İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə71/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   67   68   69   70   71   72   73   74   ...   142

yorulmur, Kəlbiqeyrəti də onlara qatıb söyürdü. Oğraş qızını versəydi, nə işim var idi
qəlyançəkənlərin kəndində? Təsəvvür elə, indi yer üzündə qəlyançəkənlər deyilən şərəfsiz bir
tayfanın olmasından xəbərsizdim.
Lap çox danışanda isə qulaqları dəng olan Pori onu necə susdurmaq lazım gəldiyini bilirdi. Coni,
deyirdi, son zamanlar mənim yaddaşım korlanıb. Vəsiyyətinə görə öləndə səni aparıb
qəlyançəkənlərin kəndində dəfn eləyəcəyik. Amma mən unutmuşam, qayınpedərinin ayağının altında
dəfn eləyəcəyik, ya Budkanın?
Coni atılıb düşür, əl-qolunu oynadırdı. Qayınpedərimin ayağı altında? Pori, yəqin sərxoş olmuşam,
ağlım başımda olanda heç vaxt elə sarsaq sözlər demərəm. Yoxsa oranın torpağı məni götürməz. Orda
basdırsalar da, qəbirdən qalxıb gələrəm!
Sonda sakitləşirdi. Ona ən çox təsir eləyən Səmoşdan pul alması idi. Pulu birbaşa istəmirdi, “mənə
pul lazımdır” demirdi, sadəcə olaraq benzin, ya da siqaret almağa pulunun olmadığını, son vaxtlar
çayxanada alverin yaxşı getmədiyini eşitdirirdi. Səhər isə Səmoş stolun üstünə on, ya da iyirmi manat
qoyurdu. “Son vaxtlar demə, – Coniyə deyirdi, – çayxananda alverin nə vaxtsa yaxşı getdiyini
eşitməmişəm. Götür, benzin al, işləməyimə razı deyildin, amma indi hər iki gündən bir benzin pulu
eşitdirirsən. İşləməsəydim, sənə benzin pulunu kim verəcəkdi? Mənim pul kəsən maşınım yoxdur,
sadəcə maaş alıram. Mənə nə benzin pulundan? Sənin maşınınla işə getməkdənsə, taksi çağıraram,
mənə daha ucuz başa gələr”.
Coni özünü təhqir olunmuş hesab eləyir, hirslənir, amma pulu götürməli olurdu. Pulu yox idi, təhqiri
udmağa məcburdu. İki yeni müştəri onun maddi durumunu arvadının pulundan imtina eləyəcək həddə
qədər yaxşılaşdıra bilməmişdi. Ən əsası isə, arvadını haqlı hesab eləyirdi, bir az da dərinə getsəydi,
işə taksiylə, ya da avtobusla gedib-gələrdi. Onsuz da yalnız işə gedəndə onun maşınıyla gedir, evə
avtobusla qayıdırdılar.
Axşamlar bəzən Coninin atlara təlim keçən əmisi arvadı oğlanları ilə birlikdə onlara gəlirdi, ya da
onları, Porigili çağırırdılar. Oturub çay içir, söhbət eləyirdilər. Əmisi arvadının söhbətinin əsas
mövzusu əri idi, ərini tərifləməkdən yorulmurdu: “Təsəvvür eləyirsənmi, atlar onun bircə sözündən
belə çıxmırlar. Qırmancını şaqqıldadan kimi hamısı gəlib qarşısında cərgə ilə düzülür, quyruqlarını
göyə qaldırırlar”.
Conini bu kimi söhbətlər cırnadırdı, əmisi arvadı yenə də ərini tərifləyəndə dözə bilməyib dedi:
“Burda fəxr eləməli nə var? Bu, yaxşı iş olsaydı, ruslar onu heç vaxt bir azərbaycanlıya
tapşırmazdılar. Özləri qırmanclarını şaqqıldadar, öz atlarını cərgəyə düzərdilər. Nəyə görə biz gedib
rus şirlərinə, atlarına təlim keçməliyik? Duzəkənlər bunun üçün rus hökuməti qarşısında öhdəçilik
götürüblər? Heyvanlara təlim keçməkdən daha maraqsız heç nə yoxdur! Təlimçi qırmancını
şaqqıldadır, şir bir masanın üstündən digərinə sıçrayıb dişlərini qıcırdadır. Hə, nə olsun? Yazıq şiri
buna niyə məcbur eləyirik? Şir bir masanın üstündən digərinə sıçrayanda nə olasıdır, qazancımız
artacaq, ya göydən yerə pul yağacaq? Sıçramasa, nə olacaq? Özümüz insan kimi yaşaya bilmirik,
amma heyvanları insan kimi yaşamağa məcbur eləyirik. Sən heç bir heyvanı gördünmü, gələ, insanı
heyvan kimi yaşamağa, heyvan kimi düşünməyə məcbur eləyə? Elə isə biz niyə məcbur eləməliyik?
Əmim qırmancını şaqqıldadır, atlar da cərgəyə düzülüb quyruqlarını qaldırırlar. Onların o lənətə
gəlmiş quyruqlarını yuxarı qaldırmaları əmimin nəyinə lazımdır?”
– Əmin təkcə atların quyruqlarını yuxarı qaldırmır, – əmisi arvadı incik tərzdə dedi.
– Başqa neyləyir? – Coni şübhə ilə soruşdu.
– Onlara təlim keçir!


– Atlar quyruqlarını qaldırmasalar, onlara təlim keçmək olmur? Bir atın quyruğunu qaldırması ilə
təlim arasında nə əlaqə ola bilər? Belə bacarığı varsa, niyə gəlib öz atlarımıza təlim keçmir? Olmaya
bizdə at yoxdur? Ya bizim atlar quyruqlarını qaldırmayacaqlar?
– Var, – əmisi arvadı dedi, – amma onlara təlim keçməyə görə bir kimsə əminə pul vermir. Əmin də
havayı təlim keçərsə, biz acımızdan ölərik.
Coni çiyinlərini çəkib əllərini yana açdı, bilmirəm, mənim bu söhbətdən gözüm su içmədi. Əmim
orda atlara təlim keçirsə, keçsin, amma onlara ədəbsiz hərəkətlər öyrətməsin. Şəxsən mən bir atın
quyruğunu yuxarı qaldırmasını təsəvvür belə eləyəndə ətim çimçəşir. Həm də fərq eləməz, rus atı
olsun, ya Azərbaycan atı.
Qadın daha ona cavab vermədi, ancaq bundan sonra bu mövzuda danışanda yalnız atların cərgə ilə
düzülməsi ilə kifayətlənir, quyruqlarını qaldırmalarının üstündən sükutla keçirdi.
Coninin at təlimçisi olan əmisi məzuniyyətə çıxıb vətənə gəldi, qaşqabaqlıydı, zəhimli sirsifəti var
idi. O evdə olduğu on beş gün ərzində əmisi arvadı büsbütün dəyişdi. At kimi yeriyir, gülüşü də at
kişnərtisini xatırladırdı, ən əsası isə dilboğaza qoymadan danışan qadın qaradinməz olmuşdu, yalnız
soruşulana cavab verirdi. Cavabları da qısa olurdu. Di gəl, bu da əmisi üçün həddən artıq çox idi.
Aman Allah, yarı rusca yarı azərbaycanca deyirdi, bir qadın bu qədər necə danışa bilər? Sanki arvadı
üçün danışıq limiti müəyyənləşdirmişdi, arvadı bu limitdən bircə cümlə də artıq danışan kimi
gözlərini ağardır, arvadı səsini xırp kəsirdi.
Axşamlar əmisi Porini, Bilonu və onu çayın sahilindəki kababxanaya aparırdı, Rusiyətdən gətirdiyi
litrlik arağı qoyurdu stolun üstünə. Baxın, uşaqlar, deyirdi, atlar nə qədər danışırsa, qadınlar da o
qədər danışmalıdır. “Atlar heç danışmır axı”, – Coni cürətsiz halda etiraz eləyirdi. “Elə iş də
ondadır, qadınlar da heç danışmamalıdılar”. Əmisi ruslaşmışdı, arağı da ruslar kimi taraş stəkandan
içirdi. Coni üçün taraş stəkanda araq içmək əzab idi, elçiliyə getdiyi ilk günü yadına salırdı. Ona elə
gəlirdi indicə əmisi də düşəcək ortalığa, atılıb düşəcək və sonda zollayacaq çənəsinin altından.
Bir dəfə dözə bilməyib etiraz elədi, əmi, olmazmı adi, normal qədəhlərdə içək? Əmisi başını yuxarı
qaldırıb onu soyuq baxışlarla süzdü, suala cavab vermədən soruşdu, Coni, sənin dərdin nədir?
Coni boynunu burdu, əmi, mənim bu taraşlarla bağlı heç xatırlamaq istəmədiyim acı və kədərli
xatirələrim var.
Əmisi arağı açıb taraşlara araq süzdü, Coni, dedi, bu heç nəyi dəyişmir. Bu məclisdə söz sahibi
mənəm. Mənim də səndən fərqli olaraq taraşlarla bağlı daima xatırlamaq istədiyim çox gözəl və xoş
xatirələrim var. Söhbəti bitmiş hesab eləyə bilərik.
Məlum məsələdir, bitmiş hesab eləyirdilər, guya eləməsəydilər əllərindən nə gəlirdi ki?
Əmisi gedəndə əmisi arvadı açıq-aşkar sevinir, sevindiyini gizlətmirdi də. Ərini Rusiyətə yola
salandan sonra isə ümumiyyətlə əri haqda, onun atlara necə təlim keçməsi haqda danışmağa da son
qoydu.
Şəhərə axın isə davam eləyirdi. Conigilin arxa tərəfindəki evi də qoca bir kişi aldı, arıq, qıvraq
qocaydı. Bığı, topa saqqalı ağappaqdı, başını tərtəmiz qırxdırıb, araqçın qoyurdu. Coni yeni
qonşusuyla tanış olmağı qərara aldı. Əslinə qalarsa kiminləsə tanış olmağa həvəs göstərən birisi
deyildi, sadəcə olaraq, qoca kişiyə diqqət göstərməyi özünün qonşuluq borcu hesab elədi. Səhər işə
gedəndə çəpər üstə gəldi, bağda ağac dibi belləyən qocanı səsləyib ona salam verdi, xeyirli sabahlar
arzuladı.
Qoca qəddini düzəltdi, onu şübhəylə bir xeyli süzüb, beli ağacın gövdəsinə söykədi və ona
yaxınlaşdı. Gəlib çatandan sonra soruşdu, sən məni tanıyırsan?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə