İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə86/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   82   83   84   85   86   87   88   89   ...   142

həyətdə toyuq-cücənin sayını bilən yox idi. Dənlərini çatdırmaq olmurdu, ona görə də Pori
axşamüstülər tez-tez Conini çağırır; ikisini tut, apar öz həyətində kəs, deyirdi, axşam Əfigil ləvəngi
bişirərlər. Məlum işdir, Coni həvəslə razılıq verirdi.
Cücələr böyüyəndən sonra Pori Əfiyə dedi, qardaşına zəng elə, qoy gəlib toyuqlarını aparsınlar. Əfi
isə razılaşmadı, mən bunu onlara necə deyə bilərəm? Toyuqları bizə borc verməmişdilər axı.
Sən deyə bilməzsən, mən deyərəm, deyə Pori qaynına zəng eləyib səhər tezdən rayona gəlməsini xahiş
elədi. Səhər tezdən oyandı, hindən iyirmi dənə toyuq tutdu, ayaqlarını bağlayıb, hasarın dibiylə
düzdü. İşini təzəcə qurtarmışdı, böyük qaynı gəldi. Ona, xüsusilə də toyuqlara heyrətlə baxırdı.
– Toyuqlarınızı apara bilərsiz, – Pori özündənrazı halda dedi, heç nə ona borcunu qaytarmaq qədər
məmnunluq vermirdi. – Onları sizdən borc almışdıq, gəldilər, vəzifələrini yerinə yetirdilər. Bizim
artıq öz toyuqlarımız var.
Qaynı isə ona elə baxırdı, sanki yad planetdən gələn birisini görmüşdü. Yeznə, biz başkəsənik, dedi,
lakin məcbur qalmadıqca baş kəsməyə elə də həvəs göstərmərik. Səninsə başın özü bıçağa gəlir.
Sözünü dedi və hətta bacısı ilə də görüşmədən qapını çırpıb çıxıb getdi. Pori heç nə başa düşə
bilmirdi. Mən buna nə dedim? Toyuqlarını qaytarmaq istəyirəm, o isə mənim başımı kəsəcəyi ilə
hədələyir. Adam zordu, sizə borclu qalmaq istəmirəm də!
Toyuqlara baxır, dilxor olurdu. Gəl indi bu qədər toyuğun təzədən ayaqlarını aç, həyətə burax. Bir
tərəfdən də yuxudan oyanmış Əfi onu lağa qoymuşdu. Nə oldu, toyuqları qaytara bildinmi?
Əfinin dəlib keçən istehzalı baxışları altında toyuqları bir-bir açır, həyətə buraxırdı. Hini açıb qalan
toyuqları da buraxdı. Toyuqlara dən səpib, hini təmizlədi.
Həyat əvvəlki tək davam eləyirdi, onlar çayxanada, qadınlar isə bağçada işləyirdilər. Səhərlər
birlikdə işə gedir, axşamlar isə ya Porigilə, ya da Conigilə yığışır, şamlarını yeyb, çay süfrəsi
arxasında söhbət eləyirdilər. Pori uşaq olandan sonra bir az kökəlmiş, daha da gözəlləşmiş qadına
qarşı daima özündə qarşısıalınmaz bir istək hiss eləyirdi və fürsət tapan kimi də görüşürdülər. Səmoş
bağçadan icazə alıb evə gedir, o da Conidən maşınını çiçək almaq bəhanəsiylə alır, evə gələn kimi,
maşının səsini eşidən Səmoş da gəlirdi. Pori daha əvvəlki tək, dostuna, Əfiyə xəyanət elədiyinə görə
xəcalət çəkmirdi, insan həyata bir dəfə gəlir, düşünürdü, nəyə görə həyatdan ürəyimcə həzz, ləzzət
almamalıyam? Coni nədənsə son vaxtlar onun çiçək almağa getməsinə əsəbi reaksiya verirdi, bu
nədir, çiçək almağa getdinmi, itib-batırsan, bundan sonra gərək özüm gedəm. O da nəyisə büruzə
verməmək üçün zarafata salırdı, sən gül-çiçək tanımırsan, çiçək əvəzinə qanqal alıb gətirərsən. Belə
deyir, amma anlaşılmaz bir həyəcan varlığını sarırdı, olmaya Coni nədənsə şübhələnirdi? Yox,
şübhələnsəydi, özünü belə sakit aparmazdı. Coni əsl canavar deyildi, amma canavar xasiyyətliydi.
Şübhələnsəydi, onların ikisini də didib parçalardı. Amma bu qorxular, həyəcanlar onu yolundan
döndərə bilmirdi. Əvvəllər ona elə gəlirdi, zaman keçdikcə aralarındakı sevgi keçib gedəcək,
münasibətlərinə son qoyacaqlar. Amma zaman keçdikcə qadın ona daha da doğmalaşır, qəlbində
özünə daha çox yer eləyirdi. Bir gün belə görməyəndə darıxır, özünə yer tapa bilmirdi.
Səhərisi bazar günüydü Pori eyvandakı divanda uzanıb televizora baxırdı. Bir azdan Coniylə Səmoş
gəlməliydi, oturub çay içəcək, söhbət eləyəcəkdilər. Səmoşun nə vaxt gələcəyini, yaxınlığında
olacağını, bu sevimli qadını görəcəyini, səsini eşidəcəyini səbirsizliklə gözləyirdi.
Həyətdən səs-küy gəlirdi, ayağa qalxıb pəncərədən çölə baxdı. Hasarın o biri üzündəki qovaq
ağacında qarğalar həyəcanla qarıldaşaraq ağacın başı üzərində dövrə vururdular. Baxan kimi yenotun
qarğa yuvasına doğru dırmaşdığını gördü, qarğalar ona mane olmağa çalışırdılar, amma yenot
onlardan qorxub-çəkinmirdi. Bir az da gecikərsə, yenot qarğanın balalarını yeyəcəkdi. Artırmadan


qoşalülə tüfəngini götürən kimi də yenotu nişan alıb atəş açdı. Cəbhədə yaxşı atıcı hesab olunurdu,
indi də atəşi sərrast oldu. Yenot ağacdan buraxılıb şappıltı ilə hasarın bu üzünə, onların həyətinə
düşdü.
Həyətə qaçdı, daşların üzərində düşüb qalmış yenotun ölüsünə məmnunluqla baxırdı. Qarğanın
balalarını yeyəcəkdin, eləmi, nə oldu, yeyə bildinmi? Qarğalar mənə arxayın olub, evimin
qabağındakı qovaq ağacında yuva qursunlar, bala çıxartsınlar, böyütsünlər, sən əclaf da gəl, onları ye.
Qoy tayfanda nə qədər quş oğrusu varsa, hamısı xəbər tutsun, burdakı quşların təhlükəsizliyi üçün
məsuliyyəti mən daşıyıram. Gəldilərmi, gəbərdəcəyəm.
Onun nəyə atəş açdığını öyrənmək üçün Əfi mətbəxdən çıxıb gəldi. Səsə uşaq oyanmışdı, ağlayırdı,
Əfi nə olduğuna baxmadan uşağı sakitləşdirmək üçün evə qaçdı.
Pori birdən əl çalındığını eşitdi və dönüb baxdı, İbonun çöl qapısının ağzında dayanıb əl çaldığını
görəndə özünü itirdi. İbo dükanını bağlayandan sonra nadir hallarda bu şəhərə gələr, dostlarına baş
çəkərdi.
Dostlar qızğınlıqla görüşdülər, İbonun gəlişi Porini çox sevindirdi. Əfi də Səhəndi götürüb gəldi, İbo
uşaq üçün oyuncaq, Əfi üçün ətir almışdı. Hədiyyələri verdi. Yalnız bundan sonra onu məzəmmətlədi,
sən heyvan sevərdin, amma zavallı heyvanı güllələyirsən?
– Bəs neyləyəydim? Bir az da geciksəydim, bu zavallı heyvan qarğanın balalarını yeyəcəkdi. Olmaya
ananın gözü qarşısında yırtıcı heyvan balalarını yeyəcəkdi, mən də durub baxacaqdım?
– Niyə də yeməsin? Bu onun ruzisidir. İnsan heç bir halda təbiətdə baş verənlərə qarışmamalı,
heyvanların öz aralarındakı münasibətlərə müdaxilə eləməməlidir. Biz özümüz analarının gözünün
qabağında toyuğun cücələrini tutub, başlarını kəsib yemirikmi? Qəssab qoyunların quzularını,
inəklərin balalarını kəsib bizə yedizdirmirmi? Yedizdirir, yeyirik, çünki bu bizim ruzimizdir. Sənin
halına yandığın bu qarğalar da toyuqların gözü qarşısında onların balalarını daşıyıb yeyirlər. Toyuğa,
ya da onun balasına zərrəcə də can yandırmırlar. Bu yenotun ruzisi quş balalarıdır. Yenotu öldürdün,
o da balalarına yemək apara bilmədi, balaları acından öləcəklər. Sonrası da, qarğalar boş yerə hay-
küy salırmışlar, sadəcə yenotun onlar olan ağaca dırmaşmasına görə həyəcanlanıblarmış. Yoxsa o
yuvalar yaydan qalmadır, orda qarğa balası nə gəzir, yenot da yeyə?
Əfi də İbonun tərəfindəydi. Gərək sənin işin olmayaydı, dedi, bir heyvanı xilas eləmək üçün digərini
öldürürsən. Belə vacibdisə, qovardın, çıxıb gedərdi. İndisə bu heyvanın leşini burdan götür, apar
bağda basdır, qanını da həyətdən yu.
Yenotu götürüb bağa aparanda özünü məzəmmətləyirdi, niyə Əfinin ağlına gələn onun ağlına
gəlməmişdi? Öldürməz, daş atıb qovardı. Ağılsızlıq elədi, heyvanı da öldürdü, indi də əziyyət çəkib
basdırırdı. Bağda çala qazıb yenotu basdırdı.
Səmoşla Coni də gəldi, İboyla görüşdülər, Coni onun qarğanın balalarını yemək istəyən yenotu
gülləylə vurub öldürdüyünü eşidəndə çox sevindi. Ona özünə xas olmayan tərzdə təşəkkür eləyirdi.
Pori, sağ ol, yenot qarğaları yesəydi, qarğalar küsüb burdan gedəcək, bir daha gəlib mənim
ağaclarımda yuva qurmayacaqdılar.
– Nə olacaqdı qarğalar sənin ağaclarında yuva qurmayanda? – Səmoş yenə də ərinin üstünə düşdü. –
Coni, sən bu qarğalarda nə görübsən? Özündən başqa bu şəhərdə qarğaları sevən bir insan
gördünmü?
– Görmədim, – Coni pərt halda mızıldandı. – Bu şəhərin adamları quşları sevmirlər. Mənimsə gözüm
öyrəşib, səhər yuxudan durub onları ağacda görməsəm, həyat gözümdən düşər.
– Coni, burası sözün bitdiyi yer! – Səmoş ərinə hirslənmişdi. – Məni, Mərəndi görürsən, həyatına heç


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə