İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə11/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   7   8   9   10   11   12   13   14   ...   142

– Qayınpedər!
– Fərqi nəymiş?
Coni arvadını başa salmağa çalışırdı, ay qız, qardaş deyirik, türkük deyirik, bəs necə olur səksən
milyonluq xalqın dediyi kimi demirik, on milyonluq xalqın dediyi kimi deyirik. Mən bu məsələdə türk
qardaşlarımızın yanındayam. Qayınata şit səslənir. Qayınpedər isə sanballı, ağırbaşlı.
– Nə bilim. Mən hər halda sənə özümüzkülərin yanında olmağı məsləhət görərdim. Türk
qardaşlarımızın yanında olanda çənənin altına yeni yumruqlar dəyə biləcəyini də göz önünə
almalısan.
Sonda Coni də siqaret çəkməyə başladı, anası onu məzəmmətləyəndə özünə haqq qazandırırdı,
sarımsaq yeyənlərin içində yaşaya bilmək üçün sən də sarımsaq yeməlisən. Qəlyan tüstüsündən
boğulub ölməmək üçün mütləq siqaret çəkməliyəm. Ana, qorxuram, sən də tezliklə qəlyan çəkməyə
başlayasan!
Bəlkə Coni deyən kimi olacaqdı, anası da qəlyan çəkməyə başlayacaqdı, axır zamanlar arvad tütünlə,
qəlyanla yaman maraqlanmağa başlamışdı. Coni, öyrən gör, bunlar tütünü, qəlyanı hardan alırlar?
Şübhəyə düşən Coni də qorxmuş halda deyirdi. Heç hardan almırlar, tütünü özləri əkir, yığıb
qurudurlar. Kəndləri də meşənin yanındadır, meşəyə gedir, ağac budaqları qırıb gətirir, bütün qışı
budaqları yonub, oyub qəlyan düzəldirlər. Qəlyana, tənbəkiyə bircə qəpik də xərcləri çıxmır. Allah
eləməmiş sən qəlyan çəkməyə başlasan, evi-eşiyi də satsaq tənbəkiyə pul çatdırmarıq.
Anası bir şeylə maraqlandımı, sonuna qədər getməliydi. Amma bu dəfə gedə bilmədi, əcəl aman
vermədi, qadın qəfildən dünyasını dəyişdi. Qırxına kimi evdən qonaq-qara əskik olmadı. Qonaqları
qarşılayıb yola salırdılar, bircə Minayənin uzaq qohumu Budka Əhmədin hər gün səhər gəlib axşam
getməsi onu cırnadırdı. Adamın gözlərindən açıq-aşkar həyasızlıq, sırtıqlıq yağırdı, arvadına da elə
baxırdı, sanki gözləriylə yemək istəyirdi. Bir gün Budka yenə də gonbul vücudunu çöl qapısından
içəri salanda onu samanlığa apardı. Baltanı götürüb dedi: “Əgər bir də bu qapıdan içəri ayaq bassan,
səni doğrayıb elə bu samanlıqda basdıracağam”.
Budka ona, əlindəki iri baltaya baxdı, boynunu burdu, bir söz demədən çıxıb getdi və bir daha
gəlmədi.
Arvadinın duzəkənləri görən gözü yox idi, Coni, deyirdi, içi sən qarışıq duzəkənlər hamısı səydilər.
Səy olmasaydılar, ağılları yerində olsaydı, duzu niyə əkməliymişlər?
Coni tayfasının müdafiəsinə qalxırdı. “Onları başa düşmək lazımdır, duz kəndə təzəcə ayaq açırdı,
adamlar duzun nə olduğunu, hardan gətirildiyini, hardan yığıldığını bilmirdilər. Səninkilər də
olsaydılar, elə düşünərdilər”. “Coni, orda dayan! – Minayənin gözləri alışıb-yanmağa başlayırdı. –
Mənimkilər heç vaxt elə düşünməzdilər. Allah eləməmiş, səninkilər kimi arsız-arsız çölə gedib şum
vursaydılar, duz əksəydilər, mən bu xəbəri eşitdiyim andan özümkülərdən imtina eləyərdim. Sən də
belə eləməlisən, sənsə səylərin müdafiəsinə qalxırsan!”
Az imiş kimi Coninin beş-altı il bundan əvvəl Rusiyaya getmiş əmisi, Bilonun atası da Minayəyə
danışmaq üçün əməlli-başlı mövzu verdi. Belə ki, əmisi Rusiyada, həmyerlilərindən fərqli olaraq,
bazarda göy, meyvə satmadı, taksavatlıq da eləmədi, göy satanların, taksavatlıq eləyənlərin krışası da
olmadı, vəhşi heyvanları əhliləşdirməyə, onlara təlim keçməyə başladı. Həm də elə-belə, adı it
dəftərində olmayan vəhşi heyvanlara yox, şirlərə! Əmisi arvadının deməyinə görə, əmisi qırmancını
havada şaqqıldadır, adı belə gələndə adamın bədəninə vic-vicə düşən vəhşi heyvanlar stolların
üstünə sıçrayır, orda bardaş qurub oturur, adamlara baş əyir, hələ bir əmisini qucaqlayıb nəhəng
pəncələri ilə saçlarını qarışdırır, belini sığallayırmışlar. Əmisi arvadı danışır, ona qulaq asan


duzəkənlər qürur hissi keçirirdilər, zarafat deyildi, digər tayfanın adamları şir adı gələndə əsməcəyə
düşürdülər. Amma duzəkən gedib Rusiyada rusların şirlərinə təlim keçirdi. Ruslar öz şirlərini
əhliləşdirməyi duzəkənə etibar eləmişdilər və bunu duzəkənlərin uğuru kimi qəbul eləmək olardı.
Bu xəbərə Minayə özünəməxsus reaksiya verdi. Coni, deyirəm, xətrinə dəyir, amma mənim haqlı
olduğumu özün də yaxşı bilirsən. Əmin səy deyilsə, niyə o boyda Rusiyətdə özünə əməlli bir iş
tapmır? Duzəkən şirdən nə anlar, dədə-babası şir əhliləşdirib, o da şir əhliləşdirə? Nəyə görə şirlər
onu qucaqlamalı, saçlarını qarışdırmalı, belini sığallamalıdırlar? Bütün bunlar sənə heç nə demir?
Səncə, bütün bu hərəkətlər, xüsusilə də bel sığallamaq insanlarla heyvanlar arasındakı münasibətlərin
sərhədlərini fazlasıyla aşmırmı? Bunun axırı duzəkən üçün yaxşı qurtarmayacaq.
Coni arvadının dediklərini ciddiyə almadı, məlum işdir, paxıllıqdan deyirdi, duzəkənləri gözü
götürmürdü. Mən səni yaxşı başa düşürəm, dedi, əmim sənin indiyə qədər duzəkənlərə atdığın bütün
böhtanları puça çıxartdı. Ağılsız, səy gedib o boyda ölkədə şirə ağıl, dil öyrədə bilməzdi. Nədən
desən mərc gələrəm, qəlyançəkənlər gedib rusların dovşanlarına da təlim keçə bilməzlər. Dovşanı
verəcəklər qəlyançəkənə, bir də baxıb görəcəklər, dovşan ayağını ayağının üstünə aşırıb qəlyan
tüstülədir.
Minayənin uzaqgörənliyi doğru çıxdı. Əmisi orda neylədisə, şirlərin xətrinə necə dəydisə, günlərin
birində şir əmisinin başını ağzına saldı, havaya qaldırıb, göydə bir-iki silkələdi və kənara atdı. Əmisi
yerə dəyməmiş, göydəcə ruhunu tapşırdı, belə demək mümkünsə, göydə öldü. Göydə, ya yerdə,
ölmüşdü, həm də öz əcəliylə yox. Onu şir öldürmüşdü.
Burda Minayə sözün əsl mənasında alicənablıq elədi, bircə dəfə olsun belə gördünmü, mən deyən
oldu, demişdim, amma siz mənə inanmadınız, deyə Coninin qarşısına keçmədi. Arvadının gözlərinin
içinə baxmağa belə xəcalət çəkən Coniyə isə bu daha çox təsir eləyirdi.
Əmisini gətirib dəfn elədilər, yeddisini, qırxını verdilər, qonaqlar dağılışandan sonra əmisi arvadı
onu və Bilonu otağa salıb qapını bağladı. Bir bağlama gətirib otağın ortasına qoydu, bağlamanı
açanda onun gözləri kəlləsinə çıxdı, indiyə kimi bu qədər pulu bir yerdə görməmişdi, hamısı da
dollar idi.
Əmisi arvadı dedi: “Bilirsiz də, erkək şir kişini öldürüb. Kişinin arvadlarının içində gəzib
dolaşmasını gözü götürməyib, ağılla, şüurla qisas alıb. Nə qədər istəyirsiz, pul götürün, gedin
Moskvaya, tapança alın. O şirin alnının ortasından adama iki güllə vurun. Kişinin qanını alın,
duzəkənlərin qeyrətinə düşən ləkəni təmizləyib, kişi kimi qayıdın vətənə. Yoxsa duzəkənlərin şərəfi
iki paralıq olacaq, siz də, balalarınız da ləkəli şərəflə yaşayacaqsız”.
Əmisi arvadı artıq pulları onun ciblərinə təpişdirirdi, Bilo da o yandan daraşmışdı, adamın
çırpışdırmaq sahəsində xeyli səriştəsi var idi, amma nə qədər yığsalar da, yerdə bir xeyli pul qaldı.
Bundan sonra danışmağın, “getmərəm, şirdən qisas almaq ağılsızlıqdır, çətindir” deməyin mənası
qalmadı.
Gəldi evə, arvadına dedi: “Sabah Rusiyətə gedirik, şiri öldürüb əmimin qisasını almalıyıq. Yoxsa
duzəkənlərin şərəfi, qeyrəti iki paralıq olacaq. Ömrümüzün sonuna qədər şərəfi ləkəli yaşayacağıq”.
Arvadı həmişə olduğu kimi yerə-göyə meydan oxuyurdu. “Deyirəm, sizdə nəsillikcə ağlı başında olan
yoxdu, hamınızın başı xarabdı, səysiniz, sözümü qəribçiliyə salırsan. Ruslar imkan verərlərmi siz
əlinizi-qolunuzu sallayaraq gedib onların şirini öldürəsiz? Sizi kim şirə yaxın buraxar? Lap
buraxdılar, birdən-ikiyə şir öldürdüyünüz olub? Duz əkməklə onsuz da özünüzü rüsvay eləyibsiz, şiri
öldürməyə getməklə lap rüsvay eləyəcəksiz. Mən deyəndə şir nəyə görə əminin belini sığallamalıdır,
gözlərini bərəldirdin. İndi bildin, niyə sığallayırmış? Aralarında intim münasibət var imiş!


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə