İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə137/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   134   135   136   137   138   139   140   141   142

Elə həmən gün gözləmədikləri halda, başkəsənlərdən iki nəfər axtarıb Porini tapdılar, Coninin gecə
evlərinə getdiyi adamlardan idilər. Biz getməli və Conini gətirib öz vətənində dəfn eləməliyik,
dedilər. O bizə gəldi, evimizdə çörək kəsdi, ona dost dedik. Duzəkənlər dostlarını darda qoymaz,
meyitlərinin yad torpaqda uyumalarına razı olmazlar. Sən narahat olma, bütün xərclər bizlikdir.
Tayfası onu dəfn eləməkdən də imtina eləsə, özümüz dəfn eləyəcəyik.
Coninin meyitini gətirmək üçün Rusiyaya yola düşdülər. Bakıdan təyyarə ilə Yekaterinburqa uçdular,
burdan qatarla Taqilə getdilər. Yol yoldaşları qaraqabaq, qaradinməz adamlar idilər, dinib-danışmır,
heç nə soruşmurdular. Əslinə qalarsa, Porinin başkəsənlərdə xoşuna gələn bir cəhət var idisə, o da
buydu. Amma arada heyrətə də düşürdü, bunlar necə adamdılar, necə ola bilər, bu qədər yol gələsən,
amma bir kəlmə də kəsməyəsən?
Pori zəng eləmişdi, onları qarşılamaq üçün vağzala gələn Olqa dedi ki, gecikibsiniz. Conini iki gün
bundan əvvəl kimsəsizlər qəbiristanlığında dəfn elədilər.
Taksiylə şəhər ətrafındakı meşəyə bitişik qəbiristanlığa getdilər. Qəbirlər qarın içində itmişdi,
başdaşlarını əvəz eləyən dəmir, ağac parçaları böyrü üstə əyilmişdi.
Burda onlara dedilər ki, meyitləri yayda qazılmış hazır qəbirlərdə basdırıblar. İndi qəbri qazmaq,
meyiti donmuş torpaqdan ayırmaq mümkün deyil. Heç yayda da gəlsəniz, bir kimsə altı aydan sonra
qəbir qazıb meyiti çıxartmaq üçün sizə icazə verməz. Onun son mənzili buradır.
Pori dostunun qəbri üstə dayanmışdı. “Rahat yat”, – pıçıltıyla dedi. “Sən bunu mənə necə deyərsən? –
qəfildən Coninin səsini eşitdi. – Mən ölən kimi arvadıma, oğluma sahib çıxırsansa, mən burda necə
rahat yata bilərəm?” “Yanılırsan, Coni, – dedi, – arvadın sağlığında da mənim qadınım idi. Mərənd
sənin yox, mənim oğlum idi. Bunu sən də bilirdin, Mərəndin başındakı üç ağ zolaqdan xəbərin var idi.
Şüurun canavar şüuru idi, amma azından bilməliydin ki, canavarların başında üç ağ zolaq olmur. Mən
öz qadınıma, oğluma sahib çıxmışam”.
Dönüb başkəsənlərə baxanda başında tükləri vız qalxdı. Aman Allah, bəlkə bu sözləri ucadan
demişdi? Başkəsənlərin sifəti isə daş kimi hərəkətsiz idi, yalnız bir müddət sonra onlardan biri fatihə
verib “Həmd” surəsini oxudu və qəbiristanlığı tərk elədilər.
Vətənə əliboş döndülər. Coninin əmisi arvadları bunu öz istədikləri kimi yozdular, necə istəmişdisə,
elə də oldu. Meyiti aralıqda qaldı, donmuş rus çölündə basdırdılar onu.
Səmoş axşamlar evdə işlərini qaydaya salıb oğluyla onun yanına gəlir, səhər də elə burdan oğlunu
götürüb işə gedirdi. Amma mümkün qədər çalışırdı ki, görən olmasın. Pori qənaət eləyib yığdığı
pulla işlənmiş bir maşın aldı. Səmoşu öz maşınıyla işə aparıb-gətirirdi.
Artıq Coni yox idi, oğrun yaşamalarına ehtiyac qalmırdı. Yubatmayıb, Səmoşa evlənmək təklifi elədi.
Həm də seks vaxtı. Qadının isti bədəninin üstünə uzanmışdı, başını yuxarı qaldırdı, yuxarıdan aşağı
qadının gözlərinin içinə baxaraq soruşdu: – Səmoş, mənim arvadım olarsanmı?
Səmoş uğunub getmişdi, evlilik təklifi eləməyə nə vaxt tapıbsan! Bir halda elədin, cavab verməliyəm,
mənim üçün münasib vaxt olmasa da. Əslində, çobanyastığından soruşmalıydım, amma çobanyastığı
bir dəfə məni aldatdı, gözümdən düşdü. Özüm qərar verməliyəm. Pori, neçə illərdir mən sənin
arvadınam da. Otaqları dəyişik saldığın həmən o gündən.
Əfinin ilindən sonra evlilik hazırlıqlarına başladılar. İlk öncə bu haqda hər biri öz qohum-əqrəbasına
xəbər verməli, evlənmək istədiklərini deməliydilər. Necə olsa, birdən-birə adam arasına çıxıb “biz
evlənmişik” demək yaxşı çıxmırdı.
Səmoş zəng eləyib qəlyançəkənləri çağırdı, gəldilər, yedilər, içdilər, yerdən bardaş qurub
qəlyanlarını tüstülətməyə başladılar. Səmoş onları niyə çağırdığını deyəndə atası bir qədər fikrə


gedib dedi: “Bizdə misal var, deyərlər, atı atın yanında bağlasan, həmrəy də olmasa, həmxuy olar.
Mən Porini tanıyıram, yaxşı oğlana oxşayır. Amma uzun illər Coni kimi birisiylə dostluq eləyə
bilibsə, ona da əminliyim itir, şübhəyə düşürəm. Coni nankor adam idi, bizə yeznəlik eləmədi. Özcə
evimdə mənə pedər dedi. Elə hey pirinə şıllaq atdı. Əlimizi bala batırıb ağzına saldıq, dedi, zəhərdir.
Boğazımızdan kəsib ona yedizdirdik, bir dəfə təşəkkür eşitmədik. Qədrimizi bilmədi”.
Kişi Conidən danışdıqca coşurdu, Səmoş onu dayandırmalı olduğunu başa düşdü. “Ay ata, – dedi, –
mən Coniyə yox, Poriyə ərə gedirəm. Coni artıq yoxdur, necə, nə cür adam olmasından asılı
olmayaraq, ölüb. Qəbri də bizdən min kilometrlərlə uzaqdakı rus çölündədir. Pori yelqovandır, onun
ulu babaları duz əkib-eləməyiblər, yeli qovublar, heç onu da tuta bilməyiblər”.
Kişinin şübhələri bitib-tükənmirdi, deməyinin adı nədir, onun babaları duz əkməyiblər, yeli qovublar
deyə sevinməliyik? Sözün düzü, sən məcbur eləməsəydin, mən yeli qovan, onu da tuta bilməyən bir
tayfa ilə oturub-durmazdım. Gör nə qədər fərsizdilər, bircə adamları belə müqəddəs torpaqlara
gedib, ordan qayıda bilməyib. Deyirlər, yelqovanlar qocalanda başlarını itirirlər, çırtma çalır,
naynim-nanay, naynim-nanay oxuyurlar. Sonda da gədiklərə gedib orda ölənə kimi yeli qovurlar. Yeli
qovur-qovur, yelə çata bilmədiklərindən ürəkləri part eləyib partlayır, özlərinin də yelləri çıxır,
ölürlər. Qorxuram, bu da qocalanda naynim-nanay oxuya, yeli qova, ürəyi partlaya. Camaata rəzil
olarıq, deyəcəklər, bəs qəlyançəkənlərin yeznəsi yeli qovanda çezib gedib işinin dalısınca.
Səmoş başını tutmuşdu, artıq qəlyançəkənləri çağırmağına görə peşman olmuşdu. Evlənərdilər, sonra
bunlara xəbər verərdi, yoxsa kişi o qədər danışdı ki, başını itirdi. Hirsini boğmağa çalışaraq dedi.
Ata, sən bu danışdıqlarını hardan eşidibsən? Yelqovanlar çırtma çalıb naynim-nanay oxuyaraq
gədikdə yel qovanda ordaydın? Öz gözlərinlə gördün? Qurtardıq bu söhbəti! Səni əmin eləyirəm,
yeznən qocalanda çırtma çalmayacaq, naynim-nanay oxumayacaq, gədiklərə qaçıb orda yel
qovmayacaq!
Kişi çiyinlərini çəkdi və bir gözü arxada çıxıb getdi.
Pori isə yelqovanları şəhərə çağırmadı, özü kəndə getdi. Yelqovanları əmisinin evinə çağırıb
gəlişinin məqsədini dedi. Yelqovanlar narazı qaldılar, əmisi dedi: “Səndən onsuz da incimişik, evinə
gəldik, dedik, gözləmə, arvadının qırxından sonra evlən. Sənsə öz bildiyini elədin. Biz səni öz
kəndimizdən evləndirmək istəyirik, sənsə gedib qəlyançəkənlərin qızından yapışıbsan.
Qəlyançəkənlər xoşqeyrət tayfadır. Bir qızlarını dostuna vermişdilər, amma dostunu atıb getdi,
yazığın papağını yerə soxdu, nədi-nədi, Rusiyətdən bir gün gec qayıdıb. Bu da səni atıb gedər,
duzəkənlər kimi bizim də şərəfimiz iki paralıq olar. Qeyrətimizə elə ləkə düşər, ölən günə kimi onu
təmizləyə bilmərik. Sabah uşağınız olacaq, onlar yığışıb gəlib uşağa ad qoyacaq, yelqovanları
nüfuzdan salacaqlar. Biz belə həyasız və etibarsız tayfa ilə necə qohum ola bilərik?”
Pori şəhərə dilxor qayıtdı, hələ bu az imiş kimi yelqovanlar axşam böyük əmisi oğlunu göndərib
ultimatum da verdilər. Sən yelqovanları qapından qovdun, bunu sənə bağışladıq. Amma bu qızla
evlənsən, bağışlamarıq. Daha özünə yelqovan deyə bilməzsən. Xeyrində, şərində iştirak
eləməyəcəyik, xeyrimizdə-şərimizdə iştirak eləməyə qoymayacağıq. Ölsən, üstünə gəlməyəcəyik,
bizlərdən kim ölərsə, üstünə qoymayacağıq. Sən seçməlisən, ya bu qızı, ya yelqovanları.
Pori qəti sözünü dedi, mən artıq seçmişəm, Səmoşla evlənəcəyəm. Beləcə nə qəlyançəkənlərin
narazılığı, nə də yelqovanların Poridən imtina eləməsi onları fikirlərindən döndərə bilmədi,
nigahlarını qeyd elətdirdilər, Səmoş Porinin qanuni arvadı oldu. Porinin aldığı üzüyü barmağına taxdı
və həyatında ilk dəfə olaraq evlilik üzüyünü hər kəsə göstərməyə, nümayiş elətdirməyə başladı. Onda
belə bir hiss var idi ki, ərə getdiyi ilk dəfədir və onun ilk əri də Pori olub.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə