İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə96/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   92   93   94   95   96   97   98   99   ...   142

ağzını su kranına söykəyib su içir, başqa qab-qacağa toxunmurdu. Gecə də dəhlizdəki kreslonun
örtüyünü götürdü, kresloda oturub səhərə kimi orda mürgü vurdu. Sübhdən isə oyanıb yenə də
ağacların arasına düşdü, kranda yuyunub dəstəmaz aldı, namazını qıldı. Vanya nə qədər təkid eləsə
də, daha evə girmədi. Səhəri elə ağacların arasında açdı, çaydan, Vanyanın verdiyi səhər yeməyindən
imtina elədi. Özüylə gətirdiyi bağlamanı açıb ordan bir parça çörək və bir tikə pendir götürüb
yeməklə kifayətləndi.
Qobinin vəsiyyətinə əməl eləyərək onu çayın sahilindəki təpədə basdırdılar. Müsəlman adətinə görə
tabuta qoyulmamış, kəfənə bükülmüş meyiti çayın sahilindəki təpəyə Qobinin dostları, tanışları, iş
yoldaşları, ailə üzvləri müşayiət eləyirdilər. Mollanın tələbinə görə, bütün qadınlar yaylıq bağlamış,
ciddi, qara paltarlar geymişdilər. Mişarlanıb gətirilmiş əhlət taxtalarını isə molla özü bir-bir çayda
yudu və özü də daşıyıb qəbrin üstünə düzdü. Bu, qoca üçün çox çətin idi, ancaq yorulduğunu etiraf
eləmir, ondan başqa bir kimsənin taxtalara əl vurmasına icazə vermirdi. Yalnız bundan sonra qəbrin
üstünü torpaqladılar. Təpədəki iri boz daşı başdaşı kimi qoydular. Molla “burda ancaq müsəlmanlar
qalsın” deyəndə ağlamaqdan üz-gözü şişmiş Nadya və Qobinin dostları təpədən endilər. Molla
təpədə tək qalıb namaz qıldı və “Yasin” surəsini oxudu.
Dəfndən sonra Vanya mollanı aparıb öz kəndlərində qoydu. Nə qədər təkid eləsə də, molla ondan pul
götürmədi. Bu bizim borcumuz, vəzifəmizdir, dedi, bir xristian müsəlman qardaşımı müsəlman kimi
dəfn eləyim deyə mənə pul verə bilməz.
Vanya geri qayıdıb, dostlarını dəfn mərasiminə dəvət elədi, içib Qobinin ruhunu yad elədilər. Səhər
tezdən isə yuxudan oyanan kimi çayın sahilinə getdi. Təpəyə qalxıb hələ torpağı qurumamış qəbrin
yanında dayandı. Xaç çəkdi və sanki birdən yuxudan ayıldı, mən neyləyirəm, müsəlmanın qəbri üstə
xaç çəkirəm. Ancaq müsəlmanların da adətlərini bilmirəm. Onlar qəbir üstə gələndə neyləyirlər?
Belə olan halda xristian kimi yad eləməli olacağam.
Vanya kədərlə dedi, hə, qardaş, işin yarısını gördük. İndi qalır qəbrinin üstündə bir qarış uzunluqda
ot bitməsini gözləmək.
Tətildə Moskvaya xalasının yanına getmiş Tanya şəhərə qayıdan kimi də bu xəbəri eşidib hədsiz
sevindi. Qaralara heç vaxt haqq qazandırmamışam, amma ilk dəfədir yanlış iş görmürlər.
Vanyanın yanına getdi, hələ də eşitdiklərinin təsiri altında olan qız həyəcanlanmış halda soruşdu:
– Bu doğrudurmu, o ölüb?
– Ölüb, – Vanya təsdiqlədi.
– Onda evlənirik!
– Yox.
– İndi niyə? – qız hirsləndi.
– Qəbrinin üstündə bir qarış ot bitməsini gözləməliyik.
– Vanya, sənin başın xarabdır, – qız qışqırırdı. – Bizə nə onun qəbrindən? Nə cür yəni, indi biz
evlənməyəcəyik, oturub hansısa qaranın qəbrinin üstündə bir qarış ot bitməsini gözləyəcəyik?
– Gözləyəcəyik! O hansısa qara yox, mənim ən yaxın dostum idi, – Vanya soyuq tərzdə elə qətiyyətlə
dedi ki, daha Tanya daha təkid eləməyin mənasız olduğunu başa düşdü, hardansa gəlib onların
torpağına çıxan vəhşini lənətləyərək çıxıb getdi.
Bir həftədən sonra Vanya şəhərin ən məşhur daşyonan ustasını çayın sahilinə apardı. Bu usta daşların
üzərində adları, soyadları yazır, şəkillər çəkirdi. Ustaya təpədəki boz daşı göstərib dedi, bunun
üstünə “Qobi”, bir də ölüm tarixini yazacaqsan. Anadan olma tarixini yazma. Bir insanın nə vaxt
anadan olması kimin nəyinə lazımdır? Bu mənasız tarixlər nəyi dəyişir?


Usta boyun qaçırtdı. Olmaz, dedi, bu daşın üstünə heç nə yaza bilmərəm. Belə daşlar yazı götürmür.
Vanya ona beş min dollar uzadıb soruşdu:
– İndi necə, götürər?
– Götürməz, – usta puldan imtina elədi.
– İndi necə? – Vanya tapançanı çıxarıb ustaya tuşladı.
– İndi götürməyə məcburdur, – usta dedi.
Usta şəhərə gedib alətlərini gətirdi. Daşın qabaq tərəfini yonub hamarladı, hər tərəfinə minarə şəkli
çəkib, minarələrin arasından iri hərflərlə “Qobi” və ölüm tarixini yazdı. Gəlib baxan Vanya işi
bəyəndi və ustaya beş min dollar verdi.
Sonra isə Vanya dediyi kimi də elədi, lazımı sənədləri hazırlayıb dükanın yarısını Nadyanın və oğlu
Alikin adına keçirtdi. Bu gündən etibarən Nadya sıravi satıcı kimi işləməyə son qoydu, marketdə
Qobinin işini görürdü. Malları dükana qəbul eləyir, satışa mal buraxırdı. Özünün və balasının
gələcəyinin təmin olunduğuna əmin olan, balasına başı qarışan Nadya tədricən Qobini unudur, özünü
bundan sonrakı həyata kökləməyə çalışırdı. Nadyanın anası tam tərsinə, bircə gün belə Qobini
unutmurdu, elə hey ondan söz salır, istirahət günləri çayın sahilinə gedib Qobinin qəbrinə baş çəkirdi.
Tanya isə Vanyadan əl çəkmirdi. Mən bunu qəbul eləyə bilmirəm, deyirdi, bu adam sağlığında da bizə
mane oldu, ölüb gedəndən sonra da mane olacaq? Vanya, sənin ağlın çaşıb, sən hansı otdan
danışırsan? Biz nəyə görə onun qəbrinin üstündə bir qarış ot bitməsini gözləməliyik? Bəlkə heç o
quldurun qəbrinin üstündə ot bitmədi, onda necə olacaq? Vur öldür məni, əgər bir şey başa
düşürəmsə! Dünyanın o başından bir qara gəlir və burda bizim nə vaxt evlənə biləcəyimizə qərar
verir. Özü qoymurdu, indi də qəbri qoymur! Ağlı başında olan iki rus, iki xristian oturub vəhşi
müsəlmanın qəbrinin üstündə nə vaxt ot bitəcəyini gözləyir. Həm də gərək otların uzunluğu bir qarış
ola, olmasa, yenə sayılmayacaq. Vanya, səni bilmirəm, mən havalanıram, ağlımı itirirəm. Bütün
bunlara inana bilmirəm!
Qız hirslənib gedir, amma sabah yenə də Vanyanın yanına gəlirdi. Vanya isə hər gün çayın sahilinə
gedir, təpəyə, qəbrin yanına qalxırdı. Yağışlar yağsa da, hava soyuq keçdiyindən ot göyərmirdi.
Rus kişisi çayın sahilindəki təpənin üstündə oturub dizlərini qucaqlayır, lal sükutla axan rus çayına,
qulaq dələn sükuta dalmış meşəyə, təpədəki qəbrə baxır, qəbrin nə vaxt göyərəcəyini gözləyirdi.
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə