İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə121/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   117   118   119   120   121   122   123   124   ...   142

dedi ki, gedək, qalan pulu mən verəcəyəm.
Yola düşdülər. Uzun, yorucu yol idi. Gecə olmasına baxmayaraq, hava isti, bürkülü idi, çöldən
içəriyə yovşan qoxulu isti hava vururdu. Hələ yaxşı ki, Alik yol boyu yatdı, elə də incimədi. Sürücü
yolda saxladı, üz-gözlərini yuyub, soyuq su aldılar və təzədən yollarına davam elədilər.
Onlar bu ucqar əyalət şəhərinə çatanda artıq günəş qarşıdakı dağlardan ayrılıb bir qədər yüksəlmişdi.
Orta yaşlı, son dərəcə mehriban, qayğıkeş insan olan sürücü onu gətirib “Dağ çiçəkləri” çayxanasının
qarşısında düşürtdü.
Nadya maşından düşüb içəri keçdi, içəridə adam az idi. Çayçı isə yaşlı adamdı. Bu yaşda adam
Qobinin döyüşçü dostu ola bilməzdi. Nadya onunla salamlaşıb Porini, Conini soruşdu. Kişi dedi ki,
bu çayxana mənimdir, onlar icarəyə götürüb işlədirdilər, amma çayxananı təhvil verib Rusiyətə
getdilər. İndi də Rusiyətdədirlər.
Nadya eşitdiyi xəbərdən sarsıldı. Belə çıxırdı ki, bu qədər yolu nahaq gəlmişdi. Kişi onun vəziyyətini
hiss eləyib dedi, özləri getsələr də, ailə-uşaqları burdadır. İstəsən, səni Porinin evinə apara bilərəm,
harda olduqlarını bilirəm.
Nadya dərhal canlandı, həvəslə razılıq verdi və kişi onu öz maşınıyla Porinin evinə gətirdi. İstirahət
günü olduğundan Əfi evdəydi, amma rus dilini zəif bildiyindən Nadyanın nə istədiyini, kim, nəçi
olduğunu elə də yaxşı anlaya bilmirdi. Səmoşu çağırdı və ondan fərqli olaraq, rus dilində yaxşı
danışan Səmoş qızın kim olduğunu, bura niyə gəldiyini deyəndə Əfi Nadyanı arxayınlaşdırdı, narahat
olma, ən doğru, düzgün seçimi eləyibsən. Mənim evimdə bir kimsə sənə toxuna bilməz.
Səmoş qonaq üçün çay qoydu, səhər yeməyi üçün süfrə açdı. Əfi isə atasına zəng eləyib gəlməsini
xahiş elədi.
Nadyanı sorğu-suala tutmuşdular, Nadya da bütün suallara cavab verir, onları maraqlandıran hər şeyə
aydınlıq gətirirdi. Qobinin ölümü onlara ağır təsir elədi. Poriylə Coni gedib Rusiyətdə Qobini
tapacaqlarına çox ümidliydilər, amma Qobi isə artıq sağ deyilmiş, bu lənətə gəlmiş tayfa onu tapıb
öldürə bilmişdi. Atasını öldürmüşdülər, bunlara azlıq eləyirdi, indi də oğlunu öldürmək istəyirdilər.
Uşağın adınının Alik olduğunu öyrənəndə Əfi heyrətləndi:
– Nə əcəb, Qobi oğluna Alik adı qoyub?
– Adını atası qoymayıb, anam qoyub. Alik atamın adıdır, o vaxt Azərbaycandan bizim şəhərə hərbi
xidmətə gəlibmiş, anamla da orda tanış olublar. Qobidən olsaydı, uşağın adını Dəniz qoymaq
istəyirdi, deyirdi, ulu babalarım dənizin sahillərində yaşayırmışlar, ordan köç eləyib dağlara
gediblər. Oğlumuzun adıyla bu tarixi yaşatmasını istəyirdi. Amma anam uşağa atamın adının
qoyulmasını xahiş eləyəndə etiraz eləmədi. Qərara almışdıq, ikinci uşağımız olanda onun adını Dəniz
qoyaq, amma olmadı.
Səmoş təəssüflə gülümsəyirdi, üç dostun üçünün də arzusu ürəyində qaldı, heç biri öz oğluna istədiyi
adı qoya bilmədi. Hər üçünün oğluna arvad tərəfi ad qoydu. Evlərində babalarının köç tarixini öz
adında yaşadan balaları olmadı.
Çöl qapısı ağzında bir maşın dayandı, maşından iki nəfər düşüb həyətə keçdi. Əfi artırmanın
pəncərəsini açıb kim olduqlarını soruşanda qabaqda gələn topasaqqal, yekəburun cavan oğlan dedi:
– Bu evə bizim qan düşmənimizin arvadıyla oğlu gəlib. Qadınla işimiz yoxdur, amma oğlanı bizə
verməlisiz.
Əfi evə qaçdı, divardan asılan qoşalülə tüfəngi götürüb artırmadan onlara tuşladı.
– Mən başkəsənlərin qızıyam, – dedi, – bu evdən sizə heç kim verilməyəcək. Cəhənnəm olun, gedin,
yoxsa irəli bircə addım da atsanız, beyninizi havaya sovuraram!


Topasaqqal özünü itirdi.
– Sizinlə işimiz yoxdur, – dedi, – biz yalnız uşağı istəyirik. Bizi tüfənglə qorxutmayın, hələ maşında
da beş nəfər var, uşağı verməsəniz, bu evin daşını daş üstə qoymayacağıq.
Söhbətin nə ilə qurtaracağı məlum deyildi, yaxşı ki, Əfinin atasını gətirən maşın da çöl qapısının
ağzında dayandı, kişi maşından düşüb həyətə keçdi. İşin nə yerdə olduğunu öyrənəndə hirslə dedi:
– Bizlər heç oğraşlar tayfasının ağsaqqalları ilə oturub müzakirə aparmarıq, qalıb uşaq-muşaqla
nəyisə müzakirə eləyək. Gedin, ağsaqqalınızı çağırın, görüm nə istəyirsiz?
Oğraşlar tayfasının adamları onu tanıdılar, bir söz demədən çıxıb getdilər və çox çəkmədən öz
ağsaqqalları ilə qayıdıb gəldilər. Çəliyinə söykənib xırda addımlarla yeriyən, ağappaq saqqallı, qıyıq
gözlərindən hiylə və qəzəb yağan qoca Rusiyada Vanyanın öldürdüyü qocanın kiçik qardaşı idi.
– Bizim başkəsənlərlə işimiz olmaz, – dedi, – onların yolu üstə çıxmadıq, çıxmarıq da. Amma bu
evdə bizim qan düşmənimizin oğlu gizlənir, onun atası az qala bizim nəslin kişilərinin yarısını
öldürüb. Biz bu uşağı öldürməliyik, yoxsa qan düşmənimizin nəsli artıb çoxalar, oğraşlar tayfasının
yeni düşmənləri əmələ gələr. Biz buna imkan verə bilmərik. Siz bizi başa düşməlisiz.
Başkəsənlər tayfasının ağsaqqalı oğraşlar tayfasının qarşısında qaya parçası kimi dayanmışdı.
Görkəmindən qürur, məğrurluq yağırdı. Göy gurultusuna bənzəyən səslə dedi:
– Oğraşlar tayfası, siz bizim yolumuzun üstünə çıxmayıbsız, bundan sonra da çıxmağınızı məsləhət
görmürəm. Bu günə qədər bizdən kömək istəyən bir nəfərə belə yox demədik, bundan sonra da
demərik. Bizə uzadılan bircə əli belə geri çevirmədik, bundan sonra da çevirmərik. Bizə pənah
gətirən, bizdən sığınacaq istəyən bir nəfəri belə bir kimsəyə vermədik, bundan sonra da vermərik. Bir
kimsə bizim qonağımıza toxuna bilməyib, bundan sonra da toxuna bilməz! O qadın uşağıyla birlikdə
mənim qızımın evinə pənah gətiribsə, artıq bütün başkəsənlərin qoruması altındadır. Əgər bundan
sonra o uşaq ya öz əcəliylə, ya da qəzayla ölsə, biz bunun hesabını sizdən soruşacağıq. Bu uşağın
atası, adi bir adam təkbaşına sizin tayfanın kişilərinin yarısını öldürübsə, başkəsənlərin bircə nəfəri
hamınızı yer üzündən silə bilər. Siz necə tayfasınız? Bütün bölgəni hörmətdən salırsız! Biz
düşmənimizlə düşmənçilik eləmişik, amma onun arvadına, uşağına toxunmamışıq. Düşməni kim
olursa olsun, bir başkəsən uşağa əl qaldırmaz, uşaq başı kəsməz!
Qoca başını yırğaladı, məyusluq və pərtlik dolu səslə dedi:
– Bu uşağı başkəsənlər öz himayələrinə götürüblərsə, biz ona toxunmarıq. O daha bizim qan
düşmənimiz hesab olunmur. Mən bu torpaqda, balıq başı yeyənlər tayfası ilə oğraşlar tayfası arasında
barışıq, sülh elan eləyirəm. Amma kimin nə vaxta qədər yaşayacağını, harda və necə öləcəyini biz
bilə bilmərik. O uşaq nə vaxtsa ölərsə, ya da öldürülərsə, bunun səbəbkarı biz olmayacağıq.
Qoca sözünü deyib geri döndü. Oğraşlar tayfasının adamları maşınlara minib getdilər. Kənddə qoca
tayfanın bütün kişilərini bir araya toplayıb dedi: “Mən bu gün rüsvayçı, bizi əcdadlarımızın yanına
üzüqara getməyə məcbur eləyəcək sülhə razı oldum. Onsuz da o itin hesabına çoxlu itkilər vermişik,
tayfamız əvvəlki gücünü, qüdrətini itirib. Başkəsənlərlə müharibə bizim sonumuzu gətirər. Bu qəddar
və rəhmsiz tayfaya müharibə üçün əsas verə bilmərik. Əlimizdən gələn yalnız bu tayfanı tezliklə yer
üzündən silsin deyə Allaha dua eləməkdir”.
Əfinin atası isə kəndə zəng eləyib iki nəfər çağırdı. Adamlar gələndən sonra Nadyaya dedi: “ Bundan
sonra oğluna görə narahat olmaya bilərsən, ona daha heç kim toxuna bilməz. Oğraşlar tayfası bu
uşağın həndəvərinə belə yaxın düşməyəcəklər. Səni isə tez yola salmaq lazımdır, polisin duyuq
düşməsindən ehtiyat eləyirəm”.
Kişi həmən gün Nadya ilə oğlunu kənddən çağırdığı iki nəfərlə birlikdə Gürcüstana yola saldı, onlar


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə