İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə134/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   130   131   132   133   134   135   136   137   ...   142

demək istəmədiyin o başqa şey haqda da. Onda ona bol ehsan verin, özü də yeməyə gedə bilməsə,
evinə gətirin. Qoy şəhərdəki adamların hamısının axırına çıxsın! – sonra sözünə ara verib soruşdu. –
Bəs qarğalar neyləyir?” “İnanmayacaqsan, sən gedəndən cəmisi bir həftə sonra uçub getdilər, bir daha
qayıtmadılar”. “İnanaram, niyə inanmaram? Səmoş, dən verməyibsən, ona görə gediblər”.
“Verməmişəm, – qadın etiraf elədi, – niyə də verməliyəm? Toyuqlara dən çatdıra bilmirəm, çölün
qarğalarına hardan tapım? Narahat olma, sən qayıdan kimi onlar da qayıdacaqlar. Özün deyibsən də,
harda canavar var, orda da qarğa var!” “Amma söz vermişdin! – Coni qışqırırdı. – Nə isə,
qayınpedərim neyləyir, hələ yaşayır?” “O nə sözdür? – Səmoş hirsləndi. – Nəyə görə də
yaşamamalıdır?” “Nəyə görəsini mənmi sənə deməliyəm? Sən özün bilmirsən? Onə görə
yaşamamalıdır ki, onu tayları artıq yaşamırlar, isti torpağın altında yatırlar. Hələ mən orda olanda
təzyiqi qalxırdı, düşmürdü. Nə oldu, təzyiq də öhdəsindən gəlmədi? Elə insanlarla bir həyatda
yaşadığımı, bir işıqlı dünyanı bölüşdüyümü fikirləşəndə, həyat da, dünya da gözümdən düşür!”
Səmoş isə artıq telefonu söndürmüşdü, Coni boşuna danışırdı.
Qanları qaralmış halda işə başladılar, Nahidi araq almağa göndərmək istəyirdi, amma fikrindən
daşındı. Gedib yenə özünü döydürərsən, dedi, sən işlə, mən özüm gedirəm. Tez gələcəyəm.
Coni araq alıb qayıdanda yeddi-səkkiz nəfərin Nahidi yerə yıxıb döydüklərini gördü. Özünü itirmədi,
döyənləri duyuq salmamaq üçün səsini çıxartmadan qaça-qaça onlara yaxınlaşdı və çatan kimi də beli
götürüb üstlərinə düşdü. Basqınçılar nə qədər çox olsalar da, duruş gətirmədilər, dağılışıb qaçdılar,
onları hədələyir, hər ikisini öldürəcəklərini deyirdilər.
Nahid özünə haqq qazandırırdı, neyləyim, birdən üstümə tökülüşdülər.
Coni ona təsəlli verirdi, boş şeydir, neyləyəsiydin, bir dəstəydilər. Məəttəl qalmışam, bu boyda
şəhərdə qara adına elə bircə sən varsan, ancaq səni döyürlər.
Adama bir taraş stəkan araq içəndən sonra işə başladılar. Donub daşa dönmüş buz parçalanmır, daş
kimi qığılcım saçırdı. Hər dəfə lingi vurduqca buz qırıntıları ətrafa uçuşurdu, buz əzməsin deyə
səkidən keçənləri gözləməli olurdular.
Coni bu gün çox fikirliydi, nədənsə Səmoşla son telefon danışığı düşüncələrini məşğul eləmişdi.
Nəyə görə oğlunun başında Porinin başında olduğu kimi qabaqdan arxaya uzanan üç ağ zolaq
olmalıydı? Ağlına gələn fikirdən qırx dərəcəyə çatan şaxtada başının tükləri biz-biz durdu.
Doğrudanmı Səmoş ona Poriylə xəyanət eləyirdi? Belə deyildisə, bu üç ağ zolaq hardandı? Dərindən
düşünür, bu işdə yerikləyəndə nəsə verməyin heç bir rol oynamadığını etiraf eləməli olurdu. O
günləri xatırladı və təzədən başında tükləri biz-biz durmağa başladı. Poriylə Səmoşun bir-biriylə
necə mehribancasına, nəvazişlə danışmalarını, danışanda hər ikisinin oğurluq eləmiş uşaq kimi
qızarmalarını, həmişə bir-birlərini müdafiə eləmələrini xatırlayır, onda bütün bunlara əhəmiyyət
vermədiyinə görə, qoyunluq elədiyinə görə özünü söyürdü. Səmoş ona harda xəyanət eləyə bilərdi?
Bəzən Pori maşını ondan alıb evə gedirdi, evdə nəsə işi olurdu. Yalnız indi yadına saldı, məhz həmən
günlər Səmoş da işdən tez çıxırdı.
Səmoşa zəng elədi, arvadıyla salamlaşmadan: “Mən həqiqəti bilmək istəyirəm, – dedi, – uşağın
başında ağ zolaqlar hardandır? Yerikləyəndə Pori sənə nəsə verib kimi nağıllara, yəqin, özün də
inanmırsan”. “Əlbəttə, inanmıram, – Səmoş həyəcansız, adi səslə dedi, – həqiqəti bilmək sənin
haqqındır. Mən deyərəm, amma həqiqət çox vaxt acı olur”. “Başımı ağrıtma! – Coni qışqırırdı. –
Mənə həqiqəti de!” “Bir halda istəyirsən, deyim də. Uşaq atasına oxşayıb ona görə başında üç ağ
zolaq var. Coni, Mərəndin atası sən deyilsən, Poridir”. “Demək, sən də bacın kimi mənə xəyanət
eləyirmişsən?!” “Eləyirdim, – ondan fərqli olaraq, Səmoş çox sakit danışırdı. – Nəyə görə sən mənə


xəyanət eləyə bilərsən, mən sənə eləyə bilmərəm? Oğru pişiklər kimi bacımın otağına gedəndə,
kafedəki qızların yanına cumanda bu haqda düşünmürdünmü? Bacıma xəyanət elədin, ciyərini
yandırdı. Mənə xəyanət elədin, mən də ciyərini yandırdım”. “ Bacını öldürmədim, oğraşlıq elədim,
amma bir də eləmərəm. Qayıdan kimi səni də, Porini də öldürəcəyəm. İlk işim sizi gəbərtmək
olacaq!” “Coni, xəyallar qurma, bacımı öldürə bilmədin, məni də öldürə bilməyəcəksən. Qayıtdığın
gün ərizə verib səndən boşanacağam, Poriylə evlənəcəyəm. Porinin arvadı ölüb, subay hesab olunur.
Bir kimsə bizim evlənməyimizə mane ola bilməz! Onsuz da biz çoxdandır ər-arvad kimi yaşayırıq”. “
Bilər! – Coni qətiyyətlə dedi. – Duzəkənlərin şərəfinə düşən bu ləkəni təmizləməsəm, yaşamaq mənə
haram olar!” “Coni, yaşamaq onsuz da sənə haramdır. İllərdir bir ucdan duzəkənlərin şərəfinə ləkələr
düşür, o qədər ləkə düşüb, orda şərəfdən əsər-əlamət qalmayıb. Hansını təmizləyəcəksən? Coni, bu
bir ömür, tale, sənin qismətinə, taleyinə də şərəfli ləkə ilə yaşamaq düşübmüş. Öz ləkəli şərəfinlə
yaşa, gəbər, cəhənnəm ol, get. Bizim xoşbəxtliyimizə mane olma. Səndən zəhləm gedir, səninlə
yaşamaq istəmirəm, nədir, zorla məni özünlə yaşamağa məcbur eləyəcəksən?”
Coninin əsəbləri tüğyan eləyirdi. Artıq hər şeyə tüpürüb getmək vaxtıydı. Elə indicə çıxıb gedəcək,
ona xəyanət eləmiş bu insanları yer üzündən siləcəkdi. Sözə bax, xoşbəxtliyimizə mane olma! Demək,
oturub baxım, Budka Minoşla, Pori də Səmoşla necə xoşbəxt olurlar? Yox, baxmayacağam! Alçaq
Pori! Düz deyirmişlər, suyun lal axanı, adamın yerə baxanı. Özünü mələk kimi aparırdı, arvadına heç
vaxt xəyanət eləyə bilməzdi, başının kəsiləcəyindən qorxurdu. Hamısı yalanmış, mən qoyunun
gözündən pərdə asmaq üçün deyirmiş bu sözləri!
Nahid isə bu şaxtada, qar dumanının içində yenə də öz çöllərini xatırlayır, gülümsəyirdi. Belini
dikəldib nəfəsini dərəndə gördüyü mənzərədən yerindəcə donub qaldı. Hər tərəfdən onlara doğru
qırxıqbaşlar gəlirdilər, əllərində ağac parçaları, armaturlar var idi. Ayaq üstə donub qalmış Conini
səslədi, Coni boylanıb onları mühasirəyə alanları görəndə rəngi saraldı.
Arxalarını hasara söykəyib, kimsəni yaxın buraxmırdılar. Amma bu çox çəkmədi, vurub belləri
əllərindən saldılar, hər ikisini yerə yıxıb rəhmsizcəsinə əzişdirirdilər. Bu mənzərəni uzaqdan görən
bir qız polisə zəng eləmişdi, amma gələn yox idi.
Qar topasının üzərində yanaşı uzanmışdılar, yaralarından axan qan qarı qırmızıya boyayırdı. Coninin
sifətində acı təbəssüm donmuşdu. Nənəm deyərdi, əcəlin qəməylə gələcək, amma armaturla gəldi,
acı-acı düşündü.
– Dedin quşun adı nəydi? – soruşdu.
– Hansı quşun? – Nahid üçün danışmaq əzab idi.
– Qaragilə kolunda oxuyan.
– Alacəhrə.
– Bu nə addır belə?
– Nə bilim.
– Kənddə böyüyübsən, amma bilmirsən. Alacəhrədir də, yəni cəhrə kimi bütün günü cırıldayır. Uçub
bura gələ bilməz, qanadlarını şaxta vurar. Gəlsə də, donub qalar burda. Bura ancaq dəmir quşlar uçub
gəlir. Dəmir quşlar da uçub gedirlər. Belə işlər. Gedə bilmədim, heç kimə də mane ola bilmədim.
Polis gəlib çıxanda onları qarın altından çətinliklə tapdılar, üstlərini qar örtmüş, hər ikisi donub
qaxaca dönmüşdü. İş icraçısını çağırdılar, icraçı isə onların adlarının Coni və Nahid olduğunu,
Azərbaycandan olduqlarını bilirdi. Bundan artıq heç nə deyə bilmədi. Meyitləri morqa apardılar,
arayıb-axtaranları olmadığından kimsəsizlər qəbiristanlığında dəfn elədilər.
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə