İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə54/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   50   51   52   53   54   55   56   57   ...   142

çox araq içirdirdilər, həyatını təhlükəyə atmışdılar, başkəsənlər heç araq içirtmədilər, yenə də həyatın
təhlükədə oldu. İki gün araq içmədin, namaz qıldın, dünyamı dağıldı? Sən buna işkəncəmi deyirsən?
Niyə ancaq sənin başını kəsmək istəyir, bağrını çatladırlar, amma bizim başımıza fırlanırlar? Mən
həyatımda başkəsənlər qədər dürüst, sözü bütöv, vicdanlı, qohumdan, dostdan ötrü özünü ölümə belə
verməyə hazır olan, qonaqpərvər adamlar görməmişəm. Amma sizin üzünüz gülmədi, nankorluq
elədiniz. Buna görə də Əfiylə qərara aldıq ki, sizi cəzalandıraq. Qoy ağlınız başınıza gəlsin!”
Coni heyrətlənmişdi, Pori, görürsən, dədələri evində iki gün qaldılar, ayaqları yer aldı. Bizi
cəzalandıracaqmışlar! Ay qız, sən havalara girmə. Əfi bəlkə də Porini cəzalandıra bilər, lap düzünü
deyim, məncə cəzalandırır da, sənsə xam xəyallara düşmə! Sən məni nə cür cəzalandıra bilərsən?
Mən qulağının dibinə necə nallamağı bilirəm! Bir dəfə nalladımmı, hər şey qaydasına düşür!
“Nallamaqla nəyə nail olubsan? Bacıma da nallayırdın, yığdı, yığdı, axırda alnının ortasından birini
nalladı, oldun heç nə!”
Keçmiş arvadının adının tutulması, Conini ataraq çıxıb getməsi onun köpünün alınması üçün bəs
eləyirdi, yalnız fısıldamaqla kifayətlənirdi.
 
 


XIII. Tarix dərsləri
 
 
Qız deyirdi, tarix daima sularla əlaqəli olub. Böyük tarixi böyük suların sahillərində yaşayan xalqlar
yaradıblar. Dəniz balığı yediklərindən, bol oksigenli, yodlu və duzlu dəniz havasıyla nəfəs
aldıqlarından beyinləri yaxşı işləyib. Böyük duyğularla yaşayıb, böyük işlər görüblər. Böyük
sulardan uzaqda yaşayan xalqların isə böyük tarixə aidiyyatları olmayıb. Oksigensiz və yodsuz hava
beyinlərini bürüşdürüb, qəzəbli və təcavüzkar olublar. Digər xalqları kölgədə qoymaq üçün özlərinə
uydurma tarix yaradıblar. Uydurmaların dəqiq sərhədləri olmadığı kimi, uydurma tarixlərin də dəqiq
sərhədləri olmayıb.
Etiraz elədi, yalandır, hələ böyük Çin alimi Çanq Çun Çingiz xana yazırdı: “Bəyan edirəm ki,
dəniz sahilinin yaxınlığında yaşayan xalqlar qabiliyyətsiz insanlardan ibarətdir”.
 
***
Qobi arxa çantasını çiyninə atıb, addımlarını geniş ataraq əyalət şəhərinin daş döşənmiş səkisiylə
gedirdi. Şəhərin evləri ağacların arasında itmişdi, səmada seyrək buludlar süzürdü. Meydanda sarı
saçlı, sarı bənizli adamlar var idi. Ondan soruşdular:
– Sənə nə lazımdır?
– Mənə ev lazımdır, – Qobi cavab verdi.
Ev satan çox idi. Qobi ucuz qiymətə şəhərin mərkəzində üçotaqlı həyət evi aldı. Moskvaya, oğlunun
yanına getməyə hazırlaşan yaşlı qadın öz paltarlarından başqa evdən heç nə götürməmişdi. Ev kif və
ağac göbələyi qoxusu verirdi. Evi təmir elətdirdi, həyət-bacanı ot-alaqdan təmizləyib ağacların
arasındakı cığırlara üzlük döşətdirdi. Qab-qaşıq, yorğan-döşək üzü, pərdələr aldı. Bütün bu işlərə bir
ay vaxtı getdi, amma indi həyətə, evə girəndə qəlbi açılırdı. Hər yer tərtəmiz idi, zövqlə rənglənmiş,
ağardılmışdı.
Ərzaq dükanı yaxınlıqdaydı. Dükan sahibinin, sağ üzündə əqrəbə oxşar çapıq olan cavan oğlanın adı
İvan idi, Vanya deyirdilər. Bu neçə vaxtı ərzağı bu dükandan aldığına görə artıq onlarla tanış ola
bilmişdi. Oğlan keçmiş döyüşçüydü, həmişə fikirli, qanıqara olurdu.
Bir dəfə Qobi konyak almaq üçün dükana girdi, arxasınca idmançı olduqları hiss olunan iki nəfər də
gəldi. Ona, satıcılara məhəl qoymadan Vanyadan pul istəyirdilər, Vanya isə and–aman eləyirdi, bu
həftə alver olmayıb. Verginin pulunu ancaq verə bilmişik. Başını daz qırxdırmış cavan oğlan isə
həyasızcasına, harınlıqla deyirdi, o sənin problemindir! Canın çıxsın, tap, ver! Yoxsa dükanını alt-üst
elərik!
– O nə qədər verməlidir? – Qobi soruşdu.
– Sən kimsən? – ikisi də eyni anda ona tərəf döndülər.
– O nə qədər verməlidir? – Qobi sualı eşitmirmiş kimi təkrar soruşdu.
– Qara it, biz nəyə görə sənə cavab verməliyik?
Beş kiloluq daş tərəzinin yanındaydı, əl atıb daşı götürən kimi də dazın başından vurdu, daz
səntirləyib yıxıldı. Dazın arxasında dayanmış ikinci cavan oğlan özünə gəlməyə macal tapmamış onun
da qıçlarının arasından təpiklə vurdu. Oğlan bağırıb qarnından yapışanda ağzından başıyla vurdu,
oğlan açıq qapıdan çölə uçub, arxası üstə həyətə sərildi. Dazı da sürüyüb onun yanına apardı, üst-
başlarını axtardı, hərəsində bir tapança var idi. Tapançanın birini özü götürdü, o birisini isə hələ də


özünə gələ bilməyən, baş verənlərdən özünü itirmiş Vanyaya verdi.
Vanya təşvişə düşmüşdü. Sən neylədin? Bunlar bir sürüdürlər, ikisini yola salacaqsan, onu gələcək!
– Onu gələcək, onunu da yola salacağıq. Nəyə görə onlara pul verməlisən? Keçmiş döyüşçüsənsə,
döyüş görübsən. Silah, döyüş nədir, bilirsən. Amma ağzından süd iyi gələnlərin qarşısında əsirsən.
Belə yaşamaqdansa, elə qoy gəlib öldürsünlər.
– Haqlısan, – Vanya onunla razılaşdı, – bezdim. Nə olacaqsa, qoy olsun!
Gələnlərin hərəsinə beş-altı təpik vurub qovdular. Gedin, Vanya onlara dedi, şefinizə deyin, bundan
sonra itə-qurda haqq verməyəcəyəm. Bu dəfə itlərini salamat yola saldım, bir də gəlsələr, meyitlərini
göndərəcəyəm.
Vanya onu öz otağına dəvət elədi, masanın üstünə litrlik şüşədə araq, iki taraş stəkan, iki dilim də
xiyar turşusu qoydu. Şüşəni açıb, stəkanlara ağzına qədər araq süzdü. Öz stəkanını götürdü, arağı son
damlasına qədər içib, stəkanı masanın üstünə qoydu, xiyarı götürüb qoxuladı. O da stəkanını götürüb
başına çəkdi, içib, xiyardan bir az dişlədi. Araq tünd idi, nəfəsini kəsirdi. Amma o, bir qayda olaraq,
tünd araq içməyi xoşlayırdı. Şüşəni içib qurtardılar, Vanya onun arağı necə içməsinə, içəndən sonra
dilinin topuq vurmamasına, adi qaydada danışmasına diqqət verib dedi:
– Bunlar şəhərin yarıdan çoxuna nəzarət eləyən Volkun adamlarıdırlar. Bütün restoranlardan,
dükanlardan, iş yerlərindən haqq alırlar. Kim verməsə, özünü də döyür, dükanını da yandırıb kül
eləyirlər. Polis aylıq haqqını aldığına görə onları müdafiə eləyir. Mən qorxaq deyiləm, amma təkəm.
Təkbaşıma onlara qarşı vuruşa bilmərəm.
– Artıq tək deyilsən, – Qobi qətiyyətlə dedi, – birlikdə vuruşarıq.
Vanya ona heyrətlə baxırdı. Heç nə başa düşə bilmirəm, dostum deyilsən, qohumum deyilsən, heç rus
da deyilsən, dinimiz, millətimiz də ayrıdır. Birlikdə döyüşməmişik, ilk dəfədir qarşılaşırıq. Elə isə
nəyə görə mənimlə birlikdə mənim düşmənlərimə qarşı vuruşmaq istəyirsən? Burda hər şey ola bilər,
nəyi göz önünə alıb bu boyda riskə gedirsən?
Sadəcə prinsip xatirinə, Qobi dedi. Burda, mənim qonşuluğumda sən yox, bir başqası olsaydı, onu da
tək qoymazdım. Nəsə olacaqsa, qoy olsun. Mən qorxa-qorxa yaşamağa vərdiş eləməmişəm. Mən
qorxuya yenilmirəm, onun üstünə gedirəm. Onda qorxu geri çəkilir. Qorxub qabağımdan qaçır.
Satıcı qızlardan biri içəri girib çöldə polisin onları gözlədiyini dedi. Çıxdılar, üç nəfərdilər. Biri
mayor, digər ikisi isə sıravi polislər idi. Mayor onları təpədən dırnağa qədər süzüb, burda dava
salanların kim olduqlarını soruşdu. Qobi irəli keçib davanı onun saldığını deyəndə mayor polislərə
tərəf dönüb Qobinin qollarını qandallamağı əmr elədi.
Qobinin qollarını qandallayıb maşına apardılar, arxa oturacaqda oturtdular. Mayor da keçib onunla
yanaşı oturdu, əllərində avtomatlar olan polislər isə maşının həndəvərində gəzişirdilər.
– Bu şəhər mənimdir! – mayor qəzəblə dedi. – Sən kim olursan ki, dünyanın o başından gəlib burda
qayda yaradırsan? Ay qoyun, ikisini qovdun, sonra gələnləri necə qovacaqsan? Volkla polis bacarmır,
sən bacaracaqsan?
– Polis bacarmırsa, mane də olmasın. Bizim kimsəylə problemimiz, davamız yoxdur. Sadəcə öz
dükanımızı qorumaq istəyirik.
– Bilirsən nə var, bunlar məni maraqlandırmaz – dükanınızı qorumaq istəyirsiniz, ya özünüzü. Qoruya
bilməyəcəyiniz isə heç maraqlandırmaz. Bir-birinizi öldürün, küçənin ortasında güllələyin, vecimə də
deyil. Amma sizin ucbatınızdan günahsız birinin burnu belə qanasa, başınızla cavab verəcəksiniz!
– Aydındır, – Qobi dedi.
– Bu havayı olmayacaq.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə