İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə140/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   134   135   136   137   138   139   140   141   142

– Anam tapşırıb, ona görə.
Uşaq dedi və geri dönüb onu gözləyən babasına doğru getməyə başladı.
 
 


XXXIII. Ölüm hökmü
 
 
Onlar sənin başını kəsəcəklər. Başın kəsiləndə bağıracaqsan. Heyvanlar da başları kəsiləndə
bağırırlar, çünki onlar da ağrını insanlar kimi hiss eləyirlər. Başları kəsilən insanlar Tanrıya üz tutub
deyərlər:
– Tanrım, əgər bilsəydim, başı kəsiləndə canlılar necə ağrıyır, onda heç vaxt baş kəsməzdim.
 
***
Külək ara-sıra sakitləşir, sanki dincini alıb güc toplayaraq yenidən daha güclü əsir, ağaclara, evin
damına, divarlarına toxunaraq qarışıq, uğultulu səslər çıxardırdı. Pəncərə şüşələrindən hansınınsa
mıxları boşalmışdı, külək hər dəfə yeni təkanla əsib pəncərələrə çırpılanda şüşə taqqıldayırdı.
Yalnız səhərə yaxın yuxuya getdi, gecəni narahat və az yatdığından həmişəki vaxtda oyanmaq çətin
oldu, gözlərini zorla açırdı. Artıq külək sakitləşmişdi, pəncərədən içəri yaz günəşinin mülayim
şüaları süzülürdü.
Uzun illərin təcrübəsindən bilirdi, hansı gecə yata bilmədi, səhərə kimi narahat oldu, səhərisi hökmən
başına bir iş gəlməliydi. Gecə yata bilməməsi hansısa uğursuzluğun əlaməti idi. Yerin içində oturub
gözlərini ovuşdurur, bu gün başına nə gələ biləcəyi haqda düşünürdü. Maşınla qəzaya düşəcəkdi,
çayxana yanacaqdı, ya Səmoşla oğluna nəsə… Bunu sona qədər düşünmədi, daha doğrusu, bu haqda
düşünmək istəmədi. Nə olur olsun, təki ona əziz olan, həyatının yeganə mənası, sevinci, fərəhi olan
doğmalarına heç nə olmasın.
Küləyin hesabına onun yata bilmədiyini eşidən Səmoş gülümsəyirdi. Siz Rusiyətdə olanda payızda,
qışda küləklər əsəndə mən də gecələr yata bilməzdim, külək əsəblərimi cırmaqlayar, gözlərimi
yummağa imkan verməzdi. Sən yanımda olandan sonra isə külək yox, tufan da olsa, daş kimi yuxuya
gedirəm. Heç gecə külək əsməsindən xəbərim olmayıb.
Səhər yeməyi vaxtı Səmoşa dedi, biz üç dost idik, ikimizi öldürdülər, bircə mən qalıram. Mən də
bəzən düşünürəm, görəsən, məni haçan öldürəcəklər?
Səmoş qaşlarını çataraq ona heyrətlə baxırdı. Pori, bunlar hardan sənin ağlına gəlir? Səni kimsə
öldürməyəcək, Allah verən ömrü yaşayıb, dünyayla vidalaşacaqsan. Qobini ona görə öldürdülər ki, o
özü də öldürürdü. Müharibə cığırına çıxıb öldürməyə başlayanların özlərini də günün birində
öldürürlər. Coni öldürməmişdi, ancaq fikri-zikri öldürmək idi, bircə arzusu var idi, avtomat götürüb
bizim kəndə gedəcək, bacımla Budkanı, qəlyançəkənləri öldürəcək, arzusuna çatacaqdı. Sonda bizi də
öldürəcəyinə and içmişdi. Heç kimi öldürə bilmədi, özünü öldürdülər. Sənsə nəinki insanların, heç
heyvanların da öldürülməsinə razı olmayıbsan. Elə isə niyə öldürsünlər? Sən hələ çoxlu baharlar,
qışlar yaşayacaqsan, şaxtalar düşəndə qış yuxusuna gedəcəksən. Mən də sobanı yandıracaq, sənin qış
yuxusundan ayılmağını gözləyəcəyəm. Çöldə qar yağacaq, külək əsəcək, şaxta hər şeyi donduracaq,
sənsə isti yataqda, isti sobanın yanında rahatca yatacaqsan. Nə soyuq, nə şaxta səni narahat
eləməyəcək.
Arvadını qucaqlayıb özünə sıxdı, mavi gözlərinin içinə sonsuz sevgi və nəvazişlə baxır, ürəyində isə
Allaha dua eləyirdi. Təki elə olsun! Təki Allahım məni sizlərlə imtahana çəkməsin!
Səmoşla oğlunu bağçada qoyub çayxanaya gələndə qayınlarından birinin çayxananın qabağında onu
gözlədiyini gördü. Bu adamlardan xeyir gəlməzdi, bəlkə Səhəndə nəsə olmuşdu? Səhər yerin içində


oturub bu gün başına nə fəlakət, bəla gələcəyi haqda düşündüyü yadına düşdü. Bu da fəlakət, bu da
ikiayaqlı bəla! Gəlmişdi, kəsmişdi onun qabağını.
Maşını saxlayıb düşdü. Yaxınlaşıb salam verdi, amma qaynı onun salamını almadı. Başını qaldırıb
soyuqluq və nifrət yağan gözlərini ona dikdi. Porsuq, ikrah dolu səslə dedi, Coninin oğlunu ilk
görəndə sənin bacıma xəyanət elədiyini başa düşdük, sonra araşdırdıq, öyrəndik. Yanılmadığımız
məlum oldu. Bacım bunu bilirmiş, amma nə özü səni cəzalandırıb, nə də bizə deyib. Gör nə qədər
şərəfsiz, alçaq adamsan, arvadına ən yaxın dostunun, bir yerdə döyüşdüyün, bir yerdə işlədiyin, bir
süfrədən çörək kəsdiyin dostunun arvadıyla xəyanət eləyirmişsən. Başkəsənlər xəyanəti bir kimsəyə
bağışlamayıblar, sənə də bağışlamayacaqlar!
Hər şeyin keçib getdiyini, Əfinin, Coninin ölümüylə hər şeyin əbədiyyətə qovuşduğunu, daha bir
kimsənin bundan xəbər tutmayacağını, ən əsası da bundan ötrü onu hədələməyəcəyini güman eləmişdi.
Amma düşündüyü kimi deyilmiş, heç nə keçib getməmişdi. Bu dəfə daha qorxunc, dəhşətli halda
üstünə gəlmişdi.
Onun haldan-hala düşməsini sevinc və istehza ilə izləyən qaynı sözünə davam elədi. Sənin kimi
şərəfsiz birisinin hesabına bacım, başkəsənlərin qızı qonum-qonşu içində, rəfiqələrinin yanında
alçalıb, təhqir olunub. Sənin hesabına əzab, işgəncə dolu günlər yaşayıb. Cəzanı alacaqsan. Başını
kəsəcəyik, amma dərhal yox. Sən də bacım kimi işgəncə dolu günlər yaşayacaqsan. Qorxudan ağlını
itirəcəksən, gecələr səni qara basacaq, gündüzlər kölgəndən belə ürkəcəksən. Sonda, nəhayət, belə
düşünəcəksən ki, daha hər şey keçdi. Daha başın kəsilməyəcək. Biz elə-belə demişik, artıq hər şeyi
unutmuşuq. Bizsə heç vaxt elə-belə söz demərik. Başkəsənlər heç nəyi unutmazlar. Elə düşündüyün
günlərin birində başını kəsəcəyik.
İndiyə qədər bu adamlara cavab vermir, başını kəsəcəklərindən ehtiyat eləyirdi. İndisə ehtiyatı əbəs
idi, başkəsənlər onsuz da başını kəsəcəklərini qərara almışdılar. Artıq onun itiriləsi heç nəyi, geri
çəkilməsi, yenə də bu adamlardan söz götürməsi üçün bir səbəbi yox idi.
– Çox havalara girməyin, – dedi, – mənim başımı kəsmək sizə elə də asan gəlməsin. Mən əl-qolumu
sallayıb gözləməyəcəyəm ki, sizlər nə vaxt gəlib məni yerə yıxacaq, başımı mal başı kimi kəsəcəksiz.
Məni gördüyünüz ilk gündən ən böyük arzunuz mənim başımı kəsmək olub. Bu arzunuza çatmadız,
çatmayacaqsız da!
Qaynı iliklərə işləyən istehza içində işıldayan gözlərini ona dikmişdi, ondan belə cavab gözləmirdi,
amma çaşqınlığını da büruzə vermirdi. Başını yırğalayıb:
– Porsuq, – dedi, – başını kəsəcəyik. Səni bizim əlimizdən heç kim ala bilməz!
Onun nə cavab verəcəyini gözləmədən dönüb yolun kənarında saxladığı maşınına doğru getməyə
başladı. Pori onun arxasınca bir qədər baxıb, geri döndü. Başına nəsə gələcəyini düşünmüşdü, amma
belə bir bəlanın gələcəyi heç ağlına da gəlməzdi. Bu bəlanı ana təbiətin özünün torpağın altına
gömdüyünü düşünmüşdü, bəla isə torpağın altından baş qaldırmış, yenidən boğazına keçmişdi.
Başkəsənlərə bələddi, boşuna söz demədiklərini bilirdi. Onun başını kəsməyi qərara almışdılarsa,
kəsəcəkdilər. Kimsə onları fikrindən döndərə, qarşılarını ala bilməzdi. Amma onun da asanlıqla
təslim olmaq fikri yox idi, boynunu könüllü surətdə başkəsənlərin bıçağının qabağına verməyəcəkdi.
Bu gün işdən tez çıxdı, evə gedib ehtiyata saxladığı pulları götürdü. Özünü qorumaq üçün silah almaq
istəyirdi, amma silah satışı ilə məşğul olan adamlarla tanışlığı yox idi. Çox axtarandan sonra keçmiş
döyüşçülərdən biri onu əsasən köhnə maşınların alveri ilə məşğul olan zənci kimi qapqara birisinin
yanına göndərdi. Onu bura kimin göndərdiyini desə də, adam ona inanmadı, cib telefonu ilə tanışıyla
danışdı və yalnız bundan sonra başıyla yaxınlıqdakı qarajı göstərdi. Birlikdə qaraja getdilər, maşın


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə