İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə24/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   20   21   22   23   24   25   26   27   ...   142

hiss eləyirdi və bu qoxu getdikcə güclənirdi. Üst-başlarından barıt qoxusu gələn adamlar onlara
yaxınlaşırdılar.
– Sənə nə oldu? – arvadı təşvişlə soruşdu.
– S…s! – əlini dodaqlarının üstünə qoydu.
– Nə oldu axı?
– Aşağı əyil! – arvadına qışqırdı.
Nə qədər təcrübəli döyüşçü olsa da, nə qədər döyüş görsə də, arvadının sinəsində, çiyinlərində qan
ləkələrini görəndə özünü itirdi. Gecikdiyini başa düşdü, masanın üstündən arvadına tərəf atılıb, onu
yerə yıxaraq, bədəniylə güllələrdən qorumağa çalışdı. Güllələr dəmir borulara dəyib ətrafa çovuyur,
atəş səsləri çay boyunca yayılıb əks-səda verir, güllələrin qırdığı budaqlar, kollar havada uçuşur,
çaya, cığırlara səpələnirdi. Qobi arvadını möhkəmcə qucaqlamışdı, indiki halda atəş açanlardan
arvadını qorumaq üçün başqa bir yol görmürdü.
Atəş səsləri birdən eşidildiyi kimi birdən də susdu. Ətrafa qulaq dələn sükut çökdü. Sükutu hələ də
ağaclardan ara-sıra tökülən yarpaqlar, güllələrin qırdığı budaqlar pozurdu.
Atəş açanların getdiyinə əmin olandan sonra arvadını qucağına götürdü. Bahar nəfəs alsa da, danışa
bilmirdi, gözlərindəki həyat, yaşamaq eşqi tədricən sönürdü. Sinəsindən, çiynindən qan şorranıb
axırdı.
Baharı çayçının maşını ilə xəstəxanaya apardı. Ölmə, artıq sonuncu həyat əlamətləri bədənini tərk
eləyən arvadına yalvarırdı, az qalıb. Orda səni ölməyə qoymazlar.
Yolu yarı eləməmiş Bahar öldü. Qobi həyatda ona hamıdan doğma olan, ən yaxın, ən əziz adamının
gözlərini qapadı. Və mavi səmanın, qara torpağın üstündə tək-tənha qaldı.
Xəstəxanada qadının öldüyünü təsdiq elədilər. Coniylə Pori də gəldilər, acı xəbər onları da
sarsıtmışdı, dərddən başını itirmiş, gözləri qan çanağına dönmüş, dinib-danışmayan Qobiyə nə
deyəcəklərini, necə təsəlli verəcəklərini bilmirdilər. Polislər, prokurorluq işçiləri də bir ucdan
gəlirdilər. Qobini sorğu-suala tutmuşdular. Səncə, kimlər ola bilər? Kimlərdən şübhələnirsən? Sənin
düşmənlərin vardırmı? Qobi isə yalnız başını yırğalayır, yaxasını bu adamlardan qurtarmaq üçün qısa
cavablar verirdi. Bilmirəm, heç kimdən şübhələnmirəm, heç bir düşmənim yoxdur.
Dəfn hadisənin səhərisi günü oldu. Dəfnin bütün xərclərini və təşkilini Baharın işlədiyi bank öz
üzərinə götürmüşdü. Qəbiristanlıqda yer almış, qəbir qazdırmış, yaşadıqları evin həyətində çadır
qurdurmuş, molla çağırmışdılar.
Tanıdığı və tanımadığı adamlar gəlir, Qobiyə başsağlığı verib gedirdilər. Saçı-saqqalı ağappaq olan
qoca bir kişi qapının ağzındakı stulda oturmuşdu. Başını aşağı salmışdı, sakitcə qabağına qoyulan
çayını içir, hamı getsə də, o getmirdi. Qonaqların çoxu gedəndən, yalnız ən yaxınları və Qobinin
dostları qalandan sonra qoca ayağa qalxdı, gəlib Qobinin qabağında durdu.
– Arvadını yanlışlıqla vurublar, – astadan dedi. – Səni vurmaq istəyirmişlər, ancaq tələsdiklərindən
səhvə yol veriblər. Arxayınca dəfndə iştirak elə. Arvadının üçünü, yeddisini, qırxını ver. Arvadının
qırxından sonra səni öldürəcəyik!
Başını qaldırıb qocanın etinasız, hissiz-duyğusuz sifətinə baxdı, oğraşlar tayfasından olduğunu başa
düşdü. “Siz özünüzü rüsvay elədiniz, – Qobi nifrətlə dedi, – oğraşlar tayfası qan davasında qadın
öldürdü. Çıx get və dediklərimi unutma. Məni öldürə bilməyəcəksiz, amma mən sizlərdən hələ çoxunu
gəbərdəcəyəm! Qardaşımı öldürənləri öldürdüm, arvadımı öldürənləri də öldürəcəyəm!” “Bir balıq
başı yeyən oğraşlar tayfasına silah çəkən gün öz əliylə özünün ölüm hökmünü verib, – qoca kinli bir
sevinclə dedi, – səni bizim əlimizdən kimsə ala bilməz. Əlimizdən qaçıb qurtara bilməzsən. Sən


öləcəksən! Biz səni öldürəcəyik!”
Qoca bir anlığa onun gözlərinin içinə baxıb, başını dik tutaraq çıxıb getdi. Əl ağacının köməyi ilə
gedirdi. Daş səkiyə dəyən əl ağacının taqqıltısı hələ bir müddət Qobinin başında əks-səda verdi.
Yeddini də verdilər, çadır həyətdən yığışdırıldı. Pori ona dedi, mən bilirəm, bu sənin qan
düşmənlərinin işidir. Arvadını onlar öldürüblər. Niyə polisə demirsən?
Qobinin buz kimi soyuq, donuq gözləri alışıb-yanmağa başladı. Sən nə danışırsan?! – hirslə dedi. –
Mən öz qisasımı özüm alacağam. Yalnız kitab oxuyanlar, yazıqlar, məzlumlar, tikintidə palçıq tutub
kərpic hörənlər qisaslarını özləri almaz, bunu başqasına tapşırarlar. Mənsə təkcə öz polisimizə yox,
dünyanın heç bir polisinə etibar eləmirəm. Bu, polisin yox, mənim işimdir! Biri səni vurursa, sən də
onu vurmalısan. Gözləməli deyilsən ki, polis gəlib sənin əvəzinə o adamı vursun.
Arvadının qırxından sonra Qobi iş yerinə sifariş göndərib, daha onlarla işləməyəcəyini dedi. İndi o iş
haqda yox, qisasını almaq haqda düşünürdü. Son dərəcə diqqətli olmağa başlamışdı, gecə yatanda da
avtomatı başının altına qoyur, çöldən gələn bütün səslərə diqqət verirdi. Dostlarına da tapşırmışdı,
gözdə-qulaqda olun, məni kiminsə axtardığını eşidən kimi xəbər verin.
Coni zəng eləyib beş nəfərin onu axtardığını deyəndə Qobi cəld geyindi. Avtomatı gödəkcəsinin
altında gizlətdi. Dönüb evi vidalaşırmış kimi nəzərdən keçirtdi, arvadının divardan asılmış
çərçivədəki şəklinə baxdı və otaqdan çıxdı. Qan düşmənlərinin bütün günü şəhərdə dolaşıb onu
axtaracaqlarını, axşama isə şəhərdə qalmayıb kəndə qayıdacaqlarını bilirdi. Coniyə zəng eləyib
onları izləməyi, şəhərə hansı maşınla gəldiklərini öyrənməyi tapşırdı.
Şərtləşdikləri yerdə görüşdülər və Coni ona dükanları dolaşan üzü tüklü beş nəfəri göstərdi. Onlar
adamlardan nəsə soruşur, sonra şəkil göstərirdilər. Heç şübhəsiz, onun şəkli idi. Bu adamları bir
xeyli izlədi, şəhərə UAZ-la gəldiklərini öyrənən kimi də ərzaq dükanından bir şüşə araq, su, çörək və
pendir aldı. Taksiylə kəndlərinə gedən yolla bir xeyli getdi və yol yoxuşa dirəndi. Yoxuşun aşağısı
qayalıqlar idi, yoxuşu qalxıb təpəyə çıxanda Qobi maşını saxlatdırdı, burdan o tərəfə piyada
gedəcəyini deyib, taksinin pulunu verərək yola saldı.
Təpədəki iri daşların arasında oturdu. Daşların üstünü mamır basmışdı, ətraflarında kəkotu, yovşan
bitmişdi. Belini mamırlı daşa söykəyib gözlərini yummuşdu. Döyüşçü indi görmür, yalnız eşidir və
duyurdu. Bu onun üçün kifayət idi, bir kimsə belə ona xəbərsiz yaxınlaşa bilməzdi. Səslərə, qoxuya
görə hələ lap uzaqdan kiminsə gəldiyini biləcəkdi.
Arvadı gözlərinin önündə dayanmışdı. Yenə də gözləri gülür, şirin təbəssüm sifətini işıqlandırırdı.
Bir daha bu gülən üzü, gülən gözləri görməyəcəyini fikirləşir, dəhşətli bir kədər üzərinə çökür, onu
əzirdi. Araq şüşəsini açdı, bir qurtum içib yenidən gözlərini yumdu.
Düşmənlərinin gələcəyinə əmindi. Gəlməsəydilər, səhərə kimi beləcə oturacaqdı. Arada gözlərini
açır, yollara baxırdı. Bu istiqamətdə kənd az olduğundan yoldan maşın gəlib keçmirdi. Şəhərə
gələnlər də nahara kimi qayıdıb getmişdilər. Günəş qüruba əyiləndə səs eşitdi və yola baxanda
uzaqdan dolayı yollarla gələn UAZ-ı görə bildi.
Ayağa qalxdı, təpədən bir qədər aşağıda yola beş-altı daş daşıyıb düzdü və gizləndiyi yerə qayıtdı.
Avtomatı çıxardıb yanındakı daşın üstünə qoydu, yerə uzanaraq yolu nişan aldı.
Çox çəkmədən maşın yoxuşun ətəyində göründü. Yoxuşu ağır-ağır qalxıb daşlara kimi gəldi.
Daşlardan bir az aralıda dayandı. Maşından bir nəfər düşüb daşları təmizləməyə başladı. Sürücü də
başını maşından çıxarıb göstəriş verirdi.
Gözlədi, adam daşları təmizlədi, sonuncu daşı da götürüb yolun kənarına atanda onun sinəsini nişan
alıb atəş açdı. Adam daşı yerə buraxdı, qollarını geniş açaraq payız çəmənliyinə yıxıldı.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə