəcəkdilər. Onlar da axtaracaq, harda olsa, uşağı tapıb başını kəsəcəkdilər. Vanya söz vermişdi,
buna yol verə bilməzdi!
– Sənin mənə it dediyini onsuz da unutmamışdım, – qocaya dedi. – Mənə it deyənləri heç vaxt
bağışlamıram. Qoca, səni də bağışlaya bilmərəm.
Qocanın qolundan yapışıb saxladı, pillədə oturdub cibindən dəsmal çıxartdı, dəsmalla qocanın ağzını
və burnunu möhkəmcə tutub sıxdı. Qocanın canının çıxması çox çəkmədi. Vanya onun öldüyünə əmin
olandan sonra qocanı divara söykəyib rəisin otağına qalxdı. Qocanın öldüyünü eşidən rəis çölə çıxıb
qocanın yanına gəldi. Əlini boynuna qoyub, nəbzini yoxladı, nəbzinin vurmadığını görüb təəssüflə
başını yırğaladı. Hə, qoca, Əzraili qapıdan qaytara bilmədin. Sən burda bizə hədə-qorxu gələndə
Əzrail artıq qapının ağzında oturub səni gözləyirmiş. İnsanlara meydan oxumağın azlıq eləyirdi,
Əzrailə də meydan oxudun. Bizə baxma, onlar belə şeyi adama bağışlamırlar!
Rəis birdən sanki yuxudan ayıldı, Vanyaya tərəf döndü:
– Qocanı sən öldürdün?
– Siz ona niyə Qobinin oğlu olduğunu deyirdiniz? – Vanya gizlətməyi lazım bilmədi. – Onlar heç bir
halda bunu bilməməliydilər. Uşağın taleyini riskə atmağa ixtiyarımız yoxdur. Onlara bir kimsəylə
əlaqə saxlamağa imkan verməyin. Qoy meyitlərini götürüb getsinlər. Oğraşlar tayfasına müharibə elan
eləmək sizə fayda gətirməz. Həbs eləyəcəksiniz, öldürəcəksiniz, onlar isə bir ucdan gələcəklər.
Şəhərimiz oğraşlar tayfasının müharibə meydanına çevriləcək. Siz uşağı onlardan qoruya biləcəyinizə
beləmi əminsiniz?
– Lənət şeytana! – rəis söyüş söydü. – Haqlısan. Bu adamlarla döyüşə girmək yalnız sənin dostun
kimi başdanxarabların işidir!
Rəisin köməyi ilə elə həmən gün oğraşlar tayfasının adamları meyitlərini də götürərək getdilər. Onlar
vətənə on iki meyit və şad xəbər aparırdılar. Qan düşmənləri öldürülmüşdü. Daha bu soyuq ölkəyə
qan düşmənlərini öldürmək üçün adam göndərəsi olmayacaqdılar. Müharibə bitmişdi. Onlar qələbə
qazanmışdılar.
İşlər qaydaya düşdü, Vanya daha Nadya və oğlu sarıdan narahat deyildi. Oğraşlar tayfası Qobinin
oğlunun olmasından xəbər tutmayacaqdılar. Uşaq rahat gəzib-dolaşa bilərdi, onun həyatı təhlükədə
deyildi.
Yazqabağı Vanya anbarda fəhlə işləyən Vasyanı yanına çağırdı, onu marketin həyətinə aparıb meşəni
göstərdi:
– Vasya, meşəni görürsənmi?
– Görürəm.
– Şam ağaclarının arasındakı cığırı necə?
– Görürəm.
– Vasya, şam ağaclarının arasındakı cığırla çaya qədər get. Çayın sahilindəki təpəni tap, orda qəbir
var. Gör qəbrin üstündəki otlar bir qarış uzanıblarmı?
Vasyanın sifəti heyrətdən uzanmışdı, nəyinə lazımdır?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə