İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə93/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   89   90   91   92   93   94   95   96   ...   142

əsası da əmisinin qarnına qoşa təpiklə vurub öldürən atı güllələyib öldürmüş, duzəkənlərin şərəfinə
düşən ləkəni təmizləmişdilər. Bilonun deməyinə görə, əmisi oğlu atı görən kimi də onlara imkan
vermədən tapançanı çıxarıb atın alnının ortasından yeddi güllə sıxmışdı. Sonra da onları ora aparan
sürücü aradan çıxmalarına kömək eləmişdi. Bilo fəxr eləyir, əmisi oğlunu tərifləyirdi, bəzilərindən
fərqli olaraq, əsl kişiymiş. Nəslimizin şərəfinin ləkəli qalmasına dözə bilmədi və bunun üçün həyatını
belə təhlükəyə atmaqdan çəkinmədi.
Pori ona qaşqabağını tökərək qulaq asırdı. Bunu bilmək mənim üçün çox vacib idi, dedi. Sən də ata
güllə atmış olsaydın, səninlə bir süfrə arxasında oturmayacaqdım. Dilsiz-ağızsız heyvanı öldürənlə
bir süfrə arxasında oturub çörək kəsmərəm. Əmin oğlunu da mənim üçün az təriflə, nə qəhrəmanlıq
eləyib? Atın əlində pulemyot var idi, əmin oğlun ona alçaqcasına hücum eləyəndə cavabını verə?
Barı sən bu danışdıqlarından utan! Sənin panyatkan budurmu? Silahsız, müdafiəsiz heyvanı
qorxaqcasına, namərdcəsinə vurub öldürmək qəhrəmanlıq yox, əclaflıqdır!
Bilo Poriyə heyrətlə baxırdı, barmağını yuxarı qaldırıb məlum qövsü cızdı və bununla da əmisi
oğlunun qəhrəmanlığından, ümumiyyətlə, atı necə öldürməsindən danışmağa son qoydu. Poridən
olsaydı, Coninin əmisi oğlanlarını çayxanaya buraxmaq istəmirdi. “Mən heyvan qatillərinə çay verə
bilmərəm”, – deyirdi.
Coni isə razılaşmırdı: “Verməzsən, vermə, mən verərəm, onsuz da batıb gedirik, sənin
heyvansevərliyinin ucbatından iki daimi müştərini itirə bilmərik”.
Pori fikrində qərarlıydı, yalnız şaxtaların düşməsi ilə onun qış yuxusuna getməsi Coninin əl-qolunu
açdı. Bu dəfə Pori iyirmi gün yatdı, bu iyirmi günü başkəsənlər bircə gün belə Əfini yalqız
qoymadılar, hər gün qardaşlardan biri gəlir, Əfiyə nə lazımsa kömək eləyir, evə nə lazımsa alır,
balaca Səhəndlə maraqlanırdı. Kənddə olanlar da zəng eləyirdilər, Əfi telefonu götürən kimi
soruşurdular:
– Yeznə qış yuxusundan ayıldımı?
– Hələ ayılmayıb, – Əfi də cavab verirdi.
Böyük qardaşı deyinirdi, hələ indiyə kimi başkəsənləri aldadan, barmağına dolayan olmamışdı. Bu
isə hamımızı barmağına doladı. Sən adicə porsuq olasan, bizə kələk gələsən.
Pori ayılandan sonra Əfi deyirdi: “Sən hər keçən illə daha çox yatmağa başlayırsan. Bəlkə belə
gedərsə, bütün qışı yatacaqsan? Ya da bəlkə yatıb ayılmayacaqsan?” “Bütün qışı yatmağım qorxulu
deyil, – Pori deyirdi, – əksinə, çox yaxşıdır. Qış yaşayası olmayacağam. Porsuqlar soyuqlar düşəndə
qış yuxusuna gedir, bir də havalar mülayimləşəndə yuxudan ayılırlar. Demək, yaş keçdikcə mən daha
çox porsuq oluram”.
Pori daha Coninin əmisi oğlanları ilə, onların günahsız atı necə öldürmələri ilə də maraqlanmadı,
artıq bütün bunları unutmuşdu. Coni işlərin qaydaya düşdüyünü zənn eləyirdi, amma Rusiyadan gələn
yeni xəbər qanını büsbütün qaraltdı, qısası, it qanına döndərdi. Rusiyada olan sonuncu əmisi işini-
gücünü atıb itlərə təlim keçməyə qərar vermişdi.
Xəbəri Səmoş da eşidibmiş, axşam onu sorğu-suala tutdu, əminin rus itlərinə təlim keçməsini, yəqin,
eşidibsən? O da eşitdiyini təsdiq eləyəndə Səmoş hirsləndi, eşidibsən, amma mənə demirsən. Yəqin,
bu işin də sonunun necə olacağını bilirsən? Əmin orda qancıq itlərə nəsə eləyəcək, köpək də
dözməyəcək, əminin boğazını gəmirəcək.
Coni arvadını məzəmmətlədi, Səmoş, ağ eləmə, əmim itlərə neyləyə bilər?
Arvadı əlini sinəsinə qoyub inamsızlıqla səsləndi. Mənmi ağ eləyirəm? – Coni nə qədər hirsli və
dilxor olsa da, düşünürdü ki, arvadı hirslənəndə necə də gözəl olur! Gərək yatağa girəndə bunu


hirsləndirəydi, amma hirslənsəydi, onu yaxın buraxardımı? – Mənmi əminin itlərə neyləyə biləcəyini
sənə deməliyəm? Guya özün bilmirsən? Duzəkənlərin kişiləri bütün canlılara – yerdə qaçanından,
sürünənindən tutmuş göydə uçanına qədər hamısına o dediyin mənada nəsə eləyə bilərlər. Sözün düzü,
quşlarla bunu necə elədiklərini təsəvvür eləyə bilmirəm. Amma eləyə biləcəklərinə əminəm. Coni,
bizim evdə bu mövzuda söhbət olmayacaq. Yəni sən gəlib mənə “bəs əmimin boğazını köpək gəmirib,
biz onun qisasını almaq üçün Rusiyətə gedib o iti öldürməliyik” dediyin andan etibarən yollarımız
ayrılacaq. Başa düşdün? Yadında qaldı?
– Qaldı, – deyə arvadının əlindən yapışaraq yataq otağına tərəf dartdı, – sən hirslənəndə çox gözəl
olursan.
– Mən həmişə gözələm! Sadəcə sən görmürsən, – qadın etiraz eləmədi.
Cоni şübhəyə düşmüşdü, bəlkə elə itlər də günlərin birində əmisini o tərəflərə səfərə
yollayacaqdılar. Belə olan halda əmisi arvadı mütləq onu Rusiyaya itlə qan davasını həll eləməyə
göndərəcəkdi.
Səhərisi hamamlanıb, qüsl verib məscidə getdi. Görkəmindən hüzn və kədər ələnən məscidin
həyətində bir az dayanıb nəfəsini dərdi və içəri keçdi. Burda heç kim yox idi. Cоni uca səslə soruşdu:
– Burda kim var?
– Mən varam.
Səs məscidin içərisindən, yarıqaranlıqdan gəldiyindən səsin sahibini görə bilmirdi. İçəri keçdi və
minbərin altında bardaş qurub oturmuş mollanı gördü. Molla başını yuxarı qaldırmışdı, ona heyrətlə
baxırdı:
– Nə lazımdır? – soruşdu.
– Qibləni mənə göstər. And içmək istəyirəm.
– Üzü qibləyə durubsan, – molla dedi.
– Mən üzü sənə doğru durmuşam, – Cоni hirslənmişdi, – onda belə çıxır sən arxanı qibləyə
çeviribsən.
Molla əlində fırladığı təsbehi yerə qoydu. Müsəlman, batıq səslə dedi, sən bura mənə necə oturub-
durmağı öyrətməyə gəlibsən? Andını iç və çıx get. Allahın evini nə qədər tez tərk eləsən, o qədər
yaxşıdır.
Cоni inamsızlıqla səsləndi. Eləmi? Mənim heç vaxt mollalara rəğbətim olmayıb. 37-də babam
mollaların alnından güllə sıxan adam olub. İndi otuz yeddi deyil, o adamlar da yoxdur, amma hələ də
güllə sıxan barmaqlar var. Nə vaxt sənin evinə gəlsəm, onda mənə tez çıxıb getməyə göstəriş
verərsən. Bu ev Allahındır, Allahın evindən məni bir kimsə qova, “çıx get” deyə bilməz!
Mollanın heyrət dolu baxışları altında irəli yeridi. Mehrabın önündə diz çöküb, əllərini göyə açdı:
– Ey bir olan Allahım, and içirəm, bundan sonra bir də qan davası həll eləmək üçün heç hara
getməyəcəyəm. Heyvanlarla insanlar arasındakı qan davalarına qarışmayacağam!
 
 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə