İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə25/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   21   22   23   24   25   26   27   28   ...   142

Maşındakılar yerə tökülüşdülər, daha birini vurdu, o birilər isə yerə yatıb onu tüfəngdən və
tapançadan atəşə tutmuşdular.
Nə qədər ehtiyatlı olsa da, etibarlı yerdə gizləndiyini güman eləsə də, daşların arasından çovuyan
güllələrdən biri qoluna dəydi. Güllənin sümüyə ilişmədiyini, üzdən keçib getdiyini başa düşdü. Qan
axır, qoluyla üzüaşağı qırmızı rəng yayılırdı. İndi yara haqda düşünmək vaxtı deyildi, amma çoxlu
qan itirəcəyindən ehtiyat eləyirdi. Yanındakı sellofan torbanı götürdü, pencəyinin qolunu bir az
yuxarı, yaranın üstünə çəkdi və sellofan torbayla üstdən möhkəmcə sıxıb sarıdı.
Düşmənləri hara gəldi atırdılar. O isə səbirlə gözləyirdi. Tüfəngdən atanın patronu qurtardı, ona
tüfəngini yenidən doldurmağa imkan verməyib onu da vurdu. İndi ona qarşı iki nəfər döyüşürdü.
Maşının arxasında gizlənib ara-sıra atəş açırdılar. Güllələr daşa dəyib çovuyur, ətrafa daş qırıntıları
səpir, toz qoparırdı. O, etibarlı yerdə gizlənmişdi, güllələr onun üçün qorxulu deyildi.
Diqqətlə göz qoyur, hər atəş səsinə qulaq verir, hardan atıldığını müəyyən eləməyə çalışırdı. O
tələsmirdi. Düşmənləri isə onları belə asanlıqla öldürən görünməz döyüşçünü qəzəblə gülləyə
tutmuşdular, bununla da onu daha tez öldürəcəklərini düşünürdülər. Daşın yanından boylanıb baxanda
maşının altından birinin ayağını görə bildi, nişan alıb atəş açdı və adam bağıraraq maşından kənara
sıçradı. İkinci sərrast atəş isə ona ani ölüm gətirdi. İndi düşmənlərindən bircə nəfər sağ qalmışdı. O
da səsini çıxartmır, daha atəş açmır, onun yerini bildirməsini, daşların arxasından çıxmasını
gözləyirdi.
Daşların arasıyla səs salmadan maşına doğru süründü. Düşməni görünmürdü. Bir daş götürüb kənara
atdı, daşın düşdüyü yerə doğru atəş açıldı. Maşına bacardığı qədər yaxınlaşanda sonuncu düşmənini
də gördü. Aşağı əyilmiş, tapançanı başının üzərində hazır vəziyyətdə tutmuşdu. Onu dərhal öldürmək
istəmirdi. Əvvəlcə qıçından vurdu, düşməni tapançanı əlindən buraxıb qıçından yapışdı. Dönüb onu
görəndə əl atıb yanına düşmüş tapançanı götürmək istədi, ancaq qolundan dəyən güllə qolunu sındırıb
yanına saldı. Adam müqavimətin mənasızlığını, öləcəyini başa düşdü. Qolundan yapışaraq belini
maşının təkərinə söykədi. Gözlərində zərrəcə də qorxu yox idi, bu gözlərdən nifrət, amansızlıq və
istehza yağırdı.
Ona yaxınlaşıb soruşdu:
– Arvadımı niyə öldürdüz?
– Biz səni öldürmək istəyirdik, – yaralı ağır-ağır dedi. – Qardaşını öldürdük, arvadı bizim oldu. Səni
də öldürəcəkdik, arvadın bizim olacaqdı. Onu öldürmək fikrimiz yox idi. Sən bizi öldürdün, amma
biz çoxuq. Oğlanlarımız gələcək, səni öldürəcəklər. Sən balıq başı yeyənlər tayfasındansan. Siz balıq
başı yeyirsiz, dana bilməzsən!
– Sizi öldürdüm, – Qobi avtomatı üzünə götürdü, – oğlanlarınız gələcək, onları da öldürəcəyəm.
Balıq başı isə yeyirik, dana bilmərəm, – dedi və yaralının sinəsindən vurdu.
Meyitləri daşıyıb maşına yığdı. Öz avtomatını, qanlı pencəyini də çıxardıb maşına atdı. Sükan
arxasına keçdi, motoru işə salaraq maşını təpənin başına çıxartdı və təpədən qayalığa doğru
döndərib, düz qayanın başında saxladı. Baqajda iyirmi litrlik iki bidon var idi. Şəhərə gələnlər
adətən özləri üçün ehtiyat benzin alırlar. Bidonları açıb benzinin hamısını meyitlərin üstünə səpdi. Əl
əyləcini buraxaraq, maşına od vurub dibi görünməyən qayaya itələdi. Qayanın dibinə doğru bir alov
məşəli uçur, ətrafa alov, qığılcım səpələyirdi.
Yalnız işini qurtarandan sonra köynəyini çıxardıb yaranı araqla yudu. Köynəyinin bir qolunu cırdı,
araqda isladıb yaranın üstünə qoydu və üstdən sellofan torbayla sarıdı.
Şəhərə kəsə yolla piyada qayıtdı. Çöllərdən, dərələrdən keçirdi. Gəlib evə çatanda gecəyarıdan


keçmişdi. Paltarlarını çıxarıb paltaryuyan maşına atdı. Qanlı köynəyini, qanlı sarğıları hamamda
dəmir vannada yandırdı. Yarasına yod vurdu, tənziflə möhkəmcə sarıyıb, soyuq duş qəbul elədi. Çay
dəmləyib içəndən sonra nəm paltarlarını ütüləyib qurutdu. Paltarlarını dolabdan asıb yatağına girdi
və dərin yuxuya getdi. Arvadı öləndən sonra beləcə yuxuya getməsi ilk dəfəydi.
Ayılıb çarpayının üstündə oturanda tutqun buludların arxasında gizlənmiş payız günəşinin artıq
günorta yerində dayandığını gördü. Geyinib çayxanaya getdi. Dostlarıyla birlikdə nahar elədi, sonra
isə bütün günü fikirli halda şəhəri gəzdi. Yorulanda kafelərdən birinə girib kofe, konyak içir, yenə də
küçələrin canına düşüb məqsədsiz, səbəbsiz halda dolaşırdı. Şamı balaca bir kababxanada elədi.
Burda təsadüfən köklüyündən nəfəs ala bilməyən bir gonbulla tanış oldu və gonbul ona iş təklif elədi.
Biz narkotika alveri ilə məşğuluq, qısaca dedi, istəsən bizimlə işlə, bəs qədər pulun olacaq. Arada
mənim adamlarımla sərhədə getməli, ordan malı alıb bura gətirməli, mənim dediyim adamlara
verməlisən. Narahat olma, sizə mane olan olmayacaq. Polisin də, sərhədçilərin də, MTN-çilərin də,
şəhər rəhbərliyinin də haqqını veririk.
Onun üçün indi harda işləməyin, nə işlə məşğul olmağın fərqi yox idi. Təki pulu olsun. Fikirləşmədən
razılıq verdi.
Səhərdən yeni işinə başladı. İki-üç gündən bir “Niva” ilə dağlara gedir, orda deyilən yerdə müxtəlif
adamlarla görüşür, aldığı bağlamaları gətirib şəhərdəki tanış adamlara verirdi. Gonbul onu
aldatmamışdı, hər səfərinə az qala bir illik dolanışığına bəs eləyəcək qədər pul verirdi. Bekar
vaxtlarında araq alıb çayxanaya gedirdi, dostlarıyla nahar eləyir, araq içirdilər. Heç biri keçən
günlərdən danışmağı xoşlamırdı. Xüsusilə də Qobi üçün keçmişə baxmaq əzab idi.
Beş nəfərin öldürülməsi bu balaca şəhərdə çaxnaşma yaratmışdı, adamlar vahiməyə düşmüşdülər.
Polis əvvəlcə bunun qəza olduğunu zənn eləmişdi, amma orda tapılan xeyli patron gilizləri, otların
üstünə, yola səpələnmiş qan ləkələri adamların qəzadan yox, silahdan öldüklərini təsdiq eləmişdi.
Polis hər yerdə qatilləri axtarırdı. Patron gilizlərinin çoxluğuna görə orda döyüşün çoxlu adam
arasında getdiyi qənaətinə gəlmişdilər.
Oğraşlar tayfasının hərəkəti isə polisi heyrətə salmışdı. Tayfanın ağsaqqalı rəisin yanına gəlib
demişdi: “Bizim adamlar özləri yolda dalaşıb, bir-birlərini güllələyiblər. Yaralı halda maşına oturub
kəndə gəlmək istəyəndə maşını uçurumdan aşırıblar. Onları heç kim öldürməyib, bizim düşmənimiz
yoxdur. İmkan verin, adamlarımızı dəfn eləyək. Qırxdan sonra bura gələr, bütün suallarınıza cavab
verərik”.
Qobi işləyir, yalnız cümə axşamları bütün işlərdən boyun qaçırır, şam, gül alıb qəbiristanlığa gedir,
gülləri arvadının qəbri üstünə düzür, şam yandırıb başdaşı ilə yanaşı otururdu. Başdaşına arvadının
gülərkən çəkilən şəklini vurmuşdu. Mələk simalı qadın sanki ölümünə, başdaşlarına gülürdü. Şam
yanıb sönəndən sonra ayağa qalxır, qəbiristanlığı tərk eləyirdi. Cümə axşamları leysan, qar yağması
belə onun bu planını dəyişməzdi, yağışdan, qardan qorunmaq üçün çətir götürməzdi. Amma belə
havalarda şam yandıra bilmirdi. Bir gün yenə də qəbiristanlığa gəlib gülləri düzdü, şamı yandırıb
oturdu.
Hansısa qəbrin üstündə “Yasin” oxumağa gələn molla onun yanında ayaq saxlayıb salam verdi. Başını
yuxarı qaldırıb, başına çalma qoymuş, uzun ətəkli əba geymiş mollanın salamını aldı.
Molla ondan soruşdu, atəşpərəstsən?
Yox, dedi, müsəlmanam. Bunu məndən soruşmasaydın, özün bilmirdin? Bu torpaqlarda daha bircə
nəfər də olsun atəşpərəst yaşamır. Əsrlər öncəsi siz bu torpaqlara ayaq basanda onları kafirlər elan
eləyib, hamısını bir nəfər kimi öldürdünüz. Nəsillərini kəsdiniz. Niyə? Hamısını öldürməyib, heç


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə