İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə39/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   35   36   37   38   39   40   41   42   ...   142

– Yaxşı, qardaşım dedi.
O isə sevincini boğa bilməyib gülürdü. Əfi, qardaşın, ya anan mənə salam deyiblər, ya deməyiblər,
məni zərrəcə də maraqlandırmaz. Düzünə qalsa, heç deməsələr yaxşıdır. Onların salamına
qalmamışam. Sizin tərəflərdən bir qayda olaraq şər küləkləri əsir. Başkəsənlərin salamını istəmirəm,
uzaq olsalar, bəsimdir.
Arvadı inciyib dəstəyi asdı, onunsa kefi kökəlmişdi, sevincinin sonu yox idi. Biloya zəng elədi.
Nahara çayxanaya gəl, dedi, toyuq qızardacağam, araq da mənlikdir.
Coni isə etiraz elədi. Bu gün toyuq olmayacaq, sənin işin olmasın, naharı mən hazırlayacağam.
Coni sarımsaq, sumax almışdı, kartofu doğrayıb Porinin çay dəmlədiyi sobanın üstünə düzdü. Kartof
bişəndən sonra nahar elədilər. Sarımsağı ortadan dilimləyir, üstünə duz səpir, sumaxa batırıb hər iki
üzü sobada qıpqırmızı olmuş kartof dilimləri ilə yeyirdilər. Ləzzət verirdi, Coninin zövqü var imiş.
Pori sevinirdi. “Bu gün mənim bayramımdır, – deyirdi, – qayınana əsarətinə son qoymuşam. Öz
evimdə istədiyim kimi gəzib-dolaşa biləcək, arvadımla ürəyim istəyən kimi danışacağam. Təsəvvür
eləyirsizmi, istədiyimi danışacağam, bir kimsə ağzımı açan kimi ağzımın üstündən vurmayacaq. Hər
dediyimə mız qoymayacaq. Qardaş, azadlıq gözəl şeydir!”
Bu gün çayxananı tez bağladılar, qadınları da bağçadan götürməliydilər. Pori Əfiyə zəng eləyib
gəldiklərini dedi və bağçaya getdilər. Əfiylə Səmoş gəldi, keçib oturdular. Maşın yerindən tərpənib
heç beş-altı addım getməmişdi ki, arxadan Əfinin hiddətli səsi eşidildi, Coni, maşını saxla!
Özünü itirmiş Coni maşını yolun kənarına verib saxladı. Heyrətlə dönüb qadınlara baxırdı:
– Nə olub?
– Sizdən sarımsaq iyi gəlir, – Əfi sifətini turşudaraq dedi. – Siz gedin! Biz taksiylə gələcəyik.
Daha onların nə deyəcəyini gözləməyib maşından düşdülər, taksi saxlayıb oturdular və çıxıb getdilər.
Pori Conini qınayırdı, gərək sarımsaq almırdın, Əfi iylərə qarşı həssasdır. Coni isə dişlərini
qıcırdadırdı, Pori, yeyəndə tərifləməkdən dilin ağzına yerləşmirdi, indi pis oldu? Mən uğursuz
adamam, bəxtim olsaydı, gedib qəlyançəkənlərin kəndinə çıxmaz, öz kəndimdən qız alardım. Sənə də
dedim, getmə başkəsənlərin kəndinə, qulaq asmadın! Əfi iylərə həssasdır, biz sarımsaq yeməyəcəyik?
Sən özün bil, mən yeyəcəyəm! Qəlyançəkənlərin qızı mənim yeyib içməyimə qarışa bilməz! Sən
porsuq, mən canavar, it də iyləri bizim kimi bilməz, biz olmuruq, bunlar iylərə qarşı həssas olurlar?
Şamda Əfi Poriylə bir süfrəyə oturmadı. Dedi, sarımsaq iyi ürəyimi bulandırır, sarımsaq yeməyi belə
çox istəyirsənsə, mən kəndə gedəndə, evdə tək qalanda yeyərsən. Ən pisi isə yatanda da ayrı yatdılar.
Halbuki Pori neçə vaxtdı bu günü, bu gecəni səbirsizliklə gözləmişdi. Divanda yerini rahatlamağa
çalışır, Conini lənətləyirdi, adam, bir dəfə ağıllı iş gör də! Sarımsaq yemək hardan ağlına gəldi? Bu
qədər axmaq işləri hardan tapırsan, öz başını da bəlaya salırsan, mən də sənin ucbatından əzab
çəkirəm!
Elə bil hər şey Porinin qayınanasından asılıymış, səhərisi Budka da gəlib arvadını apardı. Coni
gecələr baldızının yanına getməsinə görə özünü qınasa da, Minayənin getməsinə çox heyfisləndi.
Hazır gəlmişkən hələ çoxlu gecələr də birlikdə ola, hər ikisinə sonsuz həzz bəxş eləyən anlar yaşaya
bilərdilər, lənətə gəlmiş Budka imkan vermədi.
Coni gecə ayaqyoluna gedib qayıdanda arvadı ondan soruşdu, deyəsən daha sancılamırsan? Bacım
burda olanda isə sancılayırdın. Gedib yarım saat ayaqyolunda yatırdın. İndisə getməyinlə qayıtmağın
bir olur.
Arvadı nə demək istəyirdi, olmaya ondan şübhələnmişdi? Yox, şübhələnsəydi, özünü bunca sakit
aparmazdı. Elə isə nəyə işarə vururdu? Arvadının könlünü almaq üçün arxadan qucaqlayıb özünə


sıxmaq istədi, ancaq arvadı dirsəyi ilə necə vurdusa, sancıdan bükülüb ikiqat oldu.
Sabah axşam hələ də hirsinin soyumadığını zənn eləyərək arvadını ehtiyatla, özünü gözlənilməyən
zərbədən qorumağa hazır olaraq qucaqlayırdı. Amma arvadı təpik-yumruğunu işə salmadı, hətta etiraz
da eləmədi. Ərinin onu necə soyundurmasına həmişə olduğu tək heyrət və maraqla baxırdı.
Səhər işə gedəndə isə Coni Poriyə şikayətlənirdi. Qəlyançəkənlər tənbəki tüstüsüylə, hisi-pasıyla
məni zərrə-zərrə öldürürlər. İnsan da bu qədər qəlyan çəkər? Yanımda siqaret çəkiləndə ödüm ağzıma
gələrdi, indi siqaretimin vaxtı keçəndə qala bilmirəm. Mənə xeyirləri bu oldu!
Səmoş arxadan ərinə irad tutdu, sənə nə? Sənin puluna tənbəki alıb çəkirlər?
– Səmoş, mənim pulum yoxdur sənin tayfana tənbəki alam. Lap elə olsa da almaram. Ürəklərindən
keçirsə də, denən qoy ümidlərini vursunlar. Biz keçmiş döyüşçülər şər işlərə, tənbəkiyə, nəşəyə pul
xərcləmərik. Qobinin əlinə pul düşdü, kiməsə yüz qram tənbəki aldımı? Almadı. Uşaqlar üçün bağça
tikdirdi, orda uşaqlar təhsil alırlar, hələ bir sizlər də işləyirsiz. Səhər tezdən durub “işə gedirik” deyə
hava atırsız.
Artıq bağçaya çatmışdılar, Səmoş onun cavabını verə bilməyib düşdü. Pori gözəlliyi ilə, ədasıyla
yerə-göyə meydan oxuyan, hirslənəndə daha da gözəl görünən qadına baxır, Conini anlamaqda
çətinlik çəkirdi. Belə qadınla necə kobud danışmaq olardı? Bu qadın yalnız sevilmək, əzizlənmək
üçün yaranmışdı.
Əfi də Səmoş kimi ərinin tayfası haqda daha çox öyrənmək istəyirdi. Axşam evdə Poriyə dedi, yaxşı,
hacı başa düşdük, sizin üçün düşərli olmayıb. Bəs Kərbəlaya niyə getməyibsiz? Yelqovanların içində
bircə dənə də kərbəlayi yoxdur.
Əfi, yelqovanların ziyarətə getməmələri səni nə belə maraqlandırır? Getməmişiksə də, getməmişik.
Hökmənmi Kərbəlaya getməliyik? Öhdəçilikmi götürmüşük? Amma getməmişik də deyil, əslində
getmişik, yəni getməyə səy göstərmişik. Yelqovanlar düşünüblər, bir halda Haca gedə bilmədik, heç
olmaya Kərbəlaya gedək və getməyi qərara alıblar. Tərslikdən onların qərarı Amerika İraq
müharibəsinə təsadüf eləyib. Amerika öz anbarlarında nə qədər vaxtı keçmiş bombalar varsa,
hamısını gətrib İraq torpağında boşaldırdı. Üç yelqovan da gediblər, Kərbalaya çatmağa lap az
qalmış, yelqovanların Kərbəlayi olmalarına saatdan da az vaxt qalanda üç Amerika təyyarəsi gəlib
başlarının üstündə fırlanıb, hərəsində də on ton bomba. Bombaları buraxıblar yelqovanları aparan
maşının üstünə. Yəni Amerika üç yelqovanı birdən otuz ton bomba ilə vurub. Yelqovanlar toza-
torpağa, quma qarışıb göylərə çəkiliblər. Toz-duman yatandan sonra iraqlılar hətta onları axtarmağa
da səy göstərməyiblər. Deyirlər, nəinki yelqovanların, heç onları Kərbəlaya aparan maşının da izi-
tozu yox imiş. Molla Qulaməli deyirdi, yəqin onlar elə maşınları qarışıq göylərə çəkiliblər və orda
da öz maşınlarını minib hələ də gedirlər üzü Kərbalaya doğru. Yerdə Kərbəlayi ola bilməsələr də,
yəqin göydə olacaqlar. Faktiki olaraq Amerika onları otuz tonluq bomba ilə vuran gündən indiyə kimi
yelqovanlar göydə maşın sürürlər. Hətta nənəm deyirdi, həmən gün mən göylərdən səs gəldiyini
eşitdim. Bu nə səsdir, dedim, göylərdə qışqıran, çığıran kimdir? Sən demə yelqovanlar imiş,
çığırırmışlar. Heç nə başa düşmədim, bir halda göylərdə öz maşınınıza minib Kərbalaya doğru
gedirdilərsə, niyə çığırırdılar?
Əfi başını yırğaladı, Pori, nə isə, mən fakt istəyirdim, konkret suala konkret cavab. Sənsə mənə molla
Qulaməli ilə nənənin nağıllarını danışdın. Ay göydə maşın sürürlər, ay çığırırlar! Fakt budu ki,
getməyiblər. Yer üzündə bircə dənə də kərbəlayi yelqovan yoxdur. Göydə maşın sürməklə, ya da
çığırmaqla bir kimsəyə kərbəlayi deməzlər.
X. Qobi Rusiyada


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə