İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə119/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   115   116   117   118   119   120   121   122   ...   142

Alik qollarını geniş açıb qızını qucaqladı. Həyatın hər üzünü görməsi, çoxlu ağrı-acılar çəkməsi onun
ürəyini bərkitmiş, sərtləşdirmişdi. Kövrəlməyi, ya da duyğulanmağı nadir hallarda olardı. İndisə göz
yaşlarını saxlaya bilmirdi. Onlara baxan Mariya da ağlayırdı.
Qızıyla, nəvəsiylə arasına çəkilən soyuqluq, yadlıq pərdəsi Alikin gözlədiyindən tez aradan
götürüldü. İndi artıq uşağı bağçaya babası aparıb-gətirir, Mariyanı əziyyətə salmırdı. Qızının iş
yerinə gedib işləriylə, iş yoldaşlarıyla da tanış olmuşdu. Nadya onu, bu yaraşıqlı kişini iş
yoldaşlarına təqdim eləyəndə sevincindən ürəyi köksünə sığmırdı. Bircə Mariya ilə münasibətləri
əvvəlki kimiydi. Qadın onunla soyuq davranır, yad adam kimi rəftar eləyirdi. Hətta Nadya da anasına
irad tuturdu. Ay ana, mən dedim, tələsmə, qoy dəridən-qabıqdan çıxsın, amma sən barıtını lap çox
eləyirsən.
Qadın isə qızarır, qızını hədələyərək qovurdu.
Bir axşam Alik nəvəsinin yatdığını, Nadyanın da yaxınlıqda olmadığını görüb Mariyanın qulağına
pıçıldadı:
– Axşam gələrsən.
– Yox! – qadın qorxmuş halda etiraz elədi.
– Gələrsən! – Alik səsini qaldırdı.
Qadın uzun illər öncəsi Alikin onunla necə danışmasını xatırladı. Məhz onda da səsində belə
amiranəlik, qətiyyət olardı və Mariyaya elə gəlirdi, yenə də eşitdiyi illərin öncəsindən gələn həmin
səsdir.
– Yaxşı, – söz verdi.
Mariya gecədən bir qədər keçmiş Alikin otağına getdi. İlk dəfə çayın sahilindəki balıqçı komasında
nə qədər həyəcanlıydısa, nə qədər təşviş keçirirdisə, indi də o qədər həyəcanlıydı, təşviş keçirirdi.
Elə həmən o uzaq, çox uzaq gündə balıqçı komasında həzz dolu gözəl anları necə yaşamışdısa, bu
gecə də elə həmən xoş anları yaşadı.
Bununla da evdə hər şey qaydaya düşdü, uzun illər sonrası ilk dəfə olaraq Mariyanın üz-gözündən,
sir-sifətindən kədər kölgəsi çəkilmişdi, gözləri gülürdü. Tezdən Nadyanı işə yola salırdılar, Alik
nəvəsini bağçaya aparır, Mariya evi səliqə-sahmana salır, sonra isə şəhəri gəzməyə çıxırdılar. Nadya
atasına demişdi, ata, ürəyiniz istəyən kimi gəzib-dolaşın, harda xətriniz istəsə nahar eləyin, pulunu
mən verəcəyəm. Hələ bir ona pul da vermək istəmişdi. Alik isə qəti etiraz eləmişdi. Qızım, mənim
pul sarıdan korluğum yoxdur. Orda dükanlarım var, icarəyə vermişəm, bura da bəs qədər pul
götürmüşəm.
Əvvəlcə Mariyanın öz evinə getdilər, çayın sahilindəki balıqçı komasından sonra ən çox bu evdə
görüşürdülər. Alik gecələr hissədən qaçıb gəlir, Mariyanın ata-anasını oyatmamaq üçün hasardan
aşır, bağdan keçib, bağa baxan pəncərədən Mariyanın otağına qalxırdı.
Mariya arada gəlib evə baxar, fəhlə tutub həyət-bacanı, bağı təmizlətdirərdi. Təzəlikcə Nadya
hasarları təmir elətdirmiş, evin divarlarını rənglətdirmiş, damının dəmirini təzələmişdi. Evin belə
yaxşı qalması Aliki çox sevindirdi. Birlikdə evə keçib Mariyanın otağına baxdılar. Bu otaqda hər şey
öz yerindəydi, hətta pəncərənin qabağındakı ağcaqayın da elə o vaxtkı kimi ağappaq cavan gövdəsi
ilə göz oxşayırdı. Ağcaqayının illər sonrası belə cavan qalması, heç dəyişməməsi Aliki
heyrətləndirmişdi. Mariya gülərək dedi, o ağcaqayını yeddi-səkkiz il bundan əvvəl külək aşırdı.
Yerinə təzəsini əkmişəm.
Mariyanın çarpayısının üstündə oturmuşdular, Alik qadının çiynini qucaqlamışdı, pəncərədən bağa,
ağcaqayının ağaran gövdəsinə, yaşıl çətirinə baxır, ötən günləri xatırlayırdılar. Mariya onu necə


gözlədiyini, o gələnə kimi pəncərənin qabağına neçə dəfə gəlib bağa baxmasını danışırdı.
Alik qadını qucaqlayıb öpməyə başladı. Uzun illər sonrası keçmiş Sovet ordusunun əsgəri və rus qızı
yenidən həmən evdə, həmən otaqda sevişirdilər. Yenə də günəş şüası ağcaqayının tər, yaşıl yarpaqları
arasından özünə yol taparaq otağa süzülür, üst-başlarında oynaşırdı.
Sonra gül aldılar, şəhər qəbiristanlığına gedib, Mariyanın ata-anasının qəbirlərinə baş çəkdilər. Alik
bu sadə, vicdanlı, əllərinin zəhmətiylə dolanan xeyirxah rus insanlarını minnətdarlıq hissiylə
xatırlayırdı. Burdan cavanlıqda birlikdə kinoya baxdıqları kinoteatra gedib kinoya baxdılar, naharı
qafqazlıların yeməkxanasında yedilər.
İstirahət günü ailəlikcə çayın sahilinə, Qobinin qəbrinə baş çəkməyə getdilər. Alik təpədəki nəhəng
başdaşının yanında oturmuşdu, hədsiz kədərlənmişdi, cavanlıqda çox gəzdiyi bu yerlərə baxır,
qəlbində gövrək hisslər baş qaldırır, sonsuz qüssə qəlbini didirdi.
Şəhərə qayıtdılar, Alik balıq, ət alıb kabab bişirdi. Qobinin ölümündən sonra bu həyətdə manqal
yandırılmamış, kabab bişirilməmişdi. Nadya kababı bəyəndi, ata, yaxşı bişiribsən, dedi, amma,
məncə, Qobinin bişirdiyi kabab daha ləzzətli olurdu.
Mariya başını yırğaladı. Qızım, burda kabablıq bir iş yoxdur, dedi. İnsanın sevdiyi yanında olanda
onun üçün hər şey gözəl, ləzzətli olur. Olmayanda isə, necə yaşasa da, nə yeyib-içsə də, əvvəlki tək
ləzzətli, gözəl olmur. Hər şeyin dadı-duzu qaçır.
Yeməkdən sonra çay süfrəsi arxasında Alik Mariyaya dedi, onda mənim sənə ən çox vəd elədiyim nə
idi, yadındamı?
Mariya gülümsədi, sifətində xəfif kölgələr oynaşdı, əlbəttə, yadımdadır. Məni isti dənizə
aparacaqdın, isti sularda çiməcək, isti qumluqlarda özümü günəşdə yandıracaq, qağayıların bizim
üçün oxuduğu məhəbbət haqda mahnılara qulaq asacaqdım.
Alik təsdiq elədi, elədir, mənsə artıq unutduğunu zənn eləyirdim. Onda əməl eləyə bilmədiyimə indi
əməl eləmək istəyirəm. Bakıda, dəniz sahilində bağım var, hər cür şəraiti olan ikimərtəbəli gözəl
villa tikmişəm. Gedək, on-on beş gün dincəlin, dənizdə çimin, özünüzü günəşdə yandırın, yenə
qayıdıb gələrik.
Mariya ağzını açmağa macal tapmamış Nadya coşqun sevinclə razılığını bildirdi, hələ bir anasını da
dilə tutmağa başladı. Gedək, ana, dedi, mən onsuz da bu yay isti ölkələrdən birinə, dəniz sahilinə
getmək istəyirdim. Qobiylə bir dəfə Türkiyəyə getmək fikrimiz var idi, amma baş tutmadı. Bir halda
atamın orda dəniz sahilində bağı, evi var, niyə də getməyək? Dəniz, günəş Alik üçün də xeyirlidir.
Mariya razılıq verdi və üç gündən sonra Çelyabinskə gəlib, ordan Bakıya uçdular.
Alik düz deyirmiş, onun bağı dənizin sahilində idi, külək qalxanda ləpələr gəlib sahildəki qarajın
qapısını yuyurdu. Bağda artıq üzüm, əncir yetişirdi. Gündüzlər dənizdə çimir, isti qumluqlarda uzanıb
günəş vannası qəbul eləyirdilər, axşamlar isə Alik onları maşınıyla şəhərə aparır, şəhərin məşhur
restoranlarında şam eləyirdilər. Günlərin necə keçdiyini hiss eləmirdilər.
Bir gün Nadya dənizdə çiməndə adamı ilk baxışdan özünə çəkən, suyuşirin, yaraşıqlı bir oğlanla tanış
oldu. Oğlan şəhərdə hansısa bankda işləyirdi, bir aylıq məzuniyyətə çıxmış, amma dincəlmək üçün
xarici ölkələrə getməmiş, bu kiçik qəsəbəyə gəlib bağ evi kirayələmişdi. Tanışlıqlarından heç iki-üç
gün keçməmiş nahardan sonra oğlan onu yaxınlıqdakı kirayə qaldığı evinə dəvət elədi. Nadya oğlanın
onu nə üçün dəvət elədiyini yaxşı bilsə də, yox demədi. Oğlana qoşulub onunla getdi və evdə də ona
yox demədi. Qobinin ölümündən sonra kişilərlə hər cür yaxınlıqdan qaçan Nadya belə qısa müddətdə
tanış olduğu oğlana asanlıqla təslim oldu.
Evdən çıxıb təzədən dənizə qayıdanda Nadya özünə məəttəl qalmışdı, oğlanın təklifini heç


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə