İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə8/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   4   5   6   7   8   9   10   11   ...   142

sonrakı göbələklər kimi artıb çoxalmış marketlərdən birinə girdi. Meyvələrə, göyərtilərə baxdıqca
duyğulanırdı, seçib qırmızı soğan, yaşıl alma, naringi, pomidor, göyərti, yumurta, çörək və bir şüşə də
araq aldı. Qayğanaq bişirdi, meyvələri yuyub meyvə qabına yığdı, həyətə baxan pəncərənin
qabağındakı masa üstə süfrə açdı. Ləzzətlə yeyir, araqdan içir və qəlbində coşqun sevinclər baş
qaldırırdı.
Səhər tezdən Bakıya yola düşdü, İbo onu məşhur xəstəxanada müayinə elətdirdi, dedilər ki, onda
nəinki xərçəng, heç bir xəstəlik-filan yoxdur. Burdan çıxandan sonra başına gələnləri İboya danışdı,
döyüşçü dostu ona inamsızlıqla qulaq asırdı. “Nə bilim, – çiyinlərini çəkdi, – həyatda hər şey olur.
Bu il Sibirə getməliyəm, amma mütləq bir dəfə gəlib səninlə gölün sahilindəki o tayada bir həftə
qalacağam”.
İbo çox təkid eləsə də, qalmadı, rayona qayıtdı. Zəng eləyib Qobiylə Conini şəhərə çağırdı.
Evlənmək istədiyini, evlənəcəyi qızın hansı tayfadan olduğunu eşidən Coni dəhşətə gəldi. Pori, qızın
kökü kəsilib, gedib başkəsənlərdən qız alırsan? Sən onlarla oturub-dura bilməzsən. Hər an boğazının
kəsiləcəyi təhlükəsi ilə üz-üzə yaşayacaqsan. Bu sənə lazımdırmı?
Qobi isə Coniyə etiraz elədi, sən öz arşınınla ölçmə, tanımadığın adamlar haqda belə danışma. Mən
başkəsənlərlə əsgərlikdə, türmədə, cəbhədə – harda rastlaşdımsa, onlar qədər dürüst, qorxmaz
adamlar görmədim. Yalan danışmazlar, hiylə, riya nədir, bilməzlər, sözü dedilərmi, əməl eləyərlər.
Onlarla yaxşı keçinmək istəyirsənsə, dürüst olmalısan.
Dostları və qohumları yığışıb başkəsənlərin kəndinə elçi getdilər. Əfsanə düz deyirmiş, qızın fikrini
soruşdular, razı olduğunu deyəndə qızı verdilər. İşlər qaydasınca gedirdi, amma başkəsənlər də bekar
oturmayıblarmış, onun kimliyini, həyatında nə varsa hamısını öyrənmişdilər. Onlar toy üçün razılığa
gedəndə ortancıl qaynı atasına deyirdi: “Ata, buna Porsuq deyirmişlər, hər il qış qabağı, şaxtalar
düşəndə on-on beş günlük qış yuxusuna gedirmiş. Biz bacımın beləsi ilə evlənməyinə razı ola
bilmərik”.
Atası təəssüflə gülümsədi, biz, yəni kim? Onun təkcə adının yox, özünün də porsuq olması, qışda on-
on beş gün yox, bütün qışı qış yuxusuna getməsi nəyi dəyişir? Siz başkəsənlərin nə vaxtsa söz verib,
sözlərindən qaçdıqlarını gördünüzmü, eşitdinizmi? Görmədiniz, bundan sonra da görməzsiniz!
Şəhərdəki restoranların birində, balaca salonda toyunu elədi və Əfsanəni gəlin gətirdi. Əfsanə onun
evini bəyəndi, amma ayaqyolunun evdə olduğunu, həyətdə ayaqyolu olmadığını eşidəndə təşvişə
düşdü. Həyətdə ayaqyolu tik, dedi, qardaşlarım tezliklə bizə gələcəklər. Onlar evdəki ayaqyolundan
istifadə eləməzlər. Mən gözümü açandan qardaşlarımın şəhərliləri ayaqyoluları evin içində olduğuna
görə lağ elədiklərini görmüşəm. Deyirlər, şəhər adamlarının ayaqyoluları süfrələrinin kənarında olur.
Pori məcbur qalıb usta, fəhlə çağırdı, lazım olan tikinti materiallarını aldı. Fəhlələr yeri qazıb,
kanalizasiya xətti çəkdilər, beton tökdülər və iki günə həyətdə ayaqyolu tikib istifadəyə verdilər.
Şəhərə gələn Coni heyrət içindəydi: “Sən burda nə tikirsən?” “Başkəsənlər üçün ayaqyolu tikirəm, –
Pori dilxor halda deyindi. – Qayınçolarımın ayaqyoluları evdən kənarda olmalıdır. Özlərini
batırarlar, amma evin içindəki ayaqyoluna getməzlər. Bunu kişiliyə zidd hesab eləyirlər. Evdəki
ayaqyolu kişiliyə tərs gəlir”.
Üçüncü gün başkəsənlər onlara dəyməyə gəldilər, yük maşınında bir cöngə də var idi. Pori dəhşətə
gəlmişdi, cöngəni niyə gətirmişdilər? Kəsəcəklər, Əfsanə izah elədi, adət belədir. Özləri də
yeyəcəklər, qonşulara da paylayacağıq.
Bu həyətdə kəsməsinlər, etiraz elədi, mən bu həyətdə baş kəsilməsinə, qan axıdılmasına razı ola
bilmərəm. Bu evə köçdüyüm gündən burda toyuq başı da kəsməmişəm, qalıb indi cöngə başı


kəsilməsinə razı olam.
Böyük qaynı onun yanına gəldi. Sənin başını kəsəriksə, etiraz eləyə bilərsən, dedi, amma biz cöngənin
başını kəsəcəyik.
Qaynına baxır, dinib-danışa bilmirdi. Bu adamlardan nə desən gözləmək olardı, ağzında başkəsən
deyirsən, adamın peşəsi baş kəsməkdi.
– Bağıracaq? – cürətsiz halda soruşdu.
– Kim? – qaynı duruxdu.
– Cöngə.
– Başı kəsilənlər hamısı bağırırlar, – qaynı hissiz, duyğusuz səslə dedi.
İki-üç başkəsən artıq cöngəni yerə yıxırdılar. Həyətdə qazanlar asıldı, plov, qovurma bişirdilər,
yeyib–içib çıxıb getdilər.
Pori elə ilk günlərdən Əfsanəyə Əfi deməyə başladı, qız belə çağırılması ilə razılaşmırdı, öz adımı
de, Əfi ilan adıdır. Pori söz verir, amma arvadını öz adıyla çağırmağı unudurdu. Sonda Əfsanə yeni
adıyla barışmalı oldu, daha Əfi deyə çağırılanda əvvəlki tək narazılığını bildirmirdi.
 
 
 


III. Coni
 
 
Duz çox bahaydı, bir kilo duzu yarım kilo qızıla verirdilər. Adamlar duz almaq üçün qızıl çatdıra
bilmədiklərini görüb, duza olan tələbatlarını ödəmək üçün çöldə şum vurub duzu əkdilər. Yazda duz
göyərmədi. Tayfanın adamları duzun əkin üçün yaramadığını biləndə artıq duz çox ucuzlaşmışdı, onu
əkməyə ehtiyac yox idi. Sivilizasiya tarixində ilk dəfə olaraq duzu əkib göyərtməyə cəhd eləyən
tayfanın adı isə duzun kəndə ayaq açdığı o uzaq ildən başlayaraq duzəkənlər qaldı.
***
Coni cəld, zirək idi, elə hey dalaşmağa can atır, sinif yoldaşlarını cırnatmaqdan ləzzət alırdı.
Gözlərində cənub adamlarına xas olmayan buz kimi soyuqluq vardı. Quşlardan zəhləsi gedir, bircə
qarğaları sevirdi. Qarğalar da bunu hiss eləyirdilər, adamlara yaxın düşmür, insan gördülərmi, uçub
uzaqlaşırdılar, amma Coninin yanına gəlib dən yeməkdən, onun atdığı çörək, pendir qırıntılarını
aparmaqdan çəkinmirdilər.
Birdən-birə rütubətli havalarda, xüsusilə də may, oktyabr aylarında ayaqlarının altı göyərməyə
başladı, otlar göyərib çıxır, uzandıqca uzanırdı. Həkimə, ara təbiblərinə, mollaya apardılar, xeyri
olmadı. Havaya duman gəldi, yağışlar yağmağa, çöldə ot göyərməyə başladımı, Coninin də
ayaqlarının altı göyərirdi. Anası qayçıyla ayaqlarının altının otunu biçirdi, bu gün biçirdi, səhər ot elə
həmən uzunluqda olurdu. Sonda bir çəpiş aldılar, hər səhər çəpiş ayaqlarının altını tərtəmiz otlayırdı.
Bu daha xeyirli olurdu, incitmirdi, həm də ayaqlarının altı daha gec göyərirdi. Anası bacardığı qədər
onu yağışdan, sudan, rütubətdən qorumağa çalışırdı. Yağışlı, çiskinli havalarda qoyun otarmağa
qardaşlarını göndərirdi.
Savaş başlayanda cəbhəyə könüllülər yığmağa başladılar, anası onun getməsinə etiraz eləyirdi. Sənin
ayaqlarının altı göyərir, hər axşam qayçıyla biçirəm, çəpiş otlayır. Cəbhədə çəpişi hardan
tapacaqsan? Ayaqlarının altını biçən olmayacaq, ot uzanıb kollara, daşlara ilişəcək. Heç yerə gedə
bilməyəcəksən, ermənilər gəlib tutacaqlar.
Coni anasına qulaq asmadı, cəbhəyə yola düşdü. Cəbhədə çəpiş tapıb ayaqlarının altını otlada
bilmirdi. Güllə yağışının altında buna imkan, vaxt yox idi, qayçıyla keçinməli olurdu. Burda Qobi və
Poriylə tanış oldu, bütün döyüş ərzində üç dost bir-birlərindən ayrılmadılar. Birgə döyüşür, birlikdə
yemək yeyir, söhbətləşirdilər. Qobinin çantasında daima hisə verilmiş balıq, Coninin çantasında
qayçı, Porinin çantasında isə suda bişirilmiş yumurta olurdu.
Atəşkəs elan olundu. Azərbaycan növbəti dəfə öz torpaqlarının bir hissəsini itirib dənizə doğru
sıxıldı. Zaman-zaman ölkəni kəsib-doğrayır, parçalayır, torpaqlarını zəbt eləyərək dənizə doğru
sıxışdırırdılar. Hər dəfə müharibə başlayır, hər dəfə də ölkə torpaqlarının bir hissəsini itirməli
olurdu.
Coni də evə qayıtdı. Artırmaya qalxan taxta pilləkəndə oturdu, anasının verdiyi iri kasadakı sərin
suyu içdi, yarısını da başından tökdü. Sərin su kürəyinə, sinəsinə axır, onu sərinlədirdi.
Dərhal da anası onu evləndirmək üçün hazırlıqlara başladı. Coni çoxdan idi Kəlbiqeyrətin qızını
gözaltı eləmişdi. Anası bunu eşidib, lap yaxşı, dedi və qolundan yapışıb onu Kəlbiqeyrətgilə apardı.
Dedi, Kəlbiqeyrət, gözlərini aç, bax, qulağını aç, eşit, gəlmişəm, qızını oğluma alam.
Kəlbiqeyrət soruşdu, oğlun xalvar çata bilir? Anası yox cavab verəndə, Kəlbiqeyrət başını yırğaladı,
verə bilmərəm, dedi, verərəmsə, xalvarı qızım çatmalı olacaq. Anası onu dilə tuturdu, təki sən qızı


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə