İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə117/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   113   114   115   116   117   118   119   120   ...   142

mənzilini tapmışdı. Qobi oğraşlar tayfasının öhdəsindən gələcəyini düşünürdü. Oğraşlar tayfası isə
daha güclü olmuş, onu öldürmüşdülər.
Geri qayıtdılar. Vanya onların iş axtardıqlarını bilirdi, iş tapmaqda kömək eləyə bilərdi. Amma burda
qalıb işləsəydilər, gec-tez Nadyanı tanıyacaq, Qobinin oğlu olduğunu biləcəkdilər. Bunu isə istəmirdi.
Bu adamlar da Qobiylə eyni bölgədən idilər, evləriylə, ailələriylə əlaqə saxlayacaqdılar. Gec-tez
ağızlarından söz çıxardar, oğraşlar tayfası Qobinin oğlu olduğundan xəbər tutardı. Bu uşağın həyatını
təhlükəyə atmaq olardı.
Vanya onları gecə qonaq saxladı və səhərisi Taqilə yola saldı.
 
 
 


XXVIII. Baba
 
Tüstü hələ uzaqdan görünsün deyə ocağa yaş çırpılar atır, ocaqdan qalxan qapqara tüstü havaya
millənirdi. Qız onun bərabərinə çatıb qayığı sahilə döndərir, zəncirini ağac köklərinə bənd eləyirdi.
Onun üçün çörək, fəsəli, araq gətirirdi. Meşədən göbələk yığıb qızın səbətini doldurur, çaydan balıq
tutur, balıq, göbələk bişirir, çaxır içirdilər. Sonra da ağacların arasına çəkilib sevişirdilər. İki gənc,
sağlam və güclü bədən sevgidən, eşqdən doymurdu.
Qız göbələklə dolu səbəti götürüb gedir, qayığa oturub, sahildən aralanandan sonra ayağa qalxıb
avarı başının üzərində yelləyir, onunla vidalaşırdı. O isə ağlayır, duzlu göz yaşlarını çay boyunca
əsən sərin külək rus torpağına səpirdi.
 
***
Qobinin ölümündən sonra anası Nadyanın yanına köçdü, qadın nəvəsinə çox alışmışdı, ondan ayrı
qala bilmirdi. Sözarası qızına deyirdi, uşaq atasından çox babasına oxşayır. Nadya atasını
görməmişdi, ona görə də anasına haqq qazandıra bilmirdi.
Aliki bağçaya qoymuşdular, Mariya səhər aparıb uşağı bağçaya verir, axşamçağı gedib gətirirdi. Yenə
də nəvəsini bağçada qoyub gələndən sonra samovarı yandırıb çay dəmlədi, çardaqda oturub çay içir,
gənclik illərini, uzaq Azərbaycandan onların bu balaca şəhərinə gəlmiş qarabuğdayı, qayışbaldır
oğlanı xatırlayırdı. Nəyə görəsə son günlər keçmişin xatirələri onu bir anlığa belə rahat buraxmırdı.
Aliklə keçirdiyi günləri, ilk tanışlıqlarını, atasının çayın sahilindəki balıqçı komasında ilk dəfə
Aliklə sevişməsini və sonralar da Aliklə görüşmək üçün təzədən balıqçı komasına, ya da göbələk
yığmaq bəhanəsiylə meşəyə getmək üçün az qala saatları yox, dəqiqələri saymasını xatırlayırdı. Alik
də icazə alıb şəhərə gəlir, vaxtı tamam olana kimi şəhərdə gəzib-dolaşırdılar. Bu cəsur, qorxmaz
oğlan onunla olmaqdan ötrü qorxu-hürkü bilmədən gecələr hissədən qaçır, onun yanına gəlirdi.
Çöl qapısının döyülməsi qadını xəyaldan ayırdı. Ayağa qalxıb qarağat kollarının arasından keçərək
qapını açmağa getdi və qapını açanda qarşısında dayanmış qarabuğdayı, qara saçlarına dən düşmüş
kişini görən kimi də tanıdı. Alik idi. Alik o qədər də dəyişməmişdi, azacıq kökəlmiş, bir də saçlarına
dən düşmüşdü.
– Salam, Məryəm!
Onu tanıyan insanların içində yalnız bir nəfər onu belə çağırırdı. Aliki görəndə bunun yuxu olduğunu
zənn eləyən qadının daha şəkk-şübhəsi qalmadı. Qarşısındakı onun ilk sevgilisi, ilk sevgisi, ilk kişisi,
illərlə xəyallarında, xatirələrində yaşatdığı, həsrətində olduğu həmən o adam idi.
– Salam, – qadın dedi.
– Keçə bilərəmmi?
– Bilərsən, – qadın dedi və qapıdan çəkildi.
Alik içəri keçdi, irəli yeriyib qadını qucaqladı və özünə möhkəm sıxdı. Qadın etiraz eləmir, amma
əllərini də tərpətmir, dinib-danışmırdı. Alik boğuq, pərt səslə danışırdı: “Məryəm, sənin hamilə
olduğunu bilirdim, amma ata-anamdan icazə almadan nə səni apara bilərdim, nə də burda qalıb
səninlə evlənə bilərdim. Dedim, gedim vətənə, oturum valideynlərimlə üzbəüz, hər şeyi danışım,
bəlkə işin nə yerdə olduğunu bilib icazə verələr. Amma nə danışdımsa, nə dedimsə, icazə vermədilər.
Bu neçə ili bircə an olsun belə səni unutmamışam. Elə hey səninlə görüşmək arzusuyla yaşamışam. Bu
gün də səni sağ-salamat gördüyüm üçün xoşbəxtəm!”


Alikin sözləri qadına nəsə təbii təsir bağışlamırdı, elə bil boğazdan yuxarı danışırdı. Səni sağ-
salamat gördüyüm üçün xoşbəxtəm! Niyə xoşbəxt olursan, bəlkə mənim ərim var, indicə artırmaya
çıxıb sənə deyəcək, ey, qafqazlı, arvadımı niyə qucaqlayıbsan? Yoxsa elə güman eləyirsən, bu neçə
ili oturub sizin qadınlar kimi ancaq səni gözləməli, heç kimi yaxın buraxmamalıydım?
Qadın onun qolları arasından çıxdı, amma dəhşət hissiylə dərk elədi ki, bu möhkəm, güclü qolların
arasından belə tez çıxdığına görə peşman oldu. Nəinki Alikə “çıx get, indi gəlməyinin nə mənası var”
deyə bilirdi, əksinə, onun getməsini istəmirdi. Özünə də yad gələn səslə Aliki həyətdəki çardağa
dəvət elədi, çay süzüb gətirdi, qabağına qaymaq, bal, qarağat mürəbbəsi qoydu və birdən yadına
düşdü ki, o vaxt Alikin ən çox sevdiyi məhz qarağat mürəbbəsi idi. İlk dəfə onlara gələndə də anası
onu qarağat mürəbbəsi ilə çaya qonaq eləmişdi.
Keçib Aliklə üzbəüz oturdu.
– Alik, – dedi, – mənim qarşımda özünü təmizə çıxartmağa borclu deyilsən. Elə oldu, belə oldu
deməyin də lazım deyil. İndi bunların mənası yoxdur. Olan olub, keçən keçib. Bu dediklərin heç nəyi
dəyişmir. Niyə gəlibsən, onu de.
– Məryəm, mən sənin qarşında günahkaram, – Alik dedi, – sənə qarşı haqsızlıq eləmişəm. Bütün bu
illər boyu ancaq və ancaq səni görməyi, səndən məni bağışlamağını xahiş eləməyi düşünmüşəm. Ona
görə də gəlmişəm. Səndən üzr istəyirəm, məni bağışlamağını xahiş eləyirəm! Əgər icazə versəydin,
bilmirəm, oğlumuz olub, ya qızımız, uşağımızı da görərdim. Bunu çox, lap çox istəyirəm. Yox, razı
deyilsənsə, çayımı içib çıxıb gedirəm.
Alik soyumuş çayından bir qurtum içdi, hələ cavanlıqdan onun üz ifadələrinə yaxşı bələd olan Mariya
çayın soyuduğunu başa düşdü, ümumiyyətlə, onlardan fərqli olaraq, Alik çayı az qala qaynar içirdi,
samovardan süzdülərmi, soyumasını gözləməzdi. Mexaniki bir hərəkətlə fincanı onun qarşısından
götürüb çayını təzələdi.
Alik çaydan bir qurtum da içib sözünə davam elədi: “Məni orda evləndirdilər, arvadımla elə ilk
gündən bir-birimizə yad adamlar olduğumuzu başa düşdük. Boşanmağı qərara almışdım ki, arvadımın
hamilə olduğundan xəbər tutdum. İkinci qadını da həmilə atıb getməyi özümə sığışdırmadım. Dedim,
qoy uşaq olsun, sonra, bu qədər dözmüşəmsə, beş-altı ay da dözərəm. Uşaq oldu, qadını südəmər
körpəylə təkbaşına buraxmağa vicdanım yol vermədi. Sonra qızım oldu. Boşanmış ailədə yaşayan
uşaqların hansı çətinlikləri çəkəcəyini fikirləşib, boşanmanı təxirə salırdım. Oğlumu evləndirdim,
qızımı ərə verdim və boşandıq. Tək-tənha qalandan sonra bura gəlməyi qərara aldım. Sözün düzü,
səni tapacağıma, sənin hələ də bu şəhərdə yaşadığına ümidim yox idi. Amma düşünürdüm, lap səni
tapa bilməsəm də, o yerləri bir də görərəm. Gəzib-dolaşaram. Beləcə də gəldim. Hə, Məryəm, sən
danış. Məndən sonra neylədin? Çoxmu çətinliyin oldu? Atan-anan necədirlər?” “Atam-anam artıq
dünyalarını dəyişiblər, – qadın dərin hüznlə dedi və köks ötürdü. – Nə qədər sağdılar, elə də
çətinliyim olmurdu, hər işimdə yardımçı olurdular. Amma onlardan sonra çətinliklərim çox oldu.
Uşağa baxan yox idi, mənsə işləməli, balamı və özümü dolandırmalıydım. Evə kişi lazım idi, yoxsa
elə hər yüz qram içən bizim evə qaçırdı. Biriylə tanış oldum, o da sərxoşluğa qurşandı, faydasını
görmədim, amma ondan lap çox çəkdim. Sərxoş vəziyyətdə də körpüdən yıxılıb ölmüşdü. Nadya da
böyüdü, onun da birinci əri sərxoşluğa qurşandı. Ayrıldılar, yazıq qız bu sərxoş lənətə gəlmişi
xatırlayanda dəli olurdu. İkinci əri isə sizlərdən idi, amma o sənin kimi deyildi, yaxşı adam idi.
Nadyanın qədrini bilir, ona dəyər verirdi. Bir oğulları da oldu. Heyif ki, bu evliliyinin də ömrü uzun
olmadı. Onu da sizin yerlərdən gələn hansısa tayfanın quldurları güllələyib öldürdülər. Bu tayfa ilə
qan davaları var imiş. Nadya indi işdədir, nəvəm isə bağçada”.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə