İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə95/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   91   92   93   94   95   96   97   98   ...   142

də baxıb yana-yana qalacaqsan”.
Tanyanın dodaqları əsir, pul kimi qızarmış yanaqları səyriyirdi, alnında, uzun boğazında tər damlaları
işıldayırdı. Sözünü deyən kimi də geri dönüb, iti addımlarla çıxıb getdi.
Bu gündən başlayaraq Vanya ilə münasibətləri sərinləşdi. Tanya ilə birlikdə onlara gəlmir, nə də onu
evinə dəvət eləmirdi. Soyuq-soyuq görüşür, yalnız iş haqda danışırdılar. Çayın sahilinə getməyi də
tərgitmişdilər. Düzdür, Nadya uşaqla indi ora gedə bilməzdi, amma heç Vanya da dəvət eləmirdi.
Bazar günü isə Vanya gözlənilmədən onu çaya balıq tutmağa dəvət elədi. Hazırlıq görmüş, hətta
avtomat da götürmüşdü, sənin arxanca oğraşlar tayfasının bir sürü adamı gəzir, gəlib ora çıxarlar,
qabaqlarında əliyalın qalmayaq.
Vanyanın maşını ilə getdilər çayın sahilinə. Yenə də Vanya balıq tutur, o isə ocaq qalayıb manqalı
yandırırdı. Bu gün balıq bol idi, Vanya balıqları tutub çölə atdıqca o içlərini yarır, suda yuyub şişlərə
keçirərək manqala düzürdü. Kabab bişə-bişə yeyir, taraş stəkanlardan araq içirdilər.
Birdən Vanya ona dedi:
– Qobi, biz mütləq Tanya ilə evlənməliyik, qərarımız qətidir, sən bizə mane olma.
– Mən sənə bir dəfə demişəm, təkrar eləməyə ehtiyac yoxdur, – yenidən bu mövzuda söz salınması
qanını qaraltdı, yalnız indi bu gözlənilməz dəvətin səbəbi ona məlum olurdu. Vanya burda, onlardan
başqa heç kimin olmadığı bu çayın sahilində onu dilə tutub yola gətirəcəyini zənn eləmişdi. – Vanya,
sən o qızla evlənə bilməzsən! Yalnız mən öləndən və qəbrimin üstündə bir qarış ot bitəndən sonra
evlənə bilərsiniz!
– Sən deyən olsun, – Vanya ayağa qalxdı.
Vanya maşının yanına gedib avtomatı götürdü. Avtomatı ona tuşlayıb dedi:
– Qobi, mənə çox yaxşılıqların keçib. Ən çox inandığım, etibar elədiyim adam olubsan. Amma səni
öldürməyim lazım gəlir. Öldürüb basdıracaq, qəbrinin üstündə bir qarış ot bitməsini gözləyəcəyəm.
Narahat olma, mən sənin sözünə əməl eləməyə and içmişəm. Əgər qəbrinin üstündə bir qarış ot
bitməsə, heç vaxt Tanya ilə evlənmərəm!
Qobi özünü itirmişdi, nə gözlərinə, nə də qulaqlarına inana bilirdi.
– Vanya, sarsaqlama, bir qızdan ötrü ən yaxın dostunumu öldürmək istəyirsən?
– Qobi, özün fikirləş, mən başqa neyləyə bilərəm? Sənə dedim, xahiş elədim, sənsə yox deyib durdun.
Başqa yolum yoxdur axı. Mən buna məcburam. Tanya ilə evlənsəm, sən məni öldürəcəksən. Bu işin
yeganə yolu səni öldürməkdir. Nadya ilə Alikdən ötrü narahat olma. Səndən sonra şərikim onlar
olacaqlar. Bir sözün, xahişin varmı?
– Əbləh adam imişsən, – Qobi təəssüflə dedi, – səndən nəsə xahiş eləməyi özümə sığışdırmıram.
Amma məni müsəlman kimi dəfn elərsiz. Elə bu təpədə.
– Yaxşı, – Vanya dedi. – Əlvida, Qobi!
Vanya avtomatı üzünə götürmüşdü, avtomatın ölüm saçan lüləsi qabağında dayanmış Qobinin o uzaq
kənd, ailəsi, qohumları gözləri önündə canlanırdı. Onu döyürdülər, birdən Vanya da gəlib ora çıxır,
soruşurdu:
– Axırıncı kimdir?
– Axırıncı sənsən! – deyə onu döyənlər hamısı kənara çəkildilər.
Döymək, vurmaq növbəsi Vanyanın idi.
Vanya avtomatın tətiyini çəkdi, atəş səsləri çayın sahilinə, meşəyə çökmüş sükutu pozdu. Qobi
yandırıcı ağrıdan inildədi, bir vaxtlar güllələdiyi adamların yıxıldıqları torpağa yıxıldı. Son ana
qədər Vanyanın onu vurmayacağını düşünürdü. Vanya isə vurdu, bədəninə sancılan isti qurğuşun


parçaları onun ömrünə son qoydu. Qobi soyuq rus torpağında gözlərini əbədilik yumdu.
Vanya avtomatı çaya atdı, Qobinin meyitini maşına qoyub polis şöbəsinə gətirdi. Orda rəisə özünün
əvvəlcədən uydurduğu kimi danışırdı: “Onun vətənində qan düşmənləri var idi, qisaslarını almaq
üçün onu hər yerdə axtarırdılar. Mən özünü gözləsin deyə xəbərdarlıq eləmişdim, amma o ciddiyə
almırdı, mənə də deyirdi ki, sən bu işlərə qarışma, bu bizim şəxsi məsələmizdir. Sonuncu dəfə onu
izləyən doqquz nəfəri qafqazlıların çayxanasında gördüm. Artıq gəlib bizim şəhərə çıxmışdılar. Hər
an Qobini tapıb öldürə bilərdilər. Qobi isə qaçıb gizlənmədi, onlara qarşı döyüşə biləcəyini
düşünürdü. Bu gün balıq tutmağa getmişdik. Təzəcə yeyib-içirdik ki, meşədən atəş səsləri eşidildi.
Mən özümə gələndə artıq Qobi ölmüşdü”. “Bəs səni niyə öldürməyiblər? – rəis şübhə ilə soruşdu. –
Mənim eşitdiyimə görə, siz dükanı şərikli işlədirmişsiz. Bəlkə onun ölümünün səbəbi elə bu olub”.
“Rəis, məni ona görə öldürməyiblər ki, onlar öz qan davalarına bir kimsəni qarışdırmaz, başqasını
öldürməzlər, – Vanya dedi. – Qobi mənə qardaşdan irəli idi. Market şərik idi, birlikdə işlədirdik.
Sənədləşdirməmişdik, şifahi razılığımız var idi. Amma Qobini dəfn eləyən kimi notarius çağırıb
sənədləri rəsmiləşdirəcək, dükanın yarısını Qobinin arvadına və oğluna verəcəyəm. Biz döyüşçülər
puldan ötrü adam öldürmərik. Dostumuzu isə heç öldürmərik!”
Ona inandılar, çox da sorğu-suala tutmadılar. Mövzu qaralar, qafqazlılar olunca polislər dərinə
getmirdilər. Bununla belə, rəis möhkəm hirslənmişdi. Bu qaralardan baş aça bilmirəm, niyə qan
davalarını öz torpaqlarında yox, bizim torpaqlarda eləyirlər?
Qobini morqa qoymuşdular. Vanya isə onun vəsiyyətinə əməl eləmək üçün müsəlman molla axtarırdı.
Bu şəhərdə molla olmadığını dedilər. Vanya çox axtarandan sonra ucqar kəndlərin birindən molla
tapa bildi. Vaxtilə Azərbaycandan gəlmiş bu adam öz evinin həyətində məscid tikmişdi. Məsciddə
ibadət eləyir, gündə üç dəfə azan verirdi.
Bu qədər narahat yolu maşın sürməkdən yorulub əldən-dildən düşmüş Vanya məscidə girdi. Molla
yerdəki xalçanın üstündə oturmuşdu, uzun saqqalı ağappaq idi, sifətindən nur yağırdı, asta səslə
Quran oxuyurdu. Vanya onun nə oxuduğunu başa düşməsə də, bu kədərli, sehrli səsdən bədəninə
üşütmə düşmüşdü. İçəri adam girdiyini görən molla oxumağına ara verib başını yuxarı qaldırdı və
ondan niyə gəldiyini soruşdu.
Vanya müsəlman dostunun öldüyünü, onun bir müsəlman kimi dəfn olunmasını istədiyini və buna görə
mollanın onunla getməli olduğunu deyəndə molla boyun qaçırtdı, gedə bilmərəm, qocalmışam. Uzaq
yol gedə bilmirəm.
Vanya çıxarıb mollanın qabağına min dollar qoydu.
– İndi necə, gedə bilərsən?
– Bilmərəm, – molla başını yırğaladı.
– Bəs indi? – Vanya tapançasını çıxarıb mollaya tuşladı.
– Sən Allahın evində adammı öldürmək istəyirsən? – molla heyrətə düşmüşdü, ancaq nə sifətindən,
nə də səsindən qorxduğu hiss olunmurdu.
– Bəs neyləyim? O özü xahiş eləyib ki, onu müsəlman kimi dəfn eləyək! – Vanya qışqırırdı. – Bu
ətrafda da səndən başqa molla yoxdur. Sən də getmirsən. Meyiti aralıqdamı qalsın?
Gözlənilmədən molla ayağa qalxdı. Özü xahiş eləyibsə, müsəlman kimi dəfn olunmağını istəyibsə,
getmək lazım gəlir. Sən bunu dərhal deməliydin. Bu ətraflarda artıq müsəlman yoxdur, çoxdan
ruslaşıb, xristianlaşıb gediblər. Onlar üçün necə dəfn olunmaları fərq eləmir.
Molla Vanya ilə gəldi. Artıq gec olduğundan dəfni sabaha saxladılar. Axşam mollanı qonaq eləmək
Vanya üçün büsbütün əzab oldu. Molla əbasını ağacların arasındakı çəmənliyə sərib namaz qılır,


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə