İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə36/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   32   33   34   35   36   37   38   39   ...   142

– Qarğa yuvası yox idi, – indi də Pori çətin vəziyyətə düşmüşdü, udqunur, vəziyyətdən çıxmağa
çalışırdı, – evə yumurta almışdı, yıxılanda yumurtalar da sındı.
Qadın çiyinlərini çəkir, başını yırğalayırdı, ona inanmadığı aydın hiss olunurdu.
Pori evə gəldi, yuyunub təzəcə masa arxasına keçmişdi, Səmoş qaça-qaça gəldi, gözləri gülürdü.
“Coni evə gəlib, üz-gözü, paltarları yumurta içində, yan-başına da o qədər ardıc tikanı batıb, nə otura
bilir, nə də uzana. Soruşuram, nə olub, Pori deyir, ardıc kolunun içinə yıxılıb. Əslində isə bilirsən
necə olub? – Səmoş gülməkdən uğunub getmişdi. – Coni orda bir qadının marketdən aldığı
yumurtaları qırıb. Qadından üzr istəmək, yumurtalarını almaq əvəzinə, öküzlüyünə salıb, başlayıb
qadını hədələməyə. Qadın da eləməyib tənbəllik, salıb Coniyə bir təpik vurub, Coni də, hop, uçub,
oturub tikanlı ardıc kolunun üstündə! Bizik kola dolaşan, qadınlar var e!”
Səhər işdən qayıdanda Pori dostunun maşını əks istiqamətə döndərdiyini görəndə soruşdu, hara
gedirik? Bəs marketə getməyəcəksən? Axı sən bu gün ora getməli, əclaf qadının qulağının dibinə
nallamalıydın. O sənin nəyinisə iki paralıq eləmişdi.
Coni qızardı, sən də söz danışdın, görmədin? Azından boksyordu. Yenə gedim, vurub salsın ardıc
kolunun içinə? Bütün gecəni tikanların hesabına ağrıdan yata bilməmişəm. Heç belə bilməzdim, qadın
məni döyüb, çoxları üçün bayram olub. Sevindiklərindən yerə-göyə sığmırlar. Mən bunu belə
asanlıqla həzm eləməzdim, qadından qisasımı alardım, amma ardıc kolunun tikanları döyüş ruhumu
öldürdü. Şəhərin ortasında da tikanlı kol əkərlər? Bunca uğursuz təsadüf olar, qadın səni vurur, sən də
heç yerə yox, birbaşa ardıc kolunun üstünə uçur, oturursan lənətə gəlmiş tikanların üstündə. Ürəyimə
damıb, bu qadın yenə də yolumuzun üstünə çıxacaq. Bəla gəlib məni tapırsa, asanlıqla çıxıb getmir.
Özüylə başqa bəlaları da sürüyüb gətirir.
Haqlıymış, bəla başqa bir bəlanı da sürüyüb gətirdi. Səhər tezdən siqnal səsinə yuxudan oyandı,
artırmaya çıxanda Budkanın maşınının həyətdə dayandığını gördü, keçmiş arvadı, indiki baldızı
Minayə maşından düşürdü. Dilxor oldu, bu qadın, xüsusilə də Budka əbləh niyə təşrif
buyurmuşdular?
Bu da bəla, Poriylə dünənki söhbətini xatırlayıb öz-özünə dedi.
Budka heç onunla salamlaşmadan dedi, on-on beş günlük Rusiyətə iş dalısınca gedirəm, mən gələnə
kimi arvadım sizdə qalacaq. Ondan iki gözün kimi muğayat olursan.
Budkanın cavabını vermək istəyəndə arvadı da gəlib çıxdı, özünü bacısının üstünə atdı. Bacılar
qucaqlaşıb öpüşür, Budka da arvadının çamadanlarını maşından düşürdürdü. Çamadanlara görə belə
qənaətə gəlmək olardı ki, keçmiş arvadı onlara on-on beş günlüyə yox, on illiyə gəlib.
Budka baldızıyla, arvadıyla görüşdü, ona tərəf isə nifrət və qəzəblə baxaraq maşına oturub getdi.
Çamadanları içəri daşıdılar, Səmoş dəhlizin sağındakı balaca otağı bacısına verdi. Burdan hamama
da yaxındır, ayaqyoluna, həyətə də, dedi, qoy sənə rahat olsun.
Minayə şeylərini rahatlamaq üçün otağına keçəndə arvadına narazılığını bildirirdi. Arvad mənimdir,
cikinə də bələdəm, bikinə də. O bura xoş niyyətlə gəlməyib. Əri on beş günlüyə Rusiyətə gedir, getsin
anasıgildə qalsın, qardaşlarıgildə qalsın. Nədir, qəlyançəkənlər qırılıb, tükənib?
– Arvadın? – Səmoş heyrətlə soruşdu.
– Nədir, arvadım deyil?
– Deyil!
– Bəs nəyimdir? – Coni gözlərini döyürdü.
– Baldızındır! Vaxtilə arvadın olub.
Coni tutuldu, elədir, könülsüz halda təsdiq elədi. Ardıc tikanları ağlımı çaşdırıb. Huşum gedib,


qarışdırıram. Səmoş isə qəti xəbərdarlıq elədi. Bir də qarışdırsan, ağlını ardıc tikanları yox, mən
çaşdıracağam!
Ürəyində isə düşünürdü, ağlımı çaşdırdın, nə olacaq? Bu nəyi dəyişəcək? Ya indi, ya iki il qabaq, hər
halda arvadım olub. Yəni arvadlıq stajı baldızlıq stajından çoxdur. Mən onu arvadım kimi daha yaxşı
tanıyıram, baldızım kimi isə heç tanımıram. Əgər o mənim keçmiş arvadım olan həmən qadındırsa,
heç kimdə qalmayıb, durub kənddən bura gəlibsə, demək, nəsə məqsədi var.
Minayə paltarlarını dəyişəndən sonra onları da içəri çağırdı. Saçlarını arxaya yığıb möhkəmcə elə
bağlamışdı ki, deyirdin indicə saçları dibdən çıxacaq. Bədəninə kip yapışmış idman kostyumu
geymişdi. Bütün cizgiləri aydın görünən bədəni, enli, dolğun alnı onu keçmiş vaxtlara nisbətən daha
cəzbedici, gözəl göstərirdi. Çamadanlarının biri onlara sovqat idi, keçi pendiri, nehrə yağı, lavaş,
əncir, ərik qurusu, mürəbbələr gətirmişdi. Biri isə onlara aldığı hədiyyələr idi. Deməyinə görə, Budka
hər dəfə Türkiyədən, Rusiyətdən, İrandan gələndə xoşu gələn nə varsa, təkcə özləri üçün yox, onlar
üçün də götürürmüş. Bacısı üçün aldıqlarını verəndən sonra onun da hədiyyələrini təqdim elədi,
qalın yun köynək, qış ayaqqabısı, alt paltarlar. Keçmiş arvadı alt paltarları da ona uzadanda pərt
halda duruxub qaldı. Bir qadının kişiyə alt paltar bağışlaması harda görülmüşdü?
Minayə onun halını duydu, ürəkdən qəhqəhə ilə güldü. A bala, niyə uşaq kimi qızarırsan? Budka
Türkiyədən gətirmişdi, ona da götürdüm, sənə də. İndi necə olmuş olsa da, hər ölçünü bilirəm.
Arvadına baxır, gözlərini ağartdığını görüb kəsilə-kəsilə qalır, cavab verə bilmirdi. Arvadı təkcə göz
ağartmaqla kifayətlənmədi, bacısına qahmar çıxdı. Niyə alırsan axı? Bu adam yaxşılıq bilməz, sənin
vaxtında da bilmirdi, indi də bilmir. Sağ ol demək əvəzinə, mısmırığını sallayacaq.
Səhər yeməyindən sonra Səmoş çəpiş üçün ot, su qoyanda Minayə çəpişə baxıb güldü:
– Səmoş, məncə, o, çəpişi səndən çox istəyir.
– Nədən bilirsən? – Səmoş duruxub qaldı.
– Çünki sənin onun üçün elədiklərini çəpiş də eləyə bilər, amma sən çəpişin elədiklərini eləyə
bilməzsən. Hər halda sən bunları ikilikdə qoyma.
– Sən olanda çəpiş saxlamırdı?
– Mən başqayam, – Minayə gülürdü, – mənim vaxtımda onun çəpişə tərəf baxmağa heç həvəsi
olmurdu.
Səmoşun geyinib onunla birlikdə işə getmək istədiyini öyrənən Minayə: –Evdə tək qala bilmərəm,
dedi, mən də sizinlə gedirəm. Görüm bağçada nə iş görürsünüz?
Coni dözə bilmədi, sənin orda nə işin var, olmaya bağçanı təftiş eləyəcəksən?
Minayə hirsləndi, a bala, sənə nə var? Sən çox da havalara girmə. Olmaya səndən icazə istəyən oldu?
Mən heç arvadın olanda sənin sözünü vecinə almırdım, qalıb indi alam! Yeznəsən, yeznə qələtini elə!
Hər işimə qarışma!
Keçmiş arvadını cavabsız buraxa bilmədi. Vecinə almırdın, mən də nallayırdım alnının ortasından,
quzuya dönürdün!
Minayə dilini yerə qoymurdu, mən də saplıcanı ilişdirirdim başına, səmə qoyunlar kimi başını
əsdirirdin! Başını bu tərəfə döndər, görüm saplıcaların yeri qalırmı? Hə, qalır. Bacıma da hər
danışanda tapşırırdım, deyirdim, yazığın başına o qədər vurmuşam, səmə olub. Çaşbaş olanda, ağlı
çaşanda ona baş qoşmazsan.
Səmoş gülməkdən uğunmuşdu, o gördüyün saplıca yerləri səninki deyil, mənim əl işlərimdir. Əla
dedin, beləsinin cavabını elə də vermək lazımdır. Yoxsa yerini bilməyəcək! Deyən yox, sənin nə
işinə?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə