İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə129/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   125   126   127   128   129   130   131   132   ...   142

– Bu, pul söhbəti deyil, bu oğraşı öldürməliyəm. Ölüsünü də aparıb şöbəyə təhvil verəcəyəm. Orda
onu başa salarlar, başa düşər, vəzifə başında olan adımın başına işəmək nə olan şeydir?
– Sənin ağlın yoxdur, – İbo hirslə dedi, – polisə aparacaqsan, deyəcəksən, üstümə işədi, ona görə
gətirmişəm? Rüsvay olarsan, ölənə kimi lağ elərlər! Bir kimsə daha sənə yaxın durmaz, səninlə çörək
kəsməz. Al pulunu, çıx get, çox da yaxına gəlmə. Bağırdıqca, titrəyirsən, üst-başımıza da sıçradarsan.
Kişi bir anlığa duruxdu, nə qədər hirsli olsa da, İbonun sakit səslə dedikləri onu özünə gətirdi. Onları
söydü və kolun aşağısından axan kanala doğru qaçdı.
Maşına oturub aradan çıxdılar, İbo gülürdü, Vasya, sənin də ay bəxtin varmış ha, yol kənarında
minlərlə kol, ağac, gedib birinə işəyirsən, ordan da radarçı çıxır.
Vasya da boynunu burur, hələ də radarçıdan canını belə asanlıqla qurtardığına inana bilmirdi.
Təyyarədən axşam düşmüşdü, başkəsənlərin kəndinə çatanda isə səhər açılırdı. Pori dostlarına
hələlik maşında oturmağı tapşırıb, özü maşından düşdü.
Böyük qaynı onun suallarına cavab vermək əvəzinə, onun niyə başqa maşınla gəldiyini soruşdu və
səbəbini öyrənəndə başını yırğaladı. Yeznə, istehzayla dedi, sən yerini bilmirsənsə, bu bizim
günahımız deyil. Sən bizimlə bir cərgədə, sırada oturmadın, bundan sonra da otura bilməzsən. Sənə
harda yer göstərirlərsə, orda da oturmalısan.
Vəssalam, ona cavab verdilər. O isə azından böyük qaynının ona hörmətsizlik eləyən bu uşaqları
danlayacağını gözləyirdi. Həmişə olduğu kimi, güzəştə getdi, heç olmaya “Yer göstərdilər, amma mən
başkəsənlərin göstərdikləri yerdə oturmadım” deyə bilmədi.
Əfinin qəzada necə həlak olmasını da danışdılar, qız-gəlinlə birlikdə gəlini gətirməyə gedibmiş.
Gəlini gətirib gələndə onun olduğu maşın sürüşüb, yolun aşağısındakı çaya düşüb. Maşında beş nəfər
var imiş, heç birinə heç nə olmayıb, bircə Əfi ölüb.
Uzun yolun yorğunluğu, qayınlarının ona qarşı haqsız davranışları Porini hədsiz duyğulandırmışdı.
Özünü saxlaya bilməyib için-için ağlamağa başladı. Ağlayıb sakitləşəndən sonra qaynına dedi,
dostlarım da mənimlə birlikdə yasa gəliblər, biri yəhudi, digəri rusdur. Onlar yasda iştirak eləsələr,
burda kiminsə xətrinə dəyməz, söz-söhbət olmaz ki? Qənd-çay da alıblar, maşındadır.
Qaynı onu qəzəblə süzdü, başımız, gözümüz üstə yerləri var. Başkəsənlər qapılarından içəri ayaq
basan qonaqdan hansı dindən, hansı millətdən olduqlarını soruşmazlar. Biz insanları millətlərə,
dinlərə yox, yaxşıya, pisə, mərdə, namərdə ayırarıq. Hələ bir bizi ağırlayıb bacımızın yasına da
gəliblərsə, çiynimizə yük qoymuş olurlar. Başkəsənlər də onların xeyrində-şərində iştirak eləməyə
borcludurlar. Sən birinci onları maşından düşürdüb, onlara yer göstərməliydin. Əziyyət çəkiblər, heç
nə almaq lazım deyildi, amma alıblarsa, sağ olsunlar. Uşaqlara tapşıraram, götürərlər.
Qaynı maşına yaxınlaşıb qapısını açdı, İboyla, Vasya ilə görüşdü, onları evə aparmağı tapşırdı.
Yalnız bundan sonra ona dedi: “Biz bacımızı qohum-əqrəbasının, tayfasının yanında, öz
qəbiristanlığımızda dəfn eləmək istəyirik. Yad qəbiristanlıqda, yad adamların yanında dəfn
olunmasına razı deyilik. Amma bu bizim fikrimiz, əri sənsən, nə desən, o da olacaq. Harda istəsən,
orda dəfn olunacaq. Düşün, qərarını ver. Biz səni gözləyirik”.
Bu tayfadan çox çəkmişdi, hətta bacılarının ölüm günü belə öz iddialarını yerə qoymamışdılar. İstədi
desin, bir halda mənlikdir, mən öz yaşadığım yerdə, öz yaşadığım şəhərin qəbiristanlığında dəfn
elətdirmək istəyirəm. Mənə nə sizin istəməyinizdən, ya da razı olmamağınızdan? Amma düşünəndə
bununla başına iş açmış olacağını da başa düşürdü. Meyiti aparıb öz qəbiristanlıqlarında dəfn
elətdirsəydi, arvadına ehsan verməli, yas çadırı qurub, gələnləri yola salmalıydı. Belə işlərin
təşkilatçısı olan Bilo yox idi, onun da əlindən gəlmirdi. Başkəsənlər hər işə mız qoyacaqdılar,


neyləsəydi də, bu adamların ürəyincə olmayacaqdı. Bu adamları bir il ərzində ətrafında, yan–
yörəsində görəcəkdi. Həm də özü qürbət eldən gəlirdi, qürbətçiliyin nə olduğunu bilirdi. Onu burdan
aparmaq, ailəsindən uzaqda, yad qəbiristanlıqda dəfn eləmək insafsızlıqdı. Ən əsası da bu qadının
indiki halıyla, ona olan münasibətiylə hətta ölüsünün belə ondan uzaq olmasını istəyirdi.
– Burda dəfn olunsun, – dedi, – öz qəbiristanlığınızda. Mən onun öz doğmalarının yanında uyumasını
istəyirəm. Həm də bunu sizin razı olub-olmamağınıza görə yox, onun özünə görə istəyirəm.
Oğlunu da gətirdilər, başında eynilə onun başındakı kimi üç ağ zolaq olan bu balaca varlığı
qucaqlayıb özünə sıxmışdı. Uşaq üçün anasızlığın necə çətin olacağını bilir, oğluna görə qəlbi
ağrıyırdı. Uşağın saçlarını sığallayır, darıxma, oğlum, deyirdi, hər şey yaxşı olacaq.
Əfini başkəsənlərin qəbiristanlığında dəfn elədilər. Yelqovanlar, duzəkənlər, qəlyançəkənlər, Səmoş
da gəlmişdi. Onun gözləri hər yerdə məhz bu qadını axtarırdı. Fürsət düşəndə bir kənara çəkib dilucu
salamladı və Coninin göndərdiyi pulu verdi. Səmoş da gülümsəyərək evinin açarını ona verdi, Əfi
kəndə gələndə veribmiş və Pori daha Səmoşu görə bilmədi.
Adamlar dağılışandan sonra Pori qəbrin yanında dayanıb pıçıltı ilə deyirdi, hə, Əfi, tez qayıtmağımı
istəyirdin, mənimlə tamam başqa mövzularda ciddi söhbətlər eləyəcəkdin. Mən qayıtdım, amma sən
artıq yoxsan. Aramızda ciddi söhbət olmayacaq. Heç bir mövzuda. Məni bağışla, mən sənin yanında
günahkaram, sənə xəyanət eləyirdim. Amma bu, başımın kəsilməsi üçün bir kimsəyə əsas verə
bilməzdi. Sənə də. Uzaqbaşı ayrılardıq, hərə öz yoluyla gedərdi. Sizlərsə adama şans tanımırsız ki,
getməyi üçün bir yol qoymursuz ki! Sənin ölümünə elə də heyifsilənmirəm, sən sağ qalsaydın, mən
vətənə qayıtmayacaq, soyuq, qürbət eldə, yad torpaqda həyata əlvida deyəcəkdim. Yalnız sənin
ölümün mənim bura qayıtmağıma səbəb oldu. Daha soyuq torpaqda yox, öz torpağımızda öləcəyəm.
Həyətdə iki yerdə böyük çadırlar qurulmuşdu, biri kişilər, biri də qadınlar üçün. Heyvanlar kəsmiş,
qazanlar asmış, samovarları yandırmışdılar. Çadırlar böyük olduğundan mollalar səsgücləndirici ilə
danışırdılar. Kişi çadırında molla danışmağa başlayanda qadınlar çadırında hamı susur, hətta
ağlaşmanı da kəsirdilər. Gen-bol ehsan verir, dəfnə gələn bircə nəfəri belə yemək yemədən
buraxmırdılar. Porinin qayınları əllərini ağdan-qaraya vurmur, yalnız qonaqları qarşılayıb yola
salırdılar. Bütün işləri digər ailələrdən olan başkəsənlər görürdülər.
Qaynının dediyi kimiydi, İboyla Vasyaya böyük hörmət, ehtiram göstərirdilər. Onlar dəfndən dərhal
sonra getmək istəyirdilər, amma qaynı buraxmadı. Yalnız nahar eləyəndən sonra getmələrinə icazə
verdi. Dostları onunla görüşüb getdilər.
Axşam Əfinin necə ölməsi haqda qaynının dedikləri yadına düşəndə: – Bəs sürücü necə olub? – deyə
soruşdu. – Polis bilirmi, barı cəzasını alıbmı?
Böyük qaynı onu nifrətlə süzüb dedi: “ Bir də bu haqda danışma. Sürücünün bu işdə günahı yoxdur,
maşın donmuş yoldan sürüşüb, o özü də ölə bilərdi, amma salamat qurtarıb. Bu hər adamın başına
gələ bilər. Biz indiyə kimi nə dostumuzu, nə düşmənimizi polisə verməmişik, bundan sonra da
vermərik. Əfinin çaya gedərkən yıxılıb başının daşa dəydiyini demişik. Polis qəza haqda heç nə
bilmir, lap istəsə də, öyrənə bilməz. Bu kənddə kimsə polisə bu haqda heç nə deməz. Dostumuz da,
düşmənimiz də”.
Arvadının yeddisindən sonra şəhərə qayıdanda oğlunu da özüylə aparmaq istəyirdi, amma oğlu
onunla getməyə razı olmadı, nənəsiylə qaldı. Onun burda olmadığı müddətdə uşaq nənəsinə, babasına,
dayılarına elə alışmışdı ki, ona yaxın düşmürdü.
– Narahat olma, biz ona səndən yaxşı baxırıq, – böyük qaynı dedi, – uşaq sənindir, haçan istəsən, gəl,
apar. Amma hələlik bizdə qalsa yaxşıdır, burda ona baxan olacaq, sənin üçünsə tək çətin olar. Evdə


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə