İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə23/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   19   20   21   22   23   24   25   26   ...   142

xarab olubmuş. Bir çaynik çaya da beş yüz manat verərlər?
– Götür, o pul sənindir, – Pori dedi, – mən bu dəfə də başkəsəni yerində oturda bilmədim. Yenə də bu
şərəfsizlərin yanında gözükölgəli qaldım.
Çayxananın həyətindəki qovaq ağaclarında bir dəstə qarğa məskən salmışdı, Coni çörək qırıntılarını
onlara verirdi, bəzənsə məxsusən gedib onlar üçün çörək, arpa, pendir alır, qarğaları yemləyirdi. Pori
onun qarğa sevgisinin səbəbini başa düşə bilmirdi, soruşanda da deyirdi: “Burda qəribə nə var? Mən
quşları sevirəm. Harda canavar varsa, orda qarğa da olmalıdır. Nə vaxt gəlib burda qarğaları
görməsən, bil ki, mən də yaxınlarda yır-yığış eləyib gedəcəyəm”.
Pori soruşurdu:
– Coni, hara gedəcəksən?
– Ömürləri bitəndə insanlar hara gedirlərsə, ora, – Coni cavab verirdi.
 
 
 
 
 


VI. Qobi və qan düşmənləri
 
 
Onlar beş nəfərdilər. Üzləri tüklüdür, sifətlərindən zəhər damır, gözlərindən qan sağılır. Hər yerdə
səni axtarırlar, tapan kimi öldürəcək, qisaslarını alacaqlar.
Kim ölməlidirsə, o da öləcək. Hələ alim Çanq Çunu İndüs sahillərində qarşılayan Çingiz xan ondan
soruşmuşdu:
– Möhtərəm ustad, uzaq yollardan gəlibsən. Ölməmək üçün əlində dərmanın varmı?
Çinli alim ona belə cavab vermişdi:
– Həyatı uzatmaq üçün çarə var, lakin ölümə çarə yoxdur.
 
***
Qobi sübhdən oyanıb təndir çörəyi almağa gedirdi, əl yandıran isti çörəyin qoxusu, dadı həmişə onu
duyğulandırır, uşaqlığını, anasını yadına salırdı. Bu gün də tezdən oyandı. Yuyundu, geyinib küçəyə
çıxdı, birinci mərtəbədəki marketdən pomidor, pendir, meyvə şirəsi aldı. Sonra isə tindəki təndirçiyə
getdi. Burda çörək bişirən qadınların çoxmərtəbəli binalarda yaşadıqlarını, toyuqlarla yaxından-
uzaqdan əlaqələri olmadığını öyrənmişdi, yoxsa heç vaxt onlardan çörək almazdı.
Növbədə beş-altı adam var idi, o da növbəyə durdu. Ondan sonra gələn yaşlı kişi “Axırıncı kimdir?”
deyə soruşanda Qobi diksinib büzüşdü, üzərinə yağacaq təpik-yumruq yağışlarından qorunmaq üçün
əliylə üzünü tutdu.
– Oğlum, sənə nə oldu? – kişinin səsi uzaqdan gəlirdi və uzaqdan gələn bu səs onu xəyaldan ayırdı.
– Heç, – alnının tərini silib dedi, – bağışlayın.
Qobi uzunsov, koppuş, əl yandıran isti çörəyi alıb ordan uzaqlaşana kimi kişinin heyrət dolu
baxışlarını üzərində hiss elədi. Evə gəlib çörəyi süfrəyə qoydu, pendir, pomidor doğradı, çay
dəmlədi, soyuducudan yağ, bal, qaymaq gətirdi. Yuyunub süfrə arxasına keçən Bahara deyirdi:
“Uşaqlıqda dayılarım, uşaqları məni döymək üçün növbəyə durardılar. Bir dəfə də qardaşım gəlib
uzun növbəni görəndə soruşdu: “Axırıncı kimdir?” O vaxtdan da bu sualı eşidəndə elə bilirəm, yenə
də məni döyməyə başlayacaqlar. Bu gün təndirdə çörək növbəsi gözləyəndə yaşlı kişi gəlib: “Axırıncı
kimdir?” – deyə soruşanda baş-gözümü qorumaq üçün əllərimlə üzümü tutdum. Heç yaxşı olmadı,
kişi mənə nəsə olduğunu güman elədi”.
Başını qaldırıb arvadının heyrətdən geniş açılan gözlərinə baxdı və səsini xırp kəsdi, ilk dəfəydi
uşaqlığı haqda arvadına danışırdı, həm də belə uzun-uzadı. Pərt oldu. Bu ağrıları, travmaları ancaq
onun özünə məxsus idi, bunları kiminləsə bölüşmək, həyatda ona hamıdan doğma olan yeganə insanı
da bu ağrılara şərik eləmək istəmirdi.
Bahar çəngəl-bıçağı boşqaba qoyub ayağa qalxdı, yaxınlaşıb arxadan onu qucaqladı, üzünü onun
üzünə söykədi. Arvadının bərk döşləri kürəyinə sıxılmışdı, isti nəfəsi üz-gözünü qıdıqlayır, bayaqkı
isti çörək kimi yandırırdı.
– Qobi, hər şey keçmişdə qaldı, daha səni döyən olmayacaq. Keçmişi unut.
– Unuda bilmirəm, – Qobi arvadının zərif, qanı qaçmış barmaqlarından öpərək dedi. – Sən narahat
olma, əlbəttə, döyən olmaz. İndi mən özümü qorumağı bacarıram.
Bahar yerinə keçib yeməyinə davam elədi. Mən bilirəm, dedi, sənin çətin uşaqlığın, həyatın olub.
Buna görə də özünə qapılırsan, amma sən bütün həyatını mənə danışmalı, heç nəyi gizlin


saxlamamalısan. Onda qəlbin boşalacaq, yüngülləşəcək, özünü rahat hiss eləyəcəksən. Üzünü qırx,
hamamlan, çıxaq şəhərə. Gəzib-dolaşaq, axşamüstü dostlarından birigilə gedərik. Ya da onları da
çağırarsan, birlikdə şam elərik.
Qobi etiraz eləmədən razılaşdı, evləndikləri gündən bacardığı qədər arvadının sözünü yerə salmır,
hər istədiyini yerinə yetirirdi. Amma, bir qayda olaraq, arvadı ilə şəhərə gəzməyə çıxanda
həyəcanlanırdı. Qan düşmənlərinin varlığı, qisas almaq üçün daima onu axtarmaları və taparlarsa,
düşünmədən qisaslarını alacaqları onu narahat eləyirdi. Özünə görə qorxmurdu, ölüm-itim görmüşdü,
döyüşmək, ya da ölmək onu qorxutmurdu. Arvadına görə narahatdı. Qan düşmənlərinin arvadına bir
zərər yetirəcəklərinə o qədər də inanmırdı, onlar qadınları belə işlərə qarışdırmırdılar, amma bir
döyüşçü kimi yolunu azan güllələri çox görmüşdü.
Üzünü qırxıb duş qəbul elədi, geyindi. Artıq arvadı onu gözləyirdi. Ona elə gəlirdi, bu gün arvadı
həmişə olduğundan daha gözəldir. Bahar şirin təbəssümü ilə gülümsəyərək onun qoluna girdi.
Evlərindən çaya doğru boz daşlar döşənmiş cığır uzanırdı. Payız yağışlı keçmişdi, daşların arasından
payız çiçəkləri, otları qalxmışdı. Cığırla çayın sahilinə düşüb parkda gəzdilər. Sahildəki ağacların,
kolların yarpaqları saralmışdı, cığırlara, ağacların arasındakı sarı-yaşıl otların üzərinə xəzəl
yarpaqları səpələnmişdi. Çay boyunca əsən xəfif külək yarpaqları qovur, havada sarı-qızılı xəzəllər
uçuşurdu.
Bahar uşaq kimi sevinirdi. Tam fərqli adamdılar. Ondan olsaydı, payız küləklərinin əsdiyi əyalət
şəhərinə çıxmaz, evdə oturub çayını içər, ya da dostlarını çağırar, nərd, domino oynar, söhbət elər,
yeyib-içərdilər. Arvadı isə, havanın necə olmasından asılı olmayaraq, gəzməyə çıxmağı, sahildəki
hansısa çayxanada oturub çay içməyi, teatra, konsertə getməyi, restoranların, kafelərin birində nahar,
şam eləməyi xoşlayırdı. Gəzmək adı gələndə gözləri işıldayırdı. Heç cür anlaya bilmirdi, arvadının
soyuq payız küləyindən, uçuşan xəzəllərdən niyə belə xoşu gəlirdi?
Fıstıq ağaclarının arasındakı çayxanaya çatanda arvadı ayaq saxladı, burda çay içməyi təklif elədi.
Hava soyuduğundan çayçı stol-stulu içəri yığmışdı. Belə havalarda gəzməyə çıxan, xüsusilə də sahilə
gələn az olduğundan içəridə adam az idi. O, içəri keçməyi təklif elədi, Bahar isə çayın üstündə
tikilmiş göbələkvari qübbənin altında oturmaq istəyirdi. Bu qız açıqlıq, təmiz hava istəyir, dörd divar
arasında sıxılırdı. Ora soyuq olar, deyə etiraz eləsə də, arvadını içəri keçməyə razı sala bilmədi.
Çayçı göbələyin altına stol-stul daşıdı. Samovarı yanlarında qoyub yandırdı və onların sifarişi ilə
kəkotu çayı dəmlədi. Çay içir, söhbət eləyirdilər. Fincandakı çaydan qalxan buğa arvadı uşaq
marağıyla baxırdı.
– Sənə soyuq deyil? – arvadından soruşdu.
– Yox, – Bahar gülümsədi.
– Üşüsən, içəri keçərik.
– Üşümürəm, – Bahar başını yırğaladı, qısa saçları yüngülcə titrədi.
Bahar onunla danışmaq, onun haqqında daha çox öyrənmək istəyirdi, amma Qobi maraqsız həmsöhbət
idi. Hansı mövzuda söz salırdısa, uzağı iki-üç cümlədən sonra bu mövzuda danışılası bir şey
qalmırdı. Qobi soruşulanlara həvəssiz cavab verir, özü haqda danışmaq istəmədiyini hər vasitəylə
büruzə verirdi.
Qobi danışdığı yerdəcə birdən səsini xırp kəsdi. O, döyüşçüydü. Döyüşçü barıt qoxusu hiss elədi. Bu
qoxunu yüzlərlə, minlərlə qoxunun içindən belə hiss eləyə bilirdi. Barıt qoxusu gəlirdi. Həmişə
olduğu kimi, bu qoxu onu həyəcanlandırırdı.
Bahar ona heyrətlə baxır, amma nəsə soruşmurdu. Qobinin əsəbləri tarıma çəkilmişdi. O, barıt qoxusu


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə