İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə55/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   51   52   53   54   55   56   57   58   ...   142

– Nə qədər? – Qobi soruşdu.
– Ayda beş min dollar.
– Yaxşı.
Mayor yerə sıçradı, polislərdən biri gəlib onun qollarını açdı. Onu yerə düşürtdülər və çıxıb getdilər.
Vanya onun mayorla söhbətini eşidib güldü. İşləri əməllicə düzəldibsən. Ayda Volka üç mini tapıb
verə bilmirdik, mayora beş mini hardan tapıb verəcəyik?
Qobi dedi, mən verəcəyəm, qoy Volkla savaşda bizimlə işi olmasın. Həm polislə, həm Volkla eyni
zamanda döyüşə bilmərik. Volkun işini həll eləyək, mayorla sonra danışarıq.
Çox keçmədi, dükanın qabağında Qobinin indiyə kimi görmədiyi iri, qara bir maşın dayandı,
maşından bir-birinin ardınca idmançı görkəmində olan adamlar düşürdülər. Qobi saydı, beş
nəfərdilər.
– Onlardır, – Vanya dedi, – ikisi getdi, beşi gəldi.
– Mən bilirəm, – Qobi dedi, – adətən belə olur, ikisi getdimi, beşi gəlməlidir. Narahat olma, ikisi
necə getdisə, beşi də elə gedər. Ölümünə atırıq. Yoxsa onlar bizi öldürəcəklər.
Vanya başı ilə razılığını bildirdi. Tapançaları da götürüb dükanın qabağındakı beton sütunların
arxasında dayandılar. Maşından düşənlər əllərini-qollarını sallayaraq gəlirdilər. Arxayın idilər,
yandırmağa, dağıtmağa, dükanı alt-üst eləməyə gəlirdilər. Bir kimsənin onlara qarşı çıxacağını,
müqavimət göstərəcəyini gözləmirdilər.
Vanya atəş açan kimi də irəlidə təkəbbürlə gələn qollarını quş kimi açıb arxası üstə yıxıldı. O da atəş
açmağa başladı. Quldurlar özlərinə gəlməyə macal tapmamış hamısı yerdə idilər. Yalnız birini sağ
saxlamışdılar, bığ yeri yenicə tərləyən yeniyetmə idi, ayaq üstə titrəyirdi, əsl döyüş gördüyü birinci
dəfə idi. Meyitləri daşıyıb maşının baqajına, arxa oturacağa yığdılar. Maşında xeyli avtomat,
qumbara var idi. Bu onları sevindirdi, hərəyə bir avtomat, təzə daraqlar və iki qumbara götürdülər.
Bizimki budur, Vanya deyirdi, əlinə aldınmı, özünü arxayın hiss eləyirsən. Hə, bundan sonra qoy
təkcə Volk yox, şəhərin bütün kriminalları gəlsinlər!
Oğlanı maşına oturtdular, Vanya ona dedi: “Apar meyitləri Volka təhvil ver və ona denən, sənə
dəfələrlə xəbərdarlıq elədim, sifariş göndərdim ki, mənə toxunma. Mənimlə işin olmasın. Əl
çəkmədin, mən sifariş göndərdikcə üstümə daha çox gəldin. Mən də cavabını verməyi qərara aldım.
Bir də qarşıma çıxsan, səni də öldürəcəyəm. Dükanımı yandırsan, evini yandıracağam. Dostlarıma,
qohumlarıma toxunsan, arvadını, qızını öldürəcəyəm. Sakit yaşamaq istəyirsənsə, bizə yaxın düşmə.
Biz səngərdə, döyüşdə bir kimsədən, ölümdən qorxmadıq. Səndənmi qorxacağıq?”
Oğlan getdi və tezliklə Volkdan onlar üçün sifariş gətirdi: “Qurtardıq, daha sizinlə işim olmayacaq”.
Vanya ona deyirdi, mən təkdim, onların qabağına çıxsaydım, çətinlik çəkmədən məni aradan
götürəcəkdilər. Digər döyüşçü dostlarımdan kömək istədim, amma səngərdə ölümün gözünün içinə
dik baxmaqdan qorxmayan adamlar arxa cəbhədə adi bir quldurdan qorxdular. Volka baş əydilər,
onun qarşısında sındılar. Bunu qorxaqlıqdan eləmədilər, özlərinə görə qorxmurdular, ailələrinə görə
qorxurdular. Bu gün Volka qarşı çıxarlarsa, sabah bunun ağrı-acısını arvadlarının, ailə üzvlərinin
çəkəcəyindən ehtiyatlandılar. Bu alçaq səngər qaydaları ilə döyüşmür, ona qarşı çıxanlarla
mübarizədə ən iyrənc vasitlərdən istifadə eləyir. Biz isə Volku sındırdıq. Keçmiş döyüşçülər bunu
eşidərlərsə, ruhlanacaq, ətrafımıza toplaşacaqlar. Mən buna əminəm.
Vanyaya dedi, məndə yüz min dollar var, verim, dükanı şərik işlədək. Vanya razılaşdı, onsuz da tək
işləmək mənim üçün çətin idi, dedi, əl-ələ verək, birlikdə işləyək. Sənin pulunla dükanı bir az da
genişləndirək, yeni avadanlıqlar alaq, işçilər götürək.


Vanya haqlıymış, digər dükan, iş yerləri sahibləri olan keçmiş döyüşçülər onların Volka qarşı
çıxdıqları xəbərini eşitmişdilər, axşamçağı dükana gəlib dedilər ki, bu gündən sonra hər işdə və hər
yerdə birlikdə olacağıq. “Keçmiş döyüşçülər” adlı təşkilat yaradaq, Volk, digər mafiya başçıları,
polis hansı birimizə toxunsa, aylıq haqq istəsə, hamımız bir nəfər kimi onun müdafiəsinə qalxırıq. Öz
qərarları haqda Volka, polisə və şəhərdəki digər kriminal qruplaşmalara xəbər göndərdilər. Volk və
digərləri qərara əməl eləyəcəklərini, bundan sonra keçmiş döyüşçülərdən heç birinə yaxın
düşməyəcəklərini demişdilər, polisdən isə səs çıxmadı. Bu isə polisin xəbərdarlığı vecinə almadığını
göstərirdi.
Vanya deyən kimi də elədilər, bu böyük binada bərpa, təmir işləri apararaq marketi genişləndirdilər,
yeni yük maşını, avadanlıqlar aldılar, mal çeşidini genişləndirib yeni işçilər götürdülər. Vanya satışa,
o isə alınan malların anbara yerləşdirilməsinə və ordan satışa buraxılmasına nəzarət eləyirdi. Qısa
vaxt ərzində market şəhərdə şöhrət qazandı, müştərilərin sayı artdı. Əvvəl müştəri azlığından
şikayətlənən satıcılar, indi sayları artırılsa da, çatdırmırdılar. Vanyanın maşını var idi, onun üçün də
maşın aldılar.
Ayın axırında mayor polislərlə gəldi. Mayor niyə gəldiklərini deyəndə Vanya ona öz qərarlarını
xatırlatdı. Bundan sonra aylıq olmayacaq, bir kimsəyə haqq verməyəcəyik.
Mayor tutuldu, belə bir cavab gözləmirdi. Pulunuz yoxdur, ya vermək istəmirsiniz?
– Vermək istəmirik, – Vanya birbaşa dedi.
– Zorla alarıq! – mayor qəzəblə dedi və polislərə işarə elədi. Vanyanın qollarını qandallayıb
apardılar.
Qobi keçmiş döyüşçülərə zəng eləyib işin nə yerdə olduğunu danışdı və çox keçmədən hamısı polis
şöbəsinin həyətinə toplaşdı. Aralarında ayaqlarını, qollarını itirənlər, bədənində qəlpə gəzdirənlər də
var idi. Ucadan qışqırırdılar: “Polis bizi qorumalıdır! Polis isə bizdən haqq alır!”
Vanyanı buraxdılar, polis rəisi özü onların qabağına çıxıb dedi ki, bundan sonra polislərdən kimsə
sizdən nəsə istəsə, tələb eləsə, dərhal mənə zəng eləyirsiniz. Mən özüm də keçmiş döyüşçüyəm, sizin
birliyin üzvü oluram və bir kimsənin sizi incitməsinə imkan vermərəm.
Şəhərdə həyat öz axarına düşdü. Daha rahat işləyir, kiməsə haqq vermirdilər. İşləri də yaxşı gedirdi,
Vanyanı sevinir, bunu onun gəlişiylə bağlayırdı. Onları əsasən topdansatış dükanları ərzaq və
gündəlik tələbat mallarıyla təmin eləyirdi, əti, meyvə-tərəvəzi, balığı isə özləri gedib alırdılar.
Bəzənsə Vanya sürücünü göndərirdi.
Bura gələni Qobi bircə dəfə də olsun dəniz balığına ehtiyac duymamışdı. Bunu qəsəbənin təbiəti,
iqlimi ilə izah eləyirdi, hava mülayim, oksigenlə bol və zəngin idi. Qəsəbəni əhatəyə alan meşələrin,
çayların, göllərin hesabına hava tərtəmiz olurdu. Bəzən hava tutulur, selləmə gümüşü yağışlar yağırdı,
yağış evlərin damını, küçələri, səkiləri, evləri yuyurdu. Qobi yaz yağışlarını çox sevirdi, yağış
yağmağa başladımı, əlində nə işi olsa, bir tərəfə qoyub, pəncərənin qabağına gəlir, çölü, çəməni,
meşəni, qəsəbəni yuyan yağışa tamaşa eləyirdi.
Bununla belə, arxayın olmur, həmişə olduğu kimi evdə, dükanda da ehtiyata dəniz balığı saxlayırdı.
Bir gün anbarda oturub gələn malları kitaba qeyd eləyəndə başının dumanlandığını hiss elədi, tələsik
anbardakı quru balıqlardan birini götürüb qazançaya ataraq elektrik plitkasının üstünə qoydu. Balıq
qaynayana artıq gözləri tor vurur, əməlli görmürdü. Anbar müdirinə belə halda neyləməli olduğunu
demişdi, balıq bişən kimi də boşqaba qoyub onun üçün gətirdi. Əl havasına balığın tikanlarını
təmizləyərək yeyir, amma əvvəllər olduğu kimi balıq öz sehrli təsirini göstərmirdi. Tədricən huşunu
itirirdi.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə