İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə80/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   76   77   78   79   80   81   82   83   ...   142

onlarda olduğunu gördü, kişi onunla heç salamlaşmadan Mərəndi qucağına götürüb eyni ilə illər
öncəsi olduğu kimi özünü bir sağa, bir sola ataraq ət tökən səsiylə oxumağa başladı. “Babanın
balasıdı bu, babanın babasıdı bu”. Elə bil Coninin başına daş əzən çəkiclə vurdular, dünya gözlərinə
qaraldı. Bu qoca oğraş onun evinə gəlib, özcə evində ona yanıq verir, meydan oxuyurdu! “A kişi, nə
oyun çıxardırsan? – yana-yana dedi. – Oğluma babanızın adını qoyub başımı yerə soxmağınız azlıq
eləyir, indi də atılıb-düşür, mahnı oxuyursan, aləmə car çəkirsən. Qoy xəbəri olmayan da xəbər
tutsun! Bütün şəhər əhli Coninin oğluna arvad tərəfinin ad qoyduğunu öyrənsin! Elə bilirsən sənin
məqsədini başa düşmürəm? Başa düşürəm, çörəyi bəzilərindən fərqli olaraq qulağımızla yemirik!
Qayınpedər, bir Allahdan qorx da!”
Kişi uşağı yerinə qoyub ona tərəf döndü.
– Sən yenə mənə pedər dedin?
– Qayınpedər dedim!
– Nə fərqi?
Coni də əllərini ölçürdü, a kişi, indi mən sənə fərqmi izah eləməliyəm? Minnətin olsun, həştad
milyonluq xalq qayınpedər deyir, mən də deyirəm.
Kişi həmişə olduğu kimi ona inanmırdı, Coni, biz səndən fərqli olaraq, çörəyi qulağımıza yemirik,
ağzımıza yeyirik. Sən həştad milyonluq xalqdan istifadə eləməklə öz çirkin məqsədini ört-basdır
eləyə bilməzsən. Sən mənə pedər demək istəyirsən və deyirsən də. Günahın hamısı arvadda oldu, o
vaxt qoymadı üstündə bir az da işləyəm. Beş-altısını da zollasaydım, indi əməlli-başlı adam
balasıydın. Daha sarsaq-sarsaq danışıb, qayınatana qarşı hörmətsizlik eləməzdin.
Coninin təpəsindən tüstü qalxırdı, məni dəli eləmə, üstümdə işləmək-filan nədir? Sən indi zollamaq
yox, ölüm–itim haqda düşünməlisən! Mən qayınpedərimə hörmətsizlik eləyirəm, bəs qayınpedər
necə, bircə dəfə olsun mənə iynənin ucu qədər hörmət eləyibmi? Xəstələndim, yanıma gəldin, millət
gördü mənə necə hörmət eləməyini!
Səmoş onları çətinliklə sakitləşdirə bildi, qayınatası onu bir də hədələyib getdi.
Poriyə gələndə isə məsələ bir qədər fərqliydi, yelqovanlar oğlunun adını arvad tərəfinin qoymasını
ona bağışlamasalar da, belə açıqca, dava-şavayla irad bildirmirdilər. Sözü altdan, gizlicə
yeridirdilər, bu isə Porini daha çox yandırırdı. Bacısı onlara gəldi, uşağa ad qoyulduğunu bilirdi,
soruşmasaydı da olardı, amma soruşdu, bunu onların öz dilindən eşitmək istəyirdi.
– Uşağa ad qoyduz?
– Hə, – Əfi dedi.
– Nə oldu adı?
– Səhənd.
– Bu nə addır belə?
– Dağ adıdır, – Əfi cavab verdi.
– Əfinin ulu babası o dağdan gəlib bu torpaqlara, – Pori dözə bilməyib əlavə izahat verdi, yoxsa
bacısının sualları tükənən deyildi.
Arvadının ulu babasının hardan gəldiyini öyrənməyim yaxşı oldu, bacısı etinasız halda dedi, oğlunun
adıyla o dağı əbədiləşdirdiyinə görə, istəsək də bunu unuda bilməyəcəyik. Amma bunun yelqovanlara
nə dəxli var, orasını başa düşmədim. Onların ulu babaları dağlardan yox, Sibir meşələrindən gəliblər.
Bu bir tarixi ziddiyyətdir, dağlardan gələnlər meşələrdən gələnləri qəbul eləmirlər.
“Siz heç narahat olmayın, – Əfi söhbətə qarışdı, – biz bu tarixi ziddiyyətə son verəcək, ikinci
oğlumuzun adını Sibir qoyacağıq. Yelqovanların da o torpaqlardan gəlişini əbədiləşdirəcəyik”.


“İkinci oğlunuzun? – bacısı heyrətlə dilləndi. – Siz yenə də oğlunuz olacağına əminsiniz? Bəlkə
qızınız olacaq? Bu tərəflərdə bir kimsə qızına Sibir adı qoymaz”. “ Onda Səbirə qoyarıq, – Pori nə
qədər çalışsa da, özünü saxlaya bilmədi, nə işə düşmüşdü, öz doğmaca oğluna ad qoyulması ona
kabus dolu günlər yaşadırdı, – bununla da Sibirə, babalarımızın Sibirdən gəlmələrinə işarə vurmuş
olarıq! Bacı, mən anlamıram, mənim balalarım nəyə görə başkəsənlərin, ya da yelqovanların ulu
babalarının hardansa köç eləyib gəlmələrinin tarixçəsini öz adlarında yaşatmalıdırlar? Bu tayfalarda
mənim balalarımdan başqa uşaq yoxdurmu? Gözləyirdilər, mənim oğlum olsun, sonra da babalarının
köç səfərlərini əbədiləşdirsinlər?” “Yenə də başa düşmədim, sən bu sualı mənə niyə verirsən? –
bacısı incik tərzdə dilləndi. – Şəxsən mənim balalarıma yelqovanlar ad qoya, babalarının harasa
səfərlərini əbədiləşdirə bilməzdilər!”
Bacısı çıxıb getdi, incidiyi aydın idi. Bu, Poriyə möhkəm yer elədi, çayxanada Coniyə şikayətlənirdi:
“Coni, sən yüzə-yüz haqlıymışsan, nə olur olsun balalarımıza arvad tərəfinin ad qoymalarına razı
olmamalıydıq! Verməliydik ayağımızı yerə, bircə addım da geri atmamalıydıq. Hər halda öz oğlumuza
ad qoymuşuq deyə bizi öldürəsi deyildilər”. “Haqlısan, – Coni dedi, – amma artıq gecdir. Qatar yola
düşüb. Həm də mənim dilim gödəkdir, duzəkənlər məni pis vəziyyətdə qoydular, heç hardan köç
eləməyiblər. Qəlyançəkənlərin dəriləri beş qəpiyə dəyməz, amma bir fikir ver, dağlardan köç eləyib
gəliblər”. “Boş sözlər danışırsan, – Pori onu qınadı, – ona qalarsa, mənimkilər Sibirdən gəliblər,
bəlkə də dünyanın ən uzun yolçuluğu onların köçü olub. Amma yaxın qoyan oldu? Həm də nəyə görə
axı biz uşaqlara mütləq babalarımızın köç elədikləri yerin adını qoymalıyıq? Admı qəhətdir? Sən
denən bizi saymadılar, doğmaca oğlumuza ad qoymağa kişiliyimiz çatmadı. Yoxsa dili gödəkmiş,
nəymiş! Sənin babaların Amerikadan da gəlsəydilər, uşağın adını Amerika qoya bilməyəcəkdin. Coni,
həqiqət budur!” “Elədir”, – Coni könülsüz halda razılaşdı.
Pori adətən yuxu görməzdi, gördüyü yuxuları da dərhal unudar, səhərisi xatırlaya bilməzdi. Bu gecə
isə yatağına girib gözlərini yuman kimi dəhşətli yuxu gördü. Həmən meydanda, əlində qəmə olan daz
Səhəndi qucağında tutmuşdu. Səhənd qışqırır, ağlayır, dartınır, ancaq dazın əlindən xilas ola bilmirdi.
Birdən daz qəməni uşağın başına vurmağa başladı, uşağın başı yarılır, ətrafa qan sıçrayır, gözləri
hədəqəsindən çıxmış uşaq ət ürpəşdirən səslə qışqırırdı. Pori oğlunu xilas eləmək üçün var gücü ilə
daza tərəf qaçırdı, öldürəcəkdi bu qatili, heç kim onu xilas eləyə, onun əlindən ala bilməzdi. Əlinə
qəmə də keçməsə, dişiylə bu iki ayaqlı vəhşini didəcək, parçalayacaq, boğazını gəmirəcəkdi!
Aralarında heç nə yox idi, amma nəyəsə toxundu, gurultu ilə yerə sərildi.
Ətraf gur işığa qərq oldu. Əfinin səsi eşidilirdi, Pori, sənə nə olub? Niyə qışqırırsan? Hara qaçırdın?
Qalxıb oturdu, yuxu gördüyünü başa düşmüşdü, qaçanda divarla toqquşmuşdu. Divarın dibində
oturdu, başını yuxarı qaldırdı. Sir-sifəti tər-su içində idi:
– Oğlumu xilas eləməyə, – ağır-ağır dedi.
– Kimi?
– Səhəndi.
Əfi yaxınlaşıb əlindəki dəsmalla onun alnının, üz-gözünün tərini sildi. Pori deyirdi, Əfi, o daz alçaq
həmən meydanda Səhəndin başını qəməylə yarırdı. Bu gün harda olsa axtarıb onu tapmalı,
öldürməliyəm. Yoxsa o qəməsiylə oğlumuzun başını yaracaq.
Əfi gülümsəyərək qoluna girdi, yatağa gətirib, yerinə uzatdı, saçlarını sığallayıb, şirin təbəssümlə
gülümsəyərək:
– Yat, – dedi, – yuxu görürmüşsən. Bir kimsə oğlumuzun başını yara bilməz.
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə