İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə17/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   13   14   15   16   17   18   19   20   ...   142

Tərsinə oldu, qız bircə dəfə də bu haqda söz salmadı, sabahısı işdən gələndə dörd dənə hisə verilmiş
quru balıq alıb gətirdi. Soyuducuya qoydu və dedi: “Hər gün gəlib baxacağam, birini yedinmi,
yenisini alacağam. Xətrin nə qədər istəyir ye, aramızda nə olub keçsə də, sənin üçün balığı həmişə
mən alacağam. Mən vur-tut dəniz balığından ötrü şəhərimizdə, insanların arasında yaşayan yeganə
qabanın ölməsinə razı ola bilmərəm”.
Dediyi kimi də elədi, hər gün gəlib soyuducuya baxır, balığın azaldığını görən kimi də balıq alıb
gətirirdi. Qız tələsməyəndə, anası evdə olmayanda Qobi çay dəmləyir, oturub çay içirdilər. Qız ona
uşaqlığından, məktəb illərindən danışırdı, amma bu mövzu Qobinin yaralı yeriydi. Uşaqlığı yadına
düşən kimi də qardaşının sualı qulaqlarında səslənirdi: “Axırıncı kimdir?” Qobi büzüşür, indicə onu
vuracaqlarını gözləyir, özünü çətinliklə ələ alırdı. Qız bunu başa düşür, uşaqlığıyla bağlı ona sual
vermir, heç nə soruşmurdu.
İbo gəlib bu əyalət şəhərində qədim xalçaların alveri ilə məşğul olan dükan açdı. İlk axtardığı da
keçmiş döyüşçü yoldaşları oldu. Porinin işi var idi, Coni də xalçayla bağlı yaxından-uzaqdan heç bir
bilgisi olmadığını bəhanə gətirərək xalça dükanında işləməyə razılıq vermədi. Qobi isə, nə iş olursa
olsun, işləməyə hazırdı, yoxsa qonşu qız onu əməlli-başlı bezdirmiş, boğaza yığmışdı. İbo Qobini
sürücü kimi işə götürdü, xalçadan başı çıxan birisini rayonun kəndlərinə aparacaq, qədim xalçalar
alacaqdılar. Əvəzində isə ya pul, ya da təzə fabrik xalçaları verəcəkdilər.
İbo çox qalmayıb getdi, dükanı qardaşı işlədəcəkdi. Qobi işə başladı. Özü yaşda olan cavan bir
oğlanla uzaq kəndlərə gedir, qapı-qapı düşüb xalça axtarırdılar. O yalnız maşını sürür, xalçaların
alınması, satılması işlərinə qarışmırdı. Cavan oğlan xalça mütəxəssisiydi, bircə dəfə baxmaqla
xalçanın harda toxunduğunu, neçənci illərə məxsus olduğunu, toxunmasında hansı boyalardan istifadə
olunduğunu əzbər deyirdi. Kəndlərdə əl işi olan xalçalar çox idi, baha da satmırdılar, alverləri yaxşı
olurdu. Belə xalçaları Bakıdan, Rusiyadan gəlib alırdılar. Ən yaxşı, daha qədim xalçaları isə Bakıya,
İbo üçün göndərirdilər.
Əsas müştəriləri yəhudilər idi. Qobi fikirləşir, bir şey başa düşə bilmirdi, qədim xalçalar yəhudilərin
nəyinə lazım idi? Onunla kəndləri gəzib xalça alan yəhudi oğlandan bunun səbəbini soruşanda oğlan
dedi ki, bizim xalq qədim xalqdır, təkcə qədim xalçalara yox, bütün qədim əşyalara maraq göstəririk.
“Bəs özünüz xalça toxumursuz?” – Qobi ondan soruşdu. “Xalçaçılıq bizdə elə də inkişaf eləməyib, –
oğlan ona dedi. – Bizi zaman-zaman ölkələrdən-ölkələrə, şəhərlərdən- şəhərlərə qovublar, qırıb
çatıblar. İsraili öz tarixi ərzində dəfələrlə bu başdan o başa kimi dağıdıb, yandırıb, viran qoyublar.
Yəhudilərin oturub xalça toxumağa vaxtları, imkanları, yerləri olmayıb. Xalçaçılıq isə oturaq həyat
keçirməyi, qoyun saxlamağı tələb eləyib. Səni daima qovurlarsa, öldürürlərsə, sən necə qoyun
sürüləri saxlaya, xalça toxuya bilərsən? Qoyun yunu, ağaclar, boyaq otları və bitkiləri olmadan xalça
toxumaq olmaz”.
Şənbə-bazar günləri dincəlirdilər. Evdə qərar tuta bilmir, dostlarına zəng eləyib onlarla görüşürdü.
Nəhayət, ilk maaşını da aldı, yaxşı maaş verirmişlər, həm də onun işindən razı idilər. Təhlükəli dağ
yollarıyla ustalıqla maşın sürür, kəndlərdə yubananda, axşama düşəndə şikayətlənmirdi.
Şəhərə çıxıb özünə gödəkcə, cins şalvar, boyunlu mavi köynək, isti yarımçəkmə aldı. Səhərisi bazar
günü idi, Bahar da evdə olmalıydı, onlarda da şənbə və bazar günləri iş günü olmurdu. Geyinib
qonşunun qapısını döydü. Çölə çıxan Bahar ona heyrətlə baxırdı. İlk dəfəydi onun belə dəblə, təzə
paltarlar geyindiyini görürdü. Qıza şəhərə çıxmağı təklif eləyəndə qız inanmadı, ondan belə dəvət
gözləmirdi. Lakin razılıq verdi.
O gözlədi, qız geyinib gəldi. Qırmızı gödəkcə geyib, qırmızı papaq qoymuş, zolaqlı şərf bağlamışdı.


Bu gün qız daha gözəl görünürdü. Birlikdə şəhərə çıxdıqları ilk dəfəydi. Qız deyirdi, sözün düzü,
mənim üçün çox maraqlı oldu. Sənin nə vaxtsa iş tapacağına, hələ bir məni gəzməyə də dəvət
eləyəcəyinə heç inanmırdım.
Şəhəri gəzdilər, sonra çayın sahilindəki restoranlardan birində nahar eləyib, şəhərin mərkəzində
yerləşən klubda Bakıdan gələn aşıqların konsertinə qulaq asdılar və bu gündən başlayaraq hər şənbə-
bazar günləri birlikdə şəhərə çıxır, gəzib-dolaşır, restoranlardan, kababxanalardan birində nahar
eləyir, konsertə gedir, ya da kinoya baxıb, evə qayıdırdılar. İşdən tez qayıdanda qız özü onun yanına
gəlirdi. Qız çay dəmləyir, o da meyvə, şirniyyat alıb gətirir, oturub çay içə-içə söhbət eləyirdilər.
Qıza deyirdi, fəsillərdə ən çox baharı sevirdim. Bahar gələndə şimaldan ördəklər, qazlar uçub gələr,
evimizin arxasındakı gölə düşərdilər. Ləpələnən mavi sularda üzən quşlara baxmaqdan elə xoşum
gələrdi! Quşlar bir az gecikdilərmi təpəyə qaçar, oturub şimala baxar, quşların nə vaxt
qayıdacaqlarını gözləyərdim. Qardaşım mənə balıq lazım olduğunu öyrənəndə göldə balıq saxlamağa
başladı, amma mənə şirin su balıqlarının yox, duzlu su balıqlarının kömək elədiyini eşidib, bu işinə
son qoydu.
– Bəs balıqlar nec oldu? – qız soruşdu.
– Hansı balıqlar?
– Göldəki.
Qobi o günləri xatırlayıb kədərlə gülümsədi, hardansa uzun dimdik quşlar uçub gəldilər, dedi,
göldəki bütün balıqların nəslini kəsdilər. Qardaşım onları tüfənglə vurub balıqları xilas eləmək
istəyirdi, amma anam qoymadı.
Qız məktəbdə müəllimə işləyən anasıyla birlikdə olurdu. Atası iş adamı imiş, iki il bundan əvvəl
maşın qəzasında ölmüşdü. Atasından danışanda gözləri dolur, özünü çətinliklə ələ alırdı. Qobi qıza
təsəlli verirdi, həyat bu, sənin yenə anan, qohumların var. Mənimsə heç kimim yoxdur, bütün nəslim
yer üzündən silinib.
Qobi yazda, Novruz bayramı qabağı qıza evlənmək təklif eləyəndə qız düşünmədən razılıq verdi.
Qobi üzük aldı, dostlarını, Poriylə Əfini, Coniylə Səmayəni də götürüb Bahargilə elçiliyə, qızı
anasından istəməyə getdilər. Qadın Qobinin dostlarının adlarını eşidəndə qaşlarını çatdı, bu nə
adlardır belə?
– Pori, yəni Porsuq, Coni də, yəni Canavar, – Bahar izahat verdi.
– Aydındır, – qadın istehza ilə gülümsədi, – qızımı qaban istəyir. Elçiliyə də dostlarını, porsuqla
canavarı gətirib.
Bahar anasını başa salmağa çalışırdı, bu onların adlarıdır, daha doğrusu, ləqəbləridir. Əsl porsuq,
canavar deyillər. Qadın isə öz fikrindəydi, deməli, saxta heyvandılar. Bu lap pis. Çölün vəhşisi nə
qədər pisdirsə, saxtası ondan iki dəfə pisdir! Mənim sizə veriləsi qızım yoxdur!
Bahar neylədisə, anası inadından dönmədi. Mən heyvanlara qız verə bilmərəm. Atanın qəbirdə
sümükləri sızıldar. Bunları yola sal, qoy getsinlər. Kim gəlir gəlsin, verəcəyəm, amma porsuğa,
canavara qız vermərəm!
Dostlar suları süzülə-süzülə otaqdan çıxdılar. Qobinin qanı qaralmışdı. Əfi ona təsəlli verdi, sən
narahat olma, mən deyərəm, sabah qardaşımla Bilo arvadlarını da aparıb qızı istəyərlər. İş qurtarıb
gedər.
Səhərisi Əfinin böyük qardaşıyla Bilo arvadlarıyla qızı istəməyə getdilər. Qadın bu dəfəki elçilərə də
inamsızlıqla, şübhəylə baxırdı. Əvvəlcə Əfinin qardaşından soruşdu:
– Siz kimsiniz?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə