İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.

səhifə69/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
1   ...   65   66   67   68   69   70   71   72   ...   142

birimizə heç nə bağlamasın, hər kəsin öz şəxsi həyatı olsun, bir-birimiz qarşısında heç bir
öhdəçiliyimiz olmasın. Hər kəs də istədiyi vaxt qeydsiz-şərtsiz çıxıb gedə bilsin”. “Mən də bunu
istəyirəm, – Qobi dedi, – sən istədiyin vaxt çıxıb gedə, sevdiyin birisi ilə evlənə bilərsən. Sənə mane
olmayacağam”.
Nadya ilə yaxşı keçinirdilər, bu qız onu sözsüz başa düşürdü, o da qızı incitməməyə çalışır, onun
üçün bu evdə xoş olmasını, onun bu evə yalnız öz istəyi, arzusu ilə gəlməsini istəyirdi. Anası isə
Nadyanın onunla yaşamasına əvvəlki tək razı deyildi. Qızına dəfələrlə zəng eləyir, ondan evə
gəlməsini tələb eləyirdi.
Günlərin birində isə özü gəlib onu tapdı. Anbara necə gəlib girmişdisə, Nadya görə bilməmişdi. Dolu
bədənli, enlisifət qadındı, gur saçlarını arxaya yığıb bağlamışdı. Heç salam da vermədən düşdü onun
üstünə. Əllərini oynadır, sanki barmaqları ilə onun gözlərini oyub çıxartmaq istəyirdi və Qobi ehtiyatı
əldən verməyərək başını bir qədər arxaya verməli olurdu. “Qızımdan nə istəyirsən? Niyə qızımı
bədbəxt eləyirsən? Kefini çəkəcəksən, qucağına bir uşaq verdinmi, arxasına bir təpik vurub
qovacaqsan! Pulsuz-parasız, qucağında da uşaq, ac-yalavac qalacaq küçənin ortasında! Rus qızları
sizə ancaq vaxtınızı keçirmək üçün, əylənmək üçün lazımdırlar! Mən azərbaycanlılara bələdəm.
Bizdə hərbi hissə var, orda sizlərdən biri xidmət eləyirdi. Tovlayıb məni yoldan çıxartdı, vəd verirdi,
məni gedəndə özüylə aparacaqdı. Bakıda, dənizin sahilində bağ evləri var idi, günüm isti dənizdə,
qızmar qumluqlarda keçəcəkdi. Amma vaxtı qurtaran kimi elə sivişib aradan çıxdı ki, heç xəbərim də
olmadı. Hamilə olduğumu da bilirdi. Axırıncı əclaf kimi uşağına sahib çıxmaqdan imtina eləyərək
qaçıb getdi. Barı üzə çıxıb aliment də ödəmədi. Nadyanı təkbaşına böyütdüm, nə zülmlər çəkdim, bir
Allah bilir! İndi də sən gəlib çıxıbsan. Balamı bədbəxt eləyəcəksən! Qızımın əvvəldən bəxti
gətirmədi, qabağına donuzun biri çıxdı. Bəlkə indi qarşısına ağıllı-başlı birisi çıxardı, ona da sən
imkan vermirsən. Bu şəhərdə başqa qız yoxdur, axtardın, elə mənim qızımı tapdın?”
Eşitdiklərinə inana bilmirdi, demək, Nadyanın atası azərbaycanlı imiş. Millətin adını batıran namərd
həmyerlisinin qarasınca deyinirdi. Sən işini görüb cəhənnəm olub gedirsən, qadın isə gəlib məndən
haqq-hesab tələb eləyir. Sənin də acığını məndən çıxır. Sənə görə təkcə mənə yox, bütün
azərbaycanlılara nifrət eləyir. Bacardığı qədər sakit danışır, qadını sakitləşdirməyə çalışırdı, Qızın
uşaq deyil. Mən onu məcbur eləmirəm, birlikdə yaşamağımız hər ikimizin istəyi ilə olur. Uşağa görə
də narahat olma, uşağımız olmayacaq.
Hardansa xəbər tutan Nadya gəlib anasını apardı, yoxsa qadın əl çəkən deyildi. Anasını yola salıb
onun yanına gəldi. Anasına görə üzr istəyirdi, o isə əlini yellədi. “Nadya, lazım deyil, – dedi, – o
anadır və mən onu yaxşı başa düşürəm. Qızının xoşbəxtliyini istəyir. Mənimlə də xoşbəxt ola
bilməyəcəyini aydınca görür. Mən evlənəndə Baharın anası da qızına deyirdi, bu adam səni xoşbəxt
eləyə bilməyəcək. Nadya, sənin də damarlarından azərbaycanlı qanı axırmış? Deyirəm axı, bu qızın
saçları niyə belə qaradır? Həm də niyə mənə bu qədər doğma gəlir? Demək, qan çəkirmiş”.
Nadya tutuldu. “ Hə, – dedi, – anam mənə danışıb. Məktəbi qurtarandan sonra hətta bir dəfə atamı
axtarıb tapmaq da istədim. Anamla birlikdə çəkdirdiyi bir fotoşəkli qalırdı. Azərbaycana getmək
istəyirdim ki, ölkə dağıldı, sizdə müharibə başladı. Burdakı hərbi hissədə də tərxis olunub gedənlərin
şəxsi işlərini saxlamamışdılar. Təkcə şəklinə görə və xidmət elədiyi hərbi hissəyə görə onu necə tapa
bilərdim? Sizin qəzetlərə, televiziyalara, Daxili İşlər Nazirliyinizə yazdım. Qəzetlər bu haqda
yazdılar, şəkli çap elədilər, televizorda verdilər. Amma atam üzə çıxmadı. Ya sağ deyildi, ya da mənə
sahib çıxmaq istəmədi. Sən marketə gəldiyin ilk gündən qəlbimdə sənə qarşı qəribə hiss baş
qaldırmışdı. Bu, sevgi hissi deyildi, doğma, yaxın bir adama olan hissdi. Ona görə də məni ilk dəfə


evinə dəvət eləyəndə düşünmədən razılıq verdim. Axı sən də mənə biganə deyildin, qızlardan heç
birinin yox, yalnız mənim evə necə getməyimlə maraqlanır, məni aparıb ötürürdün”. “Elədir, – Qobi
Nadyanı qucaqlayıb qısa saçlarını nəvazişlə sığallayaraq dedi. – Səndə ən çox xoşuma gələn
saçların, gözlərin idi. Bizim qızları, bizim yerləri xatırladırdın mənə”.
Bu gündən sonra onların münasibətlərində bir istiləşmə oldu, Qobi bütün varlığıyla, qəlbiylə qıza
bağlandığını hiss eləyir və bu onu qorxudurdu. Nadyaya “istədiyin vaxt gedə bilərsən” demişdi,
indisə düşünürdü, əgər qız onu tərk eləyib gedərsə, onsuz yaşaya bilməz. Bu qızı təkcə yatağında
arzulamırdı, səsini eşitmək, nəfəsini duymaq, saçlarını sığallamaq, gülüşlərini eşitmək istəyirdi. Bir
gün evə dönərsə və evdə yenə də əvvəllər olduğu kimi sükutun hökm sürdüyünü, kimsənin olmadığını
görərsə, necə olacağını fikirləşmək belə istəmirdi. Nadya onun yaşadığı həyatın bir parçasına
çevrilmişdi. Kəsib ata bilməyəcəyi, qopara bilməyəcəyi parçasına.
Şənbə günü Vanya dedi ki, çayın sahilinə gedək, orda çadır qurub balıq tutaq, çimək, gecəni də orda
keçirək. Həvəslə razılaşdı, Nadya da etiraz eləmədi. Vanya Svetanı götürüb gəldi, onun maşınının
arxasında yük daşımaq üçün qoşqu var idi. Çadırları, adyalları, balıncları, manqalı, samovarı,
baltanı, şişləri ora yüklədilər. Qab-qaşıq, ət, soğan, çörək, qənd-çay, kartof, araq, hətta süd, kofe də
götürüb meşəyə yola düşdülər.
Çaya şam ağaclarının arasıyla torpaq yol gedirdi. Yaz yağışlarından sonra göyərmiş yolda adam boyu
ot-alaq baş qaldırmışdı. Maşın torpaq yolla ağır-ağır irəliləyir, otlar, çiçəklər, şam ağaclarının
budaqları pəncərəni yalayaraq sürüşüb keçirdilər. Qızlar uşaq kimi sevinir, pəncərəni açıb, başlarını
çölə çıxararaq çöl çiçəklərindən yığır, qəhqəhə ilə gülürdülər.
Çayın sahilinə çıxandan sonra Vanya maşını sahillə bir qədər üzüyuxarı sürüb, sahildəki təpənin
yanında saxladı. Düşüb şeyləri boşaltdılar, ilk işləri çadırları qurmaq oldu. Sonra Vanya sahildə
oturub qırmaqları çaya atdı, o isə baltanı götürüb meşəyə getdi. Bir qucaq quru odun doğrayıb
gətirərək manqalı yandırdı. Samovarı çaydan doldurub qaynatdı, çay dəmlədi, fincanlara çay süzdü,
sahildə oturub gözlərini qırmaqlardan çəkməyən Vanya üçün apardı. Qızlar da burdaydılar, Vanyaya
kömək eləyirdilər. Sveta çoxdanın balıqçısı imiş, Vanyadan çox o, balıq tutmuşdu. Xırda balıqları
qırmaqdan çıxarıb çaya atır, yalnız irilərini vedrəyə qoyurdular. Qızlara da çay verdi, sonra isə közü
yayıb kabab bişirdi.
Qızlar sahildəki çəmənlikdə süfrə açdılar, təmiz hava onları möhkəm acdırmışdı. Qobi şişləri süfrəyə
qoyur, qızlar əllərini yandıraraq isti kababdan iştahayla yeyirdilər. Araq, tərtəmiz hava, şən məclis
hamısını kefləndirmişdi. Nadya cingiltili səslə mahnı oxuyur, onlar da nəqarətı onunla birlikdə təkrar
eləyirdilər.
Yeməkdən sonra çayda çimdilər, Nadya suya balıq kimi baş vurur, bir də çayın o biri sahilində üzə
çıxırdı. Vanya ilə Sveta da yaxşı üzürdülər. Qobi isə onlar kimi üzə bilmirdi, ördək balası kimi suyu
şappıldadır, üzüb o biri sahilə çıxana kimi əldən-dildən düşürdü. Ağac budaqlarından yapışıb sahilə
çıxır, üst-başından, saçlarından axan su yumşaq torpağı yuyub sahillə axır, Qobi ixtiyarsız olaraq
“camış sudan çıxdı” deyə gülürdü. Sahildə oturub dincini alır, yalnız bundan sonra təzədən çaya
girirdi. Üzməyi Bakıya gələndən sonra sürücüsü ona öyrətmişdi. Bekar vaxtları oldumu, onu dənizə
aparar, amma xəbərdarlığını da eləyərdi. “Gözlə, ehtiyatlı ol, çox da uzağa getmə. Balıq sudan çölə
atılan kimi canı çıxır, dağ adamının da ağzı suya dəyən kimi. Bir balıq sudan ayrı nə qədər yaşaya
bilərsə, bir dağ adamı da suda o qədər yaşayar”. “Sən narahat olma, o da sürücünü arxayınlaşdırıdı,
mən dağ adamıyam, amma kokum dənizə bağlıdır. Heç nə olmaz”.
Axşama balıqları yarıb içlərini təmizlədilər, Qobi balıq kababı, qızlar isə balıq şorbası bişirdilər.




Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   142


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə