İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə136/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   132   133   134   135   136   137   138   139   ...   142

qəbiristanlığında dəfn eləyəcəklər.
Əfinin ölümü onu kədərləndirməmişdi, Coninin ölümü də kədərləndirmədi. Sanki bunu gözləyirdi,
belə də olacağını bilirdi. Onda belə əminlik var idi ki, Coni Rusiyətdən qayıtmayacaq və Səmoşla
onun birlikdə yaşamalarına mane olmayacaq. Məhz gözlədiyi kimi də olmuşdu. Burda nəsə bir sirr,
anlaşılmazlıq var idi. Onun Səmoş ilə birlikdə olması iki adama görə mümkün deyildi, Əfiyə və
Coniyə görə. Hər ikisi də gözlənilməz şəkildə dünyalarını dəyişib yollarından çəkildilər.
Səmoş da bu xəbərə heyifsilənmədi. Mən bunun belə də olacağını bilirdim. Ona da demişdim. Dedim,
getmə, Rusiyət duzəkənlər üçün son mənzil olur. Gedirlər, orda özlərini düz aparmırlar, sonu da ölüm
olur. İnanmadı, mənə heç nə olmayacaq, deyirdi, sağ-salamat qayıdıb gələcəyəm. Amma gələ bilmədi.
Duzəkənlər Coninin öldürülməsi xəbərini sakit qarşıladılar. Biz ona deyəndə ki, səni də günlərin
birində Rusiyətdə vurub öldürə bilərlər, onda sənin də meyitini gətirmək üçün gedən olmaz. Deyirdi,
mən ölsəm, heç kim gəlib-eləməsin, meyitimi gətirməyin, qoy elə oralarda qalım. Elə isə niyə
getməliyik?
Bilonun yoxluğu özünü kəskin hiss elətdirirdi, duzəkənlər panyatka sarıdan axsayırdılar. Adamlarda
qisasçılıq, tayfaçılıq hissləri ölüb getmişdi. Qəlyançəkənlər də yeznələrinin meyitini gətirmək üçün
Rusiyaya kimisə göndərmək fikrində deyildilər. Atası Səmoşa deyirdi, alçaq adamdı, həyatımda heç
kim məni onun qədər yandırmayıb! Elə ilk gün, elçiliyə gəldiyi ilk gün mənə öz evimdə pedər dedi.
Gözümün içinə baxa-baxa dedi. Sənsə deyirsən gedim onun meyitini gətirim?
Ata, Səmoş dedi, ona qalarsa, elə ilk gün, elçiliyə gəldiyi ilk gün sən də zavallının çənəsinin altına
vurmuşdun. Gözlərinin içinə baxa-baxa. Necə vurmuşdunsa, yazığın çənəsi bir də düzəlmədi. Armud
deyə bilmədi, meyvələrdə ən çox armudu istəyirdi, amma utandığından bazara gedib armud ala
bilmirdi. Çünki o armud demək istəyəndə satıcılar onun nəsə başqa şey istədiyini güman eləyib
gülüşürdülər.
Xəbəri eşidər-eşitməz qonşular, qohumlar başsağlığı vermək üçün Səmoşun evinə gəlirdilər.
Həyətdən qadına başsağlığı verir, səbir diləyib, ölənə rəhmət oxuyaraq gedirdilər. Qoca da gəldi,
amma başsağlığı verən kimi də getmədi, gözlədi, hamı dağılışandan sonra Səmoşdan soruşdu:
– Bəs ehsan verməyəcəksiz?
– Yox, – Səmoş dedi.
– Niyə?
– Meyiti Rusiyətdə qalıbsa, burda kimə ehsan verək?
Qoca təşvişə düşmüşdü, bu necə ola bilər, o sənin ərindir, ölüb, amma sən elə danışırsan, elə bil
toyuğun ölüb. Məgər Rusiyətdə ölənlərə ehsan verilmir? Biz Ərəbistan çöllərində ölənlərə də ehsan
veririk. Pulunuz yoxdursa, çəkinmədən deyin, qonşu hansı gün üçündür? Nə qədər lazımsa, verərəm.
Mən onsuz da pullarımı yığıb saxlayıram, nəyə xərcləyəcəyimi bilmirəm. Ehsanın bütün xərcini
boynuma götürməyə hazıram. Mən illərdir bu günü gözləyirəm. Bu adamın ehsanını yemədən nə ölə
bilirəm, nə də yaşaya. Əhd eləmişəm, arzu eləmişəm, siz də ehsan vermək istəmirsiz.
Qocanın həyasızlığı Səmoşu hiddətləndirdi və qocanı həyətdən qovdu. Sən alçaq adamsan, dedi, bu
şəhərdə heç cavan adamların ehsanını yemirlər. Sənsə cavan birisinin ölməyinə sevinir, onun ehsanını
yeməyi arzulayırsan. Qoca, cavanların yox, sənin özünün o tərəflərə üz tutmaq vaxtındır.
Öz kəndçiləri ilə yasa gəlmiş Kəlbiqeyrət də, Səmoşa başsağlığı verdi, yaxşı eləyib, ehsan vermirsiz,
dedi, mən onsuz da onun ehsanını yeməyəcəkdim. Özünə də yazmışdım.
Səmoş çaşqınlıq içindəydi, nə cür yəni, siz məktublaşırdız? –deyə soruşanda Kəlbiqeyrət başını
yırğaladı. İndi buna məktublaşmaq da demək olmaz. O mənə məktub yazmışdı, mən də ona cavab


yazdım. Yazırdı, guya mənim ehsanımı yeyəcək. Yeyə bilmədi, mən də onun ehsanını yemədim,
yemərəm də. Çünki göründüyü kimi itlərə ehsan vermirlər, lap versələr də, mən yemərəm.
Səmoş Kəlbiqeyrəti də qovmaq istəyirdi, amma fikrindən daşındı. Sonra haqqında söz bəzəyərdilər,
bəs ərinin yasına gələnləri həyətdən qovurmuş. Həm də buna ehtiyac qalmadı, adam sözünü deyən
kimi də çıxıb getdi. Əvəzində isə Coniyə hirslənmişdi, mənimlə ayda-ildə bir dəfə telefonda
danışmağa canını azar almışdı, amma Kəlbiqeyrətə məktub yazırmış. Halal olsun, demək ölən günə
kimi, canı ağzından çıxana, son nəfəsinə kimi Kəlbiqeyrətin qızını unutmayıbmış.
Səhər qonşuluqdakı qocanın ölüm xəbəri yayıldı. Sağdakı qonşusu danışırdı ki, qoca yenə də bazara
balqabaq almağa getmək istəyirdi. Həyətə düşmüşdü, küləyin qalxmasını gözləyirdi. Külək qalxdı,
qoca da ayaqlarını yerə vurub, havaya sıçradı. Qovaq ağaclarının başına qədər qalxdı, fırlanıb
bazara tərəf istiqamət götürmək istəyəndə külək yatdı. Qoca havada əl-qolunu yellədi, amma heç
hardan yapışa bilmədi, gəlib guppultuyla arxası üstə yerə dəydi. Gedib baxdım, yerə necə
dəymişdisə, eləcə də bir metrə torpağa batmışdı. Axı onun bağının torpağı yumşaq olur, bütün ili
şumlayır, dırmıxlayırdı. Fikirləşdim, dedim, hazır özü qəbrə girib, daha bunu niyə çıxardırıq? Elə
burdaca üstünü torpaqlayaq, qurtarıb getsin. Axund razılaşmadı, deyir, gərək mütləq bu torpaqdan
çıxardıb, qəbiristanlıqdakı torpaqda basdıraq. Amma hələ çıxartmayın, qohum-əqrəbaları gəlsin,
sonra çıxardıb dəfn elərik.
Bir gələni, soraqlaşanı olmadı. Qohum-əqrəbalarının, övladlarının olub-olmadığını, lap elə varsa da,
harda olduğunu bilən yox idi. Meyitin üstünə palaz sərib bir həftə gözlədilər. Küçə itləri, tülkü-
çaqqal meyiti didib dağıtmasın deyə, palazın üstünə taxta döşəyib, kənarlarına daşlar düzmüşdülər.
Bununla da kifayətlənmədilər, qonşular tüfəng götürərək növbə ilə meyiti gözləyirdilər. Porinin
növbəsi gecə olurdu, şaxtanın dara çəkdiyi bağda qızınmaq üçün gəzişir, qocanı lənətləyirdi. Adam
bu necə ölməkdir? Adamlar ölür, dərhal da axirət yolçuluğuna çıxır, son mənzillərinə gedirlər. Sənsə
ölübsən, amma hələ gedib o dünyaya çıxa bilməyibsən, dayanıbsan yarı yolda, qalıbsan o dünya ilə
bu dünya arasında.
Bağdan qayıdır, donmuş əllərini isti su ilə yuyur, artırmadakı qaz sobasının yanında dayanıb əllərini
sobaya tərəf tutaraq qızınırdı. Səmoş onun üçün isti çay gətirir, deyirdi. Qocanın ən böyük arzusu
Coninin ehsanını yemək idi, çatmadı arzusuna. Coni də onun ehsanını yemək arzusuyla yaşayırdı, o da
yeyə bilmədi. Ən əsası da bu adamlara ehsan verən olmadı. Bir tarixçi kimi burdan bu nəticəyə
gəlirəm, ehsan yemək arzusuyla yaşayanlar heç vaxt arzularına çatmırlar.
Pori də isti çaydan kiçik qurtumlarla içir, deyirdi, mən də bir çayçı kimi burdan bu nəticəyə gəlirəm,
soyuqdan donan insanı çay qədər ani olaraq heç nə qızındıra bilməz. Bir acı nəticəm də var, axund
küçənin kişilərini qocanın bağında dondurub qaxaca döndərməsə, qocanı dəfn eləməyəcək. Onun
bizimlə köhnədən haqq-hesabı var idi. Əlinə fürsət düşüb, intiqam alır.
Hava soyuq olduğundan meyitin qoxumaq qorxusu yox idi, ona görə də axund tələsmirdi. Sonda heç
kiminin gəlmədiyini görən axund qərarını dəyişdi, dedi, adamı ordan çıxartmağa ehtiyac yoxdur. Bu
şəhər onun üçün yad şəhər, bu qəbiristanlıq da yad qəbiristanlıq idi. Bu şəhərdə ona doğma olan,
onun özünə məxsus olan bu ev və onun həyəti, bağı idi. Elə isə niyə öz doğma torpağından çıxardıb
yad torpaqda dəfn eləyək? Hazır ora girmişkən, elə orda da qalsın.
Axundun dediyinə əməl elədilər, taxtaları, palazı götürüb, qocanın üstünü torpaqladılar. Ehsan da
vermədilər, axund buna bir lüzum olmadığını dedi. O gün küçənin adamları, xüsusi ilə də kişilər
ehsan yox, toy-bayram havasına köklənmişdilər, soyuq bağda meyit keşiyi çəkməkdən canları
qurtarmışdı.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə