İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə56/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   52   53   54   55   56   57   58   59   ...   142

Ayılanda özünü gözətçinin otağındakı çarpayıda gördü. Vanya çarpayının yanındakı stulda oturmuşdu.
Həkim çağırmışdılar, amma həkim ona nə baş verdiyini anlaya bilmirdi. Huşunu itirməsini
yorğunluqla, stresslə izah eləyirdi. O isə Vanyaya işarə eləyirdi, bunu yola sal getsin. Vanya həkimi
yola salıb onun yanına qayıtdı.
Mənim həkimlik heç bir işim yoxdur, Vanyaya deyirdi. Belə olanda mənə yalnız dəniz balığı kömək
eləyir. Gördünüz, huşumu itirirəm, mənim üçün dəniz balığı bişirib gətirin. Yesəm, ayılmasam,
narahat olmayın. Amma, ola bilsin, huşumu itirdim və bir daha da ayılmadım.
Vanya bir şey başa düşə bilmirdi, amma onu suallarla yormamaq üçün heç nə soruşmadı.
Həmən axşam Vanya ona dedi, bizə gedək, mənim Sveta adlı sevdiyim qız var, onun da Tanya adlı
gözəl rəfiqəsi. Yeyib-içərik, bəlkə elə səninki də Tanya ilə alındı. Məğrur qızdır, amma dilini tapmaq
olar.
Araq, kolbasa, meyvə götürüb Vanyagilə getdilər. Süfrə açdılar, bir azdan qızlar da gəldilər. Vanya
düz deyirmiş, Tanya doğrudan da gözəl qızdı. Mavi gözləri qızılı saçlarına hədsiz yaraşan
fındıqburun, uzun boyun, girdə sifət bu rus qızı ona gəlinlərini xatırladırdı. Heyrətə düşmüşdü, bu qız
sarışındı, saçları da qızılı rəngdəydi, bəs onu gəlinlərinə nə oxşadırdı? Diqqətlə fikir verib xatırladı,
uzun boynu və bir də mavi gözlərindəki işvəsi. Bu oxşarlıq onu dilxor eləmişdi.
Sveta şən qızdı, deyib-gülürdü, Tanya isə özünü ağır aparırdı, qısaca danışır, yalnız gülümsəməklə
kifayətlənirdi. Vanya tez kefləndi, onların yanındaca Svetanı qucaqlayıb öpür, abırsız lətifələr
danışırdı. Sveta da etiraz eləmir, Vanyanın lətifələrinə qəhqəhə ilə gülürdü.
Yeməkdən sonra Vanya Svetanı qucağına götürüb yataq otağına apardı. Qapının ağzından dönüb ona
da səsləndi, sən də mənim kimi elə. Məncə, Tanya etiraz eləməz.
– Biz də gedəkmi? – qızdan soruşdu.
– Yox! – Tanya qətiyyətlə başını yırğaladı.
– Özün bil, – Qobi dedi, – mən məcbur eləmirəm.
– Nə cür yəni, məcbur eləmək istəyirdin?
Tanya ona baxır, istehza ilə başını yırğalayırdı, siz qaralar bütün rus qızlarına fahişə kimi baxırsız.
Elə zənn eləyirsiz, bir rus qızı sizinlə oturub yeyib-içdimi, mütləq yatağınıza girməlidir. Yəni bir qara
belə düşünür, bir rus qızı onunla yeyib-içdimi, hər şey tamamdır. Qız artıq onundur və qızla nə istəsə
eləyə bilər. Amma yanlış düşünür!
Qobi çaşqınlıq içindəydi. Heç nə başa düşə bilmirəm, dedi, bir halda sən belə çoxbilmişsən, qaraları
əlinin içi kimi tanıyırsan, bilirsən ki, qaralarda adət belədir, niyə qaralarla araq içirsən? Burda yanlış
düşünən, yanlış danışan biri varsa, o da sənsən. Mən nə səni özümünkü hesab eləyirəm, nə də səninlə
nə istərsəm, onu da eləyə biləcəyimi düşünürəm. Mən nə rus qızlarını, nə də başqa millətlərə məxsus
olan qızları yatağa zorla aparmamışam, aparmaram da!
Ayağa qalxdı, bu qızla burda oturmağa dəyməzdi, hər halından göründüyü kimi, qaralar dediyi
qafqazlılara nifrət eləyirdi. Elə onun da əvvəldən bu qızdan xoşu gəlməmişdi, uzun boynuna hər
baxanda dilxor olurdu.
Gözlədiyinin əksinə olaraq, Tanya da ayağa qalxdı. Mən də gedirəm, dedi, məni də apararsan. Xahiş
də eləmirdi, birbaşa “apararsan” deyirdi. Sanki bu uzunboğaz qızı evlərinə apararmaq haqda
öhdəçilik götürmüşdü. Bir halda qaralardan zəhlən gedir, nəyə görə qara aparıb səni evinizə
ötürməlidir?
Həyətə düşüb maşına oturdu, Tanya da keçib qabaqda, onunla yanaşı oturdu. Tanyadan ünvanlarını
soruşub, maşını yerindən tərpətdi, yolda heç biri dinib-danışmırdı. Yalnız qız şəhərin mərkəzindəki


evlərinə çatanda quruca sağ ol deyib düşdü, arxasına belə baxmadan iti addımlarla çıxıb getdi.
Səhərisi işdə Vanya ondan soruşanda ki Tanya necə qızdı, qaşqabağını tökərək dedi, pis qız deyildi.
Ən başlıcası isə çox ağıllı qızdır. Rus qızlarını, qaraları mənə cikinə-bikinə kimi tanıtdı.
Axşam Vanya yenə də onu evlərinə dəvət eləyib qızların da gələcəyini deyəndə Qobi getməkdən
imtina elədi. Getmirəm, dedi, ya da Tanyanı çağırma, başqa qız yoxdurmu? Bu məni oturdub məktəbli
uşaq kimi danlayır. Elə bilirsən, qarşısında bir qəbahətim var.
Vanya dilxor oldu, ona necə deyə bilərik, gəlmə, Svetanın ən yaxın rəfiqəsidir, Sveta da inciyər.
Eləliyinə baxma, yaxşı qızdır.
Vanyanın sözünü yerə sala bilmədi. Bu axşam da Tanya özünü yuxarıdan aparır, hərəkətləri, ədasıyla
məclisə bir quruluq, ciddilik gətirirdi. Bu isə onu sıxırdı. Bu qız bura niyə gəlirdi? Araq içib
nazlanmağa, ağıl öyrətməyə, ya Rusiyadakı qaralar haqda nağıllar danışmağa? Vanyayla Svetanın
vecinə deyildi, danışır, deyib-gülür, öpüşür, açıq-saçıq lətifələr danışırdılar. Dünən olduğu kimi yenə
də Vanya Svetanı qucağına götürüb apardı, ona da göz elədi. Yəni sən də apar. Apar demək, asandı,
amma necə aparsın? Qız getmirdi axı.
Heç gözləmədiyi halda qız birdən soruşdu:
– Barı prezervativin var?
– Nəyim? – qulaqlarını şəklədi.
– Pre-zer-va-tiv, – qız ona tərəf əyilib, hər hecanı xüsusi intonasiya ilə tələffüz elədi.
– Yo…ox.
Tanya qızarıb-pörtmüşdü, düşmüşdü onun üstünə. Bəs sən necə eləmək istəyirsən? Sənin ağlın
yerindədir? Mən sənin arvadınam, nişanlınam mənimlə adi qaydada olmaq istəyirsən? Birdən uşağa
qaldım? Ya bəlkə sənin bir xəstəliyin var, onda necə olsun? Məni düşünmürsən? Sən iki dəqiqəlik
həzz alasan, kef çəkəsən deyə mən həyatımı təhlükəyə atmalıyam?
Hardasa qızı haqlı hesab eləyirdi, amma indiyə kimi hansısa qızla prezervativlə olmamışdı. Heç
qızlardan da kimsə ondan bunu tələb eləməmişdi. Çiyinlərini çəkdi. Niyə hay-küy salıbsan? – qıza
dedi. – Sən soruşdun, mən də cavab verdim. Yoxumdur, indiyə kimi o dediyini üstümdə gəzdirmək
ağlımın ucundan keçməyib.
Tanya əl çantasını götürüb axtardı. Bəxtin var imiş, dedi, məndə biri tapıldı. Hələ bir gülümsəmək də
istədi, ancaq bu onda alınmırdı, gülüş pörtmüş sifətində özünə yer eləyə bilmirdi.
O isə yenə də imtina elədi. Mən indiyə kimi ondan istifadə eləməmişəm, dedi, eləmərəm də. Onunla
eləsəm, mənə elə gələcək, aramızda heç nə olmayıb, səninlə olmamışam.
– Eləmi? – qızın gözləri alışıb-yanırdı.
– Elə! – təsdiq elədi.
– Onda bəxtindən küs!
– Tanya, sən özünü bir az da dart, – deyə ayağa qalxdı, – nə qədər çox dartsan, bir o qədər mazata
minəcəksən.
Çölə çıxanda dönüb arxaya baxmadı, qızın incidiyini, lap elə təkid də elərsə, onunla getməyəcəyini
düşünürdü. Amma motoru təzəcə işə salmışdı ki, qız da gəldi. Dinməz-söyləməz keçib onunla yanaşı
oturdu. Bu dəfə ünvanı soruşmadı, qızın harda yaşadığını bilirdi. Maşını Tanyagilin evlərinin
qabağında saxladı, qız düşdü, “Vəhşi!” deyərək qapını çırpdı.
Başını pəncərədən çıxardıb arxadan qızı səslədi, qız ayaq saxladı, geri dönərək hirslə soruşdu:
– Nə var?
– Belədə sağ ol deyirlər.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə