İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə110/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   106   107   108   109   110   111   112   113   ...   142

Axşam isə, heç gözləmədiyi halda, Budka Əhməd maşınla onlara gəldi. Məni Minayə göndərib, dedi,
Səmoşu aparmalıyam. Bir həftə bizdə qalacaqlar. Dedi, bacımdan, uşaqdan ötrü möhkəm darıxmışam.
Hirsindən Coninin başında hər şey bir-birinə qarışdı, adamda gözgörəsi həyasızlığa bax, cürətə bax,
arvadını aparmağa gəlmişdi. Ay oğraş, birini apardın, bəsin olmadımı? Hansı əbləh arvadını sənə
etibar eləyər ki, götür apar, bir həftə evində saxla. Sən mənə elə yara vurubsan ki, zamanla sağalmaq
əvəzinə daha da dərinləşir, qan verir. Təzədən şərəfimi iki pulluq eləmək istəyirsən? Sənin
ucbatından tayfamın içinə çıxa bilmirəm, gözükölgəli olmuşam, bəsin deyil? Səmoşun bu evdən yalnız
meyiti çıxıb səninlə gedə bilər!
– Səmoş gedə bilməz, – arvadı ağzını açmamış sözünü dedi. –Minayə bacısına, uşağa görə belə
darıxıbsa, özü gələr.
– Səndən söz soruşan oldu? – Budka nərildəyirdi, bu adam açıq-aşkar həyasızlığı ilə onu hövsələdən
çıxardırdı, həyətinə gəlib, dilini saxlamaq əvəzinə böyürürdü. – Mən Səmoşdan soruşuram. Onun öz
dili var, öz sözünü özü deyər.
– Budka, Səmoş dediyin o qadının əri mənəm! Dili olsa da, olmasa da, onun əvəzinə bəzi sözləri mən
də deyə bilərəm! Yadına salıram, samanlıq yoxdursa da, balta qalır.
Səmoşdan çıxmayan iş, heç gözləmədiyi halda, onun tərəfini saxladı. Gedə bilmərəm, dedi, işləyirəm,
bağçadan icazə ala bilmərəm. İndi işimiz çox olur. Onsuz da uşağa görə çox iş buraxmışam.
Budka getdi, Minayə gəldi. Coni heç nə başa düşə bilmirdi, bu qadın nə istəyirdi, marağı nəydi?
Bacısını hökmənmi Budkanın yatağına salmaq istəyirdi? Onu bir kənara çəkib almışdı çənəsinin
altına. “Deməyinin adı nədir, mən bacımı qonaq apara bilmərəm?” “Bilməzsən, – Coni kəsəsinə dedi,
– mən ölənə kimi, canım ağzımdan çıxana kimi bu adama düşmən gözüylə baxacağam. Onu özümə
düşmən biləcəyəm! Deməyinin adı nədir, mən evdən çıxan kimi gəlib mənim yataq otağımda, öz
yatağımda arvadımla yatan birisinə cavan arvadımı etibar eləyim? O şərəfsiz o qədər yolu gəlib, özcə
evimdə səninlə min oyundan çıxsın, az imiş, indi də arvadımı onun evinə, hüzuruna göndərim, o da
desin, yox, daha buna toxuna bilmərəm. Eləmi?” “Əlbəttə, toxuna bilməz! Sənin arvadını yoldan
çıxardırdı, çünki bütün kişilər bacararlarsa, əllərindən gələrsə, başqa kişilərin arvadlarını yoldan
çıxararlar. Yad qadınlarla yatağa girmək arzusuyla yaşayarlar. Səmoş isə Budka üçün yad qadın deyil,
onun baldızıdır”. “Sən bu dediklərinə Budkanın zərrəcə anlam verdiyinə əminsənmi? Budka nə bilir,
baldız kimdir?”
Minayə bir az yumşaldı, dedi, bəsdir daha, başımı ağrıtma, bacımı tək aparmayacağam. Sən də
gedəcəksən. Ay qoyun, mən səni aparmaq üçün Səmoşu atmışam ortalığa!
Getdikcə daha da gözəlləşən, mütənasib bədəni ilə hələ də adamı özünə çəkən, cəzb eləyən, dolu
bədənli keçmiş arvadına baxıb:
– Yaxşı, – dedi, – birlikdə gedərik. Yoxsa Səmoşu heç vaxt tək buraxmaram.
 
Coni rəisdən, müstəntiqdən xahiş eləmişdi ki, onu Bilonun qatilləri ilə görüşdürsün. Bu adamları
görmək istəyirdi. Beş-on manatdan ötrü acımasızcasına adam öldürənlərin gözlərinin içinə baxmaq
istəyirdi. Yenə də müstəntiqə zəng eləyib qatillərlə görüşmək istədiyini deyəndə müstəntiq dilxor
halda dedi: – Sən daha onlarla görüşə bilməyəcəksən. Bu gecə psixopatın birisi hər ikisini bıçaqlayıb
öldürüb.
Coni heyrətlənmişdi, psixopat nəyə görə Bilonun qatillərini öldürməliydi? Bunun bir səbəbi
olmalıydı. Ağlına gələn fikirdən bədəni soyuyub buza döndü. Maşına oturub əmisigilə sürdü.
Gülmayə evdəydi. Bu sizin işinizdir? – qadından soruşdu.


Əmisi arvadı soyuqqanlılığı ilə onu heyrətləndirirdi. Bəs, səncə, başqa kimin işi ola bilər? Bilo
ərlərimizin qanını almaq üçün burdan durub Rusiyətə gedirdi, bizsə burda, gözümüzün qabağında
onun qatillərinin əllərini-qollarını sallayaraq gəzmələrinə dözməliydik? Gördük, duzəkənlərin
kişilərindən bir təpər yoxdur, özümüz işə əncam çəkdik. Orda polisdə yelqovanlardan bir kapitan
işləyir, neyləmək istədiyimizi dedik. Kim olduğumuzu bilən kimi dedi, can-başla kömək elərəm.
Bilonun qatilləri elə yelqovanların da qatilləridir. Bizi bir nəfərin yanına apardı, o da həmən
psixopatla tanış elədi. Ora nəşə üstə düşüb, onsuz da on beş il iş verəcəklər. Dedi, aparın arvadıma
on min verin, gecə ilə işlərini bitirim. Biz də arvadının ünvanını öyrəndik, aparıb pulu verdik. O da
sözünə əməl elədi. Bıçaq necə Bilonun ciyərini parçalamışdısa, onların da ciyərini elə parçaladı.
Bilo necə ağrılar-acılar içində gözlərini yummuşdusa, onlar da elə ağrılar-acılar içində öldülər.
Coni qorxuya düşmüşdü. Siz neylədiyinizin fərqindəsiz? Birdən axtardılar, gəlib sizin üstünüzə
çıxdılar, onda necə olar? Bu yaşda həbsdəmi yatmaq istəyirsiz?
– Coni, hardan gəlib üstümüzə çıxacaqlar? O psixopatın başını da kəssələr, ağzından söz çıxardan
deyil. Sonrası da, gəlib çıxsınlar, nə olasıdır? Bizim üçün əsas olan Bilonun qatillərinin cəzalarını
almalarıdır, yoxsa həbsə düşəriksə də, düşərik.
– Bunun sonu olmayacaq axı. Siz onları öldürdüz, onlar da gəlib bizi öldürəcəklər!
– Bizi yox, psixopatı! – əmisinin arvadı onun sözünə düzəliş verdi. – Qoy öldürsünlər, daha camaatın
balasını zəhərləməz!
 
 


XXVI. Səfər ərəfəsində
 
 
– Coni, qəlyançəkənlərin ulu babaları qəlyan çəkiblər, özləri də qəlyan çəkirlər, balaları, nəvələri də
çəkəcəklər. Duzəkənlərin ulu babaları duz əkiblər, amma özləri əkmirlər, balaları, nəvələri də
əkməyəcəklər Biz kökümüzə bağlıyıq, sizsə kökünüzdən uzaq düşübsüz. Fərqimiz bundadır.
 
***
Çayxanada işləri yaxşı getmirdi. Bilo daha aralarında deyildi, Coninin əmisi oğlanlarının əvvəlki
imkanları olmadığından iki-üç daimi müştərilərini də itirmişdilər. Kirayə pulunu belə vaxtında verə
bilmirdilər. Pulsuzluq onları sıxdıqca da Coni başladı təkid eləməyə ki, gedək Rusiyətə. Tikintidə
işləmişik, əlimizdən hər iş gəlir, orda bizə iş tapılar. Yayı işləyib, qışda qayıdarıq. Mən artıq
benzinə, siqaretə pul çatdırmıram, Səmoşdan almalı oluram. O da qürurumu iki paralıq eləyib verir.
Daha başına vurmur ki, şərəfsiz qəlyançəkənlər olmasaydı, mən siqaretə qurşanmazdım. Onların nə
vecinə, tütünü özləri əkir, qurudub saxlayır, qəlyanlarına doldurub tüstülədirlər. Havayı başa gəlir
onlara. Mənimsə evimi yıxdılar, hər ay bir ətək pul verirəm.
Coni haqlıydı. Çayxana artıq pul gətirmir, əksinə, əlavə pul tələb eləyirdi. Coniylə razılaşmalı oldu,
dedi, qoy bayramı keçirdək, istilər düşsün, gedərik.
Pori Səmoşla gec-gec də olsa görüşə bilirdi, çox vaxt təşəbbüs qadından gəlirdi. Qorxu-hürkü
bilmirdi, onunla olmaqdan ötrü özünü gözgörəsi təhlükəyə atırdı. Elə o da belə riskli, təhlükəli
görüşlərdən qaçmaq əvəzinə, sonunu düşünmədən görüşə can atırdı. Səmoş ilə görüşəcəyini biləndə
ölümü gözünün altına alıb gedirdi. Hələlik kimsə onlardan şübhələnmirdi, hər halda o belə
düşünürdü.
Bir axşam yatağa girəndə Əfi etinasız səslə sözarası dedi:
– Mən artıq iybilmə qabiliyyətimi itirirəm. Qoxuları əvvəlki kimi duya bilmirəm. Sən daha Səmoşun
maykasıyla qorxusuz-hürküsüz silinə bilərsən.
– Əfi… – Pori ayaq üstə dayana bilməyib çarpayıya çökdü.
– Nə var? – qadının səsində buz soyuqluğu var idi.
– Sən bilirdin?
– Qadınlar hər şeyi bilirlər. Amma özlərini bilmirmiş kimi aparırlar ki, bəlkə axmaq ərləri başa
düşdü, əməlindən əl çəkdi.
– İndi necə olacaq?
– Səncə necə olmalıdır?
– Başımı kəsəcəksən?
Əfi onun gözlərinin içinə baxmamağa çalışaraq danışırdı, başını kəsməyəcəyəm. Səhəndin atasız
böyüməyinə razı ola bilmərəm. Sən bir müddət mənə yaxın düşmə. Mən düşünməliyəm.
Porini xəcalət təri basmışdı, oturduğu yerdəcə qalmışdı. Neyləyəcəyini bilmirdi. Bir söz tapıb
danışmağa, arvadından üzr istəməyə belə üzü yox idi.
– Əfi, – dedi, – bəlkə də inanmayacaqsan, amma yanlışlıqla oldu. Yoxsa mən heç ağlımın ucundan da
keçirməzdim.
– Nə cür yəni yanlışlıqla? – Əfi iliklərə işləyən istehzayla soruşdu.
– Otaqlarımızı dəyişik saldım.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə